Bankada manat, arxiv şəkli

Dünyanın koronavirus büdcəsi tükənir: xəstəliyə necə qalib gələcəyik?

1022
(Yenilənib 20:09 31.07.2020)
Dövlət qurumları tam gücündə işləmirsə, vergi toplanmırsa, biznes fəaliyyəti yoxdursa, koronavirusa necə qalib gələcəyik? Hansı vəsaitlə?

BAKI, 31 iyul — Sputnik. Dünyanın koronavirus pandemiyası ilə mübarizədə resursları tükənməkdədir. İqtisadiyyat, maliyyə, bank sektoru, tikinti və digər sahələr durğunluq vəziyyətindədir. Neft, qaz və digər enerji daşıyıcılarına da tələbat, dövlət büdcəsinə daxil olan vergi və digər gəlirlər xeyli azalıb. Faydalı işlə məşğul olmaq əvəzinə evdə karantində oturmağa məcbur olan insanların da durumu ümumi vəziyyətə uyğundur.

Ukraynanın koronavirus fondunda heç bir vəsait qalmayıb

Bu günlərdə Ukraynanın maliyyə naziri Sergey Marçenko koronavirus epidemiyası üçün yaradılmış fondda heç bir vəsaitin qalmadığını bəyan edib. Nazirin bildirdiyinə görə, pulun çox hissəsi karantin dövründə zərər çəkmiş ukraynalıların durumunun yüksəldilməsinə yönəldilib. Marçenko dövlət gəlirlərinin xeyli azaldığını, hətta yerli seçkilərin də koronavirus fondunun hesabına maliyyələşdiyini qeyd edib. Ukrayna Radası koronavirusdan vəfat etmiş tibb işçilərinin ailələrinə yardım etmək barədə qanun da qəbul edib. Beləliklə, büdcə kəsiri üç dəfə artıb. Bir qədər öncə ölkənin baş naziri Denis Şmıqal da Ukrayna ÜDM-nin 4,8 faiz azalacağını proqnozlaşdırmışdı. Baş nazirin fikrincə, beynəlxalq maliyyə təşkilatlarının yardımı olmadan Ukraynanı “maliyyə defoltu uçurumu” gözləyir.

Ukrayna vəziyyətin acınacaqlı olduğunu açıq-aydın boynuna alan tək dövlət deyil. Böyük maliyyə imkanları, kifayət qədər güclü iqtisadiyyatı, elmi potensialı olan Avropa Birliyi də vəziyyətin ağır olduğunu dəfələrlə bildirib. AB-nin rəsmi kanalı olan “Euronews” televiziyası günlərlə Avropada milyonlarla gülü, kahını, xiyar-pomidoru məhv etməyə məcbur olan holland, fransız, ispan fermerlərindən, obyekti bağlayıb zərərə düşən restoran sahiblərindən, pendirini çölə tökən italyan iş adamlarından süjet hazırlayır.

İnsan rahatlığı üçün ətraf mühiti məhv etməyə hazırıq

Pandemiyanın törətdiyi problemləri həll etmək üçün Avropa Birliyi 750 milyard avro pul sərf etməyə hazırlaşır. ABŞ böhranı dəf etməyə 4, Yaponiya isə 1,1 trilyon dollar vəsait sərf edəcək. Özü də bu son rəqəm deyil. Yəqin, ziyanın həcmi daha çox olacaq. Ümumilikdə, dünya üzrə pandemiyanın vurduğu zərbəni qarşılamaq üçün 10 trilyon dollar xərclənməlidir.

Dünyanın maliyyə sistemi borc və kredit üzərində qurulub. AB, ABŞ və Yaponiya kimi ölkələrin az-çox resursu var, amma Ukrayna artıq indidən imkansız olduğunu dilə gətirir. Hər hansı bir yüngül çətinlik bəşəriyyətin nə qədər ağır durumda olduğunu açıq-aydın üzə çıxarır.  Böhranın biri gəlib, o birisi gedir, birtəhər yola veririk, amma yaratdığımız maliyyə və iqtisadiyyat modeli olduqca kövrəkdir. Bu model yalnız və yalnız Yer kürəsi resurslarının məhvinə yönəlib, insan rahatlığı üçün ətraf mühiti məhv etməyə hazırıq, amma ekologiyanı məhv etdikcə həyatımız daha da ağırlaşır. Quraqlıq, daşqınlar, təbii fəlakətlərin sayı durmadan artır.

ABŞ-da bir xəstənin sağalması haradasa 75 min dollara başa gəlir

Bir koronavirus xəstəsi dövlət büdcəsinə neçəyə başa gəlir? Hər ölkədə məbləğ müxtəlifdir. Qazaxıstanda koronavirusa yoluxmuş insanın bir gününə orta hesabla 60, Azərbaycanda yüngül xəstəyə 80, ağır xəstəyə isə 150 manat xərclənir. ABŞ-da bir xəstənin sağalması haradasa 75 min dollara başa gəlir. Rusiyanın mərkəzində, məsələn, Sankt-Peterburqda orta vəziyyətdə olan xəstənin müalicəsi 2000, ağır vəziyyətdə olan pasiyentin isə müalicəsi 3000 ABŞ dollarına başa gəlir. Hər gün milyardlarla maska, rezin əlcək zibilə atılır, milyon tonlarla dezinfeksiyaedici məhlullar çölə tökülür, heç bir ölkə koronavirus testini kifayət qədər istehsal edə bilməyib. Hələ uzun müddət bu testlərin qıtlığı duyulacaq.

İqtisadi fəaliyyəti dondurub insanları karantində evdə saxlamaqla nəticə əldə etmək olacaqmı? Müəyyən dərəcədə - bəlkə də. Amma dövlət qurumları tam gücündə işləmirsə, vergi toplanmırsa, biznes fəaliyyəti yoxdursa, koronavirusa necə qalib gələcəyik? Hansı vəsaitlə?

Cəmi 8 ay müddətinə o qədər də dəhşətli olmayan bir virus dünyanı dəhşətli dərəcədə parçaladı, iqtisadiyyatı çökdürdü, bütün əhəmiyyətli məsələlərin həllini arxa plana çəkdi. Bununla belə çəkilib getmədi, hələ aramızda yaşayır, yaşamaqda da davam edəcək. Koronavirusa qalib gəlməyin yolu məhz kollektiv immunitet qazanmaqdan keçir. Bu olmasa, elə ömrümüzün sonuna kimi evdə karantində qalmağa məhkumuq.

Kollektiv immunitetə hələ çox var

Kollektiv immunitet necə qazanılır və onun qazanılması bizə nə vəd edir? Kollektiv immunitet deyəndə, əhalinin böyük hissəsinin hər hansı bir xəstəliyə tutulması, ona qarşı davamlı immunitet qazanması və bu yolla xəstəliyin yayılma zəncirinin qırılması nəzərdə tutulur. Alimlər kollektiv immunitet faizində fərqli fikir yürüdürlər.

Böyük Britaniyanın Nottingem və İsveçin Stokholm universitetlərinin riyaziyyatçı alimlərinin hazırladığı riyazi model əhalinin 43 faizinın xəstəliyə tutulması və peyvəndlənməsi nəticəsində kollektiv immunitet qazanmasının mümkünlüyünü sübuta yetirib. Bir sıra rusiyalı virusoloqlar faiz dərəcəsinin ən azı 50 civarında olmasını iddia edirlər. Bəzi alimlər bu göstəricinin 70 faiz olmasının tərəfdarıdırlar.

Kollektiv immunitet olmalıdır. Özü də bu prosesin peyvənd yolu ilə baş tutacağına da ümid azdır, peyvənd hələ yoxdur, nə vaxt olacaq? Kütləvi istehsalı da illər aparacaq. Xəstələnib immunitet qazanmalıyıq, hələlik dünya üzrə xəstələnlərin rəsmi sayı 15 milyonu ötüb. Yəni Yer əhalisinin cəmi 2 faizi xəstələnib. Kollektiv immunitetə hələ çox var. 8 aylıq durğunluq 10 trilyon ABŞ dollarına başa gəlibsə, prosesin bu tempdə davam etməsi illərlə yaradılmış ticarət sistemini tam məhv edə bilər. Bir çox bölgədə qida qıtlığı, təmiz su ehtiyatının kəskin azalması, dərman preparatlarının çatışmazlığı gözlənilir.

İnsan itkisi milyonlar yox, milyardlarla ölçülə bilər

Koronavirusla bu cür mübarizə üsulları hazırkı dövrün düşüncə tərzinə tam uyğundur. Yəni insan bizim ekosistemin ən vacib və mühüm elementi sayılır, onun həyatının qiyməti olduqca yüksəlib. Ən ümidsiz xəstəni belə illərlə aparatda süni yolla saxlamaq normaya çevrilib, amma bu, ekoloji qanunlara ziddir. Təbiətdə olan ehtiyatlar olduqca məhdud, bizim isə ətraf mühitə yanaşmamız yanlışdır. Dünya okeanı, su resursları, enerji ehtiyatları vəhşicəsinə məhv edildikdə, bir zaman daha dəhşətli fəlakətlə üz-üzə durmalı olacağıq. Kiçik bir qığılcım dünyanın alovlandırıb məhvə apara bilər. Onda insan itkisi milyonlar yox, milyardlarla ölçülə bilər.

Bəşəriyyət bu gün ilk növbədə təbii ehtiyatları mümkün qədər qənaətlə xərcləməyi, daha effektiv texnologiyaları ortaya qoymağı, dünyanı daha ağılla idarə etməyi öyrənməlidir. Ətraf mühiti məhv etməklə koronavirusdan dəfələrlə dəhşətli xəstəliklərə yol açmış oluruq. Ukrayna büdcədə virusla mübarizə üçün vəsaitin olmadığını dilə gətirən dövlətlərdən biridir. Amma belə halların artacağı və bu mübarizə modelindən imtina edəcəyimiz qaçılmazdır.

1022
Mövzu:
Dünyanı cənginə almış bəla (478)
Əlaqədar
İlk dəfə yaranan unikal situasiya: kimsə doyunca yatdı, kimsə də çörək tapmadı
Karantin dövrünün ağır bəlası – Əgər evdə oturub darıxırsansa...
Koronavirus bizə çətin qalib gələ, çünki bizim ona qarşı silahımız var
Koronavirus fırıldaqları: fleş kart, krem və gözmuncuğu da təklif oluna bilər
Supergüclərin “yaşıl” energetika oyunu: nefti satan uduzur, alansa qazanır
Poz verən qadınlar, arxiv şəkli

Dünyanı xilas edəcək düşüncə tərzi: asılılıq yaradan amillər yox olur

725
Alış-veriş bir gün dayanan kimi elə bil bir qaranlıq dünyaya düşürük, qarşıda heç bir işıq ucu görünmür. Hətta ən imkansız insanın evi belə qalaq-qalaq əşya ilə dolub daşır.

Qəribə bir zamanda yaşayırıq. Ürəyimiz istəyəni anındaca tapa bilirik, dükan-bazar hər cür malla doludur. İstəsək, lap Yaponiyadan kvadrat formada qarpız da gətizdirərik. Hər tərəfimiz əşya ilə qalaqlanıb. Hətta ən qənaətcil insan belə istər-istəməz ətrafını lazım oldu-olmadı nə iləsə doldurur.

Ata, mənə nə almısan?

Televiziyada dayanmadan reklam göstərilir, yol gedirsən, avtomobildəki radiodan reklam eşidirsən, avtobusa girirsən, gözün görür, telefonu açırsan, yenə bir yerdən çıxır. Supermarketə gedirsən, baş çıxara bilmirsən, rəflər aşıb-daşır, birinə dəyirsən, üstünə aşır. Nəyisə qırıb sındırsan belə deyirlər eybi yoxdur, təki bizdən al. Market arabasına yığılan malların bəzən sayı-hesabını itirirsən.

Evə gələrkən uşaq qapıda soruşur “ata, mənə nə almısan”, aldığını verəndə sevinir. Sabah açılanda, görürsən həmin oyuncaq artıq zibilə atılıb, ya evə səpələnib. Deyinə-deyinə yığışdırırsan. Bir gün vacib nəsə lazım olur, tapa bilmirsən. Şkafı açırsan, başına bir tıx əşya tökülür. Birtəhər yerinə dürtürsən, deyirsən, eybi yox, gedim təzəsini alaram. 

Alış-veriş bir gün dayanan kimi elə bil bir qaranlıq dünyaya düşürük, qarşıda heç bir işıq ucu görünmür. Hətta ən imkansız insanın evi belə qalaq-qalaq əşya ilə dolub daşır. Televiziya ekranında, internet kanallarında çıxış edən ekspertlər ağızdolusu iqtisadi göstəricilərin artımından danışırlar. Dünyanın ən nəhəng media qurumları hazırkı böhranın dəhşətindən, iqtisadiyyatın çökməsindən daim məlumat verirlər. İstehsal gərək bir gün belə dayanmasın, dayansa batarıq.

Yeni əşya aldıqca, daim köhnələrə yer axtarmalı oluruq

Əşya almasaq, guya hazırkı iqtisadi model işləməyəcək. Marketoloqlar gündə bir gedişə əl atmaqla insanları hələ yararlı əşyalardan yaxa qurtarmağa, yenilənməyə sövq edilər. Heç kəs hələ bir müddət öncə aldığı, hələ əməlli-başlı yararlana bilmədiyi əşyaların taleyini düşünmək istəmir.

Yeni əşya aldıqca, daim köhnələrə yer axtarmalı oluruq. Mebel rəfləri dolub daşdıqdan sonra onlardan hansısa yolla azad olmağın yolunu düşünürük. Ən sadə variant zibilə tullamaqdır, can rahatlığıdır. Amma tullamaq da olmur, axı əziyyət çəkib almısan. Adətən evdən çıxan artıq əşyaları daşıyırıq qaraja, ya da binanın bir tərəfində inşa etdiyimiz anbara yığırıq. Zaman ötür, qaraj da, anbar da aşıb-daşır. Günlərin bir günü bir yük maşını çağırıb köhnə soyuducu, televizor, mebel, tozsoran, paltaryuyandan tutmuş pas atmış alətə kimi nəyimiz varsa, daşıyırıq bağa. Bəzən öz bağımız olmayanda, qohum-əqrəba, dost-tanışda bağı olanın həyətinə daşıyırıq. Nə ki var, doldururuq hər yeri.

Bağ evində toz əlindən nəfəs almaq belə mümkün olmasa da, yenə köhnəmizdən əl çəkə bilmirik. Hətta nimdaş paltarı belə atmırıq. Düşünürük, bəlkə bağda əski əvəzi işlədərik. İllərlə qalaqlanan, sonra da çürüyən geyimə yaxın durmaq imkanımız belə olmur. Nə geyinirik, nə də əski kimi işlədirik.

“Şopoqolizm” artıq bir növ psixoloji asılılıq kimi qəbul edilir

Belə yanaşma tək bizə aid deyil, əslində. Bəzi ölkələrdə əşya aludəçiliyi epidemiya halını alıb. Məsələn, ABŞ-da artıq əşyanı yerləşdirməyə yer tapmayan amerikalılar xüsusi anbar icarə etməyə məcbur olurlar. Bir müddət ötür, icarə haqqı ödəməyə imkan olmur deyə, eləcə başını buraxırlar. Hətta bu atılmış anbar-konteynerlərin hərracı da təşkil edilir. Xüsusi televiziya kanalı da bu prosesi əks etdirir. Hərrac anbarın qapısı açılmadan reallaşır. Bir növ oyundur elə bil. Nəsə alırsan, amma nə olduğunu bilmirsən. Elə telekamera önündə anbarın qapısı açılır, əşyaların araşdırılmasına başlanılır. 

Əşya hərisliyinə müxtəlif ad verirlər. Məsələn, “şopoqolizm” artıq bir növ psixoloji asılılıq, xəstəlik kimi qəbul edilir. Müasir ingilis yazıçısı Sofi Kinsellanın “Şopoqolikin gizli aləmi” əsərinin baş qəhrəmanı Rebekka Blumvud, necə deyərlər, zəmanə uşağıdır. Londonun mərkəzində yaşayır, normal işi var, kifayət qədər pul qazanır, amma o hamıya borcludur, ev-eşiyi isə əşya ilə dolub. Aldığı geyimin bir çoxunu heç istifadə edə bilmir. Bununla yanaşı Rebekka yalnız alış-veriş barədə düşünür, başqa amalı, düşüncəsi yoxdur. Qazandığı da bank kreditlərinin ödənilməsinə xərclənir. Nə qədər çox gəliri olsa da, xeyri yoxdur. O, həmişə borcludur. Hətta ev tutmağa belə pulu yoxdur, bir rəfiqəsinin evində qalır. Daha çox qazanmaq, daha az xərcləmək istəyir, amma alınmır. Elə hey alır, alır, alır.

Rebekka kimi hazırkı dövrümüzdə milyonlarla insan var. Yenə yenisini alıb, köhnədən yaxa qurtara bilsə, bu çox pozitiv addım olar. Amma evini əşya qəbiristanlığına çevirənlər də az deyil. Qadın var, qarderobunda nəyin olduğunu dəqiq bilmir. İnsan var “Plyuşkin sindromu” adlanan xəstəliyə tutulub, yəni bir tərəfdən dükandan alıb gətirir, digər tərəfdən isə əlinə harada nə keçdi çatdırır evinə. Bir müddət sonra evdə artıq azad gəzməyə belə yer olmur. Bu, artıq xəstəliyin ifrat formasıdır. Dünya ədəbiyyatında Qobsek, Plyuşkin, Qarpaqon kimi xəsis obrazlar elə bu cür halları tam əks etdirir. İnsan özü yemir, içmir, ancaq toplamaqla məşğuldur. Hazırda ABŞ-da zibillikdə eşələnməyi sevən, oradan evinə lazımsız bir əşya gətirməkdən həzz olan insanlar da var. Özü də bir çoxu heç də kasıb təbəqəyə aid deyil. Əməlli-başlı işi, qazancı olan şəxslərdir. Amma evinə girəsi deyil, hər tərəf aşıb-daşır, ayaq qoymağa yer yoxdur.

Çin hər il milyon tonlarla zibili Avropa Birliyindən alır

Belə həyat tərzinin formalaşmasının da öz səbəbi var. Neft-qaz erasında lazımlı və ya lazımsız əşyaların istehsalı birə on artıb. Kifayət qədər yanacaq olduğundan onları dünyanın istənilən nöqtəsinə problemsiz çatdırmaq olur. Biri satır, digəri isə alır. Bir müddət sonra əşya ya zibilə atılır, ya da haradasa qalaqlanır. Bu, bir reallıqdır. Hər il dünyada zibilin həcmi bu həyat tərzinə görə birə on artır. Hətta bir ölkənin zibili bəzən digər ölkə üçün faydalı ola bilər. Deyək, Çin hər il milyon tonlarla zibili Avropa Birliyindən alır, həm də eyni miqdarda mal yollayır. Bir tərəfdən zibili emal edir, digər tərəfdən öz malını satır.

Belə yaşamağın mümkünsüzlüyünü anlamaq elə də çətin deyil. Axı Yer kürəsinin resurs imkanı tükənmək üzrədir. Buradan yeni mal istehsal edilir, oradan zibilə atılır. Nə qədər davam edəcək? Bir gün dayanmalıdır.

Azərbaycanda minimalizmlə maraqlanan kimsə tapmaq qəliz məsələdir

Dünyanın bir sıra ölkəsində yeni bir hərəkat da yaranıb: minimalizm cərəyanı. Bu ideya tərəfdarları yaşamaq üçün insana lazım olan əşyaların minimal həddə olmasının təbliğ edirlər. Həm yaşadıqları evdə əşya az olur, həm “şopinq”ə vaxt sərf etməkdən vaz keçirlər. Minimalistlər zamanı faydalı işlərə sərf etməyə can atırlar, əşyaya qulluq etməyə yox. Qəribə görünsə də, hazırda belə düşüncə tərzinə sahib olanların sayı gün-gündən artır. Həm ekologiyaya ziyan dəymir, həm də rahat yaşamaq olur. Bir növ asılılıq yaradan amillər yox olur.

Azərbaycanda minimalizmlə maraqlanan, onu təbliğ edən kimsə tapmaq qəliz məsələdir. Əhalinin çox hissəsi elə dayanmadan alır, özü də bank krediti hesabına. Bu səbəbdən banklara olan borcun da kütləsi azalmaq bilmir. Lazımsız əşyaları almaqla vəziyyəti daha da ağırlaşdırırıq. Elə bilirik, sovet dövrü bir də qayıdacaq, dükanlarda indi asanlıqla əldə etdiyimiz əşyaları bir də ala bilməyəcəyik. Hər evdə kifayət qədər kibrit, duz, şəkər, neft lampası, süpürgə tapmaq olar. Kibritə ehtiyac qalmayıb, çünki qaz sobasını avtomatik yandıran qurğu özündə quraşdırılıb. Duz, şəkər də toplamağa lüzum yoxdur, çünki hər ikisi ziyandır, bəzən heç istifadə də etmək olmaz. İşıq demək olar, daimi verilir, neft lampası ancaq dekor elementi kimi işə yarayır. Süpürgəni də tozsoran əvəzləyib, amma yenə iki-iki alırıq. Bu minvalla evi doldururuq.

Minimalizm ideologiyası dünyanı xilas edə biləcək bir düşüncə tərzidir, amma böyük monopoliyaların, reklamın, biznesin fəaliyyəti onu hər dəfə üstələyir. Deməli, ətrafdakı zibilin və əşyaların sayı azalmaq bilmir.

725
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Nağara müəllimi, AMEA üçün yataq dəsti, UEFA “absurd teatrı”

25
(Yenilənib 21:28 14.09.2020)
Pandemiya bütün dünyada elektronlaşmanı gücləndirdi. Əksər sahələrdə onlayn xidmət platformaları inkişaf etdi, istehlakçıların bu platformalardan istifadə bacarıqları artdı

BAKI, 14 sentyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Beyrutdan Qarabağa

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti bu həftə də diqqət mərkəzində oldu. Livanın Beyrut şəhərindəki partlayışdan sonra erməni əsilli ailələri Dağlıq Qarabağa köçürmək üçün səylərini artıran Ermənistan buradakı demoqrafik vəziyyəti süni şəkildə düzəltməyə çalışır. Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan rəsmi Yerevanın hərəkətlərinə isə danışıqlarda vasitəçi olanlar başda olmaqla beynəlxalq təşkilatlar heç bir reaksiya vermir.  Çox təəccüblü də deyil – 30 ildir işğal altında saxlanılan ərazilərin müvafiq qətnamələrə rəğmən boşaldılmamasının yanında bu, fövqəladə məsələ deyil bəlkə də...

Nəticələr və seçimlər

Ötən həftə abituriyentlərin ali məktəbələrə qəbul imtahanlarının nəticələri məlum oldu və ixtisas seçimi başlandı.

İmtahan fənləri üzrə bütövlükdə müqayisə apardıqda, bu il Azərbaycan bölməsində Sumqayıt şəhəri, rus bölməsində isə Abşeron rayonu ən yüksək nəticə göstərib. Sumqayıtın neçə illərdir ki, birincliyinin səbəbləri öyrənilməli və tətbiq edilməlidir. Burda orta təhsilin keyfiyyətindən əlavə mühüm motivasiya olduğu hiss edilir.

İxtisas seçimi ilə bağlı daha bir mühüm detal: hər il bizdə üçüncü qrup ixtisaslarda əməlli-başlı tıxac yaranır. Yəni doğrudanmı, biz hələ də anlamırıq ki, gələcək texnologiyalar, kompüterlər, robotlarla bağlıdır – mühəndislik və proqramlaşdırma gələcəyin peşələridir. Birinci qrupda yaranan aşağı rəqabətlilik və aşağı ballar göstərir ki, xeyr, əksəriyyətimiz hələ də övladımızı hakim, prokuror, müstəntiq, vəkil, hüquqşünas kimi görmək istəyirik, mühəndisə isə bir növ fəhlə kimi baxırıq.  

Elektronlaşan dünya

Hər bir böhran həm də fürsətlər gətirir. Məsələn, pandemiya bütün dünyada elektronlaşmanı gücləndirdi. Əksər sahələrdə onlayn xidmət platformaları inkişaf etdi, istehlakçıların bu platformalardan istifadə bacarıqları artdı, xidmətlərdə xərclər aşağı düşdü. Azərbaycanda da həmçinin. Ötən həftə məlum oldu ki, ölkəmizdə elektron ticarət dövriyyəsi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 2,2 dəfə çox olub.

Robotların həyatımıza gəlişi yaxşıdır, yoxsa pis?! Çevikliliyin artırılması, xərclərin azaldılması baxımından əladır, insanların iş yerlərini itirməsi baxımından isə acı...

Bütün xidmətlərin onlayn rejimə keçməsi hamının ürəyincə deyil: məsələn, qonşusu nağara müəllimi olanlar.

Maskalılar

Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı Lerik rayon məhkəməsinin təyin etdiyi  cəmi bir il müddətinə azadlıqdan məhrumetmə cəzası ləğv edildi, iş qanunvericiliyin tələbinə uyğun olaraq, yenidən tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə geri qaytarıldı.

Əgər ortada zorlama faktı varsa, məhkəminin qərarı hansı prinsiplə qəbul edilib?! Görəsən, “Qara maskalılar”ın cənub bölgəsinə səfəri olacaqmı?

Bu arada Bakı şəhər sakini C.Cümşüdov öz doğma azyaşlı qızına zor tətbiq edib, onunla cinsi əlaqədə olub. Mənəvi deqradasiya ilə mübarizə işinə isə təəssüf ki, maskalılar baxmır.

AMEA üçün yataq dəsti

AMEA-nın Mərkəzi Elmi Kitabxanası “SM Construction Supplies” MMC ilə 37 998.36 AZN dəyərində iki müqavilə imzalayıb. Şirkət kitabxananı yumşaq inventar, yataq ləvazimatları, xüsusi geyimlər və “digər mallar”la təmin etməlidir.

Mərkəzi kitabxana üçün yataq dəstinin nəyə lazım olduğu barədə çox düşünmək lazım deyil. AMEA heyətinin kainatın gələcəyinə təsir edən elmi kəşflərlə məşğul olarkən arabir istirahəti də təmin edilməlidir.

Mühüm detal

Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları qeydə alındı. Zəhərlənənlər arasında texniki heyət, İşçi qrupunun üzvləri, “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub.

Hadisənin bütün digər tərəfləri ilə yanaşı, siyasi tərəfi də nəzərdən keçirilməlidir.

Ölkədə başlanmış islahat dalğasının bir komponenti olan bu müsabiqənin təşkili zamanı belə bir hadisənin yaşanması bu dalğaya qarşı olanları yada salır.

“Absurd teatrı”

"Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə püşkə əsasən sentyabrın 16-da Bakıda qarşılaşmalı idi. Norveç hökuməti Bakıdan qayıtdıqdan sonra oyunçuların 10 günlük karantində qalmaq zərurətini əsas gətirərək, oyunun yerinin dəyişdirilməsini tələb etdi. UEFA da öz keçirdiyi püşkün nəticəsini acizanə şəkildə ləğv etdi, qarşılaşma Kiprə təyin edildi.

Məsələnin mahiyyəti bundan ibarətdir ki, Norveç Avropa Birliyinə üzv olmayan dövlətlərdən geri qayıdan bütün şəxslərə 10 gün karantin tətbiq edir. Yəni pandemiyanın real vəziyyəti yox, hansı təşkilta üzvlük əsas götürülür. Birliyə üzv olan İspaniya və Fransada koronavirusa yoluxma və ölüm statistikası Azərbaycandan dəfələrlə çoxdur, amma orda oynamaq olar, bizdə yox. UEFA-nın da qoşulduğu bu kompozisiyaya bir ad tapmaq olur: “absurd teatrı”.

Təəssüf ki, “Qarabağ” adının olduğu bütün məsələlərdə ikili standartlarla üzləşirik. Odur ki, güclünün haqlı olduğu bugünkü reallıqda futbolçularımız bu haqsızlığa yalnız əzmkar qələbə ilə cavab verməlidirlər.

25
Nüvə başlığı, arxiv şəkli

ABŞ rəsmisi: "Nüvə silahlarını Avropadan çıxarmayacağıq!"

0
(Yenilənib 21:18 20.09.2020)
Marşal Billinqsli: "Avropadan silahları çıxarmayacağıq, ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq".

BAKI, 20 sentyabr — Sputnik. "ABŞ Rusiya ilə təklif olunan hər hansı bir mövzunu müzakirə etməyə hazırdır, lakin nüvə silahlarını Avropadan çıxarmayacaq".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Marşal Billinqsli "Kommersant" qəzetinə verdiyi müsahibəsində bildirib.

Jurnalist ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmağa hazır olub-olmadığını soruşduqda Billinqsli qəti cavab verib: "Xeyr, biz bunu etməyəcəyik. Ancaq Rusiyanın bizimlə danışmaq istədiyi hər şeyi müzakirə etməyə hazırıq".

0