Qadın kitab oxuyur, arxiv şəkli

Qutsal mətnin alternativ təfsiri

437
(Yenilənib 21:42 21.06.2020)
Bədii əsərə ən gözəl və dəqiq qiyməti əlahəzrət zaman verir. “Məryəm surəsi” romanı tarixin sınağından çıxmağı bacaraq, öz oxucusunu tapacaq.

BAKI, 21 iyun — Sputnik. Az qala on ildir onun sirli-sehirli cümlələrinin, insanı silkələyən mətninlərinin yoluna gözləyirəm. Ancaq işə bax ki, səbrsizliklə gözlədiyim mətnə girişməyim, kitabın “açarını” tapmağım aylar alır. Üç uğursuz cəhd. Əsəblərim qaydasında deyil. Ovuc-ovuc dərman içirəm, oxuduğum kitablara diqqətimi cəmləməyim mümkün deyil. 

Qısacası, aylardır kitab oxuya, mütaliə edə, ürəyimcə yazılar yaza bilmirəm. Ancaq “Məryəm surəsi”ni gözümdən kənara qoymuram. Bu müddət ərzində kitabı doğma bir adama oxumağa versəm də, o kitabı oxuyub bitirməmiş geri alıram. Kitabla aramdakı mistik bağın pozulmağından narahatam. Kitab mənimlə birlikdə işə gedib-gəlir, rayona səyahətə çıxır, gah yatağımın yanındakı dolabın üstünə, gah çantama, gah kitab şkafına qoyuram, az qala hər axşam açıb vərəqləyirəm...

Nəhayət bu “qara zolaq”dan çıxıram. Üç dəfə 114-cü səhifəyə qədər oxuyub, bir kənara qoyduğum kitabı yenidən əlimə alıram, yenidən ilk səhifəsindən başlayıram və böyük zövqlə oxuyub iki günə bitirirəm. Demək olar birnəfəsə, su kimi axıb gedir kitab. Mənim üçün “mütaliə cadusu” bu romanla yenidən qırılır. Aylar sonra daxili rahatlıq tapıram, hüzura qovuşuram. Sanki qurumuş dodaqlarımı dağlardan süzülüb gələn sərin bulağın gözünə söykəyib doyunca su içirəm...

Pərviz intizarı şərəfləndirib, gözləməyə dəyərmiş bu qədər müddət...

Kitabların ruhunu anlamağa çalışıram həmişə, cümlələrin dəruni qatındakı ruhun ovuna çıxıram. Pərviz Cəbrayılın mətnlərinin dil-kültür qatını illər öncə çözdüyümü düşünürəm, onun ərazisində “ova çıxmaq” mənim üçün çətin deyil. Onun şeirlərinin, misralarındakı melodiyanın arxasınca düşüb, “Öləngi”yə, “Yad dildə” romanına qədər gəlib çıxmışam. Pərvizin mətnlərinin dilinin ağır olduğunu deyənlər məncə yanılır. “Yad dildə” romanını oxuyana qədər bu fikirlə razılaşırdım, hətta mən də belə düşünürdüm. Pərvizin mətnləri sanki oxucunu imtahana çəkir, öz mistik ağırlığı ilə səni uzaqlaşdırmağa çalışır. Ancaq mətnin melodiyasını tapanda, “giriş parolunu doğru seçəndə” mətn öz qapılarını oxucusuna açır. Pərvizin mətni kodlu-şifrəli mətndir – hansısa qutsal mətnin təfsiri kimi. Əliyalın, içiboş, ruhunda o melodiyanı hiss etmədən “Məryəm surəsi”ni də oxumağa girişmək ən yaxşı halda alınmayacaq. “Məryəm surəsi” magik-mistik haləyə bürünmüş mətndir. Sirr pərdəsinə bürünmüş cümlələri çözmək üçün mətnin daxilinə, dərinliyinə, alt qatlarına çox uzun, əzmli bir səyahət gərəklidir. İntertekstuallıq, postironik süjet, müəllifin özünün də dediyi kimi oxucudan alternativ qeyri-səlis yanaşma tələb edir. Bəlkə də müəllif bizi bilərəkdən bu əfsunlu mətnin içində azdırmağa çalışır. Romanın realist qatının şifrələri magik qatda, mistik hadisələrin açılışı realist qatda kodlaşdırılıb və ya tərsinə... Oxucunun fəhminə qalıb mətn boyu “basdırılmış minaları”- mesajları tapmaq. Müəllif yaşadığı, şahidi olduğu hadisələri romanın magik-mistik qatında elə ustalıqla gizlədir ki, bu detalları anlamaq üçün Pərvizin yaradıcılığını daha dərindən izləməli, Pərvizin oxucusu olmalısan. Onun poeziyasından, publisistikasına qədər ardıcıl izləyən oxucu “Məryəm surəsi”ni rahatlıqla “həzm edə”  biləcək. 

Müəllifin yaradıcılığı ilə ilk dəfə tanış olan oxucunun da şansı var, şifrələr o qədər də dərində gizlədilməyib, elə mətnin öz içində yüzlərlə “açar” tapa bilərsiniz.

Arxada qalan təlatümlü, qarışıq 10-15 ilin canlı şahidlərindən biriyəm. Müəyyən proseslərin birbaşa iştirakçısı, prosesin bir parçasıyam. Ondan əvvəlki 10 ili də rahatlıqla xatırlayıram. Eyni zamanda içində olduğum mühitin qulağıma çatan əfsanələri, əhvalatları ilə tanışlığım olduğu üçün “Məryəm surəsi”ndəki əksər məqamları zehnimdə şəkilləndirə, canlandıra bilirəm.

Gerçəklə yalanın sərhədində dayanıb yaxın tarixə boylandım, tərcüməçi Dilsuz müəllim, şair Nəsimi, qız Umay, nişanlısına azad seksin alovlu təbliğatçısı olan şairlə xəyanət edən Əsli, inqilabçı İsmi, İSA(İnsanların Sevgi Azadlığı)-dan ASİ(Azad Seks İnqilabı)-yə çevrilən təşkilatın başıpozuq tərəfdarlarının prototipləri gözümün qarşısında canlandı. Boynunda xaç, bətnində atası məlum olmayan övladıyla girinc qalan, bakirə Məryəmi taleyini yaşayan umayları xatırladım. Günahları içində boğulan Ata, talesiz Leyli – Lilit, öz ümidsizliyini qız Umaya miras qoyan Umudsuz Umay Ana, öz yolunu itirmiş bərbər(barbar) Həjar, əxlaqsızlığın girdabında boğulan Sona-Sonya, sərhədsiz Qafqaz arzuları ilə yaşayan Bakı ermənisi Vano dayı...

Pərviz Cəbrayılın bu irihəcmli romanında “təhlükəli” məqamlar çoxdur: İkibaşlı yozumu olan əhvalatlar, əsərin əvvəlində ortaya atılan “ideogiyanın” elə romanın qərəmanları tərəfindən fiaskoya uğradılması, Qarabağ probleminin yansımaları, yaxın tarixin çoxlarına gizli qalan sirləri, müqəddəs hesab etdiklərimizə alternativ və fərqli baxış və üstü açılan çoxsaylı tarixi miqyaslı xəyanətlər...

Qadın azadlığına müəllifin fərqli və  özünəməxsus baxışı feministlərin diqqətini çəksə, yəqin ki, mərəkə qopar. Eyni zamanda mentalitet keşikçiləri ata-qız, müəllim-tələbə münasibətlərini, ölkəni tərk edənlər siyasi mühacirət məsələsini asanlıqla həzm edə bilməyəcək, bu dəqiqdir. Romanın ruhundakı asilik, barışmazlıq və ümidsizlik hissi oxucunu müxtəlif qarışıq, psixaloji ovqata sürükləyir. Müxtəlif obrazlarda müəllifin öz yaşantılarının izlərini görmək mümkündür. Bəlkə də Pərvizi yaxından tanıdığım üçün müəyyən obrazlara özündən ruh, nəfəs üfürdüyünü hiss edə bildim.

Bu irihəcmi, zəngin və şifrəli romanı kiçik bir yazı ilə təhlil etmək fikirindən uzağam. 

Çünki Pərvizin bu romanı müqəddəs kitabın, qutsal mətnin alternativ təfsiri kimi səciyyələndirilə biləcək mətndir. Məhz buna görə “Məryəm surəsi” romanını  ədəbiyyatımızın vacib və əhəmiyyətli əsərlərindən biri olaraq, ədəbiyyat tariximizdə özünə yer tutacağına şübhə etmirəm. Pərviz Cəbrayılın “Məryəm surəsi” həm üslub, süjet, dil baxımından, həm də siyasi, ictimai və bədii əhəmiyyəti baxımdan  bitkin, samballı əsərdir. “Məryəm surəsi” ciddi təhlil tələb edir. Bu iddiasız, kiçik yazımı təhlil  və ya ədəbi tənqidi material kimi qələmə almamışam, məqsədim qısa təqdimatdır. Düşünürəm ki, “Məryəm surəsi”nin ədəbi ictimaiyyət arasında ətraflı təqdimatına ehtiyac var.

Azərbaycanda heç bir ədəbiyyatşünasın, heç bir ədəbi tənqidçinin “Məryəm surəsi”ni ətraflı və ciddi şəkildə təhlil edə biləcəyinə inanmıram. Pərvizin müəllif kimi bəxti bu məsələdə gətirməyib. Ənənəvi tənqidçilər Pərvizin bu mətninə yaxın düşmək potensialında deyil. Pərvizin toxunduğu mövzular, siyasi-ictimai məqamlar bizim tənqdçilərin “boyunu aşır”. Romanın nəşrindən bir il keçsə də ədəbi kluarlarda müzakirə olunmaması, haqqında ədəbi-tənqidi yazıların yazılmaması mənim haqlı olduğumu sübut edir. Ancaq bütün bunlar şərti məsələlərdir. Bədii əsərə ən gözəl və dəqiq qiyməti əlahəzrət zaman verir. Əminəm ki, “Məryəm surəsi” romanı tarixin sınağından çıxmağı bacaraq, öz oxucusunu tapacaq. Xülasə, bu romanı tam məsuliyyətlə, könül rahatlığı ilə ciddi ədəbiyyatı sevən oxucuya tövsiyə edirəm.

437
Dollarlar, arxiv şəkli

Bir milyona açılmayan bəxt: "Fala inanma, faldan da qalma"

77
(Yenilənib 19:17 22.09.2020)
Ərə getməyi həyat kredosuna çevirən bu "cəhalət mələkləri"nin asanlıqla tora düşməsinə, milyonu havaya sovurmasına ürəkdən gülsəm də, cəhalətin bu qədər yayılmağı məni vətəndaş, qələm adamı kimi çox narahat edir.

Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsində kart vasitəsi ilə fala baxdığını iddia edib insanları aldadan ər-arvadın cinayət işinin icraatına başlanılıb. Ciddi müzakirəyə çevrilən bu hadisədə fırıldaqçı "baxıcılar" xanım vətəndaşımızı ərə vermək vədi ilə aldadıb, onun nə az, nə çox düz bir milyon manat pulunu mənimsəyiblər. Kitaba 5-10 manat verməyə xəsislik edənlərin başına bu cür hadisənin gəlməsi, məni təəccübləndirmədi, hətta düzünü desəm, bu xəbərə ürəkdən gülüb, əyləndim. Çünki elmdən, kitabdan uzaq, məhdud dünyagörüşlü insanların fırıldaqçıların tələsinə düşməsi labüddür. Bu məsələdə ən çox təəccüblü məqam, bir milyon manatı falçıya verən zehniyyətin yüksək təbəqədən olmasıdır. Onsuz da kasıbın falçıya veriləcək milyonu yoxdur.

Təsəvvür edin ki, bu məbləğlə insan həm özü, həm də cəmiyyət üçün çox ciddi işlər görə bilər...

Ərə getməyi həyat kredosuna çevirən bu "cəhalət mələkləri"nin asanlıqla tora düşməsinə, milyonu havaya sovurmasına ürəkdən gülsəm də, cəhalətin bu qədər yayılmağı məni vətəndaş, qələm adamı kimi çox narahat edir.

İllər öncə bu cadu, baxıcılıq, fala baxdırmaqla bağlı çox maraqlı bir hadisəyə şahidlik etmişdim.

...Dostlarımdan biri yenicə ailə qurmuşdu və ailəsində ciddi problemlər yaşanırdı. Gənc ailənin problemləri bütün qohum-qardaşa məlum olduğu üçün hər kəs əlindən gələn köməyi edib, gənc ailəni dağılmaq təhlükəsindən qorumağa çalışırdı. Dostumu "düz yola çəkmək" üçün onunla tez-tez görüşür, ona dəstək olmağa çalışırdım. Sözün düzü, belə şeylərdə səriştəsizəm. Beş-on dəqiqə söhbət edən kimi, dostuma haqq qazandırıb, söhbəti yekunlaşdırırdım. Hətta anasını qınayırdım ki, niyə sevgilisi olduğunu bilə-bilə oğlunu başqasıyla evləndirib. Bəli, problem bu qədər qəribə idi. Tanışım yaşca özündən böyük, boşanmış qadınla sevgili olsa da, valideyinləri onu yaxın qohumları ilə evləndirmişdi.

Dostum o qadını sevirdi və halalca həyat yoldaşıyla ayrı-ayrı otaqlarda yaşayır, ər-arvad münasibətləri bir kənara, kəlimə kəsib söhbət də etmirdi. Anası qadının oğluna cadu etdirməsindən şübhələnir, vaxtaşırı falçıları, baxıcıları ziyarət edib oğlunun "dərdinə" çarə axtarırdı.

Hə, onu da deyim ki, dostumun ailəsi yüksək səviyyədə təminatlıdır. Yaşadıqları evi sarayla müqayisə etmək nə qədər yerinə düşər bilmirəm, ancaq üç mərtəbəli, dəbdəbəli, 3 qulluqçusu, bir bağbanı olan villa düşünün. Ailənin bütün üzvlərinin şəxsi, lüks avtomobili, yüksək səviyyədə təminatları vardı. Gəlirləri ildə bir dəfə xaricdə dincəlmək üçün kifayət edir, eyni zamanda kirayə verdikləri bir neçə mənzilin və ticarət obyektinin qazancı ilə ailənin kiçik qızını Avropa şəhərlərinin birində oxudurdular. Gəlin də kifayət qədər imkanlı, nüfuzlu ailədən olduğu üçün oğlanın anası biabırçılığın qızın ailəsinin qulağına çatmağından çəkinir, bacardıqca baş verənləri ört-basdır etməyə çalışırdı.

...İsti yay günlərinin birində zavallı dostumun anası zəng edib, məni evlərinə dəvət elədi. Xoruzquyruğu çaydan içə-içə onun bitib-tükənməyən gileylərinə qulaq asıb, təsəlli verirdim. Dostumun kiçik qardaşı da bir kənarda oturub, bizə qulaq asırdı. Söhbət əsnasında məlum oldu ki, dostumun anasına Bakı kəndlərindən birində çox məhşur bir falçının ünvanını veriblər. Bu ziyalı xanım da kiçik oğlunu da vurub qoltuğuna, yollanıb həmin ünvana. Falçı problemdən xəbərdar olandan sonra kartları düzüb masaya, başlayıb fikirləşməyə. Sonra dodağının altında nə isə pıçıldaya-pıçıldaya qalxıb arxa otağa keçib, kitab açıb... və söz verib ki, bu problemi bir aya həll edəcək. Problemin həlli üçün ailədən cəmi cümlətanı 3000 dollar tələb edib. Bəli, bizim ziyalı qayınana isə 1500 dollar beh verəndən sonra fikirlərimi öyrənmək, prosesdə iştirak etmək üçün məni çağırmışdı...

O gecə falçılıqdan, cadugərlikdən, baxıcılıqdan uzun-uzun danışıb onları fikirlərindən daşındırmağa çalışsam da, faydası olmadı. Dostumun anası israrlıydı. Üstəlik, falçının təklif etdiyi cadugərlik prosedurunda yaxın dost olaraq mən də iştirak etməliydim. Masaya düzülən sür-sümüyə, paslı qıfıla, it nəcisinə, qəbir torpağına, qadının evinin qarşısından götürülmüş bir büküm toza, dostumun köynəyindən kəsilmiş parçaya baxa-baxa özümü gülməkdən zorla saxlayırdım. Xüsusi cadu yol kənarında basdırılmalı, falçının verdiyi tozu isə dostumun içdiyi içkinin içinə mən qatmalı idim. Zalım balası tanımadığı bütün yaxınları, dostları öz iyrənc oyununa alət etmişdi. Başqa yolum yox idi. Cadu paketini götürüb o vaxt hələ tikinti-təmir işləri gedən avtovağzal yoluna yollandıq. Dostumun qardaşı avtomobili bir kənara çəkib, cadunu yol kənarına işıq dirəklərindən birinin dibinə basdırdı. Geri qayıdanda həyətdə dostumla rastlaşdım. Utandığımdan özümə yer tapa bilmirdim. Anası göz-qaşla işarə elədi ki, "indi də sənin növbəndir". Cibimdəki bükülünü əlimlə yoxlayıb, dostumu pivə içməyə dəvət elədim. Razılaşdı. Və təbii ki, mən bütün olanları ona danışıb, içkisinə qatmalı olduğum tozu özünə verdim.

...İş elə gətirdi ki, üç-dörd ay dostumla görüşməyim, evlərinə getməyim alınmadı. Təsadüfən şəhərdə qardaşını gördüm, evdəki vəziyyəti xəbər aldım. Məlum oldu ki, dostum işi ilə bağlı xaricdədir və həyat yoldaşını da özü ilə aparıb.

Heyrətləndim. Çünki sevmədiyi qadınla yaşamaq istəmədiyi üçün onun boşanacağını gözləyirdim.

Sən demə, "cadu əməliyyatından" bir ay sonra dostum sevgilisi ilə dalaşıb ayrılıb, beş-on gün içib evə dava salandan sonra həyat yoldaşını da götürüb xaricə işləməyə yollanıb. Anası bütün baş verənləri falçının qüdrətli cadusu sayəsində gerçəkləşdiyinə o qədər səmimi qəlbdən inanıb ki, tələb olunan məbləğdən əlavə sevimli və çox bahalı boyunbağısını da falçıya nəzir verib. Və falçı dostumun anasına pıçıldayıb ki, "çalış oğlun yaxın dostları ilə az-az görüşsün, mümkünsə heç görüşməsin".

Hə, bir də dostumun qardaşı deyirdi ki, o son vaxtlar çayına, içkisinə həmin tozu qatıb içirmiş...

Dostumun beləcə səssiz-səmirsiz yoxa çıxması, vidalaşmadan xaricə getməyi mənə pis təsir eləsə də, baş verənlərə ürəkdən gülmüşdüm...

Bir milyon manatını ərə getmək üçün falçıya xərcləyən o zəngin qadının cəhaləti məni çox kədərləndirsə də, qeyri-ixtiyari yuxarıdakı hadisəni xatırlayıb gülümsədim...

Rəhmətlik nənəm falçıdan, cadugərdən, baxıcıdan söz düşəndə – "fala inanma, faldan da qalma" – deyərdi.

Görünür, bu xalqın zehniyyətini kökündən dəyişmək üçün, bizə hələ uzun illər vaxt lazım olacaq...

77
Əlaqədar
Gələcəyimizi təhdid edən "yenilik"lər - təhlükə hələ keçməyib
İtirdiyimiz zaman: qayğılar, qovğalar və peşmanlıq
Yeni konsepsiya bizi mənzil başına çatdırmayacaq...
Çətin dövrün insanları: laqeyd, biganə və soyuqqanlı
Modern fırıldaqçılar: Motivatorlar, kouçlar, psixoloqlar və başqa mətləblər…
Şuşa, arxiv şəkli

Şəhərlərin həftəsi: Paris, Şuşa, Lançjou, Sıçuan Banqkok

45
(Yenilənib 17:24 21.09.2020)
Ermənilər yeni nəsli, eyni zamanda bütün dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əsl sahibidirlər. Tarixi-mədəni abidələrin özününküləşdirilməsi də buna hesablanıb.

BAKI, 21 sentyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

ATƏT-in neytrallığı

Ötən həftə Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü baş tutdu. Onlar Dağlıq Qarabağ münaqişəsini müzakirə etdikdən sonra “dişsiz” bəyanatla çıxış etdilər. Hər iki ölkənin XİN rəhbərləri ilə telefon danışığında nazirlərə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər.

Bəyanatda Ermənistanın son təxribatları və qanunsuz məskunlaşdırma siyasəti barədə isə bir kəlmə də əksini tapmır. Həmsədrlər istənilən halda işğalçı ilə işğala məruz qalanı eyniləşdirməkdə davam edir, “ilkin şərti” istisna edirlər – Azərbaycanın yalnız bir ilkin şərti var: münaqişə beynəlxaq hüquq normaları çərçivəsində, ərazi bütövlüyü prinsipi əsas götürülməklə həllini tapmalıdır. Beləliklə, bu vasitəçilik institutunun nə qədər əhəmiyyətsiz olduğu bir daha təsdiqini tapır.

Şuşanın dağlarının başı dumanlı

2022-ci ildə qondarma Dağlıq Qarabağın “parlamenti” Şuşaya köçürüləcək. Bu barədə separatçı-kriminal rejimin başçısı Araik Arutyunyan öz Facebook səhifəsində yazıb. Ürəkdağlayıcı səslənir, amma oxuyun: “Şuşaya işgüzar səfərim zamanı biz vaxtilə məhkəmə orqanı üçün nəzərdə tutulan, inşasına başlanan, lakin yekunlaşmayan bir binanı parlamentə vermək imkanını müzakirə etdik. Mənim göstərişimlə tikinti işləri tezliklə davam edəcək. Hesab edirəm ki, bu qərar həm siyasi, həm də təcrübi əhəmiyyətə malikdir, həmçinin özündə tarixi və qalib şəhərimizə yenidən xüsusi baxmağın simvolik mənasını daşıyır”.

“Tarixi və qalib şəhərimiz”! Belə də deyib. Ermənilər yeni nəsli, eyni zamanda bütün dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əsl sahibidirlər. Tarixi-mədəni abidələrin özününküləşdirilməsi də buna hesablanıb. Gebbelsin “Yalan nə qədər dəhşətli olarsa, bir o qədər tez inanarlar" tezisi məharətlə istifadə olunur.

Çin dincəlmir

Çində heyvanlar üçün peyvənd istehsal edən müəssisədə qaz sızması nəticəsində minlərlə insan bakterial xəstəliyə yoluxub. Lançjou şəhərində 3245 insanın adətən yoluxmuş heyvanlarla və ya heyvan məhsulları ilə sıx təmasdan qaynaqlanan bruselyoz xəstəliyinə yoluxduğu bildirilib.

Çin dinclik tapmır, deyəsən, dünyanı da rahat buraxmayacaq. Bəlkə, onları başqa planetə köçürmək lazımdır?! Bu arada koronavirusun sona çatacağını gözləmək əbəs kimi görünür. Deyəsən, biz onu adi qrip kimi qəbul etməli olacağıq. Məsələn, birinə zəng edəcəksən, səsi pis gələcək, nə olduğunu soruşacaqsan, cavabı – “əşşi, heç nə, bir az koronaviruslamışam” kimi olacaq.

Yenə Çin

Çinin Sıçuan əyalətində müəllim onun suallarına iki dəfə yanlış cavab verən 10 yaşlı məktəblini döyərək öldürüb. Müəllim məktəbli qıza diz üstə çökməyi əmr edib və ardınca onun qulaqlarından dartaraq başına zərbələr endirməyə başlayıb. Hadisədən bir neçə saat sonra qız özünü pis hiss edib. Xəstəxanaya çatdırılsa da, həkimlər məktəblinin həyatını xilas edə bilməyiblər.

Deyəsən, onlayn dərslər daha yaxşıdır axı...

Robotlaşan dünyada prokuror olmaq arzusu

Ötən həftə ali məktəblərə ixtisas seçimi davam etdi. Hər il olduğu kimi, üçüncü ixtisas qrupu üzrə sıxlıq müşahidə olundu. Bu, bir cəmiyyət olaraq humanitar sahələrə olan marağımızın davam etməsinin növbəti təzahürüdür. Robotlaşan dünyada övladlarımızı hələ də vəkil, prokuror, hakim kimi görmək arzusundayıq. Dünyanı “düzəldən” mühəndisə isə fəhlə kimi baxırıq. Qəbul etmək istəmirik ki, sabahın vəkili də robot olacaq. Elə jurnalisti də. Məhz ötən həftə Britaniyanın "The Guardian" saytı GPT-3 adlı süni zəka tərəfindən yazılmış esseni təqdim etdi. Saytın jurnalistləri esse üçün giriş mətni hazırlayıblar və daha sonra süni zəka esseni fərdi şəkildə tamamlayıb. “Bu məqalənin missiyası tamamilə aydındır. Mən daha çox insanı inandırmalıyam ki, onlar məndən qorxmamalıdırlar. Sağ ikən Stiven Hokinq (Stephen Hawking) xəbərdarlıq etmişdi ki, süni zəka insanlığın sonunu gətirəcək. Mən sizi heç bir narahatlıq keçirməməyə inandırmaq üçün buradayam. Süni zəka insanlığı məhv etməyəcək. Mənə inanın”, - deyə essedə qeyd edilib.

Evimizə çatdırılan zibil

Tailandın paytaxtı Banqkokda “Khao Yai” milli parkında ziyarətçilərin ətrafa atdığı zibillərin onların evlərinə göndəriləcəyi açıqlanıb. Göndərilən hər bir bağlamada “bunları Khao Yai Milli Parkında unutmusunuz” qeydi yazılacaq.

Bu xəbərdən sonra bu yaxınlarda tanınmış vəkil Anar Qasımlının soial şəbəkədəki paylaşımını xatırladım. Sumqayıtda yerləşən və Almaniyanın Lüdviqshafen şəhəri ilə qardaşlığın rəmzi kimi qurulmuş parkda sakinlər günəbaxan tumlarının qabıqlarını səliqə ilə oturduqları skamyaların arxasına töküblər. Və yeri gəlmişkən, maraqlı bir fakt – şəhərlərin mədəni səviyyəsini ölçmək üçün indikatorlardan biri də küçələrə tökülən günəbaxan tumlarının qabıqlarının həcmidir. 

Çipləşdirmə başlayır?

Biz tumu haraya tökməklə bağlı baş sındırdığımız bu aralarda dünya koronavirusun peyvəndini tapmaq üzrədir. Hazırda 8 peyvəndlə bağlı sınaqlar klinik yoxlamaların sonuncu, üçüncü mərhələsindədir və insanlar üzərində testdən keçirilir.

ÜST bir peyvəndlə bağlı isə üçüncü mərhələdə sınaqların aparılmasına icazə verib. ÜST üçüncü mərhələ sınağı aparılan peyvəndlərdən 5-nin təcili istifadəsinə də icazə verib. Onlardan ABŞ və İngiltərədə iki peyvəndin sınaqlarının oktyabrda tamamlanaraq kütləvi şəkildə tətbiq edilməsi nəzərdə tutulur. Bundan əlavə, Çin və Rusiya hökumətləri tərəfindən təcili istifadəsinə icazə verilən sınaqları başa çatmamış 3 peyvəndə isə klinik sınaq proqramından əlavə, tibb və dövlət sektorunda çalışanlara vurulmasına icazə verilib.

Konspirologiya tərəfdarları koronavirusu hələ də dünya milyarderlərinin çipləşdirmə konsepsiyasının başlanğıcı kimi şərh edirlər.

Bu arada BMT Dünya Qida Proqramının direktoru milyarderlərə müraciət edib. BMT rəsmisi 2020-ci ildə dünyada aclıq ilə üzləşən 30 milyon insanın xilas edilməsi üçün yardım istəyib və bunun üçün 4,9 milyard dollara ehtiyac olduğunu söyləyib.

45
Moskvada COVID-19 hospitalı, arxiv şəkli

Koronavirus can almaqda davam edir: Bir gündə yüzdən çox adam təkcə Rusiyada ölüb

0
(Yenilənib 19:39 24.09.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1128836-ya çatıb. Rusiyada pandemiya yayılandan 19948 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 929829-a çatıb.

BAKI, 24 sentyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 6595 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 149 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1128836-ya çatıb. Rusiyada pandemiya yayılandan 19948 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 929829-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 31,7 milyonu keçib, 973 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
operativ qərargah, Rusiya, Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
Koronavirus qurbanlarının sayı 950 minə yaxınlaşır
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir