Notebuk arxasında uşaqlar, arxiv şəkli

Filtrlənən internet: hər dövlətin öz marağı həmişə öndə olacaq

223
(Yenilənib 20:07 20.05.2020)
Azərbaycanda məhdudlaşdırıcı tədbirlər adətən erotik, pornoqrafiq materiallar dərc edən saytlara aid edilir. Bəzən kazino saytları da bloklaşdırıla bilər. Qanunu sistematik pozan xəbər saytları da qapadılır.

BAKI, 20 may — Sputnik. Ukrayna prezidenti Vladimir Zelenski Rusiya saytları və sosial şəbəkələrinə qoyulan qadağanı daha 3 il müddətinə uzadıb. Müvafiq fərman ölkə liderinin saytında dərc olunub.

İnfoqrafika:  Azərbaycan mobil internet reytinqində
© Sputnik / Elnur Salayev
 “Odnoklassniki”, “VKontakte” kimi iri Rusiya şəbəkələri, həmçinin “Yandex” şirkətinin bütün xidmətləri Ukraynada qadağa edilib. Sanksiyalar “Kasperski” antivirus proqramı və “1S” şirkətinin məhsullarına da şamil edilib. Qadağının vaxtının uzadılması təklifini Ukraynanın Təhlükəsizlik xidmətinin rəhbəri İvan Bakanov irəli sürüb.

Din təbliğat və milli-mental dəyərlər də qadağa üçün əsas ola bilər

Belə hallara dünya praktikasında kifayət qədər rast gəlinir. Bir ölkəyə məxsus sosial şəbəkə, sayt və digər internet xidmətlərinin başqa ölkədə qadağan edilməsi siyasi, iqtisadi, psixoloji səbəblərdən baş verir. Kibertəhlükəsizlik məsələləri, dini təbliğat və milli-mental dəyərlər də qadağa üçün əsas ola bilər.

Haradasa 15 il öncə dünyada internetin bütün insanları birləşdirəcəyi bir amil rolunu oynayacağı ideyası populyar idisə, hazırda vəziyyət xeyli dəyişib. İqtisadi potensialı, siyasi gücü olan hər bir dövlət həm də özünü qlobal məkanda hər hansı dəyərlərin daşıyıcısı kimi təqdim edir. İnternetdə təkcə Hollivud filmləri və ya Disney animasiyaları liderlik etmir, Çin, Yaponiya, Cənubu Koreya, Rusiya, Avropa Birliyi ölkələri də milli adət-ənənə, mətbəx, geyim tərzini dünyaya yayırlar. Yapon suşiləri internetin köməyi ilə artıq ən ucqar ölkələrə belə çatıb. Bu prosesi sosial şəbəkələr və müxtəlif servislər də sürətləndirir.

Trafik filtr sistemindən keçərək Səudiyyə Ərəbistanına daxil olur

Amma bir yerdə çox rahatlıqla qəbul edilən dəyərlər digər ölkədə xeyli problem doğura bilər. Səudiyyə Ərəbistanı nümunəsi olduqca maraqlıdır. Yaxın Şərqdə ABŞ-ın ən yaxın siyasi və iqtisadi partnyoru olan Səudiyyə Ərəbistanı ölkə daxilinə demək olar heç bir Qərb dəyərini buraxmır. Hər hansı bir ABŞ brendi ölkədə rahatca satıla bilər, amma açıq-saçıqlığı, alkoqolu, narkotikləri reklam edən internet platformaları qadağın ediləcək. Bu ölkədə daxili senzura var. 2001-ci ildən qadağaların sayı artmaqdadır. Daxildə istifadə üçün ABŞ-dan xüsusi filtr sistemi sifariş edilib. Bütün trafik bu sistemdən keçərək Səudiyyə Ərəbistanına daxil olur. 100 minlərlə sayt qadağan edilib, özü də bunların 90%-i pornoqrafiq saytdır. Ölkədə milli və islam dəyərləri dəqiqliklə qorunur. Heç bir siyasi və iqtisadi maraqlar islamdan üstün tutula bilməz.

Birləşmiş Ərəb Əmirliklərində də pornoqrafiya, alkoqol, narkotikləri təbliğ edən saytlar filtrlənir. Bəzən siyasi səbəblərdən də bloklanma olur. Ölkənin bəzi hissələrində, xüsusilə də Dubayda turizm və ticarətin inkişafını təmin etmək üçün nisbətən azad internetə rast gəlinir. “Twitter”, “Facebook”, “YouTube” kimi böyük platformalara qarşı da ara-sıra qadağalar tətbiq edilir. “Flickr”, “Skype”, «VKontakte» kimi böyük servislərə də uzun müddət qadağa qoyulub. BƏƏ-də sərtləşmə və yumşalma rejimi bir-birini tarazlaşdırır.

Çindəki “Qızıl qalxan” sistemi kontentin filtrlənməsi ilə məşğuldur

Çində də sosial şəbəkə və dünyada populyar olan platformaların bir çoxu ya tam, ya da qismən bloklanıb. Çin hökumətinin qurduğu “Qızıl qalxan” sistemi kontentin filtrlənməsi ilə məşğuldur. “Google”, “Facebook”, “Twitter”, “YouTube”, “Instagram” kimi məşhur şəbəkələr Çində bloklanıb. “Qızıl qalxan”ın 2 milyona qədər əməkdaşı var. Hər gün milyonlarla müxtəlif məzmunlu sorğular monitorinq edildikdən sonra internetə buraxılır.

Əlbəttə, Çində axtarış sistemlərindən tutmuş sosial şəbəkələrə qədər bir xeyli platforma var. Amma burada anonimliyi qorumaq olmur, çünki qeydiyyat zamanı mütləq şəxsiyyəti təsdiq edən sənəd tələb edilir. Bəzi sosial şəbəkələr populyarlığı və istifadəçi sayına görə heç də “Facebook” və “YouTube”-dan geri qalmır. “Renren Network” şəbəkəsi tələbələr arasında populyardır. “Sina Weibo” isə mikrobloqlardan ibarət məşhur servisdir. “Qzone” sosial şəbəkəsi isə istifadəçi sayına görə dünyada üçüncü yerdə qərarlaşıb. Yalnız Çinin daxilində istifadə edilir və kənarda tanınmır.

İranda ən məşhur sosial şəbəkə “Cloob.com” sayılır

Uzun illərdir ABŞ-la qarşıdurma vəziyyətində yaşayan İran da bir çox məşhur platformaları bloklayıb. “Facebook”, “Twitter”, “YouTube”-dan yararlanmaq olmur. İranda ən məşhur sosial şəbəkə “Cloob.com” sayılır. Farsdilli şəbəkədə 5 milyondan artıq istifadəçi var. “Whatsapp”, “Viber” kimi mesencerlər də qadağı siyahısına daxil edilib.

İranın Rusiya ilə isti münasibətinə baxmayaraq “VKontakte” şəbəkəsi və “Yandex” axtarış sistemi də bloklanıb. Nə qədər qəribə görünsə də, İranda “Telegram” mesenceri olduqca populyardır, 40 milyona yaxın insan ondan yararlanır. Bir ara onu bloklasalar da, daha sonra İran hakimiyyəti mesencerin istifadəsinə icazə verməyə məcbur olub, çünki ölkə iqtisadiyyatında mühüm rol oynayır, minlərlə insan onun köməyi ilə iş birliyi qurur. “Telegram”ın bloklanması bir çox vətəndaşı işsiz qoya bilər.

Çinin “TikTok” mobil proqramı ABŞ-ı xeyli narahat edib

Qadağalar bu və ya başqa formada dünyanın aparıcı ölkələrində də mövcuddur. Məsələn, Çinin “TikTok” mobil proqramı ABŞ-ı xeyli narahat edib. Artıq 400 milyondan artıq istifadəçisi olan proqramı ABŞ-ın hərbi donanmasında qadağan ediblər. Hərbçilər bu proqramın kibertəhlükəsizlik üçün problem olacağını düşünürlər. Amerikalı hərbi dənizçilərinin smartfonlarında “TikTok” olduğu halda onların qapalı hərbi şəbəkəyə daxil olmalarına qadağa qoyulub. 

Almaniyada 2018-ci ildə sosial şəbəkələr haqqında qəbul olunmuş qanun nəzarəti xeyli sərtləşdirib. Sosial şəbəkə administratorları qeyri-qanuni kontenti yığışdırmağa məhkum ediliblər. Nifrət və ədavəti paylaşan mətnlər vaxtında silinməsə, 50 milyon avro cərimə tətbiq edilə bilər.

Azərbaycanda hər hansı sosial şəbəkənin qapadılması məsələsi gündəmdə olmayıb

Azərbaycan internetində hər hansı bir platformanın qapadılması, bloklanması və ya məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna görə tənzimlənir. 2017-ci ilin mart ayında qanuna bir sıra dəyişiklik də edilib. Bu dəyişik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə saytlara dövlətçiliyə, milli-mental dəyərlərə qarşı paylaşılan, terrorçuluq, ekstremizmə çağırış olan materiallara görə xəbərdarlıq etmək hüququ verib. Nazirliyin Təhlükəsizlik Mərkəzinə hüquq-mühafizə orqanlarından qanun pozuntusu ilə bağlı müraciət daxil olarsa, həmin sayta xəbərdarlıq edilə bilər. Ciddi qanun pozuntusu baş verərsə, Mərkəz saytı xəbərdarlıq olmadan belə qapada və ya bloklaşdıra bilər.

Məhdudlaşdırıcı tədbirlər adətən erotik, pornoqrafiq materiallar dərc edən saytlara aid edilir. Bəzən kazino saytları da bloklaşdırıla bilər. Qanunu sistematik pozan xəbər saytları da qapadılır.

Oxşar qanun 2017-ci ildə Avropa parlamentində də qəbul edilib. Avropa Birliyinin ərazisində saytların bloklanması əsasən alıcıların hüquqlarının qorunması çərçivəsində baş verə bilər. Hətta bəzi hallarda dövlətlərin milli təşkilatları məhkəmə qərarı olmadan da saytları bloklamaq hüququnu əldə ediblər.

Azərbaycanda hər hansı sosial şəbəkə və ya axtarış sisteminin bloklanması məsələsi gündəmdə olmayıb. Ölkə bütün böyük platformalara tam açıqdır. Bəzi hallarda söhbət yalnız dövlətçilik maraqlarına zidd olan hər hansı bir kontentin yığışdırılmasından gedə bilər. Bu da əsasən şikayət və ya müraciət edilməsi əsasında baş verir.

Dünyanı internetin vasitəsilə birləşdirmək ideyası nə qədər cazibədar görünsə də, dövlətlərin və millətlərin öz maraqları həmişə öndə olacaq. Hər bir dövlət öz virtual məkanını mümkün vasitələrlə qorumağa çalışacaq. Qadağalar bir tərəfdən tətbiq ediləcək, sonra isə aradan qaldırılacaq. Bütün bunlar qaçılmazdır.

223
Əllərində smartfonlar olan gənclər, arxiv şəkli

Alternativ kanallar: daha çox imkanın olması hava-su kimi əhəmiyyətlidir

61
(Yenilənib 18:15 19.10.2020)
Texnologiya nə qədər inkişaf etsə də, həyatda həmişə alternativ olmalıdır. Deyək, əgər dünyada hər bir məsələ internetə bağlanıbsa, bu halda istənilən bir ciddi internet problemi müasir sivilizasiyanın süqutuna apara bilər.

Amerikanın məşhur fantast yazıçısı Rey Bredberinin bir hekayəsində bir-biri ilə çarpışan iki ölkənin texnoloji qarşıdurması əks olunub. Uzun sürən müharibədə hər gün bir yeni silah icad olunsa da, qarşı tərəf tezliklə daha yenisini yaradırmış. Beləliklə, çarpışma heç vaxt bitmirmiş. Hər yeni texnologiya başqa birisinin ərsəyə gəlməsinə səbəb olurmuş. Beləliklə, bütün köhnə biliklər də unudulurmuş.

Həyatda həmişə alternativlər olmalıdır

Günlərin bir günü bir şəxs köhnə dədə-baba qaydasına qayıtmağa qərar verir. Adi kağızda klassik metodla hesablama aparır. Onun bu yanaşması yaşadığı ölkənin rəhbərliyində bir şok yaradır, çünki artıq heç kim hesablamanı kalkulyatorsuz apara bilmirmiş. Yəni bütün inkişaf mərhələsini keçəndən sonra insanlar yenidən sadə bir qaydaya üz tutmalı olurlar, çünki irəli getməyə yer qalmır.

Rey Bredberinin hekayəsi, əslində, daha ciddi problemi ortaya qoyub. Texnologiya nə qədər inkişaf etsə də, həyatda həmişə alternativ olmalıdır. Deyək, əgər dünyada hər bir məsələ internetə bağlanıbsa, bu halda istənilən bir ciddi internet problemi müasir sivilizasiyanın süqutuna apara bilər. İnternetə alternativ hər hansı informasiya kanalı varmı? Bəli, hələ var.

Ənənəvi şəhər telefonları informasiya ötürülməsində yararlı bir vasitədir

Məsələn, radio və televiziya siqnalları hələ də köhnə qayda ilə ötürülür. İnternet olmadan belə ölkənin istənilən yerində radionu dinləmək və ən azı yerli kanallara pulsuz baxmaq olur. Bəzi aparatların köməyi ilə pul ödəyib internetsiz, peyk vasitəsilə gələn televiziya siqnallarının köməyi də kanallara baxmaq, məlumat almaq olur.

Köhnə ənənəvi şəhər telefonları informasiya ötürülməsində yararlı bir vasitədir. İşıq da sönsə, internet də qırılsa, ona heç bir təsiri olmur. İşlədiyi kimi işləyir, əgər qarşı tərəfdə də belə bir telefon varsa, rahatlıqla pul ödəmədən danışmaq olur.

Texnologiya nə qədər inkişaf etsə də, nədənsə hələ də “köhnə”, bəlkə də yararsız kimi görünən bir çox vasitə hələ də praktik xeyir gətirməkdədir. “İnternetdə hər şey var, nəyisə yaddaş kartında saxlamaq nəyə lazım” deyənlərin bir çoxu hərdən ehtiyac duyulan bir məlumatı tapa bilmir. Bu gün bu kitab, film və ya digər informasiya açıq mənbədə var, sabah isə kiminsə tələbi ilə yığışdırıla da bilər.

Ailə şəkillərindən tutmuş şəxsi yazı-pozusuna kimi hər bir məlumatı internetdə saxlayan nə qədər insan var. Əvvəl bu şəkillər üçün albom alardıq, xüsusi səliqə ilə düzərdik. Hətta əsgərlikdən nə qədər gözəl albom gətirənlər var. Hərbi qulluğun son 6 ayını məhz bu işə sərf edərmişlər. İndisə hər nəyimiz varsa, vermişik “quql”un ixtiyarına. Açar cansız bir süni intellektin, axtarış sisteminin əlindədir, hara istəsə, ora da fırladacaq. Qapada da bilər, aça da.

Həmin texnologiya tam itmir, bir çoxu hələ də yaşamaqda davam edir

Deyirlər, “ehtiyatlı oğulun anası ağlamaz”. Yəni hər bir çətin durum üçün bir ehtiyat variantının olmalıdır. Ən çətin iş məlumatı qoruyub saxlamaq olub, çünki haraya yerləşdirsən belə, həmin sərt disk yanıb sıradan çıxa bilər. Adi disklər bəlkə də kompüterin yaddaş kartından daha etibarlı qoruyurlar məlumatı. Hətta özünün DVD diskinə 100 il təminat verən şirkət də var. Kifayət qədər bahalı olsa da, informasiya itmir.

Əslində, ehtiyat variantları, alternativlər bizim həyatımızı olduqca zənginləşdirir. Hər yeni texnologiya köhnəsini sırada çıxara bilər, amma həmin texnologiya tam itmir, bir çoxu hələ də yaşamaqda davam edir. Bunun yüzlərlə nümunəsini görürük. Hazırda dünya yeni enerji mənbələri axtarır, istehsal edilən avtomobillərin artıq tam elektrik enerjisi ilə çalışacağını proqnozlaşdırılır. Neft-qaz erasının bitəcəyini iddia edənlər də az deyil. Amma bütün bunlar bir əlavə ehtiyat variantı kim hələ uzun müddət bəşəriyyətə xeyir verə biləcəklər.

Dünyada ən böyük enerji ehtiyatı isə məhz daş kömür formasında toplanıb. Bəli, bu gün müasir şəhəri onunla qızdırmağa icazə yoxdur, amma bu enerji forması bizim sivilizasiyanı hələ uzun müddət məhv olmaqdan xilas edə bilər. Hələ neçə əsr onu yerin altında çıxarmaq imkanı var. Hələ də daş kömürdən dünya iqtisadiyyatında geniş istifadə edilir.

Braziliyada ən dəbdə olan yanacaq növü texniki spirtdir. Həm ekoloji təmizdir, həm də ondan avtomobillərin bir çoxu yararlanır. Həm istehsalı böyükdür, həm də hara gedəcəyi məlumdur. Deməli, dünyada baş verə biləcək neft-qaz böhranı bu ölkə üçün elə də təhlükəli deyil.

Müharibə dövründə alternativlərin qiyməti birə on artır

Vinil valların dövranı çoxdan bitib, amma hələ də onları sifariş edən, aparatını alıb musiqini dinləyən nə qədər insan var. Səbəbini özləri də bilmirlər bəlkə də. Ya deyək, kimi dindirsən, deyəcək kənd təsərrüfatında artıq yalnız və yalnız texnikadan istifadə edilir. Nə ata, nə eşşəyə yer yoxdur. Amma bu heç də belə deyil. Bir çox kiçik təsərrüfatda hələ də atdan yararlanırlar, çünki iri texnika saxlamaq həm bahadır, həm də problemli. Bunun benzini var, texniki qulluğu. 5 hektardan az olan fermer təsərrüfatında elə atdan istifadə daha məqsədəuyğundur. Dağ ərazilərində, texnika və avtomobillərin keçə bilmədiyi yerlərdə at da, eşşək də işə yarayır. Benzin və ya detalların olmadığı şəraitdə bir qədər otla işi yola vermək olar.

Müharibə dövründə alternativlərin, hər hansı bir əlavə variantların qiyməti birə on artır. Döyüş zonasında həm müvəqqəti, həm də daimi sülhə nail olmaq olar, amma informasiya müharibəsində atəşkəs olmur. Hamı deyir, daha vacibi internet və sosial şəbəkədir, burada gərək döyüşəsən. Əlbəttə, internetin imkanları olduqca yüksəkdir, amma bəzən internetin çatmadığı yerlərdə kiçik bir yerli radiostansiya əhəmiyyət kəsb edir. Elə Azərbaycanın özündə çoxlu peyk antenası var. Nə qədər insan bu alternativ informasiya kanalından yararlanır.

Azərbaycana bu gün hətta “dolma müharibəsində” belə qalib olmaq asan deyil

Axı, İsveçin də, Danimarkanın da xeyli kiçik şəhəri var. Bunların bir çoxunda heç Azərbaycanın varlığından xəbəri olmayan yüzlərlə insana lap elə yerli qəzet vasitəsilə ölkəmiz barədə faydalı bir məlumat vermək özü də bir qəhrəmanlıqdır. Qəzeti, radiosu, televiziyası hələ də məlumat ötürülməsində böyük əhəmiyyət daşıyan yüzlərlə ölkə var. Hər ölkənin kitabxanasına yerli dildə Azərbaycan barədə 10-15 kitab verə bilsək, xaricdə təhsil alan hər azərbaycanlı tələbə öz ölkəsi və Dağlıq Qarabağ münaqişəsindən ara-sıra 5-10 kəlmə danışa bilsə, informasiyanın çatdırılmasında irəli gedə bilərik. Görə biləcəyin kiçik bir işi bacarsan, deməli ümumi prosesdə qalib gələ bilərik.

Erməni tərəfi artıq əsrləridir hər bir alternativ kanaldan informasiya ötürməklə məşğuldur. 300 növ dolması olan Azərbaycana bu gün hətta “dolma müharibəsində” belə qalib olmaq asan deyil. Hələ sovet dönəmində “Aşpaz müsabiqəsinə gəlmişik” adlı erməni filmində dolma ilə bağlı yaddaqalan bir epizod nəzər çəkir. Moskvaya yarışmaya gələn erməni aşpazları məhz dolma bişirir və vaxtında onu jüriyə verə bilmirlər. Yer tutmasalar da, dolmanın çox dadlı olması ilə bağlı xeyli tərif eşidirik. Yəni hələ 1977-ci ildə ekrana çıxan bu film Sovet İttifaqının hər yerini gəzmişdi. Gəl, bundan sonra sübut elə ki, dolma türk mənşəli sözdür və Azərbaycanda daha dadlısı bişirilir.

Hər bir mümkün ehtiyat kanalları ilə məlumat ötürməyi bacarmalıyıq. Məlumatın yalnız Facebook və ya Twitter-lə ötürüldüyünü düşünmək doğru deyil. Hərtərəfli ehtiyat sistemləri, alternativ kanallar olmalıdır. İnformasiyanın ötürülməsində daha çox imkanın olması hava-su kimi əhəmiyyətlidir. Bu baxımdan daha çox çalışmağa ehtiyac duyulur.

61
Bayraktar pilotsuz uçuş aparatı, arxiv şəkli

PUA-lar, İsa Məsih, Laçın koridoru və...

449
(Yenilənib 23:07 19.10.2020)
Müharibələr həm də informasiya cəbhəsindədir. İki həftədir ki, internet məkanı üçün tətbiq olunan məhdudiyyətlər olduqca ağıllı qərara söykənir.

BAKI, 19 oktyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Müzəffər əsgər

Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Cəbrayıldan sonra Hadrut və Füzulinin, onlarla kənd və strateji yüksəkliklərin işğaldan azad edilməsi həftənin əsas hadisələri kimi tarixə düşdü. Pərən-pərən düşmüş erməni ordusu itirilən mövqelərə "xilasedici" bir ad da tapıb: "Taktiki olaraq geri çəkilmə".

"Knopka" müharibəsi deyə biləcəyimiz bu savaşda erməni ordusunun 2 milyard dollardan artıq dəyərdə texnikası məhv edilib. PUA-lar isə düşmən üçün həbi olmayan başağrısıdır. Bu uçan aparatlar düşmənə 1 milyard dollardan artıq zərər verib.

Kilsə, yoxsa günahsız uşaqlar?

Düşmənin Gəncəni hədəf almasından sonra 3 azyaşlı uşaq həyatını itirdi, iki uşaq isə hələ də itkindir. Terroru döyüş taktikasına çevirmiş Ermənistan üçün bu, yeni təcrübə deyil. 63 uşağı qətlə yetirdikləri Xocalı faciəsi o qədər də uzaq keçmişdə qalmayıb.

Bu arada Ermənistan Azərbaycan raketinin erməni kilsəsinə dəydiyini iddia edib. Münaqişəyə dini don geyindirməyə çalışan işğalçı, görünür, unudur ki, Azərbaycanın paytaxtında erməni kilsəsi bu gün də qorunur. Bu blef faşisti xilas etmir. Lap tutaq ki, hansısa raket kilsənin daşına toxunub, dünya dağılıb?! Gəncədə daşlar altında qalan uşaqlara görə kim cavab verəcək?! Yəqin İsa sağ olsaydı, kilsənin dəyən zərərdən daha çox, uşaq ölümünə görə qəzəblənərdi...

İkinci cəbhə

Cəbhədəki gərginlik azmış kimi bir də koronavirusla mübarizəyə köklənməliyik. Xəstəliyə yoluxanların sayındakı artım dinamikası həyəcanlanmağa əsas verir. Tabloda 600 rəqəmi yenidən göründü. Səbəb çox sadədir: sosial məsafəni gözləmirik, maska taxmırıq, yəqin ki, gigiyenik qaydalara da düzgün əməl etmirik. Karantin qaydalarının yenidən sərtləşdirilməsi də bu baxımdan gözlənilən idi... Bu arada metronun bağlanması ilə isə avtobuslarda daha çox mehribançılığın yaranacağı proqnozlaşdırılır.

Hər şey cəbhə üçün

TƏBİB rəsmisi bildirdi ki, həkimlərimiz cəbhəyə can atır, bu bölgələrdə çalışmaq istəyirlər: "Bakıdan həmin xəstəxanalara həkim briqadası ezam olunub. Könüllü olaraq gedən həkimlərimiz də var".

Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr edən şəxslər, şirkətlər, əsgərlərə kabab çəkənlər, kotlet bişirənlər, yataq, paltar və digər ləvazimatlar göndərənlər və cəbhəyə can atan həkimlər – budur milli birliyin təntənəsi!

İnformasiya təhlükəsizliyi

Müharibələr həm də informasiya cəbhəsindədir. İki həftədir ki, internet məkanı üçün tətbiq olunan məhdudiyyətlər olduqca ağıllı qərara söykənir. Bu, düşmənin dezinformasiya hücumunun bloklanması baxımından olduqca əhəmiyyətlidir. "Kontaktsız müharibə" XXI əsrin müharibəsdir – kimdə daha çox informasiya varsa, informasiya selini düzgün idarə edirsə, o da istənilən rəqabətdə, toqquşmada favoritdir.

"Makarov"

Laçın rayon sakini Ə.Vəliyev tapdığı "Makarov" markalı tapançanı və içərisində 4 ədəd patron olan patron darağını könüllü olaraq Səbail rayon Polis İdarəsinə təhvil verdi. Burada təəccüblü bir şey olmasa da, - jurnalistikanın "itin insanı dişləməsi yox, insanın iti dişləməsi xəbərdir" postulatı yada düşür, - ötən həftə əksər saytlar bu hadisəyə diqqət ayırdı. Görünür, Laçın koridoruna getməyə hazırlaşdığımız bu günlərdə Laçın sakininin tapançanı polisə qaytarmasıdır təəccüblü olan.

Təhsilsiz il

Ötən həftə təhsil ocaqları yenidən tətilə çıxdı. Yorulduqları üçün yox, səbəb koronavirusun yayılma tempinin yüksəlməsidir.

Görünən odur ki, 2020-ci il dünyanın təhsildən ən çox uzaq düşdüyü il kimi tarixə qovuşacaq. Martın əvvəlindən etibarən məktəblilər, tələbələr sərasər dincəlir. Distant təhsil isə özünü doğrultmur – ya şagird üçün internet əlçatan deyil, ya müəllim üçün, ya da istifadə çətinliyi var və s.

Növbəti həftənin bazar ertəsi görüşərik - əgər internet əlçatan olsa...

449
Azərbaycan HHQ-nin təyyarəsi, arxiv şəkli

Ağdam istiqamətində Ermənistan SQ-nin hərbi texnikası infrastrukturu məhv edilib

28
(Yenilənib 19:29 24.10.2020)
Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edilib.

BAKI, 24 oktyabr - Sputnik. Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

28
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə