Azərbaycan hərbçisi, arxiv şəkli

Allahın qəzəbi, taclı bəla, "BMT-nin xilası" - 2020-ci ilin ən yaddaqalan 7 hadisəsi

76
(Yenilənib 17:32 30.12.2020)
Bütün dünya son günlərini yaşadığımız bu ildə böhranla əlləşdi: pandemiya, iqtisadi böhran və s. Azərbaycan 2020-ci ilə qələbə möhürü vuran tək ölkə kimi tarixə keçdi

Münəccimlər, öncəgörmə qabiliyyətinə malik olduğunu iddia edənlər 2020-ci ilin kataklizmlər ili olacağını söyləyəndə hər kəs 2012-ci il 21 dekabr tarixini yada saldı. Yadınızdadırsa, həmin vaxt dünyanın qaranlığa qərq olacağı, həyatın məhv olacağı barədə məlumatlar dövriyyəyə buraxılmışdı, ancaq 21 dekabrda Günəş öz ənənəvi ampluasında – kainatı isitməkdə idi. Bu baxımdan 2020-ci il barədə deyilənləri də əksəriyyətimiz ciddi qəbul etməmişdik. Amma qlobal bəla  - koronavirus bütün planeti silkələdi. 2020 ümumiyyətlə nələrlə təqvimdə qaldı: ilin ən yaddaqalan 7 hadisəsinə nəzər salaq:

Avstraliyada meşə yanğınları

Yanğınlar 2019-cu ilin dekabrından yeni ilə qədər davam edərək 47 milyon hektar ərazini yandırdı, minlərlə insanı didərgin saldı və 34 nəfərin ölümünə səbəb oldu. O vaxt bunu Allahın qəzəbi kimi qəbul edəndə bilmirdik ki, qarşıda bizi daha ağır “cəza” gözləyir.

© AFP 2020 / SAEED KHAN
Avstraliyada meşə yanğınları

“Taclı bəla”

2019-cu ilin sonlarında peyda olan koronavirusu Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin əvvəlində ölümcül virus kimi təsdiqlədi. Bir neçə ay ərzində virus bütün dünyada 20 milyondan çox insana yayıldı və nəticədə ən az 751,000 ölümlə nəticələndi. Bu gün yoluxanların sayı 80 milyona, ölüm halları isə 2 milyona yaxınlaşıb. Elmin müasir inkişafına baxmayaraq, il sonuna qədər vaksin axtarışları ciddi bir nəticə vermədi. Deyəsən, dünya əhalisinin 95 faizinin yoluxacağını deyənlər haqlı görünməyə başlamışdılar...

Amma ilin sonuna yaxın bir neçə ölkə vaksin sınaqlarını başa vurmaq ərəfəsindədir – ümid var ki, növbəti ilin ilk aylarında dünya pandemiyaya qalib gələcək.

İtaliyada epidemioloji vəziyyət
© REUTERS / YARA NARDI
İtaliyada tibbi maskada olan insanlar

Kim Çen Inın “ölümü”

Aprel ayında Şimali Koreya prezidentinin ölümü barədə xəbərlər bütün dünya mediasının gündəminə çevrildi. Kimin babası Kim İr Senin xatirəsinə həsr olunmuş tədbirləri buraxdıqdan sonra ağır xəstə olduğu və ya öldüyü barədə fərziyyələr artdı. 20 gün sonra dövlət mediasının lent kəsmə mərasimindən yayımladığı fotoşəkillərlə Kim yenidən gündəmə gəldi. Ancaq bununla bərabər başqa versiya da doğdu: Şəkillərdəki Kim deyil, oxşarıdır.

Ancaq bir müddət sonra bütün dünyanın maraqla izlədiyi avtoritar liderin ölümü barədə məlumatların yalan olması məlum oldu. Ancaq yayılan fotolardan birində onun qolundakı deşik “aşkar edildi” və bu, belə izah olundu – Kim ağır əməliyyat keçirib, bəlkə də ölüb, ölümdən qayıdıb. 

Və 2020-ci ildə də şimaldakı koreyalılar cənubdakılara həsəd aparmağa davam etdilər: amma şübhəsiz, orada heç kim qorxusundan bunu dilə gətirə bilmədi.

Şimali Koreya Prezidenti Kim Çen In, arxiv şəkli
© AFP 2020 / STR / KCNA VIA KNS /
Şimali Koreya prezidenti Kim Çen In

Beyrut partlayışı

Avqustun 4-də Beyrut limanında baş verən güclü partlayış ən az 190 nəfərin ölümünə və minlərlə insanın yaralanmasına səbəb oldu.

Gözəl ağa çox gözəl idi, vurdu çiçək də çıxartdı – yazıq Livan heç cür ağ günə çıxa bilmir, 2020-ci ildə də bu ölkə dinclik tapmadı.

© AP Photo / Hussein Malla
Beyrutda partlayışın nəticəsi

ABŞ prezidentini seçdi

Bu il ABŞ növbəti prezidentini seçdi: Co Bayden. Baxmayaraq ki, hələ vəzifələrini davam etdirən Donald Tramp seçkinin nəticələri ilə barışmır, özünü qalib hesab edir. Amma bu, bir şeyi dəyişdirməyəcək kimi görünür.

İstənilən halda, ABŞ-da kimin prezident olması bütün dünyanı maraqlandıran məsələdir, çünki bu ölkənin rəhbəri bütün dünyada proseslərin axınına təkcə təsir etmək iqtidarında deyil, həm də faktiki olaraq təsir edir, beynəlxalq gündəliyi müəyyən edir.

 Co Bayden, arxiv şəkli
© AP Photo / Charlie Neibergall
ABŞ-ın yeni Prezidenti Co Bayden

“Tanrının əli” öldü

Dünya futbolunun əfsanəvi futbolçularından biri, bəlkə də birincisi – Dieqo Armando Maradona noyabr ayında dünyasını dəyişdi. Onu futbol azarkeşləri qolları, bənzərsiz driblinqləri ilə yanaşı, qalmaqalları, xarakterindəki unikallıqlarla xatırlayacaqlar.

© AP Photo / Matt Sayles
Dieqo Maradona

Və Qələbə!

Bütün dünya son günlərini yaşadığımız bu ildə böhranla əlləşdi: pandemiya, iqtisadi böhran və s. Azərbaycan 2020-ci ilə qələbə möhürü vuran tək ölkə kimi tarixə keçdi. 44 günlük müharibə ilə ərazi bötövlüyümüzü təmin etdik. Ancaq bu, təkcə, düşməni beynəlxalq hüquqa təslim olmağa vadar etmək deyildi. BMT-nin nüfuzunun, onun qətnamələrinin xilası idi.

© Sputnik / Aleksey Kudenko
Azərbaycan Ordusunun hərbi qulluqçusu

Deməli, münaqişənin həlli bir ölkənin sərhədlərini, hətta bölgənin miqyasını aşan məsələ idi. Azərbaycan qlobal mesajlar verdi, presedent yaratdı: Sübut etdik ki, vasitəçilər yuxuya gedəndə onları ayıltmaq lazımdır, sübut etdik ki, haqlının hüquqları həmişə tanınmır, güclünü haqlı hesab edirlər, ona görə də haqlı güclü olmalıdır ki, ədalət pozulmasın.

76
Teqlər:
Avstraliya, prezident seçkisi, ABŞ, Azərbaycan, BMT, Qarabağ, Dieqo Armando Maradona, partlayış, Beyrut, COVID-19, hadisə, yaddaş, 2020
Xəzər, arxiv şəkli

Dəniz şəhəri olsaq da, bir azdan havanı Kanadadan almalı olacağıq

33
Bakının girişində xəzriyə bir heykəl quraşdırmaq da yerinə düşərdi, çünki bizim eləmədiyimizi bu xeyirli külək edir

Uzunömürlü insanların çoxu adətən dağ rayonu, ya da təmiz havası olan dəniz kənarında yaşayır. Oksigeni bol olan istənilən məkanda xəstələnmək şansı da azdır. Təmiz, yodlu-bromlu dəniz havası insanın uzun müddət sağlam yaşamasına zəmin ola bilər.

Şəhər havasının korlanmasına yüzlərlə amil təsir edir

Böyük şəhərlərdə sinə dolusu nəfəs almaq artıq çoxdan müşkülə çevrilib. Əgər burada artıq 1 milyondan artıq insan yaşayırsa, deməli, istəsən də, istəməsən də, təmiz hava qıtlaşır. Özü də müasir meqapolislərin bir çoxunda insan sayı on milyonlarla ölçülür. Şəhər havasının korlanmasına isə yüzlərlə amil təsir edir.

Milyonlarla bir yerə toplanan insanın nəfəs alması, şəhərlərdə saxlanılan ev heyvanları, insan fəaliyyəti nəticəsində yaranan zibil, sənaye müəssisələri, ziyanlı istehsalat, aviasiya, ictimai və gəmi nəqliyyatı, nəhayət şəxsi avtomobillər sakinlərin həyatını dözülməz edir. Şəhər insanı isə daim özünə rahat şərait yaratmağa çalışır. Tez-tez evini təmir edir, hələ dünən bəh-bəhlə dükandan aldığı əşyanı bu gün zibilə atır, çox yeyir, gəzir, idmanla məşğul olur, avtomobili, kompüteri və smartfonu daha dəblisi ilə əvəzləyir. Hər bir əməliyyat bu və ya digər formada şəhərin havasını çirkləndirir.

London, Nyu-York, İstanbul, Moskva, Pekin, Tokio, Seul kimi meqapolislərdə təmiz hava problemi çoxdan mövcuddur. Oksigen balonlarını Yaponiyada 2006-cı ildən satırlar. Nisbətən təmiz havası olan ölkələr artıq bu “məhsul”u satmaqla gəlir əldə edirlər. Əhalisi az, havası isə zəngin olan Kanada neçə müddətdir Çinə dağ havası yollayır. Eynilə dağ havasını dünya bazarında satan İsveçrə şirkəti də var. Pekin həm də dünyanın ən çirkli şəhərlərindən sayılır. Bəzi tədqiqatçılar Pekində nəfəs almağı gündə 40 siqaret çəkməklə bir tuturlar. Kanada havası Çində olduqca yaxşı satılır. 

Hava yoxdursa, deməli, həyat yoxdur

Hər bir şəhər, hər bir dövlət havanın çirklənməsi ilə bacardığı qədər mübarizə aparır. Deyək, 100-150 il öncə Londonda evlər daş kömürlə qızdırılırdı. Bu prosesdə yaranan tullantılar Böyük Britaniyanın paytaxtını dünyanın ən çirkli şəhərinə çevirmişdi. Nə nəfəs almaq olurdu, nə də normal yaşamaq. Təbii qaz peyda olduqdan sonra London meriyası daş kömürlə evləri qızdırmağı qadağan edir və şəhərin havası xeyli təmizlənir. Hazırda London daha bir problemlə üz-üzədir: əhalisi 10 milyona yaxınlaşan şəhərdə rahat nəfəs almağa ərazi qalmayıb. İnsanlar və avtomobillər paytaxtın havasını dəhşətli dərəcədə çirkləndirir. İndi də daha sərt qaydalar tətbiq edilməyə başlanılıb. Londonun mərkəzinə keçid pulludur, maşın saxlamaq da əlavə pul tələb edir. Yaxın illərdə şəhərdə duru yanacaqla işləyən avtomobillərin tam olaraq hidrogen yanacağına keçəcəyi, elektromobillərin geniş yayılacağı gözlənilir.

Sərt qaydalar tək Londonda deyil, həm də Avropanın bir çox ölkəsində tətbiq edilib. Yaxın gələcəkdə benzinlə işləyən avtomobillərin tam olaraq ekoloji təmiz yanacaqla çalışan nəqliyyat vasitələri ilə əvəzlənməsi bütün böyük şəhərlərin rəhbərliyi üçün prioritet məsələdir. Hava yoxdursa, deməli həyat yoxdur.

Oslonun daxilində bircə dənə sənaye müəssisəsi qalmayıb

Məsələn, Norveçin paytaxtı Oslo 2019-cu ildə Avropanın ən yaşıl və təmiz şəhəri elən edilib. Bu şəhərdə zibil ən azı 4 növə bölünərək şəhərin kənarında yerləşdirilən zibil zavoduna göndərilir. Zibil çox dəqiqliklə emal edilir, yəni cəmi 3 faiz qalıq qalır. Hətta qonşu Danimarka və İsveç öz zibilini də Norveçə təhvil verir. Norveçdə hətta kanalizasiyada yaranan istilikdən evləri qızdırmaq üçün istifadə edirlər. Oslonun daxilində bircə belə sənaye müəssisəsi qalmayıb. Hamısı şəhər kənarına çıxarılıb.

Şəhərin hər yerində piyadalar və velosipedçilər üçün yollar çəkilib. Avtomobil yolları isə şəhəraltı tunellərə köçürülüb.  Oslo əhalisinin yarısı elektromobillərdə hərəkət edir, günəş paneli ilə yüklənən elektrik velosipedi də çox populyardır. Tramvay, gəmi və digər nəqliyyat növlərində də elektrik enerjisindən istifadə edilir. Su elektrik stansiyaları da kifayət qədər enerji verə bilir. 1 litr benzin 3 manatadır deyə oslolular kütləvi olaraq benzinlə işləyən avtomobillərdən imtina edirlər. Elektromobillər üçün hər yerdə doldurma məntəqələri quraşdırılıb. Burada akkumulyatoru doldurmaq havayıdır. Havanı çirkləndirən avtomobillərin şəhər mərkəzinə daxil olması pulludur. Bu qayda həm də parklama yerlərinə də aid edilir.

Müasir şəhərin rəhbərliyi mümkün vasitələrlə havanın çirklənməsinin qarşısını almağa yönəlmiş tədbirlərə əl atmalıdır, yoxsa yaşayış mümkün olmayacaq.  Şəhərin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, demək olar, bütün meqapolislərdə reallaşdırılır. Yaponlar hətta göydələnlərin dam örtüyünü yaşıllıqla tamamlayırlar. Hər eyvanda mütləq ev bitkilərinin olduğunu müşahidə etmək olar. Yaşıllıq varsa, deməli oksigen çatışmazlığının az da olsa, qarşısını almaq olacaq.

Avtomobilin salonundan benzin iyi gəlir? Gəlsin də...

Bakı əhalisi də təmiz hava qıtlığından əziyyət çəkir. Dəniz şəhəri olsaq da, yodlu-bromlu havanı duya bilmirik, çünki Azərbaycanda mövcud olan avtomobillərin yarısı paytaxta cəmlənib. 4 milyonluq əhaliyə bəlkə də 1 milyon maşın düşür. 40 il öncənin Bakısında tək-tük maşın səsi eşidilirdi. Hava təmiz, insan sayı isə 4 dəfə az idi. Hazırda maşının nə səsi kəsilir, nə də havaya atılan zəhərli qazın sonu bilinir. Bizim avtomobil parkımız yalnız benzin və dizellə işləyən nəqliyyat vasitələrindən ibarətdir. Avtobusların bir çoxu elə işə düşərkən atmosferə qara tüstü buraxır, hamılıqla boğuluruq.

Ölkədə köhnə avtomobillərin utilizə edilmə proseduru yoxdur, yəni avtomobil ölənəcən işləyir. Sərt ekoloji qaydalar tətbiq edilmədiyindən avtomobilin texniki vəziyyəti sürücünü narahat etmir bir növ. Maşının arxa borusundan qara tüstü çıxır? Nə olsun? Çıxır, çıxsın da. Avtomobilin salonundan benzin iyi gəlir? Gəlsin də, nə olacaq ki?! Belə vəziyyətdə olan maşınla sərnişin daşıyan da az deyil. Soruşanda da, deyir, düzəldərəm, kasıblığın üzü qara olsun və sair. Avtobusun və ya avtomobilin köhnə olması əsas deyil, gərək yiyəsi bu nəqliyyat vasitəsinə qulluq eləsin, vaxtı-vaxtında yararsız detalları dəyişsin. Onu da etmək istəmirik.

Bakı yaşamaq üçün yararsız olan bir şəhərə çevrilməkdədir

Qanuna görə, hər bir nəqliyyat vasitəsi ildə bir dəfə texniki baxışdan keçməlidir. Məntiqlə paytaxtdakı avtomobillərin bir hissəsi elə bu mərhələdə kənarlaşdırılmalıdır. Amma proses formal olaraq reallaşır, apar pulunu ödə, texniki baxış barədə sənədi al. Nəticədə Bakı yaşamaq üçün yararsız olan bir şəhərə çevrilməkdədir, hava yox, xəstəlik də baş alıb gedir. Nəqliyyata texniki baxış məsələsində daha sərt qaydaların tətbiq edilməsinə su-hava kimi ehtiyac var. Köhnə avtomobil və avtobuslardan çoxdan yaxa qurtarmaq lazımdır, ən azı nəqliyyat vasitəsi sahiblərini  buna məcbur etməklə. Köhnədir, apar təhvil ver, puluna al ya da yeni avtomobil üçün sertifikat əldə et. Köhnəlmiş maşınları utilizə etmək, yığmaq zamanı çatıb. Ya da ən azı maşın sahibi öz avtomobilinə qulluq etməlidir. Niyə yol hərəkət qaydasını pozan sürücüyə cərimə yazılır, amma borusundan tüstü çıxan avtomobili görən yoxdur? Bəyəm, bu insan həyatı üçün təhlükəli deyil? Təmiz hava heç kimi maraqlandırmır?

Təmiz havaya görə xəzri küləyinə borcluyuq

Bakını ekoloji təmiz şəhərə çevirmək üçün bir çox layihə var. Məsələn, tramvay nəqliyyatının yenidən bərpası, metronun genişləndirilməsi, velosiped yollarının inşası, yeni növ elektrik qatarı şəbəkəsinin uzadılması məsələləri ara-sıra gündəmə gəlir, amma bu planlar daha çox kağızda reallaşır. Praktik işlər çox gecikir. Bircə çoxlu ağac əkilir paytaxtda, tez-tez aksiyalar keçirilir, yeni-yeni sahələrdə kiçik meşələr yaradılır. Özü də bu işdə demək olar hər bir dövlət qurumu iştirak edir, hətta könüllü olaraq ağac əkmək olduqca şərəfli iş sayılır. Yenə də şəhərin havası təmizlənir bir növ.

Ümumilikdə təmiz havaya görə Xəzər dənizindən əsən xəzri küləyinə borcluyuq desək, yanılmarıq. Dənizdən əsən sərin şimal küləyi şəhərin tozunu-tüstüsünü sistematik olaraq aparır, havanı təmizləyir. Xilas edir bizi havasızlıqdan. Bakının girişində xəzriyə bir heykəl quraşdırmaq da yerinə düşərdi, çünki bizim eləmədiyimizi bu xeyirli külək edir.

Amma şəhər də dayanmadan artır, yeni binalar ucaldılır, prospektlər salınır, yollar tikilir, xaricdən də yeni avtomobillər gətirilir, özü də benzinlə işləyən. Belə getsə, nə xəzri, nə gilavar kömək etməyəcək bizə, havanı Kanada, ya da İsveçrədən pulla alacağıq.

33
Teqlər:
hava, Bakı, ekologiya
Xüsusi geymidə kişi, arxiv şəkli

Sıramızdan "zəif bənd"ləri aparan pandemiya vaxt çəkilib gedəcək?

49
Küçədə gəzənlərin üzü gülmür, milli-mental dəyərlər də mənasını itirib. Daha ”bu, masonların oyunudur” deyənlər də əlini bərk-bərk spirtlə dezinfeksiya edirlər.

Bir ildən artıqdır, dünyada bir kabus dolaşır - koronavirus kabusu. 2019-cu il dekabrın ortalarında Çinin Uhan şəhərində aşkarlanan virus tezliklə hər bir ölkəyə yayılıb. Fevral ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı bu virusu COVID-19 adlandırıb, martın 11-də isə koronavirusu pandemiya elan edib.

İkinci dalğa daha ağır olmalı idi, bu da baş verdi

Hazırda hər gün dünyada orta hesabla 600-700 min insan bu xəstəliyə tutulur, 10-12 min insan dünyasını dəyişir. Ümumi yoluxanların sayı 90 milyonu ötüb, ümumilikdə virusdan 1,9 milyondan artıq insan ölüb. Koronavirusla bağlı ağır vəziyyət ABŞ, Hindistan, Braziliya, Rusiya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, Argentina, Kolumbiya, Almaniya, Meksika kimi ölkələrdə müşahidə olunur. Koronavirus ilk dəfə Çində peyda olsa da, bu ölkə guya artıq virusa qalib gəldiyini elan edib. 1,5 milyard əhalisi olan ölkədə hazırda cəmi 4-5 insanın virusa yoluxma statistikası bir qədər şübhə doğurur.

Azərbaycanda koronavirusun ilk dalğası 2020-ci ilin mart ayından müşahidə edilib və elə də ağır fəsad törətməyib. Orta hesabla gündə 100-150 insan koronavirusa yoluxub, ölüm sayı az olub, xəstələnənlərin də düz yarısı müalicə olunaraq evə dönüb. Hazırda ölkə koronavirusun ikinci dalğasını yaşayır. Hələ 3-4 ay öncə günə orta hesabla 200 nəfər xəstə aşkarlanırdısa, dekabrda bu rəqəm 22 dəfə artıb, hər gün haradasa 4500 nəfər virusa yoluxurdu. İkinci dalğa daha ağır olmalı idi, bu da baş verdi. Amma sağalanların da sayı az deyil.

Koronavirus ilk dəfə dünyada qlobal qorxunun nə olduğunu üzə çıxardı

Bu bir ildə nə baş verdi? Koronavirus dünyada nəyi dəyişdi? Azərbaycan insanına necə təsir etdi? COVID-19-a münasibətdə nə kimi dəyişiklik müşahidə edilir?

Koronavirus ilk dəfə müasir dünyada qlobal qorxunun nə olduğunu üzə çıxardı. Rahat gəzməyə, istədiyini etməyə adət etmiş bir çox insanın azadlığı məhdudlaşdırıldı. Faktiki olaraq yalnız yeyib-içmək, televizora baxmaq, internetdə nəsə axtarmaqdan başqa heç bir işlə məşğul ola bilməzsən. Evi tərk etdikdə sms sistemindən istifadə etmək və maska taxmaq məcburiyyəti insanın azadlığını bir qədər də daraltdı.

 Xəstəxana, arxiv şəkli
© AFP 2020 / PIERO CRUCIATTI

Nə idman eləmək mümkün oldu, nə restorana getmək. Teatr da bağlandı, muzey də. Ən ağır zərbə nədənsə elə inkişaf etmiş ölkələrə dəydi. Xəstəlik sayına görə ABŞ hamını geridə qoydu. Aralıq dənizi pəhrizini dünyaya təbliğ edən, uzunömürlülüyü ilə fəxr edən İtaliyada on minlərlə yaşlı insan öldü. Koronavirus məhz yaşı 60-dan yuxarı olan şəxsləri öldürdü, şəkərli diabet, ürək-damar və onkoloji xəstəliyi olan hər bir kəs risk qrupuna aid edildi. Bəzi virusoloqlar bunu tam obyektiv səbəblərlə izah edirlər. Yəni təbii seçim təkcə heyvanlar aləminə aid deyil, insan da bioloji varlıq olaraq bu prosesdən kənarda qala bilməz. Bu cür pandemiyalar elə məhz sıramızda olan “zəif bənd”ləri aparmalıdır.

Yaşı çox, sağlamlığında isə problem olan insanlar koronavirusu olduqca ağır keçirirlər. Hətta pandemiya bitdikdən sonra bir çox insanın virusun fəsadı ilə üz-üzə qalacağı aydındır. Sağlamsansa, deməli, immunitetin xəstəliyə qalib gələcək, əgər bir ətək xəstəliyin varsa, virus orqanizmini dağıdacaq. Belə bir xəstəlikdir bu koronavirus.

Kimi dindirsən, deyir, Allah bu koronavirusa lənət etsin

Koronavirusun qorxusu törətdiyi fəsaddan daha ağır oldu, çünki adaptasiya dövrünü keçirmək, yeni şəraitə uyğunlaşmaq özü də bir cəsarət tələb edirdi. Dünya iqtisadiyyatına dəyən zərbə dəhşətli oldu. Əgər evdən kənara çıxmaq qadağası varsa, deməli, iş-güc də yoxdur, azdan-çoxdan yeyib-yatmalısan, vəssalam. Demək olar, bütün sahələrdə durğunluq hiss edildi. Turizm, idman, restoran-kafe biznesi, qeyri-qida ilə bağlı ticarət sahələri, ayaqqabı və geyim istehsalında açıq-aydın geriləmə oldu. Aviareyslər dayandı, qatarlar yalnız ölkə daxilində işlədi, neft-qaza olan tələbat birə-on azaldı. Kimi dindirsən, deyir, Allah bu koronavirusa lənət etsin.

İlkin mərhələdə Azərbaycan insanı koronavirusu ciddi qəbul etmədi. Maska taxmaq tələbi vardı, amma o, “apteklərdə maska yoxdur” bəhanəsi ilə yaxasını kənara çəkdi. Xəstə sayı az idi deyə qaydanı pozub küçəyə elə-belə çıxanların da sayı kifayət qədər oldu. KİV-dən hər gün xəbərdarlıq edilsə də, insanların maariflənməsi elə də sürətli alınmadı. Ad gününə, yasa gedən yüzlərlə insan aşkarlandı. Gizli toy edənlər də olurdu. Gizli restoran, kafe işlədən obyektlərin sayı-hesabı bilinmirdi. Hətta gizli çayxana işlədən nə qədər şəxs cərimələnib. Gizli bərbər xidməti göstərən nə qədər insan var elə günün bu günü də.

”Bu, masonların oyunudur” deyənlər də əlini bərk-bərk spirtlə dezinfeksiya edirlər

Üstündən aylar ötüb deyə bu gün vəziyyət dəyişib, deyəsən. Artıq koronavirus hər evə, hər ailəyə çatıb, bu və ya başqa formada. 6 ay öncə “bir oyundur” deyən insanın artıq ətrafında qohum-əqrəbadan öləni də var, ağır formada virusu keçirəni də. İnsan var, 1 ay xəstəxanada yatıb, müalicə alıb və bir qohumu belə onu görə bilməyib, amma artıq o qohumlar bu virusun nə qədər ağır formada keçdiyini yaxşı bilirlər. 3-4 ay öncə maskanı çənədə gəzdirənlər bu gün onu tam qaydasında geyinməyə üstünlük verirlər.

Daha ”bu, masonların oyunudur” deyənlər də əlini bərk-bərk spirtlə dezinfeksiya edirlər. Koronavirus bu evdən o birisinə keçir, ailə-ailə hamı xəstəliyi keçirir. Öskürən öskürür, qızdıran qızdırır, sağalan sağalır, ölən də ölür. Bir çoxu aptekdə dərman axtarır. Süni nəfəsalma aparatı qızıldan da baha olub. Adi C vitamini tapılmır. Küçədə gəzənlərin üzü gülmür, milli-mental dəyərlər də mənasını itirib. Kimisə dəfn etməyə gedən yoxdur, toy və ad günləri keçirmək də mənasız görünür, çünki bir gizli toydan sonra birdən-birə 50-100 adam tutulur xəstəliyə.

Virus insanın statusuna baxmır, vəfat edənlərin sırasında vəkili də var, həkimi də, jurnalisti də. Sosial şəbəkədə xəstəliyi keçirmiş, hansı halla qarşılaşdığı barədə məlumat yayan onlarla, yüzlərlə insan var. Kimi ağır keçirir, kimi yüngül. Azərbaycanda yaşayan hər bir kəs vəziyyətin ağırlığını duyur. Bir çox insanda əvvəl tanımadığı fobiyaları da aşkarlanıb.

Koronavirus dünyaya və Azərbaycana pozitiv nəsə verdimi?

Nə qədər paradoksal olsa da, virusun yayılmasının həm də pozitiv məqamları da var. Koronavirus ilk növbədə əyləncə mexanizmlərini dayandırdı və bəşəriyyəti gözləyən təhlükələrə daha ciddi yanaşmağa bizi təhrik etdi. Dünya əslində ekoloji problemləri həll etməkdə olduqca gecikir. Koronavirusun bizə verdiyi fasilə nəticəsində hava bir qədər təmizləndi, təbii ehtiyatların bir hissəsi qorundu, bir qədər sakit şəraitdə nəyisə düşünüb həyatımızı bir qədər dəyişmək istədik.

Pandemiya dövründə birdən-birə onlayn yaşamağın üstünlüklərini duya bildik. Qaz, işıq, interneti ödəmək üçün daha poçta getməyin mənasız olduğunu bir daha anladıq. Hələ bir il öncə bank kartından nəyisə ödəməyi özünə sığışdırmayanlar bu gün rahatlıqla istənilən virtual əməliyyatı reallaşdırırlar. Xaricdən mal almaqla gününü keçirən nə qədər evdar xanım artıq kiçik biznes qurmaqla iş adamına çevrilib. İstirahətin nə olduğunu bilməyən bir sıra peşə sahıbi bu gün ailəsi ilə daha yaxından təmas qurmaq imkanı əldə edib.

Pandemiya ilə əlaqədar bizi nə kimi pozitiv proqnozlar gözləyir?

Xəstəlikdən qurtarmağın iki yolu var: ya dünya əhalisinin 75-80 faizi xəstələnməli və təbii yolla immunitet qazanmalı,  ya da peyvəndlənmə yolu ilə immunitet qazanmalıdır. Faiz nisbətində hələ 1 ildə dünyanın çox cüzi hissəsi xəstəliyi təbii yolla keçirib. Bu minvalla davam etsə, pandemiyanın bitməsini hələ 10-12 il gözləməliyik. Dünyanın ən dəhşətli pandemiyası olan ispan qripinin ən aktiv fazası 2 il davam edib, 1918-1919-cu illərdə dünya əhalisinin dörddə biri xəstələnib, hər xəstələnən 10 nəfərdən biri də ölüb. İmmunitet qazanılıb, çox yəqin, qrip hələ uzun müddət insanların arasında yaşayıb, amma daha əvvəlki kimi ölümcül olmayıb.

Bu gün 8 milyardlıq əhalidən cəmi 90 milyonu, yəni 1 faizdən bir qədər çoxu xəstəliyi keçirib, həm karantin qaydaları, həm də müasir tibbin imkanları daha çox qurbanın olmasının qarşısını alıb. Amma bununla yanaşı, bu templə davam etsə, koronavirusun adi qripə çevriləcəyi ana kimi ən azı 10 il ötməlidir. Bu halda gərginlik, qorxu, stres daha çox insanın ölümünə səbəb ola bilər.

Peyvəndləmə yolu ilə koronavirusu gələn ilin sonuna kimi dayandırmaq olar. Bu, daha real görünür. Artıq ABŞ, Rusiya, Böyük Britaniya və Çində hazır peyvənd var. Klinik sınaqlar da, demək olar, bitib. Böyük ehtimalla bu ilin əvvəlindən start verilən kütləvi peyvəndləmə yolu ilə koronavirusun səngidiyinin şahidi olacağıq. Hər halda bu olduqca pozitiv bir gözləntidir. Bu yolla bir neçə il ötəcək, koronavirus da bir tarixə çevriləcək.

49
Teqlər:
Azərbaycan, dünya, Koronavirus, epidemiya
 Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

Yevlaxda körpüyə girməyə hazırlaşan avtomobilin üzərinə ağac aşdı

0
(Yenilənib 20:38 15.01.2021)
Təbiətin şıltaqlığı bu gün Yevlax şəhərində az qala insanların xəsarət alması ilə nəticələnə bilərmiş.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.

© Sputnik / Rahim Mammadov
Yevlax rayon sakini Vüsal Ələkbərov

Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:

© Sputnik / Rahim Mammadov
Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.

Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.

0