CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda “mənasız” sayılan peyvəndlə ABŞ-da 8 min ölümün qarşısı alınır

© AFP 2023 / MATEJ DIVIZNAВакцина от гриппа, фото из архива
Вакцина от гриппа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəyə gətirilən Niderland Krallığında “Abbott Biologicals” şirkətinin istehsal etdiyi İnfluVak Tetra peyvəndi, dördvalentli, inaktivasiya olunmuş peyvənddir. Bu peyvəndi ÜDS təşkilatı təsdiqləyib və o, qoyulmuş tələblərə uyğundur.

Azərbaycanda ilk dəfə qripdən ümummilli vaksinasiya keçirilir. Oktyabrın 12-dən başlayaraq bir ay boyu əhaliyə qrip peyvəndi vurulacağı nəzərdə tutulub. Səhiyyə naziri Oqtay Şirəliyev qrip və respirator infeksiyaların profilaktikası üçün xüsusi əmr imzalayıb.

Peyvənd ilk növbədə risk qrupuna daxil olan yaşlı insanlara, tibbi işçilərinə, azyaşlılara, uşaqlara isə birbaşa uşaq poliklinikalarında vurulacaq. Müasir standartlara görə, hazırda qripin 3-4 ştampına qarşı dövri vaksinasiya keçirilir. Dünya praktikasında hər bir peyvəndin 2 faizində əks-təsiri də ola bilər. Bu, normal qəbul olunur.

İnsanlar qrip peyvəndini bir növ mənasız bir şey sayırlar

Ölkəyə gətirilən Niderland Krallığında “Abbott Biologicals” şirkətinin istehsal etdiyi İnfluVak Tetra peyvəndi, dördvalentli, inaktivasiya olunmuş peyvənddir. Bu peyvəndi ÜDS təşkilatı təsdiqləyib və o, qoyulmuş tələblərə uyğundur. Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Bu peyvəndin dozallanmasında və aseptik şəraitdə vurulmasında ən uyğun qablaşdırmadır. 6 aydan başlayaraq uşaqlara da vurula bilər. Vaksini mütləq olaraq tibb müəssisəsində tibb işçisi vurmalıdır. Vaksinasiya ölkə üzrə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində həyata keçiriləcək.

Azərbaycanda qripdən peyvənd vurmaq praktikası indiyəcən olmayıb. Qriplə bağlı dövlət proqramı, əhali arasında maarifləndirmə tədbirləri də reallaşmayıb. İnsanlar da qrip peyvəndini bir növ mənasız bir şey sayırlar. Kimi dindirsən, deyir, nəyə lazım, xəstələnib sağalaram da. Ümumiyyətlə ölkədə qrip və digər respirator xəstəliklərə bir növ biganə münasibət var. ÜST-nin məlumatına görə, qripin yaratdığı fəsaddan dünyada hər il dünyada 500-650 min insan dünyasını dəyişir. Yəni hər il kiçik bir pandemiya yaşayır dünya. Özü də bu statistika daha ağır və yorucu ola bilərdi. Sadəcə, bir çox ölkədə məhz mövsümi vaksinasiya adi haldır deyə ölüm halları da azlıq təşkil edir.

Peyvəndin alınmasına federal büdcədən 500 milyon manat vəsait ayrılıb

Qrip soyuq şəraitdə özünü daha çox büruzə verir, şaxtalı-qarlı ölkələrdə bu səbəbdən vaksinasiya daha aktualdır. Qonşu Rusiyada qripdən vaksinasiya artıq sentyabrdan başlayıb. Ölkə əhalisinin təqribən 60 faizi qripdən peyvənd ala biləcək. Risk qrupunda olan insanların isə 75 faizi peyvənd ala biləcək. Peyvəndin alınmasına federal büdcədən 500 milyon manat vəsait ayrılıb. Moskva sakinləri sentyabrın 1-dən şəhərdə yaradılan 450 məntəqədə pulsuz olaraq peyvənd edə bilərlər. Qrip peyvəndini həm də apteklərdən əldə edib vurdurmaq olar.

Qrip peyvəndinin vurulması qripin mümkün fəsadını xeyli azaldır. Peyvənd olmasaydı, qripin qurbanları xeyli çox olardı. Yəni öz mənfi təsirinə görə qrip heç də koronavirusdan zəif xəstəlik deyil, sadəcə, aramızda uzun müddət olduğundan onunla mübarizə yolları da çoxdan tapılıb. 2017-2018-ci illər üzrə ABŞ üzrə vaksinasiya əhalinin cəmi 42%-ini əhatə edib. Vaksinasiyanın ABŞ-da nə qədər effektli olduğunu rəqəmlər əks etdirir. Peyvənd vurulması səbəbindən göstərilən müddətdə 7,1 milyon insan qripə yoluxmayıb, 109 min insan xəstəxanaya düşməyib, 8 min insan isə ölümdən geri dönüb. Vaksinasiya 6 ay - 4il yaş arasında olan körpələrin arasında 39% ölümün qarşısını alıb. Yaşı 65-i keçən şəxslərin arasında isə qarşısı alınan ölüm faizi lap yüksək olub.

Qripi ciddiliyə almamaq ağılsızlıqdır

ÜST hər il qripin təhlükəsi və fəsadları ilə bağlı hesabat təqdim edir. Sadəcə peyvəndə skeptik yanaşan insanların çoxu bu faktlarla heç tanış deyil. Bu gün diqqət belə almadığımız adi ispan qrip vaxtilə 50-100 milyon insanın həyatına son qoyub. Bu günün immuniteti xəstəliklə ağır mübarizədə qazanılıb. Əldə olan peyvəndlər isə uzun müddət laboratoriya sınağından keçərək insanlara təqdim edilib. Risk qrupu üçün hələ də problem doğura biləcək qripi ciddiliyə almamaq ağılsızlıqdır.

Qripin törətdiyi fəsadları daha çox həkimlər yaxşı bilir, özü də tibbi yardımda çalışan həkimlər. Payız-qış mövsümü başladısa, yuxunu yaddan çıxarasan gərək. Elə olur, briqada bütün gecə geri dönə bilmir. Çağırış dalınca çağırış gəlir. Hansı evə getsən, 39-40 dərəcə qızdırma ilə qripdən əziyyət çəkən uşaqla rastlaşırsan. Bir müalicəsi də yoxdur, uzaqbaşı qızdırmanı bir az salmaq olar. Tutuldunsa, deməli, elə 5-6 gün qızdırıb sağalmalısan. Amma qripin fəsadı uzun müddət qalmaqda davam edir, öskürək bitmək bilmir, burun-baş axır. Bir az düzələn kimi yenə başqa bir azara düçar olur. Yaşlı adamın, özü də hansısa xroniki xəstəliyi olan insanın, qrip olması lap ağır problem yarada bilər. Bəzən qripdən öskürək, öskürəkdən pnevmoniya yaranır. Şəkəri, ürək-damar xəstəlikləri varsa, ağırlaşma verir.

Bu baxımdan hazırda ölkədə ilk dəfə tətbiq olunan qripdən vaksinasiya prosesi ümumən müsbət tendensiyadır. Risk qrupunda olan insanlar üçün çox əhəmiyyətlidir. Əhalidə yeni yanaşma formalaşdırmaq istiqamətində də bir çox işlərin görülməsinə zəmin yarada bilər. Hələlik qrip peyvəndi ilə bağlı dövlət proqramı yoxdur, amma bu istiqamətdə ilk addımları atılır. Gələcəkdə belə daimi proqramın olması bir çox fəsadı qabaqlamağa imkan verə bilər.

Əhali peyvəndə soyuq yanaşır deyə, dərman şirkətləri onu gətirmək belə istəmirlər. Qrip peyvəndi ən azı apteklərdə olmalıdır. Belə halda onun əhəmiyyətini anlayan, yararlanmaq istəyən, risk qrupuna olmayan insanlar da əldə edib tibb müəssissəsinin  birində vurdura bilərlər. 

Xəbər lenti
0