Koronavirus testi aparan tibb işçisi, arxiv şəkli

“İnanırsan, ya inanmırsan”: günümüzün ən mühüm sualı

348
(Yenilənib 15:56 04.06.2020)
"Whatsapp" qruplarında minlərlə ağlasığmaz versiyalar müzakirə edilir. Xəstəliyə inanmaqdansa, elə bu yalanlara inanmağa öyrənmişik

BAKI, 4 iyun — Sputnik. “Koronavirusa inanmıram” ifadəsini günümüzdə dəfələrlə eşidirik. Nə qədər qəribə görünsə də, koronavirusun bir qlobal fırıldaq olduğu, belə bir xəstəliyin olmadığını, çox vaxt onun adi pnevmoniya və qriplə eyniləşdirildiyini iddia edənlər bir deyil, iki deyil, üç deyil. Metroda, taksidə, ictimai nəqliyyatın digər növlərində qarşılaşdığımız insanların bir çoxu konspiroloji nəzəriyyələri səsləndirir, koronavirusun da bu ümumi planın bir hissəsi olduğunu iddia edirlər.

Jurnalist çevrəsində belə “koronavirusa inanırsan, ya yox” sualı verilir

Koronavirusa inanmamaq söhbəti sosial şəbəkədə ən çox müzakirə olunan mövzulardandır. Hətta gündə yüz dəfə bu virusdan xəbər verən jurnalist çevrəsində belə “koronavirusa inanırsan, ya yox” sualı verilir. Hətta maska taxmamağa görə cərimələrin tətbiqi də cəmiyyətdə birmənalı qarşılanmayıb. İnsanlar maska taxmaq istəmirlər, taxanda da ya burun bayırda qalır, ya da çənənin altına enir. Hava qızdıqca, maska geymək daha da ağırlaşır. “Koronavirusa inanmıram” deyənlər, təbii, maska da taxmaq istəmirlər.

Çinlilərin belə bir dilemmaya ehtiyacı olmayıb. Hökumət qərar verib, hamı maska taxıb. Qayda qoyulub, hamı evdə oturub. Hər yerdə hərarəti ölçən cihazlar quraşdırılıb. Tezliklə koronavirusa qalib gəlib, xəstəliyi lokallaşdırıb ortadan yığışdıra biliblər. Elə Bakının biznes mərkəzlərində çalışan Çin vətəndaşları da böyükdən kiçiyə kimi hamısı maska taxır, özü də qaydasında. Onlar “koronavirusa inanmıram” ifadəsini işlətməyi belə ağla gətirməzlər.

Əgər öz-özümüzə belə inanmırıqsa, koronavirusa necə inanaq?

Niyə Azərbaycan əhalisi dünyanın ən ucqar nöqtəsinə gedib çıxmış bir xəstəliyi inkar edir, onun mövcudluğuna inanmır? Niyə bəs çinlilər məsələyə belə ciddi yanaşırlar?

Səbəblər çoxdur. Nizam-intizam baxımından azərbaycanlını nə almanla, nə də çinli ilə müqayisə etmək olar. Təbiətən qayda-qanunu pozmağa meylli bir millətik. Yəni nə növbədə durmağı sevirik, nə də gözləməyi. Bir sürücü digərinə yol verməz, piyada da işıqfora baxmaz. Günahın oldu-olmadı, piyadanı vurmusansa, deməli, günah səndədir. Yeri gələndə polis də bizim üçün hörmət sahibi deyil, bizə bir deyəndə cavabında iki deyərik. Cəza mexanizmi olmasa, qaydanı mütləq pozarıq.

Əgər öz-özümüzə belə inanmırıqsa, koronavirusa necə inanaq? Rəsmi məlumat bizə doğru görünməz, "Whatsapp" gələn səs faylı daha etibarlı mənbə sayılar. Batil inanclara meylliyik, üzərlik yandırmaqla bəlanı özümüzdən uzaq etməyə çalışarıq. Cadugər yanına gedib onun dediyi ilə oturub-durarıq, heç bir başqa arqument bizə doğru görünməz. Sosial şəbəkədə yayılan hər bir cəfəng fikri həqiqət kimi qəbul edərik.

Əlbəttə, bu xüsusiyyət tək bizə məxsus deyil. İnternetin imkanları istənilən feyk xəbəri dünyanın istənilən nöqtəsinə anında çatdırmağa imkan verir. Yalan xəbərin yayılma arealı çox yüksəlib, bir yandan bağlayırsan, digər tərəfdən vurub çıxır. 

Maska bir yana qalsın, adi sanitar normaları da gözləməyi unuduruq

Feyk xəbərin axını çox böyük, buna müqavimət göstərmək isə çox qəlizdir. Nə qədər mənasız iddia, həqiqətə uyğun olmayan xəbər yayılıb. Telekanallar xəstəxanadan birbaşa çəkiliş edir, pasiyentlərdən və tibb personalından müsahibə alırlar. Gözümüzlə gördüyümüzə inanmaq əvəzinə taksi sürücülərinin şayiələrinə inanırıq. Bu koronavirusun nədənsə bir böyük oyun olduğunu düşünürük. Maska taxmırıq, özümüzü qorumuruq. Xəstəliyin də yayılma arealı yüksəlir. Maska bir yana qalsın, adi sanitar normaları da gözləməyi unuduruq. Əl yumaq da yaddan çıxır.

Çinlilər isə təbiətən nizam-intizamı gözləyən millətdirlər. İşləmək lazımdırsa, işləyəcəklər. Bayramdırsa, istirahət edəcəklər. Karantindirsə, hamı evində oturacaq. Virusun da öhdəsindən gəlib işlərinə davam edəcəklər. Xarici təsirin də daxili bazara inteqrasiyası yoxdur. Dünyanı idarə edən sosial şəbəkələr, videohostinqlər Çində qadağan edilib. Onların öz şəbəkələri, öz platformaları var. Nəhəng kiberordu isə informasiyanın təhlükəsizliyinin keşiyindədir. Qaydaları belədir.

Bir az boş buraxsaq, xəstələnənin də, ölənin də sayı birə-on artacaq

Koronavirusun nə qədər təhlükəli olduğunu hələ dərk etmirik. Bəli, bu xəstəlik heç də böyük ölüm statistikasına malik deyil, bəzi insanlar onu çox asanlıqla keçirir, simptomlarını belə hiss etmirlər. Amma xəstəliyi ağır keçirən, ölən də az deyil. Virus yeni olduğundan onun nəyə qadir olduğunu hələ bilmirik. O, özünü stabil aparmır. Kimdəsə ağciyər, kimdəsə böyrək sıradan çıxır. Xroniki xəstəliyin varsa, deməli, risk qrupundasan. Günümüzdə tam sağlam adam tapmaq, ay işığında samanlıqda iynə tapmaqdan çətin olub. Hərənin bir xəstəliyi var, koronavirus da həmin bu zəif nöqtələrə zərbə endirəcək. Bir az boş buraxsaq, xəstələnənin də, ölənin də sayı birə-on artacaq.

Gözlə gördüyümüz bir təhlükəli virusa inanmırıq, amma bütün günü sosial şəbəkədə qarşılaşdığımız yalan xəbərləri tirajlayırıq. "Whatsapp" qruplarında minlərlə ağlasığmaz versiyalar müzakirə edilir. Xəstəliyə inanmaqdansa, elə bu yalanlara inanmağa öyrənmişik.

İnansaq da, inanmasaq da, statistika heç də ürəkaçan görünmür. Karantin rejimi yumşaldıqca, xəstə sayı da artıb, ölənlərin də. Yenidən qaydaların sərtləşməsi qaçılmaz olub. Bəşəriyyət belə növ epidemiyalarla çox rastlaşıb. Hətta sanitar şəraitin elə də münasib olmadığı, qaydaların gözlənilmədiyi şəraitdə belə xəstəlik gəldiyi kimi yoxa çıxıb, insanlar immunitet qazanıb. Koronavirus da gəldiyi kimi çıxıb gedəcək. Bir az səbirli olmalıyıq.

348
Mövzu:
Dünyanı cənginə almış bəla (321)
Əlaqədar
"Yarasa qadın"dan bədbin proqnoz: Koronavirusdan da betəri olacaq
Kürdəmirin bu kəndində koronavirusa yoluxanların sayı artır
Azərbaycanda polis kəndi nəzarətə götürdü
Adil Qeybulla: "Vaksinasiya özü spekulyasiyadır"
Koronavirusun qəribə xüsusiyyəti aşkarlandı
Abşeron tutu

Xəzrinin musiqisi, samovar çayı, tutlu plov: yaşlıya savab, cavana səhhət

43
(Yenilənib 22:56 10.07.2020)
Tut mövsümü sona yetməkdədir. Uzaqbaşı bir-iki həftəyə ağ tutdan əsər-əlamət qalmayacaq. Tutsevərlər isə növbəti mövsümü gözləməli olacaqlar

BAKI, 10 iyul — Sputnik. Abşeronun tutu başqa aləmdir. Hər həyətdə bir-iki tut ağacı salmaq hələ dədə-babadan adət olub. Tutu əkən həmişə savab sahibidir, çünki ağacın kölgəsi sərinlik verir, meyvəsinin isə dadından doymaq olmur. Yayın cırhacırında bəzən hündürlüyü ikimərtəbəli ev boyda olan tut ağacının altında xəzri küləyinin musiqisini dinləmək, samovar çayı içmək qədər gözəl bir nəsə tapmaq çətin məsələdir.

Abşeronun xartutu əvəzolunmaz bir bitkidir

Tut ağacını həyətində əkən şəxs bir növ səxavətli insan kimi tanınır, çünki istəsən də, istəməsən də, mövsüm dövründə bütün məhsulu yığıb qurtara bilməzsən. Qonşuya, qohuma pay yollamalı olursan, ətrafdakıları tut yığmağa dəvət etməlisən. Tutu quruda, ondan mürəbbə və bəkməz hazırlaya bilərsən. Qışın soyuq günlərində insana güc-qüvvə verər tutdan hazırlanan məhsullar.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Abşeronda tutun onlarla növünə rast gəlinir. Şahtut, bidanə, tehrani, muştut, xartut kimi müxtəlif sortları yarımadanın hər yerində əkilib. Şahtut və muştut ilk məhsulunu artıq mayın sonunda verir. Tehrani iyunun sonuna tükənir. Bidanə isə iyulun yarısına kimi məhsulunu ağacda saxlayır. İyun ayı küləkli keçsə, bəzən tutun hamısı yerə tökülür. Küləksiz illərdə isə tut elə ağacda quruyur, toplayıb qışa ehtiyat kimi saxlamaq olar.

Abşeronun xartutu isə əvəzolunmaz bir bitkidir. Qanı aşağı olan, vitamini çatmayan şəxslərə məsləhətdir. Gözəl turşməzə dadı olur, hemoqlobini artırır. Hamilə qadınlara məsləhətdir. Toplayıb kənara qoyduqda, tez bir zamanda özündən xeyli şirə buraxır. Bazarlarda xartutun şirəsini ayrıca stəkanla satırlar. Tutların içində ən bahalısı sayılır. Əvəzsiz məhsuldur.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Tut təkcə insanlara yox, həm də quşlara, həşəratlara bir yem vasitəsidir

Tutun yaxşı sirkəsi də olur. Amma üzümdən fərqli olaraq mütləq tərkibinə bir neçə element əlavə edilir. Qara çörək, kömür və paslı mismar sirkəni tündləşdirir. Tut qaraciyərin dərmanıdır deyə, tut sirkəsi və tut bəkməzi qaraciyər üçün xeyirlidir.

Bidanə tutların içində möhtəşəmliyi ilə seçilir. Fars dilindən alınma söz olan “bidanə” tumsuz, toxumsuz mənasını verir. Toxumu yoxdur deyə, mürəbbəsi dadlı olur. Şirinliyi də normadadır. Bidanədən həm də çox gözəl bir yemək hazırlanır: tutlu plov. Ağdam və Ağcabədi zonasında məşhur olan tutlu plovu ən azı ildə bir dəfə tut mövsümündə bişirmək olar. Düyü qədər də tut tələb olunur. Kərə yağı, tut və düyüdən hazırlanır. Tut çırpılır, təmizlənir, qazana düzülür, yağda bişirilir, üzərinə də düyü əlavə edilir. Dadından doymaq olmur.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Qaratut və muştutun şirinliyi az olur, şəkərdən uzaq durmaq istəyənlər üçün daha məsləhətlidir. Gözəl mürəbbəsi alınır. Tut təkcə insanlara yox, həm də quşlara, həşəratlara bir yem vasitəsidir. Yerə tökülür, bir çox canlını qidalandırır. Qarışqalar elə hey tutdan daşıyırlar, qışa hazırlaşırlar. Həyətində toyuq-cücə, qaz-ördək saxlayanlar tutun qiymətini yaxşı bilirlər. Tutun qurumuş budaqları həm samovara, həm də manqala yarayır, çünki bərk oduncağı var, istisi çox olur. Bacaranlar kömür də hazırlaya bilərlər. Tut ağacından hər hansı bir əşya illərlə sahibinə xidmət edə bilər. Yaxşı ət taxtası, odun doğramaq üçün kötük düzəltmək olar, dekorativ işlər üçün material kimi yararlıdır. Tutdan musiqi alətləri də düzəldilir. Əsasən, tarı tut ağacından hazırlayırlar. 

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Gövdəsi insanın boynu yoğunluğunda oldusa, demək, ömrünün sonu yaxınlaşır

Tutla bağlı Azərbaycan miflərində xeyli maraqlı təsəvvürə rast gəlirik. Tutu kəsmək günah sayılır, tutu kəsənin başına çox bəla gələr deyirlər. Xartut Bakı əhli üçün müqəddəs sayılır, amma həm də ağır ağacdır, deyirlər, gərək tutu cavan adam əkməsin. Elə ki, xartutun gövdəsi insanın boynu yoğunluğunda oldu, demək, həmin şəxsin ömrünün sonu yaxınlaşır. Məsləhətdir, xartutu yaşı əllidən yuxarı olan birisi əksin. Tut əkən onu adətən özü üçün yox, özündən sonra gələn nəsillər üçün əkir. Elə xartutun böyüməsinə heç 20-30 il bəs eləmir bəzən.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Tutu sevməyən də az deyil, həyətini təmiz görmək istəyən, zir-zibili yığışdırmaqdan bezənlər ən radikal metoda, yəni ağacı doğramağa belə əl atırlar. Həm də əgər bağı başlı-başına buraxsan, elə ətraf qonşular bütün günü həyətdən tut daşımaqla məşğul olacaqlar. Tut yoxdursa, deməli, həyətinə girən də yoxdur. Son 30 ildə tut ağacları həm də xalq arasında “amerikan qurdu” deyilən bir bəla ilə rastlaşıb. Yaşıl rəngli qurd ağacda əməlli-başlı tor salaraq bütün yarpaqları məhv edə bilər. Nə qədər mübarizə etsən belə, çox zaman faydası olmur. Bağ əhli əlində qayçı tutu budayır, qurdları yandırır, ağacı dərmanlayır. Amma qonşuda varsa, bir müddət sonra yenə əmələ gəlir. Niyə bu qurda “amerikan qurdu” deyirlər, məlum deyil, amma əsasən SSRİ dağılandan və sərhədlər açılandan sonra əmələ gəlib. Ola bilər, haradasa xaricdən gətirilib.

Tut mövsümü sona yetməkdədir. Uzaqbaşı bir-iki həftəyə ağ tutdan əsər-əlamət qalmayacaq. Tutsevərlər isə növbəti mövsümü gözləməli olacaqlar.

43
Əlaqədar
Koronavirus bizə çətin qalib gələ, çünki bizim ona qarşı silahımız var
Bir gün yeməsək, marketdən uzaq dursaq, okeana bərpa olmaq şansı verərdik
Açılan süfrələrdə yeri görünər hər an: İtirdiyi mövqeyə qayıdacaqmı zəfəran?
Sarımsaqdan zəncəfilə kimi: antiseptik ədviyyələr nə qədər effektlidir?
Koronavirusdan sağalmağın yolu xəstələnməkdən keçir
Bakıda yanğının nəticəsi

"Bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır

598
(Yenilənib 11:22 07.07.2020)
Görünən odur ki, bu gün xəstələrin sayı, kimin xəstələnməsi xəbər kimi qarşılanırsa, sabah xəstələnməyənlərin sayı, kimin xəstələnməməsi xəbər olacaq.

BAKI, 7 iyul — Sputnik. 7x7 ötən həftənin ən yaddaqalan hadisələrini şərh edir

Su böhranı

Bu gün dünyada 50-dək ölkə ciddi su böhranı yaşayır. BMT-nin proqnozlarına görə, 2030-cu ildə su çatışmazlığı səbəbindən təxminən 700 milyon insan qaçqına çevrilə bilər. Bu gün dünyada iki milyarddan çox insan çirkli su içir, 4,5 milyard insan sanitariya sahəsində lazımi xidmətlərdən məhrumdur.

Təəssüf ki, Azərbaycan da "risk zonası"nda olan ölkələrdəndir. Cənubi Qafqazın su ehtiyatlarının cəmi 10 faizi Azərbaycanın payına düşür. Və üstəgəl ölkəmizin transsərhəd sulardan asılılığı ümumi su istifadəsinin 74%-ni təşkil edir. Nəzərə alsaq ki, bu asılılıq həm də Ermənistan sərhədlərindən formalaşan su mənbələrinə aiddir, onda məsələnin ciddiliyi aydınlaşır.

Bu arada Kür çayında yaşanan ekoloji problem su böhranı məsələsini bir daha aktuallaşdırır. Belə ki, Kürdə suyun səviyyəsi kritik səviyyəyə düşüb, hazırkı vəziyyətdə Kür Xəzərə yox, Xəzər kürə axır. Bu isə böyük bir ərazidə suvarma problemi yaradır.

Beləliklə, suya qənaəti təmin edə biləcək suvarmada damcı sisteminin ən qısa zamanda tətbiqi qaçılmazdır. Ancaq bu xüsusda fərdi məsuliyyət də əhəmiyyətlidir. Nəzərə almalıyıq ki, karbohidrogen ehtiyatlar uğrunda savaşlar dövrü geridə qalır, indi su hövzələri daha strateji xarakter daşıyır.

Ümid edək ki, "Sputnik" reportyorunun Kür yatağından çəkdiyi bu foto gələcəyin fotosu deyil:

© Sputnik / Murad Orujov
Kür

"Barıt çəlləyi"

Ötən həftə Ermənistan "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətini təmir işləri ilə əlaqədar olaraq dayandırdı. 11 ballıq zəlzələ zonasında tikilmiş, ömrünü illər öncə başa vurmuş stansiyanın təmirə dayandırılması rəsmi İrəvanın nəinki bölgə, qlobal miqyasda təhlükəli siyasət həyata keçirdiyini təsdiqləyir. Ekspertlər bildirir ki, stansiyada baş verə biləcək qəza təkcə Ermənistanın özünü deyil, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İran, Orta Şərq, Orta Asiya və Şərqi Avropa ölkələrini də fəlakətlə üz-üzə qoyacaq. Azərbaycan elə indiki halda da radioaktiv çirklənmənin təsirlərini yaşayır. Ermənistan bu stansiyanın tullantılarını Araz çayına axıtmaqda davam edir.

Od tuturuq

Ötən həftə Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində yanğın baş verdi. Yanğının sexlərdən birində olmuş partlayışdan başladığı bildirildi.

Pandemiyanın bütün biznes sahələrini küncə sıxdığı indiki dönəmdə bu cür hadisə də bir tərəfdən iş adamının vəziyyətini ağırlaşdıracaq. Binəqədinin bəxti isə yanğın baxımından heç gətirmir – dünən "Eurohome", bu gün "Sobsan".

Daha bir nazirlikdə

"Qara maskalı"lar bizi çox darıxmağa qoymadılar. Bir neçə həftə fasilədən sonra onları ötən həftə Xarici İşlər Nazirliyində görüblər. Məlumata görə, DTX-nın bu nazirlikdəki anti-korrupsiya əməliyyatında nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə həbs olunub. Yəqin siyahıda başqa adlar da olacaq. Belə işləri bir adam tək bacarmır, komanda lazımdır.

Çoxkoloritli günlər

Ötən həftə də ənənəmizə sadiq qaldıq: oğlu əsgərlikdən qayıdan ata qonaqlıq verdi, yas mərasiminin keçirilmə qaydaları pozuldu, kafedə yeyib-içənlər saxlanıldı, icazəsiz işləyən dərzi sexləri aşkarlandı, Bakıda Qəbələyə qanunsuz getmiş şəhərlilər isə qaldıqları yerdəcə yaxalandılar. Ən maraqlısı isə SMS-lə icazə alıb, oğurluğa gedənlər idi.

Karantin qaydalarını yaxşı ki, hamı eyni cür pozmur. Bu, çoxkoloritlilik həyatımızın monoton günlərinə rəng qatır.

Qədim daşlar və tramvay

Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün işlərə başlanılıb. Artıq qəsəbədə qədimi məhəllələrin bərpasına başlanılıb. Məşədi İbada və hambala qoyulan heykəl xüsusi maraqla qarşılanıb. Eyni zamanda, küçələrə daş döşənir. Hələ 1800-cü illərin ortalarında Bakının məşhur Xəzri küləyi əsdiyi zaman küçələrdə tozanaqdan göz açmaq olmurmuş. Məhz o zamanlar tozanağın qarşısını almaq küçələrə daş döşəməyə başlayıblar. İndi qəsəbənin turistik zonaya çevriləcək hissəsində bu daşlar düzülür. Ümid edək ki, bu daşlar kimi biz şəhərimizdə "keçmişin qalığı kimi" ləğv edilən tramvayları da görə biləcəyik… Hər bir böyük, müasir şəhərdə olduğu kimi…

Baş epidemioloqumuz

Respublikanın baş epidemioloqu, professor İbadulla Ağayevin son açıqlaması gündəmə çevrildi. Sitat bu cür idi: "Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin".

Açıqlama ilə bağlı birinci yanaşma o idi ki, İ.Ağayev baş epidemioloq kimi yox, laqeyd vətəndaş kimi danışır. İkinci baxış: onun vəziyyətə təsir imkanları yoxdur, jurnalist bu səs yazısını yaymaqla peşə etikasına riayət etməyib.

İstənilən halda, "bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır. Görünən odur ki, bu gün xəstələrin sayı, kimin xəstələnməsi xəbər kimi qarşılanırsa, sabah xəstələnməyənlərin sayı, kimin xəstələnməməsi xəbər olacaq.

598
İranda epdimioloji vəziyyət

İran bərbad durumda: ölənlər azalsa da, yoluxanların sayı artıb

0
(Yenilənib 22:34 10.07.2020)
Dünən İranda bir sutka ərzində 2079 nəfərdə virus aşkarlanmış, 221 nəfər COVID-19-dan dünyasını dəyişmişdi. Bu gün isə daha 142 nəfər ölüb. Amma yoluxma sayında artım var

BAKI, 10 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2262 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

"Son 24 saat ərzində koronavirusa 2262 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 252720-yə çatıb. Bir gün ərzində 142 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 12447-yə çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 252720 şəxsdən 215500 nəfəri sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 12 milyonu keçib, 554 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla (321)
Əlaqədar
Avstraliya və Honkonqda koronavirus məhdudiyyətləri bərpa olunur
Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub
Həyatınızla eksperiment aparmayın - Koronavirusu müalicə "edən" dərman təhlükəli çıxdı
Koronavirusa qarşı yeni dərmanlar tapıldı
ÜST: Rusiyada koronavirus məhdudiyyətləri qayıda bilər