Külək enerjisi, arxiv şəkli

Supergüclərin “yaşıl” energetika oyunu: nefti satan uduzur, alansa qazanır

370
(Yenilənib 23:51 18.06.2020)
Dünya KİV-ində yayılan “qorxulu” xəbərlər, neftin gərəksizliyi barədə verilən süjetlər, isveçli Qreta Tunberqin ekoloji fəaliyyəti, koronavirusun fəsadları yalnız bir məqsədə xidmət edir: varlı ölkələrin ucuz qiymətə daş kömür, neft və qaz ehtiyatlarının artırılmasına

BAKI, 19 iyun — Sputnik. Atom elektrik stansiyaları 2019-cu ildə ilk dəfə “yaşıl” elektrik stansiyalarına rəqabətdə uduzublar. Yəni külək generatorları, günəş batareyalarının istehsal etdiyi enerjinin miqdarı daha artıq olub. İstehsal olunan enerjidə hər iki tərəfdə artım olub, sadəcə alternativ enerji istehsalında artım 13 faiz olmaqla 2,8 petavatt-saat təşkil edib. Atom elektrik stansiyalarında ümumi göstərici 2,796 petavatt-saat olub. Bu barədə “BP Statistical Review” şirkətinin yaydığı məlumatda bildirilir.

“Yaşıl” energetika dünyaya tələb olunan enerjinin çox az hissəsini təklif edə bilir

Alternativ enerjinin daha çox inkişaf etdiyi məkan Avropa Birliyidir. Əlbəttə, ekoloji durumun pisləşməsi yeni və daha təhlükəsiz enerji istehsal edən texnologiyaların tətbiqini qaçılmaz edir. Öz ölkəsinin təhlükəsizliyini təmin etməyə çalışan dövlətlər həm qanunvericilik, həm də texnoloji müstəvidə xeyli iş görürlər. Böyük Britaniya yaxın 10-15 ildə benzinlə işləyən bütün avtomobilləri öz ərazisindən yığışdırmağa hazırlaşır. Hidrogen və elektriklə işləyən avtomobillər köhnə maşınları əvəz edəcək. İlk mərhələdə ictimai nəqliyyatda avtobusların yenilənməsinə başlanılıb. Koronavirus pandemiyası Avropa Birliyi və Böyük Britaniyanı bu prosesi daha da sürətləndirməyə məcbur edir.

Əlbəttə, Yer planetində olan bütün enerjini Günəşdən alırıq. Bu enerji neft, qaz, daş kömür, uran, plutonium kimi ehtiyatlarda toplanır. Maddi forması olan hər şeydə enerji var. Bitkilər günəş enerjisini toplayan ən ideal “nanotexnologiya”dır. Yer kürəsi Günəşdən gələn enerjinin cəmi 1 faizi ilə dolanır. Əgər bu enerjidən daha bir faizini qoruyub saxlaya bilsəydik, dərdimiz olmazdı. Amma bəşəriyyətin indiki durumunda nə külək generatorları, nə də günəş batareyaları mükəmməl deyil. Ekologiyanı qorumaq, daha təhlükəsiz həyat tərzi təklif etmək, havanın təmizlənməsinə nail olmaq ətrafında xeyli müzakirə aparılsa da, effektivlik baxımından “yaşıl” energetika dünya iqtisadiyyatına tələb olunan enerjinin çox az hissəsini təklif edə bilir.

Pul lazımdır, deməli, nefti neçəyə gəldi satırlar

Azərbaycan neft-qaz ölkəsi olduğu üçün dünya bazarında bu enerji növlərinə olan tələbatın azalması, qiymətin enməsi, hətta neft erasının bitməsi kimi xəbərlərin paylaşılması ölkə iqtisadiyyatına ciddi və duyulan zərbə endirir. Neft xəbərləri bir axınla gəlir, qiymətin dəhşətli dərəcədə enəcəyi bildirilir. Çin, ABŞ, Avropa Birliyi ölkələrində qəbul edilən hər hansı bir qərar birjalarda o dəqiqə özünü hansısa formada əks etdirir. Neft istehsal edən ölkələr arasında da birlik olmadığından hərə qəbul olunmuş qərarları pozmağa çalışır. Pul lazımdır, deməli, nefti neçəyə gəldi satırlar. Məsələn, Səudiyyə Ərəbistanı hələ mart ayında 10 ABŞ dollarından endirim təklif edirdi. Bu tendensiya indi də davam edir.

Dünyanın aparıcı ölkələri yeni standartları tətbiq edir, ekoloji təhlükəsizliyə can atırlar. Böyük media qurumları da bu tendensiyanı dəstəkləyir, hər addımbaşı yeni texnologiyadan danışılır, süjet hazırlanır, təbiəti qorumağın əhəmiyyətindən yüzlərlə sənədli film çəkilir. Amma bir həqiqət çox zaman qabardılmır, arxa planda qalır. Bu da faydalı ehtiyatların dünyanın enerji balansında roluna bağlıdır. Dünyanın enerjiyə olan tələbatının üçdə birini hələ də daş kömür ödəyir. Neftin də, qazın da payı olduqca böyükdür. Avtomobilləri əvəzləmək olar, amma sənayeyə lazım olan həcmi “yaşıl” energetika ödəyə bilmir.

Məqsəd dünyanın neft-qaz resurslarını aşağı qiymətə əldə etməkdir

Dünya KİV-ində yayılan “qorxulu” xəbərlər, neftin gərəksizliyi barədə verilən süjetlər, isveçli Qreta Tunberqin ekoloji fəaliyyəti, koronavirusun fəsadları yalnız bir məqsədə xidmət edir: varlı ölkələrin ucuz qiymətə daş kömür, neft və qaz ehtiyatlarının artırılmasına. Kimin imkanı, rezervuarı varsa, 10-15 dollarlıq neftdən alıb yığacaq. Özü də bu prosesin daimi olması üçün lazım gəlsə, lap 100 dəfə pandemiya, iqtisadi böhran, müharibə, lokal hərbi münaqişə, haker hücumu və digər bəla təşkil etmək olar. Bəzən zəlzələ, sunami, quraqlıq, daşqın, qasırğa da yerinə düşər. İnsanlar üçün bəla kimi görünən hadisələrdən kimlərsə çox yaxşı mənfəət əldə edirlər.

Bizim sivilizasiya üçün neftdən-qazdan əhəmiyyətli nəsə tapmaq çətindir. Hazır enerjidir, hər işə yarayır. Həm də sənayedə istifadə edilən xammalın çoxu elə neftdən alınır. Sabah olmasa, nəyləsə əvəzləmək lazım gələcək.

Dünya bazarında elə də böyük çəkisi olmayan “yaşıl” energetika bu gün beyinlərə təsir vasitəsi kimi istifadə edilir. Məqsəd də dünyanın neft-qaz resurslarını mümkün qədər aşağı qiymətə əldə etməkdir. Nefti satan uduzur, alan isə qazanır.

Supergüclərin oyununa qarışmaq olduqca təhlükəlidir. Burada yalnız oyunun qaydalarını gözləməklə müəyyən taktiki mənfəət əldə etmək olar. Strateji uğur qazanmaq üçün isə çinlidən və amerikalıdan daha çox işləməli, almandan daha səliqəli olmalı, yapondan daha səbirli görünməlisən. Həlli çətin görünsə də, mümkünsüz məsələ deyil.

370
Əlaqədar
Nüfuzlu bankdan Azərbaycana 250 milyon dollarlıq təklif
Bura təbiətin geri dönüş nöqtəsidir - Hər şeydən xeyir alındığı yer
Dünyanı heyrətə gətirən yeniyetmə böyük şirkətlə baş-başa gəldi
Günəş hamıya bəs eləmir: AES Azərbaycanda onilliklər ərzində enerji məsələsini həll edəcək
Bizim 20 ilimiz qalıb: neftdən sonra nə olacaq?

Çörək yeməli olsa, basılmaz Vətən!

31
(Yenilənib 21:59 23.09.2021)
Bu gün ən kasıb ailənin belə tam ac qalmaq şansı azdır. Yaşamağa evi olmaz, kommunal xərci ödəyə bilməz, əyninə geyim tapmaz, amma ac qalmaz. Ramazan bayramında fitrə çıxartmağa, kiməsə yardım etməyə bəzən adam tapılmır. Məcbur olub peşəkar dilənçiyə yardım edirsən.

BAKI, 24 sentyabr - Sputnik. Hər dəfə çörəyin və unun qiyməti ilə bağlı hər hansı bir proses baş qaldırdıqda, yaxud növbəti bahalanma baş verdikdə cəmiyyətdə bir gərginlik yaşanır. Sosial şəbəkə istifadəçiləri bir tərəfdən yazır, mətbuat da digər tərəfdən. Hamı kasıbın halına acıyır, gündə 5-6 çörək yeyən ailənin problemini qabardır. Dövlət orqanları da o dəqiqə məsələni diqqətə alır, hansısa tədbir görülür, subsidiya ayrılır.

Çörək bir qədər bahalaşdı

Bir müddət öncə çörəyin və unun bahalaşmasına reaksiya olaraq baş nazir Əli Əsədov "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə qərar imzaladı. Bir sözlə, qiyməti eyni səviyyədə saxlamaq üçün un istehsalçılarına subsidiya ayrılması mexanizmi hazırlanacaq.

Çörək bir qədər bahalaşdı, amma qiymət artımı müəyyən çörək növlərinə aid oldu, "zavod çörəyi"nin quiymətində artım olmadı. Həmin çörək çəkidən asılı olaraq yenə də 40-50 qəpiyə satılır.

Niyə hər dəfə un məhsulları və çörəyə hətta cüzi artım olanda ölkə bir-birinə dəyir? Bəyəm yağ, ət, süd məhsulları bahalanmır? Marketdə 1 litr südün qiyməti 2 manatı ötüb. Niyə cəmiyyət buna heç reaksiya vermir?

Kimi görsən, əlində qiyməti ən azı 300-500 manat olan smartfon gəzdirir, ayda da mobil internet və mobil əlaqəyə rahatca 15-20 manat xərcləyir. Nədən bu bahalığa etiraz edən yoxdur? Amma çörək söhbəti gündəmə gəldisə, anındaca ajiotaj yaranır.

Bəzən çörəkdən maşın yağının iyi gəlir

Bu gün ən kasıb ailənin belə tam ac qalmaq şansı azdır. Yaşamağa evi olmaz, kommunal xərci ödəyə bilməz, əyninə geyim tapmaz, amma ac qalmaz. Hətta Ramazan bayramında fitrə çıxartmağa, kiməsə yardım etməyə bəzən adam tapılmır. Məcbur olub peşəkar dilənçiyə yardım edirsən. Qonşular da bir-birindən maraqlanır, kimə yardım edək? Qonşunun dükana olan borcunu silən, kəsdiyi qurban qoyundan pay verən, ehtiyacı olan şəxsə özündə artıq olan əşyalardan bölüşən nə qədər insan var. Çörək də tapılır.

Azərbaycanda çörək və metroda gediş haqqı bir etalondur, psixoloji amildir

Hətta qiyməti artırmağa maraqlı olmayan qurumlar da bu iki faktora görə bahalanmaya getməyə hazırdırlar. Bu səbəbdən dövlət həm çörəyə, həm də metroya kifayət qədər subsidiya ayırmağa hazırdır. Olmasa, daxili stabilliyi qorumaq mümkün olmur.

Çörək məsələsində isə tək qiymət əhəmiyyətli deyil. Problem başdan yuxarıdır. İstehsalı elə də ürəkaçan deyil, tələbatdan artıq bişirilən çörəyin taleyi heç kimi maraqlandırmır.

"Zavod çörəyi" kimi tanıdığımız məhsulu böyük müəssisələrdən əlavə bir çox kiçik sexlər də bişirir. Bəzən çörəkdən maşın yağının iyi gəlir desək, yanılmarıq. Bir gün sonra isə həmin bu yağ çörəyin üzərinə çıxır, pis qoxudan yaxın durmaq olmur.

Həmin gün yeyilmədisə, sabah mütləq kiflənməyə başlayır. Bəzən haradasa unudularsa, çörək başdan ayağa qara kiflə örtülür. Əvvəl çörək xüsusi qaba yığılardı, toyuq-cücə saxlayan insanlar da evinə aparardı. Bu gün tam yararsız hala düşür, nə toyuğa, nə mal-qaraya yaramır. Başdan-ayağa xəstəlikdir.

Azərbaycanda atılan qidanın başında məhz çörək durur

Nə qədər çörək tullandığını bircə heyvan üçün yem satan obyekt yiyələri bilir. Zabrat-Bilgəh yolunda belə yerlər çoxdur, tonlarla işə yaramayan çörəyi burada qəpik-quruşa satırlar. Heyvan üçün bəlkə də keçərlidir. Özü də marketdə onlarla növ çörək satılır, amma bu obyektlərə ötürülən çörək məhz zavod çörəyidir, başqa çörək burada tapılmaz. Hamı bu növ çörəkdən istehsal edir deyə, yararsız hala düşdükdə mal-qara üçün yem satılan yerlərə verilir.

Bakının böyük biznes mərkəzlərində yerləşən ofislərdə də xeyli çörək istifadəsiz qalır. Bunları adətən xadimələr toplayır, ya ümumi bir yerə ötürür, ya da heyvan saxlayan insanlara verirlər. Yəni hər gün bu şəhərdə nə qədər çörək faktiki olaraq zibilə atılır.

Qəribə bir vəziyyət alınır: dövlət büdcəsindən subsidiya ayrılır, unun və çörəyin qiymətinin stabil saxlanılması üçün ƏDV yığışdırılır, başqa mexanizmlər işə salınır, amma istehsal edilən məhsulun böyük bir hissəsi atılır.

Dünyanın bir çox ölkəsində qida məhsullarının atılma göstəricisi var. İnkişaf etmiş ölkələrdə də adambaşına ildə tonlarla qida atılır, amma Azərbaycanda atılan qidanın başında məhz çörək durur, çünki bunun hesabını aparan yoxdur. Hərə bir tərəfdən çörək buraxır, xeyli hissəsi də istifadə edilmədən tullanır.

Çörək yeməli olsa, basılmaz vətən...

Qiyməti bazar mexanizmləri ilə tənzimlənməyən bir məhsulu bu qədər istehsal etmək nəyə yarar? 1941-1945-ci illər arxada qalıb, 1990-ci illərin də çətinliyi ortadan götürülüb. Əvvəlki kimi çörək də yeyilmir, qida rasionu xeyli zənginləşib, çörək istehsalı isə dayanmadan artır. Lavaş, təndir, kəpəkli çörək, qara çörək, qarğıdalı çörəyi kimi müxtəlif növ məhsul bişirilir. Bəlkə bazarın bir araşdırılmasına ehtiyac var? Ölkənin tələbatını araşdırmaq, daha kiçik formalı çörək növləri buraxmaq, zavod çörəyini keyfiyyətsiz formada istehsal edən kiçik sexlərin istiqamətini dəyişdirmək da olardı. Yəni bu sex bu gündən sabaha qalmayan yararsız çörəyi mütləq bişirməlidir? Bəlkə təndir buraxsa, daha yaxşı satılar malı?

Bakıda bir ədədi 5 manata satılan "alman çörəyi" də var. Xüsusi texnologiya ilə istehsal edilir, həm faydalıdır, həm də xarab olma şansı aşağıdır. Bəlkə bu cür yeni avadanlıqla daha keyfiyyətli çörək bişirmək barədə düşünməliyik? Bişirən çox olsa, qiyməti də yenər. Əslində, Azərbaycanın özünəməxsus çörək növləri də az deyil. Lavaş, Təndir, Xəndək, Ləzgi, Səndək, Xərək kimi çörək növlərinə həm tələbat var, həm də keyfiyyət baxımından daha məsləhətlidir. Dünya praktikasında başqa yanaşma var. Məsələn, Fransanın paytaxtı Parisdə hər gün on minlərlə "fransız bageti" adlanan bir çörək növü istehsal edilir. Yəni hər fransız bu çörəkdən yalnız səhər yeməyində yararlanır, çəkisi az, özü də uzunsovdur. Saxlamaq da olmur, aldın yeməlisən. Bir növ, isti təndir çörəyi kimi.

Çörək məsələsinə diqqəti artırmaq, keyfiyyət standartı təyin etmək, tələbatı dərindən araşdırmaq gərəkdir. Dövlət büdcəsi hesabına yararsız çörək istehsalı dayandırılmalı, tonlarla məhsulun zibilə atılmasının qarşısı alınmalıdır. Həm Kənd təsərrüfatı, həm Maliyyə, həm də İqtisadiyyat nazirliklərinin vəziyyətə təsir etmək imkanı var. Çörək bazarında vəziyyəti qaydasına salmaq, məhsulun keyfiyyətin yüksəltmək üçün xeyli iş görülməlidir. "Çörək bol olsa basılmaz Vətən" fikrini "Çörək yeməli olsa, basılmaz Vətən" ideyasına dəyişməliyik.

Həmçinin oxuyun:

Çörəyin qiyməti ucuzlaşacaqmı? Qiymət niyə qalxıb

31
Teqlər:
çörək, fətir, yuxa, çörək bişirmə sexi
Xankəndi şəhəri

“Xankəndiyə” ya “Xankəndinə”: tərəflər təslim olmaq niyyətində deyillər