Pəncərə yaxınlığında kişi, arxiv şəkli

İcazə verin, evinizin pəncərəsindən keçmişimə boylanım...

174
(Yenilənib 22:16 30.11.2020)
Bəlkə də, evimiz, ünvanımız, daimi yaşayış yerimiz olmadığı üçün xoşbəxtlik axtarıb tapa bilmir bizi... Evimiz olsa, qapımızı döyərdi, mütləq.

Kirayədə qaldığım evlər tez-tez yuxuma girir. Divarları, mebelləri, qapı-pəncərələri, xatirələri ilə birgə...

Ən çox oğlumun ayaq açıb gəzdiyi, dil açıb ilk dəfə "ata" dediyi, Gəncədəki kirayə evi xatırlayıram.

Dörd otaq, bir mətbəx, oğlumun kövrək addımlarını atdığı iki addım eni, üç addım uzunu olan darısqal həyət girir yuxularıma.

Gəncədə xəsarət alan uşaq, arxiv şəkli
© Sputnik / Mihail Voskresenskiy

Universitetdən tələsə-tələsə gəlib, həyətdə qollarını açıb məni gözləyən oğlumla qarşılaşdığım o evi, üstündən on ildən çox keçsə də, unuda bilmirəm.

Hərdən, Bakıya köçəndən sonra kirayə qaldığım evləri də xatırlayıram. Darısqal mənzillər, hər dəfə xırda bir probleminə görə narahatlıq keçirdiyim başqasına məxsus evlər.

Hər kitabımı kirayə qaldığım evlərin birində yazmışam.

Acılı-şirinli xatirələrim səpələnib müxtəlif ünvanlara. Yaşadığım gözəl anları xatırlamaq istəsəm, hökmən kiminsə qapısını döyməliyəm.

"İcazə verin, evinizin pəncərəsindən keçmişimə boylanım..."

Adamı qapıdan qovarlar bu xahişə görə...

***

Evlər var ki, sadəcə evdir – xatirəsiz, keçmişsiz.

Evlər var ki, biz xatirələrə boylanmaq istədiyimiz pəncərələrinə indi qara pərdələr asılıb.

Evlər var ki, qapısını aylarla, illərlə açan olmur. Hətta sahibinin də yadından çıxıb.

Evlər var ki, kimsə məşuqəsi ilə görüşmək üçün, ildə, ayda bir dəfə açır qapısını. Toz basmış mebellərdə, yumşaq qadın barmaqlarının ürkək izi qalır, sonra o izləri də toz basır.

Evlər var ki, sobasının üstündə hisli çaydan, yanında saralmış dəm çayniki, pərdələrini də his basıb – Kiminsə yolunu gözləyir...

Evlər var ki, qapı zəngi səbirsizliklə gözləyir çalınmasını, içərisində bir ana səksəkəylə o zəngin səsinə həsrətdir.

Evlər var ki, balkonunda bir bayraq dalğalanır qürurla.

Evlər var ki, balkondakı zivələrdə uşaq paltarları yellənir sevinclə...

Evlər var ki, illərdir heç kəs pərdəsini aralayıb, günəşi salamlamır.

***

Sahibinin unutduğu, sahibini unudan evlər var.

Hansı binanın, hansı mərtəbəsində yerləşdiyini unutduğunuz evlər, küçədəki evsizlərin haqqıdır bəlkə də.

Ən dəbdəbəli evdə, villada, sarayda belə əbədi həyat yaşamaq mümkün deyil.

Daxmalarda xoşbəxt yaşayanlar, saraylarda qəhr olanlar var.

Daxmalar da evdir, saraylar da...

Xoşbəxtlik hansının qapısını döyəcəyini özü seçir.

Amma sənin ünvanın yoxdursa, xoşbəxtlik hansı qapını döyəcək?

Bəlkə də, evimiz, ünvanımız, daimi yaşayış yerimiz olmadığı üçün xoşbəxtlik axtarıb tapa bilmir bizi...

Evimiz olsa, qapımızı döyərdi, mütləq.

Evimiz olsa, qonaq gələrdi xoşbəxtlik...

***

Ölkəmdəki evsizlərin sayı məlum deyin. On minlərlə, yüzminlərlədir, bəlkə də.

Kirayələrdə yaşayanların da sayı bəlli deyil.

Əminəm ki, mənimlə eyni taleyi yaşayan, minlərlə, on minlərlə insan var – xatirələri pərən-pərən, keçmişi perik düşmüş...

***

Ömrümün ən kədərli ayında səs-küylü prosepektdə, kirayə qaldığım evdə xatirələrə boylanıram.

Bilirəm ki, mənim kimi neçə-neçə insan öz xatirələrini yad qapısında buraxıb, köçüb bu dünyadan.

Salam da deyir ki;

Bir böyük ölüm ver, qoy bəsim olsun…

Çörək - daşdan çıxan nəfəsim olsun…

Hər evin xatirə lövhəsi olsun -

hər kəs mismarlansın öz divarına.

Eh şair... Bizim xatirə lövhəsi kimi mismarlanacaq divarımız da yoxdur...

174
Redaktorun iş masası, arxiv şəkli

İslahatlar dalğası mediamıza çatdı: bizi gözləyir?

12
(Yenilənib 09:44 16.01.2021)
"Cidanı çuvalda gizlətmək" mümkün olmadığı kimi, mediamızın inkişafından məsul olan, bir zamanlar Vüqar Səfərli kimi laqeyd, jurnalistikadan xəbərsiz bir məmurun rəhbərlik etdiyi AR Prezidenti yanında KİVDF-nin qanunsuz əməlləri də gizli qalmadı.

Nəhayət ki, media sahəsindəki boşluqlar dövlətin diqqətini çəkdi.

Şəxsən mən dəfələrlə bu mövzuda yazsam da, səsimi lazımı şəxslərə eşitdirə bilmirdim.

Çünki, səsimizi eşitməli və eşitdirməli olan kəslər, səsimizi batırmaq üçün çabalayırdılar.

Bəli, mediamızın “başbilənləri” problemdən, haqsızlıqdan, qanun pozuntularından danışan şəxsləri ciddiyə almırdı, imkan olduqca səsimizi batırırdılar.

Onlar ancaq öz ətraflarındakı şəxsləri dinləyir, onlara “ləbbeyk” deyənlərin yolunu açırdılar.

Mediamızın vəziyyəti barədə uzun-uzadı yazmağa ehtiyac görmürəm, aidiyyatı olan hər kəs, hər şeyi bilir.

İllərdir baş alıb gedən ədalətsizliklər, mənimsəmələr, korrupsiya və israf nəhayət ki, dövlətin diqqətini çəkdi.

“Cidanı çuvalda gizlətmək” mümkün olmadığı kimi, mediamızın inkişafından məsul olan, bir zamanlar Vüqar Səfərli kimi laqeyid, jurnalistikadan xəbərsiz bir məmurun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qanunsuz əməlləri də gizli qalmadı. İslahatlar dalğası mediamıza da gəlib çatdı.

***

Ölkə prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilib və onun bazası əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Mediamıza, jurnalistlərimizə, zəhmətkeşlərimizə xeyirli, uğurlu olsun.

Baş verəcək hadisələri qabaqlamaq istəməzdim, ancaq dünən efirlərin birində illərdir media sahəsində hər cür qanun pozuntusu, korrupsiya ilə məşğul olmuş “başbilənlərdən” birinin ölkə prezideninin yeni fərmanını şərh etdiyini görəndə dalağım sancdı.

Nədənsə mənə elə gəlir ki, rüşvətə, korrupsiyaya, KİVDF-nin maxinasiyalarına bulaşmış insanlar bu sahədən uzaqlaşmadıqca, mediamız rahat nəfəs ala bilməyəcək.

İllərdir mətbuatın nəfəsini kəsən bu adamların indi islahatları dəstəkləməsi, yeni yaranan quruma təsir imkanları, ağız dolusu ədalətdən danışması məni çox narahat edir.

***

Düşünürəm ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna ediləcək dəyişikliklər ictimaiyyətin geniş müzakirəsinə çıxarılmalıdır.

Bu günə qədər edilən dəyişikliklər qənaətbəxş olmadığı üçün, bundan sonrakı proseslərdə ictimai fikir nəzərə alınmalıdır.

İndi diqqət daha çox KİV-nin qeydiyyatı məsələsinə çəkilir, jurnalistikaya aidiyyatı olmayan şəxslərin bu sahədə olmasından narahatlıq bildirir. Halbuki, mətbuatımızın yüzlərlə həll olunması vacib, aktual problemləri var.

Sosial şəbəkələrin, vətəndaş jurnalistikasının, blogerliyin geniş yayıldığı cəmiyyətdə, medianın inkişaf perispektivləri müasir texnologiyalardan kənarda müzakirə olunmamalıdır.

Qanunvericilikdə ediləcək dəyişikliklər medianın reklam bazarının formalaşmasına geniş dəstəyi də nəzərdə tutulmalı, mətbuata mümkün azadlıqlar verilməlidir.

Heç bir funksionallığı olmayan qəzetlərə dövlətin maddi dəstəyi dayandırılmalıdır.

Azad fikrə, azad sözə şərait yaradılmalı, ölkədə ciddi, dövlətçilik maraqlarını düşünən müxalif mətbuatın formalaşmasına imkan verilməlidir.

Şəxsən mən media sahəsindəki islahatların müsbət nəticələrini tezliklə görmək istəyirəm.

12
Xəzər, arxiv şəkli

Dəniz şəhəri olsaq da, bir azdan havanı Kanadadan almalı olacağıq

40
Bakının girişində xəzriyə bir heykəl quraşdırmaq da yerinə düşərdi, çünki bizim eləmədiyimizi bu xeyirli külək edir

Uzunömürlü insanların çoxu adətən dağ rayonu, ya da təmiz havası olan dəniz kənarında yaşayır. Oksigeni bol olan istənilən məkanda xəstələnmək şansı da azdır. Təmiz, yodlu-bromlu dəniz havası insanın uzun müddət sağlam yaşamasına zəmin ola bilər.

Şəhər havasının korlanmasına yüzlərlə amil təsir edir

Böyük şəhərlərdə sinə dolusu nəfəs almaq artıq çoxdan müşkülə çevrilib. Əgər burada artıq 1 milyondan artıq insan yaşayırsa, deməli, istəsən də, istəməsən də, təmiz hava qıtlaşır. Özü də müasir meqapolislərin bir çoxunda insan sayı on milyonlarla ölçülür. Şəhər havasının korlanmasına isə yüzlərlə amil təsir edir.

Milyonlarla bir yerə toplanan insanın nəfəs alması, şəhərlərdə saxlanılan ev heyvanları, insan fəaliyyəti nəticəsində yaranan zibil, sənaye müəssisələri, ziyanlı istehsalat, aviasiya, ictimai və gəmi nəqliyyatı, nəhayət şəxsi avtomobillər sakinlərin həyatını dözülməz edir. Şəhər insanı isə daim özünə rahat şərait yaratmağa çalışır. Tez-tez evini təmir edir, hələ dünən bəh-bəhlə dükandan aldığı əşyanı bu gün zibilə atır, çox yeyir, gəzir, idmanla məşğul olur, avtomobili, kompüteri və smartfonu daha dəblisi ilə əvəzləyir. Hər bir əməliyyat bu və ya digər formada şəhərin havasını çirkləndirir.

London, Nyu-York, İstanbul, Moskva, Pekin, Tokio, Seul kimi meqapolislərdə təmiz hava problemi çoxdan mövcuddur. Oksigen balonlarını Yaponiyada 2006-cı ildən satırlar. Nisbətən təmiz havası olan ölkələr artıq bu “məhsul”u satmaqla gəlir əldə edirlər. Əhalisi az, havası isə zəngin olan Kanada neçə müddətdir Çinə dağ havası yollayır. Eynilə dağ havasını dünya bazarında satan İsveçrə şirkəti də var. Pekin həm də dünyanın ən çirkli şəhərlərindən sayılır. Bəzi tədqiqatçılar Pekində nəfəs almağı gündə 40 siqaret çəkməklə bir tuturlar. Kanada havası Çində olduqca yaxşı satılır. 

Hava yoxdursa, deməli, həyat yoxdur

Hər bir şəhər, hər bir dövlət havanın çirklənməsi ilə bacardığı qədər mübarizə aparır. Deyək, 100-150 il öncə Londonda evlər daş kömürlə qızdırılırdı. Bu prosesdə yaranan tullantılar Böyük Britaniyanın paytaxtını dünyanın ən çirkli şəhərinə çevirmişdi. Nə nəfəs almaq olurdu, nə də normal yaşamaq. Təbii qaz peyda olduqdan sonra London meriyası daş kömürlə evləri qızdırmağı qadağan edir və şəhərin havası xeyli təmizlənir. Hazırda London daha bir problemlə üz-üzədir: əhalisi 10 milyona yaxınlaşan şəhərdə rahat nəfəs almağa ərazi qalmayıb. İnsanlar və avtomobillər paytaxtın havasını dəhşətli dərəcədə çirkləndirir. İndi də daha sərt qaydalar tətbiq edilməyə başlanılıb. Londonun mərkəzinə keçid pulludur, maşın saxlamaq da əlavə pul tələb edir. Yaxın illərdə şəhərdə duru yanacaqla işləyən avtomobillərin tam olaraq hidrogen yanacağına keçəcəyi, elektromobillərin geniş yayılacağı gözlənilir.

Sərt qaydalar tək Londonda deyil, həm də Avropanın bir çox ölkəsində tətbiq edilib. Yaxın gələcəkdə benzinlə işləyən avtomobillərin tam olaraq ekoloji təmiz yanacaqla çalışan nəqliyyat vasitələri ilə əvəzlənməsi bütün böyük şəhərlərin rəhbərliyi üçün prioritet məsələdir. Hava yoxdursa, deməli həyat yoxdur.

Oslonun daxilində bircə dənə sənaye müəssisəsi qalmayıb

Məsələn, Norveçin paytaxtı Oslo 2019-cu ildə Avropanın ən yaşıl və təmiz şəhəri elən edilib. Bu şəhərdə zibil ən azı 4 növə bölünərək şəhərin kənarında yerləşdirilən zibil zavoduna göndərilir. Zibil çox dəqiqliklə emal edilir, yəni cəmi 3 faiz qalıq qalır. Hətta qonşu Danimarka və İsveç öz zibilini də Norveçə təhvil verir. Norveçdə hətta kanalizasiyada yaranan istilikdən evləri qızdırmaq üçün istifadə edirlər. Oslonun daxilində bircə belə sənaye müəssisəsi qalmayıb. Hamısı şəhər kənarına çıxarılıb.

Şəhərin hər yerində piyadalar və velosipedçilər üçün yollar çəkilib. Avtomobil yolları isə şəhəraltı tunellərə köçürülüb.  Oslo əhalisinin yarısı elektromobillərdə hərəkət edir, günəş paneli ilə yüklənən elektrik velosipedi də çox populyardır. Tramvay, gəmi və digər nəqliyyat növlərində də elektrik enerjisindən istifadə edilir. Su elektrik stansiyaları da kifayət qədər enerji verə bilir. 1 litr benzin 3 manatadır deyə oslolular kütləvi olaraq benzinlə işləyən avtomobillərdən imtina edirlər. Elektromobillər üçün hər yerdə doldurma məntəqələri quraşdırılıb. Burada akkumulyatoru doldurmaq havayıdır. Havanı çirkləndirən avtomobillərin şəhər mərkəzinə daxil olması pulludur. Bu qayda həm də parklama yerlərinə də aid edilir.

Müasir şəhərin rəhbərliyi mümkün vasitələrlə havanın çirklənməsinin qarşısını almağa yönəlmiş tədbirlərə əl atmalıdır, yoxsa yaşayış mümkün olmayacaq.  Şəhərin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, demək olar, bütün meqapolislərdə reallaşdırılır. Yaponlar hətta göydələnlərin dam örtüyünü yaşıllıqla tamamlayırlar. Hər eyvanda mütləq ev bitkilərinin olduğunu müşahidə etmək olar. Yaşıllıq varsa, deməli oksigen çatışmazlığının az da olsa, qarşısını almaq olacaq.

Avtomobilin salonundan benzin iyi gəlir? Gəlsin də...

Bakı əhalisi də təmiz hava qıtlığından əziyyət çəkir. Dəniz şəhəri olsaq da, yodlu-bromlu havanı duya bilmirik, çünki Azərbaycanda mövcud olan avtomobillərin yarısı paytaxta cəmlənib. 4 milyonluq əhaliyə bəlkə də 1 milyon maşın düşür. 40 il öncənin Bakısında tək-tük maşın səsi eşidilirdi. Hava təmiz, insan sayı isə 4 dəfə az idi. Hazırda maşının nə səsi kəsilir, nə də havaya atılan zəhərli qazın sonu bilinir. Bizim avtomobil parkımız yalnız benzin və dizellə işləyən nəqliyyat vasitələrindən ibarətdir. Avtobusların bir çoxu elə işə düşərkən atmosferə qara tüstü buraxır, hamılıqla boğuluruq.

Ölkədə köhnə avtomobillərin utilizə edilmə proseduru yoxdur, yəni avtomobil ölənəcən işləyir. Sərt ekoloji qaydalar tətbiq edilmədiyindən avtomobilin texniki vəziyyəti sürücünü narahat etmir bir növ. Maşının arxa borusundan qara tüstü çıxır? Nə olsun? Çıxır, çıxsın da. Avtomobilin salonundan benzin iyi gəlir? Gəlsin də, nə olacaq ki?! Belə vəziyyətdə olan maşınla sərnişin daşıyan da az deyil. Soruşanda da, deyir, düzəldərəm, kasıblığın üzü qara olsun və sair. Avtobusun və ya avtomobilin köhnə olması əsas deyil, gərək yiyəsi bu nəqliyyat vasitəsinə qulluq eləsin, vaxtı-vaxtında yararsız detalları dəyişsin. Onu da etmək istəmirik.

Bakı yaşamaq üçün yararsız olan bir şəhərə çevrilməkdədir

Qanuna görə, hər bir nəqliyyat vasitəsi ildə bir dəfə texniki baxışdan keçməlidir. Məntiqlə paytaxtdakı avtomobillərin bir hissəsi elə bu mərhələdə kənarlaşdırılmalıdır. Amma proses formal olaraq reallaşır, apar pulunu ödə, texniki baxış barədə sənədi al. Nəticədə Bakı yaşamaq üçün yararsız olan bir şəhərə çevrilməkdədir, hava yox, xəstəlik də baş alıb gedir. Nəqliyyata texniki baxış məsələsində daha sərt qaydaların tətbiq edilməsinə su-hava kimi ehtiyac var. Köhnə avtomobil və avtobuslardan çoxdan yaxa qurtarmaq lazımdır, ən azı nəqliyyat vasitəsi sahiblərini  buna məcbur etməklə. Köhnədir, apar təhvil ver, puluna al ya da yeni avtomobil üçün sertifikat əldə et. Köhnəlmiş maşınları utilizə etmək, yığmaq zamanı çatıb. Ya da ən azı maşın sahibi öz avtomobilinə qulluq etməlidir. Niyə yol hərəkət qaydasını pozan sürücüyə cərimə yazılır, amma borusundan tüstü çıxan avtomobili görən yoxdur? Bəyəm, bu insan həyatı üçün təhlükəli deyil? Təmiz hava heç kimi maraqlandırmır?

Təmiz havaya görə xəzri küləyinə borcluyuq

Bakını ekoloji təmiz şəhərə çevirmək üçün bir çox layihə var. Məsələn, tramvay nəqliyyatının yenidən bərpası, metronun genişləndirilməsi, velosiped yollarının inşası, yeni növ elektrik qatarı şəbəkəsinin uzadılması məsələləri ara-sıra gündəmə gəlir, amma bu planlar daha çox kağızda reallaşır. Praktik işlər çox gecikir. Bircə çoxlu ağac əkilir paytaxtda, tez-tez aksiyalar keçirilir, yeni-yeni sahələrdə kiçik meşələr yaradılır. Özü də bu işdə demək olar hər bir dövlət qurumu iştirak edir, hətta könüllü olaraq ağac əkmək olduqca şərəfli iş sayılır. Yenə də şəhərin havası təmizlənir bir növ.

Ümumilikdə təmiz havaya görə Xəzər dənizindən əsən xəzri küləyinə borcluyuq desək, yanılmarıq. Dənizdən əsən sərin şimal küləyi şəhərin tozunu-tüstüsünü sistematik olaraq aparır, havanı təmizləyir. Xilas edir bizi havasızlıqdan. Bakının girişində xəzriyə bir heykəl quraşdırmaq da yerinə düşərdi, çünki bizim eləmədiyimizi bu xeyirli külək edir.

Amma şəhər də dayanmadan artır, yeni binalar ucaldılır, prospektlər salınır, yollar tikilir, xaricdən də yeni avtomobillər gətirilir, özü də benzinlə işləyən. Belə getsə, nə xəzri, nə gilavar kömək etməyəcək bizə, havanı Kanada, ya da İsveçrədən pulla alacağıq.

40
Teqlər:
hava, Bakı, ekologiya
Skamyada yatan adam, arxiv şəkli

Kiminin əvvəli, kiminin axırı - Məşhur model küçələrdə yaşayır

0
(Yenilənib 10:26 16.01.2021)
Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır

BAKI, 16 yanvar — Sputnik. Bir vaxtların məşhur modeli Loni Uillison hazırda küçədə yaşayır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan model ötən gün zibil qutularını qarışdırarkən jurnalistlərin obyektivlərinə tuş gəlib.

​Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır.

 

0