Xəzərin sahili, arxiv şəkli

İtirdiyimiz zaman: qayğılar, qovğalar peşmanlıq

483
(Yenilənib 20:44 03.09.2020)
Oturub qəmli-qəmli keçib gedən bu fəsilin də arxasınca baxdıq. Halbuki görə biləcəyimiz işlər vardı...

BAKI, 3 sentyabr — Sputnik. Axıb gedən zaman və itirdiyimiz, qaçırdığımız fürsətlər barədə düşünəndə dəhşətə gəlirəm, qorxuram... 

Dəqiq bilirəm ki, zamanın sürətlə keçib-getməsi bizim zərərimizə işləyir. Pandemiya əsarətindəki bir yay fəsli də su kimi axıb getdi, sürüşdü, sivişdi barmaqlarımızın arasından. Zamana nə var ki, işi sivişib aradan çıxmaqdır. Bu ilahi mizanın, düzənin, qanunauyğunluğun bir parçasıdır. Zaman keçməlidir, biz yerimizdə qaldığımız üçün dayanıb bizi gözləmək imkanı yoxdur. Biz isə oturub qəmli-qəmli keçib gedən bu fəsilin də arxasınca baxdıq. Halbuki görə biləcəyimiz işlər vardı. Romanlar, hekayələr, şeirlər yaza, filmlər çəkə, nəğmələr bəstələyə bilərdik. Ya da heç olmasa kitablar oxuya, filmlər izləyə, teatrlara gedə, musiqilər dinləyə bilərdik. Ətrafımızdakıları sevgimizlə, diqqətimizlə xoşbəxt edə bilərdik. 

Görəcəyimiz işlər çox, zaman isə həmişə qısadır, azdır. Və bu azacıq, qısa zamanı, bizə ayrılan ömür payının bir parçasını da əlimizdən qaçırdıq. Bir fəsili də qoparıb atırıq ömür təqvimindən. Bizim itirdiklərimizi kimsə düşünəcəkmi, kimlərsə anlayacaqmı? İnanmıram. Hər kəs özünə ayrılan zamanı xırıd etməkdə, xərcləməkdədir. Kimə nə bizim “bədxərcliyimizdən”? Hətta özümüz belə fərqində deyilik sürətlə itirməyimizin. Gündəlik qayğılar bizə faniliyimizi unutdurur. Sanki əbədi bir həyatımız varmış kimi gecə-gündüz, yorulmaq bilmədən eyni mənasız işlərin arxasınca qaçırıq. Bu əbədi marafonda tükənib gedən həyatımızı və bir gün bizə ayrılmış zamanın bitəcəyini unuduruq. Unuduruq ki, itirdiyimiz ən dəyərli şey – zaman geriyə qayıtmayacaq.

 ***

İnsan faniliyini qəbul etməməkdə israrlıdır. Bizə verilən qısa zamanı bir yandan siyasətə, bir yandan gündəlik qalmaqallara, bir yandan mənasız çəkişmələrə xərcləyirik. Halbuki, bir ağac əkmək olar torpağın cadarlanmış bağrına, bir gül fidanı basdıra bilərik bağçamızın ən gözəl yerinə. Bunu etmək üçün nə qədər az zamanımız qaldığının fərqində olmadan ömrümüzü mənasız qovğalarda, faydasız davalarda, lüzumsuz çək-çevirlərdə tükədirik. Zaman isə öz işindədir, əleyhimizə çalışır. Biz ucuz şöhrət arxasınca qaçanda ağaran saçlarımız, ağrıyan yerlərimiz, sancı dolan orqanlarımız bizə ömrün faniliyini xatırlatmağa çalışır. Bizsə hər şeyi gözardı edib, irəliyə doğru qaçırıq. Ən yüksək zirvəni fəth etsək, əbədi yaşayacağıq, ölümsüzləşəcəyik hissinə qapılırıq. Halbuki biz milyonlarla fanidən, təbiət qanunlarının kənarına çıxmağa qadir olmayan canlılardan sadəcə biriyik. Zaman və həyat qarşısında acizliyimizi dərk etmədən sonumuza doğru əzmlə yüyürürük...

 ***

Son günlər baş verənləri izləməmək üçün əlimdən gələni edirəm. Dünyanın da, ölkənin də siyasi-ictimai gündəmi canımı sıxır, yorur, bezdirir, əsəbiləşdirir. 

Sosial şəbəkələrə gözucu baxıram, kitabın birini bitirib, digərini açıram, daha çox film izləməyə çalışıram, olmur. Küncdən-bucaqdan üstümə mənfi yüklü informasiyalar axıb gəlir. Qaçmaq olmur gündəlik müzakirələrdən. Və gecə başımı yastığa atanda anlayıram ki, gündəmin, trendlərin, müzakirələrin mənasızlığı məni görmək istədiyim işlərdən uzaq salır, daha çox yorur, hədsiz dərəcədə bezdirir. Hərdən mənə elə gəlir ki, informasiyanın bu qədər əlçatan olmadığı dönəmlərdə insan övladı daha çox xoşbəxt olub, qayğılardan uzaq yaşayıb. Çox nadir hallarda qarşıma müsbət enerjili informasiya, pozitiv xəbər çıxır. Yorulmuş, gərginləşmiş əsəblərimi sakitləşdirmək üçün bütöv bir sutkanın içərisində bir-iki dəqiqə tapanda sevinirəm. Bu qədər neqativ informasiya axınının qarşısında insan əsəblərinin nə qədər aciz olduğunu hər gün bir az da dərindən anlayıram. Və ən ağrılısı, yaşamaq çətinləşir...

 ***

Təbiət öz işindədir. Mexanizm çox dəqiq işləyir. Fərqində olmadan tükənirik. Qısa və qiymətli zamanımızı boş və mənasız işlərə, yorucu və bezdirici qayğılara xərcləyirik. Və hər şey sən bu yazını oxuyarkən xərclədiyin zamanın bir daha geri dönməyəcəyini anladığın anda yaşadığın peşmanlıq qədər qısadır, anidir.

483
Əlaqədar
Hüznlü manıslar və xalqın əndişəsi
Birlik, həmrəylik məqamı və keçməməli olduğumuz "qırmızı xətt"
Yeni konsepsiya bizi mənzil başına çatdırmayacaq...
"Masonların oyunu": Maskanı masqaraya qoyub, koronanı bihörmət edənlər...
Koronavirusdan daha təhlükəli: Qəzəb, aqressiya və gərginlik...
Poz verən qadınlar, arxiv şəkli

Dünyanı xilas edəcək düşüncə tərzi: asılılıq yaradan amillər yox olur

722
Alış-veriş bir gün dayanan kimi elə bil bir qaranlıq dünyaya düşürük, qarşıda heç bir işıq ucu görünmür. Hətta ən imkansız insanın evi belə qalaq-qalaq əşya ilə dolub daşır.

Qəribə bir zamanda yaşayırıq. Ürəyimiz istəyəni anındaca tapa bilirik, dükan-bazar hər cür malla doludur. İstəsək, lap Yaponiyadan kvadrat formada qarpız da gətizdirərik. Hər tərəfimiz əşya ilə qalaqlanıb. Hətta ən qənaətcil insan belə istər-istəməz ətrafını lazım oldu-olmadı nə iləsə doldurur.

Ata, mənə nə almısan?

Televiziyada dayanmadan reklam göstərilir, yol gedirsən, avtomobildəki radiodan reklam eşidirsən, avtobusa girirsən, gözün görür, telefonu açırsan, yenə bir yerdən çıxır. Supermarketə gedirsən, baş çıxara bilmirsən, rəflər aşıb-daşır, birinə dəyirsən, üstünə aşır. Nəyisə qırıb sındırsan belə deyirlər eybi yoxdur, təki bizdən al. Market arabasına yığılan malların bəzən sayı-hesabını itirirsən.

Evə gələrkən uşaq qapıda soruşur “ata, mənə nə almısan”, aldığını verəndə sevinir. Sabah açılanda, görürsən həmin oyuncaq artıq zibilə atılıb, ya evə səpələnib. Deyinə-deyinə yığışdırırsan. Bir gün vacib nəsə lazım olur, tapa bilmirsən. Şkafı açırsan, başına bir tıx əşya tökülür. Birtəhər yerinə dürtürsən, deyirsən, eybi yox, gedim təzəsini alaram. 

Alış-veriş bir gün dayanan kimi elə bil bir qaranlıq dünyaya düşürük, qarşıda heç bir işıq ucu görünmür. Hətta ən imkansız insanın evi belə qalaq-qalaq əşya ilə dolub daşır. Televiziya ekranında, internet kanallarında çıxış edən ekspertlər ağızdolusu iqtisadi göstəricilərin artımından danışırlar. Dünyanın ən nəhəng media qurumları hazırkı böhranın dəhşətindən, iqtisadiyyatın çökməsindən daim məlumat verirlər. İstehsal gərək bir gün belə dayanmasın, dayansa batarıq.

Yeni əşya aldıqca, daim köhnələrə yer axtarmalı oluruq

Əşya almasaq, guya hazırkı iqtisadi model işləməyəcək. Marketoloqlar gündə bir gedişə əl atmaqla insanları hələ yararlı əşyalardan yaxa qurtarmağa, yenilənməyə sövq edilər. Heç kəs hələ bir müddət öncə aldığı, hələ əməlli-başlı yararlana bilmədiyi əşyaların taleyini düşünmək istəmir.

Yeni əşya aldıqca, daim köhnələrə yer axtarmalı oluruq. Mebel rəfləri dolub daşdıqdan sonra onlardan hansısa yolla azad olmağın yolunu düşünürük. Ən sadə variant zibilə tullamaqdır, can rahatlığıdır. Amma tullamaq da olmur, axı əziyyət çəkib almısan. Adətən evdən çıxan artıq əşyaları daşıyırıq qaraja, ya da binanın bir tərəfində inşa etdiyimiz anbara yığırıq. Zaman ötür, qaraj da, anbar da aşıb-daşır. Günlərin bir günü bir yük maşını çağırıb köhnə soyuducu, televizor, mebel, tozsoran, paltaryuyandan tutmuş pas atmış alətə kimi nəyimiz varsa, daşıyırıq bağa. Bəzən öz bağımız olmayanda, qohum-əqrəba, dost-tanışda bağı olanın həyətinə daşıyırıq. Nə ki var, doldururuq hər yeri.

Bağ evində toz əlindən nəfəs almaq belə mümkün olmasa da, yenə köhnəmizdən əl çəkə bilmirik. Hətta nimdaş paltarı belə atmırıq. Düşünürük, bəlkə bağda əski əvəzi işlədərik. İllərlə qalaqlanan, sonra da çürüyən geyimə yaxın durmaq imkanımız belə olmur. Nə geyinirik, nə də əski kimi işlədirik.

“Şopoqolizm” artıq bir növ psixoloji asılılıq kimi qəbul edilir

Belə yanaşma tək bizə aid deyil, əslində. Bəzi ölkələrdə əşya aludəçiliyi epidemiya halını alıb. Məsələn, ABŞ-da artıq əşyanı yerləşdirməyə yer tapmayan amerikalılar xüsusi anbar icarə etməyə məcbur olurlar. Bir müddət ötür, icarə haqqı ödəməyə imkan olmur deyə, eləcə başını buraxırlar. Hətta bu atılmış anbar-konteynerlərin hərracı da təşkil edilir. Xüsusi televiziya kanalı da bu prosesi əks etdirir. Hərrac anbarın qapısı açılmadan reallaşır. Bir növ oyundur elə bil. Nəsə alırsan, amma nə olduğunu bilmirsən. Elə telekamera önündə anbarın qapısı açılır, əşyaların araşdırılmasına başlanılır. 

Əşya hərisliyinə müxtəlif ad verirlər. Məsələn, “şopoqolizm” artıq bir növ psixoloji asılılıq, xəstəlik kimi qəbul edilir. Müasir ingilis yazıçısı Sofi Kinsellanın “Şopoqolikin gizli aləmi” əsərinin baş qəhrəmanı Rebekka Blumvud, necə deyərlər, zəmanə uşağıdır. Londonun mərkəzində yaşayır, normal işi var, kifayət qədər pul qazanır, amma o hamıya borcludur, ev-eşiyi isə əşya ilə dolub. Aldığı geyimin bir çoxunu heç istifadə edə bilmir. Bununla yanaşı Rebekka yalnız alış-veriş barədə düşünür, başqa amalı, düşüncəsi yoxdur. Qazandığı da bank kreditlərinin ödənilməsinə xərclənir. Nə qədər çox gəliri olsa da, xeyri yoxdur. O, həmişə borcludur. Hətta ev tutmağa belə pulu yoxdur, bir rəfiqəsinin evində qalır. Daha çox qazanmaq, daha az xərcləmək istəyir, amma alınmır. Elə hey alır, alır, alır.

Rebekka kimi hazırkı dövrümüzdə milyonlarla insan var. Yenə yenisini alıb, köhnədən yaxa qurtara bilsə, bu çox pozitiv addım olar. Amma evini əşya qəbiristanlığına çevirənlər də az deyil. Qadın var, qarderobunda nəyin olduğunu dəqiq bilmir. İnsan var “Plyuşkin sindromu” adlanan xəstəliyə tutulub, yəni bir tərəfdən dükandan alıb gətirir, digər tərəfdən isə əlinə harada nə keçdi çatdırır evinə. Bir müddət sonra evdə artıq azad gəzməyə belə yer olmur. Bu, artıq xəstəliyin ifrat formasıdır. Dünya ədəbiyyatında Qobsek, Plyuşkin, Qarpaqon kimi xəsis obrazlar elə bu cür halları tam əks etdirir. İnsan özü yemir, içmir, ancaq toplamaqla məşğuldur. Hazırda ABŞ-da zibillikdə eşələnməyi sevən, oradan evinə lazımsız bir əşya gətirməkdən həzz olan insanlar da var. Özü də bir çoxu heç də kasıb təbəqəyə aid deyil. Əməlli-başlı işi, qazancı olan şəxslərdir. Amma evinə girəsi deyil, hər tərəf aşıb-daşır, ayaq qoymağa yer yoxdur.

Çin hər il milyon tonlarla zibili Avropa Birliyindən alır

Belə həyat tərzinin formalaşmasının da öz səbəbi var. Neft-qaz erasında lazımlı və ya lazımsız əşyaların istehsalı birə on artıb. Kifayət qədər yanacaq olduğundan onları dünyanın istənilən nöqtəsinə problemsiz çatdırmaq olur. Biri satır, digəri isə alır. Bir müddət sonra əşya ya zibilə atılır, ya da haradasa qalaqlanır. Bu, bir reallıqdır. Hər il dünyada zibilin həcmi bu həyat tərzinə görə birə on artır. Hətta bir ölkənin zibili bəzən digər ölkə üçün faydalı ola bilər. Deyək, Çin hər il milyon tonlarla zibili Avropa Birliyindən alır, həm də eyni miqdarda mal yollayır. Bir tərəfdən zibili emal edir, digər tərəfdən öz malını satır.

Belə yaşamağın mümkünsüzlüyünü anlamaq elə də çətin deyil. Axı Yer kürəsinin resurs imkanı tükənmək üzrədir. Buradan yeni mal istehsal edilir, oradan zibilə atılır. Nə qədər davam edəcək? Bir gün dayanmalıdır.

Azərbaycanda minimalizmlə maraqlanan kimsə tapmaq qəliz məsələdir

Dünyanın bir sıra ölkəsində yeni bir hərəkat da yaranıb: minimalizm cərəyanı. Bu ideya tərəfdarları yaşamaq üçün insana lazım olan əşyaların minimal həddə olmasının təbliğ edirlər. Həm yaşadıqları evdə əşya az olur, həm “şopinq”ə vaxt sərf etməkdən vaz keçirlər. Minimalistlər zamanı faydalı işlərə sərf etməyə can atırlar, əşyaya qulluq etməyə yox. Qəribə görünsə də, hazırda belə düşüncə tərzinə sahib olanların sayı gün-gündən artır. Həm ekologiyaya ziyan dəymir, həm də rahat yaşamaq olur. Bir növ asılılıq yaradan amillər yox olur.

Azərbaycanda minimalizmlə maraqlanan, onu təbliğ edən kimsə tapmaq qəliz məsələdir. Əhalinin çox hissəsi elə dayanmadan alır, özü də bank krediti hesabına. Bu səbəbdən banklara olan borcun da kütləsi azalmaq bilmir. Lazımsız əşyaları almaqla vəziyyəti daha da ağırlaşdırırıq. Elə bilirik, sovet dövrü bir də qayıdacaq, dükanlarda indi asanlıqla əldə etdiyimiz əşyaları bir də ala bilməyəcəyik. Hər evdə kifayət qədər kibrit, duz, şəkər, neft lampası, süpürgə tapmaq olar. Kibritə ehtiyac qalmayıb, çünki qaz sobasını avtomatik yandıran qurğu özündə quraşdırılıb. Duz, şəkər də toplamağa lüzum yoxdur, çünki hər ikisi ziyandır, bəzən heç istifadə də etmək olmaz. İşıq demək olar, daimi verilir, neft lampası ancaq dekor elementi kimi işə yarayır. Süpürgəni də tozsoran əvəzləyib, amma yenə iki-iki alırıq. Bu minvalla evi doldururuq.

Minimalizm ideologiyası dünyanı xilas edə biləcək bir düşüncə tərzidir, amma böyük monopoliyaların, reklamın, biznesin fəaliyyəti onu hər dəfə üstələyir. Deməli, ətrafdakı zibilin və əşyaların sayı azalmaq bilmir.

722
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Nağara müəllimi, AMEA üçün yataq dəsti, UEFA “absurd teatrı”

23
(Yenilənib 21:28 14.09.2020)
Pandemiya bütün dünyada elektronlaşmanı gücləndirdi. Əksər sahələrdə onlayn xidmət platformaları inkişaf etdi, istehlakçıların bu platformalardan istifadə bacarıqları artdı

BAKI, 14 sentyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Beyrutdan Qarabağa

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti bu həftə də diqqət mərkəzində oldu. Livanın Beyrut şəhərindəki partlayışdan sonra erməni əsilli ailələri Dağlıq Qarabağa köçürmək üçün səylərini artıran Ermənistan buradakı demoqrafik vəziyyəti süni şəkildə düzəltməyə çalışır. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan rəsmi Yerevanın hərəkətlərinə isə danışıqlarda vasitəçi olanlar başda olmaqla beynəlxalq təşkilatlar heç bir reaksiya vermir.  Çox təəccüblü də deyil – 30 ildir işğal altında saxlanılan ərazilərin müvafiq qətnamələrə rəğmən boşaldılmamasının yanında bu, fövqəladə məsələ deyil bəlkə də...

Nəticələr və seçimlər

Ötən həftə abituriyentlərin ali məktəbələrə qəbul imtahanlarının nəticələri məlum oldu və ixtisas seçimi başlandı.

İmtahan fənləri üzrə bütövlükdə müqayisə apardıqda, bu il Azərbaycan bölməsində Sumqayıt şəhəri, rus bölməsində isə Abşeron rayonu ən yüksək nəticə göstərib. Sumqayıtın neçə illərdir ki, birincliyinin səbəbləri öyrənilməli və tətbiq edilməlidir. Burda orta təhsilin keyfiyyətindən əlavə mühüm motivasiya olduğu hiss edilir.

İxtisas seçimi ilə bağlı daha bir mühüm detal: hər il bizdə üçüncü qrup ixtisaslarda əməlli-başlı tıxac yaranır. Yəni doğrudanmı, biz hələ də anlamırıq ki, gələcək texnologiyalar, kompüterlər, robotlarla bağlıdır – mühəndislik və proqramlaşdırma gələcəyin peşələridir. Birinci qrupda yaranan aşağı rəqabətlilik və aşağı ballar göstərir ki, xeyr, əksəriyyətimiz hələ də övladımızı hakim, prokuror, müstəntiq, vəkil, hüquqşünas kimi görmək istəyirik, mühəndisə isə bir növ fəhlə kimi baxırıq.  

Elektronlaşan dünya

Hər bir böhran həm də fürsətlər gətirir. Məsələn, pandemiya bütün dünyada elektronlaşmanı gücləndirdi. Əksər sahələrdə onlayn xidmət platformaları inkişaf etdi, istehlakçıların bu platformalardan istifadə bacarıqları artdı, xidmətlərdə xərclər aşağı düşdü. Azərbaycanda da həmçinin. Ötən həftə məlum oldu ki, ölkəmizdə elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olub.

Robotların həyatımıza gəlişi yaxşıdır, yoxsa pis?! Çevikliliyin artırılması, xərclərin azaldılması baxımından əladır, insanların iş yerlərini itirməsi baxımından isə acı...

Bütün xidmətlərin onlayn rejimə keçməsi hamının ürəyincə deyil: məsələn, qonşusu nağara müəllimi olanlar.

Maskalılar

Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı Lerik rayon məhkəməsinin təyin etdiyi  cəmi bir il müddətinə azadlıqdan məhrumetmə cəzası ləğv edildi, iş qanunvericiliyin tələbinə uyğun olaraq, yenidən tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə geri qaytarıldı.

Əgər ortada zorlama faktı varsa, məhkəminin qərarı hansı prinsiplə qəbul edilib?! Görəsən, “Qara maskalılar”ın cənub bölgəsinə səfəri olacaqmı?

Bu arada Bakı şəhər sakini C.Cümşüdov öz doğma azyaşlı qızına zor tətbiq edib, onunla cinsi əlaqədə olub. Mənəvi deqradasiya ilə mübarizə işinə isə təəssüf ki, maskalılar baxmır.

AMEA üçün yataq dəsti

AMEA-nın Mərkəzi Elmi Kitabxanası “SM Construction Supplies” MMC ilə 37 998.36 AZN dəyərində iki müqavilə imzalayıb. Şirkət kitabxananı yumşaq inventar, yataq ləvazimatları, xüsusi geyimlər və “digər mallar”la təmin etməlidir.

Mərkəzi kitabxana üçün yataq dəstinin nəyə lazım olduğu barədə çox düşünmək lazım deyil. AMEA heyətinin kainatın gələcəyinə təsir edən elmi kəşflərlə məşğul olarkən arabir istirahəti də təmin edilməlidir.

Mühüm detal

Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları qeydə alındı. Zəhərlənənlər arasında texniki heyət, İşçi qrupunun üzvləri, “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub.

Hadisənin bütün digər tərəfləri ilə yanaşı, siyasi tərəfi də nəzərdən keçirilməlidir.

Ölkədə başlanmış islahat dalğasının bir komponenti olan bu müsabiqənin təşkili zamanı belə bir hadisənin yaşanması bu dalğaya qarşı olanları yada salır.

“Absurd teatrı”

"Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə püşkə əsasən sentyabrın 16-da Bakıda qarşılaşmalı idi. Norveç hökuməti Bakıdan qayıtdıqdan sonra oyunçuların 10 günlük karantində qalmaq zərurətini əsas gətirərək, oyunun yerinin dəyişdirilməsini tələb etdi. UEFA da öz keçirdiyi püşkün nəticəsini acizanə şəkildə ləğv etdi, qarşılaşma Kiprə təyin edildi.

Məsələnin mahiyyəti bundan ibarətdir ki, Norveç Avropa Birliyinə üzv olmayan dövlətlərdən geri qayıdan bütün şəxslərə 10 gün karantin tətbiq edir. Yəni pandemiyanın real vəziyyəti yox, hansı təşkilta üzvlük əsas götürülür. Birliyə üzv olan İspaniya və Fransada koronavirusa yoluxma və ölüm statistikası Azərbaycandan dəfələrlə çoxdur, amma orda oynamaq olar, bizdə yox. UEFA-nın da qoşulduğu bu kompozisiyaya bir ad tapmaq olur: “absurd teatrı”.

Təəssüf ki, “Qarabağ” adının olduğu bütün məsələlərdə ikili standartlarla üzləşirik. Odur ki, güclünün haqlı olduğu bugünkü reallıqda futbolçularımız bu haqsızlığa yalnız əzmkar qələbə ilə cavab verməlidirlər.

23
İnsanın kölgəsi, arxiv şəkli

Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi

0
(Yenilənib 18:13 19.09.2020)
Toplanmış sübutlara əsasən, Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKI, 19 sentyabr — Sputnik. Xəbər verildiyi kimi, "Güllübulaq" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Füzuli Adıgözəlovun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a bildirilib ki, istintaq zamanı toplanmış sübutlarla "Güllübulaq" MMC-nin təsisçisi və faktiki rəhbəri Adıgözəlov Füzuli Qəşəm oğlunun 2011-2015-ci illər ərzində Türkiyə Respublikasından müxtəlif məhsullar idxal edib "Güllübulaq" MMC-nin anbarına mədaxil etmədən həmin Cəmiyyətə məxsus 1 milyon 885 min manat məbləğində pul vəsaitinin hesabına malların dəyərini və gömrük rüsumlarını ödəməsinə, habelə malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyərək mənimsəməsinə və bununla da, "Güllübulaq" MMC-yə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Füzuli Adıgözəlovun Cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən maddi məsul rəhbər vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq 2011-2015-ci illər ərzində ümumilikdə 8 milyon 396 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına da şübhələr üçün əsaslar yaranıb.

Toplanmış sübutlara əsasən, Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

18 sentyabr 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

0