Koronavirus xəstəsi

Operativ Qərargaha iki kəlmə söz: artıq kütləvi immunitetin yaranmasına doğru gedirik

212
(Yenilənib 23:08 09.12.2020)
Hər gün bir tanışımdan, yaxınımdan yoluxma ilə bağlı xəbər gəlir. Cəmiyyət olaraq “inanıb, inanmamaq” mərhələsini arxada qoymuşuq. İlin əvvəlindəki kimi təşviş, narahatlıq olmasa da, ümumi gərginlik hamımıza sirayət edir

Operativ Qərargah son brifinqində bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməsi ilə bağlı qərarını açıqladı.

Üstəlik, bu təcrübənin heç bir effekt vermədiyini, bundan sonra da verməyəcəyini bilə-bilə yenidən qapanmalara və SMS icazənin tətbiqinə qərar verildi.

Qəbul etmək lazımdır ki, ölkədəki epidemioloji vəziyyət həddindən artıq ağırdır. Bunu artıq hər birimiz şəxsi həyatımızda da hiss edirik. Artıq koronavirusa inanmayanların da bu illətə mübtəla olduğu dönəmə keçmişik.

Məsələn, mənim yaxın ailə üzvlərimin əksəriyyəti artıq ev şəraitində koronavirusdan müalicə olunur. Vəziyyətləri stabil olsa da, əlim çatmadığı üçün təbii olaraq narahatlıq keçirirəm, hər gün telefonla əlaqə saxlayıb müəyyən təlimatlar verməyə çalışıram.

Əminəm ki, yoluxmaların sayı açıqlanan rəqəmlərdən qat-qat çoxdur. Sosial şəbəkələrdə yazılanlardan, müzakirə olunanlardan belə başa düşmək olar ki, pandemiya ilə mübarizə bizim səhiyyəmizin imkanları ilə uyğunlaşmadı. Xəstəxanalarda və evlərdə müalicə olunan xəstə sayı, yaranan təşviş, müəyyən dərmanların tapılmaması vəziyyətin ciddiliyinə şübhə yaratmır. Artıq normal həyat şəraitində yaşamadığımızı qəbul etmişik.

Dünya bir ildir ki, bu virusun əlində acizdir. Kəşf olunan vaksinlərin tətbiqindən hələ ki gözlə görünən nəticə hasil olmayıb. Vaksin alan və tətbiq edən ölkələrdə də pandemiya bütün gücü ilə davam edir. Bütün dünyada 60 milyondan artıq insan bu virusa yoluxub və 1 milyona yaxın insan da həyatını itirib. Bir sıra ölkələrdə sərt karantin rejiminin tətbiqi məcburiyyətə çevrilib. Ölkəmizdə də vəziyyət, demək olar ki, nəzarətdən çıxıb. Gec də olsa, vəziyyətin ciddiliyini əksəriyyət qəbul edib. Bu özlüyündə müsbət nəticədir.

Hər gün bir tanışımdan, yaxınımdan yoluxma ilə bağlı xəbər gəlir. Cəmiyyət olaraq “inanıb, inanmamaq” mərhələsini arxada qoymuşuq. İlin əvvəlindəki kimi təşviş, narahatlıq olmasa da, ümumi gərginlik hamımıza sirayət edir. Düşmən məlum olsa da, onun gücünü düzgün hesablaya və düzgün mübarizə taktikası seçmədiyimizə görə nəticələr gözləniləndən də ağırdır. 44 günlük müharibənin nəticələri nə qədər sevindirici olsa da, COVID-19-un yayılma arealı da kifayət qədər genişləndi. Şəhid dəfnləri, hospitallarda yaralıların ziyarət edilməsi, zəfəri qeyd etmək üçün keçirilən yürüşlər bizə digər düşməni unutdurdu və acı nəticə göz qabağındadır.

Sərtləşdirilmiş xüsusi karantin rejimi il ərzində fasilələrlə müxtəlif vaxtlarda tətbiq edildi. Hər dəfə nəticələr müzakirə olunanda məsul şəxslər ya əhalini qınadı, ya da düzgün qərar vermədiklərini üstüörtülü etiraf etdilər. Yəni sərtləşdirilmiş xüsusi karantin rejimi, əhalinin yenidən evə qapadılması artıq psixoloji, sosial-iqtisadi olaraq insanların həyatını çətinləşdirir. Artıq bir ilə yaxındır sosial-mədəni həyatımızda qəribə bir durğunluq, qeyri-müəyyənlik hökm sürür. İqtisadiyyata dəyən ziyanın miqdarını, yəqin ki, mütəxəssislər hesablayacaqlar, ancaq “görünən dağa bələdçi lazım deyil” məsəli bu məqamda yerinə düşür.

Xüsusilə toy kimi nəhəng industriyanın iflasını hamımız görürük. Teatrlar və kinoteatrların qapadılmasının mədəniyyətimizə vurduğu ziyanı görmək, təhsil sistemimizin iflic olmağını dərk etmək üçün iqtisadçı olmağa gərək yoxdur.

Yuxarıda qeyd etdiyim kimi, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi düzgün çıxış yolu deyil. Virusa yoluxma sayının dinamikası göstərir ki, artıq kütləvi immunitetin yaranmasına doğru gedirik. Bu baxımdan sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqindənsə maarifləndirmə tədbirlərini gücləndirmək, efirlərdə, sosial şəbəkələrdə cəmiyyətin koronavirus təhlükəsi ilə bağlı bilgiləndirilməsi daha münasib yol ola bilərdi. Görünür, vəziyyətdən çıxış yolu tapa bilməyən Operativ Qərargah hər dəfə sərt karantin rejimi tətbiq etməklə yaxasını kənara çəkməyi düşünür.

Təəssüf ki, mənim düşüncələrim heç nəyi dəyişməyəcək. Qərar verilib və tətbiq olunacaq. Ancaq çox xahiş edirəm ki, Operativ Qərargah növbəti dəfə yanıldığını dərk edəndə xalqı, cəmiyyəti qınamaqdan vaz keçib, daha uyğun, daha təsirli metodları sınaqdan çıxarsın.

212
Teqlər:
karantin, yoluxma, qərar, Nazirlər Kabineti yanında Operativ Qərargah, Koronavirus, epidemiya, COVID-19
Redaktorun iş masası, arxiv şəkli

İslahatlar dalğası mediamıza çatdı: bizi gözləyir?

51
(Yenilənib 09:44 16.01.2021)
"Cidanı çuvalda gizlətmək" mümkün olmadığı kimi, mediamızın inkişafından məsul olan, bir zamanlar Vüqar Səfərli kimi laqeyd, jurnalistikadan xəbərsiz bir məmurun rəhbərlik etdiyi AR Prezidenti yanında KİVDF-nin qanunsuz əməlləri də gizli qalmadı.

Nəhayət ki, media sahəsindəki boşluqlar dövlətin diqqətini çəkdi.

Şəxsən mən dəfələrlə bu mövzuda yazsam da, səsimi lazımı şəxslərə eşitdirə bilmirdim.

Çünki, səsimizi eşitməli və eşitdirməli olan kəslər, səsimizi batırmaq üçün çabalayırdılar.

Bəli, mediamızın “başbilənləri” problemdən, haqsızlıqdan, qanun pozuntularından danışan şəxsləri ciddiyə almırdı, imkan olduqca səsimizi batırırdılar.

Onlar ancaq öz ətraflarındakı şəxsləri dinləyir, onlara “ləbbeyk” deyənlərin yolunu açırdılar.

Mediamızın vəziyyəti barədə uzun-uzadı yazmağa ehtiyac görmürəm, aidiyyatı olan hər kəs, hər şeyi bilir.

İllərdir baş alıb gedən ədalətsizliklər, mənimsəmələr, korrupsiya və israf nəhayət ki, dövlətin diqqətini çəkdi.

“Cidanı çuvalda gizlətmək” mümkün olmadığı kimi, mediamızın inkişafından məsul olan, bir zamanlar Vüqar Səfərli kimi laqeyid, jurnalistikadan xəbərsiz bir məmurun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qanunsuz əməlləri də gizli qalmadı. İslahatlar dalğası mediamıza da gəlib çatdı.

***

Ölkə prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilib və onun bazası əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Mediamıza, jurnalistlərimizə, zəhmətkeşlərimizə xeyirli, uğurlu olsun.

Baş verəcək hadisələri qabaqlamaq istəməzdim, ancaq dünən efirlərin birində illərdir media sahəsində hər cür qanun pozuntusu, korrupsiya ilə məşğul olmuş “başbilənlərdən” birinin ölkə prezideninin yeni fərmanını şərh etdiyini görəndə dalağım sancdı.

Nədənsə mənə elə gəlir ki, rüşvətə, korrupsiyaya, KİVDF-nin maxinasiyalarına bulaşmış insanlar bu sahədən uzaqlaşmadıqca, mediamız rahat nəfəs ala bilməyəcək.

İllərdir mətbuatın nəfəsini kəsən bu adamların indi islahatları dəstəkləməsi, yeni yaranan quruma təsir imkanları, ağız dolusu ədalətdən danışması məni çox narahat edir.

***

Düşünürəm ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna ediləcək dəyişikliklər ictimaiyyətin geniş müzakirəsinə çıxarılmalıdır.

Bu günə qədər edilən dəyişikliklər qənaətbəxş olmadığı üçün, bundan sonrakı proseslərdə ictimai fikir nəzərə alınmalıdır.

İndi diqqət daha çox KİV-nin qeydiyyatı məsələsinə çəkilir, jurnalistikaya aidiyyatı olmayan şəxslərin bu sahədə olmasından narahatlıq bildirir. Halbuki, mətbuatımızın yüzlərlə həll olunması vacib, aktual problemləri var.

Sosial şəbəkələrin, vətəndaş jurnalistikasının, blogerliyin geniş yayıldığı cəmiyyətdə, medianın inkişaf perispektivləri müasir texnologiyalardan kənarda müzakirə olunmamalıdır.

Qanunvericilikdə ediləcək dəyişikliklər medianın reklam bazarının formalaşmasına geniş dəstəyi də nəzərdə tutulmalı, mətbuata mümkün azadlıqlar verilməlidir.

Heç bir funksionallığı olmayan qəzetlərə dövlətin maddi dəstəyi dayandırılmalıdır.

Azad fikrə, azad sözə şərait yaradılmalı, ölkədə ciddi, dövlətçilik maraqlarını düşünən müxalif mətbuatın formalaşmasına imkan verilməlidir.

Şəxsən mən media sahəsindəki islahatların müsbət nəticələrini tezliklə görmək istəyirəm.

51
Xəzər, arxiv şəkli

Dəniz şəhəri olsaq da, bir azdan havanı Kanadadan almalı olacağıq

72
Bakının girişində xəzriyə bir heykəl quraşdırmaq da yerinə düşərdi, çünki bizim eləmədiyimizi bu xeyirli külək edir

Uzunömürlü insanların çoxu adətən dağ rayonu, ya da təmiz havası olan dəniz kənarında yaşayır. Oksigeni bol olan istənilən məkanda xəstələnmək şansı da azdır. Təmiz, yodlu-bromlu dəniz havası insanın uzun müddət sağlam yaşamasına zəmin ola bilər.

Şəhər havasının korlanmasına yüzlərlə amil təsir edir

Böyük şəhərlərdə sinə dolusu nəfəs almaq artıq çoxdan müşkülə çevrilib. Əgər burada artıq 1 milyondan artıq insan yaşayırsa, deməli, istəsən də, istəməsən də, təmiz hava qıtlaşır. Özü də müasir meqapolislərin bir çoxunda insan sayı on milyonlarla ölçülür. Şəhər havasının korlanmasına isə yüzlərlə amil təsir edir.

Milyonlarla bir yerə toplanan insanın nəfəs alması, şəhərlərdə saxlanılan ev heyvanları, insan fəaliyyəti nəticəsində yaranan zibil, sənaye müəssisələri, ziyanlı istehsalat, aviasiya, ictimai və gəmi nəqliyyatı, nəhayət şəxsi avtomobillər sakinlərin həyatını dözülməz edir. Şəhər insanı isə daim özünə rahat şərait yaratmağa çalışır. Tez-tez evini təmir edir, hələ dünən bəh-bəhlə dükandan aldığı əşyanı bu gün zibilə atır, çox yeyir, gəzir, idmanla məşğul olur, avtomobili, kompüteri və smartfonu daha dəblisi ilə əvəzləyir. Hər bir əməliyyat bu və ya digər formada şəhərin havasını çirkləndirir.

London, Nyu-York, İstanbul, Moskva, Pekin, Tokio, Seul kimi meqapolislərdə təmiz hava problemi çoxdan mövcuddur. Oksigen balonlarını Yaponiyada 2006-cı ildən satırlar. Nisbətən təmiz havası olan ölkələr artıq bu “məhsul”u satmaqla gəlir əldə edirlər. Əhalisi az, havası isə zəngin olan Kanada neçə müddətdir Çinə dağ havası yollayır. Eynilə dağ havasını dünya bazarında satan İsveçrə şirkəti də var. Pekin həm də dünyanın ən çirkli şəhərlərindən sayılır. Bəzi tədqiqatçılar Pekində nəfəs almağı gündə 40 siqaret çəkməklə bir tuturlar. Kanada havası Çində olduqca yaxşı satılır. 

Hava yoxdursa, deməli, həyat yoxdur

Hər bir şəhər, hər bir dövlət havanın çirklənməsi ilə bacardığı qədər mübarizə aparır. Deyək, 100-150 il öncə Londonda evlər daş kömürlə qızdırılırdı. Bu prosesdə yaranan tullantılar Böyük Britaniyanın paytaxtını dünyanın ən çirkli şəhərinə çevirmişdi. Nə nəfəs almaq olurdu, nə də normal yaşamaq. Təbii qaz peyda olduqdan sonra London meriyası daş kömürlə evləri qızdırmağı qadağan edir və şəhərin havası xeyli təmizlənir. Hazırda London daha bir problemlə üz-üzədir: əhalisi 10 milyona yaxınlaşan şəhərdə rahat nəfəs almağa ərazi qalmayıb. İnsanlar və avtomobillər paytaxtın havasını dəhşətli dərəcədə çirkləndirir. İndi də daha sərt qaydalar tətbiq edilməyə başlanılıb. Londonun mərkəzinə keçid pulludur, maşın saxlamaq da əlavə pul tələb edir. Yaxın illərdə şəhərdə duru yanacaqla işləyən avtomobillərin tam olaraq hidrogen yanacağına keçəcəyi, elektromobillərin geniş yayılacağı gözlənilir.

Sərt qaydalar tək Londonda deyil, həm də Avropanın bir çox ölkəsində tətbiq edilib. Yaxın gələcəkdə benzinlə işləyən avtomobillərin tam olaraq ekoloji təmiz yanacaqla çalışan nəqliyyat vasitələri ilə əvəzlənməsi bütün böyük şəhərlərin rəhbərliyi üçün prioritet məsələdir. Hava yoxdursa, deməli həyat yoxdur.

Oslonun daxilində bircə dənə sənaye müəssisəsi qalmayıb

Məsələn, Norveçin paytaxtı Oslo 2019-cu ildə Avropanın ən yaşıl və təmiz şəhəri elən edilib. Bu şəhərdə zibil ən azı 4 növə bölünərək şəhərin kənarında yerləşdirilən zibil zavoduna göndərilir. Zibil çox dəqiqliklə emal edilir, yəni cəmi 3 faiz qalıq qalır. Hətta qonşu Danimarka və İsveç öz zibilini də Norveçə təhvil verir. Norveçdə hətta kanalizasiyada yaranan istilikdən evləri qızdırmaq üçün istifadə edirlər. Oslonun daxilində bircə belə sənaye müəssisəsi qalmayıb. Hamısı şəhər kənarına çıxarılıb.

Şəhərin hər yerində piyadalar və velosipedçilər üçün yollar çəkilib. Avtomobil yolları isə şəhəraltı tunellərə köçürülüb.  Oslo əhalisinin yarısı elektromobillərdə hərəkət edir, günəş paneli ilə yüklənən elektrik velosipedi də çox populyardır. Tramvay, gəmi və digər nəqliyyat növlərində də elektrik enerjisindən istifadə edilir. Su elektrik stansiyaları da kifayət qədər enerji verə bilir. 1 litr benzin 3 manatadır deyə oslolular kütləvi olaraq benzinlə işləyən avtomobillərdən imtina edirlər. Elektromobillər üçün hər yerdə doldurma məntəqələri quraşdırılıb. Burada akkumulyatoru doldurmaq havayıdır. Havanı çirkləndirən avtomobillərin şəhər mərkəzinə daxil olması pulludur. Bu qayda həm də parklama yerlərinə də aid edilir.

Müasir şəhərin rəhbərliyi mümkün vasitələrlə havanın çirklənməsinin qarşısını almağa yönəlmiş tədbirlərə əl atmalıdır, yoxsa yaşayış mümkün olmayacaq.  Şəhərin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, demək olar, bütün meqapolislərdə reallaşdırılır. Yaponlar hətta göydələnlərin dam örtüyünü yaşıllıqla tamamlayırlar. Hər eyvanda mütləq ev bitkilərinin olduğunu müşahidə etmək olar. Yaşıllıq varsa, deməli oksigen çatışmazlığının az da olsa, qarşısını almaq olacaq.

Avtomobilin salonundan benzin iyi gəlir? Gəlsin də...

Bakı əhalisi də təmiz hava qıtlığından əziyyət çəkir. Dəniz şəhəri olsaq da, yodlu-bromlu havanı duya bilmirik, çünki Azərbaycanda mövcud olan avtomobillərin yarısı paytaxta cəmlənib. 4 milyonluq əhaliyə bəlkə də 1 milyon maşın düşür. 40 il öncənin Bakısında tək-tük maşın səsi eşidilirdi. Hava təmiz, insan sayı isə 4 dəfə az idi. Hazırda maşının nə səsi kəsilir, nə də havaya atılan zəhərli qazın sonu bilinir. Bizim avtomobil parkımız yalnız benzin və dizellə işləyən nəqliyyat vasitələrindən ibarətdir. Avtobusların bir çoxu elə işə düşərkən atmosferə qara tüstü buraxır, hamılıqla boğuluruq.

Ölkədə köhnə avtomobillərin utilizə edilmə proseduru yoxdur, yəni avtomobil ölənəcən işləyir. Sərt ekoloji qaydalar tətbiq edilmədiyindən avtomobilin texniki vəziyyəti sürücünü narahat etmir bir növ. Maşının arxa borusundan qara tüstü çıxır? Nə olsun? Çıxır, çıxsın da. Avtomobilin salonundan benzin iyi gəlir? Gəlsin də, nə olacaq ki?! Belə vəziyyətdə olan maşınla sərnişin daşıyan da az deyil. Soruşanda da, deyir, düzəldərəm, kasıblığın üzü qara olsun və sair. Avtobusun və ya avtomobilin köhnə olması əsas deyil, gərək yiyəsi bu nəqliyyat vasitəsinə qulluq eləsin, vaxtı-vaxtında yararsız detalları dəyişsin. Onu da etmək istəmirik.

Bakı yaşamaq üçün yararsız olan bir şəhərə çevrilməkdədir

Qanuna görə, hər bir nəqliyyat vasitəsi ildə bir dəfə texniki baxışdan keçməlidir. Məntiqlə paytaxtdakı avtomobillərin bir hissəsi elə bu mərhələdə kənarlaşdırılmalıdır. Amma proses formal olaraq reallaşır, apar pulunu ödə, texniki baxış barədə sənədi al. Nəticədə Bakı yaşamaq üçün yararsız olan bir şəhərə çevrilməkdədir, hava yox, xəstəlik də baş alıb gedir. Nəqliyyata texniki baxış məsələsində daha sərt qaydaların tətbiq edilməsinə su-hava kimi ehtiyac var. Köhnə avtomobil və avtobuslardan çoxdan yaxa qurtarmaq lazımdır, ən azı nəqliyyat vasitəsi sahiblərini  buna məcbur etməklə. Köhnədir, apar təhvil ver, puluna al ya da yeni avtomobil üçün sertifikat əldə et. Köhnəlmiş maşınları utilizə etmək, yığmaq zamanı çatıb. Ya da ən azı maşın sahibi öz avtomobilinə qulluq etməlidir. Niyə yol hərəkət qaydasını pozan sürücüyə cərimə yazılır, amma borusundan tüstü çıxan avtomobili görən yoxdur? Bəyəm, bu insan həyatı üçün təhlükəli deyil? Təmiz hava heç kimi maraqlandırmır?

Təmiz havaya görə xəzri küləyinə borcluyuq

Bakını ekoloji təmiz şəhərə çevirmək üçün bir çox layihə var. Məsələn, tramvay nəqliyyatının yenidən bərpası, metronun genişləndirilməsi, velosiped yollarının inşası, yeni növ elektrik qatarı şəbəkəsinin uzadılması məsələləri ara-sıra gündəmə gəlir, amma bu planlar daha çox kağızda reallaşır. Praktik işlər çox gecikir. Bircə çoxlu ağac əkilir paytaxtda, tez-tez aksiyalar keçirilir, yeni-yeni sahələrdə kiçik meşələr yaradılır. Özü də bu işdə demək olar hər bir dövlət qurumu iştirak edir, hətta könüllü olaraq ağac əkmək olduqca şərəfli iş sayılır. Yenə də şəhərin havası təmizlənir bir növ.

Ümumilikdə təmiz havaya görə Xəzər dənizindən əsən xəzri küləyinə borcluyuq desək, yanılmarıq. Dənizdən əsən sərin şimal küləyi şəhərin tozunu-tüstüsünü sistematik olaraq aparır, havanı təmizləyir. Xilas edir bizi havasızlıqdan. Bakının girişində xəzriyə bir heykəl quraşdırmaq da yerinə düşərdi, çünki bizim eləmədiyimizi bu xeyirli külək edir.

Amma şəhər də dayanmadan artır, yeni binalar ucaldılır, prospektlər salınır, yollar tikilir, xaricdən də yeni avtomobillər gətirilir, özü də benzinlə işləyən. Belə getsə, nə xəzri, nə gilavar kömək etməyəcək bizə, havanı Kanada, ya da İsveçrədən pulla alacağıq.

72
Teqlər:
hava, Bakı, ekologiya
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0