ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Peyvənd rəqabəti, Qurbanın əsgərləri Əlvida, Tramp!

84
(Yenilənib 07:30 10.11.2020)
ABŞ Dövlət Departamentinin Antisemitizmə nəzarət və mübarizə üzrə missiya rəhbəri, xüsusi elçi Elan Karr antisemitizmlə mübarizə məsələlərinə həsr olunmuş telekonfransda deyib ki, Azərbaycan dinlər arasında qarşılıqlı hörmət nümunəsidir

BAKI, 9 noyabr - Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Şuşa qalasındayıq!

Azərbaycan Ordusu xilaskarlıq missiyasını davam etdirir. Ötən həftəsonu Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə şahidlik etdik. Şuşa düşmən tapdağından azad edildi! Bir vaxtlar ermənilərin işğal əməliyyatına qoyduqları adı – “Dağlarda toy”u Azərbaycan əsgəri onlara Şuşaya qədər hər qarışda tutdu.
Şuşanın azad edilməsi bir çox anlamda xüsusi əhəmiyyət kəsb edir. Birincisi, heç şübhəsiz, bu şəhər qürur rəmzimizdir. İkincisi, Şuşa hərbi baxımdan strateji yüksəklikdir. Üçüncüsü, bu uğur diplomatik masada rəsmi Bakının əlini əhəmiyyətli dərəcədə gücləndirəcək.
Bəli, bu gün tarixi günlər yaşayırıq. Tarixdə bu cür revanşlar çox rast gəlinmir. Baş verənlərin miqyasını tam olaraq dərk etməkdə təfəkkürümüz çətinlik çəkir. Bugünkü reallıqların mahiyyətini dərk etmək üçün bu günlərdən bir qədər uzaqlaşmaq lazımdır bəlkə də...

“Taktiki olaraq geri çəkilmək?!”

Azərbaycan əsgəri cəbhənin müxtəlif istiqamətlərində düşmənə zərbələr vurmaqda davam edir. Başı əzilən düşmən isterik vəziyyətdə vandal ənənələrinə qayıdır, mülki əhalini hədəf almağı çıxış yolu kimi görür. Nikol bir çox əlamətlərinə, eləcə də faşist xarakterinə görə Hitleri xatırladır. Hitler üçün müharibə Berlindəki bunkerdə bitmişdi. Paşinyanın bəxti onda gətirib ki, Azərbaycan əsgərinin qarşısına İrəvana qədər getmək hədəfi qoyulmayıb. 
Bu günlərdə erməni saytlarını izlədikdə “taktiki olaraq geri çəkilmə” ruhu hiss olunur, işğalçı məğlubiyyətini etiraf etmir, hakimiyyət xalqını dezinformasiyalarla aldadır. Amma Şuşada dalğalanan üçrəngli bayraq Ermənistandan da görünəcək...

Qafqazda dinlərarası savaş?!

Ermənistan ciddi cəhdlə Azərbaycanın əks-həmlə əməliyyatlarına dini don geyindirməyə çalışır. Əsaslandırmağa çalışır ki, guya Qafqazda iki türk, müsəlman ölkəsi erməniləri, xristianlara qarşı genosid həyata keçirir. Ancaq görünür, unudurlar ki, Ermənistan monoetnik ölkə olduğu halda, Azərbaycan multikultural, çoxkonfensiyalı dövlətdir.

Bu arada ABŞ Dövlət Departamentinin Antisemitizmə nəzarət və mübarizə üzrə missiya rəhbəri, xüsusi elçi Elan Karr antisemitizmlə mübarizə məsələlərinə həsr olunmuş telekonfransda deyib ki, Azərbaycan dinlər arasında qarşılıqlı hörmət nümunəsidir: “Azərbaycan təkcə dinlər və xalqlar arasında tolerantlığın yox, həm də müsəlman çoxluğu ilə xristian və yəhudi icmaları arasındakı həqiqi hörmət baxımdan da nümunə ölkədir”.
Bu cür mövqelər çoxdur – onlar hər biri erməni nonsensini darmadağın edir.

Peyvənd rəqabəti

Dünyada koronavirusa yoluxanların sayı 50 milyonu ötüb.
Bu arada peyvənd axtarışları davam edir. Bu axtarışlar həm də rəqabətlə müşayət olunur. Şübhəsiz, dərmanı tapan ölkə və şirkət böyük dividendlər qazanacaq. Ölkələr üçün bu, iqtisadi amillə yanaşı, siyasi dominantlığı şərtləndirəcək. Şirkətlər üçün isə şübhəsiz, böyük pullar demək olacaq.
Bu arada ehtimal olunur ki, koronavirus infeksiyasına qarşı peyvənd yarışı 2021-ci ilin yanvarında pik həddə çatacaq. Bu dövrdə Rusiyanın “Sputnik V” vaksini də daxil olmaqla bir sıra peyvəndlərin sınaqlarının üçüncü mərhələləri barədə ilk hesabatların yayımlanacağı proqnozlaşdırılır.

Əlvida, Tramp!
Tramp ABŞ-a nə verdi? Sizə elə gəlmirmi ki, Donald supergücün xarizmasını bir xeyli azaltdı? ABŞ-ın təsir imkanları məhdudlaşdı? İndi Birləşmiş Ştatlar birləşib biznesmen prezidenti yola salır. Bayden seçkilərdə qalib gəldi.
Tramp isə məğlubiyyətlə barışmır, hələ də qələbəsinə inanır. Srağagün yazdığı tvitdə Tramp böyük  fərqlə qalib gəldiyini açıqlayıb. Həm də necə: “Bu seçkiləri böyük fərqlə qazandım!”
Trampın şəxsi keyfiyyətlərini təhlil edən bir sıra ekspertlər onun seçkilər tam başa çatdıqdan sonra həkimə görünməli olduğu qənaətindədirlər.
Ancaq igidi öldür, haqqını yemə: Trampın hakimiyyəti dövründə ABŞ Azərbaycanla strateji tərəfdaşı kimi davrandı.

Qurbanın əsgərləri

“Qarabağ” futbol komandasının Avropadakı uğurları, şübhəsiz. Qarabağ adının dünyada tanıdılması baxımından da vacibdir, rəmzi məna kəsb edir.
Təəssüf, geridə buraxdığımız həftə Avro Liqadakı təmsilçimiz qrupdakı üçüncü matçına Türkiyə təmsilçisi “Sivasspor”a qarşı çıxdı və təəssüf ki, məğlub oldu. Bu, “köhlən atlar”ın qrupdakı üçüncü oyunu və üçüncü məğlubiyyəti idi. Könül istərdi, top ustalarımız da cəbhədəki topçularımız kimi hədəfə düşsün, amma təəssüf, Qurbanın əsgərləri üçün builki Avroliqa qara zolaqda davam edir.

Paralel dünya

Bakının Nizami rayonunda bir kişi lombarda girib və işçini tapança ilə hədələyərək əlindəki bütün pulları verməsini tələb edib. Bu zaman lombarda rayon təhlükəsizlik şöbəsinin əməkdaşları gəlib və onlar cinayətkarı polis bölməsinə aparıblar. Və məlum olub ki, onun əlindəki tapança adi alışqan olub.
Bu arada Bakıda kafe və mağazalardan oğurluq edən üç qardaş da saxlanılıb. Yəqin, cəbhədəki döyüşlərdə iki, üç qardaşların birgə döyüşdüyü barədə xəbərlərə siz də rast gəlmisiniz... Bax belə.

84
Xırdalanda uşaqlar, arxiv şəkli

Uşaq ikili standartın çərçivəsində: internetdə bir fikir var, valideyndə başqası

23
(Yenilənib 22:30 23.11.2020)
Noyabrın 20-si Ümumdünya Uşaqlar Günüdür. BMT Baş Assambleyasının 1954-cu ildə qəbul etdiyi №836 saylı qətnaməsində bütün dövlətlərə uşaqların şərəfinə bu bayramın keçirilməsi tövsiyə olunub. Bu məqalə gec dərc olunsa da, həmin günə həsr olunub.

Post-sovet məkanında adətən iyunun 1-ni Uşaq Hüquqlarının Müdafiəsi Günü kimi qeyd etmək qəbul olunub. Dünyanın bir çox ölkəsində uşaq hüquqları, onların problemləri ilə bağlı bir çox normativ aktlar və mütərəqqi qanunlar mövcuddur. Bununla belə, uşaq problemi hələ də aktuallığını saxlamaqdadır.

Çində uşaq oğurluğu problemi olduqca aktualdır

Uşaq gününü qəbul etmək nəyə lazım idi? Müasir dünya olduqca çətin problemləri ortaya qoyur. Hər gün texnoloji yenilik gündəmə gəlməsi yeni problemləri yaradır. Hər yeni mərhələdə yeni çətinliyi dəf etmək, bu işlərin uşaqlara təsirini aradan qaldırmaq lazım gəlir. Dünya üzrə ümumi qanunvericilik olmadığına görə, bəzən hər ölkə üzrə anlaşılmaz problemləri müşahidə edirik.

Məsələn, dünyanın ən qüdrətli ölkələrindən biri olan Çində uşaq oğurluğu problemi olduqca aktualdır. 1970-2015-ci illərdə ölkədə mövcud olan bir uşaq siyasəti böyük cinayətkar qrupların yaranmasına şərait yaradıb. Uşağı olmayan ailələr oğurluq yolla qaçırılmış uşaqları almaqla arzularına çatarmışlar. Əsil valideynlərin isə bəxtinə illərlə itirilmiş övladı axtarmaq qalırmış. Hətta bu gün də Çində minlərlə uşağın oğurlanması, kənara satılması, uşaq əməyinin istismarı, uşaqların cinsi istismarına rast gəlinir. Uşaqlara şikəst edib dilənçiliyə məcbur edən xüsusi qruplar da var. Maraqlı hallara da rast gəlinir.

İki yaşında itmiş Mao İn yalnız 30 il sonra öz valideynlərinə qovuşa bilib. 1988-ci ildə onu oğurlayıb başqa bir ailəyə satıblar. Uşağın anası Li Szinçji və atası Mao Szinçji övladlarını tapmaq üçün minlərlə elan yerləşdirib, çox miqdarda vəsait xərcləyiblər. Ana hətta öz işini tərk edərək həyatını oğlunun axtarışına sərf edib. İllərlə televiziya ekranından danışan Li heç vaxt ümidini itirmədiyini deyib. 2007-ci ildə övladlarını itirmiş valideynlərin qrupuna da qoşulan Mao və Li 2020-ci ildə övladlarına qoşula biliblər. Başqa regionda tapılan 34 yaşlı Qu Ninin DNT analizi verdikdən sonra hər şey aşkarlanıb.

Bu uşaqların nə təhsili var, nə də gələcəyi

Əslində belə hallar elə də tez-tez baş vermir, itirilmiş övladı tapmaq hər valideynə qismət olmur. Uşaq əməyinin istismarı, uşaqların təhsildən kənarda qalması, kasıblıq ucbatından uşaqların sağlamlığı itirməsi hallarına daha çox rast gəlinir. Afrikanın elə ölkələri var, orada elə uşaq özünü tanıyandan zibildə eşələnməklə məşğuldur. Yəni uşaq elə zibillikdə doğulur, böyüdükdən sonra orada pula satıla biləcək materialları toplayıb təhvil verir, min cür xəstəlik taparaq tez də həyatdan gedir. Bu uşaqların nə təhsili var, nə də gələcəyi.

Ekstremal halları kənara qoysaq, elə adi günümüzdə də xeyli çətinlik var. Ötən əsrin 70-ci illərində orta məktəbin 1-ci sinfinə gedən uşağın 7 yaşı olmalı idi. 6 yaşında uşağı götürməzdilər. Hazırda yaş həddi 6-ya endirilib, hətta ilin sonunda 6 yaşı tamam olanlar artıq sentyabrda məktəbə gedə bilərlər. 5 yaşlı uşaq artıq tədris prosesinə qoşulmalıdır. Özü də bu müddətdən öncə bu günün uşaqları həm bağça sistemindən keçir, həm də məktəbəqədər hazırlıq prosesindən.

Valideynin uşağına təsir etmək imkanı gün gündən azalır

Bu günün uşağı faktiki uşaqlığını keçirə bilmir. Elə doğulduğu gündən ətrafında onlarla texniki vasitə ilə üzləşir. 100-lərlə kanalı və internetə çıxışı olan televizor, müxtəlif növ planşet, smartfon, oyun qurğuları uşaq həyatının ayrılmaz hissəsinə çevrilir. Uşaq dəhşət dərəcədə yüklənir. Özünə qapanan, autizm xəstəliyinə düçar olan uşaqlarla yanaşı xeyli sayda hiperaktiv uşaqlar da peyda olub. Kimi telefonu əlinə alıb özünə qapanır, kimi də mənasız videoya baxıb ev-eşiyi dağıdır.

Valideynin uşağına təsir etmək imkanı gün gündən azalır. Uşağı daha çox internet resursları tərbiyə edir. Başqa insanların, digər millətlərin davranış modelləri valideynin dediyindən daha çox əhəmiyyət kəsb etməyə başlayır. İnformasiya kanalları çoxalıb deyə nəyinsə qarşısını da almaq olmur. Valideynin texniki bacarığı da bəzən uşağın bildiyindən zəif olur. Zet nəslinin nümayəndələri anında istənilən qurğudan baş çıxarır, özlərinə maraqla olan məlumatı hər yerdən tapa bilirlər.

Azərbaycanda nəsillər arasında sözün əsl mənasında bir ciddi anlaşılmazlıq var. Milli-mental dəyərlər aşılanır, bəzən bu yöndə olan fikirlər uşaqda gülüş doğurur. Muğamat dinləmək əvəzinə uşaq məşhur bloqçunun videosunu izləməyə, dolma-plov yerinə isə hamburger yeməyə üstünlük verir.

Bir-birini anlamamağın səbəblərindən biri də patriarxal cəmiyyətə məxsus ata kultunun olmasındən, uşağa bir şəxsiyyət kimi yanaşmamaqdan irəli gəlir. Uşaqla danışmaq, onun problemlərini anlamaq əvəzinə elə “mən dedim, deməli belə olacaq” fikrinə üstünlük verilir. Zaman isə dəyişib, bu günün valideyni çox zaman uşağı üçün layiqli nümunə ola bilmir, bir şeyi deyir, amma əksinə hərəkət edir. Telefonla oynamağı qadağan edir, amma səbəbini demir. Özü qazlı rəngli içkiyə üstünlük verir, amma övladına deyir, olmaz. Uşaq daim ailədaxili ikili standartların çərçivəsində yaşamalı olur. İnternetdə bir fikir var, valideynin beynində başqası.

Valideyn də uşaq üçün ən əhəmiyyətli nümunədir

Valideyn-uşaq münasibətlərini dünyanın bir çox ölkəsində ciddi araşdırırlar. Tez-tez hər hansı bir tədqiqatın nəticəsi də açıqlanır. Yüzlərlə kitab, təlimat yaradılıb. Nəyisə bilmirsənsə, uşaq psixoloqundan tutmuş ən müxtəlif növ mütəxəssisə müraciət edə bilərsən. Ölkə var, uşağa fastvud yeməyi qətiyyətlə qadağan edilib. Hər dərsdə onun ziyanından danışırlar. Baxırsan, belə qida satılan şəbəkəyə turistdən başqa heç kim getmir. Valideyn də uşaq üçün ən əhəmiyyətli nümunədir.

Bir ölkə, toplum olaraq yeni dönəmdə “uşaqlara münasibətdə necə davranmalıyıq” sualına cavab axtarmalıyıq. Uşaq valideyndən çox zəmanəsinə bənzəyir deyə, valideyn zamanın nəbzini tutmağı bacarmalı, uşağa irəlidə gedən bir flaqman kimi yol göstərməlidir.

23
Teqlər:
uşaqlar
Ağdamda cümə məscidi, arxiv şəkli

damımız, Putinin şərhi, Hacıqabullu Qüdrət kişi hər kəsin arzusu…

52
(Yenilənib 04:02 23.11.2020)
Tezliklə, Ağdama həyat qayıdacaq, məşhur Ağdam Çay Evindən facebook etiketləmələrinin başlanacağı gün uzaqda deyil. Ən böyük maşın bazarının da bu rayonumuzda olacağı şübhə doğurmur.

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Ağdam həftəsi

Bu həftə Ağdam həftəsi idi. İşğalçı əhalisinə görə Qarabağın ən böyük rayonu olmuş, indisə bayquş uluyan, xarabalığa çevrilmiş Ağdamı boşaltdı. Kefindən yox təbii ki. Noyabrın 10-da imzalanmış kapitulyasiya aktında biz bunu onun boynuna qoymuşduq. Tezliklə, Ağdama həyat qayıdacaq, məşhur Ağdam Çay Evindən facebook etiketləmələrinin başlanacağı gün uzaqda deyil. Ən böyük maşın bazarının da bu rayonumuzda olacağı şübhə doğurmur.
Hələlik isə Ağdam görüntüləri ürək dağlayır – düşmən daşı daş üstündə qoymayıb, hər tərəfdən xarabalıq boylanır.
Bu arada Ağdama doğru yol hərbi birləşmələrimizi yollarda qarşılayan sakinlər sanki futbol komandasını salamlayar kimi alqışlayır. Bu gün mübaliğəsiz deyə bilərik ki, hər bir əsgər özünü  nəinki ulduz, tarixi qəhrəman kimi hiss edə bilər.

Putinin verdiyi peşmançılıq

Bu həftə Rusiya Prezidenti Vladimir Putin erməniləri türklər demiş, növbəti dəfə “hayal kırıklığına” uğratdı. "Rossiya 1" telekanalına müsahibəsində Ermənistanın belə qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyini və suverenliyini tanımadığını xatırladaraq dedi ki, “Bu o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Beləcə, statusun cəhənnəmə, gora getməsi barədə həqiqət Rusiya Prezidentinin dilindən də dolayısıyla səsləndi və bu, ermənilərin son ümidlərini də PUA-ların zərbəsi texnikalarını dağıtdığı kimi dağıtdı.

Hacıqabullu Qüdrət kişi

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanla bağlı sosial şəbəkələrdə maraqlı məlumatlar yer alıb. Yeni nazirin Vikipediyası onun təyinatından dərhal sonra tam olaraq silindiyi deyilir. Qeyd edilir ki, A.Ayvazyan Azərbaycanın Hacıqabul rayonunun Nəvahi kəndində anadan olub, atası isə Qüdrət Eyvaz oğlu Xancanovdur.
Bədbəxt ölkə! Təbii arıtımın azalması və ölkədən baş götürüb qaçanların artması səbəbi ilə böhran həddinə çatmış demoqrafik problemlər yerli doğumlu kadrlar tapmağa imkan vermir.
Bu arada Xocalı soyqırımını törədən erməni general da erməniləri tərk edib – yox, ölkədən qaçmayıb, Əzrayıl yoldaş onu özü ilə aparıb. Yeri gəlmişkən, "Artsaxın qəhrəmanı”nın maraqlı ayaması olub – “Tuşonka Manvel”. Əsgərlərin yeməyini satmaqla məşhurlaşan, cinayətkar qəhrəman. Qəhrəmanı belə olanların axırı da bu cür olmalı idi.

Ən bahalılar
“The Economist” jurnalının hazırladığı siyahıya görə, Honkonq metropolu, Paris və Sürix dünyanın ən bahalı şəhərləridir. “2020-ci il üçün dünyanın yaşayış xərcləri hesabatı” adlı siyahıda sonrakı yerlərdə Sinqapur, Osaka, Təl-Əviv şəhərləri tutur. İlk 10-luqda son yerlərdə Nyu-York, Cenevrə, Los-Anceles və Kopenhagen qərarlaşıb.
Bizə görə isə dünyanın ən bahalı şəhəri Şuşadır bu gün!

Prezidentsizlik

ABŞ Səhiyyə Nazirliyi bəyan edib ki, Ümumi Xidmətlər İdarəsi Co Baydenin qələbəsi tanınmayana qədər demokratların namizədinin komandası ilə işləməyəcək. Qurumun rəhbəri Aleks Azar deyib ki, “Biz çox açıq şəkildə bildirdik ki, GSA nə zaman kimin qalib gəldiyini elan edəcəksə, o zaman tam şəkildə peşəkar keçid və hazırlıq işlərinə başlayacağıq. Biz təlimat qaydalarına riayət edirik”. Qeyd edək ki, bir qədər əvvəl “Politico” qəzeti ABŞ Ümumi Xidmətlər İdarəsinin rəhbəri Emili Mörfinin Co Baydenin prezident seçkilərində qələbə qazandığını tanımaqdan imtina etdiyini yazmışdı.
Belə. Bu boyda ölkə prezidentini seçməkdə çətinlik çəkir. Buna görə biz də narahat olmalıyıq, çünki Konqo, Somali, Trinidad Tabaqonun ölkə başçısından söhbət getmir, ABŞ prezidenti dünyanın gündəliyinə, problemlərinə, qayğılarına təsir edə bilən adamdır.

İran dərdi

Bu basabasda amerikanların İran dərdi də bitmək bilmir. ABŞ növbəti dəfə İrana qarşı sanksiyaları genişləndirib. Bildirilib ki, sanksiyalar 9 İran vətəndaşına, habelə 49 təşkilat və müəssisəyə, eyni zamanda İranın bayrağı altında üzən bir gəmiyə tətbiq edilib.
Görəsən, nəyə görə ABŞ, Rusiya, Fransa, Britaniya, Pakistan nüvə silahına malik ola bilər, ancaq İran yox? İranı belə özəl edən nədir? Bu sualın aydın cavabını biz hələ eşitməmişik.

2020 mistikası

2020-ci il dünya tarixinin ən unikal illərindən biri kimi tarixdə qalacaq. Numerologiya mistikasına inanlar indi inanmayanlardan daha haqlı görünür. Koronavirus, iqtisadi böhran, təbii fəlakətlər, münaqişələr  - hamısını bir ilə yığıb gözləyiblər sanki.
Bu arada Azov dənizinin sahilindən bir qrup gənc içərisində məktub olan şüşə butulka tapıblar. Məktubdan aydın olur ki, müəllifi doqquz yaşlı Yaroslavdır. Butulka dənizdə doqquz günlük səyahətdən sonra sahilə çıxıb. Bir cümləlik kağız parçasında isə “Qoy bu il tez bitsin” arzusu yazılıb.

52

Ağdamın işğaldan azad edilmiş Abdal Gülablı kəndləri necə görünür - video

0
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ictimaiyyəti işğaldan azad edilmiş ərazilərlə tanış etməyə davam edir.

Müdafiə Nazirliyi öz rəsmi internet səhifəsində Ağdam rayonunun işğaldan azad edilmiş Abdal və Gülablı kəndindən xüsusi videoreportaj paylaşıb.

Xocavəndin işğaldan azad olunan Domi kəndinin görüntüləri
YouTube / Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına qaytarılıb.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Xocavənd rayonunun işğaldan azad olunan Daşbaşı kəndindən videoreportaj>>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

0