Дорога, фото из архива

Pis qonşu, alman jurnalist, "çaşan" şirkətlər kəndə qayıdırıq...

181
(Yenilənib 19:55 02.11.2020)
Genofondu müalicə etmək çox çətin olur, bizim üçün həm də buna görə ağırdır. “Qonşun pisdir, köç qurtar” tarixi dədə-baba torpaqlarına münasibətdə deyilməyib, yaşadığın binada bunu tətbiq edə bilərsən, amma ölkəni götürüb okeanın o biri üzünə getmək mümkün deyil axı...

BAKI, 2 noyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Qonşun pisdirsə...

Erməni xalqı hansısa başdanxarab, avantürist ideoloqların uydurduğu “Böyük Ermənistan” xülyasının qurbanıdır. Bu gün 1 aydan artıqdır davam edən müharibə də məhz ermənilərin uydurduğu saxta tarixin əsirinə çevrilməsinin nəticəsidir. Baxın, tanınmış erməni şair Ovanes Tumanyan erməni xalqı haqqında 1977-ci ildə Yerevanda nəşr olunan kitabında nə deyir: “Həqiqi qurtuluş daxildən başlanmalıdır, çünki biz daxilən xəstəyik”.

Genofondu müalicə etmək çox çətin olur, bizim üçün həm də buna görə ağırdır. “Qonşun pisdir, köç qurtar” tarixi dədə-baba torpaqlarına münasibətdə deyilməyib, yaşadığın binada bunu tətbiq edə bilərsən, amma ölkəni, vətəni götürüb, okeanın o biri üzünə getmək mümkün deyil axı...

Həftənin dialoqu

Prezident İlham Əliyev hər həftə dünyanın aparıcı telekanallarına müsahibələrində Qarabağ münaqişəsi ilə bağlı ən müxtəlif məsələlərə aydınlıq gətirir.

Bəzən jurnalistlərin özünü müstəntiq kimi aparmasına dövlət başçısı diplomat təmkini ilə yanaşır, bəzən isə soyuqqanlı və sadə məntiqlə jurnalisti sadəcə, seytnota salır. Məsələn, ARD-nin əməkdaşı Bakını uzun müddət unutmayacaq.

Jurnalistin “Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri ilə söhbət etdik. Onlar Türkiyədən olduqlarını dedilər” sualından sonrakı dialoqa baxaq:

– Siz əsgərlərlə danışmısınız?

© Official website of President of Azerbaijan Republic

– Bəli.

– Döyüş meydanında?

– Xeyr, döyüş meydanında yox.

– Bəs harada?

– Bakı şəhərində.

– Onlar burada, Bakıda döyüşürlər?

– Xeyr, xeyr. Bununla belə, onlar buradadırlar.

– İndi burada alman əsgərləri də ola bilər.

Bumeranq

Həyat bumeranqdır – bəzən illər sonra olsa da, vurduğun zərbəni öz üzərində hiss edərsən. 90-cı illərdə 1 milyona yaxın azərbaycanlını Qarabağdan deportasiya edən Ermənistan indi özü qaçqınları qəbul edir. Yerevan küçələrində, elə küçədəcə gecələyən ermənilər bu ölkənin siyasi hakimiyyətinin siyasi və merkantil maraqlarının əzabını çəkirlər. Amma hər şeyə rəğmən, nə Azərbaycan dövləti, nə də xalqı birgəyaşayışa qarşı deyil. Özünə istinad kimi səslənməsin, məsələn, bəndəniz 90-cı illərdə bu etnik təmizləmənin ağrılarını yaşayan biri kimi də bu fikirdəyəm.

Yəqin ki, Azərbaycan əsgəri öz missiyasını başa vurduqdan sonra xalqların sülh və birgə yaşayışa hazırlığı başlanacaq. Onda ermənilər Yerevan küçələrindən Dağlıq Qarabağdakı evlərinə tərəddüd etmədən qayıda bilərlər.

Tablodakı hesab

Koronavirusa yoluxan xəstələrin sayı kəllə-çarxa çıxıb. Tabloda böyükhesablı məğlubiyyət görünür: 1000 rəqəmi bizi, yəqin ki, həyəcanlandırmalıdır.

Bütün dünyanı təlaşa salan şəxsin özünün vəziyyəti yaxşı deyil>>

Bu arada İsveç koronavirusa qarşı kollektiv immunitetin yarandığı ilk ölkə ola bilər. Bunu rusiyalı həkim-immunoloq Vladislav Jemçuqov deyib. Onun sözlərinə görə, İsveç buna xəstəliyi “azadlığa buraxdığı üçün” nail olacaq. Çünki orada virusun qarşısının alınması üçün heç bir məhdudlaşdırıcı tədbir görülməyib. Kim bilir, bəlkə də biz bu virusu çox gözümçıxdıya salmışıq – onunla bərabər yaşamağı öyrənməli, onu adi qrip kimi qəbul etməliyik. Bu, soyuqqanlı yanaşmadan sonra məsuliyyəti artırmaq üçün bir bəd xəbər - Koronavirus pandemiyasının ikinci dalğasında virusun ağırlaşmış formasında olan xəstələr birinci dalğa ilə müqayisədə daha tez ölür. Britaniyalı həkimlər bu qənaətə gəliblər. Hər halda, yazı müəllifinin 2 cümlə əvvəldəki mülahizəsinə yox, britaniyalı alimlərin xəbərdarlığına etibar etmək daha rasional olar.

“Johnson & Johnson”un səhv etməkliyi

ABŞ-ın “Johnson & Johnson” şirkəti öz "Twitter" səhifəsində Qarabağ münaqişəsindən zərər görən tərəflərə yardım edəcəyini açıqlamışdı. Ancaq paylaşımda tərəf kimi “Artsax” ifadəsindən istifadə olunmuşdu. Sosial şəbəkə fəallarımız səhifəni bombardman etdikdən sonra şirkət səhvini anladı və düzəliş etdi.

Belə demoqoqluq kimi çıxmasın, 2018-ci ildə məlum olmuşdu ki, "Johnson & Johnson" şirkətinin uşaq pudrasında istifadə etdiyi asbest maddəsi insanlarda xərçəng yaranma ehtimalını artırır.

Böyük Qayıdış

İtaliyada əhalisinin əksəriyyəti yaşlı sakinlərdən ibarət olan, böyük hissəsi boşalmış Santo Stefano - Di Sessanio kəndini xilas etmək üçün yerli hökumət orqanları maraqlı bir addıma imza atıblar. Belə ki, şəhər bələdiyyəsi yeni sakinlərə ilk üç il ərzində ildə 8000 avro pul verəcək. Bu təşviq italyanlar tərəfindən maraqla qarşılanıb.

Bu aralar hər kəs kəndinə qayıdır, biz də Qarabağdakı kəndlərimizə dönmək üçün çamadanlarımızı yığmışıq. Bu günlərdə yoluaAvtovağzaldan düşənlər görüblər hər halda – artıq avtobusların üzərindəki “Bakı-Füzuli, Zəngilan, Qubadlı Cəbrayıl” yazıları qürurla parıldayır. Laçın, Şuşa, Kəlbəcər və s. yazıları, yəqin ki, mətbəədədir.

İzmir faciəsi

Həftənin ən dramatik hadislərindən biri də İzmirdə yaşandı. 6,6 bal gücündə zəlzələ nəticəsində şəhərin bir sıra binaları dağıldı, 1000-ə yaxın adam xəsarət aldı, 90-a yaxın insan həyatını itirdi. Cümhuriyyət Gününü qeyd edən qardaş ölkə bu faciə ilə hüzn yaşadı. Keçmiş olsun!

181
Teqlər:
müsahibə, İlham Əliyev, İzmir, Türkiyə, dünya, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan, həftənin xülasəsi, 7x7
Əlaqədar
İlham Əliyev: "Ermənistan faktiki olaraq öz məğlubiyyətini etiraf edib"
Türkiyədə güclü zəlzələ nəticəsində həlak olanların sayı artdı
Azərbaycanda son sutkada 596 nəfər COVID-19-a yoluxub
Mənəvi-əxlaqi məsələ: dəstək postlarını silənləri boykot etməli, etməməli?
Dövlət səviyyəsində iflasın ayaq səsləri - Paşinyanın müavinindən acı etiraf
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən sevgisi nədir?

23
(Yenilənib 18:29 28.11.2020)
Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır.

BAKI, 28 noyabr — Sputnik. Sevgilərin ünvanı müxtəlif olur. İnsan həmişə nəyisə sevməyə möhtac hiss edir özünü. Bəzən də bu sevgilər insanın öhdəsinə çevrəsi tərəfindən məsuliyyət, borc kimi qoyulur: “sən Tanrını sevməlisən”, “sən ananı, atanı sevməlisən”, “sən vətəni sevməlisən” və s. Bəs insan özünə öhdəlik kimi diqtə edilən bu və ya digər nəsnələri sevməyə məcburdurmu?

Əlbəttə, həyatda hər şeyin bir alqoritmi, məntiqi olduğu kimi, sevginin də məntiqi var. Sevginin məntiqini sadə dildə izah etməli olsam, mən onu belə şərh edərdim: sevgi, sənin üçün misli-bərabəri və bənzəri olmayan, mövcudluğu nədənsə asılı olmayan, öz varlığını və ya həyatının xoşbəxtliyini borclu olduğun nəsnəyə duyduğun heyranlıq, rəğbət, pərəstiş, bağlılıq və bir az da ona qarşı təşəkkür hissidir.

Məsələn, Tanrıya sevginin bir məntiqi var. Çünki sənin üçün inandığın Tanrının misli-bərabəri və bənzəri yoxdur, onun mövcudluğu nədənsə asılı deyil, öz varlığını da, həyatını da ona borclusan və buna görə də onu sevirsən. Tanrı nisbi anlayış olduğu üçün, yəni Tanrının varlığına inanmayan insanlar da var olduğu üçün mən daha konkret nümunə göstərə bilərəm. Məsələn, kainata qarşı dərin bir sevgi bəsləməyin məntiqi var. Çünki kainatın (hələ ki) bizə məlum olan hər hansı bir misli-bərabəri və bənzəri yoxdur, mövcudluğu nədənsə asılı deyil – ki, bu, Tanrıya inanmayanlar üçün belədir – və sən öz varlığını da kainata borclusan.

Öz həyatımızın çərçivələri daxilində də sevgilərin məntiqini axtara bilərik. Məsələn, bizim öz anamızı və atamızı sevməyimizin müəyyən bir məntiqi var. Çünki bizim üçün onların misli-bərabəri və bənzəri yoxdur, onların bizim həyatımızda indi və burada mövcud olması heç bir amildən asılı deyil və biz var olmağımızı – qismən də olsa – onlara borcluyuq. Burada sual edilə bilər ki, həqiqətən, borcluyuqmu? Çünki onlar bizi dünyaya gətirməsəydi və əgər gəlməyimiz də bir vacib şərt idisə, başqa biriləri bizi dünyaya gətirəcəkdi. Amma və lakin gətirən o qadındır, o kişidir, konkret və müəyyən edilmiş məlum bir şəxsdir və sənin ona olan sevginin bu mənada məntiqi var.

Bizim öz işimizə, peşəmizə, sənətimizə olan sevgimizin də məntiqi var. Burada söhbət öz işinə fədakarcasına yanaşan, işi üzrə amalları, prinsipləri olan, işinə həyatını həsr edənlərdən gedir. Əgər sənin işin sənin üçün həyatın qayəsidirsə və sən bu işlə çevrənə faydalı ola, özündən sonrakılara bir miras qoya bilirsənsə, öz işini sevməyin olduqca məntiqlidir. Çünki bu məqamda işinin sənin həyatında misli-bərabəri və bənzəri yoxdur, onun sənin həyatındakı indi və burada mövcudluğu nədənsə asılı deyil və sən öz xoşbəxtliyini ona borclusan.

İstər ümumi müstəvidə, istərsə də həyatımızın mücərrəd sərhədləri daxilində sevgilərimizin müəyyən bir məntiqi var. Vətən sevgisinin isə məntiqi yoxdur. Ya məntiqə sığmayacaq qədər qeyri-adi, mistik bir anlayışdır, ya da ki, bu sevgi kortəbiidir. Burada vətən anlayışının necə dəyərləndirilməsi də mühüm məsələdir. Əgər sənin üçün vətən anlayışı kainatdırsa, Yer kürəsidirsə, bunu bir məntiqə sığdırmaq mümkündür. Axı, Yer kürəsi də üzərində insan həyatının mövcud olduğunu bildiyimiz hələ ki, yeganə planetdir və bu məsələ Yer kürəsini misilsiz və bənzərsiz qılır. Düzdür, mövcudluğu Günəş sistemindən, Süd Yolu qalaktikasından və digər amillərdən asılı olsa da, sən öz mövcudluğunu ona və onun üzərində səni var edə bilən bioloji amillərin vəhdətinə borclusan. Bu mənada, sən Yer kürəsini sevdiyin qədər, Günəş sistemini, Süd yolu qalaktikasını, qalaktikalar səbətini və birbaşa kainatı da sevməlisən.

© Sputnik / Leyla Orujova / Rahim Məmmədov

Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır. Çünki sən ərazisi, sərhədləri tarixin müxtəlif dönəmlərində böyük dəyişikliklərə uğramış və indi sənin yaşadığın dönəmdə mövcud sərhədləri ilə sənə tanıdılan bir ölkədə doğulub, həmin əraziyə vətən deyib, onu da fövqəladə bir sevgi ilə sevirsənsə, bilməlisən ki, dünyada onun onlarla, yüzlərlə və ondan daha yaxşı alternativləri var. Onun mövcudluğu da onlarla, yüzlərlə amildən asılıdır və sən öz varlığını qətiyyən ona borclu deyilsən, çünki dünyada sənin doğulduğun zamanda o ölkə olmasaydı da eyni yerdə, eyni məhəllədə, eyni evdə doğulacaqdın. Yaxud da, babaların başqa bir ölkəyə köçərdi, sən də həmin ölkədə dünyaya gələrdin. Yəni, bizə tanıdılan vətən anlayışı o qədər nisbi məsələdir ki, ona qarşı mütləq məntiqi sevgidən söhbət belə gedə bilməz.

Bəs niyə insanlar vətəni böyük və müqəddəs bir sevgi ilə sevir, hətta, onun uğruna canlarından keçirlər? Bu, geniş söhbətin mövzusudur. Lakin unutmamalıyıq ki, hər şeyin təməlində dünyadakı insanların kortəbii şəkildə özünə deyilənlərlə, öyrədilənlərlə yaşamaları durur. Və bunu sorğulamadan icra etmələri...

23
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Məsuliyyət disiplin: Koronavirusa qalib gəlməyin yolları

65
Riayət etdiyimiz qaydaların gələcəyimizə, xüsusilə övladlarımıza və digər doğmalarımıza faydalı olacağına inansaq, bu bəlaya qalib gəlməyimiz çətin olmayacaq.

Həyatımızı və düzənimizi dəyişən "taclı bəla"nın yayılması son günlər kəskin şəkildə artıb. Həm dünyada, həm də ölkəmizdə vəziyyət getdikcə qəlizləşir. Xəstəxanaların vəziyyətindən xəbərdar olanlar, vəziyyətin niyə qəliz olduğunu yəqin ki, anlayrırlar. Təcrübə göstərdi ki, bütün dünya bu bəlanın qarşısında hələki çarəsiz vəziyyətdədir. İlin əvvəlində Avropa ölkələrində yaşanan narahatlıq, indi bizim qapımızı döyür. Görülən tədbirlərin, tətbiq olunan qadağaların, qapanmaların, açılmaların effektivliyi də göz qabağındadır. Bu barədə uzun-uzadı yazmağa, danışmağa ehtiyac yoxdur. Son günlərin statistikası vəziyyətin ciddi olduğunu gözlər önünə sərir. Artıq, "Mən koronaya inanmıram"– lağlağısının yeri deyil. İnansaq da, inanmasaq da pandemiya dünyaya meydan oxuyur.

***

Mütəxəsislər yoluxmanın və ölümlərin nisbətən az olduğu isti aylarda payız-qış mövsümündə yoluxmalarda kəskin artım olacağı ilə bağlı xəbərdarlıq etsələr də, dəyişən heç nə olmadı. Özümüzü və ətrafımızı qorumalı olduğumuz halda, yenə biganə davrandıq. Heç kəsə sirr deyil ki, koronavirusun yayılmasında əsas faktor insandır. Əgər insanlar bu məsələdə məsuliyyətli olmasa, yoluxmanın sürətlə artmasına mane olmaq daha da çətinləşəcək. Üstəlik, xəstəxanalarda müalicə alanların sayının artması, həkimlərin daha ağır xəstələrə nəzarət etmək imkanını azaldır. Dolayısıyla, hər bir məsuliyyətsiz addım, ətrafımzdakı onlarla insana təhlükə yaradır. Qarabağ müharibəsində ardıcıl qazanılan zəfərlər bizdə eyforiyaya səbəb olub. Bunu zəfər yürüşlərində də müşahidə etmək çətin deyildi. O müdhiş sevincin qarşısında insanları "Niyə yürüş edərkən maskadan istifadə etmirdiniz?" – deyə qınamaq da olmur. Zəfər sevinci elə bir hissdir ki, sosial məsafə, maska, dezinfektan heç kəsin yadına düşmür. O xoşbəxt anlarda adam bütün mənfi şeyləri unudur. Çox yaxşı haldır ki, insanlarımızın bu xoş aurası bu gün də davam edir. Ancaq bu rahatlığın təhlükəli tərəfi də var: məsuliyyət hissimiz azalır və "taclı bəla" öz arealını genişləndirir. Bu gün yenidən birliyə və həmrəyliyə ehtiyacımız var.

***

Sözün düzü, koronaya yoluxmamaq üçün nələrə riayət etməli olduğumuzu hamımız bilirik. Əgər ilin əvvəlində naməlum düşmənə qarşı təşviş içərisində mübarizə aparırdıqsa, indi bu virus haqqında kifayət qədər məlumatlıyıq. Qoyulan qadağalar kifayət qədər yumşaldılıb. Həyatımızdan bu bəlanın biryolluq çıxıb getməsi üçün özümüzü və ətrafımızı düşünmək, diqqətli və məsuliyyətli olmaqdan başqa yolumuz yoxdur.

***

Bu gün yoluxma riski hər yerdə yüksək olsa da, insanların daha sıx olduğu yerlərdən uzaq gəzmək, bu sıxlığa səbəb olmamaq vacibdir. Düşünürəm ki, insanlarla daha sıx ünsiyyətdən yayınmaq da bu dönəm üçün vacibdir. Maskadan istifadə etməli, gigiyeniya qaydalarına riayət etməliyik. Açıq havada maskadan istifadə etməklə bağlı qoyulan qadağa hamıya qəribə görünsə də, düşünürəm ki, bu məsuliyyət hissini artırmaq, disiplin yaratmaq üçün müəyyən təsirə malik olacaq. Pandemiya ilə mübarizə apardığımız bu dönəmdə hətta absurd görünən qadağalara da riayət etmək, öz davranışımızla ətrafımıza yaxşı nümunə göstərmək məcburiyyətindəyik.

***

Əzizlərimizin həyatını qorumaq, təhsil sistemimizin və həyatın digər sahələrinin normala dönməsi üçün bu qeyri-müəyyənliklərlə dolu günlərdə daha həssas, daha məsuliyyətli olmalıyıq. Riayət etdiyimiz qaydaların gələcəyimizə, xüsusilə övladlarımıza və digər doğmalarımıza faydalı olacağına inansaq, bu bəlaya qalib gəlməyimiz çətin olmayacaq.

Hər birimizdən tələb olunan sadəcə məsuliyyətli və diqqətli olmaqdır. Bunu bacarsaq, minlərlə insanın xilaskarı olmaq şansımız var. Bu gün özünü və ətafını qoruyan hər bir insan qəhrəmandır və hamımızın qəhrəman olmaq imkanı var. Gələcəyimiz və sağlamlığımız üçün bu qəhrəmanlığı etməliyik. Bizim yenədə birliyə, bütövlüyə, həmrəyliyə ehtiyacımız var. Yaxın tarix sübut etdi ki, biz həqiqətən birlikdə güclüyük. Bu gücümüzü gözgörünməz düşmənə də göstərməyin vaxtıdır.

65
Teqlər:
korona virusu, Koronavirus, epidemiya, COVID-19
Baş Prokurorluq

Baş Prokurorluq əhaliyə müraciət etdi - səbirli olun

0
(Yenilənib 16:15 30.11.2020)
Prokurorluq işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir

BAKI, 30 noyabr — Sputnik. Son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.

0
Teqlər:
Qarabag, Baş Prokurorluq, əhali, çağırış, təhlükə, mina, işğaldan azad edilmiş ərazilər