Bakıda yanğının nəticəsi

"Bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır

683
(Yenilənib 11:22 07.07.2020)
Görünən odur ki, bu gün xəstələrin sayı, kimin xəstələnməsi xəbər kimi qarşılanırsa, sabah xəstələnməyənlərin sayı, kimin xəstələnməməsi xəbər olacaq.

BAKI, 7 iyul — Sputnik. 7x7 ötən həftənin ən yaddaqalan hadisələrini şərh edir

Su böhranı

Bu gün dünyada 50-dək ölkə ciddi su böhranı yaşayır. BMT-nin proqnozlarına görə, 2030-cu ildə su çatışmazlığı səbəbindən təxminən 700 milyon insan qaçqına çevrilə bilər. Bu gün dünyada iki milyarddan çox insan çirkli su içir, 4,5 milyard insan sanitariya sahəsində lazımi xidmətlərdən məhrumdur.

Təəssüf ki, Azərbaycan da "risk zonası"nda olan ölkələrdəndir. Cənubi Qafqazın su ehtiyatlarının cəmi 10 faizi Azərbaycanın payına düşür. Və üstəgəl ölkəmizin transsərhəd sulardan asılılığı ümumi su istifadəsinin 74%-ni təşkil edir. Nəzərə alsaq ki, bu asılılıq həm də Ermənistan sərhədlərindən formalaşan su mənbələrinə aiddir, onda məsələnin ciddiliyi aydınlaşır.

Bu arada Kür çayında yaşanan ekoloji problem su böhranı məsələsini bir daha aktuallaşdırır. Belə ki, Kürdə suyun səviyyəsi kritik səviyyəyə düşüb, hazırkı vəziyyətdə Kür Xəzərə yox, Xəzər kürə axır. Bu isə böyük bir ərazidə suvarma problemi yaradır.

Beləliklə, suya qənaəti təmin edə biləcək suvarmada damcı sisteminin ən qısa zamanda tətbiqi qaçılmazdır. Ancaq bu xüsusda fərdi məsuliyyət də əhəmiyyətlidir. Nəzərə almalıyıq ki, karbohidrogen ehtiyatlar uğrunda savaşlar dövrü geridə qalır, indi su hövzələri daha strateji xarakter daşıyır.

Ümid edək ki, "Sputnik" reportyorunun Kür yatağından çəkdiyi bu foto gələcəyin fotosu deyil:

© Sputnik / Murad Orujov
Kür

"Barıt çəlləyi"

Ötən həftə Ermənistan "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətini təmir işləri ilə əlaqədar olaraq dayandırdı. 11 ballıq zəlzələ zonasında tikilmiş, ömrünü illər öncə başa vurmuş stansiyanın təmirə dayandırılması rəsmi İrəvanın nəinki bölgə, qlobal miqyasda təhlükəli siyasət həyata keçirdiyini təsdiqləyir. Ekspertlər bildirir ki, stansiyada baş verə biləcək qəza təkcə Ermənistanın özünü deyil, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İran, Orta Şərq, Orta Asiya və Şərqi Avropa ölkələrini də fəlakətlə üz-üzə qoyacaq. Azərbaycan elə indiki halda da radioaktiv çirklənmənin təsirlərini yaşayır. Ermənistan bu stansiyanın tullantılarını Araz çayına axıtmaqda davam edir.

Od tuturuq

Ötən həftə Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində yanğın baş verdi. Yanğının sexlərdən birində olmuş partlayışdan başladığı bildirildi.

Pandemiyanın bütün biznes sahələrini küncə sıxdığı indiki dönəmdə bu cür hadisə də bir tərəfdən iş adamının vəziyyətini ağırlaşdıracaq. Binəqədinin bəxti isə yanğın baxımından heç gətirmir – dünən "Eurohome", bu gün "Sobsan".

Daha bir nazirlikdə

"Qara maskalı"lar bizi çox darıxmağa qoymadılar. Bir neçə həftə fasilədən sonra onları ötən həftə Xarici İşlər Nazirliyində görüblər. Məlumata görə, DTX-nın bu nazirlikdəki anti-korrupsiya əməliyyatında nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə həbs olunub. Yəqin siyahıda başqa adlar da olacaq. Belə işləri bir adam tək bacarmır, komanda lazımdır.

Çoxkoloritli günlər

Ötən həftə də ənənəmizə sadiq qaldıq: oğlu əsgərlikdən qayıdan ata qonaqlıq verdi, yas mərasiminin keçirilmə qaydaları pozuldu, kafedə yeyib-içənlər saxlanıldı, icazəsiz işləyən dərzi sexləri aşkarlandı, Bakıda Qəbələyə qanunsuz getmiş şəhərlilər isə qaldıqları yerdəcə yaxalandılar. Ən maraqlısı isə SMS-lə icazə alıb, oğurluğa gedənlər idi.

Karantin qaydalarını yaxşı ki, hamı eyni cür pozmur. Bu, çoxkoloritlilik həyatımızın monoton günlərinə rəng qatır.

Qədim daşlar və tramvay

Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün işlərə başlanılıb. Artıq qəsəbədə qədimi məhəllələrin bərpasına başlanılıb. Məşədi İbada və hambala qoyulan heykəl xüsusi maraqla qarşılanıb. Eyni zamanda, küçələrə daş döşənir. Hələ 1800-cü illərin ortalarında Bakının məşhur Xəzri küləyi əsdiyi zaman küçələrdə tozanaqdan göz açmaq olmurmuş. Məhz o zamanlar tozanağın qarşısını almaq küçələrə daş döşəməyə başlayıblar. İndi qəsəbənin turistik zonaya çevriləcək hissəsində bu daşlar düzülür. Ümid edək ki, bu daşlar kimi biz şəhərimizdə "keçmişin qalığı kimi" ləğv edilən tramvayları da görə biləcəyik… Hər bir böyük, müasir şəhərdə olduğu kimi…

Baş epidemioloqumuz

Respublikanın baş epidemioloqu, professor İbadulla Ağayevin son açıqlaması gündəmə çevrildi. Sitat bu cür idi: "Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin".

Açıqlama ilə bağlı birinci yanaşma o idi ki, İ.Ağayev baş epidemioloq kimi yox, laqeyd vətəndaş kimi danışır. İkinci baxış: onun vəziyyətə təsir imkanları yoxdur, jurnalist bu səs yazısını yaymaqla peşə etikasına riayət etməyib.

İstənilən halda, "bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır. Görünən odur ki, bu gün xəstələrin sayı, kimin xəstələnməsi xəbər kimi qarşılanırsa, sabah xəstələnməyənlərin sayı, kimin xəstələnməməsi xəbər olacaq.

683
Artilleriya atəşi, arxiv şəkli

Həftənin ən mühüm hadisəsi Layiqli cavab

256
(Yenilənib 01:05 29.09.2020)
Həftənin ən mühüm hadisəsi, heç şübhəsiz, Azərbaycanın cəbhədəki uğurlu əks-hücum əməliyyatları idi. Nəhayət, Ermənistan başa düşdü ki, Azərbaycan hərbi gücünü göstərmək istəsə, onlar ən azı İrəvana qədər qaçmalı olacaq.

BAKI, 28 sentyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Döyüş davam edir

Həftənin ən mühüm hadisəsi, heç şübhəsiz, Azərbaycanın cəbhədəki uğurlu əks-hücum əməliyyatları idi. Nəhayət, Ermənistan başa düşdü ki, Azərbaycan hərbi gücünü göstərmək istəsə, onlar ən azı İrəvana qədər qaçmalı olacaq.

Ermənilərin təxribatlara hazırlaşdığı, danışıqların formatını dəyişdirmək və yeni təcavüz planları üzərində işlədiyini son dövrlərdə bu ölkənin hərbi-siyasi ritorikası da aydın ifadə edirdi. "Qarabağ Ermənistandır, nöqtə" bəyanatından tutmuş qondarma "Dağlıq Qarabağ respublikası"nda seçkilər, Şuşadakı andiçmə, Paşinyanın bölgəyə səfəri, erməni hərbi rəhbərliyinin "yeni ərazilər uğrunda yeni müharibə" açıqlaması və Gəncəni vurmaqla təhdid etməsi, bölgəyə muzdlu döyüşçülərin gətirilməsi və nəhayət, yeni hərbi doktirinada Azərbaycanafob məqamların əksini tapması bu ölkənin təcavüzkar mahiyyətini və planlarını ifadə edir.

Bu da layiqli cavab!

© AR Ministry of Defence
Artilleriya bölmələrinin döyüş atəşi

Mövqe(sizlik)

Baş verən hadisələr zamanı ən çox diqqətçəkən məqamlardan biri də beynəlxalq təşkilatların daha çox neytral mövqe nümayiş etdirməsi idi. Hətta işğala son qoyulmalı olduğunu tələb edən 4 qətnamə qəbul etmiş BMT-nin baş katibi də katiblik etdiyi təşkilatın qətnamələrini xatırlatmır, birmənalı mövqe ortaya qoymur – soyuqqanlı şəkildə tərəfləri danışıqların davam etdirməyə çağırır. Eynilə də digər bir çox ölkələrin xarici işlər nazilrikləri və beynəlxalq təşkilatlar. Maraqlıdır, onlar bu 30 ildə harda idilər?!

Koronavirus?!

Cəbhədə baş verənlər bütün digər mövzuların aktuallıq dərəcəsini azaldıb. Məsələn, indi bizi heç qlobal bəla – koronavirus da bizi maraqlandırmır. Məsələn, dünənki infeksiyaya yoluxma sayı barədə məlumat yayıldığı kimi də "zibil qutu"suna düşdü.

Azərbaycan oxucusu tezliklə manşetlərdə, məsələn, bu xəbəri arzulayır: "Şuşada modul tipli xəstəxananın açılışı olub".

© Sputnik / Murad Orujov
Modul tipli xəstəxana

Korona məktəblərdə

Ötən həftənin hadisələrindən biri də koronavirusun məktəblilər və müəllimlər arasında yayılmağa başlaması idi. Təhsilin qismən bərpasından sonra bu, nisbətən gözlənilən idi. Hazırda Təhsil Nazirliyi TƏBİB modunda işləyir, statistikalar da bu nazirlik tərəfindən açıqlanır.

Ümid edək ki, məktəblərin yenidən bağlanmasına lüzum olmayacaq. Hərçənd, bunun da faydaları istisna edilə bilməz: distant təhsil dövründə valideynlər, şagirdlər və müəllimlər texnoloji biliklərini artırdılar.

ABŞ çökür?

ABŞ-ın Demokrat partiyasından prezidentliyə namizəd Co Bayden Rusiyanı seçkilərə müdaxilədə ittiham edib və bildirib ki, seçkilərdə qalib gələcəyi təqdirdə bu ölkəni ağır nəticələr gözləyir. Qeyd edək ki, Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi 2016-ci ildən gündəmdədir.

Co Bayden, arxiv şəkli
© AFP 2020 / ROBERTO SCHMIDT
ABŞ-ın Demokrat partiyasından prezidentliyə namizəd Co Bayden

Bu günlərdə isə Tramp Rusiya Prezidenti Vladimir Putinlə "yaxşı anlaşdığına" görə tənqid olunduğuna təəccübləndiyini söyləmişdi.

Norveçəli professor var - Johan Galtung. Bir çox hadisələrə dəqiq proqnoz verməsi ilə ad çıxarıb. O 2000-ci ildə ABŞ-ın qlobal güc kimi 2025-ci ilədək çökəcəyini bəyan etmişdi. Və bir neçə gün öncəki daha bir məlumat: BMT Baş katibi Antonio Quterres deyib ki, BMT ABŞ-ın İrana qarşı sanksiya tələbini nəzərdən keçirmir. Son dövrlərdə Avropa Birliyi ölkələrinin rəsmi Tehranla, türklər demiş, daha sıcaq ilişkiləri də Ağ Evin təklənməyi kimi şərh olunur.

Su böhranı

Hazırda ölkədə su istehlak edən 1 milyon 523 min əhali abonentinin 227 mini sayğacla təmin olunmayıb. Bunu ötən həftə "Azərsu" açıqlayıb.

Uşaq əllərini yuyur, arxiv şəkli
© AFP 2020 / DANIEL LEAL-OLIVAS
Kişi əllərini yuyur

Cənubi Qafqazın ən az içməli su resurslarına malik, su ehtiyatlarının böyük həcmi düşmən ölkənin daxilində formalaşan ölkə kimi suya qızıl kimi baxmalıykən, onu amansızcasına israf edirik. Dövlət başçısının bu sahə ilə bağlı xüsusi müşavirə keçirməsi də dövlət səviyyəsində narahatlıqdan irəli gəlirdi. Gələcək müharibələrin su hövzələri uğrunda olacağından artıq yalnız dövlət yox, hamımız narahat olmalıyıq.

Hələlik isə müharibə Qarabağdadır – Azərbaycan öz torpaqlarını azad edir!

256
Televizora baxan adam, arxiv şəkli

Rəsmi məlumat gözləyərkən: Uşağın məktəbi də, koronavirus da, maska da əhəmiyyətini itirib

224
(Yenilənib 19:37 28.09.2020)
Çoxdan işlətmədiyi radiosunu işə salan, internet gələndən kənara atdığı antenanı quraşdıran nə qədər insan var. İllərlə arzuladığı bir qırıq sözü eşitmək arzusu ilə hərə bir yolla məlumat almaq istəyir.

Müharibə asan görünən işləri çətinləşdirir. Bir anda görə biləcəyin hər hansı məsələ bəzən çətin problemə çevrilir. Bir anda narahatlıq yaranır, istəyirsən yaxın bir adamına zəng edəsən, görürsən şəbəkə yüklənib. Hamı sənin kimi zəng etmək istəyir deyə heç yerə siqnal çatmır.

İnsanı bir vahimə bürüyür. Hətta adi telefonla da zəng edə bilməyəndə, düşünürsən, bunun axırı necə olacaq, görəsən. Kimsə tez əlinə bir zənbil alıb qaçır dükana, lazım gəldi, gəlmədi əlinə keçəndən alıb atır zənbilinə. Düşünür, sabah bir çətinlik olsa, evində bir ehtiyatı olar.

Çoxdan kənara atdığı qaz balonu da aktuallaşır, bir də baxırsan, vurub qoltuğuna düz yönlənir qazdoldurma məntəqəsinə. Doldurur, qayıdır evinə, atır bir küncə. Evində xəstəsi olan qaçır aptekə, olan dərmandan bir az artıq alıb yığır. Amma interneti yüklənəndə və ya kəsiləndə lap müdafiəsiz olur müasir insan, nə ödəmə, nə taksi sifariş edə bilir. Elə belə qalır vakuumda. Nə edəsən, hara qaçasan, kimlə danışasan? Bu sualların əlində də aciz qalır.

Komfort şəraitə öyrəşmiş insanın çətin durumda atacağı addımları da qabaqcadan proqnozlaşdırmaq olmur. Elə oradan bura, buradan ora xaotik hərəkət etməklə bir yol axtarır. İnternet olmasa da, hamı bir yolla internetdədir. Hamı xəbər gözləyir, xəbər izləyir. Sosial şəbəkəyə giriş olmasa da, hamı şəbəkədədir. Hər kiçik yeniliyə ya sevinir, ya kədərlənir hər birimiz.

Uşağın məktəbi də, koronavirus da, maska da əhəmiyyətini itirib. Çoxdan işlətmədiyi radiosunu işə salan, internet gələndən kənara atdığı antenanı quraşdıran nə qədər insan var. İllərlə arzuladığı bir qırıq sözü eşitmək arzusu ilə hərə bir yolla məlumat almaq istəyir. Sosial mediada müzakirə mövzuları sırasında elə antena axtaranları da görmək olar. Elə hey soruşurlar, bu işə yarayar ya yox?

"Yaralanan yaxud itki var?", "övladlarımız doğma nənə-baba torpağını ziyarət edəcək", "Rəsmi olmayan məlumatları yaymayın", "Allah rəhmət eləsin...", "Füzuli deyirlər, rəsmi məlumat gözləyirik" – şəbəkədə belə postlar hələ çox paylaşılacaq.

Hamı öz aləmində, öz Qarabağındadır bu gün. Kimi döyüş meydanında, kimi də virtual məkanda. İrəli getmək var, geri dönmək yoxdur.

224
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

0
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

0
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron