Sərt rejimi yola verməyin fəndləri - bu, "Ərə getməyin 49 qaydası"na bənzəməz

229
(Yenilənib 22:15 12.06.2020)
Yenə də, özünüz bilən məsləhətdir. Oxumaq sizi yorursa, sərin bir guşə tapıb doyunca yatın. Oyaq qalıb bekarlıqdan sıxılmaqdansa, yatmaq məsləhətdir…

BAKI, 12 iyun — Sputnik. Ötən həftə ölkə üzrə elan edilən iki günlük sərt karantin rejimi göstərdi ki, biz hər şeyə hazırlıqlı, bütün bəlaları dəf etməyə səbatlı insanlarıq. Ötən həftə yaranan unikal situasiya, ictimaiyyəti bir qədər çaşdırsa da, artıq bu problemin kökündən həll edildiyinə inanıram.

Ümid edirəm ki, ötən həftə “Marketlərə Xaç yürüşü” təşkil edən gözəl insanlar, bu həftə bir qədər gözütox davranacaq, yağmaladıqları qənimətlərlə kifayətlənib, karantin günlərində daha təmkinli davranış sərgiləyəcəklər. Sözün düzü, mən insanları qınamaq fikrindən uzağam. İnsanların ilk dəfə qarşılaşdıqları bu situasiya qarşısında xaotik davranması, vəziyyəti düzgün analiz edə bilməməsi normaldır. Heç kəsi araba dolusu çörək aldığı üçün qınamıram.

Qohum-qardaşı, dost-tanışı təmkinli olmağa səsləsəm də, hələ də karantindən əvvəl aldığım siqaretləri çəkirəm. Guya çox vacibmiş kimi, artıqlaması ilə siqaret alıb, evə qapanmışdım. Tərsilkdən heç siqaret çəkməyə həvəsim olmadı, aldığım qutular da göz dağı kimi şkafın bir küncündə qaldı.

Ümid edirəm ki, insanlar artıq tanış vəziyyət qarşısında daha səbrli, daha təmkinli davranacaq, mağazaları xaçlı ordusu kimi yağmalamayacaqlar.

Növbəti sərt karantin rejimi bu həftənin sonu qüvvəyə minir. Təsəvvür edin ki, artıq paytaxt sakinləri marketlərə yox, kitab mağazalarına üz tutub. Ötən həftə aldıqları ərzaq məhsulları ikigünlük karantin müddətində bitmədiyi üçün, artıq vətəndaşımız mənəvi qidaya üz tutmağa, evdə qalacaqları iki gün ərzində kitab oxumağa qərar verib. Bu məqamda arzularımı real hadisə kimi yazmağım, yəqin ki, oxucunu çaşdıracaq. Narahat olmayın, kitab mağazalarına hücum edən yoxdur. Elə əvvəlki sakitlik, əvvəlki hüznlü sükut hökm sürür mağazalarımızda.

Ancaq dünən baş çəkdiyim kitab mağazalarında bekarçılıqdan “milçək qovan” satıcıların qırımından anladım ki, onlar da bizim kimi bu ülvi arzulara inanmağın başını çoxdan buraxıb, təsadüfən, hansısa geyim dükanında gəzib yorulandan sonra, kitab mağazasına “Ərə getməyin 49 qaydası” kitabını vərəqləməyə gələn heysiz gözəllərin suallarına candərdi cavab verməklə baş qatırlar.

Qəribədir ki, insanlarımız maddi tələbatları üçün ölüm-qalım savaşına çıxmağa hazır olsa da, mənəvi olaraq heç bir ehtiyac hiss etmirlər. Müşahidələrimdən belə anladım ki, insanımız karantin günlərində ancaq yeyib-yatmağa, gileylənməyə fürsət tapdı. İnternet istifadəçiləri sosial şəbəkələrdə, youtube və bənzəri platformalarda vaxt öldürdülər. Sosial şəbəkələrdə kitabla, filmlə bağlı paylaşım edən, karantini mütaliə ilə rövnəqləndirən insanlar olduqca az idi.

Adətən kitabı təbliğ edəndə müəyyən qisim adamlar buna sərt reaksiya verir, hətta məni danlayan, qınayanlar da tapılır. Səmimi qəlbdən etiraf edirəm ki, mənim heç kəsə ağıl öyrətmək, öyüd-nəsihət vermək fikirim yoxdur. Bu yazını da özümə, öz daxilimdəki “mənə” xitabən yazmışam.

Qarabağın qapısını açmaq istəyənlərin "Açar"ı: hər azərbaycanlının qəlbi sızlayacaq>>

Özümə bu karantin günlərini mütaliə ilə, film seyr etməklə daha maraqlı etməyi tövsiyə edirəm. Daxilimdəki tənbəl, bivec “mənimi” bu karantin günlərində oxumağa, düşünməyə, təmkinli olmağa səsləyirəm.

İmkan daxilində növbəti ikigünlük karantini minimal ərzaqla keçirərək daha çox oxumağa, film izləməyə vaxt ayıracam.

Sizə tövsiyə verməyə risk etməsəm də yenə də deyim. İmkan olsa, iki günlük sərt karantin rejimini Pərviz Cəbrayılın “Məryəm surəsi”, Rasim Qaracanın “Mənim həyatımı yaz” kitabları ilə daha maraqlı keçirə bilərsiniz. Bir də imkan olsa, internetdən azərbaycanlı rejissor Çingiz Rəsulzadənin “Kuklalar”, Cənubi Koreyalı rejissor Honq-Sanq-soonun “Onun gəldiyi gün” filmlərini axtarıb, tapın və izləyin.

Yenə də, özünüz bilən məsləhətdir. Oxumaq sizi yorursa, sərin bir guşə tapıb doyunca yatın. Oyaq qalıb bekarlıqdan sıxılmaqdansa, yatmaq məsləhətdir…

229
Əlaqədar
Karantindən sonra artıq çəkini necə asanlıqla atmaq olar: Mütəxəssislər yolunu göstərdilər
Xalq artistləri karantin vaxtı Vyanaya konsertə tamaşa etməyə gediblər
Bakıya "həbs olunanların" pənah yeri: karantin stresini atmağın ən gözəl yolu - FOTO
Nazirlər Kabineti sərt karantinlə bağlı qərarını DƏYİŞDİ
Bakıda sərt karantin günlərində zibil probleminə çarə
Şuşa, arxiv şəkli

Şəhərlərin həftəsi: Paris, Şuşa, Lançjou, Sıçuan Banqkok

32
(Yenilənib 17:24 21.09.2020)
Ermənilər yeni nəsli, eyni zamanda bütün dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əsl sahibidirlər. Tarixi-mədəni abidələrin özününküləşdirilməsi də buna hesablanıb.

BAKI, 21 sentyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

ATƏT-in neytrallığı

Ötən həftə Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü baş tutdu. Onlar Dağlıq Qarabağ münaqişəsini müzakirə etdikdən sonra “dişsiz” bəyanatla çıxış etdilər. Hər iki ölkənin XİN rəhbərləri ilə telefon danışığında nazirlərə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər.

Bəyanatda Ermənistanın son təxribatları və qanunsuz məskunlaşdırma siyasəti barədə isə bir kəlmə də əksini tapmır. Həmsədrlər istənilən halda işğalçı ilə işğala məruz qalanı eyniləşdirməkdə davam edir, “ilkin şərti” istisna edirlər – Azərbaycanın yalnız bir ilkin şərti var: münaqişə beynəlxaq hüquq normaları çərçivəsində, ərazi bütövlüyü prinsipi əsas götürülməklə həllini tapmalıdır. Beləliklə, bu vasitəçilik institutunun nə qədər əhəmiyyətsiz olduğu bir daha təsdiqini tapır.

Şuşanın dağlarının başı dumanlı

2022-ci ildə qondarma Dağlıq Qarabağın “parlamenti” Şuşaya köçürüləcək. Bu barədə separatçı-kriminal rejimin başçısı Araik Arutyunyan öz Facebook səhifəsində yazıb. Ürəkdağlayıcı səslənir, amma oxuyun: “Şuşaya işgüzar səfərim zamanı biz vaxtilə məhkəmə orqanı üçün nəzərdə tutulan, inşasına başlanan, lakin yekunlaşmayan bir binanı parlamentə vermək imkanını müzakirə etdik. Mənim göstərişimlə tikinti işləri tezliklə davam edəcək. Hesab edirəm ki, bu qərar həm siyasi, həm də təcrübi əhəmiyyətə malikdir, həmçinin özündə tarixi və qalib şəhərimizə yenidən xüsusi baxmağın simvolik mənasını daşıyır”.

“Tarixi və qalib şəhərimiz”! Belə də deyib. Ermənilər yeni nəsli, eyni zamanda bütün dünyanı inandırmağa çalışırlar ki, onlar bu torpaqların əsl sahibidirlər. Tarixi-mədəni abidələrin özününküləşdirilməsi də buna hesablanıb. Gebbelsin “Yalan nə qədər dəhşətli olarsa, bir o qədər tez inanarlar" tezisi məharətlə istifadə olunur.

Çin dincəlmir

Çində heyvanlar üçün peyvənd istehsal edən müəssisədə qaz sızması nəticəsində minlərlə insan bakterial xəstəliyə yoluxub. Lançjou şəhərində 3245 insanın adətən yoluxmuş heyvanlarla və ya heyvan məhsulları ilə sıx təmasdan qaynaqlanan bruselyoz xəstəliyinə yoluxduğu bildirilib.

Çin dinclik tapmır, deyəsən, dünyanı da rahat buraxmayacaq. Bəlkə, onları başqa planetə köçürmək lazımdır?! Bu arada koronavirusun sona çatacağını gözləmək əbəs kimi görünür. Deyəsən, biz onu adi qrip kimi qəbul etməli olacağıq. Məsələn, birinə zəng edəcəksən, səsi pis gələcək, nə olduğunu soruşacaqsan, cavabı – “əşşi, heç nə, bir az koronaviruslamışam” kimi olacaq.

Yenə Çin

Çinin Sıçuan əyalətində müəllim onun suallarına iki dəfə yanlış cavab verən 10 yaşlı məktəblini döyərək öldürüb. Müəllim məktəbli qıza diz üstə çökməyi əmr edib və ardınca onun qulaqlarından dartaraq başına zərbələr endirməyə başlayıb. Hadisədən bir neçə saat sonra qız özünü pis hiss edib. Xəstəxanaya çatdırılsa da, həkimlər məktəblinin həyatını xilas edə bilməyiblər.

Deyəsən, onlayn dərslər daha yaxşıdır axı...

Robotlaşan dünyada prokuror olmaq arzusu

Ötən həftə ali məktəblərə ixtisas seçimi davam etdi. Hər il olduğu kimi, üçüncü ixtisas qrupu üzrə sıxlıq müşahidə olundu. Bu, bir cəmiyyət olaraq humanitar sahələrə olan marağımızın davam etməsinin növbəti təzahürüdür. Robotlaşan dünyada övladlarımızı hələ də vəkil, prokuror, hakim kimi görmək arzusundayıq. Dünyanı “düzəldən” mühəndisə isə fəhlə kimi baxırıq. Qəbul etmək istəmirik ki, sabahın vəkili də robot olacaq. Elə jurnalisti də. Məhz ötən həftə Britaniyanın "The Guardian" saytı GPT-3 adlı süni zəka tərəfindən yazılmış esseni təqdim etdi. Saytın jurnalistləri esse üçün giriş mətni hazırlayıblar və daha sonra süni zəka esseni fərdi şəkildə tamamlayıb. “Bu məqalənin missiyası tamamilə aydındır. Mən daha çox insanı inandırmalıyam ki, onlar məndən qorxmamalıdırlar. Sağ ikən Stiven Hokinq (Stephen Hawking) xəbərdarlıq etmişdi ki, süni zəka insanlığın sonunu gətirəcək. Mən sizi heç bir narahatlıq keçirməməyə inandırmaq üçün buradayam. Süni zəka insanlığı məhv etməyəcək. Mənə inanın”, - deyə essedə qeyd edilib.

Evimizə çatdırılan zibil

Tailandın paytaxtı Banqkokda “Khao Yai” milli parkında ziyarətçilərin ətrafa atdığı zibillərin onların evlərinə göndəriləcəyi açıqlanıb. Göndərilən hər bir bağlamada “bunları Khao Yai Milli Parkında unutmusunuz” qeydi yazılacaq.

Bu xəbərdən sonra bu yaxınlarda tanınmış vəkil Anar Qasımlının soial şəbəkədəki paylaşımını xatırladım. Sumqayıtda yerləşən və Almaniyanın Lüdviqshafen şəhəri ilə qardaşlığın rəmzi kimi qurulmuş parkda sakinlər günəbaxan tumlarının qabıqlarını səliqə ilə oturduqları skamyaların arxasına töküblər. Və yeri gəlmişkən, maraqlı bir fakt – şəhərlərin mədəni səviyyəsini ölçmək üçün indikatorlardan biri də küçələrə tökülən günəbaxan tumlarının qabıqlarının həcmidir. 

Çipləşdirmə başlayır?

Biz tumu haraya tökməklə bağlı baş sındırdığımız bu aralarda dünya koronavirusun peyvəndini tapmaq üzrədir. Hazırda 8 peyvəndlə bağlı sınaqlar klinik yoxlamaların sonuncu, üçüncü mərhələsindədir və insanlar üzərində testdən keçirilir.

ÜST bir peyvəndlə bağlı isə üçüncü mərhələdə sınaqların aparılmasına icazə verib. ÜST üçüncü mərhələ sınağı aparılan peyvəndlərdən 5-nin təcili istifadəsinə də icazə verib. Onlardan ABŞ və İngiltərədə iki peyvəndin sınaqlarının oktyabrda tamamlanaraq kütləvi şəkildə tətbiq edilməsi nəzərdə tutulur. Bundan əlavə, Çin və Rusiya hökumətləri tərəfindən təcili istifadəsinə icazə verilən sınaqları başa çatmamış 3 peyvəndə isə klinik sınaq proqramından əlavə, tibb və dövlət sektorunda çalışanlara vurulmasına icazə verilib.

Konspirologiya tərəfdarları koronavirusu hələ də dünya milyarderlərinin çipləşdirmə konsepsiyasının başlanğıcı kimi şərh edirlər.

Bu arada BMT Dünya Qida Proqramının direktoru milyarderlərə müraciət edib. BMT rəsmisi 2020-ci ildə dünyada aclıq ilə üzləşən 30 milyon insanın xilas edilməsi üçün yardım istəyib və bunun üçün 4,9 milyard dollara ehtiyac olduğunu söyləyib.

32
Poz verən qadınlar, arxiv şəkli

Dünyanı xilas edəcək düşüncə tərzi: asılılıq yaradan amillər yox olur

739
Alış-veriş bir gün dayanan kimi elə bil bir qaranlıq dünyaya düşürük, qarşıda heç bir işıq ucu görünmür. Hətta ən imkansız insanın evi belə qalaq-qalaq əşya ilə dolub daşır.

Qəribə bir zamanda yaşayırıq. Ürəyimiz istəyəni anındaca tapa bilirik, dükan-bazar hər cür malla doludur. İstəsək, lap Yaponiyadan kvadrat formada qarpız da gətizdirərik. Hər tərəfimiz əşya ilə qalaqlanıb. Hətta ən qənaətcil insan belə istər-istəməz ətrafını lazım oldu-olmadı nə iləsə doldurur.

Ata, mənə nə almısan?

Televiziyada dayanmadan reklam göstərilir, yol gedirsən, avtomobildəki radiodan reklam eşidirsən, avtobusa girirsən, gözün görür, telefonu açırsan, yenə bir yerdən çıxır. Supermarketə gedirsən, baş çıxara bilmirsən, rəflər aşıb-daşır, birinə dəyirsən, üstünə aşır. Nəyisə qırıb sındırsan belə deyirlər eybi yoxdur, təki bizdən al. Market arabasına yığılan malların bəzən sayı-hesabını itirirsən.

Evə gələrkən uşaq qapıda soruşur “ata, mənə nə almısan”, aldığını verəndə sevinir. Sabah açılanda, görürsən həmin oyuncaq artıq zibilə atılıb, ya evə səpələnib. Deyinə-deyinə yığışdırırsan. Bir gün vacib nəsə lazım olur, tapa bilmirsən. Şkafı açırsan, başına bir tıx əşya tökülür. Birtəhər yerinə dürtürsən, deyirsən, eybi yox, gedim təzəsini alaram. 

Alış-veriş bir gün dayanan kimi elə bil bir qaranlıq dünyaya düşürük, qarşıda heç bir işıq ucu görünmür. Hətta ən imkansız insanın evi belə qalaq-qalaq əşya ilə dolub daşır. Televiziya ekranında, internet kanallarında çıxış edən ekspertlər ağızdolusu iqtisadi göstəricilərin artımından danışırlar. Dünyanın ən nəhəng media qurumları hazırkı böhranın dəhşətindən, iqtisadiyyatın çökməsindən daim məlumat verirlər. İstehsal gərək bir gün belə dayanmasın, dayansa batarıq.

Yeni əşya aldıqca, daim köhnələrə yer axtarmalı oluruq

Əşya almasaq, guya hazırkı iqtisadi model işləməyəcək. Marketoloqlar gündə bir gedişə əl atmaqla insanları hələ yararlı əşyalardan yaxa qurtarmağa, yenilənməyə sövq edilər. Heç kəs hələ bir müddət öncə aldığı, hələ əməlli-başlı yararlana bilmədiyi əşyaların taleyini düşünmək istəmir.

Yeni əşya aldıqca, daim köhnələrə yer axtarmalı oluruq. Mebel rəfləri dolub daşdıqdan sonra onlardan hansısa yolla azad olmağın yolunu düşünürük. Ən sadə variant zibilə tullamaqdır, can rahatlığıdır. Amma tullamaq da olmur, axı əziyyət çəkib almısan. Adətən evdən çıxan artıq əşyaları daşıyırıq qaraja, ya da binanın bir tərəfində inşa etdiyimiz anbara yığırıq. Zaman ötür, qaraj da, anbar da aşıb-daşır. Günlərin bir günü bir yük maşını çağırıb köhnə soyuducu, televizor, mebel, tozsoran, paltaryuyandan tutmuş pas atmış alətə kimi nəyimiz varsa, daşıyırıq bağa. Bəzən öz bağımız olmayanda, qohum-əqrəba, dost-tanışda bağı olanın həyətinə daşıyırıq. Nə ki var, doldururuq hər yeri.

Bağ evində toz əlindən nəfəs almaq belə mümkün olmasa da, yenə köhnəmizdən əl çəkə bilmirik. Hətta nimdaş paltarı belə atmırıq. Düşünürük, bəlkə bağda əski əvəzi işlədərik. İllərlə qalaqlanan, sonra da çürüyən geyimə yaxın durmaq imkanımız belə olmur. Nə geyinirik, nə də əski kimi işlədirik.

“Şopoqolizm” artıq bir növ psixoloji asılılıq kimi qəbul edilir

Belə yanaşma tək bizə aid deyil, əslində. Bəzi ölkələrdə əşya aludəçiliyi epidemiya halını alıb. Məsələn, ABŞ-da artıq əşyanı yerləşdirməyə yer tapmayan amerikalılar xüsusi anbar icarə etməyə məcbur olurlar. Bir müddət ötür, icarə haqqı ödəməyə imkan olmur deyə, eləcə başını buraxırlar. Hətta bu atılmış anbar-konteynerlərin hərracı da təşkil edilir. Xüsusi televiziya kanalı da bu prosesi əks etdirir. Hərrac anbarın qapısı açılmadan reallaşır. Bir növ oyundur elə bil. Nəsə alırsan, amma nə olduğunu bilmirsən. Elə telekamera önündə anbarın qapısı açılır, əşyaların araşdırılmasına başlanılır. 

Əşya hərisliyinə müxtəlif ad verirlər. Məsələn, “şopoqolizm” artıq bir növ psixoloji asılılıq, xəstəlik kimi qəbul edilir. Müasir ingilis yazıçısı Sofi Kinsellanın “Şopoqolikin gizli aləmi” əsərinin baş qəhrəmanı Rebekka Blumvud, necə deyərlər, zəmanə uşağıdır. Londonun mərkəzində yaşayır, normal işi var, kifayət qədər pul qazanır, amma o hamıya borcludur, ev-eşiyi isə əşya ilə dolub. Aldığı geyimin bir çoxunu heç istifadə edə bilmir. Bununla yanaşı Rebekka yalnız alış-veriş barədə düşünür, başqa amalı, düşüncəsi yoxdur. Qazandığı da bank kreditlərinin ödənilməsinə xərclənir. Nə qədər çox gəliri olsa da, xeyri yoxdur. O, həmişə borcludur. Hətta ev tutmağa belə pulu yoxdur, bir rəfiqəsinin evində qalır. Daha çox qazanmaq, daha az xərcləmək istəyir, amma alınmır. Elə hey alır, alır, alır.

Rebekka kimi hazırkı dövrümüzdə milyonlarla insan var. Yenə yenisini alıb, köhnədən yaxa qurtara bilsə, bu çox pozitiv addım olar. Amma evini əşya qəbiristanlığına çevirənlər də az deyil. Qadın var, qarderobunda nəyin olduğunu dəqiq bilmir. İnsan var “Plyuşkin sindromu” adlanan xəstəliyə tutulub, yəni bir tərəfdən dükandan alıb gətirir, digər tərəfdən isə əlinə harada nə keçdi çatdırır evinə. Bir müddət sonra evdə artıq azad gəzməyə belə yer olmur. Bu, artıq xəstəliyin ifrat formasıdır. Dünya ədəbiyyatında Qobsek, Plyuşkin, Qarpaqon kimi xəsis obrazlar elə bu cür halları tam əks etdirir. İnsan özü yemir, içmir, ancaq toplamaqla məşğuldur. Hazırda ABŞ-da zibillikdə eşələnməyi sevən, oradan evinə lazımsız bir əşya gətirməkdən həzz olan insanlar da var. Özü də bir çoxu heç də kasıb təbəqəyə aid deyil. Əməlli-başlı işi, qazancı olan şəxslərdir. Amma evinə girəsi deyil, hər tərəf aşıb-daşır, ayaq qoymağa yer yoxdur.

Çin hər il milyon tonlarla zibili Avropa Birliyindən alır

Belə həyat tərzinin formalaşmasının da öz səbəbi var. Neft-qaz erasında lazımlı və ya lazımsız əşyaların istehsalı birə on artıb. Kifayət qədər yanacaq olduğundan onları dünyanın istənilən nöqtəsinə problemsiz çatdırmaq olur. Biri satır, digəri isə alır. Bir müddət sonra əşya ya zibilə atılır, ya da haradasa qalaqlanır. Bu, bir reallıqdır. Hər il dünyada zibilin həcmi bu həyat tərzinə görə birə on artır. Hətta bir ölkənin zibili bəzən digər ölkə üçün faydalı ola bilər. Deyək, Çin hər il milyon tonlarla zibili Avropa Birliyindən alır, həm də eyni miqdarda mal yollayır. Bir tərəfdən zibili emal edir, digər tərəfdən öz malını satır.

Belə yaşamağın mümkünsüzlüyünü anlamaq elə də çətin deyil. Axı Yer kürəsinin resurs imkanı tükənmək üzrədir. Buradan yeni mal istehsal edilir, oradan zibilə atılır. Nə qədər davam edəcək? Bir gün dayanmalıdır.

Azərbaycanda minimalizmlə maraqlanan kimsə tapmaq qəliz məsələdir

Dünyanın bir sıra ölkəsində yeni bir hərəkat da yaranıb: minimalizm cərəyanı. Bu ideya tərəfdarları yaşamaq üçün insana lazım olan əşyaların minimal həddə olmasının təbliğ edirlər. Həm yaşadıqları evdə əşya az olur, həm “şopinq”ə vaxt sərf etməkdən vaz keçirlər. Minimalistlər zamanı faydalı işlərə sərf etməyə can atırlar, əşyaya qulluq etməyə yox. Qəribə görünsə də, hazırda belə düşüncə tərzinə sahib olanların sayı gün-gündən artır. Həm ekologiyaya ziyan dəymir, həm də rahat yaşamaq olur. Bir növ asılılıq yaradan amillər yox olur.

Azərbaycanda minimalizmlə maraqlanan, onu təbliğ edən kimsə tapmaq qəliz məsələdir. Əhalinin çox hissəsi elə dayanmadan alır, özü də bank krediti hesabına. Bu səbəbdən banklara olan borcun da kütləsi azalmaq bilmir. Lazımsız əşyaları almaqla vəziyyəti daha da ağırlaşdırırıq. Elə bilirik, sovet dövrü bir də qayıdacaq, dükanlarda indi asanlıqla əldə etdiyimiz əşyaları bir də ala bilməyəcəyik. Hər evdə kifayət qədər kibrit, duz, şəkər, neft lampası, süpürgə tapmaq olar. Kibritə ehtiyac qalmayıb, çünki qaz sobasını avtomatik yandıran qurğu özündə quraşdırılıb. Duz, şəkər də toplamağa lüzum yoxdur, çünki hər ikisi ziyandır, bəzən heç istifadə də etmək olmaz. İşıq demək olar, daimi verilir, neft lampası ancaq dekor elementi kimi işə yarayır. Süpürgəni də tozsoran əvəzləyib, amma yenə iki-iki alırıq. Bu minvalla evi doldururuq.

Minimalizm ideologiyası dünyanı xilas edə biləcək bir düşüncə tərzidir, amma böyük monopoliyaların, reklamın, biznesin fəaliyyəti onu hər dəfə üstələyir. Deməli, ətrafdakı zibilin və əşyaların sayı azalmaq bilmir.

739
 Azərbaycana yeni gətirilən təcili tibbi yardım avtomobilləri

İlham Əliyev yeni gətirilən təcili yardım avtomobilləri ilə tanış olub

0
(Yenilənib 15:24 22.09.2020)
"Ford Transit" bazasında təcili tibbi yardım avtomobilləri isə ana xərək və döşək, sovurma avadanlığı, oksigen balonu və s. ilə təchiz edilib.

BAKI, 22 sentyabr — Sputnik. Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar.

Koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobillərinin təminatı vacib amillərdəndir.

Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə bütün lazımi işlər görülür. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi iyul ayında, növbəti hissəsi isə indi gətirilib.

Sputnik Azərbaycan xəbər verir ki, yeni gətirilən avtomobillər həm sadə, həm də reanimobil kimi dəstləşdirilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir.

Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdir. Belə ki, "Mercedes Sprinter 416" bazasında təcili tibbi yardım avtomobilləri (reanimobil) avadanlıq və burada göstərilən tibbi yardımın genişliyi baxımından digər ambulanslardan fərqlənir. Avtomobillər bir neçə xərəklə - əsas xərək, çoxfunksiyalı xərək (pilləsiz), scoop xərək, onurğa xərəyi, vakuum xərəyi və pompa, daşıma çadırı, üfürülən, dartma və vakuum şina dəstləri, defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma, reanimasiya çantası və s. vasitələrlə təchiz edilib.

"Ford Transit" bazasında təcili tibbi yardım avtomobilləri isə ana xərək və döşək, sovurma avadanlığı, oksigen balonu və s. ilə təchiz edilib.

Qeyd edək ki, Azərbaycan COVID-19-la ən səmərəli mübarizə aparan ölkələrdəndir. Hazırda ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana xidmət göstərir. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb. Modul tipli 11 xəstəxana və 2 hospital istifadədir. Ölkə üzrə aparılan test sayı isə 1 milyonu ötüb. Həyata keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır.

0