Səbətdə göbələklər, arxiv şəkli

Adi göbələkdir, amma qanda şəkəri azaldar, mədə florasını bərpa edər

991
(Yenilənib 11:40 04.08.2020)
Çay göbələyindən alınan içki, sözsüz, adi kvasın bütün xüsusiyyətlərini özündə əks etdirir. Yayda sərinlik gətirir, mədə-bağırsaq sisteminin işini rahatlaşdırır.

BAKI, 1 avqust — Sputnik. Dünyanın bir çox yerində yayın isti keçəcəyi elə əvvəlcədən proqnozlaşdırılmışdı. Küləksiz, qızmar isti havadan xilas olmaq olduqca müşkül məsələdir. Kimi kondisioner altında yaşayır, kimi ailəsini də götürüb dədə-baba bağına tərəf üz tutur.

Çay göbələyindən çox gözəl bir kvas alınır

Hərə isti ilə bacardığı kimi mübarizə aparır. 30 dərəcədən yuxarı istidə su qəbulu da kəskin çoxalır. Qışda suya tərəf baxmayan insanlar yayda elə bil bunun acığını çıxırlar. Günə 3-4 litr maye qəbul etməklə orqanizmi bir növ cavanlaşdırırlar. Bədəndə toplaşan toksinlərdən orqanizm elə yayda azad olur, məhz su içməklə. İnsan var suyu az içər, amma maye balansını bərpa etmək üçün sərin qazlı içkilərə üstünlük verər. Yayda isti çayla susuzluğunu da yatırmağa çalışan az deyil. Belə insanlar elə köhnə qayda ilə isti çaydan içib tərləməklə sərinlik taparlar. Ayran sevənlər də soyuq içkini gündə neçə kərə içərlər.

© Sputnik / İsmayıl Rafiqoglu
Göbələk çayı

 

Dadına o qədər bələd olmadığımız bəzi sərinləşdirici içkiləri elə də var. Yəni əvvəllər ölkədə olmayıb, son dövrdə isə yeni-yeni tanış oluruq. Çay göbələyindən çox gözəl bir kvas alınır. Tərkibi də bir növ bizim ayrana yaxındır, amma daha faydalıdır. Çay kvası içənlər qızmar yay günlərində sərinlik tapırlar.

Çay kvası mədənin öz florasını bərpa etməsinə yardımçı olur

Çay göbələyinin vətəni kimi bir çox mənbədə Çin göstərilir. Bu əvəzsiz məhsulun faydasından uzun-uzadı danışmaq olar. Yaponiyada da olduqca populyar olub. Rusiyaya Uzaq Şərqdən gəlib. Sovet dövründə Rusiyada geniş yayılsa da, Azərbaycana gəlib çıxmayıb. Hazırda dünyanın bir çox ölkəsində azad satışda var. Kim istəsə çay göbələyinin özünü, kimsə də ondan alınan kvası ala bilər.

© Sputnik / İsmayıl Rafiqoglu
Göbələk çayı

Çay göbələyi bir neçə növ mikroorqanizmdən ibarətdir. O, sirkə turşulu bakteriya və maya göbələklərinin simbioz həyatı nəticəsində yaranır. Çay göbələyinin tərkibi olduqca mürəkkəbdir. Bu mikroorqanizmlər sirkə turşusu və digər birləşmələrə bənzər maddələr hazırlayırlar. Çay göbələyindən alınan içki dadına görə daha çox klassik kvası xatırladır. Həm qazlıdır, həm də kəmşirin.

Çay göbələyindən alınan içki, sözsüz, adi kvasın bütün xüsusiyyətlərini özündə əks etdirir. Yayda sərinlik gətirir, mədə-bağırsaq sisteminin işini rahatlaşdırır. Bir növ mikrofloranı bərpa edir. Tərkibində müxtəlif fermentlər, C və B qrupu vitaminləri də var. Həzm prosesini asanlaşdırır. Həkimlər çay kvasını uzun müddət antibiotik qəbulundan sonra qəbul etməyi məsləhət bilirlər, çünki o, mədənin öz florasını bərpa etməsinə yardımçı olur. Çay kvası bir sıra ziyanlı mikroorqanizmlərin məhv edilməsinə də kömək edir.

Klinik tədqiqatlar çay kvasının qanda ziyanlı xolesterini azaltdığını təsdiqləyib

Anti-bakterial xassəsi olduğuna görə xüsusilə də yayda baş verən ishal, diarreya hallarında qəbul etmək məsləhətdir. Çay kvası həm də qaraciyərin bərpasına yardım edir, hepatitin təsirindən və ya zərərli toksinlərdən azad olmaq üçün olduqca faydalıdır. Bəzi klinik tədqiqatlar çay kvasının qanda ziyanlı xolesterini azaltdığını təsdiqləyib. Ürək-damar, damar, həmçinin diabet xəstəliyi olan insanlara bu kvasdan faydalanmaq olar. Şəkərin də səviyyəsini aşağı salır, damarları da təmizləyir. İnfarkt və aterosklerozla mübarizədə köməkçi ola bilər.

Çay kvasının bir qədər ziyanlı təsiri var. Mədə turşuluğu yüksək olan insanlara, həm də hamilə qadınlara qəbul etmək məsləhət deyil. Yəni tərkibində sirkə turşusu çox olduğundan ehtiyatlı olmaq lazımdır.

© Sputnik / İsmayıl Rafiqoglu
Göbələk çayı

Çay kvasını hazırlamaq olduqca sadədir. Ən azı ilkin materialı, yəni çay göbələyini əldə etmək lazımdır. Azərbaycanda çay göbələyi adətən açıq satışda yoxdur, amma internetdən sifariş etmək olar, bəzi platformalarda da çay göbələyini satan da az deyil. İlkin göbələk oldusa, onu 3 litr həcmindəki balona əlavə etməliyik. 2 xörək qaşığı ilə şəkəri 200 qramlıq stəkanda tünd çayla qarışdırıb çay göbələyinin qabına tökürük. Qala hissəni otaq temperaturunda olan su ilə doldururuq. Bir neçə günə çay göbələyi həmin o çay kvasını hazırlayacaq.

Azərbaycanda nə çay kvasının kütləvi istehsalı, nə də çay göbələyinin rəsmi satışı yoxdur. Bu işlə xüsusi məşğul olan da tapmaq çətindir. Tək-tük insanlar məşğul olurlar. Amma ölkədə diabet, ürək-damar, mədə-bağırsaq xəstəliklərinin yüksək göstəricilərinin fonunda bu faydalı göbələyin artırılması və istifadəsi barədə düşünməyinə dəyər. Azərbaycan mətbəxinin yağlı xörəklərinin həzm edilməsində də yardımçı olardı. Hər halda çay kvasını qəbul edənlərin sayı artsa, onun haqqında daha çox məlumat paylaşılsa, gələcəkdə istehsalı da yüksələ bilərdi. Yayda isə əvəzi yoxdur, həm sağlamlıqdır, həm də sərinlik.

991
Pəncərə yaxınlığında kişi, arxiv şəkli

İcazə verin, evinizin pəncərəsindən keçmişimə boylanım...

74
(Yenilənib 22:16 30.11.2020)
Bəlkə də, evimiz, ünvanımız, daimi yaşayış yerimiz olmadığı üçün xoşbəxtlik axtarıb tapa bilmir bizi... Evimiz olsa, qapımızı döyərdi, mütləq.

Kirayədə qaldığım evlər tez-tez yuxuma girir. Divarları, mebelləri, qapı-pəncərələri, xatirələri ilə birgə...

Ən çox oğlumun ayaq açıb gəzdiyi, dil açıb ilk dəfə "ata" dediyi, Gəncədəki kirayə evi xatırlayıram.

Dörd otaq, bir mətbəx, oğlumun kövrək addımlarını atdığı iki addım eni, üç addım uzunu olan darısqal həyət girir yuxularıma.

Gəncədə xəsarət alan uşaq, arxiv şəkli
© Sputnik / Mihail Voskresenskiy

Universitetdən tələsə-tələsə gəlib, həyətdə qollarını açıb məni gözləyən oğlumla qarşılaşdığım o evi, üstündən on ildən çox keçsə də, unuda bilmirəm.

Hərdən, Bakıya köçəndən sonra kirayə qaldığım evləri də xatırlayıram. Darısqal mənzillər, hər dəfə xırda bir probleminə görə narahatlıq keçirdiyim başqasına məxsus evlər.

Hər kitabımı kirayə qaldığım evlərin birində yazmışam.

Acılı-şirinli xatirələrim səpələnib müxtəlif ünvanlara. Yaşadığım gözəl anları xatırlamaq istəsəm, hökmən kiminsə qapısını döyməliyəm.

"İcazə verin, evinizin pəncərəsindən keçmişimə boylanım..."

Adamı qapıdan qovarlar bu xahişə görə...

***

Evlər var ki, sadəcə evdir – xatirəsiz, keçmişsiz.

Evlər var ki, biz xatirələrə boylanmaq istədiyimiz pəncərələrinə indi qara pərdələr asılıb.

Evlər var ki, qapısını aylarla, illərlə açan olmur. Hətta sahibinin də yadından çıxıb.

Evlər var ki, kimsə məşuqəsi ilə görüşmək üçün, ildə, ayda bir dəfə açır qapısını. Toz basmış mebellərdə, yumşaq qadın barmaqlarının ürkək izi qalır, sonra o izləri də toz basır.

Evlər var ki, sobasının üstündə hisli çaydan, yanında saralmış dəm çayniki, pərdələrini də his basıb – Kiminsə yolunu gözləyir...

Evlər var ki, qapı zəngi səbirsizliklə gözləyir çalınmasını, içərisində bir ana səksəkəylə o zəngin səsinə həsrətdir.

Evlər var ki, balkonunda bir bayraq dalğalanır qürurla.

Evlər var ki, balkondakı zivələrdə uşaq paltarları yellənir sevinclə...

Evlər var ki, illərdir heç kəs pərdəsini aralayıb, günəşi salamlamır.

***

Sahibinin unutduğu, sahibini unudan evlər var.

Hansı binanın, hansı mərtəbəsində yerləşdiyini unutduğunuz evlər, küçədəki evsizlərin haqqıdır bəlkə də.

Ən dəbdəbəli evdə, villada, sarayda belə əbədi həyat yaşamaq mümkün deyil.

Daxmalarda xoşbəxt yaşayanlar, saraylarda qəhr olanlar var.

Daxmalar da evdir, saraylar da...

Xoşbəxtlik hansının qapısını döyəcəyini özü seçir.

Amma sənin ünvanın yoxdursa, xoşbəxtlik hansı qapını döyəcək?

Bəlkə də, evimiz, ünvanımız, daimi yaşayış yerimiz olmadığı üçün xoşbəxtlik axtarıb tapa bilmir bizi...

Evimiz olsa, qapımızı döyərdi, mütləq.

Evimiz olsa, qonaq gələrdi xoşbəxtlik...

***

Ölkəmdəki evsizlərin sayı məlum deyin. On minlərlə, yüzminlərlədir, bəlkə də.

Kirayələrdə yaşayanların da sayı bəlli deyil.

Əminəm ki, mənimlə eyni taleyi yaşayan, minlərlə, on minlərlə insan var – xatirələri pərən-pərən, keçmişi perik düşmüş...

***

Ömrümün ən kədərli ayında səs-küylü prosepektdə, kirayə qaldığım evdə xatirələrə boylanıram.

Bilirəm ki, mənim kimi neçə-neçə insan öz xatirələrini yad qapısında buraxıb, köçüb bu dünyadan.

Salam da deyir ki;

Bir böyük ölüm ver, qoy bəsim olsun…

Çörək - daşdan çıxan nəfəsim olsun…

Hər evin xatirə lövhəsi olsun -

hər kəs mismarlansın öz divarına.

Eh şair... Bizim xatirə lövhəsi kimi mismarlanacaq divarımız da yoxdur...

74
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən sevgisi nədir?

25
(Yenilənib 18:29 28.11.2020)
Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır.

BAKI, 28 noyabr — Sputnik. Sevgilərin ünvanı müxtəlif olur. İnsan həmişə nəyisə sevməyə möhtac hiss edir özünü. Bəzən də bu sevgilər insanın öhdəsinə çevrəsi tərəfindən məsuliyyət, borc kimi qoyulur: “sən Tanrını sevməlisən”, “sən ananı, atanı sevməlisən”, “sən vətəni sevməlisən” və s. Bəs insan özünə öhdəlik kimi diqtə edilən bu və ya digər nəsnələri sevməyə məcburdurmu?

Əlbəttə, həyatda hər şeyin bir alqoritmi, məntiqi olduğu kimi, sevginin də məntiqi var. Sevginin məntiqini sadə dildə izah etməli olsam, mən onu belə şərh edərdim: sevgi, sənin üçün misli-bərabəri və bənzəri olmayan, mövcudluğu nədənsə asılı olmayan, öz varlığını və ya həyatının xoşbəxtliyini borclu olduğun nəsnəyə duyduğun heyranlıq, rəğbət, pərəstiş, bağlılıq və bir az da ona qarşı təşəkkür hissidir.

Məsələn, Tanrıya sevginin bir məntiqi var. Çünki sənin üçün inandığın Tanrının misli-bərabəri və bənzəri yoxdur, onun mövcudluğu nədənsə asılı deyil, öz varlığını da, həyatını da ona borclusan və buna görə də onu sevirsən. Tanrı nisbi anlayış olduğu üçün, yəni Tanrının varlığına inanmayan insanlar da var olduğu üçün mən daha konkret nümunə göstərə bilərəm. Məsələn, kainata qarşı dərin bir sevgi bəsləməyin məntiqi var. Çünki kainatın (hələ ki) bizə məlum olan hər hansı bir misli-bərabəri və bənzəri yoxdur, mövcudluğu nədənsə asılı deyil – ki, bu, Tanrıya inanmayanlar üçün belədir – və sən öz varlığını da kainata borclusan.

Öz həyatımızın çərçivələri daxilində də sevgilərin məntiqini axtara bilərik. Məsələn, bizim öz anamızı və atamızı sevməyimizin müəyyən bir məntiqi var. Çünki bizim üçün onların misli-bərabəri və bənzəri yoxdur, onların bizim həyatımızda indi və burada mövcud olması heç bir amildən asılı deyil və biz var olmağımızı – qismən də olsa – onlara borcluyuq. Burada sual edilə bilər ki, həqiqətən, borcluyuqmu? Çünki onlar bizi dünyaya gətirməsəydi və əgər gəlməyimiz də bir vacib şərt idisə, başqa biriləri bizi dünyaya gətirəcəkdi. Amma və lakin gətirən o qadındır, o kişidir, konkret və müəyyən edilmiş məlum bir şəxsdir və sənin ona olan sevginin bu mənada məntiqi var.

Bizim öz işimizə, peşəmizə, sənətimizə olan sevgimizin də məntiqi var. Burada söhbət öz işinə fədakarcasına yanaşan, işi üzrə amalları, prinsipləri olan, işinə həyatını həsr edənlərdən gedir. Əgər sənin işin sənin üçün həyatın qayəsidirsə və sən bu işlə çevrənə faydalı ola, özündən sonrakılara bir miras qoya bilirsənsə, öz işini sevməyin olduqca məntiqlidir. Çünki bu məqamda işinin sənin həyatında misli-bərabəri və bənzəri yoxdur, onun sənin həyatındakı indi və burada mövcudluğu nədənsə asılı deyil və sən öz xoşbəxtliyini ona borclusan.

İstər ümumi müstəvidə, istərsə də həyatımızın mücərrəd sərhədləri daxilində sevgilərimizin müəyyən bir məntiqi var. Vətən sevgisinin isə məntiqi yoxdur. Ya məntiqə sığmayacaq qədər qeyri-adi, mistik bir anlayışdır, ya da ki, bu sevgi kortəbiidir. Burada vətən anlayışının necə dəyərləndirilməsi də mühüm məsələdir. Əgər sənin üçün vətən anlayışı kainatdırsa, Yer kürəsidirsə, bunu bir məntiqə sığdırmaq mümkündür. Axı, Yer kürəsi də üzərində insan həyatının mövcud olduğunu bildiyimiz hələ ki, yeganə planetdir və bu məsələ Yer kürəsini misilsiz və bənzərsiz qılır. Düzdür, mövcudluğu Günəş sistemindən, Süd Yolu qalaktikasından və digər amillərdən asılı olsa da, sən öz mövcudluğunu ona və onun üzərində səni var edə bilən bioloji amillərin vəhdətinə borclusan. Bu mənada, sən Yer kürəsini sevdiyin qədər, Günəş sistemini, Süd yolu qalaktikasını, qalaktikalar səbətini və birbaşa kainatı da sevməlisən.

© Sputnik / Leyla Orujova / Rahim Məmmədov

Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır. Çünki sən ərazisi, sərhədləri tarixin müxtəlif dönəmlərində böyük dəyişikliklərə uğramış və indi sənin yaşadığın dönəmdə mövcud sərhədləri ilə sənə tanıdılan bir ölkədə doğulub, həmin əraziyə vətən deyib, onu da fövqəladə bir sevgi ilə sevirsənsə, bilməlisən ki, dünyada onun onlarla, yüzlərlə və ondan daha yaxşı alternativləri var. Onun mövcudluğu da onlarla, yüzlərlə amildən asılıdır və sən öz varlığını qətiyyən ona borclu deyilsən, çünki dünyada sənin doğulduğun zamanda o ölkə olmasaydı da eyni yerdə, eyni məhəllədə, eyni evdə doğulacaqdın. Yaxud da, babaların başqa bir ölkəyə köçərdi, sən də həmin ölkədə dünyaya gələrdin. Yəni, bizə tanıdılan vətən anlayışı o qədər nisbi məsələdir ki, ona qarşı mütləq məntiqi sevgidən söhbət belə gedə bilməz.

Bəs niyə insanlar vətəni böyük və müqəddəs bir sevgi ilə sevir, hətta, onun uğruna canlarından keçirlər? Bu, geniş söhbətin mövzusudur. Lakin unutmamalıyıq ki, hər şeyin təməlində dünyadakı insanların kortəbii şəkildə özünə deyilənlərlə, öyrədilənlərlə yaşamaları durur. Və bunu sorğulamadan icra etmələri...

25
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

79
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

79
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın