İnsan, arxiv şəkli

Gələcəyimizi təhdid edən "yenilik"lər - təhlükə hələ keçməyib

1463
(Yenilənib 01:07 12.09.2020)
Gələcək nəslin təhsili və tərbiyəsi bütün zamanlar üçün ən aktual məsələdir. Xüsusən indiki çağda bu məsələyə ciddi yanaşmaq vacibdir.

BAKI, 11 sentyabr — Sputnik. Gələcək nəslin təhsili və tərbiyəsi bütün zamanlar üçün ən aktual məsələdir. Xüsusən indiki çağda bu məsələyə ciddi yanaşmaq vacibdir. Övladlarımızın tərbiyəsində adətən mükəmməl hesab etdiyimiz təcrübələrə, eyni zamanda ənənələrə və valideyinlərimizdən, bizdən öncəki nəsildən görüb-götürdüklərimizə əsaslanırıq. Modern dünyada peşəkar psixoloq və pedaqoqlara müraciət edənlər, hər şeyi “kitabına uyğun” qurmağa çalışanlar da az deyil. Elə bizdə də övladının təlim-tərbiyəsində peşəkar uşaq psixoloqları məsləhətləşənlər, dünya miqyasında özünü doğrultmuş müəlliflərin kitablarına müraciət edənlər az deyil.

İnkişaf etmiş ölkələr təbii olaraq, bu məsələdə bizdən daha həssas və deyərdim ki, daha uğurludur. Bunun da çox ciddi iqtisadi, sosial səbəbləri var və bu barədə başqa bir yazıda daha ətraflı polemika açmaq mümkündür.

Heç kəsə sirr deyil ki, cəmiyyətimizdə valideyin-övlad münasibətlərində ciddi problemlər var. Xüsusilə yeniyetmə yaş dövründə mental dəyərlər, ənənəvi tərbiyə üsulları ucbatından valideyn-övlad münasibətində qopan bağlar övladlarımızın həyatında ciddi boşluqlar yaradır. Ənənəvi tərbiyə metodları, mentalitetə söykənən və “öyüd-nəsihət” janrından o tərəfə keçməyən münasibətlər övlad tərbiyəsində ciddi problemlərə səbəb olur.

***

Yaşıdlarım təsdiq edərlər, bizim nəslin uşaqlığı kifayət qədər ağır, çətin dövrə təsadüf etsə də, biz daha xoşbəxt, daha bəxtiyar idik. Oxuduğumuz kitablar, oynadığımız oyunlar, qurduğumuz dostluqlar bu gün də həyatımıza öz müsbət təsirini göstərir. Bizim kitablardan tanıdığımız, bənzəmək istədiyimiz qəhrəmanlar vardı, o qəhrəmanlar ki, bizim gələcək seçimlərimizə, formalaşmağımıza yön verirdi. Biz həyatı kitablardan öyrənir, dünyanı kitablarla tanıyırdıq. Valideynlərimizdən gördüyümüz nümunə bu idi. Evlərdə kitab rəfləri, vərəqləri solmuş, oxunmaqdan yıpranmış kitablar, dərgilər, qəzetlər olardı. Axşamlar valideynlərimiz neft lampasının işığında belə kitab oxuyurdularsa, artıq bizə “kitab oxu” deməyə ehtiyac qalmırdı. Sözsüz ki, dəcəlliklərimiz, yaramazlıqlarımız da olurdu. Bizi də cəzalandırır, müəyyən qadağalar qoyurdular. Ancaq uşaqlığımızı doya-doya, zövq alaraq, xoşbəxt yaşayırdıq. Ehtiyaclar, sıxıntılar, problemlər bizim ürəkdən gülməyimizə, müxtəlif oyunlar kəşf edib oynamağımıza, coşğunluğumuza mane olmurdu.

Bizim xəyalını qura bilməyəcəyimiz yeniliklər indiki nəsil üçün əlçatandır. İndiki uşaqlar dünyanı ağıllı telefonlardan, planşetlərdən, oyun konsollarından, bilgisayarlardan öyrənirlər. Bunun nə qədər müsbət tərəfləri olsa da, bir o qədər də mənfi, təhlükəli tərəfləri var. Valideyn nəzarətini minimuma endirən bu müasir kəşflər övladlarımız üçün hazırda ən böyük təhlükə mənbəyidir. Xüsusilə də pandemiya dönəmi, virtual təhsil bu müasir kəşfləri övladlarımız üçün daha da əlçatan etdi. Övladlarımıza qoyduğumuz qadağaları məcburən yumuşaltdıq. Çünki artıq təhsil üçün də qadağa qoyduğumuz telefonlara, planşetlərə ehtiyac yarandı.

***

Bizim bənzəmək istədiyimiz nağıl, hekayə, roman, film qəhrəmanları vardı, övladlarımız "TikTok" fenomenlərinə, yutuberlərə, vaynerlərə bənzəməyə çalışırlar.

Ağlllı telefonların əlçatan və populyar tətbiqləri, bu tətbiqlər və sosial platformalar vasitəsilə məşhur olan beyinsizlər övladlarımızın kumirinə, qəhrəmanına çevrilirlər.

Aylar öncə 12 yaşlı oğlumun milyonlarla izləyicisi olan türkiyəli yutuberə heyranlıqla məktublar, şərhlər yazdığını öyrənəndə ciddi narahatlıq keçirmişdim. Heç bir müsbət keyfiyyəti olmayan, mənasız və məzmunsuz, yüngülməcaz videoları ilə məşhurlaşan, adını çəkmək istəmədiyim türkiyəli gəncin ölkəmizdə də onminlərlə izləyicisi varmış. Və bunun böyük hissəsi uşaqlardır. Oğlum artıq yutuber olmağı, gələcəkdə bu yolla məşhurlaşmağı, şöhrət qazanmağı arzulayırdı. Hətta özünə sosial şəbəkələrdə həmin yutuberin fanatı kimi səhifələr açmışdı. "TikTok" videoları çəkməyə yenicə başlamışdı ki, prosesdən xəbərdar oldum. İllərdir çəkdiyim əziyyətlər, elmə, oxumağa təşviq edən yazılarım, kitablarım, tənqidi çıxışlarım kino lenti kimi gözümün qarşısından keçdi. Necə böyük təhlükə ilə üz-üzə qaldığımı dərk edəndə üşəndim, qorxdum.

Hələ səkkiz yaşında həvəslə kitabxanaya gedən oğluma sərt qadağa qoymağım, ona nəzarət etməyim mümkün olmadığı üçün, onu yenidən kitab oxumağa təşviq etməyə başladım. Oxumağa təşviq etdiyim kitablar, hədiyyə etdiyim gitara, sosial şəbəkələr, trendlər, fenomenlər haqda etdiyim söhbətlər yavaş-yavaş öz bəhrəsini verməyə başladı...

***

Şübhəsiz ki, övladım üçün təhlükənin tamamilə ötüb keçdiyini düşünmürəm. Ancaq dəqiq bilirəm ki, övladlarımıza mümkün olduğu qədər faydalı vərdişlər aşılamalı, onların müasir kəşflərdən daha faydalı məqsədlər üçün istifadə etməyinə çalışmalıyıq.

Valideynlərimiz bizi küçədəki, tindəki təhlükələrdən qorumağa çalışırdılar. Məsələn, bizim üçün zərərli hesab edilən şey xəlvəti siqaret çəkmək idisə, övladlarımız üçün "TikTok" videosu çəkməkdir. Övladlarımızı təhdid edən təhlükələr, bizi təhdid edən təhlükələrdən tamamilə fərqlidir. İnternetin imkanları sayəsində “tiktokerlər”, yutuberlər düz evimizin içinə “soxulur”, gözümüzün qarşısında övladlarımıza ciddi təhlükə yaradırlar.

Anlayıram ki, müasir inkişafın, bu cür təhlükəli “yenilik”lərin qarşısını almaq, ona qarşı çıxmaq mümkün deyil. Övladlarımızı bu təhlükədən qorumaq üçün şəxsi nümunə göstərməli, onları zərərli məşğuliyyətlərdən çəkindirmək üçün onlara doğru olanı tövsiyə etməliyik.

İndi gələcəyimizi təhdid edən “müasirlik”dir – ucuz, səviyyəsiz, qarşısıalınmaz internet bəlası, sosial şəbəkə fenomenləri, "Youtube" trendləri və “tiktokerlər”. Övladlarımızı bu zombilərdən qorumaq üçün daha diqqətli olmalı, onları daha ciddi mənbələrlə tanış etməliyik. Və şübhəsiz ki, onları oxumağa təşviq etməli, kitabı sevdirməliyik.

1463
Teqlər:
TikTok, video, yenilik, kitab, məsuliyyət, valideyn, övlad, tərbiyə
Əlaqədar
Valideynlərin köhnə dərdi ikiqat təzələndi, ən pisi - bu dəfə heç kim heç nə bilmir
"Əti sənin, sümüyü mənim" dedirtməyənlər - tək dərd pulda deyil ki...
Gələcəyin məsuliyyətsiz insanı ailədə formalaşır, çünki ata sözündə durmur...
Tək ciyərimizi deyil, beynimizi də vurur: Pandemiya və ailələr - durum göz qabağındadır
Gözdən qaçırdığımız təhlükə - Uşaqlara aid ədəbiyyatda onlara "məşuqə olmaq" aşılanır?!
Məktəbli

Sönük təhsil ya niyə bir uşağın videosu digər uşağa dərslikdən daha maraqlıdır?

27
(Yenilənib 23:18 25.01.2021)
Koronavirus pandemiyası artıq bir ilə yaxındır uşaqları məktəbdən uzaq salıb. Bir neçə il öncə hər addımda rastlaşdığımız planşet və telefonun ziyanından bəhs edən videolar da nədənsə yoxa çıxıb.

Koronavirus pandemiyası artıq bir ilə yaxındır uşaqları məktəbdən uzaq salıb. Bir neçə il öncə hər addımda rastlaşdığımız planşet və telefonun ziyanından bəhs edən videolar da nədənsə yoxa çıxıb. Televiziya ekranından hər gün “evdə qal, özünü qoru” çağırışları səbəbindən hətta virtual dünyadan uzaq olan hər bir məktəbli artıq onlayn həyat yaşamağa məhkum olub. 

Dərsin biri bir vaxt başlayır, digəri başqa vaxt

Evdə bir neçə uşağı olan ailələrdə vəziyyət olduqca maraqlıdır. Uşağın biri səhər növbəsində məşğul olur, digəri günorta. Dərsin biri bir vaxt başlayır, digəri başqa vaxt. Hansı otağa girsən, əlində planşet və ya telefon tutmuş övladına rast gəlirsən. Təhsil Nazirliyindən qəribə göstərişlər də gəlir: nə bilim, məktəbliyə ağ köynək, qalstuk geyindirib planşetin qarşısında əyləşdirmək lazımdır. Məktəbli də əlini əlinin üzərinə qoyub ekrana baxmalıdır.

30 ildir müstəqillik əldə etmişik, dünyanın ən aparıcı təhsil sistemləri ilə tanış olmuşuq, amma sovetdən qalma qaydalardan hələ də bərk-bərk yapışırıq. Bir az rahatlığı var uşağın, onu da əlindən almaq istəyirik. Ciddi məsələlər isə qalır kənarda.

Uşağın təhsilə marağının azalması elə mənasız dərsliyə, yararsız testə bağlıdır. Məktəbliyə təsviri-incəsənət testində verilən suallara nəzər yetirsək, mənzərənin nə yerdə olduğunu anlaya bilərik. Sual: “Hansı söz latın dilində tərcümədə rəng deməkdir”. 3 cavab: a. Color b. Kolorit c. Fon. Uşaq Azərbaycan dilində oxuyur “color”, deyirsən “kolor”, deyir, axı “color” yazılıb, nə olan bir şeydir? İbtidai sinif şagirdi nə bilir latın dili nədir? Latın dilini yalnız Tibb Universiteti və filologiya fakültələrində keçirlər. Lotereya oynayır elə bil. Ağlına gələn bir cavabı verməlidir.

Ya da, belə bir sual: Cümləni tamamla – “Toxuculuq sənətində ipliyin hörülən düyünü..., bu ilməni saxlayan əsas iplər isə …, adlanır”. Özü də cavaba görə düz 15 bal verilir. Bəli, təsviri incəsənət kitabında bu barədə məlumat var, düyün ilmədir, əsas iplər isə əriş. Bunları heç bir halda uşaq yadda saxlaya bilməyəcək. Adi söz yığınıdır, gərək biliyi möhkəmləndirən əyani vəsait olsun, uşaq xalçanı gözü ilə görsün, ya da xalça toxumağı əks etdirən animasiya filminə baxsın, beş-on dəfə təkrarlasın. Xalça muzeyində olsun, əlini ilməyə və ərişə toxundursun. Yoxsa bu bilik qazanmaq yox, vaxt ötürməkdən başqa bir şey deyil.

Müəllim ya ciy-ciy ciyildəyir, ya “ç” əvəzinə “ts” deyir

Valideyn evdə karantində oturduqca, hər gün ibtidai sinif müəlliminin qüsurlu nitqinə qulaq asmağa məcbur olur. Bu nitq öz-özünə düzələn iş deyil axı, bunu işə götürəndə bir baxan olmayıb yəqin. Müəllim ya ciy-ciy ciyildəyir, ya “ç” əvəzinə “ts” deyir, ya da nəsə başqa qüsura yol verir. İbtidai sinif dərsliklərində isə o qədər problem var, sözlə deyiləsi deyil. 3-cü sinif şagirdi heç Salur Qazan sözünü əməlli-başlı deyə bilmir, Qaraca çobanın kimliyini də anlamır. Oxuyur, amma anlamır. “Dədə Qorqud” dastanı kiçik uşaq beyni üçün anlaşılmaz bir məfhuma çevrilir. Dastana həm də gərək vizual baxasan, film hələ uşağa çətin gəlir, ayrı-ayrı səhnələrin isə animasiya variantı ya yoxdur, ya da anlaşıqlı deyil. Ümumiyyətlə, fərli vizual görüntünün olmamasından əziyyət çəkirik.

Animasiya yoxdur, müasir filmlər çəkilmir. Əslində, Azərbaycanda Mədəniyyət Nazirliyinin xətti ilə həm “Dədə Qorqud”, həm “Koroğlu” dastanlarının yeni versiyaları çoxdan çəkilməli idi. Animasiyası da, bədii və hətta sənədli filmləri də olmalı idi. Uşaqlar üçün adaptasiya olunmuş animasiya filmləri həm gözəl nitqi olan aktyorların ifasında səsləndirilməli idi. Bu günün uşağı çox böyük imkana malikdir. "Disney" filmlərinə HD formatda baxırsa, artıq ağ-qara Azərbaycan filmlərinə baxmaqda maraqlı deyil, o filmlər bir qədər primitiv görünür müasir uşağa. Dünya kinosu və animasiyasında maraqlı süjetlər dəfələrlə çəkilib. Şekspirin “Hamlet” əsərinin onlarla versiyası var. Amma biz Qaraca Çobanı uşağa izah edə bilmirik.

Eləcə də Süleyman Sani Axundovun “Qaraca qız” əsərinin məğzini də ibtidai sinif şagirdinə izah etmək asan məsələ deyil. Hadisələr ötən əsrin əvvəlində baş verib, bu günün uşağı bunlardan xeyli uzaqdır. 1966-cı ildə çəkilmiş film də bir qədər köhnəlib. Klassik ədəbiyyata yeni baxış bucağından baxmağın vaxtı çatıb.

Azərbaycan interneti məlumat baxımından olduqca kasaddır

Hazırda dünya kinosunda hətta klassik süjetləri müasir interpretasiyada təqdim etmək ənənəsi yer alıb. Məsələn, detektiv janrının banilərindən biri olan ingilis yazıçısı Artur Konan Doylun “Şerlok Holmsun macəraları” əsəri dəfələrlə ekranlaşdırılıb. Kraliça Viktoriyanın dövründə yaşamış Şerlok Holms və doktor Vatsonun macəralarını elə Böyük Britaniyada yenidən çəkiblər. “Şerlok” serialında detektiv ustadı yeni texnologiyalardan məharətlə istifadə edir, elə bil anadan olandan smartfonla yatıb-durub. Çox maraqlı və cəlbedici bir serialdır, tam müasir formatda, amma klassik süjet xətti gözlənilməklə çəkilib. Klassik ədəbiyyata maraq yaratmağın yollarından biri də əsərlərə yanaşmada yenilik tətbiq etməkdən keçir.

Azərbaycan interneti məlumat baxımından olduqca kasaddır. Uşaqların informasiya tələbatını ödəməkdə acizdir bir növ. Dərsliklərdə verilən materiallar çox vaxt isə nə ibtidai sinif şagirdinin dünyagörüşünə uyğundur, nə də söz bazasına. Müasir uşaq dərsi hərtərəfli qavramaq istəyir, bunun üçün isə imkan yoxdur. Klassik filmlər yenilənmir, animasiya filmləri çəkilmir, Qaraca qız, Salur Qazan, Koroğlu, Dədə Qorqud və digər personajların kimliyini bildirən videolar, infoqrafikalar və ya videoinfoqrafikalar da yoxdur. Kimdir Salur Qazan? Şagird adı axtarışda yazmaqla görüntülü məlumata çıxış əldə edə bilərdi. Uşaqlar heç axtarış sistemində heç nəsə yazmaq belə istəmirlər. Süni intellektə səs atmaqla nəticə gözləyirlər.

Məktəbli bu internet “ulduz”larının davranışını təkrarlamaqdan həzz alır

Bu günün məktəblisi Azərbaycan kanallarına baxmır, maraqlı deyil. “Youtube”-un Azərbaycan seqmentində kontent axtarsa da, tapa bilmir, tapsa da, ona maraqlı deyil. İnternetdə Rusiya və Ukraynadan olan Katya, Maksim, Vlad, Kamil və Aminka, Nastya, Diana, Roma, Amelka Karamelka kimi yutuberlərlə yanaşı adını bilmədiyimiz onlarla Çin və Koreya blogerlər var. Nə qədər desən, atlanıb düşsünlər, danışsınlar, saç-başını rəngləsinlər, ev-eşiyi dağıtsınlar. Bir müddət sonra baxırsan, uşaqlar evdə salamat bir nəsə qoymayıblar: əşyaları kəsib doğrayıb, sonra da rəngləyiblər. Kimsə də özünü bu avara qızlara bənzətmək üçün hətta öz saçını belə kəsə bilər. Evin divarını da, üz-gözü də rəngləmək adi məsələdir. Məktəbli həmin bu internet “ulduz”larının davranışını təkrarlamaqdan həzz alır. Qaraca çoban isə orta əsrlərdən gələn bir qəhrəmandır, film özü də bir az köhnəlib, uşağa maraqlı deyil.

"TikTok", "Instagram", "Youtube" kimi platformalarda bizim blogerlərin səsi gəlmir. Gəlsə də, elə “Amelka Karamelka” kimi mənasız bir kanaldan heç də yaxşı deyil. Məktəbliyə nə bir dərslik, nə də bir fərli kontent təklif edə bilmirik. Bir alternativi yoxdur. Bu boyda sivilizasiya qurmuşuq, amma uşaqlara digər uşaqların qurduğu səhnələr daha maraqlıdır. Nə qədər mənasız olsa da, baxacaqlar. “Çelenc”, “otkusi, lizni ili niçeqo”, “sirenoqolovıye” kimi ifadələr onların dilindədir.

Ya özümüz nəsə yaratmalıyıq, ya da əcnəbi blogerlər bizim uşaqlardan özlərinə bənzər “dəli yığıncağı” yaradacaqlar. Özü də burada həm Mədəniyyət Nazirliyi, həm Təhsil Nazirliyi birgə çalışmalıdır. Mədəniyyət Nazirliyi köhnəlmiş kontenti yeniləməli, yeni formatda bədii və animasiya filmləri çəkməli, Təhsil Nazirliyi isə nitqi qüsurlu müəllimlər üçün natiqliq kursları təşkil etməklə təsdiqlədiyi dərsliklərə yenidən nəzər salmalıdır. Yoxsa, uşaqlar əldən gedəcək. Valideynlər də hərdənbir övladları ilə söhbət etsələr, ən azı xarici dildə filmə baxan uşaqları doğma Azərbaycan dilini unutmazlar.

27
Ermənistanlar sərhəddə Azərbaycan hərbçisi, arxiv şəkli

Türkmənlərlə yeni dostluq, taclı bəla, soyuq şimaldan ermənilərin qayıdışınadək

60
(Yenilənib 00:17 25.01.2021)
Baydenin tərzini və Vaşinqtonun siyasətində hansısa dəyişikliklər edib-etməyəcəyini yəqin etmək üçün bir qədər vaxta ehtiyac olacaq.

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

“Dostluq”

Bu həftə Azərbaycan və Türkmənistanı Xəzərdə böyük karbohidrogen ehtiyatlara malik yatağı birgə istismar etməklə bağlı razılıq əldə etdilər. Yatağı Azərbaycan neftçiləri tapsalar da, iki ölkənin sərhədində yerləşdiyindən onu birgə istifadə etmək barədə razılıq əldə olundu.
Məlum olduğu kimi, bütün neft-qaz resurslarına malik ərazilər olduğu kimi, Xəzərin dibinin bölünməsi də ətrafında yerləşən ölkələr üçün həmişə mübahisəli olub. Amma 2008-ci ildə ölkələr “qızıl orta” tapıblar.
Bu gün Bakı və Aşqabadın birgə işləyəcəyi yatağı “Dostluq” adlandırdırması həm də rəmzi məna daşıyır.

Əlvida, Tramp
Xoş gördük, Bayden

ABŞ-ın 46-cı prezidenti C.Bayden oval masanın arxasına keçdi. Amerikanın ən yaşlı prezidentinin andiçmə mərasiminə onun sələfi Tramp gözlənildiyi kimi qatılmadı, -çıxanda qapını elə çırpmamışdı ki, qatılsın da, - B.Obama, C.Buş və C.Baydenin çıxışı zamanı mürgüləyən B.Klinton isə qonaqlar arasında idi.

Baydenin tərzini və Vaşinqtonun siyasətində hansısa dəyişikliklər edib-etməyəcəyini yəqin etmək üçün bir qədər vaxta ehtiyac olacaq. Trampı isə biz yəqin ki, daha çox Dağlıq Qarabağ münaqişəsində neytral mövqeyi ilə xatırlayacağıq – hansı ki, bu, bizim üçün 44 günlük müharibədə də qanedici mövqe idi.

Şimalda soyuqdur

ABŞ-da qalmaqallı seçkinin tozu yatmamış digər supergücdə - Rusiyada aləm bir-birinə dəyib. Müxalifət lideri Navalnının həbsi kütləvi etirazlara səbəb olub.

Belə görünür ki, məxməri inqilablar supergüclərə tərəf yönəlib. Bu, yarızarafat kimi də qəbul oluna bilər, amma uzun onilliklər idi ki, supergüclər öz sabitliyini qoruyurdu, indisə dünyanın sakit bucağı qalmamış kimi görünür.

Rusiyada baş verənlər bizi ciddi şəkildə maraqlandırır. Çünki tutaq ki, uzaq Venesuelada liderlərin toqquşmasını biz “Real”-“Barselona” oyununa baxırmış kimi izləyiriksə, bölgənin güc mərkəzində baş verənlərdən bütün regionun təsirlənəcəyi şübhə doğurmur. 

Davam edir koronavirus...

Bəli, davam edir. Daha kəskin, daha ciddi. Dünyada xəstəliyə yoluxanların sayı ümumilikdə 97 milyon civarındadır, infeksiyadan ölənlərin sayı isə 2 milyonu ötüb.
Pandemiyanın iqtisadi zərərləri ilə yanaşı psixoloji travmaları da fəsadlar törədir. Məsələn, Yaponiyada on ildir azalmaqda olan intiharların sayı 2020-ci ildə COVID-19 səbəbindən yenidən artıb. 2020-ci ilin 8 ayı ərzində - noyabra qədər 300-dən çox məktəbli intihar nəticəsində ölüb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 30 %-dən çoxdur.

“Taclı bəla”dan başı ən çox bəla çəkən ölkələrdən biri İtaliya isə ABŞ-ın “Pfizer” şirkətinə qarşı məhkəmə iddiası qaldırmaq niyyətindədir. Səbəb koronavirus vaksinlərinin çatdırılmasında yaranan gecikmələrdir.

Bu arada bizi çipləşdirəcək (?!) “Microsoft” şirkətinin banisi Bill Qeyts koronavirusa qarşı peyvənd vurdurub.

Bir də xəbəriniz olsun, ÜST Britaniyada aşkarlanmış koronavirusun yeni variantının artıq dünyanın 60 ölkəsinə yayıldığını bəyan edib.

Təhsil qayıdır

Britaniya ştammına rəğmən ənənəvi təhsilə qayıdırıq. Etiraf etməliyik ki, onlayn təhsil klassik təhsil formasını əvəz edə bilmədi. Amma etiraf ediləsi bir fakt da var: onlayn təhsil müəllimlərə də, şagirdlərə də, hətta valideynlərə də yeni biliklər qazandırdı, texnologiyalara daha da yaxınlaşdıq.
Həftənin təhsillə bağlı daha bir mövzusu ali təhsilin pullu və ya pulsuz olması ilə bağlı idi. Birincisi, unutmamalıyıq ki, ali təhsil alan tələbələrin hər 100-nün 56-sı dövlət hesabına oxuyur. İkincisi, təhsilin tamamilə pulsuz olması təhsil sahəsində biznesin rəqabətini azalda bilər. Dünyanın aparıcı ölkələrində əksər sektorların dövlətsizləşdirilməsinə gedildiyi halda, müsbət axının əksinə üzməyimiz bizə nə qazandıra bilər?

Üçüncüsü, universitetlərdə bahalı laboratoriyalar, qurğular, peşəkar müəllimlər əmək bazarı üçün peşəkarların hazırlanmasını təmin edə bilər. Yaxşı infrastruktur, maddi-texniki baza və kadr potensialını isə az pulla təmin etmək mümkün deyil. Peşəkar kadrların təhsildə uzun müddət qalmadığı artıq uzun illərin problemidir. Odur ki, təhsilin pullu və hətta baha olması keyfiyyəti şərtləndirən amillər sırasındadır. Bu, həm də peşə təhsilinə marağı stimullaşdıra bilər, hamı universitet diplomu arxasınca qaçmaz, peşə qazanmaq üçün çalışar.

Sürmə 100, yaşa 100!

2020-ci ildə 2019-cu il il müqayisədə yol-qəza hadisələrinin sayı 109 fakt və ya 19,2 faiz azalıb. Yol qəzaları zamanı qeydə alınan ölümlərin sayı 17 nəfər (9,1 %), xəsarət alanların sayı isə 131 nəfər (25,3 %) azalıb.

Göründüyü kimi, avtomobil qəzalarında ölənlərin sayında azalma baş verib. Bu, bizim daha məsuliyyətli sürücü və piyada olmağımızdan irəli gəlirmi? Yəqin ki, yox. Sadəcə, ardıcıl karantin rejimləri ilə bağlı hərəkətin intensivliyinin azalması yol qəzalarının statistikasında da özünü göstərir.

Ermənilər köçür

Rəsmi məlumatlara əsasən, noyabrın 10-dan bu günə qədər 50 mindən çox erməni Xankəndi və digər Azərbaycan ərazilərinə köçürülüb. İrəvan sakinlərin Ermənistandan Qarabağa qayıtmasına maraq göstərir. Ancaq ermənilərin geri qayıtmaq istəmədiyi bildirilir, hətta yerli ermənilərin də Xankəndidə evlərini satışa çıxarması təsadüfi deyil. Ancaq yaxşı olardı ki, gedərkən məzarlarını da aparsınlar.

Aşağıdakı foto müəllifin doğuldu evin həyətindəndir: Laçının Güləbird kəndində, 2007-ci ildə dəfn edilmiş iki erməninin məzarıdır.

© Photo : Courtesy of Vusal Mammadov
Laçının Güləbird kəndində, 2007-ci ildə dəfn edilmiş iki erməninin məzarı
60
AŞPA-da plenar iclas, arxiv şəkli

Ermənistanın düzəlişlərini AŞPA rədd edib - Azərbaycan XİN

0
AŞPA-dakı Ermənistan nümayəndə heyətinin qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib

BAKI, 27 yanvar - Sputnik. Bu il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasın Monitorinq Komitəsinin “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib. Hər il ənənəvi hazırlanan hesabat ilə əlaqədar qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilmiş ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir.

Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən qətnamədə Ermənistan və Azərbaycan arasında baş vermiş döyüşlər kontektsində müvafiq bəndlər yer alıb. Belə ki, qətnamənin 5-ci bəndində komitənin “27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsində baş verən hərbi döyüş əməliyyatları ilə bağlı hadisələri izlədiyi, bu mövzuda cari məsələlər üzrə debat irəli sürdüyü, hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil etdiyi, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərin münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyi” qeyd olunur. Qətnamənin 11-ci bəndində isə aşağıdakı fikirlər yer alıb:
“Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir və bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözləyir”.

​Qeyd olunmalıdır ki, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin sözügedən qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib.

​Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında “Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA Prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarı ilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib.

"​Eyni zamanda vurğulamaq istərdik ki, 25 yanvar tarixində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarım-sessiyasında AŞPA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, AŞ-nin səlahiyyətləri çərçivəsində hər iki ölkəyə post-konflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib", - XİN-in məlumatında deyilir.

0