Poz verən qadınlar, arxiv şəkli

Dünyanı xilas edəcək düşüncə tərzi: asılılıq yaradan amillər yox olur

722
Alış-veriş bir gün dayanan kimi elə bil bir qaranlıq dünyaya düşürük, qarşıda heç bir işıq ucu görünmür. Hətta ən imkansız insanın evi belə qalaq-qalaq əşya ilə dolub daşır.

Qəribə bir zamanda yaşayırıq. Ürəyimiz istəyəni anındaca tapa bilirik, dükan-bazar hər cür malla doludur. İstəsək, lap Yaponiyadan kvadrat formada qarpız da gətizdirərik. Hər tərəfimiz əşya ilə qalaqlanıb. Hətta ən qənaətcil insan belə istər-istəməz ətrafını lazım oldu-olmadı nə iləsə doldurur.

Ata, mənə nə almısan?

Televiziyada dayanmadan reklam göstərilir, yol gedirsən, avtomobildəki radiodan reklam eşidirsən, avtobusa girirsən, gözün görür, telefonu açırsan, yenə bir yerdən çıxır. Supermarketə gedirsən, baş çıxara bilmirsən, rəflər aşıb-daşır, birinə dəyirsən, üstünə aşır. Nəyisə qırıb sındırsan belə deyirlər eybi yoxdur, təki bizdən al. Market arabasına yığılan malların bəzən sayı-hesabını itirirsən.

Evə gələrkən uşaq qapıda soruşur “ata, mənə nə almısan”, aldığını verəndə sevinir. Sabah açılanda, görürsən həmin oyuncaq artıq zibilə atılıb, ya evə səpələnib. Deyinə-deyinə yığışdırırsan. Bir gün vacib nəsə lazım olur, tapa bilmirsən. Şkafı açırsan, başına bir tıx əşya tökülür. Birtəhər yerinə dürtürsən, deyirsən, eybi yox, gedim təzəsini alaram. 

Alış-veriş bir gün dayanan kimi elə bil bir qaranlıq dünyaya düşürük, qarşıda heç bir işıq ucu görünmür. Hətta ən imkansız insanın evi belə qalaq-qalaq əşya ilə dolub daşır. Televiziya ekranında, internet kanallarında çıxış edən ekspertlər ağızdolusu iqtisadi göstəricilərin artımından danışırlar. Dünyanın ən nəhəng media qurumları hazırkı böhranın dəhşətindən, iqtisadiyyatın çökməsindən daim məlumat verirlər. İstehsal gərək bir gün belə dayanmasın, dayansa batarıq.

Yeni əşya aldıqca, daim köhnələrə yer axtarmalı oluruq

Əşya almasaq, guya hazırkı iqtisadi model işləməyəcək. Marketoloqlar gündə bir gedişə əl atmaqla insanları hələ yararlı əşyalardan yaxa qurtarmağa, yenilənməyə sövq edilər. Heç kəs hələ bir müddət öncə aldığı, hələ əməlli-başlı yararlana bilmədiyi əşyaların taleyini düşünmək istəmir.

Yeni əşya aldıqca, daim köhnələrə yer axtarmalı oluruq. Mebel rəfləri dolub daşdıqdan sonra onlardan hansısa yolla azad olmağın yolunu düşünürük. Ən sadə variant zibilə tullamaqdır, can rahatlığıdır. Amma tullamaq da olmur, axı əziyyət çəkib almısan. Adətən evdən çıxan artıq əşyaları daşıyırıq qaraja, ya da binanın bir tərəfində inşa etdiyimiz anbara yığırıq. Zaman ötür, qaraj da, anbar da aşıb-daşır. Günlərin bir günü bir yük maşını çağırıb köhnə soyuducu, televizor, mebel, tozsoran, paltaryuyandan tutmuş pas atmış alətə kimi nəyimiz varsa, daşıyırıq bağa. Bəzən öz bağımız olmayanda, qohum-əqrəba, dost-tanışda bağı olanın həyətinə daşıyırıq. Nə ki var, doldururuq hər yeri.

Bağ evində toz əlindən nəfəs almaq belə mümkün olmasa da, yenə köhnəmizdən əl çəkə bilmirik. Hətta nimdaş paltarı belə atmırıq. Düşünürük, bəlkə bağda əski əvəzi işlədərik. İllərlə qalaqlanan, sonra da çürüyən geyimə yaxın durmaq imkanımız belə olmur. Nə geyinirik, nə də əski kimi işlədirik.

“Şopoqolizm” artıq bir növ psixoloji asılılıq kimi qəbul edilir

Belə yanaşma tək bizə aid deyil, əslində. Bəzi ölkələrdə əşya aludəçiliyi epidemiya halını alıb. Məsələn, ABŞ-da artıq əşyanı yerləşdirməyə yer tapmayan amerikalılar xüsusi anbar icarə etməyə məcbur olurlar. Bir müddət ötür, icarə haqqı ödəməyə imkan olmur deyə, eləcə başını buraxırlar. Hətta bu atılmış anbar-konteynerlərin hərracı da təşkil edilir. Xüsusi televiziya kanalı da bu prosesi əks etdirir. Hərrac anbarın qapısı açılmadan reallaşır. Bir növ oyundur elə bil. Nəsə alırsan, amma nə olduğunu bilmirsən. Elə telekamera önündə anbarın qapısı açılır, əşyaların araşdırılmasına başlanılır. 

Əşya hərisliyinə müxtəlif ad verirlər. Məsələn, “şopoqolizm” artıq bir növ psixoloji asılılıq, xəstəlik kimi qəbul edilir. Müasir ingilis yazıçısı Sofi Kinsellanın “Şopoqolikin gizli aləmi” əsərinin baş qəhrəmanı Rebekka Blumvud, necə deyərlər, zəmanə uşağıdır. Londonun mərkəzində yaşayır, normal işi var, kifayət qədər pul qazanır, amma o hamıya borcludur, ev-eşiyi isə əşya ilə dolub. Aldığı geyimin bir çoxunu heç istifadə edə bilmir. Bununla yanaşı Rebekka yalnız alış-veriş barədə düşünür, başqa amalı, düşüncəsi yoxdur. Qazandığı da bank kreditlərinin ödənilməsinə xərclənir. Nə qədər çox gəliri olsa da, xeyri yoxdur. O, həmişə borcludur. Hətta ev tutmağa belə pulu yoxdur, bir rəfiqəsinin evində qalır. Daha çox qazanmaq, daha az xərcləmək istəyir, amma alınmır. Elə hey alır, alır, alır.

Rebekka kimi hazırkı dövrümüzdə milyonlarla insan var. Yenə yenisini alıb, köhnədən yaxa qurtara bilsə, bu çox pozitiv addım olar. Amma evini əşya qəbiristanlığına çevirənlər də az deyil. Qadın var, qarderobunda nəyin olduğunu dəqiq bilmir. İnsan var “Plyuşkin sindromu” adlanan xəstəliyə tutulub, yəni bir tərəfdən dükandan alıb gətirir, digər tərəfdən isə əlinə harada nə keçdi çatdırır evinə. Bir müddət sonra evdə artıq azad gəzməyə belə yer olmur. Bu, artıq xəstəliyin ifrat formasıdır. Dünya ədəbiyyatında Qobsek, Plyuşkin, Qarpaqon kimi xəsis obrazlar elə bu cür halları tam əks etdirir. İnsan özü yemir, içmir, ancaq toplamaqla məşğuldur. Hazırda ABŞ-da zibillikdə eşələnməyi sevən, oradan evinə lazımsız bir əşya gətirməkdən həzz olan insanlar da var. Özü də bir çoxu heç də kasıb təbəqəyə aid deyil. Əməlli-başlı işi, qazancı olan şəxslərdir. Amma evinə girəsi deyil, hər tərəf aşıb-daşır, ayaq qoymağa yer yoxdur.

Çin hər il milyon tonlarla zibili Avropa Birliyindən alır

Belə həyat tərzinin formalaşmasının da öz səbəbi var. Neft-qaz erasında lazımlı və ya lazımsız əşyaların istehsalı birə on artıb. Kifayət qədər yanacaq olduğundan onları dünyanın istənilən nöqtəsinə problemsiz çatdırmaq olur. Biri satır, digəri isə alır. Bir müddət sonra əşya ya zibilə atılır, ya da haradasa qalaqlanır. Bu, bir reallıqdır. Hər il dünyada zibilin həcmi bu həyat tərzinə görə birə on artır. Hətta bir ölkənin zibili bəzən digər ölkə üçün faydalı ola bilər. Deyək, Çin hər il milyon tonlarla zibili Avropa Birliyindən alır, həm də eyni miqdarda mal yollayır. Bir tərəfdən zibili emal edir, digər tərəfdən öz malını satır.

Belə yaşamağın mümkünsüzlüyünü anlamaq elə də çətin deyil. Axı Yer kürəsinin resurs imkanı tükənmək üzrədir. Buradan yeni mal istehsal edilir, oradan zibilə atılır. Nə qədər davam edəcək? Bir gün dayanmalıdır.

Azərbaycanda minimalizmlə maraqlanan kimsə tapmaq qəliz məsələdir

Dünyanın bir sıra ölkəsində yeni bir hərəkat da yaranıb: minimalizm cərəyanı. Bu ideya tərəfdarları yaşamaq üçün insana lazım olan əşyaların minimal həddə olmasının təbliğ edirlər. Həm yaşadıqları evdə əşya az olur, həm “şopinq”ə vaxt sərf etməkdən vaz keçirlər. Minimalistlər zamanı faydalı işlərə sərf etməyə can atırlar, əşyaya qulluq etməyə yox. Qəribə görünsə də, hazırda belə düşüncə tərzinə sahib olanların sayı gün-gündən artır. Həm ekologiyaya ziyan dəymir, həm də rahat yaşamaq olur. Bir növ asılılıq yaradan amillər yox olur.

Azərbaycanda minimalizmlə maraqlanan, onu təbliğ edən kimsə tapmaq qəliz məsələdir. Əhalinin çox hissəsi elə dayanmadan alır, özü də bank krediti hesabına. Bu səbəbdən banklara olan borcun da kütləsi azalmaq bilmir. Lazımsız əşyaları almaqla vəziyyəti daha da ağırlaşdırırıq. Elə bilirik, sovet dövrü bir də qayıdacaq, dükanlarda indi asanlıqla əldə etdiyimiz əşyaları bir də ala bilməyəcəyik. Hər evdə kifayət qədər kibrit, duz, şəkər, neft lampası, süpürgə tapmaq olar. Kibritə ehtiyac qalmayıb, çünki qaz sobasını avtomatik yandıran qurğu özündə quraşdırılıb. Duz, şəkər də toplamağa lüzum yoxdur, çünki hər ikisi ziyandır, bəzən heç istifadə də etmək olmaz. İşıq demək olar, daimi verilir, neft lampası ancaq dekor elementi kimi işə yarayır. Süpürgəni də tozsoran əvəzləyib, amma yenə iki-iki alırıq. Bu minvalla evi doldururuq.

Minimalizm ideologiyası dünyanı xilas edə biləcək bir düşüncə tərzidir, amma böyük monopoliyaların, reklamın, biznesin fəaliyyəti onu hər dəfə üstələyir. Deməli, ətrafdakı zibilin və əşyaların sayı azalmaq bilmir.

722
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Nağara müəllimi, AMEA üçün yataq dəsti, UEFA “absurd teatrı”

22
(Yenilənib 21:28 14.09.2020)
Pandemiya bütün dünyada elektronlaşmanı gücləndirdi. Əksər sahələrdə onlayn xidmət platformaları inkişaf etdi, istehlakçıların bu platformalardan istifadə bacarıqları artdı

BAKI, 14 sentyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Beyrutdan Qarabağa

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti bu həftə də diqqət mərkəzində oldu. Livanın Beyrut şəhərindəki partlayışdan sonra erməni əsilli ailələri Dağlıq Qarabağa köçürmək üçün səylərini artıran Ermənistan buradakı demoqrafik vəziyyəti süni şəkildə düzəltməyə çalışır. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan rəsmi Yerevanın hərəkətlərinə isə danışıqlarda vasitəçi olanlar başda olmaqla beynəlxalq təşkilatlar heç bir reaksiya vermir.  Çox təəccüblü də deyil – 30 ildir işğal altında saxlanılan ərazilərin müvafiq qətnamələrə rəğmən boşaldılmamasının yanında bu, fövqəladə məsələ deyil bəlkə də...

Nəticələr və seçimlər

Ötən həftə abituriyentlərin ali məktəbələrə qəbul imtahanlarının nəticələri məlum oldu və ixtisas seçimi başlandı.

İmtahan fənləri üzrə bütövlükdə müqayisə apardıqda, bu il Azərbaycan bölməsində Sumqayıt şəhəri, rus bölməsində isə Abşeron rayonu ən yüksək nəticə göstərib. Sumqayıtın neçə illərdir ki, birincliyinin səbəbləri öyrənilməli və tətbiq edilməlidir. Burda orta təhsilin keyfiyyətindən əlavə mühüm motivasiya olduğu hiss edilir.

İxtisas seçimi ilə bağlı daha bir mühüm detal: hər il bizdə üçüncü qrup ixtisaslarda əməlli-başlı tıxac yaranır. Yəni doğrudanmı, biz hələ də anlamırıq ki, gələcək texnologiyalar, kompüterlər, robotlarla bağlıdır – mühəndislik və proqramlaşdırma gələcəyin peşələridir. Birinci qrupda yaranan aşağı rəqabətlilik və aşağı ballar göstərir ki, xeyr, əksəriyyətimiz hələ də övladımızı hakim, prokuror, müstəntiq, vəkil, hüquqşünas kimi görmək istəyirik, mühəndisə isə bir növ fəhlə kimi baxırıq.  

Elektronlaşan dünya

Hər bir böhran həm də fürsətlər gətirir. Məsələn, pandemiya bütün dünyada elektronlaşmanı gücləndirdi. Əksər sahələrdə onlayn xidmət platformaları inkişaf etdi, istehlakçıların bu platformalardan istifadə bacarıqları artdı, xidmətlərdə xərclər aşağı düşdü. Azərbaycanda da həmçinin. Ötən həftə məlum oldu ki, ölkəmizdə elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olub.

Robotların həyatımıza gəlişi yaxşıdır, yoxsa pis?! Çevikliliyin artırılması, xərclərin azaldılması baxımından əladır, insanların iş yerlərini itirməsi baxımından isə acı...

Bütün xidmətlərin onlayn rejimə keçməsi hamının ürəyincə deyil: məsələn, qonşusu nağara müəllimi olanlar.

Maskalılar

Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı Lerik rayon məhkəməsinin təyin etdiyi  cəmi bir il müddətinə azadlıqdan məhrumetmə cəzası ləğv edildi, iş qanunvericiliyin tələbinə uyğun olaraq, yenidən tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə geri qaytarıldı.

Əgər ortada zorlama faktı varsa, məhkəminin qərarı hansı prinsiplə qəbul edilib?! Görəsən, “Qara maskalılar”ın cənub bölgəsinə səfəri olacaqmı?

Bu arada Bakı şəhər sakini C.Cümşüdov öz doğma azyaşlı qızına zor tətbiq edib, onunla cinsi əlaqədə olub. Mənəvi deqradasiya ilə mübarizə işinə isə təəssüf ki, maskalılar baxmır.

AMEA üçün yataq dəsti

AMEA-nın Mərkəzi Elmi Kitabxanası “SM Construction Supplies” MMC ilə 37 998.36 AZN dəyərində iki müqavilə imzalayıb. Şirkət kitabxananı yumşaq inventar, yataq ləvazimatları, xüsusi geyimlər və “digər mallar”la təmin etməlidir.

Mərkəzi kitabxana üçün yataq dəstinin nəyə lazım olduğu barədə çox düşünmək lazım deyil. AMEA heyətinin kainatın gələcəyinə təsir edən elmi kəşflərlə məşğul olarkən arabir istirahəti də təmin edilməlidir.

Mühüm detal

Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları qeydə alındı. Zəhərlənənlər arasında texniki heyət, İşçi qrupunun üzvləri, “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub.

Hadisənin bütün digər tərəfləri ilə yanaşı, siyasi tərəfi də nəzərdən keçirilməlidir.

Ölkədə başlanmış islahat dalğasının bir komponenti olan bu müsabiqənin təşkili zamanı belə bir hadisənin yaşanması bu dalğaya qarşı olanları yada salır.

“Absurd teatrı”

"Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə püşkə əsasən sentyabrın 16-da Bakıda qarşılaşmalı idi. Norveç hökuməti Bakıdan qayıtdıqdan sonra oyunçuların 10 günlük karantində qalmaq zərurətini əsas gətirərək, oyunun yerinin dəyişdirilməsini tələb etdi. UEFA da öz keçirdiyi püşkün nəticəsini acizanə şəkildə ləğv etdi, qarşılaşma Kiprə təyin edildi.

Məsələnin mahiyyəti bundan ibarətdir ki, Norveç Avropa Birliyinə üzv olmayan dövlətlərdən geri qayıdan bütün şəxslərə 10 gün karantin tətbiq edir. Yəni pandemiyanın real vəziyyəti yox, hansı təşkilta üzvlük əsas götürülür. Birliyə üzv olan İspaniya və Fransada koronavirusa yoluxma və ölüm statistikası Azərbaycandan dəfələrlə çoxdur, amma orda oynamaq olar, bizdə yox. UEFA-nın da qoşulduğu bu kompozisiyaya bir ad tapmaq olur: “absurd teatrı”.

Təəssüf ki, “Qarabağ” adının olduğu bütün məsələlərdə ikili standartlarla üzləşirik. Odur ki, güclünün haqlı olduğu bugünkü reallıqda futbolçularımız bu haqsızlığa yalnız əzmkar qələbə ilə cavab verməlidirlər.

22
İnsan, arxiv şəkli

Gələcəyimizi təhdid edən "yenilik"lər - təhlükə hələ keçməyib

1430
(Yenilənib 01:07 12.09.2020)
Gələcək nəslin təhsili və tərbiyəsi bütün zamanlar üçün ən aktual məsələdir. Xüsusən indiki çağda bu məsələyə ciddi yanaşmaq vacibdir.

BAKI, 11 sentyabr — Sputnik. Gələcək nəslin təhsili və tərbiyəsi bütün zamanlar üçün ən aktual məsələdir. Xüsusən indiki çağda bu məsələyə ciddi yanaşmaq vacibdir. Övladlarımızın tərbiyəsində adətən mükəmməl hesab etdiyimiz təcrübələrə, eyni zamanda ənənələrə və valideyinlərimizdən, bizdən öncəki nəsildən görüb-götürdüklərimizə əsaslanırıq. Modern dünyada peşəkar psixoloq və pedaqoqlara müraciət edənlər, hər şeyi “kitabına uyğun” qurmağa çalışanlar da az deyil. Elə bizdə də övladının təlim-tərbiyəsində peşəkar uşaq psixoloqları məsləhətləşənlər, dünya miqyasında özünü doğrultmuş müəlliflərin kitablarına müraciət edənlər az deyil.

İnkişaf etmiş ölkələr təbii olaraq, bu məsələdə bizdən daha həssas və deyərdim ki, daha uğurludur. Bunun da çox ciddi iqtisadi, sosial səbəbləri var və bu barədə başqa bir yazıda daha ətraflı polemika açmaq mümkündür.

Heç kəsə sirr deyil ki, cəmiyyətimizdə valideyin-övlad münasibətlərində ciddi problemlər var. Xüsusilə yeniyetmə yaş dövründə mental dəyərlər, ənənəvi tərbiyə üsulları ucbatından valideyn-övlad münasibətində qopan bağlar övladlarımızın həyatında ciddi boşluqlar yaradır. Ənənəvi tərbiyə metodları, mentalitetə söykənən və “öyüd-nəsihət” janrından o tərəfə keçməyən münasibətlər övlad tərbiyəsində ciddi problemlərə səbəb olur.

***

Yaşıdlarım təsdiq edərlər, bizim nəslin uşaqlığı kifayət qədər ağır, çətin dövrə təsadüf etsə də, biz daha xoşbəxt, daha bəxtiyar idik. Oxuduğumuz kitablar, oynadığımız oyunlar, qurduğumuz dostluqlar bu gün də həyatımıza öz müsbət təsirini göstərir. Bizim kitablardan tanıdığımız, bənzəmək istədiyimiz qəhrəmanlar vardı, o qəhrəmanlar ki, bizim gələcək seçimlərimizə, formalaşmağımıza yön verirdi. Biz həyatı kitablardan öyrənir, dünyanı kitablarla tanıyırdıq. Valideynlərimizdən gördüyümüz nümunə bu idi. Evlərdə kitab rəfləri, vərəqləri solmuş, oxunmaqdan yıpranmış kitablar, dərgilər, qəzetlər olardı. Axşamlar valideynlərimiz neft lampasının işığında belə kitab oxuyurdularsa, artıq bizə “kitab oxu” deməyə ehtiyac qalmırdı. Sözsüz ki, dəcəlliklərimiz, yaramazlıqlarımız da olurdu. Bizi də cəzalandırır, müəyyən qadağalar qoyurdular. Ancaq uşaqlığımızı doya-doya, zövq alaraq, xoşbəxt yaşayırdıq. Ehtiyaclar, sıxıntılar, problemlər bizim ürəkdən gülməyimizə, müxtəlif oyunlar kəşf edib oynamağımıza, coşğunluğumuza mane olmurdu.

Bizim xəyalını qura bilməyəcəyimiz yeniliklər indiki nəsil üçün əlçatandır. İndiki uşaqlar dünyanı ağıllı telefonlardan, planşetlərdən, oyun konsollarından, bilgisayarlardan öyrənirlər. Bunun nə qədər müsbət tərəfləri olsa da, bir o qədər də mənfi, təhlükəli tərəfləri var. Valideyn nəzarətini minimuma endirən bu müasir kəşflər övladlarımız üçün hazırda ən böyük təhlükə mənbəyidir. Xüsusilə də pandemiya dönəmi, virtual təhsil bu müasir kəşfləri övladlarımız üçün daha da əlçatan etdi. Övladlarımıza qoyduğumuz qadağaları məcburən yumuşaltdıq. Çünki artıq təhsil üçün də qadağa qoyduğumuz telefonlara, planşetlərə ehtiyac yarandı.

***

Bizim bənzəmək istədiyimiz nağıl, hekayə, roman, film qəhrəmanları vardı, övladlarımız "TikTok" fenomenlərinə, yutuberlərə, vaynerlərə bənzəməyə çalışırlar.

Ağlllı telefonların əlçatan və populyar tətbiqləri, bu tətbiqlər və sosial platformalar vasitəsilə məşhur olan beyinsizlər övladlarımızın kumirinə, qəhrəmanına çevrilirlər.

Aylar öncə 12 yaşlı oğlumun milyonlarla izləyicisi olan türkiyəli yutuberə heyranlıqla məktublar, şərhlər yazdığını öyrənəndə ciddi narahatlıq keçirmişdim. Heç bir müsbət keyfiyyəti olmayan, mənasız və məzmunsuz, yüngülməcaz videoları ilə məşhurlaşan, adını çəkmək istəmədiyim türkiyəli gəncin ölkəmizdə də onminlərlə izləyicisi varmış. Və bunun böyük hissəsi uşaqlardır. Oğlum artıq yutuber olmağı, gələcəkdə bu yolla məşhurlaşmağı, şöhrət qazanmağı arzulayırdı. Hətta özünə sosial şəbəkələrdə həmin yutuberin fanatı kimi səhifələr açmışdı. "TikTok" videoları çəkməyə yenicə başlamışdı ki, prosesdən xəbərdar oldum. İllərdir çəkdiyim əziyyətlər, elmə, oxumağa təşviq edən yazılarım, kitablarım, tənqidi çıxışlarım kino lenti kimi gözümün qarşısından keçdi. Necə böyük təhlükə ilə üz-üzə qaldığımı dərk edəndə üşəndim, qorxdum.

Hələ səkkiz yaşında həvəslə kitabxanaya gedən oğluma sərt qadağa qoymağım, ona nəzarət etməyim mümkün olmadığı üçün, onu yenidən kitab oxumağa təşviq etməyə başladım. Oxumağa təşviq etdiyim kitablar, hədiyyə etdiyim gitara, sosial şəbəkələr, trendlər, fenomenlər haqda etdiyim söhbətlər yavaş-yavaş öz bəhrəsini verməyə başladı...

***

Şübhəsiz ki, övladım üçün təhlükənin tamamilə ötüb keçdiyini düşünmürəm. Ancaq dəqiq bilirəm ki, övladlarımıza mümkün olduğu qədər faydalı vərdişlər aşılamalı, onların müasir kəşflərdən daha faydalı məqsədlər üçün istifadə etməyinə çalışmalıyıq.

Valideynlərimiz bizi küçədəki, tindəki təhlükələrdən qorumağa çalışırdılar. Məsələn, bizim üçün zərərli hesab edilən şey xəlvəti siqaret çəkmək idisə, övladlarımız üçün "TikTok" videosu çəkməkdir. Övladlarımızı təhdid edən təhlükələr, bizi təhdid edən təhlükələrdən tamamilə fərqlidir. İnternetin imkanları sayəsində “tiktokerlər”, yutuberlər düz evimizin içinə “soxulur”, gözümüzün qarşısında övladlarımıza ciddi təhlükə yaradırlar.

Anlayıram ki, müasir inkişafın, bu cür təhlükəli “yenilik”lərin qarşısını almaq, ona qarşı çıxmaq mümkün deyil. Övladlarımızı bu təhlükədən qorumaq üçün şəxsi nümunə göstərməli, onları zərərli məşğuliyyətlərdən çəkindirmək üçün onlara doğru olanı tövsiyə etməliyik.

İndi gələcəyimizi təhdid edən “müasirlik”dir – ucuz, səviyyəsiz, qarşısıalınmaz internet bəlası, sosial şəbəkə fenomenləri, "Youtube" trendləri və “tiktokerlər”. Övladlarımızı bu zombilərdən qorumaq üçün daha diqqətli olmalı, onları daha ciddi mənbələrlə tanış etməliyik. Və şübhəsiz ki, onları oxumağa təşviq etməli, kitabı sevdirməliyik.

1430
Teqlər:
TikTok, video, yenilik, kitab, məsuliyyət, valideyn, övlad, tərbiyə
Əlaqədar
Valideynlərin köhnə dərdi ikiqat təzələndi, ən pisi - bu dəfə heç kim heç nə bilmir
"Əti sənin, sümüyü mənim" dedirtməyənlər - tək dərd pulda deyil ki...
Gələcəyin məsuliyyətsiz insanı ailədə formalaşır, çünki ata sözündə durmur...
Tək ciyərimizi deyil, beynimizi də vurur: Pandemiya və ailələr - durum göz qabağındadır
Gözdən qaçırdığımız təhlükə - Uşaqlara aid ədəbiyyatda onlara "məşuqə olmaq" aşılanır?!
Günəş, arxiv şəkli

İstirahət gününüz belə keçəcək

0
Sentyabrın 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var

BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 22-24, Bakıda gecə 18-20, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq.

Sentyabrın 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 25-29, dağlarda gecə 10-15, gündüz 17-21 dərəcə isti olacaq.

0