Parisə mənzərə, arxiv şəkli

Təəccüblənmək lazım deyil, Fransa əcdadlarının yolundadır

157
(Yenilənib 07:55 19.11.2020)
Hüqonun, Russonun, Didronun həmvətənləri xristian təəssübkeşliyi ilə, ədaləti, beynəlxalq hüququ, insan haqlarını ikinci plana atdılar.

İkinci Qarabağ Müharibəsi ərəfəsində bizi kürəyimizdən bıçaqlayan dövlətlərdən biri də Fransa idi.

İşğalçı Ermənistanın yanında yer alan Fransa, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün döyüşdüyünü düzgün qiymətləndirə bilmədi.

Mədəni, modern hesab etdiyimiz fransızlar, işğlçının tərəfində idi, bu gün də onları dəstəkəyir.

Hüqonun, Russonun, Didronun həmvətənləri xristian təəssübkeşliyi ilə, ədaləti, beynəlxalq hüququ, insan haqlarını ikinci plana atdılar.

Xalq olaraq Fransaya qəzəbləndik, Makronu qınadıq.

Makron isə Paşinyana vədlər verdi, onu dəstəklədiyini bildirdi...

Ancaq, tarixlə maraqlananlar çox gözəl bilir ki, fransızlar dünya mədəniyyətinə böyük töhfələr versə də tarixin ən qəddar işğalçı xalqlarından biridir.

Bəlkə də bu səbəbdən Fransa prezidenti Makron, işğalçı Ermənistanı dəstəkləyir, işğalçı əcdadlarının yolunu davam etdirir.

Tarixin ən qanlı səhifələrindən birini Fransa yazıb: Ruanda qətliamı.

***

Ruanda Respublikası Afrika qitəsinin mərkəzində yerləşir. Ölkə gah almanların, gah da belçikalıların nəzarətində olub. Belçika nəzarətində olduğu illərdə avropalılar idarəetməni əldə saxlamaq üçün Ruanda əhalisinin cəmi 9%-ini təşkil edən Tutsi tayfasına dəstək verir və Hutular azsaylı tutsilər tərəfindən əzilir, sıxışdırılır və təzyiqlərlə üzləşir. Bölgəni əldə saxlamaq üçün xalqlar arasında nifaq toxumu səpilir. 1962-ci ildə Ruanda müstəqillik qazansa da, artıq Hutular və Tutsilər arasında narazılıq, nifaq dərinləşmişdi. Azsaylı tutsilərin hakimiyyəti ruandalıların 90%-ni təşkil edən hutularda qıcıq yaradırdı.

***

Seçkilərdə hakimiyyəti əldə edən Hutu Azadlıq Hərəkatı dərhal tutsilərə qarşı düşmənçiliyə başlayır. Yüzminlərlə tutsi öldürülür, 160 min nəfərə yaxın tutsi isə Tanzaniya və Uqandaya sığınır. 1964-1974-cü illərdə "pagrom" adı verilən hadisələrdə yüzminlərlə ruandalı öldürüldü, vətənindən didərgin düşdü. Birləşmiş Millətlər Təşkilatı isə baş verən hadisələri riyakarcasına izləyərək, müşahidəçi mövqe tutdu. 1973-cü ildə PARMEHUTU (Hutu Azadlıq Hərəkatı) devrilsə də, hakimiyyət yenə hutuların əlində idi. 80-ci illərdə qonşu ölkələrə sığınan tutsilərin sayı yarım milyonu keçmişdi. Beləliklə, tutsular vətənlərinə geri qayıtmaq üçün siyasi mücadilə başlayır. Siyasi mücadilənin nəticəsizliyi 1990-1992-ci illər arasındakı vətəndaş müharibəsinə səbəb olur. Sülh sazişi bağlansa da, siyasi gərginlik davam edirdi.

***

Artıq dünyanın supergücünə çevrilən Amerika bütün hadisələr zamanı sadəcə müşahidəçi mövqeyində idi. Birləşmiş Millətlər Təşkilatı isə sadəcə ikiüzlü siyasət yürüdərək, baş verənlərə göz yummağa davam edir. Ruanda baş nazirinin təyyarəsinin vurulması və BMT-nin 10 sülhməramlısının öldürülməsi ilə soyqırım rəsmən başlayır. Silah almağa imkanı olmayan Hutu hökuməti Çindən yüzminərlə çapacaq sifariş verir və "Interahamve" adlı Hutu ekstremistlərini silahlandırır. 6 aprel 1994-cü ildə dövlət radiosu Hutulara "böcək"ləri öldürmək üçün çağırış edir və əvvəlcədən yerləri müəyyənləşdirilən tutsilərin qətliamı başlayır.

***

30 ildir Qarabağ probleminin həlli üçün real addım atmayan BMT isə 10 nəfər sülhməramlının öldürülməsini bəhanə edərək bölgədəki sülhməramlıları geri çağırır. Ruandadakı avropalıları ərazidən uzaqlaşdıraraq qətliama seyrci olub, müdaxilə etmir. BMT-nin iclaslarında ABŞ və Fransa bölgədə baş verənlərin soyqırım olduğunu rədd edir, bütün sənədlərdən soyqırım sözünü çıxarmağa çalışır. 12 yanvar 1998-ci ildə Fransanın o zamankı prezidenti Mitteran "Le Fiqaro" qəzetinə müsahibəsində deyir: "O ölkələrdə soyqırımın baş verməsi o qədər də önəmli bir şey deyil".

***

Fransa imperialist ruhunu qoruyan, beynəlxalq hüquqlara arxa çevirən bir ölkədir. Fransızların Əlcazirdə, Osmanlı torpaqlarında törətdiyi cinayətləri, qətliam və soyıqırımları tarix unutmayıb.

Bu gün Ermənistanı açıq-aşkar dəstəkləyən Makron işğalçı əcdadlarının yoluyla gedir.

Çox təəssüf ki, Balzak, Düma, Hüqo yetirən xalq, Mitteran, Makron kimi siyasətçilər də yetirib...

157
Teqlər:
Nikol Paşinyan, fransız, qətliam, Qarabağ münaqişəsi, Emmanuel Makron, Fransa
Bankada manat, arxiv şəkli

Uğurlu sahibkarın arsenalı: xırda pul, POS terminal, şirin söz, gülərüz ifadə

34
(Yenilənib 22:32 02.12.2020)
Bəzi ziyanlı adətlər də pul qıtlığına səbəb olur. Məsələn, insanlarda daxıla xırda pul toplamaq ənənəsi var.

Sizdə 50 manata xırda olmaz? Bəlkə iyirmiliyə xırda tapılar? Bu kimi ifadələri tez-tez mağaza və müxtəlif ticarət mərkəzlərində eşidirik. Bəzən elə ofis daxilində də kimsə bir əsginasla gəzib xırda axtarır. Xırda pul tapılmır ki, tapılmır.

Kiçik məhəllə dükanlarında xırda pul daima tapılmır

Pulu xırdalamaq problemi həm taksidə, həm aptekdə, həm də bazarda hiss olunur. Bazarda bəzən elə də böyük olmayan pulu bu ona ötürür, o da buna. Güc-bəla ilə xırdalayırlar. 5, 10, 20 manatı rahat xırdalamağın yolu hələ də kart sisteminə keçməyən marşrutda olur. Burada xırda nə qədər desən var, hətta bəzən xırda puldan bezib bir ovuc qəpiyi benzindoldurma məntəqəsinə təhvil verirlər.

Kiçik məhəllə dükanlarında isə xırda pul daima tapılmır. Gündəlik alver böyük deyil deyə 50 və ya 100 manatı burada xırdalamaq mümkünsüzdür. Hətta dükandan nəsə alanda belə gərək yanında xırda pulun ola, yoxsa alver baş tutmayacaq. Bir sıra iri satış şəbəkəsində pul xırdalamağa icazə yoxdur, nəsə mütləq almalısan. Kiçik də olsa, bir mal alsan, bir söz demədən qalığı verəcəklər, amma almalısan. Bunu, əslində, uğurlu marketinq gedişi saymaq olar. Dükan və ya şəbəkə pul xırdalamaq yeri deyil, bura alış-veriş məntəqəsidir. Alver elə, pulunu xırdalayaq.

Xırda pul məsələsi çox zaman sahibkarın səriştəsizliyinə bağlıdır

Pulu problemsiz yalnız banklarda fəaliyyət göstərən valyuta məntəqəsi və ya kassada xırdalamaq olar. Müraciət etdikdə, xırdalayırlar da. Amma pul xırdalamaq bankın işi deyil əsla. Yəni, göstərilən xidmət siyahısında pul xırdalamaq öhdəliyi də yoxdur. Sadəcə pulla işləyən təşkilat olduğuna görə hər bir bank pulu xırdalamalıdır bir növ. Bəzən xırdası da olmaya bilər. Bank özü pul çap eləmir, gərək kassaya pul gələ ki, müştəriyə bu xidməti göstərmək mümkün olsun. İri supermarket və ya ticarət şəbəkəsi xırda pulu əldə etmək üçün hesabı olduğu bankdan onu əvvəlcədən sifariş verməlidir. Marketlər hətta əlində xeyli xırda pulu, qəpiyi olan vətəndaşdan da qəbul edib onu iri əsginasla əvəzləyirlər. Mümkün olan kanallarla alış-verişin bir an belə dayanmasına yol verməmək üçün xırda pulu toplayırlar.

100 və 200 manat dəyərində olan iri əsginaslar adətən marketdə ayrıca yığılır. Hərdən digər əməkdaşlar isə ara-sıra xırda pulu kassaya təhvil verirlər. Xırda pul olmasa, kassada toplaşan müştərilərin çox uzun növbəsi yaranar. Kiçik dükanda, elə də böyük dövriyyəsi olmayan marketlərdə də xırda pul məsələsi çox zaman sahibkarın səriştəsizliyinə bağlıdır. Bir çox satıcı deyir, mən nə edə bilərəm, dükanın yiyəsi axşam gəlib pulu kassadan götürərək onu sıfırlayab. Səhər alverinə xırda pul yoxdur. Hər gün əlində pulla ora-bura qaçaraq onu xırdalamağa çalışan satıcının üzləşdiyi çətinliyi müşahidə edirik.

"Bura pul xırdalamaq yeri deyil"

Kiçik biznesi olan sahibkar obyektdə xırda pul saxlamaq istəmir, yəqin satıcıya etibar eləmir bəlkə də. Amma biznes daim gərginliklə işləyir. Satıcı da bir gün ora-bura qaçır, iki gün, sonra biganələşir. İri əsginası görən kimi deyir, xırda yoxdur, vəssalam. Satıcının çoxu olduqca kiçik maaşa işləyir, bu heç kim üçün sirr deyil. Belə olan halda sahibkar öz biznesini düşünmürsə, satıcı niyə onun yerinə düşünməlidir? 300 manat maaşa satıcı həm mal satmalı, həm pul xırdalamalı, həm kamera yerinə nəzarətçi olmalıdır, çünki hər oğurlanan mala görə də cavabdehdir. Dükanı qoyub getdisə, həmin məqamda guya alverə gələn müştəri bəzən əlinə keçəni atır çantasına. Həm pulunu xırdalayır, həm də oğurluq edir.

Kiçik obyekt yiyəsinin bir çoxu elə köhnə qayda ilə alver edir. Amma dünya dəyişib, indi insanları bəyənmədiyi nəyisə almağa məcbur etmək çox çətin olub. Bu dükan olmasın, o birisi olsun. Gedib istədiyini başqa yerdən alacaq, daha 20 və ya 50 manatı xırdalamaq kimi problemi düşünməyəcək. Digər dükanda xidmət yaxşı olsa, deməli alveri də gedəcək. Dükan var, kiçik alver edirsən, bəzən "bura pul xırdalamaq yeri deyil" kimi acıqlı ifadələrlə qarşılaşırsan. "2 manatlıq alver edib 100 manat verirsənsə, deməli amalın saf deyil" kimi düşünən sahibkarın sayı bir deyil, iki deyil. Onların dükanı bağlanacaq bir gün.

Nəinki qəpik, hətta 1 və 5 manatı da toplayan az deyil

Xırda pul probleminin yaranmasının başqa səbəbləri də var. Ölkədəki pul dövriyyəsində xırda pul çatışmır, bu həqiqətdir. Hələ uzun illər öncə, metal pul formasında 1 və 5 manatlıq pulların buraxılması təklif edilmişdi. Bu siyahıya hətta yeni 2 manatlıq metal pulların da buraxılmasını əlavə etmək olar. Metal pullar kağıza nisbətən daha çox xidmət edir, orta hesabla 25-30 il işə yarayırlar. Dövriyyəyə daha çox xırda pul buraxmaq lazımdır. Bəzi ziyanlı adətlər də pul qıtlığına səbəb olur. Məsələn, insanlarda daxıla xırda pul toplamaq ənənəsi var. Nəinki qəpik, hətta 1 və 5 manatı da toplayan az deyil. Nəticədə məhz ehtiyac duyulan pullar tapılmır.

Son on ildə onlayn vasitələrin artması, elektron və nağdsız hesablaşma imkanlarının mövcudluğu bir sıra hallarda kağız və metal pula olan tələbatı xeyli azaldıb. Nəqliyyatın çox hissəsi kartla ödənişə keçib, bank kartı ilə kommunal xərclərin bir çoxunu internetdən ödəmək olar. Mobil əlaqə üçün pul yükləmək, bank kreditini və üstünə yazılan cəriməni məsafədən ödəmək olar. Elektron ticarət isə yalnız internetdən ödənilir, nağd yolla ödəmək mümkün deyil.

Onlayn ödəmə imkanları asanlaşdıqca, xırda pul problemi aradan qalxa bilər

Nağdsız ödəmə imkanlarını artırmaq üçün hazırda bir neçə layihə də reallaşır. Məsələn, Şamaxının bəzi avtobus xətlərində artıq ödəməni bank kartı və ya mobil qurğunun köməyi ilə reallaşdırmaq olar. Bu, yaxşı təşəbbüsdür. Nəqliyyat kart sisteminə keçsə də, bunu tam mənada onlayn sistem saymaq olmur. Çünki mövcud olan kartlara da pulu gərək nağd yolla aparatdan yükləyəsən. Bakı Nəqliyyat Agentliyi artıq neçə ildir bu kartlara məbləğin internetdən yüklənə bilməsi üçün xüsusi imkanların yaradılacağı barədə açıqlamalar versə də, sistem hələ də yaradılmayıb. Pul yükləmək üçün nəqliyyat bankomatların önündə yaranan növbələr insanları narahat etməkdədir.

Ölkədə işıq və qaz sayğaclarının yenilənməsi prosesi davam edir. Yeni tip sayğac tam olaraq internetə inteqrasiya edilib deyə daha harasa getməyə ehtiyac yoxdur, hər bir ödəmə elə internetdən olacaq. Azərbaycan Dəmir Yollarında da bəzi yeniliklərin olacağı gözlənilir. Bank kartları ilə birbaşa ödəniş etməklə hazırda Bakı və Abşeronda hərəkət edəcək elektrik qatarlarında hərəkət etmək mümkün olacaq.

Onlayn ödəmə imkanları asanlaşdıqca, ticarət şəbəkəsində hər gün rastlaşdığımız xırda pul problemi də tədricən aradan qalxa bilər. Xırdalama prosesində təkcə pulun özü yox, həm də əsginasın keyfiyyəti də münaqişə probleminə çevrilə bilər. Cırıq, əzik, üzülmüş pulları nə bu tərəf, nə də o tərəf götürmək istəmir.

Müasir texnologiyalar həyatımızda yaranan bir çox kiçik, psixoloji problemləri aradan qaldırmağa ciddi kömək edə bilər. Amma hər bir çətinliyin aradan qalxması birbaşa insan amilinə bağlıdır. Bazarda qalıb işləmək istəyən sahibkarın həm xırda pulu, həm də normal işləyən POS terminalı olmalıdır. Ehtiyatda şirin sözü, üzündə isə gülərüz ifadəsi də işə yarayar. Hər bir müştəri qızıl kimi qiymətlidir.

34
Teqlər:
gündəlik, alver, alıcı, market, 10 manat, xırda pul
Pəncərə yaxınlığında kişi, arxiv şəkli

İcazə verin, evinizin pəncərəsindən keçmişimə boylanım...

136
(Yenilənib 22:16 30.11.2020)
Bəlkə də, evimiz, ünvanımız, daimi yaşayış yerimiz olmadığı üçün xoşbəxtlik axtarıb tapa bilmir bizi... Evimiz olsa, qapımızı döyərdi, mütləq.

Kirayədə qaldığım evlər tez-tez yuxuma girir. Divarları, mebelləri, qapı-pəncərələri, xatirələri ilə birgə...

Ən çox oğlumun ayaq açıb gəzdiyi, dil açıb ilk dəfə "ata" dediyi, Gəncədəki kirayə evi xatırlayıram.

Dörd otaq, bir mətbəx, oğlumun kövrək addımlarını atdığı iki addım eni, üç addım uzunu olan darısqal həyət girir yuxularıma.

Gəncədə xəsarət alan uşaq, arxiv şəkli
© Sputnik / Mihail Voskresenskiy

Universitetdən tələsə-tələsə gəlib, həyətdə qollarını açıb məni gözləyən oğlumla qarşılaşdığım o evi, üstündən on ildən çox keçsə də, unuda bilmirəm.

Hərdən, Bakıya köçəndən sonra kirayə qaldığım evləri də xatırlayıram. Darısqal mənzillər, hər dəfə xırda bir probleminə görə narahatlıq keçirdiyim başqasına məxsus evlər.

Hər kitabımı kirayə qaldığım evlərin birində yazmışam.

Acılı-şirinli xatirələrim səpələnib müxtəlif ünvanlara. Yaşadığım gözəl anları xatırlamaq istəsəm, hökmən kiminsə qapısını döyməliyəm.

"İcazə verin, evinizin pəncərəsindən keçmişimə boylanım..."

Adamı qapıdan qovarlar bu xahişə görə...

***

Evlər var ki, sadəcə evdir – xatirəsiz, keçmişsiz.

Evlər var ki, biz xatirələrə boylanmaq istədiyimiz pəncərələrinə indi qara pərdələr asılıb.

Evlər var ki, qapısını aylarla, illərlə açan olmur. Hətta sahibinin də yadından çıxıb.

Evlər var ki, kimsə məşuqəsi ilə görüşmək üçün, ildə, ayda bir dəfə açır qapısını. Toz basmış mebellərdə, yumşaq qadın barmaqlarının ürkək izi qalır, sonra o izləri də toz basır.

Evlər var ki, sobasının üstündə hisli çaydan, yanında saralmış dəm çayniki, pərdələrini də his basıb – Kiminsə yolunu gözləyir...

Evlər var ki, qapı zəngi səbirsizliklə gözləyir çalınmasını, içərisində bir ana səksəkəylə o zəngin səsinə həsrətdir.

Evlər var ki, balkonunda bir bayraq dalğalanır qürurla.

Evlər var ki, balkondakı zivələrdə uşaq paltarları yellənir sevinclə...

Evlər var ki, illərdir heç kəs pərdəsini aralayıb, günəşi salamlamır.

***

Sahibinin unutduğu, sahibini unudan evlər var.

Hansı binanın, hansı mərtəbəsində yerləşdiyini unutduğunuz evlər, küçədəki evsizlərin haqqıdır bəlkə də.

Ən dəbdəbəli evdə, villada, sarayda belə əbədi həyat yaşamaq mümkün deyil.

Daxmalarda xoşbəxt yaşayanlar, saraylarda qəhr olanlar var.

Daxmalar da evdir, saraylar da...

Xoşbəxtlik hansının qapısını döyəcəyini özü seçir.

Amma sənin ünvanın yoxdursa, xoşbəxtlik hansı qapını döyəcək?

Bəlkə də, evimiz, ünvanımız, daimi yaşayış yerimiz olmadığı üçün xoşbəxtlik axtarıb tapa bilmir bizi...

Evimiz olsa, qapımızı döyərdi, mütləq.

Evimiz olsa, qonaq gələrdi xoşbəxtlik...

***

Ölkəmdəki evsizlərin sayı məlum deyin. On minlərlə, yüzminlərlədir, bəlkə də.

Kirayələrdə yaşayanların da sayı bəlli deyil.

Əminəm ki, mənimlə eyni taleyi yaşayan, minlərlə, on minlərlə insan var – xatirələri pərən-pərən, keçmişi perik düşmüş...

***

Ömrümün ən kədərli ayında səs-küylü prosepektdə, kirayə qaldığım evdə xatirələrə boylanıram.

Bilirəm ki, mənim kimi neçə-neçə insan öz xatirələrini yad qapısında buraxıb, köçüb bu dünyadan.

Salam da deyir ki;

Bir böyük ölüm ver, qoy bəsim olsun…

Çörək - daşdan çıxan nəfəsim olsun…

Hər evin xatirə lövhəsi olsun -

hər kəs mismarlansın öz divarına.

Eh şair... Bizim xatirə lövhəsi kimi mismarlanacaq divarımız da yoxdur...

136
Tədqiqat, arxiv şəkli

Yapon alimlər indiyədək heç kəsin görə bilmədiyini gördülər

0
(Yenilənib 01:52 04.12.2020)
Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

BAKI, 4 noyabr - Sputnik. Yapon alimlər əvvəllər müşahidə edilə bilməyən zərrəciklərin vizualizasiya metodunu aşkarlayıblar. Müəlliflərin fikrincə, bu, günəş batareyaları və işıq diodlardan tutmuş smartfon və lazerlərədək gələcək yüksək texnologiyalı qurğuların hazırlanmasında gərəkli olan ikiölçülü yarımkeçiricilərin öyrənilməsində inqilaba bərabər kəşfdir.

Sputnik Azərbaycan bildirir ki, araşdırmanın nəticələri Science jurnalında dərc olunub.

Eksitonlar - bir çox müasir texnologiyanın əsas tərkibi olan yarımkeçiricilərdə maddənin həyəcan vəziyyətini əks etdirən kvazi hissəciklərdir. İşıq elektronlara təsir edib onları daha yüksək enerji halına qaldıran zaman eksitonlar yaranır, bu zaman elektronların əvvəl olduğu enerji səviyyəsində isə dəlik əmələ gəlir.

"Dəlik - elektronun olmaması deməkdir, ona görə də onlar elektronun əksi olan yükü daşıyırlar. Əks yüklər bir-birini cəzb edir, həm elektronlar, həm də dəliklər birləşərək eksitonları əmələ gətirir, bunlar isə öz növbəsində material daxilində hərəkət edir", - Okinava Elm və Texnologiya İnstitutunun professoru, femtosaniyə spektroskopiya bölməsinin rəhbəri Keşav Dani yazır.

İri yarımkeçiricilərdə eksitonlar əmələ gəldikdən sonra saniyənin milyardda bir kəsikləri ərzində sönür. Üstəlik, onlar "kövrək" də ola bilir, bu isə həm öyrənilməsini, həm də idarəolunmasını çətinləşdirir. Ancaq təxminən on il əvvəl alimlər ikiölçülü yarımkeçiriciləri kəşf etdilər ki, bunlarda eksitonlar daha dayanıqlıdır.

"Stabil eksitonlar bu materiallara, doğrudan da unikal xüsusiyyət bəxş edir, buna görə də eksiton əsaslı yeni optik-elektron qurğuların yaradılması üçün xeyli araşdırma aparılıb, - digər müəllif, femtosaniyə spektroskopiya bölməsinin əməkdaşı doktor Jülyen Madeo qeyd edir. - Ancaq hazırda eksitonların ölçülməsi üçün standart eksperimental texnika məhduddur".

Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

Qara eksitonlarda elektronların impulsu parlaq eksitonlardakı elektronların impulsundan və əlaqədə olduqları dəliklərin hərəkət anından fərqlənir, bu isə onlara işığı udmağa imkan vermir.

"Bilirdik ki, onlar var, amma birbaşa görə, tədqiq edə bilmədiyimizdən materialın optik-elektron xüsusiyyətlərinə nə dərəcədə təsir etdiyini bilmirdik", - Madeo bildirib. 

Qara eksitonları vizuallaşdırmaq üçün alimlər əvvəllər əlaqəsiz elektronları öyrənmək üçün istifadə etdikləri güclü texnikanı modifikasiya ediblər.

"Tərkibi zərrəciklər olan eksitonlarda bu metodların necə işə yarayacağı aydın deyildi. Bu yanaşmanın əsaslı olub-olmadığı barədə elmi cəmiyyət böyük nəzəriyyə müzakirəsi açdı", - professor Dani qeyd edib.

Müəlliflər təxmin ediblər ki, yüksək enerjiyə malik fotonlu işıq seli ilə yarımkeçirici materialdakı eksitonlara təzyiq olunsa, fotonların enerjisi eksitonları dağıdaraq elektronları materialdan çıxara bilər. Bununla da elektronların materialdam çıxdığı istiqaməti ölçərək elektronların eksitonların tərkibi olduğu zaman malik olduğu ilkin impulsu təyin etmək mümkün olardı. Beləliklə, alimlər nəinki eksitonları görə, eləcə də qara və parlaq eksitonları bir-birindən ayıra biləcəklər.

"Bütün texniki problemləri həll edb, qurğunu qoşarkən bizim ekranda eksitonlar peyda olanda - bu, doğrudan da möhtəşəm idi", - tədqiqatda iştirak etmiş doktor Mişel Man deyib.

Alimləri bir xüsusiyyət də təəccübləndirib: onlar şahid olublar ki, materialda qara eksitonlar parlaq eksitonlardan çoxdur, üstəlik, müəyyən şərtlər daxilində, həyəcanlanmış elektronlar materialda səpələnib impulslarını dəyişən zaman eksitonlar dəyişə bilir (parlaqdan qaraya).

0
Teqlər:
elektron zərrəcik, yarımkeçirici, material, optik, elmi tədqiqat, tədqiqat, alimlər, Yaponiya