Gülşən Qurbanova

Adı cinayətdə hallanan, diri-diri basdırılan aktrisa, şoumen, biznes-ledi

492
(Yenilənib 23:09 23.12.2020)
Bu günlərdə 70 yaşı tamam olan mərhum aktrisa Gülşən Qurbanova 1950-ci ilin 19 dekabrında Bakıda anadan olub. O, Azərbaycanın tanınmış teatr və kino aktyoru, rəngarəng ifaçılığı ilə tanınan

Bu günlərdə 70 yaşı tamam olan mərhum aktrisa Gülşən Qurbanova 1950-ci ilin 19 dekabrında Bakıda anadan olub. O, Azərbaycanın tanınmış teatr və kino aktyoru, rəngarəng ifaçılığı ilə tanınan - həm faciə, həm dram, həm də komediya janrında müxtəlif obrazların mahir ifaçısı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının banilərindən biri olan Ağadadaş Qurbanovun ailəsində dünyaya göz açıb.

Gülşən Qurbanova da hələ uşaq yaşlarından atası Ağadadaş Qurbanovadan aktyorluq sənətinin sirlərini öyrənməyə başlayır. O, atasının oynadığı tamaşaların hamısını izləyir və atası ilə birgə kino çəkilişlərinə, tamaşa məşqlərinə gedirdi. Gülşən Qurbanova 15 yaşı olanda öz atasını, Azərbaycan xalqı da böyük sənətkarını itirir.

Ağadadaş Qurbanov 1965-ci ildə, Salyan şəhərinə qastrol səfəri edir. 15 yaşlı qızı Gülşəni də yanında götürən aktyor teartın aktyor heyəti ilə birgə bir mehmanxanada qalır. Onlar, öz otaqlarında dincələrkən, küçədən gələn bir hay-həşirə təlaşlanıb eyvana çıxırlar. Gülşən Qurbanova da atasının yanına-eyvana çıxır. Lakin Gülşənin eyvana çıxması ilə eyvanın uçulması bir olur və bu uçqunda Ağadadaş Qurbanov öz həyatını itirir. Məhz bu səbəblə Gülşən Qurbanova atasının ölümündə özünü günahkar bilir. O düşünür ki, eyvanın uçulması üçün lazım olan sonuncu ağırlıq limiti məhz onun eyvana çıxması ilə təmin olunub və eyvan  uçub. Əgər həmin gün Gülşən Qurbanova o eyvana çıxmasaydı, eyvan uçulmayacaqdı və atası ölməyəcəkdi. Bu fikir onu ömrünün sonuna qədər rahat buraxmır.

Uşaqlıq illərindən aktrisa olmağa qərar verən Gülşən Qurbanova Azərbaycan Mədəniyyət və İncəsənət institutunun rejissorluq fakültəsini bitirir. Həmin illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor assistenti kimi fəaliyyətə başlayır. 1979-cu ildə isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının, yəni atası Ağadadaş Qurbanovun qurduğu teatrın kollektivinə aktrisa kimi daxil olur. Elə ömrünün sonuna qədər də bu teatrda çalışır və bir-birindən maraqlı obrazlarla tamaşaçı rəğbəti qazanır.

O, Rüstəm adlı bir aktyorla ailə həyatı qurur. Lakin bu evlilik qısa müddət sonra bitir. Çünki onun evli olduğu Rüstəm adlı həmin aktyor məşhur rus rejissoru Yuli Qusmanın dəvəti ilə Rusiyaya köçür və Azərbaycanı tərk etmək istəməyən aktrisa ilə həyat yoldaşının yolları burada da ayrılır. Aktrisanın ikinci evliliyi isə bir digər həmkarı Mübariz Əlixanoğlu ilə olur. Amma bu evlilik də uzun çəkmir. Aktyorun içki aludəliyi səbəbi ilə Gülşən Qurbanova boşanmağa qərar verir və bir daha ailə qurmur.

Həm teatrda, həm televiziya tamaşalarında, həm kinoda canlandırdığı obrazlarla və Azərbaycan Dövlət Televiziyasının repertuarında yer alan “Gəlin birlikdə gülək” layihəsi ilə tamaşaçıların sevimlisinə çevrilən, ulduzu günbəgün parlayan Gülşən Qurbanova şöhrətə qovuşur. “Gəlin birlikdə gülək" layihəsində tanınmış aktyorlar - Yasin Qarayev və Azər Mirzəyevlə tərəf müqabili olurlar. Bundan sonra Gülşən Qurbanovanın Azər Mirzəyevlə gizli bir eşq yaşamasına dair dedi-qodular dillərdə dolaşmağa başlayır.

Söz düşmüşkən, o, həm də haqqında haqqında xeyli şayiələr, dedi-qodular, şəhər əfsanələri olan azsaylı aktrisalardandır. Bu şayiələrdən biri də, Gülşən Qurbanovanın adının hansısa cinayətdə hallanması və bu səbəbdən axtarışa verilməsi ilə bağlıdır. Belə ki, güya, cinayət törədən və polis tərəfindən axtarıldığını  öyrənən Gülşən Qurbanova məcburi köçkünlərin məskunlaşdığı bir yataqxanada gizlənir. Hətta, bu səbəblə, həmkarları arasında şəninə yaraşmayan bir ləqəb də qazanır. Amma bütün bunlar, adı üstündə, şayiədir. Gülşən Qurbanovanın elə bu polis qorxusu ilə infarkt keçirtdiyi və həyatını itirdiyi deyilsə də, bu, yalandır. Çünki, o, bir dəfə deyil, tibdə nadir görünən hadisədir ki, 4 dəfə infarkt keçirib və 4-cü infarktdan sonra həyatını itirib.

Məşhur aktrisa haqqında, dedi-qodular, şayiələr, şəhər əfsanələri bununla bitmir, amma buna daha sonra yenidən qayıdacağıq. İndi isə qeyd edilməlidir ki, Gülşən Qurbanova təkcə istedadlı aktrisa deyildi, o, məharətli tele-aparıcı kimi də şöhrət qazanmışdı. Eyni zamanda, qurub-yaratdığı şou proqramlarla “Azərbaycanın ilk qadın şoumeni” ünvanını alır və bu şou proqramları öz restoranında nümayiş etdirirdi. Yəni, Gülşən Qurbanova yerli aktrisalar arasında ilk biznes-ledi idi. Bir zamanların məşhur “ATF", “Faraun" restoranlarının sahibəsi Gülşən Qurbanova idi.

Onun öz restoranlarında qurub-yaratdığı bu şou proqramlar həm də bir neçə müğənninin səhnə həyatı qazanmasında mühüm rol oynamışdı. Məsələn, tanınmış müğənni İradə İbrahimova məhz Gülşən Qurbanovanın restoranında nümayiş olunan bu şou proqramlarla səhnə həyatına başlamışdı.

Gülşən Qurbanova öz doğmalarının, dostlarının, tanışlarının xatirəsində şən, zarafatcıl, nikbin, həyatı sevən, deyib-gülən, hətta yeyib-içən, həyatı qucaq dolusu yaşayan bir qadın kimi qaldı. İlk qadın şoumenimiz Gülşən Qurbanova bütün yaradıcılığı boyunca cəmi bir mahnı ifa etmişdi. Bu, bəstəkar Elçin İmanovun məhz Gülşən Qurbanova üçün yazdığı “Sənətkar ömrü" mahnısı idi. Gülşən Qurbanova isə bu mahnını Azərbaycan səhnəsinin “gülüş kraliçası", əfsanəvi aktrisa Nəsibə Zeynalovaya həsr etmişdi.

Əyləncəli, rəngarəmg həyatınln fonunda dedi-qodular yer aldığı kimi ölümünün ardından da şəhər əfsanələri başladı. Respublikanın xalq artisti, Azərbaycanın ilk qadın şoumeni, yerli aktrisalar arasında ilk biznes-ledi olan Gülşən Qurbanova 17 noyabr 2016-cı ildə qatıldığı televiziya proqramlarından birindən qayıdarkən 4-cü dəfə infarkt keçirib və vəfat edib. Lakin deyilənlərə görə, Gülşən Qurbanova 4-cü infarkta rəğmən də həyata tutunub və sağ qalıb. Görünür, aktrisanın həyat dolu olmasına ürəkdən inananlar onun ölümü ilə barışa bilməyərək əslində kliniki ölüm keçirtdiyini iddia etmişdilər. Yəni, aktrisa diri-diri basdırılıb, hətta deyilənlərə görə, hər gün qızının yuxusuna girən aktrisa qızına sağ olduğunu deyib və onu məzardan çıxarmasını istəyib. Bu səbəblə qızı aktrisanın məzarını açdırıb və anasının kəfəninin qan içində olduğunu, aktrisanın üzünü cırmaqladığını və qanının ətrafa yayıldığını görüb.

Ailəsi bütün bunları inkar etsə də, bu deyilənlərin doğru olduğuna ürəkdən inananlar var. Hərçənd, həmişə gülən, güldürən, həmişə şən olan Gülşən Qurbanovanın ölümünə inanmaq da asan iş deyil axı.

Azərbaycan bayrağı, arxiv şəkli
© Sputnik / Murad Orujov

Və həyatın qəribə hikməti, ya da rəqəmlərin mistikası olsa gərək, aktrisanın atası 54 yaşında, Gülşən Qurbanova 55 yaşında, qardaşı-tanınmış aktyor Hamlet Qurbanov isə 57 yaşında vəfat etmişdi.

Bütün bunların nəhayətində, Gülşən Qurbanova bir sənətkar ömrü yaşadı. Bəzək-düzəksiz, mübaliğəsiz, pafossuz, ən sadə dildə belə deyə bilərik ki, bütün həyatı və yaradıcılığı ilə o bir sənətkar idi və bu adın haqqını verirdi. Azərbaycanın teatr və kino sənətində unudulmaz və əvəzolunmaz yeri olan sənətkar yaşaydı bu il 70 yaşı olacaqdı. “Yaşasaydı"-mı dedim? Məgər yaşamırmı?! Kinolarında, televiziya tamaşalarında, mədəniyyətin qızıl fondundakı verilişlərində onu tanıyanların, sevənlərin, sənətdən anlayanların, sənət və sənətkar qədri bilənlərin ürəyində yaşayır, yaşayacaq...

https://www.youtube.com/watch?v=RpVQDeNb1-Y&lc=UgwwQ4H4PCQfNo_OFux4AaABAg 

492
Teqlər:
şoumen, aktyor, teatr, aktrisa
20 Yanvar faciəsinin ildönümü

20 Yanvar faciəsi - ağlamaqmı lazım, yaratmaqmı?

27
(Yenilənib 11:26 20.01.2021)
Kimsə çıxıb müxtəlif şeirlərdən, poemalardan, povest və romanlardan, film və teatr tamaşalarından, rəsm əsərlərindən misal çəkərsə, bunu qəbul etməyəcəyəm.

BAKI, 20 yanvar — Sputnik. 1990-cı ilin Qanlı Yanvarından 31 il ötür... Həmin ilin yanvar ayının 19-dan 20-nə keçən gecə saat 23:30-da keçmiş Sovet İttifaqının silahlı qoşunları Bakı şəhərində dinc əhalinin üzərinə hücum çəkir, bu qırğında onlarla insan həyatını itirir, yaralanır, itkin düşür. Üzərindən tam 31 il keçən bu faciənin tariximizdəki ibrət əhəmiyyəti nədir? Mədəniyyətimiz - ədəbiyyatımız və incəsənətimiz bu tarixi faciədən nələr yarada bilib?

Təəssüf ki, Azərbaycan mədəniyyəti bu tarixi faciəsinə, təkcə “Ağla, qərənfil, ağla” deyə bilib. Bir də ki insafən, mahir tar ifaçıları hər ilin yanvar ayının 20-də yaxşı “Zəminxarə” çala bilirlər. Başqa heç nə...

Kimsə çıxıb müxtəlif şeirlərdən, poemalardan, povest və romanlardan, film və teatr tamaşalarından, rəsm əsərlərindən misal çəkərsə, bunu qəbul etməyəcəyəm. Çünki bu mövzuda yaradılmış bütün sənət nümunələri ilə tanışam və onlar sənətsəl keyfiyyətləri baxımından Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeirindən daha böyük deyillər. Heç tarzənlərin “Zəminxarə”si qədər səmimi də olmağı bacarmadılar.

Etiraf edək ki, Qanlı Yanvar haqqında yaradılan sənət nümunələrinin əksəriyyəti vətənpərvər mövzulu müsabiqələrdə mükafat qazana bilmək üçün yaradıldı. Nəticədə, mədəniyyətimizin rəflərində bu mövzuda xeyli sayda nümunələr olmasına rəğmən, onların heç birini dünyaya təqdim edə bilmədik. Çünki onlar dünyaya təqdim olunacaq qədər səmimi və keyfiyyətli deyildilər. Bu, açıq həqiqətdir. Heç kəs inciməsin.

“Madam ki, heç kəs yaza bilmədi, sən yazaydın” deyənlərin mühakimələrini eşidirəm. Fəqət, nəzərinizə çatdırmalıyam ki, mən bu qanlı gecədən 3 il sonra dünyaya gəlmişəm və həmin gecədən 17 il sonra bədii yaradıcılığa başlamışam. Yəni, bu mövzuda sənət nümunəsi yaratmağın mühakiməsi, hətta 1980-ci ildən də əvvəl doğulanlar arasında aparılmalıdır.

Öz yaşıdlarıma və məndən sonrakılara isə bir dostyana tövsiyə verə bilərəm ki, əgər bu mövzuda nəsə yaratmaq istəyirlərsə, Bəxtiyar Vahabzadənin “Ölümü kamına çəkdi şəhidlər”ini, ya da Məmməd Aslanın “Ağla, qərənfil, ağla”sını parodiya etməsinlər. Onlar həmin gecənin isti ağrıları ilə yazılmışdı və yalnız ahu-zar edə bilmişdilər. Problem onda idi ki, bu qədər sənətkarın içindən çıxıb o gecənin həqiqətlərini, insanların gerçək iztirablarını, ağrılarını, rejimin ədalətsizliyini və vəhşiliyini olduğu kimi təsvir edə bilən, onu bədii çalarla zənginləşdirib əsl sənət nümunəsi kimi dünyaya təqdim edə bilən bir nəfər də olmadı. Niyə olmadı? Çünki onların böyük əksəriyyəti həmin rejimin köləsi olmuşdular və həmin rejimin alçaqlığına bəşəri etiraz etmək üçün üzləri yox idi.

Bu səbəblə, bundan sonrakıların  içində kimsə “Qanlı Yanvar” həqiqətlərini soyuq başla və üstün istedadla sənət nümunəsinə çevirmək istəsə, bunun üçün hələ də əlçatımlı olan mənbələr var. Bəzənmiş-düzənmiş üzgün duyğu çələnglərinə aldanmayıb, gerçək ağrıları tapa bilən və təsvir edə bilən sənətkar bu dəhşətli gecə haqqında böyük sənət nümunəsi yarada bilər. Bu, həm mədəniyyətin tarixi mirasına, həm də o gecə haqqında ən tutarlı mənbəyə çevrilər.

27
Cütlük, arxiv şəkli

Modern həyatlar, süni xoşbəxtliklər, sinxron tənhalıqlar

294
(Yenilənib 20:33 19.01.2021)
Modern insan ona heç zaman lazım olmayacaq, həyatını dəyişə bilməyəcək, gündəlik yaşamını gözəlləşdirməyəcək şeylərin xiffətini çəkərək yaşayır.

Cəmiyyətin mexanizm kimi işlək olması üçün böyük sosial qruplara uyğunlaşan, "həyatın çəmi"ni tapan, daima istehlak edən, standart arzu və istəkləri olan, növbəti addımı proqnozlaşdırıla bilən insanlara ehtiyac var. Texnologiya və elm inkişaf etdikcə, müasir insanın istehlak həvəsi də artır, ehtiyaclar azalmaq əvəzinə çoxalır, modern insan ona lazım olmayan texnoloji yeniliklərə meyillənir. Bahalı və çoxfunksiyalı telefonlar, televizorlar, saatlar, planşetlər, ev kinoteatrları və s. əşyalara çox çılğın və mənasızca tələbat müşahidə edirik. Qiymətlər bahalaşdıqca, modern insan daha ehtirasla "ağıllı" əşyalara "ehtiyac duyur".

***

Sosial şəbəkələr məşhurluq ehtirasını alovlandırır, populyarlıq, təqdir olunmaq ehtiyaca çevrilir. Bu ehtiyacın yaratdığı mütiliklə və yaltaqlıqla istənilən sosial qrupa asanlıqla adaptasiya ola bilən xaraktersiz və insani keyfiyyətlərdən məhrum “modern insan” formalaşır. Bu ucuz şöhrət bir qədər sonra asan qazanca çevrilir, modern insan yaşamağın və "həyatın çəmi"ni tapır. Bəsit arzularla yaşayan istehlakçı insan asan proqnozlaşdırılır və rahat idarə olunur. Modern həyat yaşayan, çılğın və mənasız ehtirasları olan insanların növbəti addımını proqnozlaşdırmaq çətin deyil. Ən sadə şəkildə ifadə etsək, modern insanın ən böyük hədəfi istifadə etdiyi telefon markasının növbəti yeni modelidir. Modern kütlə (cəmiyyət), kitabdan, bilgidən, sənətdən uzaq düşməyinin, “fast-food” bilgilərlə qidalandığının, mənasız kitablar oxuyub, bayağı sənətə meyillləndiyinin fərqində deyil. Modern həyatlar gerçək həyat zövqlərindən uzaq, süni sevinclərə möhtacdır. Modern həyatlar yalan, parıltı, dəbdəbə üzərində qurulub. Bir ovuc istisna – ki, həqiqi modern insan məhz istisnalar hesab edilməlidir – kütlənin çılğın ehtirasları üçün gecə-gündüz fikir, texnologiya, bilgi, sənət yaradır. Modern cəmiyyəti, modern insanı daha dərindən tanıyan elm, sənət adamları özlərini çətinə salmadan yüngül, asan anlaşılan, parıltılı şeylər, nəsnələr yaradır.

***

Modern insan passivdir və kapitalist dəyərlərdən mümkün qədər istifadə etməklə həyatını asanlaşdırandır. Modern insan özünü güvəndə hiss etmək üçün aid olduğu sosial qrupdan bir addım belə kənarlaşmır, sürü psixologiyasına çox asan uyğunlaşır. Kapitalizm robotlaşmış, yadlaşmış fərdlər yaradır və bu fərdlər özləri üçün yaratdıqları süni xoşbəxtliyə inanaraq yaşayır. Süni xoşbəxtliklər, daha çox istehlak acgözlüyü ardıqca, insanın öz şəxsi keyfiyyətlərinə belə yadlaşması sürətlənir. Ehtiyaclarımızı, yeyib-içəcəyimizi, geyimimizi, oxuyacağımız kitabı, baxacağımız filmi, dinləyəcəyimiz musiqini reklamlar müəyyənləşdirir. Süni xoşbəxtlik hissi içimizdəki gücə olan inamı azaldır, modern insan öz gücünü araşdırmadan, öz keyfiyyətlərinə bələd olmadan yaşayır. Modern insanın xoşbəxtliyi sosial şəbəkələrdəki məşhurluğuna, bahalı əşyalarına və dəbdəbəli həyatına bağlıdır.

***

Bütün bunlarla yanaşı, sinxron şəkildə modern insanın tənhalığı başlayır. Modern insan həyat səviyyəsini reklamların parıltısının diktəsi ilə qurub, süni xoşbəxtlik uydurduqca, sinxron olaraq bədbinləşir, tənhalaşır. Dəbdəbə və modern həyat yaşamaq ehtirası insanı kədərə, tənhalığa, depressiyaya sürükləyir. Modern insan ona heç zaman lazım olmayacaq, həyatını dəyişə bilməyəcək, gündəlik yaşamını gözəlləşdirməyəcək şeylərin xiffətini çəkərək yaşayır. Modern həyatlara sinxron olaraq tənhalıqlar dərinləşir, insan həqiqi hisslərin yox, süni xoşbəxtliklərin həsrəti ilə yaşayır.

***

Əslində, pəncərə qarşısında oturub dəmli çaydan qurtumlayaraq klassik roman oxumaq xoşbəxtliyi hələ də mövcuddur. Yeni dil öyrənmək, hər hansı bir musiqi alətini kəşf etmək hələ də mümkündür. Ancaq modern insan getdikcə bu sadə zövqlərdən uzaqlaşır, komforta meyillənir. Komfort isə tənhalığımızı dərinləşdirir, beynimizin yaradıcılıq gücünü məhv edir. Modern insan böyük xəyallar qurmadan, bəsit istəklərlə yaşayır...

294

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya