Poz verən qadınlar, arxiv şəkli

Dəbdəbə ehtirası: paxıllıq qısqanclıq məngənəsində yaşamaq

430
(Yenilənib 20:41 21.05.2020)
Karantin dönəmi əla fürsətdir. Dəbdəbə və paxıllıq, “qonşudan qalma dala” prinsipi ilə yaşamaq xəstəlik qapımızı döyəndə heç bir işə yaramadısa, heç zaman yaramayacaq.

BAKI, 21 may — Sputnik. Bəşər tarixində ilk qətlin, cinayətin səbəbi paxıllıqdır – müqəddəs kitablar belə yazır. Mən isə düşünürəm ki, bütün “ilk”lərin təməlində, yaranmasında əsas səbəb paxıllıqdır.

Qısqanclıq və paxıllıq insan oğluyla yaşıddır.

İnsan oğlunun zəruri və həyati əhəmiyyətli ehtiyaclarından artıq əldə etdiyi hər şey, başqalarını qıcıqlandırmaq, başqalarında paxıllıq hissləri yaratmaq üçündür.

Paxıllıq fenomeni maraqlı və bir o qədər də qəliz psixoloji prosesdir. İnsanlar başqalarının sahib olduğu hər şeyi qısqanır – zənginlərin var-dövlətinə və komfortuna, kasıbların qüruruna və səbrinə paxıllıq edirik.

Gecə yatıb, səhər ayılmayan, rahat ölümlə dünyasını dəyişən qonşusunun paxıllığını çəkən ağsaqqalla söhbətimi xatırlayıram. Bütün gün zarıya-zarıya küçədə veyillənən qoca qonşusunun rahat ölümünü qısqanırdı: “Bəxtəvər başına, gecə yatdı, səhər ayılmadı. Yoxsa mən, illərdi revmatizma ağrılarından zülm çəkirəm. Allah hamıya rahat ölüm qismət etsin”.

Dəhşətli məqamdır hə?

Rahat ölümü belə qısqanır, əzabsız, ağrısız ölənlərə paxıllıq edir insan…

Uzun müddət yurdumun insanın dəbdəbəli toy və yas mərasimlərinə maraq göstərməsi məni düşündürüb. Xüsusilə toy sənayesi məni hər zaman təəccübləndirib, daha doğrusu çılğınlaşan gedişat məni qorxudub.

Dəbdəbəli şadlıq sarayları, bahalı gəlinlik və gəlin aksesuarları, səs-küylə şütüyən toy karvanları, qulaqbatıran və bayağı musiqilər, kraliça kimi bəzənmiş gəlin, Uels vəliəhdi kimi geyinmiş bəy, kirayə paltarlarına və daş-qaşa bürünmüş qonaqlar, “love story”lər, kranla videoçəkilişlər, nəhəng tortlar, rəqqasələr, löyün-löyün yeməklər, zövqsüz və bayağı musiqilər…

Bütün bu ikrah doğuran təntənənin, dəbdəbənin sadəcə bir səbəbi var – paxıllıq. Biz başqalarının paxıllığını çəkdiyimiz üçün ondan daha zəngin görünməyə çalışırıq.

İllər əvvəl evlənməyə hazırlaşan ziyalı tanışlarımın birinin valideyni ilə söhbət edəndə, bahalı şeylərə qaçmamasını, xudmani məclis qurmasını tövsiyə elədim. Yaşadığım təcrübəni bölüşdüm. Bankdan kredit götürüb toy etməyin acı nəticələrindən danışdım. İnsafən ağsaqqal məni sona qədər dinlədi. Ancaq yarım saatlıq nitqimə verdiyi reaksiyaya yerimdə donub qaldım: “Qoy istəməyənlərin ürəyi partlasın!”

Paxıllıq arzusunda olduğumuz xoşbəxtlikdən daha uzun çəkir. Qonşusunu qısqandırmaq üçün dəbdəbəli toy edən adamın bütün məclislərində eyni göstəriş, eyni məzmunsuzluq və mənasızlıq olacaq. Çünki bu istək saf, təmiz deyil. Kimlərinsə “ürəyini partlatmaq” arzusu paxıl insanı tərk etmir.

Paxıllıq bizi səhv qərarlara, yanlış seçimlərə sürükləyir.

Alışdığımız toyların və dəbdəbəli yasların qadağan edildiyi karantin dönəmində, bütün bunlar barədə yenidən düşünmək şansımız var.

Bəlkə paxıllıq etmədən, heç kəsə acıq və qıcıq vermədən sadə həyat tərzinə qayıdaq? Sadə və dəbdəbədən uzaq məclislər haqqında düşünək, başqalarının paxıllığını çəkmədən rahat həyatımıza zəmin hazırlayaq və başqalarının da bizim paxıllığımızı çəkməsini arzulamayaq?

Düşünürəm ki, karantin dönəmi əla fürsətdir. Dəbdəbə və paxıllıq, “qonşudan qalma dala” prinsipi ilə yaşamaq xəstəlik qapımızı döyəndə heç bir işə yaramadısa, heç zaman yaramayacaq.

Və nə qəribədir ki, varlı da, kasıb da eyni qaydalarla təcrid edildi, eyni qadağalarla qarşılaşdı.

Yarışırıqsa, yaxşılıq etmək üçün yarışaq.

Gözəl işlərə, sadəliyə, paxıllıq edək.

İnsanların dəbdəbədən uzaqlaşacağını, paxıllıqdan vaz keçəcəyini düşünmək asandır. Bu sətrləri yazarkən belə bir şeyin təcrübədə mümkünsüzlüyünü dərk edirəm.

Çünki bu günə qədər paxıllıq hissi olmayan insanla rastlaşmamışam.

Hamımız paxıllıq hissinin qullarıyıq.

Çox təəssüf ki, bu hiss bizim məişətimizdə, həyatımızda çətinliklər yaradır. Başqalarının paxıllığını çəkmək bizim normal həyat yaşamağımıza mane olur.

Və bir gün dəlicəsinə çapan yarış atının ayağının çuxura düşüb yıxılması kimi, kəllə-mayallaq gedirik…

Bütün müqayisələr sevincimizi, hüzurumu oğurlayır…

430
Gəncədə xəsarət alan uşaq, arxiv şəkli

Müharibə uşaqların düşmənidir

9
(Yenilənib 01:01 28.10.2020)
Uşaqlığını yaşaya bilməyənlər uşaqlığını əlindən alan hər şeyə, hər kəsə nifrət edərlər. Bizim nəslin müharibəyə nifrəti, bəlkə də bununla bağlıdır

Müharibə ən çox uşaqların, uşaqlığın düşmənidir...

Hər dəfə dinc şəhərlər bombalananda qəhərdən boğazım düyümlənir. Bombalanmış evlərdə öldürülən, yaralanan uşaq fotolarını görəndə çarəsizlikdən boğulmaq dərəcəsinə çatıram. Və mən öldürülən hər bir uşağın yerinə ən ağır işgəncə ilə öldürülmək, yox olmaq istəyirəm. Öldürülən hər uşaqla birlikdə müharibəyə qarşı amansız bir nifrət oyanır içimdə. Çarəsizlikdən başımı divarlara çırpmaq, ağlamaq, qışqırmaq, bu iztirabdan qurd kimi ulamaq istəyirəm…

...Məsumluğu müharibənin məhrumiyyətlərinə tuş gəlmiş bütün uşaqlar kimi, doğru-dürüst uşaqlıq yaşamadığım üçün hər şeyə bir az uşaqca yanaşıram və bəlkə, bu, illərlə belə davam edəcək. Bizim nəsli “Avakado nəsli” adlandırır tədqiqatçılar. Heç vaxt böyüməyən, həmişə uşaq qalan nəsil... Uşaqlığımız travmalarla, məhrumiyyətlərlə, çarəsizliklərlə doludur. Qəhrəman hesab etdiklərimiz baş daşlarında hərbi geyimli fotolara çevrilir, arzularımızı ehtiyac adlı əjdaha kamına çəkir, gülüşlərimizi müharibə oğurlayırdı. Müharibədən yüz kilometrlərlə uzaqda müharibənin bütün ağrı-acısını yaşayır, məhrumiyyətləriylə savaşırdıq. Yaşıdlarımız müharibədə öldürülür, işgəncələr görür, bizdən daha çox itirirdilər.

İndi də övladlarımız eyni ağrılarla üz-üzədirlər. Ancaq onların bizdən çox böyük fərqi var: onlar az qala hər gün qələbə xəbərləri ilə coşur, küçələrə çıxıb şüarlar səsləndirir, daha çox qələbə xəbərlərinə fokuslanırlar…

…Sadəcə zədələnmiş, travmalı uşaqlığıma görə müharibə mənim düşmənimdir. Biz müharibəni "dava-dava" oyunu zənn edəcəkkən, tanıdığımız insanlar gerçək güllələrlə vurulub, öldürülürdü. Gəncliyi yarıda qırılan onlarla tanışımız qara çərçivəli fotolara çevrilirdi. Müharibə bizim arzularımızı, ümidlərimizi oğurlayırdı. Bizim arzusuz, ümidsiz, yoxluqlarla dolu uşaqlığımızda müharibə ən böyük kabusumuz, qələbə ən uzaq ümidimizdi.

Bizim nəslin nə kabusları bitdi, nə ümidləri çiçək açdı...

Ancaq övladlarımız bu kabusun bitəcəyinə inanır, qələbənin gəlişini duyur, zəfəri gözləyirlər.

Elə biz də hər ümidli xəbərə uşaq kimi sevinir, az qala uşaq kimi atılıb-düşürük.

Uşaqlığını yaşaya bilməyənlər uşaqlığını əlindən alan hər şeyə, hər kəsə nifrət edərlər. Bizim nəslin müharibəyə nifrəti, bəlkə də bununla bağlıdır. Həyatımızın ən şirin, əvəzolunmaz çağlarını əlimizdən alan müharibəyə nifrətlə, ikrahla yanaşmağımızın bir səbəbi də budur. Nağıllara inanmaqla keçərdi həyatımız. Nağıllar bizi ovudar, xəyallar ən son sığınacağımız olardı.

...Böyüsək də, müharibə xofu kabus kimi çıxmadı candan. Hər addımda itirmək qorxusuyla yaşadıq, hər addımda o məhrumiyyət, o yoxluq xofu bizi izlədi...

Həyatın oyunları getdikcə adiləşdi, getdikcə itirməyə alışdıq.

Bizim nəslin müharibəyə nifrət etməsinin, qələbəyə, qazanmağa təşnə olmasının səbəbi budur. Müharibə ən böyük travmamız, qorxumuzdur. İndi övladlarımıza danışacaq uşaqlıq xatirələrimizin kasadlığının tək səbəbi müharibədir.

Uşaqların əzab çəkmədiyi, öldürülmədiyi, travma almadığı sakit, sülh içində dünya istəmişik həmişə…

Müharibə uşaqların düşmənidir. Vətənində müharibə gedirsə, atəş xəttindən yüz kilometrlərlə uzaqda olmağın heç nəyi dəyişmir. Düşmən güllələri sənin arzularını, ümidlərini, oyunlarını öldürür...

9
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO
Rəsmi Bakı: "Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur"
Vətən Müharibəsinin bir ayı: Azad olunmuş ərazilər - SİYAHI
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

İkinci dalğa, amerikalıların çətin seçimi təhlükəli Makron

91
(Yenilənib 02:00 27.10.2020)
Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

BAKI, 26 oktyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Kəndir

Azərbaycan əsgərinin zəfər marşı davam edir. Ötən həftə Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Kəlbəcər rayonunun kəndləri, Zəngilan və Qubadlı şəhəri erməni işğalçılarından təmizləndi.

Paşinyanın Qərbə yalvarışları da davam etdi – Rusiya və Avropa ölkələrini ayrı-ayrılıqda dəng edən baş nazir NATO-nun da qapısını döydü, ancaq ona Brüsseldə dedilər ki, NATO tərəf deyil, gedin, öz probleminizi özünüz həll edin.

Paşinyan, deyəsən, nəhayət, başa düşür ki, qaranlığını aydınladacaq şamı öz əlində tutmayanın gecəsi zülmətə məhkumdur. O şam da yoxdur – erməni ordusu qocaların, uşaqların, qadınların ümidinə qalıb. Nəvələri ilə oynamaq yaşında olan ahıllar əlində avtomat ön cəbhəyə göndərilir, qadın bölmələri yaradılır, ermənilərin özünün yaydığı videolardakı azyaşlını isə hamımız gördük.

Yaxşı olar ki, erməni diasporu öz ölkəsinə humanitar yardımı dayandırıb, Paşinyana ağ bayraq göndərsin. Ağır məğlubiyyətlə üz-üzə olan baş nazir sonra o bayrağı kəndir kimi də istifadə edə bilər.

İtiqovan

Həftənin ən yaddaqalan nəsnəsi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hazıladığı PUA-lar idi. Düşmənin yuxusunu ərşə çəkən dronlar döyüş meydanında özünü təsdiq edir, qan uddurur, XXI əsrin müharibə nümunəsini yaradır. Müharibənin ilk 15 günündə düşmənə təkcə dronlar 1 milyarddan çox zərər vermişdi. Ümumilikdə, düşmən 2 milyard dollar dəyərindən artıq texnika itirib. Bu, Ermənistanın dövlət büdcəsi qədərdir. 

Bu gedişlə Yerevanda nəinki (xal) tank qalmayacaq, tank sürməyə adam da qalmayacaq. 

İkinci dalğa

Dünən ölkəmizdə koronavirusa 946 yeni yoluxma faktı qeydə alındı. Bu, artıq antirekorddur. Həftə ərzində koronavirusa yoluxma dinamikası narahatlıq doğuracaq tempdə idi.

Cəbhədə baş verənlər, Azərbaycan Ordusunun müzəffər yürüşü fonunda COVID-19 az maraqlı görünsə də, bizi az narahat etsə də, bu təhlükəni, türklər demiş, küçümsəyə bilmərik – koronavirusun “ikinci cəbhə”yə çevrilməsinə imkan verməməliyik. Dünya hələ peyvənd axtarışını davam etdirir. Koronavirusa qarşı peyvənd kütləvi dövriyyəyə çıxana qədər COVID-19-dan ölənlərin sayının 2 milyondan çox olacağına dair bədbin proqnozlar var.

Hər halda, o dərman tapılıb ortaya çıxana qədər, gəlin, biz maskamızı çənəmizdən bir az yuxarı qaldıraq.

Fransa üçün Makron təhlükəsi

Fransa Prezidenti Emmanuel Makron faktiki olaraq Fransa üçün təhlükəyə çevrilib. Məsələ burasındadır ki, ölkə başçısı 47 yaşlı məktəb müəllimi Samuel Patinin başının kəsilməsindən sonra açıqlamasında İslamın dəyişməli olduğunu bildirib və İslamı terror dini kimi səciyyələndirib. Bu isə təkcə Makrona yox, Fransaya baha başa gəlir. Ölkəyə siyasi təzyiqlər artıb, məhsulları baykot edilir, kiberhücumlar və s. Fransanın özündə də müsəlmanlar Makronu “ağ yuyub, qara sərirlər”.

Bu arada İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba da məlum sərsəmləməyə görə Fransa millisindən ayrılacağını açıqlayıb.

Amerikalılar seçim edirlər

Okeanın o biri üzündə prezident seçkisinə sayılı günlər qalır. Noyabrın 3-də amerikalılar seçki qutularına yaxınlaşıb, öz rəhbərlərini seçməlidirlər. ABŞ prezidentinin kim olması bütün dünyanı maraqlandırır, çünki bu adam supergücün başında oturmaqla, demək olar ki, bütün dünyanın taleyinə təsir edir. Deməli, amerikalılar təkcə özləri üçün prezident seçmirlər, bütün dünya üçün vacib adamı müəyyən edirlər. Ona görə də amerikalılardan daha məsuliyyətli olmağı xahiş edirik.

20 manat hansı mesajı verir?

Sosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki “20” rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində “Qarabağ” sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu ilə bağlı müzakirələr gedir.

Bu arada Mərkəzi Bank qərara gəlib ki, bir neçə manatın dizaynını dəyişsin, hansı ki, onların arasında 20 AZN də olacaq. Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

Böhranda varlanır

Dünyanın qarmaqarışıq vaxtında Fransanın LVMH şirkətlər qrupunun baş direktoru Bernar Arno bir həftə ərzində sərvətini 8 milyard ABŞ dolları məbləğində artırıb. 15-22 oktyabr arası LVMH-nin səhmləri 6 faiz artıb, buna “Louis Vuitton” və “Dior” markalarının güclü satışları kömək edib.

Görünür, kimlərsə koronavirusa qarşı spirt əvəzinə “Dior” istifadə edir.

91

Müdafiə Nazirliyi Ermənistanın dünən məhv edilən döyüş texnikasının sayını açıqladı

0
(Yenilənib 09:01 28.10.2020)
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb

BAKI, 28 oktyabr - Sputnik. Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusunun xeyli sayda canlı qüvvəsi məhv edilib.

Sputnik Azərbaycan bildirir ki, Müdafiə Nazirliyi eləcə də məhv edilmiş döyüş texnikasının sayını açıqlayıb.

Məlumata görə, 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Teqlər:
hərbi texnika, itki, əks-hücum, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Müdafiə Nazirliyi Xocavənd və Laçınla bağlı məlumat yaydı
MN: Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil
Ceyhun Bayramov: "Azərbaycanın səfərbərlik potensialı kifayət edir"
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Ermənistanın Sərhəd Qoşunları döyüşlərə cəlb olunub – itkilər açıqlandı