La Casa de Papel serialından kadr

"Netflix" uğursuz kopyalanmış türk serialı...

250
Əgər mövzu və ideologiya etibarı ilə "La Casa de Papel" serialını hər hansı bir Türkiyə serialı parodiya belə etsəydi, bunun özü bir inqilab sayılacaqdı.

"Netflix" artıq dünyanın ən böyük kino platformasına çevrilməkdədir. Əlbəttə, bu platformada Azərbaycan istehsalı olan hər hansı film və ya serial yer almamaqdadır. Yaxın gələcəkdə bunun baş verəcəyinə dair hər hansı bir ümid işığı da olmadığından mən Türkiyə kino sektorunun "Netflix"dəki yerindən bəhs edəcəyəm.

"Netflix"də Türkiyə istehsalı olan (yanılmıramsa) iki serial yayımlanır. Bunların heç birini izləmədiyim üçün barələrində hər hansı bir fikir yürüdə bilməyəcəyəm. Lakin "Netflix"də yayımlanan bir sıra Amerika, İspaniya seriallarının izləyəcisiyəm və bu platformanın möhtəşəmliyinə dərin heyranlıq və pərəstiş duyuram. Üstəlik, film və serial sahəsinin gələcək inkişaf mərhələsinin məhz "Netflix"dən başladığını əminliklə iddia edə bilərəm.

"Netflix"də yayımlanan "La Casa de Papel" adlı ispan serialını bəlkə də çoxunuz izləmisiniz. İzləməyənlərə izləmələrini tövsiyə edirəm. Bu serial təkcə rejissor işi, aktyor oyunu, montaj və səs keyfiyyətləri ilə, məzmunu – dramaturgiyası ilə deyil, həm də özünün ehtiva etdiyi etiraz forması, tənqid üsulu ilə demokratiyanın, mənəvi və maddi azadlığın ən mükəmməl göstəricisidir.

Təbii ki, bu cür demokratik yaradıcılığa, mədəni cəsarətə elə ancaq hər hansı Avropa ölkəsi, Avropa xalqı sahib ola bilərdi. Yaxın Şərqdən, Qafqazdan, lap inkişaf etmiş uzaq Şərqdən də, Şimaldan və Cənubdan da belə keyfiyyətli tənqidi və etirazı gözləmək indiki halda hərdəmxəyallıq, hətta, dəlilik olardı.

Zeynəb Xanlarova, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

"La Casa de Papel" mövzusu etibarı ilə siyasi səhnədə oynanılan böyük pul oyunlarına, insanların puldan asılı salınmış yazıq vəziyyətinə, məşiətimizlə bərabər xarakterimizin də pulla eyni mahiyyətə uyğunlaşdırılmasına etiraz edir. Əvvəlcədən təşkilatlanmış bir qrup kağız pulların istehsal olunduğu binanı işğal edir və burada istədikləri məbləğdə pul istehsal edib qaçmağı, o pulu öz aralarında bölüşdürüb öz böyük arzularını həyata keçirməyi planlaşdırırlar. Bunun üçün qurbanlar verirlər, yeri gəlsə, kiməsə hər hansı limitlərlə əzab da verirlər, amma qətiyyən can almamağa çalışır, vicdani və əxlaqi normaları qorumağa çalışır, xalqın gözündə qəhrəman olmaq, siyasətçiləri isə böyük bir iflasla baş-başa buraxmaq istəyirlər.

Serialın dördüncü sezonunun yayımına az qalmış Türkiyədə yayımlanmağa başlayan bir serialın anonsları çıxdı qarşıma. Bir müəllim dərs dediyi məktəbin binasının bir qismini partladır, öz şagirdlərini əsir götürür və özünün ailə-məişət problemlərinin intiqamını polisdən, müəllimdən, şagirddən almağa çalışır. "Öğretmen" adlı bu serialın anonslarından məlum olur ki, görüntüdə "La Casa de Papel"i parodiya etməyə çalışıblar. Lakin yaşadıqları mühitin maddi-mənəvi azadlıqları yalnız ailə-məişət intiqamlarına və kiçik əhəmiyyətli şəxslərə etiraz etməyə icazə verdiyi üçün mövzu və ideologiya baxımından "La Casa de Papel"ə yaxınlaşmağı da bacarmırlar.

Əslində, əgər mövzu və ideologiya etibarı ilə "La Casa de Papel" serialını hər hansı bir Türkiyə serialı parodiya belə etsəydi (ya da edə bilsəydi), bunun özü bir inqilab sayılacaqdı. Onlar isə təkcə müəllim obrazının xarici görünüşünü, kiçik məzmun detallarını, montaj və səs effektlərini məşhur ispan serialından kopyalamağa çalışıblar. Buna rəğmən, serial qısa müddətdə xeyli baxış toplayıb və sevilərək izlənilir.

Ah, yazıq Şərq! Hər zaman kiçik məsələlərlə baş qarışdırıb, kiçik ümidlərlə yetinməyə çalışıb. Amma onlar üçün hər zaman Avropa qəddar, zalım, ədalətsiz, əxlaqsız bir coğrafiya hesab edilib. Qəribədir, elə deyilmi? Mən də bu barədə uzun düşüncələrə dalıb bir antidepressant içirəm, vəssalam. Nə edim? Elə bununla kifayətlənə bilirəm. Bağışlayın!

250
Bakıda yanğının nəticəsi

"Bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır

592
(Yenilənib 11:22 07.07.2020)
Görünən odur ki, bu gün xəstələrin sayı, kimin xəstələnməsi xəbər kimi qarşılanırsa, sabah xəstələnməyənlərin sayı, kimin xəstələnməməsi xəbər olacaq.

BAKI, 7 iyul — Sputnik. 7x7 ötən həftənin ən yaddaqalan hadisələrini şərh edir

Su böhranı

Bu gün dünyada 50-dək ölkə ciddi su böhranı yaşayır. BMT-nin proqnozlarına görə, 2030-cu ildə su çatışmazlığı səbəbindən təxminən 700 milyon insan qaçqına çevrilə bilər. Bu gün dünyada iki milyarddan çox insan çirkli su içir, 4,5 milyard insan sanitariya sahəsində lazımi xidmətlərdən məhrumdur.

Təəssüf ki, Azərbaycan da "risk zonası"nda olan ölkələrdəndir. Cənubi Qafqazın su ehtiyatlarının cəmi 10 faizi Azərbaycanın payına düşür. Və üstəgəl ölkəmizin transsərhəd sulardan asılılığı ümumi su istifadəsinin 74%-ni təşkil edir. Nəzərə alsaq ki, bu asılılıq həm də Ermənistan sərhədlərindən formalaşan su mənbələrinə aiddir, onda məsələnin ciddiliyi aydınlaşır.

Bu arada Kür çayında yaşanan ekoloji problem su böhranı məsələsini bir daha aktuallaşdırır. Belə ki, Kürdə suyun səviyyəsi kritik səviyyəyə düşüb, hazırkı vəziyyətdə Kür Xəzərə yox, Xəzər kürə axır. Bu isə böyük bir ərazidə suvarma problemi yaradır.

Beləliklə, suya qənaəti təmin edə biləcək suvarmada damcı sisteminin ən qısa zamanda tətbiqi qaçılmazdır. Ancaq bu xüsusda fərdi məsuliyyət də əhəmiyyətlidir. Nəzərə almalıyıq ki, karbohidrogen ehtiyatlar uğrunda savaşlar dövrü geridə qalır, indi su hövzələri daha strateji xarakter daşıyır.

Ümid edək ki, "Sputnik" reportyorunun Kür yatağından çəkdiyi bu foto gələcəyin fotosu deyil:

© Sputnik / Murad Orujov
Kür

"Barıt çəlləyi"

Ötən həftə Ermənistan "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətini təmir işləri ilə əlaqədar olaraq dayandırdı. 11 ballıq zəlzələ zonasında tikilmiş, ömrünü illər öncə başa vurmuş stansiyanın təmirə dayandırılması rəsmi İrəvanın nəinki bölgə, qlobal miqyasda təhlükəli siyasət həyata keçirdiyini təsdiqləyir. Ekspertlər bildirir ki, stansiyada baş verə biləcək qəza təkcə Ermənistanın özünü deyil, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İran, Orta Şərq, Orta Asiya və Şərqi Avropa ölkələrini də fəlakətlə üz-üzə qoyacaq. Azərbaycan elə indiki halda da radioaktiv çirklənmənin təsirlərini yaşayır. Ermənistan bu stansiyanın tullantılarını Araz çayına axıtmaqda davam edir.

Od tuturuq

Ötən həftə Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində yanğın baş verdi. Yanğının sexlərdən birində olmuş partlayışdan başladığı bildirildi.

Pandemiyanın bütün biznes sahələrini küncə sıxdığı indiki dönəmdə bu cür hadisə də bir tərəfdən iş adamının vəziyyətini ağırlaşdıracaq. Binəqədinin bəxti isə yanğın baxımından heç gətirmir – dünən "Eurohome", bu gün "Sobsan".

Daha bir nazirlikdə

"Qara maskalı"lar bizi çox darıxmağa qoymadılar. Bir neçə həftə fasilədən sonra onları ötən həftə Xarici İşlər Nazirliyində görüblər. Məlumata görə, DTX-nın bu nazirlikdəki anti-korrupsiya əməliyyatında nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə həbs olunub. Yəqin siyahıda başqa adlar da olacaq. Belə işləri bir adam tək bacarmır, komanda lazımdır.

Çoxkoloritli günlər

Ötən həftə də ənənəmizə sadiq qaldıq: oğlu əsgərlikdən qayıdan ata qonaqlıq verdi, yas mərasiminin keçirilmə qaydaları pozuldu, kafedə yeyib-içənlər saxlanıldı, icazəsiz işləyən dərzi sexləri aşkarlandı, Bakıda Qəbələyə qanunsuz getmiş şəhərlilər isə qaldıqları yerdəcə yaxalandılar. Ən maraqlısı isə SMS-lə icazə alıb, oğurluğa gedənlər idi.

Karantin qaydalarını yaxşı ki, hamı eyni cür pozmur. Bu, çoxkoloritlilik həyatımızın monoton günlərinə rəng qatır.

Qədim daşlar və tramvay

Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün işlərə başlanılıb. Artıq qəsəbədə qədimi məhəllələrin bərpasına başlanılıb. Məşədi İbada və hambala qoyulan heykəl xüsusi maraqla qarşılanıb. Eyni zamanda, küçələrə daş döşənir. Hələ 1800-cü illərin ortalarında Bakının məşhur Xəzri küləyi əsdiyi zaman küçələrdə tozanaqdan göz açmaq olmurmuş. Məhz o zamanlar tozanağın qarşısını almaq küçələrə daş döşəməyə başlayıblar. İndi qəsəbənin turistik zonaya çevriləcək hissəsində bu daşlar düzülür. Ümid edək ki, bu daşlar kimi biz şəhərimizdə "keçmişin qalığı kimi" ləğv edilən tramvayları da görə biləcəyik… Hər bir böyük, müasir şəhərdə olduğu kimi…

Baş epidemioloqumuz

Respublikanın baş epidemioloqu, professor İbadulla Ağayevin son açıqlaması gündəmə çevrildi. Sitat bu cür idi: "Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin".

Açıqlama ilə bağlı birinci yanaşma o idi ki, İ.Ağayev baş epidemioloq kimi yox, laqeyd vətəndaş kimi danışır. İkinci baxış: onun vəziyyətə təsir imkanları yoxdur, jurnalist bu səs yazısını yaymaqla peşə etikasına riayət etməyib.

İstənilən halda, "bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır. Görünən odur ki, bu gün xəstələrin sayı, kimin xəstələnməsi xəbər kimi qarşılanırsa, sabah xəstələnməyənlərin sayı, kimin xəstələnməməsi xəbər olacaq.

592
Qadın kitab oxuyur, arxiv şəkli

Ədəbsiz “ədib”lər...

1211
(Yenilənib 20:40 06.07.2020)
Bu türkcədəki "üyə" sözü həm də ürəyimiz bulanarkən çıxardığımız o qəribə səsə bənzəyir. Birliyin bizə yaşatdığı bu ədəbi öyümənin ən gözəl təsviri də ancaq "üyə" ola bilərdi

BAKI, 6 iyul — Sputnik. Bu sənət, ədəbiyyat mühiti ki var, hansı ki içində çox nəhəng istedadlar da tapılar, sənətə təsadüfi gələnlər də. Hə, elə onları deyirəm. Vəziyyətləri yaxşı deyil. Gah uzun müddət işsiz qalır, gah çox kiçik məvaciblərin müqabilində çalışmalı olurlar. Əsas məsələ isə bilirsiniz, nədir? Buna o qədər layiqdirlər ki! Əminliklə deyirəm! Baxırsan ki, istedadı zirvədədir. Sənəti də az qala Stella Adler, Erik Moris qədər bilir. Amma iki kəlmə danışanda görürsən ki, şüuru, düşüncəsi mühitin çirkabı içində batıb qalıb. Bəzən hətta düşüncə tərzi baxımından tipik məhəllə uşaqlarından fərqlənmir. Bir istedad, bir savad öz mühitini hansısa yeniliyə uğratmazsa, nəyə və kimə lazımdır? Adam hər şeyə nifrət edir. Niyə də, niyə? Bu cür istedad, bu cür savad niyə ənənəvi cəfəngiyyatlar toplusu içində məhv olub getməlidir?

Çox şey sayaram. Birini əqidədən, birini ləyaqətdən, birini cəsarətdən və sair. Amma məşhur şeirdəki kimi: desəm öldürərlər, deməsəm, ölləm! Yanlış anlamayın, mən nə ölməkdən, nə də öldürülməkdən qorxan adamam! Sadəcə mən sənəti həmişə öz ailəm bilmişəm və ailəmin içindəki söhbətləri mühitə aşkar edə bilmirəm. Amma bir məkan olsa, bütün yerli sənət mühiti yığılsa və mən də o sözləri bağırsam...

Onları da keçdim. Bir də var ki, sənətdən zərrə də qanmır, ümumiyyətlə, sənət adına heç bir anlayışı yoxdur, hansısa sənət mühitindən üç-beş söhbət oğurlayıb, sənətə dair hansısa kitabdan da üç-beş cümlə əzbərləyib, hər yerdə sənət adına yekə-yekə danışır, ehkam kəsir, hökm oxuyur. Bunlar daha çox təhlükəlidirlər. Birincilər istedadlı, savadlı, amma qorxaq və səriştəsizdirlər və heç bir uğur da qazana bilmirlər, ikincilər isə istedadsız, savadsız, şəxsiyyətsiz, amma publikaya işləmək səriştələri sayəsində öz səfsətələrini geniş kütləyə çatdıra bilənlərdir və xeyli də uğur qazanırlar.

Çağırılmadığı yerə gedən, hələ həyasızcasına niyə çağırılmadığının davasını döyən, həmişə boşboğazlıqları ilə gündəmə gələn, insanların yaddaşında, dilində bir bədii nümunəsi belə olmayan adamlar durub sənət və şəxsiyyət xırdalayırlar. Mən çağırıldığım yerlərin onundan doqquzuna getmirəm ki, birdən şəxsinə və sənətinə hörmətim olmayan biri ilə yanaşı gələrəm, birdən özümə qarşı laqeydlik görərəm, birdən getdiyim yer sənətdən daha çox, başqa məqsədlərə hesablanar və s. Öz mənfəətləri, pulu və şöhrəti uğruna şəxsiyyətini də, sənətini də qurban verən adamlar hələ arada durub mənə də dil uzatmağa çalışırlar.

Onların xalqdan da nəsə ummağa üzü olmamalıdır. Özünə, mənəvi dəyərlərinə, zahiri görünüşünə belə hörmətləri olmayanların içinin tör-töküntüsü görünüşlərinə də yansıyıb. Bir də ki, ortada sənətin, ədəbiyyatın adını batırmaqları adamı yandırır. Onların səfehliklərinin ucbatından yazıçı-şair adı eşidənlər üz turşudurlar. Hələ özlərini sənətə meyar da bilirlər. Bu qədər rəzilliyin yanına kin-nifrət də qoyub xalqa sunurlar, sonra da özlərinə qarşı hörmət, ehtiram gözləyirlər. Nə sanırlar? Tarixə çevriləcəklərini? İnqilab edəcəklərini? Aləmi özlərinə güldürmək xoşlarına gəlir? Anlaya bilmirəm.

Xaricdə Azərbaycan ədəbiyyatından seçmələr şəklində çap olunan biabırçı bir kitabdakı imzaların siyahısına baxıb dəhşətə gəldim. Həyasızlıqları, sırtıqlıqları ilə hər yerə özlərini soxan bu adamlar sənət adına ərsəyə gətirdikləri məzmunsuz-qayəsiz, çəkisiz-mizansız zay məhsulları ilə ölkə ədəbiyyatını xaricdə təmsil etməyə iddialıdırlar.

Mən hesab edirəm ki, müasir Azərbaycan ədəbiyyatı artıq müəyyən uğurlu bir dönəmə qədəm qoyub. Amma bu ədəbiyyatın ətəklərində dolanan nə qədər mağar toyu tamadaları varsa, toplayıb Azərbaycan ədəbiyyatı adı ilə Türkiyədə çap ediblər. 100-ə yaxın imzanın içində 10-a yaxın həqiqi ədib var. Onlar da buna necə razılıq veriblər, bilmirəm. Bəlkə də xəbərləri olmadan dərc edilib. Hər halda, onların adının bu kitabda olması digərlərindən pul toplaya bilmək üçün yaxşı vasitə olub. Yaxşı ki, mən vaxtında adımın istənilən yerdə çəkilməsinə qadağa qoymuşam. Əgər belə bir kitaba məndən xəbərsiz adım salınsaydı, şübhəsiz ki, bunu edənlərə təzminat davası açardım. Bu nalayiq siyahı, bu bərbad tərcümə təkcə şərəf və ləyaqətin təhqiri deyil, həm də yaradıcılığa vurulan zərbə, bioqrafik utancdır.

Kitabda ən uğurlu, ən sevdiyim məqam isə bəzi müəlliflərin bioqrafiyalarında yazılan "Azerbaycan Yazarlar Birliğinin üyesidir" cümləsi oldu. Bu türkcədəki "üyə" sözü həm də ürəyimiz bulanarkən çıxardığımız o qəribə səsə bənzəyir. Birliyin bizə yaşatdığı bu ədəbi öyümənin ən gözəl təsviri də ancaq "üyə" ola bilərdi.

1211
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

0
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

0