Cütlük, arxiv şəkli

Karantində büsat, Lavrovun sürprizi, qanuni qanunsuz oğrular

74
(Yenilənib 10:28 25.08.2020)
Ötən həftə toy edənlərə elə toy tutuldu ki, Kürdəmirdəki əməliyyat kölgədə qaldı. Hansı ki, ictimaiyyət bu əməliyyatları çox böyük səbirsizliklə gözləyir, təqdir edir

BAKI, 25 avqust — Sputnik. 

7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Burdan eşit, burdan oyna...

Xalqımızın toy kimi bir adəti var... Yox, indi toy vaxtı deyil. Amma görünür, dövlətin qanunlarının fövqündə öz qanunları ilə yaşamaq arzusunda olanlar da var.

Ötən həftənin ən səs-küylü hadisəsi PA-nın keçmiş rəhbəri, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu oldu. Pandemiya şəraitində bu cür nəinki qeyri-akademik, qanunlara hörmətsizliyi özündə ehtiva edən yanaşmaya görə dövlət “diş”ini göstərməli oldu – qudalar 15 sutka həbs edildilər, jurnalistə açıqlamasında “iştirak etmişəm, düz eləmişəm” deyən Siyavuş Novruzova Yeni Azərbaycan Partiyası töhmət verdi, o və həyat yoldaşı, ombudsman Səbinə Əliyeva, eləcə də BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Filarmoniyanın direktoru Murad Adgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olundular.

Gəlin bəyi qarət etdi

Türkiyədə isə gəlin bəyə toy tutub. 22 yaşlı S.Ç. 27 yaşlı A.K.-nın 55 min lirə (12,820 AZN) pulunu mənimsəyib. Belə ki, evlənməyə qərar verən cütlüyün ailələri toydan bir gün əvvəl “başlıq pulu” üçün qıza 20 min lirə verib və 35 min lirə məbləğində bilərzik alıblar. Qızıl mağazasından qayıdandan sonra qız özünü pis hiss etdiyini və xəstəxanaya getmək istədiyini deyib. Xəstəxanaya aparılan gəlin tualetin pəncərəsindən qaçıb.

Bu film kimi hadisə təkcə türk qızlarının dünyadakı imicinə xələl gətirmir, ölkənin reputasiyasını da zədələyir.

Lavrovun sürprizi

Ötən həftə Ermənistan ictimai fikrində Lavrov “persona non qrata”ya çevrildi.

Rusiya XİN-in rəhbəri Tovuz istiqamətində gərginliyə görə Ermənistanı ittiham etdi: “Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə nəzarət-buraxılış məntəqəsini reanimasiya etmək cəhdi ağır nəticələrə səbəb olacaq hadisələr zəncirinin başlanğıcı oldu”.

Bu, erməni təxribatının həmsdər ölkə səviyyəsində etirafı idi. Bununla da Paşinyanın uydurduğu Azərbaycanın “UAZ təxribatı” da əldən çıxdı. “Hardtalk”ın müsahibəsi Qərbin Paşinyana münasibəti idi, Lavrovun açıqlaması isə bəlkə də Rusiyanın...

“Qanuni oğru”

Avqustun 19-u gecə Türkiyənin Antalya şəhərində  “qanuni oğru” Nadir Səlifov (Lotu Quli) qətlə yetirildi. Kriminalist Mixail İqnatov cinayətin Rusiyadakı bazar və ticarət mərkəzlərinə nəzarət uğrunda mübarizənin nəticəsi olduğunu deyib. Onun fikrincə, qətl azərbaycanlı və çeçen qruplaşmalarının bazara nəzarət uğrunda mübarizəsinin nəticəsidir.

O da maraqlıdır ki, Qulinin ölümü rəqibi olmuş Rövşən Lənkəransikinin ölüm günündən bir gün sonraya təsadüf edir.

Şübhəsiz, “oğru” aləminin mövcudluğu arzuolunmazdır, ancaq bir halda ki, bu, reallıqdır, orada azərbaycanlıların mövqeyinin belə sürətlə zəifləməsi təəssüf doğurur.

Qanunsuz oğru

Ötən həftə toy edənlərə elə toy tutuldu ki, Kürdəmirdəki əməliyyat kölgədə qaldı. Hansı ki, ictimaiyyət bu əməliyyatları çox böyük səbirsizliklə gözləyir, təqdir edir. Saxlanılan icra başçısı Ceyhun Cəfərov vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət almaqda ittiham edilərək məsuliyyətə cəlb olundu.

Belə görünür ki, bəziləri ölkədə aparılan islahatların onlara qədər gəlib çıxacağına inanmırlar – məsələn, Kürdəmirdə icra başçısı Səhiyyə Şöbəsindən aldığı 2000-2500 manat rüşvəti son vaxtlarda 4000 manata qədər qaldırıb.

3/1

Ümidlər var idi ki, koronavirus ilin sonunadək həyatımızı tərk edəcək. Amma ÜST-ün baş direktoru Tedros müəllim bu ümidlərin üstündən çalın-çarpaz xətt çəkdi: “COVID-19 pandemiyasının iki ildən az müddətdə bitəcəyinə ümid edirik”.

Bir sözlə, belə çıxır ki, yolun cəmi 3/1 hissəsini geridə qoymuşuq. Bu arada 2018 VP1 adı verilmiş asteroid noyabrın 2-də Yerə minimum məsafədə yaxınlaşacaq. Bu asteroidin planetimizin atmosferinə daxil olma ehtimalı da istisna edilmir. Görəsən, 2020-ci ilin sonunadək planet sağ qalacaqmı?!

“Yumurta Kamil”

“Giləzi” quşçuluq fabrikində daşıyıcı (ekspeditor) işləyən şəxsin vaxtı keçmiş yumurtaları satışa verdiyi məlum olub. Əməliyyat nəticəsində “Yumurta Kamil” ləqəbli K.Teymurovun marketlərə payladığı yararsız yumurtaları evində yenilərlə qarışdıraraq yenidən qablaşdırdığı üzə çıxıb.

“Leş Tofiq”in ənənələri müxtəlif sahələrdə davam etdirilir. İndi məlum olur ki, aldığımız yumurtalar niyə həmişə sağlam olmur – “Yumurta Kamil”lər fəal işləyir.

74
Redaktorun iş masası, arxiv şəkli

İslahatlar dalğası mediamıza çatdı: bizi gözləyir?

15
(Yenilənib 09:44 16.01.2021)
"Cidanı çuvalda gizlətmək" mümkün olmadığı kimi, mediamızın inkişafından məsul olan, bir zamanlar Vüqar Səfərli kimi laqeyd, jurnalistikadan xəbərsiz bir məmurun rəhbərlik etdiyi AR Prezidenti yanında KİVDF-nin qanunsuz əməlləri də gizli qalmadı.

Nəhayət ki, media sahəsindəki boşluqlar dövlətin diqqətini çəkdi.

Şəxsən mən dəfələrlə bu mövzuda yazsam da, səsimi lazımı şəxslərə eşitdirə bilmirdim.

Çünki, səsimizi eşitməli və eşitdirməli olan kəslər, səsimizi batırmaq üçün çabalayırdılar.

Bəli, mediamızın “başbilənləri” problemdən, haqsızlıqdan, qanun pozuntularından danışan şəxsləri ciddiyə almırdı, imkan olduqca səsimizi batırırdılar.

Onlar ancaq öz ətraflarındakı şəxsləri dinləyir, onlara “ləbbeyk” deyənlərin yolunu açırdılar.

Mediamızın vəziyyəti barədə uzun-uzadı yazmağa ehtiyac görmürəm, aidiyyatı olan hər kəs, hər şeyi bilir.

İllərdir baş alıb gedən ədalətsizliklər, mənimsəmələr, korrupsiya və israf nəhayət ki, dövlətin diqqətini çəkdi.

“Cidanı çuvalda gizlətmək” mümkün olmadığı kimi, mediamızın inkişafından məsul olan, bir zamanlar Vüqar Səfərli kimi laqeyid, jurnalistikadan xəbərsiz bir məmurun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qanunsuz əməlləri də gizli qalmadı. İslahatlar dalğası mediamıza da gəlib çatdı.

***

Ölkə prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilib və onun bazası əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Mediamıza, jurnalistlərimizə, zəhmətkeşlərimizə xeyirli, uğurlu olsun.

Baş verəcək hadisələri qabaqlamaq istəməzdim, ancaq dünən efirlərin birində illərdir media sahəsində hər cür qanun pozuntusu, korrupsiya ilə məşğul olmuş “başbilənlərdən” birinin ölkə prezideninin yeni fərmanını şərh etdiyini görəndə dalağım sancdı.

Nədənsə mənə elə gəlir ki, rüşvətə, korrupsiyaya, KİVDF-nin maxinasiyalarına bulaşmış insanlar bu sahədən uzaqlaşmadıqca, mediamız rahat nəfəs ala bilməyəcək.

İllərdir mətbuatın nəfəsini kəsən bu adamların indi islahatları dəstəkləməsi, yeni yaranan quruma təsir imkanları, ağız dolusu ədalətdən danışması məni çox narahat edir.

***

Düşünürəm ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna ediləcək dəyişikliklər ictimaiyyətin geniş müzakirəsinə çıxarılmalıdır.

Bu günə qədər edilən dəyişikliklər qənaətbəxş olmadığı üçün, bundan sonrakı proseslərdə ictimai fikir nəzərə alınmalıdır.

İndi diqqət daha çox KİV-nin qeydiyyatı məsələsinə çəkilir, jurnalistikaya aidiyyatı olmayan şəxslərin bu sahədə olmasından narahatlıq bildirir. Halbuki, mətbuatımızın yüzlərlə həll olunması vacib, aktual problemləri var.

Sosial şəbəkələrin, vətəndaş jurnalistikasının, blogerliyin geniş yayıldığı cəmiyyətdə, medianın inkişaf perispektivləri müasir texnologiyalardan kənarda müzakirə olunmamalıdır.

Qanunvericilikdə ediləcək dəyişikliklər medianın reklam bazarının formalaşmasına geniş dəstəyi də nəzərdə tutulmalı, mətbuata mümkün azadlıqlar verilməlidir.

Heç bir funksionallığı olmayan qəzetlərə dövlətin maddi dəstəyi dayandırılmalıdır.

Azad fikrə, azad sözə şərait yaradılmalı, ölkədə ciddi, dövlətçilik maraqlarını düşünən müxalif mətbuatın formalaşmasına imkan verilməlidir.

Şəxsən mən media sahəsindəki islahatların müsbət nəticələrini tezliklə görmək istəyirəm.

15
Xəzər, arxiv şəkli

Dəniz şəhəri olsaq da, bir azdan havanı Kanadadan almalı olacağıq

40
Bakının girişində xəzriyə bir heykəl quraşdırmaq da yerinə düşərdi, çünki bizim eləmədiyimizi bu xeyirli külək edir

Uzunömürlü insanların çoxu adətən dağ rayonu, ya da təmiz havası olan dəniz kənarında yaşayır. Oksigeni bol olan istənilən məkanda xəstələnmək şansı da azdır. Təmiz, yodlu-bromlu dəniz havası insanın uzun müddət sağlam yaşamasına zəmin ola bilər.

Şəhər havasının korlanmasına yüzlərlə amil təsir edir

Böyük şəhərlərdə sinə dolusu nəfəs almaq artıq çoxdan müşkülə çevrilib. Əgər burada artıq 1 milyondan artıq insan yaşayırsa, deməli, istəsən də, istəməsən də, təmiz hava qıtlaşır. Özü də müasir meqapolislərin bir çoxunda insan sayı on milyonlarla ölçülür. Şəhər havasının korlanmasına isə yüzlərlə amil təsir edir.

Milyonlarla bir yerə toplanan insanın nəfəs alması, şəhərlərdə saxlanılan ev heyvanları, insan fəaliyyəti nəticəsində yaranan zibil, sənaye müəssisələri, ziyanlı istehsalat, aviasiya, ictimai və gəmi nəqliyyatı, nəhayət şəxsi avtomobillər sakinlərin həyatını dözülməz edir. Şəhər insanı isə daim özünə rahat şərait yaratmağa çalışır. Tez-tez evini təmir edir, hələ dünən bəh-bəhlə dükandan aldığı əşyanı bu gün zibilə atır, çox yeyir, gəzir, idmanla məşğul olur, avtomobili, kompüteri və smartfonu daha dəblisi ilə əvəzləyir. Hər bir əməliyyat bu və ya digər formada şəhərin havasını çirkləndirir.

London, Nyu-York, İstanbul, Moskva, Pekin, Tokio, Seul kimi meqapolislərdə təmiz hava problemi çoxdan mövcuddur. Oksigen balonlarını Yaponiyada 2006-cı ildən satırlar. Nisbətən təmiz havası olan ölkələr artıq bu “məhsul”u satmaqla gəlir əldə edirlər. Əhalisi az, havası isə zəngin olan Kanada neçə müddətdir Çinə dağ havası yollayır. Eynilə dağ havasını dünya bazarında satan İsveçrə şirkəti də var. Pekin həm də dünyanın ən çirkli şəhərlərindən sayılır. Bəzi tədqiqatçılar Pekində nəfəs almağı gündə 40 siqaret çəkməklə bir tuturlar. Kanada havası Çində olduqca yaxşı satılır. 

Hava yoxdursa, deməli, həyat yoxdur

Hər bir şəhər, hər bir dövlət havanın çirklənməsi ilə bacardığı qədər mübarizə aparır. Deyək, 100-150 il öncə Londonda evlər daş kömürlə qızdırılırdı. Bu prosesdə yaranan tullantılar Böyük Britaniyanın paytaxtını dünyanın ən çirkli şəhərinə çevirmişdi. Nə nəfəs almaq olurdu, nə də normal yaşamaq. Təbii qaz peyda olduqdan sonra London meriyası daş kömürlə evləri qızdırmağı qadağan edir və şəhərin havası xeyli təmizlənir. Hazırda London daha bir problemlə üz-üzədir: əhalisi 10 milyona yaxınlaşan şəhərdə rahat nəfəs almağa ərazi qalmayıb. İnsanlar və avtomobillər paytaxtın havasını dəhşətli dərəcədə çirkləndirir. İndi də daha sərt qaydalar tətbiq edilməyə başlanılıb. Londonun mərkəzinə keçid pulludur, maşın saxlamaq da əlavə pul tələb edir. Yaxın illərdə şəhərdə duru yanacaqla işləyən avtomobillərin tam olaraq hidrogen yanacağına keçəcəyi, elektromobillərin geniş yayılacağı gözlənilir.

Sərt qaydalar tək Londonda deyil, həm də Avropanın bir çox ölkəsində tətbiq edilib. Yaxın gələcəkdə benzinlə işləyən avtomobillərin tam olaraq ekoloji təmiz yanacaqla çalışan nəqliyyat vasitələri ilə əvəzlənməsi bütün böyük şəhərlərin rəhbərliyi üçün prioritet məsələdir. Hava yoxdursa, deməli həyat yoxdur.

Oslonun daxilində bircə dənə sənaye müəssisəsi qalmayıb

Məsələn, Norveçin paytaxtı Oslo 2019-cu ildə Avropanın ən yaşıl və təmiz şəhəri elən edilib. Bu şəhərdə zibil ən azı 4 növə bölünərək şəhərin kənarında yerləşdirilən zibil zavoduna göndərilir. Zibil çox dəqiqliklə emal edilir, yəni cəmi 3 faiz qalıq qalır. Hətta qonşu Danimarka və İsveç öz zibilini də Norveçə təhvil verir. Norveçdə hətta kanalizasiyada yaranan istilikdən evləri qızdırmaq üçün istifadə edirlər. Oslonun daxilində bircə belə sənaye müəssisəsi qalmayıb. Hamısı şəhər kənarına çıxarılıb.

Şəhərin hər yerində piyadalar və velosipedçilər üçün yollar çəkilib. Avtomobil yolları isə şəhəraltı tunellərə köçürülüb.  Oslo əhalisinin yarısı elektromobillərdə hərəkət edir, günəş paneli ilə yüklənən elektrik velosipedi də çox populyardır. Tramvay, gəmi və digər nəqliyyat növlərində də elektrik enerjisindən istifadə edilir. Su elektrik stansiyaları da kifayət qədər enerji verə bilir. 1 litr benzin 3 manatadır deyə oslolular kütləvi olaraq benzinlə işləyən avtomobillərdən imtina edirlər. Elektromobillər üçün hər yerdə doldurma məntəqələri quraşdırılıb. Burada akkumulyatoru doldurmaq havayıdır. Havanı çirkləndirən avtomobillərin şəhər mərkəzinə daxil olması pulludur. Bu qayda həm də parklama yerlərinə də aid edilir.

Müasir şəhərin rəhbərliyi mümkün vasitələrlə havanın çirklənməsinin qarşısını almağa yönəlmiş tədbirlərə əl atmalıdır, yoxsa yaşayış mümkün olmayacaq.  Şəhərin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, demək olar, bütün meqapolislərdə reallaşdırılır. Yaponlar hətta göydələnlərin dam örtüyünü yaşıllıqla tamamlayırlar. Hər eyvanda mütləq ev bitkilərinin olduğunu müşahidə etmək olar. Yaşıllıq varsa, deməli oksigen çatışmazlığının az da olsa, qarşısını almaq olacaq.

Avtomobilin salonundan benzin iyi gəlir? Gəlsin də...

Bakı əhalisi də təmiz hava qıtlığından əziyyət çəkir. Dəniz şəhəri olsaq da, yodlu-bromlu havanı duya bilmirik, çünki Azərbaycanda mövcud olan avtomobillərin yarısı paytaxta cəmlənib. 4 milyonluq əhaliyə bəlkə də 1 milyon maşın düşür. 40 il öncənin Bakısında tək-tük maşın səsi eşidilirdi. Hava təmiz, insan sayı isə 4 dəfə az idi. Hazırda maşının nə səsi kəsilir, nə də havaya atılan zəhərli qazın sonu bilinir. Bizim avtomobil parkımız yalnız benzin və dizellə işləyən nəqliyyat vasitələrindən ibarətdir. Avtobusların bir çoxu elə işə düşərkən atmosferə qara tüstü buraxır, hamılıqla boğuluruq.

Ölkədə köhnə avtomobillərin utilizə edilmə proseduru yoxdur, yəni avtomobil ölənəcən işləyir. Sərt ekoloji qaydalar tətbiq edilmədiyindən avtomobilin texniki vəziyyəti sürücünü narahat etmir bir növ. Maşının arxa borusundan qara tüstü çıxır? Nə olsun? Çıxır, çıxsın da. Avtomobilin salonundan benzin iyi gəlir? Gəlsin də, nə olacaq ki?! Belə vəziyyətdə olan maşınla sərnişin daşıyan da az deyil. Soruşanda da, deyir, düzəldərəm, kasıblığın üzü qara olsun və sair. Avtobusun və ya avtomobilin köhnə olması əsas deyil, gərək yiyəsi bu nəqliyyat vasitəsinə qulluq eləsin, vaxtı-vaxtında yararsız detalları dəyişsin. Onu da etmək istəmirik.

Bakı yaşamaq üçün yararsız olan bir şəhərə çevrilməkdədir

Qanuna görə, hər bir nəqliyyat vasitəsi ildə bir dəfə texniki baxışdan keçməlidir. Məntiqlə paytaxtdakı avtomobillərin bir hissəsi elə bu mərhələdə kənarlaşdırılmalıdır. Amma proses formal olaraq reallaşır, apar pulunu ödə, texniki baxış barədə sənədi al. Nəticədə Bakı yaşamaq üçün yararsız olan bir şəhərə çevrilməkdədir, hava yox, xəstəlik də baş alıb gedir. Nəqliyyata texniki baxış məsələsində daha sərt qaydaların tətbiq edilməsinə su-hava kimi ehtiyac var. Köhnə avtomobil və avtobuslardan çoxdan yaxa qurtarmaq lazımdır, ən azı nəqliyyat vasitəsi sahiblərini  buna məcbur etməklə. Köhnədir, apar təhvil ver, puluna al ya da yeni avtomobil üçün sertifikat əldə et. Köhnəlmiş maşınları utilizə etmək, yığmaq zamanı çatıb. Ya da ən azı maşın sahibi öz avtomobilinə qulluq etməlidir. Niyə yol hərəkət qaydasını pozan sürücüyə cərimə yazılır, amma borusundan tüstü çıxan avtomobili görən yoxdur? Bəyəm, bu insan həyatı üçün təhlükəli deyil? Təmiz hava heç kimi maraqlandırmır?

Təmiz havaya görə xəzri küləyinə borcluyuq

Bakını ekoloji təmiz şəhərə çevirmək üçün bir çox layihə var. Məsələn, tramvay nəqliyyatının yenidən bərpası, metronun genişləndirilməsi, velosiped yollarının inşası, yeni növ elektrik qatarı şəbəkəsinin uzadılması məsələləri ara-sıra gündəmə gəlir, amma bu planlar daha çox kağızda reallaşır. Praktik işlər çox gecikir. Bircə çoxlu ağac əkilir paytaxtda, tez-tez aksiyalar keçirilir, yeni-yeni sahələrdə kiçik meşələr yaradılır. Özü də bu işdə demək olar hər bir dövlət qurumu iştirak edir, hətta könüllü olaraq ağac əkmək olduqca şərəfli iş sayılır. Yenə də şəhərin havası təmizlənir bir növ.

Ümumilikdə təmiz havaya görə Xəzər dənizindən əsən xəzri küləyinə borcluyuq desək, yanılmarıq. Dənizdən əsən sərin şimal küləyi şəhərin tozunu-tüstüsünü sistematik olaraq aparır, havanı təmizləyir. Xilas edir bizi havasızlıqdan. Bakının girişində xəzriyə bir heykəl quraşdırmaq da yerinə düşərdi, çünki bizim eləmədiyimizi bu xeyirli külək edir.

Amma şəhər də dayanmadan artır, yeni binalar ucaldılır, prospektlər salınır, yollar tikilir, xaricdən də yeni avtomobillər gətirilir, özü də benzinlə işləyən. Belə getsə, nə xəzri, nə gilavar kömək etməyəcək bizə, havanı Kanada, ya da İsveçrədən pulla alacağıq.

40
Teqlər:
hava, Bakı, ekologiya
Koronavirusa qarşı peyvənd, arxiv şəkli

Vaksinlər könüllü şəkildə bu şəxslərə pulsuz vurulacaq

0
Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar,poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi vaksinasiya ediləcək

BAKI, 16 yanvar — Sputnik. COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli əhali qrupları açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Seymur Musayev bildirib ki, COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları və vaksinasiya mərhələləri müvafiq olaraq aşağıdakı kimidir:

1-ci mərhələdə

- Səhiyyə işçiləri;

- 65 yaşdan yuxarı şəxslər;

- Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

2-ci mərhələdə

- Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

- 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

- Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

- Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.

S.Musayev bildirib ki, koronavirusa qarşı vaksinasiyada könüllülük prinsipi əsas götürüləcək. Onun sözlərinə görə, strategiyada növbəti prinsiplər təhlükəsizlik, şəffaflıq, mərhələlik, ədalətlilik, məsuliyyət və əməkdaşlıqdır: "Əsas hədəf epidemioloji vəziyyətin sabitləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılmasıdır".

0