ABŞ-da epdimioloji vəziyyət

"Masonların oyunu": Maskanı masqaraya qoyub, koronanı bihörmət edənlər...

2106
(Yenilənib 21:14 01.07.2020)
Limitli tibbi personal və resurslara malik Azərbaycan kimi ölkələrdə karantin çox ən düzgün çıxış yoludur. Mən sizə xəstə olub sağalacağınıza ümid etməkdənsə, karantində qalıb xəstələnməməyi tövsiyə edirəm

BAKI, 1 iyul — Sputnik. COVID-19 adı verilən koronavirus artıq Azərbaycan da daxil olmaqla bütün dünyaya meydan oxuyur. Ancaq Odlar yurdunun şübhə və tərəddüd arasında qıvrılan vətəndaşları hələ də bu illətə, bu bəlaya inanmır. Ümumiyyətlə, təkcə bizim ana vətənimizdə deyil, dünyanın hər yerində pandemiyanı “oyun” hesab edənlər var: O boyda Amerikanın qocaman prezidenti Tramp, Belarusiyanın macərapərəst lideri Lukaşenko, Britaniyanın Osmanlı əsilli baş naziri Boris Conson və daha kimlər, kimlər...

İnanlarla bir işimiz yox. İnanclı insanlara hər zaman sayğıyla yanaşmışam. İnanclılar bu dünyada şübhədən, əgər varsa, o biri dünyada da cəhənnəm əzabından sığortalanmışlardır. Koronaya inananlar da ehtiyatlı davranır, qaydalara məsuliyyətlə yanaşırlar.

Sözüm inancsızlara olacaq, elə birinci Amerikanın prezidenti Trampa! Dinlə məni, Tramp!

Yaxşı, yaxşı...Trampla, Lukaşenkoyla, Consonla işim yoxdur, üzrlü sayın, qəfil əsəblərim gərilir, özümü saxlaya bilmirəm.

Dərhal qayıdıram öz ölkəmə.

Virusa inanmayıb, maskanı masqaraya qoyan, koronavirusu bihörmət edən, qaydalara əməl ediyini göstərmək üçün çənəsinə maska keçirib dolaşan, eşqdə məsafələrə meydan oxuyub sosial məsafə gözləməyən, sevgidə sərhəd tanımayıb, bütün dünyanın masonlar, gizli supergüclər tərəfindən idarə olunduğunu düşünən, 5G texnologiyasının insan orqanizmindəki oksigeni “əmdiyini”, radiodalğaların virus yaydığını düşünən “üstün zəka sahibləri” ilə bir balaca həsbi-hal etmək keçir könlümdən. Bütün müqəddəslərə and içirəm ki, istifadə etdiyim məlumatları masonlar 5G vasitəsi ilə beynimə ötürməyiblər, bədənimə hər hansı “çip” quraşdırılmayıb, faktları ciddi mənbələrdən dəqiqləşdirmişəm, yazımda ciddi virusoloq alimin fikirlərindən istifadə etmişəm.

Əvvəlcə oradan başlayaq ki;

Adəm oğlunun orqanizmi açıq bir sistemdir və daima ətraf mühitlə, təbiətlə maddələr mübadiləsi aparır. Bəzən orqanizmimiz mübadilə prosesində gözləmədiyi və hazır olmadığı sürprizlərlə qarşılaşır. Dünyanı girinc edən, bizi məzlum günə qoyan COVID-19 da bu sürprizlərdən biri olan SARS-CoV-2 virusunun gətirdiyi bir infeksion xəstəlikdir. Yəni mənim, sizin və yaxud qonşunuz Fərmayıl dayının, uzaq qohumunuz Zərgülşən xalanın bu virusa, bu xəstəliyə inanıb-inanmaması heç nəyi dəyişmir. Çox təəssüf ki, SARS-CoV-2 adlı bir virus var və dünyada tənəffüs sistemi xəstəliklərini törədən ən ağır viruslardan biri hesab edilir. Üstəlik, ÜST-ün üstün araşdırmalarına görə, bu illətin bir “üstünlüyü” də var: digər viruslardan daha çox xəstələndirmə və yoluxdurma gücünə sahibdir. Elmi dildə desək, bu virus daha çox virulent xüsusiyyətli virusdur.

Gül-çiçəkli ölkəmin dərin düşüncəli insanları arasında SARS-CoV-2-nin laboratoriya şəraitində hazırlandığını düşünən iti düşüncəli, dərin zəkalı, heç kəsin bilmədiyi gizli sirləri internetdən araşdırıb vaqif olan dühalar da var. 

Bu düşüncələri elm əsaslı şəkildə rədd edir və şübhə üçün yer qoymur.

Bizin inanmadığımız, “oyun” hesab etdiyimiz virusun labaratoriya şəaitində hazırlanması üçün virusun genlərində genetik manipulyasiyalarla dəyişikliklər edilməlidir. Genom araşdırması göstərir ki, bu virus daha əvvəllər 2002 və 2014-cü illərdə yayılan koronavirus növlərindən fərqlənmir və tərkibində hansısa genetik material izi yoxdur.

Tutaq ki, bu virus bizim (daha doğrusu, sizin) düşündüyümüz kimi laboratoriyada təbiətdən gətirilən heyvanlardan, məsələn, yarasadan, izolə edilib. Bəli, elmi olaraq virusun laboratoriyada izolə edilməsi mümkündür və bu cür virus, bakteriya toplanılması dünyada bir çox elmi araşdırma mərkəzlərində aparılır. Amma nəzərə alaq ki, belə mərkəzlərdə risklərin idarə edilməsi və təhlükəsizlik ən yüksək səviyyədədir. Bu virusun “doğum yeri” olan Uhan laboratoriyasında bu standartların və təhlükəsizlik praktikasının çox yüksək olduğunu bu mərkəzlə əməkdaşlıq və təftiş etmiş təşkilatlar və orada olmuş insanlar dəfələrlə qeyd ediblər.

Düşünsək ki, virusun mənbəyi laboratoriyadandır, o halda virusun yayılması ilə bağlı iki ehtimal ola bilər.

Birinci versiya: Araşdırma əsnasında qəza baş verib və virus insanlara yoluxub.

Laboratoriyada olan təhlükəsizlik qaydalarını nəzərə alsaq, bu ehtimal çox aşağıdır. Çünki bu təhlükəsizlik qaydaları ağlasığmaz dəqiqlik və vasvasılıqla hazırlanılıb, qaydalara ciddiyətlə əməl edilir.

İkinci versiya: Virus məqsədli şəkildə insanlara yoluxdurulub.

Bu ehtimalın da həddindən artıq az olduğunu deyə bilərik. Qlobal faciəni bir kənara qoyuram, niyə bir ölkə özünü, öz insanlarını xəstələndirsin? Hətta əhalisinin sayı iki milyardı keçmiş Çin də bu axmaqlığı, nadanlığı etməz. Masonların isə bu söhbətdə barmağının olduğuna inanmıram, bəlkə, Trampın nəsə müdaxiləsi olar, ona da əmin deyiləm. Çünki “Simpsonlar”a 2-3 dəfə baxdım, bununla bağlı heç bir işarə görmədim.

Avropada dözülməz istilər
© REUTERS / Mads Claus Rasmussen / Ritzau Scanpix Denmark

İnsanlar virusla bağlı xəbərdarlıqlara, tövsiyələrə laqeyd yanaşırlar. Maska, əlcək, dezinfektan istifadə etməyənlər, əlini-üzünü vaxtlı-vaxtında yumayanlar yoluxma üçün risk qrupundadırlar. Bu laqeydlik doğmalarınızın ölümünə səbəb ola bilər ki, bununla bağlı sonradan masonları günahlandıra bilməyəcəksiniz.

Qəbul edirəm ki, laqeydlik insanın təbiətində var. Proses uzandıqca, insanlar laqeydləşirlər. Düşünürəm ki, bunun öhdəsindən ancaq daha geniş maarifləndirmə tədbirləri ilə gəlmək olar. Məsələn, televiziyalar toylara qadağa qoyulduqdan sonra ortalıqda qalan müğənniləri, saxta mütəxəssisləri, mənasız ekspertləri efirlərə dəvət etməkdənsə, ciddi alimləri, bu sahəni dərindən bilən insanları efirlərinə dəvət edərək, məsələnin əsas mahiyyətini müzakirə etməli, bizi gözləyən təhlükəni daha ciddi şəkildə insanlara təqdim etməlidir.

Cəhaləti, yersiz inamsızlığı və savadsızlığı ucbatından maska və dezinfektantlardan istifadə etməyən, əl-üzünü yumayan, sosial məsafə gözləməyən insanlar virusun süni şəkildə yayılmasına səbəb olurlar, bilavasitə özlərini, yaxınlarını və cəmiyyəti riskə atırlar, ən dəhşətlisi isə - xəstəliyin yox edilməsi prosesini ləngidirlər.

Bu xəstəlikdən qorunmaq üçün, xüsusilə karantinsonrası  qadağaların yumşaldığı dövrdə, insanların çox olduğu yerlərdən uzaq durmaq, insanlarla təmasda məsafə saxlamaq, əlləri tez-tez yumaq, dezinfektantlardan, maskadan düzgün istifadə etmək lazımdır. Adam var ki, birdəfəlik istifadə üçün nəzərdə tutulan maskanı bilərzik kimi qoluna taxır və yaxud maskanı polis xofu ilə çənəsində gəzdirir. Hələ birdəfəlik maskanı dəfələrlə yuyub, ütüləyib təkrar istifadə edənlər var.

Fürsətdən istifadə edib təklif edirəm ki, ölkədə karantin elan olunan şəhərlərdə maska pulsuz paylanılsın. Mən inanıram ki, dövlətimizin ən azı buna gücü çatar.

Eyni zamanda maarifləndirmə məqsədi ilə daha çox sosial çarxlar çəkilməli, şəhərdə reklam lövhələrində, internet mediada, televiziyalarda bu maarifləndirici çarxlar dövri olar nümayiş etdirilməlidir.

Nə qədər narazı qalsaq da, şikayətlənsək də karantin xəstəliyin yayılma sürətini kifayət qədər aşağı salır və effektivdir. Dünya ölkələri artıq bunun bəhrəsini görür. Limitli tibbi personal və resurslara malik Azərbaycan kimi ölkələrdə karantin çox ən düzgün çıxış yoludur. Mən sizə xəstə olub sağalacağınıza ümid etməkdənsə, karantində qalıb xəstələnməməyi tövsiyə edirəm. Hətta karantin bitdikdən sonra belə, insanların çox olduğu yerlərdən uzaq durmağa, məcbur olmadıqca kənar insanlarla ünsiyyəti minimuma endirməyə çalışın. Nəzərə alın ki, bunu mən demirəm, Ümumdünya Səhiyyə Təşkilatı da sizə məhz bunu məsləhət görür. Mən uzaqbaşı oxuduqlarımın xülasəsini sizinlə bölüşə, bəd ayaqda tövsiyə edə bilərəm.

Pandemiyanın bitməsi, bəlkə də onlarla digər faktorlardan asılıdır. Ancaq mən inanıram ki, karantin şərtlərinin yüngülləşdirilməsi, iş yerlərinin, məktəblərin mərhələli şəkildə açılması, xüsusilə sizin arzusunda olduğunuz toylara icazənin verilməsi sizin karantin qaydalarına riayət etdiyiniz təqdirdə mümkün olacaq.

Yəni sizin inanıb-inanmamağınız faktiki olaraq heç nəyi dəyişmir. “O” var və təhlükəlidir!

2106
Əlaqədar
Biri bitməmiş, o biri gəlir! Yeni pandemiya yarana bilər
Həyatını riskə ataraq: Rejissor azərbaycanlı həkimlərin fədakarlığını seriala çəkəcək
Nəhayət, xoş xəbərlər də gəlir: Vaksin sınağında iştirak edənlərin vəziyyəti açıqlanıb
Maska və sipərə alternativ - Bahalı və şübhəli
Azərbaycandan bəzi tibb yönümlü malların çıxarılması qadağası uzadıldı
Şuşa, arxiv şəkli

Şəhərlərin həftəsi: Paris, Şuşa, Lançjou, Sıçuan Banqkok

32
(Yenilənib 17:24 21.09.2020)
Ermənilər yeni nəsli, eyni zamanda bütün dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əsl sahibidirlər. Tarixi-mədəni abidələrin özününküləşdirilməsi də buna hesablanıb.

BAKI, 21 sentyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

ATƏT-in neytrallığı

Ötən həftə Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü baş tutdu. Onlar Dağlıq Qarabağ münaqişəsini müzakirə etdikdən sonra “dişsiz” bəyanatla çıxış etdilər. Hər iki ölkənin XİN rəhbərləri ilə telefon danışığında nazirlərə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər.

Bəyanatda Ermənistanın son təxribatları və qanunsuz məskunlaşdırma siyasəti barədə isə bir kəlmə də əksini tapmır. Həmsədrlər istənilən halda işğalçı ilə işğala məruz qalanı eyniləşdirməkdə davam edir, “ilkin şərti” istisna edirlər – Azərbaycanın yalnız bir ilkin şərti var: münaqişə beynəlxaq hüquq normaları çərçivəsində, ərazi bütövlüyü prinsipi əsas götürülməklə həllini tapmalıdır. Beləliklə, bu vasitəçilik institutunun nə qədər əhəmiyyətsiz olduğu bir daha təsdiqini tapır.

Şuşanın dağlarının başı dumanlı

2022-ci ildə qondarma Dağlıq Qarabağın “parlamenti” Şuşaya köçürüləcək. Bu barədə separatçı-kriminal rejimin başçısı Araik Arutyunyan öz Facebook səhifəsində yazıb. Ürəkdağlayıcı səslənir, amma oxuyun: “Şuşaya işgüzar səfərim zamanı biz vaxtilə məhkəmə orqanı üçün nəzərdə tutulan, inşasına başlanan, lakin yekunlaşmayan bir binanı parlamentə vermək imkanını müzakirə etdik. Mənim göstərişimlə tikinti işləri tezliklə davam edəcək. Hesab edirəm ki, bu qərar həm siyasi, həm də təcrübi əhəmiyyətə malikdir, həmçinin özündə tarixi və qalib şəhərimizə yenidən xüsusi baxmağın simvolik mənasını daşıyır”.

“Tarixi və qalib şəhərimiz”! Belə də deyib. Ermənilər yeni nəsli, eyni zamanda bütün dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əsl sahibidirlər. Tarixi-mədəni abidələrin özününküləşdirilməsi də buna hesablanıb. Gebbelsin “Yalan nə qədər dəhşətli olarsa, bir o qədər tez inanarlar" tezisi məharətlə istifadə olunur.

Çin dincəlmir

Çində heyvanlar üçün peyvənd istehsal edən müəssisədə qaz sızması nəticəsində minlərlə insan bakterial xəstəliyə yoluxub. Lançjou şəhərində 3245 insanın adətən yoluxmuş heyvanlarla və ya heyvan məhsulları ilə sıx təmasdan qaynaqlanan bruselyoz xəstəliyinə yoluxduğu bildirilib.

Çin dinclik tapmır, deyəsən, dünyanı da rahat buraxmayacaq. Bəlkə, onları başqa planetə köçürmək lazımdır?! Bu arada koronavirusun sona çatacağını gözləmək əbəs kimi görünür. Deyəsən, biz onu adi qrip kimi qəbul etməli olacağıq. Məsələn, birinə zəng edəcəksən, səsi pis gələcək, nə olduğunu soruşacaqsan, cavabı – “əşşi, heç nə, bir az koronaviruslamışam” kimi olacaq.

Yenə Çin

Çinin Sıçuan əyalətində müəllim onun suallarına iki dəfə yanlış cavab verən 10 yaşlı məktəblini döyərək öldürüb. Müəllim məktəbli qıza diz üstə çökməyi əmr edib və ardınca onun qulaqlarından dartaraq başına zərbələr endirməyə başlayıb. Hadisədən bir neçə saat sonra qız özünü pis hiss edib. Xəstəxanaya çatdırılsa da, həkimlər məktəblinin həyatını xilas edə bilməyiblər.

Deyəsən, onlayn dərslər daha yaxşıdır axı...

Robotlaşan dünyada prokuror olmaq arzusu

Ötən həftə ali məktəblərə ixtisas seçimi davam etdi. Hər il olduğu kimi, üçüncü ixtisas qrupu üzrə sıxlıq müşahidə olundu. Bu, bir cəmiyyət olaraq humanitar sahələrə olan marağımızın davam etməsinin növbəti təzahürüdür. Robotlaşan dünyada övladlarımızı hələ də vəkil, prokuror, hakim kimi görmək arzusundayıq. Dünyanı “düzəldən” mühəndisə isə fəhlə kimi baxırıq. Qəbul etmək istəmirik ki, sabahın vəkili də robot olacaq. Elə jurnalisti də. Məhz ötən həftə Britaniyanın "The Guardian" saytı GPT-3 adlı süni zəka tərəfindən yazılmış esseni təqdim etdi. Saytın jurnalistləri esse üçün giriş mətni hazırlayıblar və daha sonra süni zəka esseni fərdi şəkildə tamamlayıb. “Bu məqalənin missiyası tamamilə aydındır. Mən daha çox insanı inandırmalıyam ki, onlar məndən qorxmamalıdırlar. Sağ ikən Stiven Hokinq (Stephen Hawking) xəbərdarlıq etmişdi ki, süni zəka insanlığın sonunu gətirəcək. Mən sizi heç bir narahatlıq keçirməməyə inandırmaq üçün buradayam. Süni zəka insanlığı məhv etməyəcək. Mənə inanın”, - deyə essedə qeyd edilib.

Evimizə çatdırılan zibil

Tailandın paytaxtı Banqkokda “Khao Yai” milli parkında ziyarətçilərin ətrafa atdığı zibillərin onların evlərinə göndəriləcəyi açıqlanıb. Göndərilən hər bir bağlamada “bunları Khao Yai Milli Parkında unutmusunuz” qeydi yazılacaq.

Bu xəbərdən sonra bu yaxınlarda tanınmış vəkil Anar Qasımlının soial şəbəkədəki paylaşımını xatırladım. Sumqayıtda yerləşən və Almaniyanın Lüdviqshafen şəhəri ilə qardaşlığın rəmzi kimi qurulmuş parkda sakinlər günəbaxan tumlarının qabıqlarını səliqə ilə oturduqları skamyaların arxasına töküblər. Və yeri gəlmişkən, maraqlı bir fakt – şəhərlərin mədəni səviyyəsini ölçmək üçün indikatorlardan biri də küçələrə tökülən günəbaxan tumlarının qabıqlarının həcmidir. 

Çipləşdirmə başlayır?

Biz tumu haraya tökməklə bağlı baş sındırdığımız bu aralarda dünya koronavirusun peyvəndini tapmaq üzrədir. Hazırda 8 peyvəndlə bağlı sınaqlar klinik yoxlamaların sonuncu, üçüncü mərhələsindədir və insanlar üzərində testdən keçirilir.

ÜST bir peyvəndlə bağlı isə üçüncü mərhələdə sınaqların aparılmasına icazə verib. ÜST üçüncü mərhələ sınağı aparılan peyvəndlərdən 5-nin təcili istifadəsinə də icazə verib. Onlardan ABŞ və İngiltərədə iki peyvəndin sınaqlarının oktyabrda tamamlanaraq kütləvi şəkildə tətbiq edilməsi nəzərdə tutulur. Bundan əlavə, Çin və Rusiya hökumətləri tərəfindən təcili istifadəsinə icazə verilən sınaqları başa çatmamış 3 peyvəndə isə klinik sınaq proqramından əlavə, tibb və dövlət sektorunda çalışanlara vurulmasına icazə verilib.

Konspirologiya tərəfdarları koronavirusu hələ də dünya milyarderlərinin çipləşdirmə konsepsiyasının başlanğıcı kimi şərh edirlər.

Bu arada BMT Dünya Qida Proqramının direktoru milyarderlərə müraciət edib. BMT rəsmisi 2020-ci ildə dünyada aclıq ilə üzləşən 30 milyon insanın xilas edilməsi üçün yardım istəyib və bunun üçün 4,9 milyard dollara ehtiyac olduğunu söyləyib.

32
Poz verən qadınlar, arxiv şəkli

Dünyanı xilas edəcək düşüncə tərzi: asılılıq yaradan amillər yox olur

739
Alış-veriş bir gün dayanan kimi elə bil bir qaranlıq dünyaya düşürük, qarşıda heç bir işıq ucu görünmür. Hətta ən imkansız insanın evi belə qalaq-qalaq əşya ilə dolub daşır.

Qəribə bir zamanda yaşayırıq. Ürəyimiz istəyəni anındaca tapa bilirik, dükan-bazar hər cür malla doludur. İstəsək, lap Yaponiyadan kvadrat formada qarpız da gətizdirərik. Hər tərəfimiz əşya ilə qalaqlanıb. Hətta ən qənaətcil insan belə istər-istəməz ətrafını lazım oldu-olmadı nə iləsə doldurur.

Ata, mənə nə almısan?

Televiziyada dayanmadan reklam göstərilir, yol gedirsən, avtomobildəki radiodan reklam eşidirsən, avtobusa girirsən, gözün görür, telefonu açırsan, yenə bir yerdən çıxır. Supermarketə gedirsən, baş çıxara bilmirsən, rəflər aşıb-daşır, birinə dəyirsən, üstünə aşır. Nəyisə qırıb sındırsan belə deyirlər eybi yoxdur, təki bizdən al. Market arabasına yığılan malların bəzən sayı-hesabını itirirsən.

Evə gələrkən uşaq qapıda soruşur “ata, mənə nə almısan”, aldığını verəndə sevinir. Sabah açılanda, görürsən həmin oyuncaq artıq zibilə atılıb, ya evə səpələnib. Deyinə-deyinə yığışdırırsan. Bir gün vacib nəsə lazım olur, tapa bilmirsən. Şkafı açırsan, başına bir tıx əşya tökülür. Birtəhər yerinə dürtürsən, deyirsən, eybi yox, gedim təzəsini alaram. 

Alış-veriş bir gün dayanan kimi elə bil bir qaranlıq dünyaya düşürük, qarşıda heç bir işıq ucu görünmür. Hətta ən imkansız insanın evi belə qalaq-qalaq əşya ilə dolub daşır. Televiziya ekranında, internet kanallarında çıxış edən ekspertlər ağızdolusu iqtisadi göstəricilərin artımından danışırlar. Dünyanın ən nəhəng media qurumları hazırkı böhranın dəhşətindən, iqtisadiyyatın çökməsindən daim məlumat verirlər. İstehsal gərək bir gün belə dayanmasın, dayansa batarıq.

Yeni əşya aldıqca, daim köhnələrə yer axtarmalı oluruq

Əşya almasaq, guya hazırkı iqtisadi model işləməyəcək. Marketoloqlar gündə bir gedişə əl atmaqla insanları hələ yararlı əşyalardan yaxa qurtarmağa, yenilənməyə sövq edilər. Heç kəs hələ bir müddət öncə aldığı, hələ əməlli-başlı yararlana bilmədiyi əşyaların taleyini düşünmək istəmir.

Yeni əşya aldıqca, daim köhnələrə yer axtarmalı oluruq. Mebel rəfləri dolub daşdıqdan sonra onlardan hansısa yolla azad olmağın yolunu düşünürük. Ən sadə variant zibilə tullamaqdır, can rahatlığıdır. Amma tullamaq da olmur, axı əziyyət çəkib almısan. Adətən evdən çıxan artıq əşyaları daşıyırıq qaraja, ya da binanın bir tərəfində inşa etdiyimiz anbara yığırıq. Zaman ötür, qaraj da, anbar da aşıb-daşır. Günlərin bir günü bir yük maşını çağırıb köhnə soyuducu, televizor, mebel, tozsoran, paltaryuyandan tutmuş pas atmış alətə kimi nəyimiz varsa, daşıyırıq bağa. Bəzən öz bağımız olmayanda, qohum-əqrəba, dost-tanışda bağı olanın həyətinə daşıyırıq. Nə ki var, doldururuq hər yeri.

Bağ evində toz əlindən nəfəs almaq belə mümkün olmasa da, yenə köhnəmizdən əl çəkə bilmirik. Hətta nimdaş paltarı belə atmırıq. Düşünürük, bəlkə bağda əski əvəzi işlədərik. İllərlə qalaqlanan, sonra da çürüyən geyimə yaxın durmaq imkanımız belə olmur. Nə geyinirik, nə də əski kimi işlədirik.

“Şopoqolizm” artıq bir növ psixoloji asılılıq kimi qəbul edilir

Belə yanaşma tək bizə aid deyil, əslində. Bəzi ölkələrdə əşya aludəçiliyi epidemiya halını alıb. Məsələn, ABŞ-da artıq əşyanı yerləşdirməyə yer tapmayan amerikalılar xüsusi anbar icarə etməyə məcbur olurlar. Bir müddət ötür, icarə haqqı ödəməyə imkan olmur deyə, eləcə başını buraxırlar. Hətta bu atılmış anbar-konteynerlərin hərracı da təşkil edilir. Xüsusi televiziya kanalı da bu prosesi əks etdirir. Hərrac anbarın qapısı açılmadan reallaşır. Bir növ oyundur elə bil. Nəsə alırsan, amma nə olduğunu bilmirsən. Elə telekamera önündə anbarın qapısı açılır, əşyaların araşdırılmasına başlanılır. 

Əşya hərisliyinə müxtəlif ad verirlər. Məsələn, “şopoqolizm” artıq bir növ psixoloji asılılıq, xəstəlik kimi qəbul edilir. Müasir ingilis yazıçısı Sofi Kinsellanın “Şopoqolikin gizli aləmi” əsərinin baş qəhrəmanı Rebekka Blumvud, necə deyərlər, zəmanə uşağıdır. Londonun mərkəzində yaşayır, normal işi var, kifayət qədər pul qazanır, amma o hamıya borcludur, ev-eşiyi isə əşya ilə dolub. Aldığı geyimin bir çoxunu heç istifadə edə bilmir. Bununla yanaşı Rebekka yalnız alış-veriş barədə düşünür, başqa amalı, düşüncəsi yoxdur. Qazandığı da bank kreditlərinin ödənilməsinə xərclənir. Nə qədər çox gəliri olsa da, xeyri yoxdur. O, həmişə borcludur. Hətta ev tutmağa belə pulu yoxdur, bir rəfiqəsinin evində qalır. Daha çox qazanmaq, daha az xərcləmək istəyir, amma alınmır. Elə hey alır, alır, alır.

Rebekka kimi hazırkı dövrümüzdə milyonlarla insan var. Yenə yenisini alıb, köhnədən yaxa qurtara bilsə, bu çox pozitiv addım olar. Amma evini əşya qəbiristanlığına çevirənlər də az deyil. Qadın var, qarderobunda nəyin olduğunu dəqiq bilmir. İnsan var “Plyuşkin sindromu” adlanan xəstəliyə tutulub, yəni bir tərəfdən dükandan alıb gətirir, digər tərəfdən isə əlinə harada nə keçdi çatdırır evinə. Bir müddət sonra evdə artıq azad gəzməyə belə yer olmur. Bu, artıq xəstəliyin ifrat formasıdır. Dünya ədəbiyyatında Qobsek, Plyuşkin, Qarpaqon kimi xəsis obrazlar elə bu cür halları tam əks etdirir. İnsan özü yemir, içmir, ancaq toplamaqla məşğuldur. Hazırda ABŞ-da zibillikdə eşələnməyi sevən, oradan evinə lazımsız bir əşya gətirməkdən həzz olan insanlar da var. Özü də bir çoxu heç də kasıb təbəqəyə aid deyil. Əməlli-başlı işi, qazancı olan şəxslərdir. Amma evinə girəsi deyil, hər tərəf aşıb-daşır, ayaq qoymağa yer yoxdur.

Çin hər il milyon tonlarla zibili Avropa Birliyindən alır

Belə həyat tərzinin formalaşmasının da öz səbəbi var. Neft-qaz erasında lazımlı və ya lazımsız əşyaların istehsalı birə on artıb. Kifayət qədər yanacaq olduğundan onları dünyanın istənilən nöqtəsinə problemsiz çatdırmaq olur. Biri satır, digəri isə alır. Bir müddət sonra əşya ya zibilə atılır, ya da haradasa qalaqlanır. Bu, bir reallıqdır. Hər il dünyada zibilin həcmi bu həyat tərzinə görə birə on artır. Hətta bir ölkənin zibili bəzən digər ölkə üçün faydalı ola bilər. Deyək, Çin hər il milyon tonlarla zibili Avropa Birliyindən alır, həm də eyni miqdarda mal yollayır. Bir tərəfdən zibili emal edir, digər tərəfdən öz malını satır.

Belə yaşamağın mümkünsüzlüyünü anlamaq elə də çətin deyil. Axı Yer kürəsinin resurs imkanı tükənmək üzrədir. Buradan yeni mal istehsal edilir, oradan zibilə atılır. Nə qədər davam edəcək? Bir gün dayanmalıdır.

Azərbaycanda minimalizmlə maraqlanan kimsə tapmaq qəliz məsələdir

Dünyanın bir sıra ölkəsində yeni bir hərəkat da yaranıb: minimalizm cərəyanı. Bu ideya tərəfdarları yaşamaq üçün insana lazım olan əşyaların minimal həddə olmasının təbliğ edirlər. Həm yaşadıqları evdə əşya az olur, həm “şopinq”ə vaxt sərf etməkdən vaz keçirlər. Minimalistlər zamanı faydalı işlərə sərf etməyə can atırlar, əşyaya qulluq etməyə yox. Qəribə görünsə də, hazırda belə düşüncə tərzinə sahib olanların sayı gün-gündən artır. Həm ekologiyaya ziyan dəymir, həm də rahat yaşamaq olur. Bir növ asılılıq yaradan amillər yox olur.

Azərbaycanda minimalizmlə maraqlanan, onu təbliğ edən kimsə tapmaq qəliz məsələdir. Əhalinin çox hissəsi elə dayanmadan alır, özü də bank krediti hesabına. Bu səbəbdən banklara olan borcun da kütləsi azalmaq bilmir. Lazımsız əşyaları almaqla vəziyyəti daha da ağırlaşdırırıq. Elə bilirik, sovet dövrü bir də qayıdacaq, dükanlarda indi asanlıqla əldə etdiyimiz əşyaları bir də ala bilməyəcəyik. Hər evdə kifayət qədər kibrit, duz, şəkər, neft lampası, süpürgə tapmaq olar. Kibritə ehtiyac qalmayıb, çünki qaz sobasını avtomatik yandıran qurğu özündə quraşdırılıb. Duz, şəkər də toplamağa lüzum yoxdur, çünki hər ikisi ziyandır, bəzən heç istifadə də etmək olmaz. İşıq demək olar, daimi verilir, neft lampası ancaq dekor elementi kimi işə yarayır. Süpürgəni də tozsoran əvəzləyib, amma yenə iki-iki alırıq. Bu minvalla evi doldururuq.

Minimalizm ideologiyası dünyanı xilas edə biləcək bir düşüncə tərzidir, amma böyük monopoliyaların, reklamın, biznesin fəaliyyəti onu hər dəfə üstələyir. Deməli, ətrafdakı zibilin və əşyaların sayı azalmaq bilmir.

739
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, arxiv şəkli

Terrorçular Tural Gəncəliyevi təhdid ediblər

0
""Nemesis" erməni daşnaklarının təşkil etdiyi və Fətəli Xan Xoyski, Beybud Xan Cavanşir kimi Azərbaycanın görkəmli ziyalılarının öldürüldüyü terror kampaniyasıdır.

 

BAKI, 22 sentyabr — Sputnik. Vətəndaşlar üçün müraciəti asanlaşdırmaq və anonim müraciət imkanları yaratmaq üçün istifadəyə verdiyimiz https://turalganjaliyev.com səhifəsi üzərindən erməni terrorçuları mənə təhdid göndəriblər.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.

""Nemesis" erməni daşnaklarının təşkil etdiyi və Fətəli Xan Xoyski, Beybud Xan Cavanşir kimi Azərbaycanın görkəmli ziyalılarının öldürüldüyü terror kampaniyasıdır. Yolumuz Qarabağadır və bizi heç bir qüvvə yolumuzdan çəkindirə bilməyəcək!", - deyə o bildirib.

0