Dağüstü parkdan Bakının mənzərəsi, arxiv şəkli

Muzeylər, taksilər, cırtdanlar divlər…

871
(Yenilənib 17:53 07.09.2020)
İnsanı əslində onun hormonları idarə edir, yetkin insan bu hormonların nəyi sifariş verməsindən asılı olmayaraq hərəkətlərini nəzarət altında saxlaya bilir

BAKI, 7 sentyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir.

Muzeylərdə sosial məsafə

Məlum olduğu kimi, ötən həftə Operativ Qərargah rayonlara gediş-gəlişin bərpa olunması barədə qərar qəbul etdi. Ancaq ictimai nəqliyyatın hərəkətinə hələ ki, icazə verilməyəcək - söhbət avtobuslardan gedir, məsələn, taksi ilə gediş-gəlişdə heç bir məhdudiyyət olmayacaq. Bakı, Sumqayıt və Abşeronda restoranlar da bu gündən qapalı şəraitdə işləyə biləcək. Ancaq təbii ki, bizi daha çox muzeylər maraqlandırırdı. Şükür, onlar da işləyir və zəhmətkeşlərimiz muzeylərə axın edirlər. Bircə orada sosial məsafənin pozulacağından narahat olmalıyıq.

Taksi, min get!

Aşağı taksi tarifləri bizi bir müddət idi ki, xoşbəxt edirdi. Ancaq Bakı Nəqliyyat Agentliyinin açıqlaması kürkümüzə birə saldı. Sitat: “BNA çatışmazlıqların aradan qaldırılması, taksi fəaliyyətinin tənzimlənməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və effektiv nəzarət mexanizmlərinin yaradılması üçün konsepsiya hazırlayıb. Konsepsiya vahid dispetçer mərkəzinin yaradılmasını, o cümlədən də tarif sistemi və kvotaların tətbiqini nəzərdə tutur”.

Bəli, süni qiymət artımının olduğu kimi, dempinqin, yəni süni olaraq qiymətin aşağı salınmasının (bu, əsasən rəqibin bazardan sıxışdırılıb çıxarılması üçün edilir) da qarşısı alınmalıdır. Ancaq dövlətin biznes mühitinin yaxşılaşdırılması istiqamətində siyasəti inhisarçılığı rədd edir. Ümid edək ki, BNA-nın konsepsiyası buna zidd deyil.

Çoxmərtəbəli məsələ

Azərbaycan hökumətini sərt tənqid, hətta şantaj və təhqir edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və keçmiş şöbə müdiri Əli Həsənovun tapşırığı ilə verilən Nərimanov rayonu ərazisindəki beşmərtəbəli obyekt ötən həftənin ən çox müzakirə olunan mövzusu idi.

Toy bu həngamənin yanında “toya getməli”dir. Bu heç də “beşmərtəbəli” məsələ deyil, burada yüksək mərtəbəli nəsnələr var. Müvafiq qurumlar altqatlara enməli daha kimin kimə, niyə, hansı məqsədlərlə və hansı miqyasda dəstək verdiyini araşdırmalıdır. Bu, ölkənin təhlükəsizliyi məsələsidir. 

Təbriz məscidi və kilsəsi

Ermənilər Təbrizdə bəzi məscidlərdə spirtli içki içərək videoya çəkib və sosial şəbəkələrdə paylaşıblar. Videolar sonradan silinsə də, ermənilərin növbəti təxribatına, yəqin ki, İran hökuməti də reaksiya verməlidir. Bu, təkcə, Azərbaycana qarşı yox, bütün müsəlman aləminə qarşı yönəlmiş hərəkət kimi qiymətləndirilməlidir.

Ancaq... Ancaq bu yaxınlarda erməni mətbuatı işğal altında olan torpaqlarımıza yardım gətirən İran yük maşınlarının şəkillərini paylaşmışdı. Və ya başqa bir fakt: 24 aprel dünyanın heç bir yerində açıq şəkildə qeyd olunmadığı halda, Tehrandakı erməni kilsəsinin qarşısında kütləvi tədbir keçirilmişdi. Odur ki, Tehrandan Təbriz məscidlərindəki hadisə ilə bağlı kəskin addım gözləməyə dəyməz.

Qanunsuz məskunlaşdırma

Mənfur qonşumuzdan söz düşmüşkən, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirir. Avqustun əvvəllərində Livanın paytaxtı Beyrutun dəniz limanında baş verən partlayış Dağlıq Qarabağa və ətraf rayonlara qanunsuz köçürülmə prosesini davam etdirmək üçün işğalçı ölkəyə yeni fürsət yaradıb.

Qondarma rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunu bildirib.

Bu, bir daha onu göstərir ki, rəsmi İrəvan işğal etdiyi torpaqları azad etməkdə, münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Deməli, həmin torpaqları tanklar və raketlər boşaltmalı olacaq.

Cırtdan ölkə div boyda

Ötən həftə bir vaxtlar futbolda autsayder kimi qəbul olunan Luksemburq Azərbaycan yığmasını Millətlər Liqasında Bakıda məğlub etdi. Meydanda karate, balet formalı şoular göstərən futbolçularımız cırtdan ölkənin qarşısında aciz qaldı, bilmədik ki, işıq gələn tərəfə gedək, yoxsa it hürən tərəfə... Mahir Əmrəli qırmızı vərəqə ilə meydanın kənarına tərəf getməyi seçdi, meydandakıları isə cırtdan ölkənin divləri yedilər.

Yarım milyondan bir az artıq əhalisi olan Lüksemburq 14 istedadlı futbolçu tapdığı halda, 10 milyonluq biz 30 ildir ki, mənasız axtarışdayıq. Biz heç bir yerli məşqçi də tapa bilmirik, onu da, məsələn, İtalyadan gətiririk ki, Lüksemburq kimi komandaya birlikdə uduzaq.

Hormonlar

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 2000-ci il təvəllüdlü M.Cabbarova və anası, 1978-ci il təvəllüdlü X.Cabbarova bıçaqlanıblar. Hadisəni 20 yaşlı qızın nişanlısı törədib. Yaralıların hər ikisi xəstəxanaya çatdırılsa da, M.Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb.

Ümumiyyətlə, həftə ərzində krimxronika müxtəlif məzmunlu hadisələrlə zəngin olub. Bəs nədir bu “zənginliyin” səbəbi? Kasıblıq. – Maddi deyil, mənəvi yetkinliyin çatmaması. İnsanı əslində onun hormonları idarə edir, yetkin insan bu hormonların nəyi sifariş verməsindən asılı olmayaraq hərəkətlərini nəzarət altında saxlaya bilir. Əks halda isə hormonlardan gələn tapşırıq müzakirəsiz icra olunur və kasıb cəmiyyət portreti yaranır.

871
Əlaqədar
Karantində büsat, Lavrovun sürprizi, qanuni və qanunsuz oğrular
"Hard talk", distant təhsil, "Google map" və təklənən Ağ Ev
Çənədəki maska, Beyrut, nüvə silahı və millətin imicini "yuyan" dovşan qanı
Mayk Pompeo, ərəblərin gecikmiş atomu, sosial lift və xoşbəxtlik
“Gallup”, Türkiyənin əzələsi və "oh, my god!"
Əllərində smartfonlar olan gənclər, arxiv şəkli

Alternativ kanallar: daha çox imkanın olması hava-su kimi əhəmiyyətlidir

62
(Yenilənib 18:15 19.10.2020)
Texnologiya nə qədər inkişaf etsə də, həyatda həmişə alternativ olmalıdır. Deyək, əgər dünyada hər bir məsələ internetə bağlanıbsa, bu halda istənilən bir ciddi internet problemi müasir sivilizasiyanın süqutuna apara bilər.

Amerikanın məşhur fantast yazıçısı Rey Bredberinin bir hekayəsində bir-biri ilə çarpışan iki ölkənin texnoloji qarşıdurması əks olunub. Uzun sürən müharibədə hər gün bir yeni silah icad olunsa da, qarşı tərəf tezliklə daha yenisini yaradırmış. Beləliklə, çarpışma heç vaxt bitmirmiş. Hər yeni texnologiya başqa birisinin ərsəyə gəlməsinə səbəb olurmuş. Beləliklə, bütün köhnə biliklər də unudulurmuş.

Həyatda həmişə alternativlər olmalıdır

Günlərin bir günü bir şəxs köhnə dədə-baba qaydasına qayıtmağa qərar verir. Adi kağızda klassik metodla hesablama aparır. Onun bu yanaşması yaşadığı ölkənin rəhbərliyində bir şok yaradır, çünki artıq heç kim hesablamanı kalkulyatorsuz apara bilmirmiş. Yəni bütün inkişaf mərhələsini keçəndən sonra insanlar yenidən sadə bir qaydaya üz tutmalı olurlar, çünki irəli getməyə yer qalmır.

Rey Bredberinin hekayəsi, əslində, daha ciddi problemi ortaya qoyub. Texnologiya nə qədər inkişaf etsə də, həyatda həmişə alternativ olmalıdır. Deyək, əgər dünyada hər bir məsələ internetə bağlanıbsa, bu halda istənilən bir ciddi internet problemi müasir sivilizasiyanın süqutuna apara bilər. İnternetə alternativ hər hansı informasiya kanalı varmı? Bəli, hələ var.

Ənənəvi şəhər telefonları informasiya ötürülməsində yararlı bir vasitədir

Məsələn, radio və televiziya siqnalları hələ də köhnə qayda ilə ötürülür. İnternet olmadan belə ölkənin istənilən yerində radionu dinləmək və ən azı yerli kanallara pulsuz baxmaq olur. Bəzi aparatların köməyi ilə pul ödəyib internetsiz, peyk vasitəsilə gələn televiziya siqnallarının köməyi də kanallara baxmaq, məlumat almaq olur.

Köhnə ənənəvi şəhər telefonları informasiya ötürülməsində yararlı bir vasitədir. İşıq da sönsə, internet də qırılsa, ona heç bir təsiri olmur. İşlədiyi kimi işləyir, əgər qarşı tərəfdə də belə bir telefon varsa, rahatlıqla pul ödəmədən danışmaq olur.

Texnologiya nə qədər inkişaf etsə də, nədənsə hələ də “köhnə”, bəlkə də yararsız kimi görünən bir çox vasitə hələ də praktik xeyir gətirməkdədir. “İnternetdə hər şey var, nəyisə yaddaş kartında saxlamaq nəyə lazım” deyənlərin bir çoxu hərdən ehtiyac duyulan bir məlumatı tapa bilmir. Bu gün bu kitab, film və ya digər informasiya açıq mənbədə var, sabah isə kiminsə tələbi ilə yığışdırıla da bilər.

Ailə şəkillərindən tutmuş şəxsi yazı-pozusuna kimi hər bir məlumatı internetdə saxlayan nə qədər insan var. Əvvəl bu şəkillər üçün albom alardıq, xüsusi səliqə ilə düzərdik. Hətta əsgərlikdən nə qədər gözəl albom gətirənlər var. Hərbi qulluğun son 6 ayını məhz bu işə sərf edərmişlər. İndisə hər nəyimiz varsa, vermişik “quql”un ixtiyarına. Açar cansız bir süni intellektin, axtarış sisteminin əlindədir, hara istəsə, ora da fırladacaq. Qapada da bilər, aça da.

Həmin texnologiya tam itmir, bir çoxu hələ də yaşamaqda davam edir

Deyirlər, “ehtiyatlı oğulun anası ağlamaz”. Yəni hər bir çətin durum üçün bir ehtiyat variantının olmalıdır. Ən çətin iş məlumatı qoruyub saxlamaq olub, çünki haraya yerləşdirsən belə, həmin sərt disk yanıb sıradan çıxa bilər. Adi disklər bəlkə də kompüterin yaddaş kartından daha etibarlı qoruyurlar məlumatı. Hətta özünün DVD diskinə 100 il təminat verən şirkət də var. Kifayət qədər bahalı olsa da, informasiya itmir.

Əslində, ehtiyat variantları, alternativlər bizim həyatımızı olduqca zənginləşdirir. Hər yeni texnologiya köhnəsini sırada çıxara bilər, amma həmin texnologiya tam itmir, bir çoxu hələ də yaşamaqda davam edir. Bunun yüzlərlə nümunəsini görürük. Hazırda dünya yeni enerji mənbələri axtarır, istehsal edilən avtomobillərin artıq tam elektrik enerjisi ilə çalışacağını proqnozlaşdırılır. Neft-qaz erasının bitəcəyini iddia edənlər də az deyil. Amma bütün bunlar bir əlavə ehtiyat variantı kim hələ uzun müddət bəşəriyyətə xeyir verə biləcəklər.

Dünyada ən böyük enerji ehtiyatı isə məhz daş kömür formasında toplanıb. Bəli, bu gün müasir şəhəri onunla qızdırmağa icazə yoxdur, amma bu enerji forması bizim sivilizasiyanı hələ uzun müddət məhv olmaqdan xilas edə bilər. Hələ neçə əsr onu yerin altında çıxarmaq imkanı var. Hələ də daş kömürdən dünya iqtisadiyyatında geniş istifadə edilir.

Braziliyada ən dəbdə olan yanacaq növü texniki spirtdir. Həm ekoloji təmizdir, həm də ondan avtomobillərin bir çoxu yararlanır. Həm istehsalı böyükdür, həm də hara gedəcəyi məlumdur. Deməli, dünyada baş verə biləcək neft-qaz böhranı bu ölkə üçün elə də təhlükəli deyil.

Müharibə dövründə alternativlərin qiyməti birə on artır

Vinil valların dövranı çoxdan bitib, amma hələ də onları sifariş edən, aparatını alıb musiqini dinləyən nə qədər insan var. Səbəbini özləri də bilmirlər bəlkə də. Ya deyək, kimi dindirsən, deyəcək kənd təsərrüfatında artıq yalnız və yalnız texnikadan istifadə edilir. Nə ata, nə eşşəyə yer yoxdur. Amma bu heç də belə deyil. Bir çox kiçik təsərrüfatda hələ də atdan yararlanırlar, çünki iri texnika saxlamaq həm bahadır, həm də problemli. Bunun benzini var, texniki qulluğu. 5 hektardan az olan fermer təsərrüfatında elə atdan istifadə daha məqsədəuyğundur. Dağ ərazilərində, texnika və avtomobillərin keçə bilmədiyi yerlərdə at da, eşşək də işə yarayır. Benzin və ya detalların olmadığı şəraitdə bir qədər otla işi yola vermək olar.

Müharibə dövründə alternativlərin, hər hansı bir əlavə variantların qiyməti birə on artır. Döyüş zonasında həm müvəqqəti, həm də daimi sülhə nail olmaq olar, amma informasiya müharibəsində atəşkəs olmur. Hamı deyir, daha vacibi internet və sosial şəbəkədir, burada gərək döyüşəsən. Əlbəttə, internetin imkanları olduqca yüksəkdir, amma bəzən internetin çatmadığı yerlərdə kiçik bir yerli radiostansiya əhəmiyyət kəsb edir. Elə Azərbaycanın özündə çoxlu peyk antenası var. Nə qədər insan bu alternativ informasiya kanalından yararlanır.

Azərbaycana bu gün hətta “dolma müharibəsində” belə qalib olmaq asan deyil

Axı, İsveçin də, Danimarkanın da xeyli kiçik şəhəri var. Bunların bir çoxunda heç Azərbaycanın varlığından xəbəri olmayan yüzlərlə insana lap elə yerli qəzet vasitəsilə ölkəmiz barədə faydalı bir məlumat vermək özü də bir qəhrəmanlıqdır. Qəzeti, radiosu, televiziyası hələ də məlumat ötürülməsində böyük əhəmiyyət daşıyan yüzlərlə ölkə var. Hər ölkənin kitabxanasına yerli dildə Azərbaycan barədə 10-15 kitab verə bilsək, xaricdə təhsil alan hər azərbaycanlı tələbə öz ölkəsi və Dağlıq Qarabağ münaqişəsindən ara-sıra 5-10 kəlmə danışa bilsə, informasiyanın çatdırılmasında irəli gedə bilərik. Görə biləcəyin kiçik bir işi bacarsan, deməli ümumi prosesdə qalib gələ bilərik.

Erməni tərəfi artıq əsrləridir hər bir alternativ kanaldan informasiya ötürməklə məşğuldur. 300 növ dolması olan Azərbaycana bu gün hətta “dolma müharibəsində” belə qalib olmaq asan deyil. Hələ sovet dönəmində “Aşpaz müsabiqəsinə gəlmişik” adlı erməni filmində dolma ilə bağlı yaddaqalan bir epizod nəzər çəkir. Moskvaya yarışmaya gələn erməni aşpazları məhz dolma bişirir və vaxtında onu jüriyə verə bilmirlər. Yer tutmasalar da, dolmanın çox dadlı olması ilə bağlı xeyli tərif eşidirik. Yəni hələ 1977-ci ildə ekrana çıxan bu film Sovet İttifaqının hər yerini gəzmişdi. Gəl, bundan sonra sübut elə ki, dolma türk mənşəli sözdür və Azərbaycanda daha dadlısı bişirilir.

Hər bir mümkün ehtiyat kanalları ilə məlumat ötürməyi bacarmalıyıq. Məlumatın yalnız Facebook və ya Twitter-lə ötürüldüyünü düşünmək doğru deyil. Hərtərəfli ehtiyat sistemləri, alternativ kanallar olmalıdır. İnformasiyanın ötürülməsində daha çox imkanın olması hava-su kimi əhəmiyyətlidir. Bu baxımdan daha çox çalışmağa ehtiyac duyulur.

62
Bayraktar pilotsuz uçuş aparatı, arxiv şəkli

PUA-lar, İsa Məsih, Laçın koridoru və...

583
(Yenilənib 23:07 19.10.2020)
Müharibələr həm də informasiya cəbhəsindədir. İki həftədir ki, internet məkanı üçün tətbiq olunan məhdudiyyətlər olduqca ağıllı qərara söykənir.

BAKI, 19 oktyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Müzəffər əsgər

Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Cəbrayıldan sonra Hadrut və Füzulinin, onlarla kənd və strateji yüksəkliklərin işğaldan azad edilməsi həftənin əsas hadisələri kimi tarixə düşdü. Pərən-pərən düşmüş erməni ordusu itirilən mövqelərə "xilasedici" bir ad da tapıb: "Taktiki olaraq geri çəkilmə".

"Knopka" müharibəsi deyə biləcəyimiz bu savaşda erməni ordusunun 2 milyard dollardan artıq dəyərdə texnikası məhv edilib. PUA-lar isə düşmən üçün həbi olmayan başağrısıdır. Bu uçan aparatlar düşmənə 1 milyard dollardan artıq zərər verib.

Kilsə, yoxsa günahsız uşaqlar?

Düşmənin Gəncəni hədəf almasından sonra 3 azyaşlı uşaq həyatını itirdi, iki uşaq isə hələ də itkindir. Terroru döyüş taktikasına çevirmiş Ermənistan üçün bu, yeni təcrübə deyil. 63 uşağı qətlə yetirdikləri Xocalı faciəsi o qədər də uzaq keçmişdə qalmayıb.

Bu arada Ermənistan Azərbaycan raketinin erməni kilsəsinə dəydiyini iddia edib. Münaqişəyə dini don geyindirməyə çalışan işğalçı, görünür, unudur ki, Azərbaycanın paytaxtında erməni kilsəsi bu gün də qorunur. Bu blef faşisti xilas etmir. Lap tutaq ki, hansısa raket kilsənin daşına toxunub, dünya dağılıb?! Gəncədə daşlar altında qalan uşaqlara görə kim cavab verəcək?! Yəqin İsa sağ olsaydı, kilsənin dəyən zərərdən daha çox, uşaq ölümünə görə qəzəblənərdi...

İkinci cəbhə

Cəbhədəki gərginlik azmış kimi bir də koronavirusla mübarizəyə köklənməliyik. Xəstəliyə yoluxanların sayındakı artım dinamikası həyəcanlanmağa əsas verir. Tabloda 600 rəqəmi yenidən göründü. Səbəb çox sadədir: sosial məsafəni gözləmirik, maska taxmırıq, yəqin ki, gigiyenik qaydalara da düzgün əməl etmirik. Karantin qaydalarının yenidən sərtləşdirilməsi də bu baxımdan gözlənilən idi... Bu arada metronun bağlanması ilə isə avtobuslarda daha çox mehribançılığın yaranacağı proqnozlaşdırılır.

Hər şey cəbhə üçün

TƏBİB rəsmisi bildirdi ki, həkimlərimiz cəbhəyə can atır, bu bölgələrdə çalışmaq istəyirlər: "Bakıdan həmin xəstəxanalara həkim briqadası ezam olunub. Könüllü olaraq gedən həkimlərimiz də var".

Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr edən şəxslər, şirkətlər, əsgərlərə kabab çəkənlər, kotlet bişirənlər, yataq, paltar və digər ləvazimatlar göndərənlər və cəbhəyə can atan həkimlər – budur milli birliyin təntənəsi!

İnformasiya təhlükəsizliyi

Müharibələr həm də informasiya cəbhəsindədir. İki həftədir ki, internet məkanı üçün tətbiq olunan məhdudiyyətlər olduqca ağıllı qərara söykənir. Bu, düşmənin dezinformasiya hücumunun bloklanması baxımından olduqca əhəmiyyətlidir. "Kontaktsız müharibə" XXI əsrin müharibəsdir – kimdə daha çox informasiya varsa, informasiya selini düzgün idarə edirsə, o da istənilən rəqabətdə, toqquşmada favoritdir.

"Makarov"

Laçın rayon sakini Ə.Vəliyev tapdığı "Makarov" markalı tapançanı və içərisində 4 ədəd patron olan patron darağını könüllü olaraq Səbail rayon Polis İdarəsinə təhvil verdi. Burada təəccüblü bir şey olmasa da, - jurnalistikanın "itin insanı dişləməsi yox, insanın iti dişləməsi xəbərdir" postulatı yada düşür, - ötən həftə əksər saytlar bu hadisəyə diqqət ayırdı. Görünür, Laçın koridoruna getməyə hazırlaşdığımız bu günlərdə Laçın sakininin tapançanı polisə qaytarmasıdır təəccüblü olan.

Təhsilsiz il

Ötən həftə təhsil ocaqları yenidən tətilə çıxdı. Yorulduqları üçün yox, səbəb koronavirusun yayılma tempinin yüksəlməsidir.

Görünən odur ki, 2020-ci il dünyanın təhsildən ən çox uzaq düşdüyü il kimi tarixə qovuşacaq. Martın əvvəlindən etibarən məktəblilər, tələbələr sərasər dincəlir. Distant təhsil isə özünü doğrultmur – ya şagird üçün internet əlçatan deyil, ya müəllim üçün, ya da istifadə çətinliyi var və s.

Növbəti həftənin bazar ertəsi görüşərik - əgər internet əlçatan olsa...

583

Prezidentin köməkçisi Ermənistanın müdafiə nazirini ifşa etdi

0
(Yenilənib 11:22 26.10.2020)
Ermənistan müdafiə nazirinin yanında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgərlərin oturması Ermənistan müdafiə nazirliyinin rəhbərliyi altında bu kimi Bollivud tipli saxta filmlərin çəkilməsi faktını sübut edir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Ermənistan müdafiə nazirliyi tərəfindən Ermənistan müdafiə nazirinin erməni əsgərlərlə fotosu yayılmışdır. Fotoda Ermənistan müdafiə nazirinin yanında əyləşən ayaqyalın erməni əsgərin hərbi geyimi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimi ilə eynilik təşkil etməsi ciddi şübhələr doğurmuşdur. Bir neçə dəqiqədən sonra Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti tərəfindən həmin fotoşəkillər rəsmi ünvanlardan silinmişdir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, həmçinin, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapıb:

"Xatırlatmaq istərdik ki, bir müddət əvvəl Ermənistan tərəfindən tamamilə qeyri-peşəkar formada Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimlərində olan əcnəbi muzdlular haqqında saxta video hazırlanmış və bu guya Azərbaycan tərəfdə muzdluların vuruşması kimi qələmə verilmişdi. Təəssüflə qeyd etməliyik ki, faktı yoxlamadan bəzi nüfuzlu media qurumları bu saxta məlumata istinad etmişdilər.

Ermənistan müdafiə nazirinin yanında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni əsgərlərin oturması Ermənistan müdafiə nazirliyinin rəhbərliyi altında bu kimi Bollivud tipli saxta filmlərin çəkilməsi faktını sübut edir.

Hadrut rayonu ərazisində guya iki nəfər erməni hərbi əsirin öldürülməsinin səhnələşdirilməsi də Ermənistan müdafiə nazirliyi və ona tabe strukturların zəngin yaradıcılıq qabiliyyətinin nəticəsidir. Ciddi araşdırma aparmadan BBC-nin onlayn resursunda erməni əsilli müəllifin dili ilə bu saxta fakta yer ayrılması ciddi təəssüf doğurur.

Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur. Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək məsuliyyəti Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər. Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi formasi geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər.

1988-ci ildə SSRİ DTX-nın dəstəyi ilə Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıtda erməni kriminal Eduard Qriqoryanın rəhbərliyi altında mülki erməni əhalisinə qarşı poqromların təşkil edilməsi və sonradan buna görə Azərbaycanın günahlandırılması faktını çox yaxşı xatırlayırıq.

Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki erməni əhalisini Ermənistan silahlı qüvvələrinin və kriminal xunta rejiminin bu kimi potensial təxribatlarına qarşı ayıq-sayıq olmağa, hərbi obyektlərdən kənar durmağa çağırırıq.

Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi, Azərbaycanın mülki erməni əhalisi ilə heç bir işi yoxdur.

Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərə keçmək istəyən mülki əhaliyə və erməni hərbçilərə humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar dəstək göstərməyə hazırıq".

0
Teqlər:
Hikmət Hacıyev, ifşa, yalan, Ermənistan Müdafiə Nazirliyi, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir - MN
Rəsmi Bakı: "Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur"
Laçının Səfiyan kəndindəki bölmələrimiz artilleriya atəşinə tutulub
Ermənistan dinc sakinlərimizi yenidən atəşə tutub
Tural Gəncəliyev erməni icmasına müraciət etdi