CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çörək savaşı, "Keşikçidağ", toy müğənniləri və Bill Qeytsin planı

© AP Photo / Elaine ThompsonБилл Гейтс, фото из архива
Билл Гейтс, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nə qədər qəribə olsa da, karantinə qədər bəzi ifaçıların 1-2 saatına 10-20 min manat arası ödəniş edilirdi. Hələ bu harasıdır – müğənnilər futbolçuların yanında "toya getməlidirlər"

BAKI, 8 iyun — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Damda manqal qalayanlar

Koronavirusu "qulaqardına" vurmağımızın nəticəsində yoluxanların sayı kəllə-çarxa çıxdı, nəticədə hökumət karantin rejiminin qaydalarına bir daha baxaraq, onu başqa formada yenidən sərtləşdirdi. Həftəsonu 2 gün evdə qalmalı olan biz "qaydalar onları pozmaq üçündür" deyib, məhəllələrdə həyətlərə axışdıq, damda manqal qaladıq, domino oynadıq, polis gələndə evə qaçdıq, çatdırmayanda isə ağaca çıxdıq və s. Bu görüntülərlə yanaşı, sosial şəbəkələri bu iki gündə gözəl təbiət, açıq, təmiz səma fotoları da bəzədi, fauna və flora əlimizdən dincəldi. Ümumiyyətlə, mütəxəssislər son aylarda dünyada havanın təmizləndiyini, hətta Şimal Qütbündəki deşilmiş ozon təbəqəsinin tədricən bərpa olunduğunu qeyd edirlər.

Мужчина жарит шашлык, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Damda kabab sevdası onlara baha başa gəldi

Əvvəl çörək, sonra əxlaq

Ötən həftənin cümə günü marketlərdə, xüsusilə çörək növbələrində sosial məsafə amansızcasına pozuldu. Alman yazıçısı Bertolt Brextin "Əvvəl çörək, sonra əxlaq" tezisi özünü çılpaq şəkildə ifadə etdi.

Sadəcə, məlumat üçün deyək ki, çörəkdə əsas qidalandırıcı maddələr yox səviyyəsindədir. Çörəkdə elə bir maddə yoxdur ki, biz onu başqa qidalarda tapmayaq. Bundan əlavə, çörək digər təbii məhsullarda olan faydalı maddələrin sovrulmasını azaldır. Çörək, eyni zamanda karbohidratla zəngindir və qanda şəkər səviyyəsini qaldırır.

Su həyəcanı

Kür çayında suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi nəticəsində Xəzər dənizinin suyu Kürə qarışdı. Bu, özünü daha çox çayın aşağı axınında, Neftçala rayonu ərazisindən keçən hissəsində göstərdi. Əkin-biçin vaxtı şor su ilə həyətyanı, eləcə də pay torpaqlarını suvarmaq mümkün olmadığından rayonun sözügedən yaşayış məntəqələrində vəziyyət təhlükəli həddə çatdı.

Водопроводный кран, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda bu kəndlər susuz qaldı - Maşınla su verilir

Bu hadisə su ehtiyatlarımızla bağlı narahatlığa növbəti dəfə impuls verdi. Məlumat üçün xatırladaq ki, Azərbaycan Cənubi Qafqazda ən az şirin su ehtiyatların malik ölkədir. Ən ciddi məqam isə odur ki, bu ehtiyatların da 70 faizə qədəri transsərhəd çay suyu hesabına formalaşır. Belə vəziyyətdə su resursları ilə nə qədər ehtiyatlı davranmalı olduğumuzun əhəmiyyəti bir qədər də aydınlaşır. Görünür, son dövlərdə ayrı-ayrı bölgələrin içməli su ilə təchizatı və əkin sahələrinin suvarılması ilə bağlı sərəncamlar, dövlət başçısının Asiya İnkişaf Bankının rəhbərliyi ilə görüşdə su və drenaj sistemləri ilə bağlı müzakirələrin aparılması da dövlət səviyyəsində bu sahənin prioritet hesab olunmasından irəli gəlir.

Gürcülər nə istəyirlər?

Ötən həftə Azərbaycan-Gürcüstan dövlət sərhədində "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup şəxs tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar yayıldı. Doğrudur, ərazidə hansısa hadisə qeydə alınmadı, ancaq məlumat abidə ilə bağlı mövzunu bir daha gündəmə qaytardı.

“Keşikçidağ”da Keşikçi qala” sərhəd zastavası kompleksi istifa­dəyə verilib - Sputnik Azərbaycan
SİYASƏT
Keşikçidağdan xəbər gəldi

Azərbaycan mənbələrinə görə, Keşikçi məbədi qədim alban mənşəlidir, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Gürcü mənbələri isə məbədin gürcü mənşəli olub, tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Tarixə istinad etsək, bu alban məbədi Şirvanşahlar və Atabəylərin hakimiyyəti dövründə gürcülərin ixtiyarına keçib və o dövrdə kilsənin təsiri altına düşüb. Şah Abbasın hakimiyyəti dönəmində isə mübahisəli monastırın yerləşdiyi ərazi Səfəvilər dövlətinə məxsus olub. Kompleksin sərhəd əraziyə düşməsi isə Qafqazın Rusiya tərəfindən işğalı dövrünə təsadüf edir.

İndi Gürcüstanda bəzi qüvvələrin bu məsələni tez-tez gündəmə gətirməsi, yəqin ki, təsadüfi deyil. Əksər münaqişələr belə kiçik sayıla biləcək konfliktlərdən alovlanır.

Toy müğənniləri müflis olurlar

Məlum olduğu kimi, karantin rejiminin yumşaldılması toyların bərpa olunmasına qədər gəlib çatmadı. Hazırda bu sahəyə bağlı olan bizneslər iflic vəziyyətdədir, eləcə də müğənnilərin toy biznesi. Ötən həftə onlardan bəziləri toy qiymətlərinə yenidən baxdılar, endirimlər açıqladılar. Bəli, nə qədər qəribə olsa da, karantinə qədər bəzi ifaçıların 1-2 saatına 10-20 min manat arası ödəniş edilirdi. Hələ bu harasıdır – müğənnilər futbolçuların yanında "toya getməlidirlər" - bütün dünyada bu peşə sahibləri milyonlarla dollarla ölçülən əmək haqqı alırdı, tibb işçiləri isə... indi dünyanı xilas etmək lazımdır, Messi və Ronaldunun əlindən isə bir şey gəlmir.

Qərb polisinin dəyənəyi

ABŞ-da Corc Floyd polis zorakılığının qurbanı olduqdan sonra başlanan aksiyalarda minlərlə insan iştirak edir. Ötən həftə vəziyyət o həddə çatdı ki, Pentaqon başlayan qarışıqlıqlarla əlaqədar Vaşinqton ətrafındakı yaşayış məntəqələrinə təxminən 1,6 min hərbi qulluqçu göndərdi. Hərbçilər yüksək döyüş hazırlığı vəziyyətinə gətirildilər. ABŞ-da baş verənlər Fransada da Adama Traorenin qətlini (2016-cı il) yenidən gündəmə gətirdi və polis zorakılığına qarşı etiraz dalğası başlandı. Hər nə qədər demokratik sivilizasiyalar kimi qəbul edilsələr də, burada da polis dəyənəyi altında əzilən insandır. "Zəngin" nasizm və müstəmləkəçilik tarixinə malik bəzi Qərb ölkələrinin dünyaya demokratika, insan haqları ixrac etmək təşəbbüsləri indi birmənalı görünmür. Yaxın Şərqə baxanda isə heç görünmür.

Протесты в США, фото из архива - Sputnik Azərbaycan
ABŞ-da daha bir inanılmaz olay yaşanıb - VİDEO

Bill Qeytsin çipləri

"Microsoft"un qurucusunun peyvəndləmə adı altında dünya əhalisini çipləşdirmək və sui-qəsd planı barədə artıq eşitməyən qalmayıb. Nəhayət, ötən həftə milyarder özü buna cavab verdi: "Heç vaxt mikroçiplərlə məşğul olmamışam. Bu qədər axmaq və ya qəribə olduğu üçün bunu inkar etmək yersizdir. Peyvənd hazır olduqda kütləvi immunitetin yaranmasına nail olmalıyıq ki, əhalinin təxminən 80%-i peyvənd olunsun".

Sui-qəsd nəzəriyyəsinə inananlar hesab edirlər ki, pandemiyanı Gates, Rockefeller və Warren Buffett başda olmaqla, dünya elitası təşkil edib. Bu nəzəriyyəsinə əsasən, peyvənd vasitəsilə dünya əhalisinin 15%-dən 95%-ə qədərini öldürüləcək, yerdə qalanlara isə 5G şəbəkəsi və bədənlərinə yerləşdiriləcək mikroçiplər vasitəsilə nəzarət olunacaq.

Bax belə. Yaşasaq, görəcəyik.

Xəbər lenti
0