CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Üçüncü bina": Adı jurnalistlərin, dadı...

© Official website of President of Azerbaijan RepublicЗдание, построенное для журналистов
Здание, построенное для журналистов - Sputnik Azərbaycan
Abunə olmaq
KİVDF və MŞ o qədər bəlağətli və ədalətli davranıblar ki, müəyyən katibələrə, sürücülərə, sazlı-sözlü xanımlara, uzaq və yaxın qohumlara da mənzil çatıb.

Eşitdim ki, jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da bölgüyə hazırdır. İndi kulislərdə ən çox müzakirə olunan məsələ bu dəfə mənzillərin kimlərə və hansı əsaslarla veriləcəyidir. Başımızın üstündəki intəhasız səmaya and olsun ki, bu çox ciddi və taleyüklü məsələdir. Yurdsuz-yuvasız, ac-yalavac qələm adamları da nigaranlıqla bu bölgünü gözləyirlər. Ay sizi, kasıblar!

Daşlar, arxiv şəkli - Sputnik Azərbaycan
Bizə atılan daşlardan bina tikəcəyik

Əvvəlki iki binanın bölüşdürülməsində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının rəhbərliyi o qədər ləyaqətlə və fəsahətlə çalışdılar ki, demək olar, bir nəfər də olsun evsiz jurnalist qalmadı. Hətta KİVDF və MŞ o qədər bəlağətli və ədalətli davranıblar ki, müəyyən katibələrə, sürücülərə, sazlı-sözlü xanımlara, uzaq və yaxın qohumlara da mənzil çatıb. Apardığım kiçik bir araşdırmadan sonra məlum oldu ki, jurnalistlər üçün nəzərdə tutulan binada dövlət mənzilini kirayə verən, ümumiyyətlə o mənzilin qapısından içəri girməyən qələm adamları var. Çünki KİVDF və MŞ mənzil bolluğuna düşdükləri üçün, onların hətta villası olan zavallı qələm adamlarına verilməsinə nail olublar.

Atalar sözündə deyildiyi kimi, "Varlığa nə darlıq?!"

İndi bəzi ağzıgöyçəklər deyir ki, əvvəlki iki binada məskunlaşanların heç də hamısı jurnalist deyil. Olsun da!

Guya KİVDF və MŞ keçirdiyi müsabiqələrdə yer tutanların, yardımlardan, dövlət dəstəyindən istifadə edənlərin hamısı jurnalist olub? Belə xırdaçılıq etmək bizə yaraşarmı? Villası olan baş redaktor da, onun ev alan katibəsi də, ehtiyacdan jurnalistlər binasında sığınacaq tapmış övladı da azərbaycanlı deyilmi? Bəs harada qaldı bizim vətənpərvərliyimiz?

Hamımız bu vətənin övladlarıyıqsa, niyə bu məsələni qurcalayıb, könül bulandırırıq, o mənzillərdə yaşayanların isti yuvasına soyuq su calayırıq? Şəxsən tanıdığım vicdanlı, ədalətli qələm adamları var ki, yarı zor, yarı xoş ikinci mənzillərini bu binalardan alıblar. Axı onların övladları harada yaşamalıdır?

İndi deyəcəksiniz ki, bəs evsiz jurnalistlər varkən, ikinci, üçüncü mənzilə sahib olmaq, həmkarlarına qarşı bu cür davranmaq ədalətsizlikdir. Açığı mən belə düşünmürəm. Məncə imkanı, "daydayı", tanışı olan zəhmətkeş jurnalistlərimiz üçüncü, hələ tikilsə dördüncü binadan da ev almalıdır. Bu insanlar zamanında əziyyət çəkib övladlarına sayt açıb, vəsiqə veriblər ki, bu gün bəhrəsini görsünlər. Kiminsə tanışı, arxası yoxdursa, qoy öz dərdinə, özü yansın. Bu heç də ikinci, üçüncü mənzilə dövlət hesabına yiyələnən zəhmətkeş qələm adamlarının problemi deyil.

Bir dəfə mediamızın başbilənlərindən birini iş yerində ziyarət etməli oldum. Dövlət məqamıdır, işimiz düşəndə onların ayaqlarına qədər getmək bizi sadəcə şərəfləndirir, baş ucalığı gətirir. Getdim, yarım saat növbədə gözləyəndən sonra qəbula düşdüm.

Və bu qəbulda şahidi oldum ki, rəhbər öz katibəsindən harasa getməklə bağlı icazə istəyir. Yox, yox, səhv başa düşmədiniz, məhz rəhbər icazə istəyirdi, gedəcəyi yerlə bağlı məlumat vermirdi. Elə olsa, bu mənim diqqətimi çəkməzdi. Bu təvazökarlıqdan sonra bir qədər qəhərləndim. Açığı yüngülvari üzüldüm, kövrəldim. Ən kədərlisi də odur ki, katibə mənim orda olmağımı nəzərə alıb, öz müdirinə işvəylə xeyir-dua verdi.

Sonra ikisi də gülümsəyib, xoşbəxt oldular. İndi siz deyin, dostlar bu katibəyə niyə ev verilməsin? Əlbəttə, bu cür zabitəli və zəhmli katibə lazım gəlsə qəzet də çıxarar, televiziyada aparıcılıq da edər, reportaj hazırlayıb müsahibə götürər, lazım gəlsə köşə də yazar.

Bəli əzizlərim, mətləbi hələlik uzatmayım. Ola bilsin bu mövzuya yenidən qayıtmalı oldum.

Xülasə, tezliklə jurnalistlər üçün nəzərdə tutulmuş üçüncü binanın bölgüsü olacaq. Ölkəmizdə evsiz-eşiksiz jurnalist olmadığı üçün, təklif edirəm bu mənzillər sadəcə baş redaktorlara, onların katibələrinə, övladlarına, yaxın və uzaq qohumlarına, artıq qalan evlər isə müəyyən müğənnilərə və "tik-toker"lərə verilsin.

Kimlərsə iddia edir ki, guya kirayədə qalan jurnalistlər var. Açığı mən buna inanmıram. Çünki, kirayədə qaldığı üçün etiraz edən, jurnalistlər üçün tikilmiş mənzillərin bölüşdürülməsindən narazı qalan jurnalist tanımıram. Olsa da, o adamlar düz yolda deyil. Evin yoxdur? Elə isə zəhmət çək ev al, mənzil sahibi ol. Necə olur ki, hansısa katibə jurnalistlər üçün tikilən binada ev sahibi ola bilir, 20 ilin jurnalisti evsizlikdən gileylənir?! Sadəcə, ayıbdır. Bir az da absurddur. Evin yoxdur ev al da, nə çətin məsələdir ki?

Üçüncü binanın bünövrəsi qoyulandan ümidlənən bəzi qələm adamlarına isə demək istəyirəm ki, bir az gözütox olun, baş redaktorlarınızı, onların katibələrini, övladlarını, yaxınlarını düşünün.

Siz əgər kirayədə qalırsınızsa, demək yaşamaq üçün şəraitiniz var. Sizin evsizliyiniz hansısa katibənin qayğısı deyil. Heç bilirsiniz o katibələr hansı zülmləri çəkir? Siz, ey evsiz jurnalistlər, o katibələrin çəkdiyi zülmü çəkə bilərsiniz? Əlbəttə, yox!

Düzü bu barədə düşünəndə ürəyim ağrıyır.

Üçüncü binada gözü olanlar, sizlərə tövsiyə edirəm ki, əgər mənzil probleminiz varsa, ikinci binada hələ yaşanmamış evi olanlara, jurnalistlər binasında yerləşən mənzilini kirayə verənlərə müraciət edin. Hər şeyi KİVDF və MŞ-dan gözləməyin. Onlar əllərindən gələni ötən illər ərzində edib, bu gün də etməyə hazırdırlar.

Üçüncü binadan ev sahibi olacaq bəxtəvərləri bəri başdan təbrik edir, evsiz jurnalistlərə də can sağlığı arzulayıram.

Xəbər lenti
0