DİN əməkdaşı, arxiv şəkli

"Ağ atlı" qara maskalılar, faşist nəvəsinin yeni blefi, tələbə puluna "tunel baxışı"

334
(Yenilənib 19:53 18.05.2020)
Sual yaranır, universitet tələbədən təhsil haqqını almadan müəllimə, işçilərinə maaşı necə versin, vergiləri və digər xərcləri necə qarşılasın?

BAKI, 18 may — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir.

Yumşalırıq...

Nəhayət, tədricən aydın olur ki, koronavirusun bitəcəyini gözləməyə dəyməz. Biz onunla birlikdə yaşamağı öyrənməliyik. Bütün dünya sərhədlərini yenidən açmağa hazırlaşır. Mərhələli çıxış planlarının icrasına başlanılıb. Baxmayraq ki, ötən həftə virusa tutulanların sayı 4,5 milyonu, ondan ölənlərin sayı isə 310 mini ötdü.

 Ölkəmizdə karantin rejiminin şərtləri bir qədər də yumşaldıldı, əksər dünya ölkələri də bu və növbəti ay ərzində yumşaldılmaları davam etdirərək, həyatın nisbətən əvvəlki ritminə qayıtmasına hazırlaşır. Hər halda, pandemiya Yer kürəsini orbitindən çıxarmasa da, əməllicə silkələdi. Onun dünya iqtisadiyyatına təsirinin nikbin proqnozlara görə, 5,8 trilyon dollar, daha bədbin yanaşma ilə - 8,8 trilyon dollar olacağı gözlənilir. Bir sözlə, dünya acından ölməmək üçün virusa uyğunlaşmaq məcburiyyətindədir.

Ağ maska

Azərbaycan infeksiyanın yayılmasının qarşısının alınması, pandemiyanın təsirinin minimallaşdırılması üçün bu dövr ərzində effektiv addımlar atdı.

Hər bir böhran fürsətdir həm də. İnfeksiyanın yayılması ilə bütün dünyada dezinfeksiyaedici məhsullara olduğu kimi, tibbi maskalara da tələbat artdı. Tələbin yüksəlməsi fonunda qiymət artımı da müşahidə olundu. Belə halda, Azərbaycan tibbi maskanın daxildə istehsalı ilə bağlı qərar qəbul etdi. Ötən ay birinci, ötən həftə isə ikinci tibbi maska müəssisəsi işə salındı. Beləliklə, Azərbaycan bu istiqamət üzrə daxili tələbatı ödəməklə yanaşı, ixrac səbətinə daha bir məhsul əlavə etmiş oldu. Çünki hazırda dünya bazarında maskaya ehtiyac böyükdür və biz qeyri-neft sektoru üzrə daha bir məhsulumuzu uğurla bu bazara təqdim edə bilərik.

Qara maska

Ötən həftə "ağ atlı" oğlana çevrilmiş "Qara maskalı"lar Dövlət Sərhəd Xidmətində oldular. Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyatı ilə DSX-nin rəis müavini general-leytenant Əfqan Nağıyev, Xidmətin yüksək rütbəli hərbi qulluqçuları saxlanıldılar.

Şənbə günü isə DTX 2008-ci ildə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqında şübhəli bilinən Saleh Adilovu Türkiyənin Van şəhərində saxlayaraq ölkəmizə gətirdi.

Sosial şəbəkələrdəki reaksiyalardan görünür ki, əməliyyatlar hər kəsin ürəyincədir, çoxları əməliyyatçıları öz şəhərinə, rayonuna dəvət edirlər.

Adlar və talelər 

Ötən həftə “EuroHome” tikinti materialları bazarı ərazisində növbəti dəfə yanğın baş verdi. Xatırladaq ki, sözügedən bazarda 2019-cu ilin dekabrında da yanğın baş vermişdi. Həmin vaxt 5 hektar ərazisi olan bazarın 2 hektarı yanmışdı.

“EuroHome” tikinti mağazası yenidən yanğının ağuşunda
© Sputnik. Kamilla Əliyeva / Taleh Mahmudov / Leyla Orucova

Ölkədə yanğın təhlükəsizliyi normalarına yetərincə əhəmiyyət verilmədiyi, iş adamlarının tələblərə lazımınca riayət etmədiyi bir daha aydın oldu. Amma bədbəxt hadisə bir yerdə iki dəfə təkrarlanıbsa, görünür, həmişə "başına gələn başmaqçı olmur", artıq inzibati qaydada sərt tədbirlərin vaxtıdır.

Məkanın adının "Eurohome" olması da hələ o, demək deyil ki, həmin yerdə Avropa standartları tətbiq olunub.

Paşinyandan növbəti blef

Ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni faşistlərlə əməkdaşlıqda ittiham etdi.

Paşinyanın bu gedişinin məqsədi aydındır: diqqəti faşizmin bir parçasına çevrilmiş babasından yayındırmaq.

İndi isə Rəsulzadənin faşizmə münasibəti barədə bir fakt - Hitlerə və onun faşist ideologiyasına olan münasibətini M.Ə.Rəsulzadə belə bildirirdi: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”.

Paradoks

Həftənin ən çox müzakirə olunan məsələlərindən biri də ali təhsil ocaqlarında tələbələrdən təhsil haqlarının tələb olunması ilə bağlıdır. Bu tələbin karantin rejimi dövründə, pandemiyanın yaratdığı sosial-iqtisadi şərtlər altında yersiz olduğu ilə bağlı fikirlərə sosial şəbəkələrdə tez-tez rast gəldik. 

Ancaq bu məsələyə "tunel baxışı"dır - sual yaranır, universitet tələbədən təhsil haqqını almadan müəllimə, işçilərinə maaşı necə versin, vergiləri və digər xərcləri necə qarşılasın? Bu problem əsasən təhsil haqqını hissə-hissə ödəməyə imkan yaradan universitetlər qarşısında yarandı. Yəni digərləri onsuz da illik təhsil haqqını fevraladək tələbədən tələb edərək, almışdı. Deməli, humanizm qurban tələb edir...

Uşaqda fərasətə bax

Paytaxtda apteklərdən uşaq qidaları oğurlayan Bakı şəhər sakini Gündüz Əsədpur saxlanıldı. Bu oğurluq faktları barədə informasiyalar yayılarkən sosial şəbəkələrdə emosional rəylər bir-birini əvəz edirdi: uşaq yeməyi oğurlayırsa, deməli, uşağı acdır...

Nəhayət, özünü ələ verən Gündüz "uğur hekayəsi"ni bölüşüb: gənc məhz uşaq qidaları oğurlamasını onunla əsaslandırıb ki, karantin şəraitində aptek sahibləri şikayətçi olmayacaq və hər kəs onun evində azyaşlı uşağının ac olmasına görə bu addımı atdığını düşünəcək. Məlum olub ki, G.Əsədpur subaydır. O, uşaq qidalarını müxtəlif şəxslərə sataraq əldə etdiyi pulla öz istifadəsi üçün şəxsiyyəti istintaq tərəfindən araşdırılan mənbələrdən narkotik vasitələr əldə edib.

Bax belə. Şərhsiz-filansız...

334
Əlaqədar
Vəfasız neft, üzərlik, mərc oyunları və zalım fələk
Sükut, fasilə, sanksiyalar və... "Dünyanın xoşbəxti mənəm dünyada"
"Qara maskalı"larla amputasiya, Bernard Şou və bankla banka arasındakı çətin seçim
Növbəti stansiya, 500-lük Vilyamlar, distant təhsil və Lukaşenkodan tövsiyə
Azərbaycan Mədəniyyət naziri Əbülfəz Qarayev, arxiv şəkli

Nazir seçimi, popkorn, Mənsimovun pulları rusiyalı gözəl xanım

123
(Yenilənib 19:01 25.05.2020)
Rusiyalı gözəl xanım, fitnes-dietoloq Anna Yolkinanın tövsiyəsini nəzərə alaq. O, immun sistemini 3 bitki ilə möhkəmləndirməyi məsləhət görür: çaytikanı, mərcangilə, quşüzümü

BAKI, 25 may — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Nazir seçimi

Ötən həftə mədəniyyət naziri Əblüfəs Qarayev vəzifəsindən azad edildi. Bu, bir neçə gün öncə nazirlikdə keçirilmiş əməliyyatın məntiqi, gözlənilən davamı idi. Nazirliyin mədəniyyəti bir kənara qoyub, "mədə niyyətli" davranmış bir neçə vəzifəli şəxsinin həbsindən sonra mədəniyyət nazirinin vəzifəsindən azad olunmasının ardınca nazir postuna sosial şəbəkələrdə kadr axtarışı başladı. İnzibati iş üçün uyğun namizədlərlə yanaşı, bir sıra müğənnilərin adları da namizədlər sırasında hallanırdı: Brilliant Dadaşova, Aygün Kazımova və hətta Röya.

Yaxşı ki, nazirləri sosial şəbəkələrdə seçmirlər.

DSX-dan film

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyev və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxslərinin "toradüşmə" videosu da əvvəlkilər kimi maraqlı qarşılandı.

Prezident İlham Əliyevin məcburi köçkünlərə verilən evlərlə bağlı qanunsuzluqların aşkarlanması və bu istiqamətdə tətbirlər görüləcəyi barədə verdiyi anons isə neqativ hallara qarşı mübarizənin ardıcıl xarakterini ifadə etməklə yanaşı, yeni əməliyyat videolarının yayılacağını deməyə əsas verir. Bir sözlə, popkornlarınızı hazırlayıb, gözləyin...

Şuşada andiçmə

Ötən həftə qondarma Dağlıq Qarabağ respublikasının qondarma prezidenti Şuşada and içdi. "Andiçmə" şousunda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edirdi. Ermənistan pandemiya şəraitində Qarabağda separatçı rejim üçün "seçki" keçirməklə erməni icmasını təhlükəyə atdı. İndi isə bu mərasim. Bütün bunlar isə insan haqları, demokratiya, dövlətlərin suverenliyini başlıca prinsip elan etmiş Qərbdən görünmür. İkili standartlar, Ermənistana sığallar davam edir.

ABŞ-ın Ermənistandakı səfirinin Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin mərhələli şəkildə həlli ilə bağlı açıqlaması ilə əlaqədar suala verdiyi cavaba baxın: "Biz vasitəçilik missiyasının bir hissəsi kimi konstruktiv fəaliyyət göstərməyə çalışırıq və bu çoxillik münaqişəni həll etməkdə qərarlıyıq".

Cavab özü başdan-ayağa siyasi spekulyasiyadır. Ona görə də belə görünür ki, Şuşaya Azərbaycan tankının üstündə getmək lazım olacaq.

Kitabxanalarsız necə olacaq?

Məlum olduğu kimi, ötən həftə karantin rejimi bir qədər də yumşaldıldı. Bir çox obyekt və müəssisələr fəaliyyətini müəyyən şərtlər daxilində bərpa etdi. Vətəndaşlar isə kitabxanaların açılmasını səbirsizliklə gözləyir, sosial şəbəkələrdə bu məzmunda müxtəlif tonlarda çağırışlar səslənir, petisiyalar imzalanır...(?!) Dövlət isə bilir ki, sosial məsafə bizdə ən çox kitabxanalarda pozulur, ona görə tələsməyə dəyməz.

Mənsimovun pulları

Rumıniyalı sabiq futbolçu Ketelin Likioyu Moldova mətbuatına müsahibəsində 2005-ci ildə "Xəzər Lənkəran" – "Nistru" oyununda rəqibin onlara uduzmaq üçün 250 min dollar təklif etdiyini bildirib.

Müsahibə idmansevərlər, xüsusilə "Xəzər" azarakeşləri tərəfindən birmənalı qarşılanmasa da, indi-indi aydın olur ki, Mənsimovun futbol layihəsi niyə fiaskoya uğrayıb. Milyonlarla manat pul yatırılan klub zəif Moldova təmsilçisini meydanda döyüşərək keçməyə köklənmək əvəzinə meydandan kənarda həllər axtarırmış. Bircə bu misal klubun idarəçiliyini təcəssüm etdirir və sonrakı aqibətinin səbəblərinə işıq tutur.

Bayram faciəsi

Təəssüf ki, həftənin bazar günü Mingəçevirdən ürək dağlayan xəbər gəldi. Avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət aldı. Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb. Bu zaman həyat yoldaşının avtomobil idarə etməyi öyrətdiyi Zülfiyə adlı xanım "Opel" markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb.

Üç bitki

Nəhayət, koronavirus bizimlə birlikdə qalmaqda davam edir. Ötən həftə dünyada virusa yoluxanların sayı 5,5 milyona, həyatını itirənlərin sayı isə 350 minə yaxınlaşdı. Bununla belə, bütün dünyada karantin rejimlərinin şərtləri yumşaldılır, hamı "evindən çıxır", sərhədlərin açılması ilə bağlı müzakirələr aparılır. Görünən odur ki, virusa münasibətimiz dəyişir - biz onunla birlikdə yaşamalı olacağıq.

Hər halda, gəlin, immunitetimizi möhkəmləndirək. Məsələn, rusiyalı gözəl xanım, fitnes-dietoloq Anna Yolkinanın tövsiyəsini nəzərə alaq. O, immun sistemini 3 bitki ilə möhkəmləndirməyi məsləhət görür: çaytikanı, mərcangilə, quşüzümü.

123
Əlaqədar
"Serial" davam edir: Dövlət pullarını necə "yedikləri"nin sxemini açıqladılar - VİDEO
Xalq yazıçısı: “Koronavirus insanların kitaba qayıtmasına səbəb olacaq”
Anlayanlar üçün ibrət: Vakansiyadakı “nazir müavini” postu
Növbəti stansiya, 500-lük Vilyamlar, distant təhsil və Lukaşenkodan tövsiyə
Almaniya XİN: Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq
Məsciddə, arxiv şəkli

Ac-susuz qalmısan, yatmayıb dua etmisən: kim dözübsə, elə onun bayramıdır

187
(Yenilənib 16:14 24.05.2020)
Ramazan ayı bitir, bizi tərk edib gedir. Həm qüssələnirsən, həm də sevinirsən, çünki qismət oldu, bir daha bu halı duya bildin, oruc tutan bütün möminlərlə bir oldun.

BAKI, 23 may — Sputnik. Müqəddəs Ramazan ayını növbəti dəfə yola salırıq. Oruc tutanlar fitrə verməyə, bayramı təmtəraqla keçirməyə, bayram namazını yeni geyimdə qılmağa hazırlaşırlar. Hər il təkrarlanan bu sadə əməllərın nə qədər əhəmiyyətli olduğunu tək oruc tutanlar bilər. Bir ay cisminə əziyyət verməsən, bayramın gözəlliyini duya bilməzsən.

Ramazan bayramından öncə fitrə necə çıxarılmalıdır – Video
© Sputnik. Leyla Orucova / Kamilla Əliyeva / Taleh Mahmudov

30 gün ac, susuz qalmaqla nəhayət öz ruhumuza bir istirahət verə bilirik. İnsan bir varlıq olaraq elə hey yeyib-içməyə, yaxşı yaşamağa, gözəl ev-eşiyə, tərbiyəli övlada, mehriban ailəyə, var-dövlətə və digər maddi xeyrə can atır. Bütün bu işlər onun əsas ehtiyacının ödənilməsinə bir maneə yaradır. İnsanın əsas ehtiyacı nədir? Harada formalaşır? Nəyin əhəmiyyəti var, nəyin yoxdur? Bu suallara cavab axtarmağa belə vaxtımız olmur. Ruhun tələbatı bir növ kölgədə qalır.

Hər gün ora-bura qaçırıq, soruşanda “çörək pulu” qazanırıq deyə işimizin ağırlığından gileylənirik. Alırıq, satırıq, bir vaxtlar arzusu ilə yaşadığımız əşyaları bir gün təəssüf hissi keçirmədən belə zibilə atırıq. Arzularımız da bir gün bizə ağırlıq edir, mənasızlaşdıqca, yaxa qurtarmağa çalışırıq. Yaşa dolduqca, uşaqlıqda bəh-bəhlə yediyimiz təamlar bizə ağırlıq edir. Bəzi sevimli yeməklərimizi də yeməyi həkim bizə qadağan edir. Şəkərli diabetdən, ürək-damar xəstəliklərindən, artıq çəkidən əziyyət çəkirik. Nə xaş, nə düşbərə-qutab, nə yağlı, nə duzlu yeməyə yaxın dura bilmirik.

Nə qədər həyatımız varsa, elə axtarırıq. Vətəni qoyub qürbətdə yaxşı həyat tapmağa cəhd edirik. Çalışırıq, vuruşuruq, bir an belə dayanmırıq. Ramazan bizə dayanıb bir nəfəs almaq üçün imkan yaranan yeganə aydır.

Bədənimiz bir ildə toplanan toksinlərdən, beynimiz isə rahatlığımızı pozan, normal yaşamağa mane olan lazımsız fikir və arzulardan yaxa qurtarmağa unikal imkan yaranır. Adi günlərdə istədin istəmədin gündə 3-4 dəfə yeməli, yanğın oldu olmadı 2-3 litr su-çay içməli, bəzən istəmədiyin məclisə qonaq getməli, bəyənmədiyin insanlarla təmas qurmalı olursan. Mənasız insanların dedi-qodusu, qeybətinə qulaq asmağa bəzən məhkumsan. 

Ramazanda bütün bunlar harasa yoxa çıxır, qidalanmırsansa, deməli boş zamanın yaranır, beyninin dərinliyində gizlənib qalmış vacib fikirlərə, çoxdan görə bilmədiyin işlərə zaman ayıra, hətta, ürəyin istəsə, tək-tənha gəzə bilərsən.

Ay bitir, amma oruc tutan insan hələ uzun müddət gözü gördüyü qidaya əl uzada bilmir. Elə bilir, hələ də orucdur, birdən günaha batar, orucu pozular. Ramazandan sonrakı ruhun vəziyyətini sözlə ifadə etmək çətindir, elə bil həyata yenidən gəlmisən, təmizlənmisən, uşaq kimisən. 

Səni narahat edən xəstəliklərin, ağrıların da yoxdur. Bir müddət narahatçılığın olmayacaq. Düşünürsən, bu halı necə qoruyasan, necə yenidən yaşayasan. Ruhun dincəlir, onun imkanları da çoxalır.

Hər hansı depressiya, qorxu, mənasız fikirlər yoxa çıxır. Elə bil dünyanı sənə bağışlayıblar. Həyatını dəyişmək istəsən, asanlıqla edə bilərsən. Hansı qapını döysən, açıqdır. Yola çıxsan, istədiyini mütləq tapacaqsan.

Ramazan ayı bitir, bizi tərk edib gedir. Həm qüssələnirsən, həm də sevinirsən, çünki qismət oldu, bir daha bu halı duya bildin, oruc tutan bütün möminlərlə bir oldun.

Oruc tutan üçün dünyanın ən gözəl bayramıdır bəlkə də. Əzab-əziyyətini çəkmisən, ac-susuz qalmısan, gecələr yatmayıb dua etmisən, deməli, Ramazan bayramını keçirməyə layiq bir möminsən. Kim dözübsə, elə onun bayramıdır.

 

187
Şimşək. Arxiv şəkli

Yağış, şimşək, külək Faktiki hava açıqlandı

0
(Yenilənib 10:46 26.05.2020)
Havanın temperaturu iqlim normasından 1.5 dərəcə aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 19-22, aran rayonlarında 20-26, dağlıq rayonlarda 8-13, Naxçıvan MR-da 20-23 dərəcə isti təşkil edib.

BAKI, 26 may – Sputnik. Mayın 26-sı səhərədək olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, düşən yağıntının miqdarı Ağstafada 10 mm, Şərurda 5 mm, Gədəbəydə 4 mm, Balakən, Ceyrançöl, Tovuzda 2 mm, Şahbuz, Ordubad, Ağdərə (Ordubad), Naxçıvan, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Zaqatala, Qusar, Mingəçevir, Yevlax, Kürdəmir, Kişçay (Şəki), Xınalıqda 1 mm olub.

Qərb küləyi Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Bərdə, Xınalıqda 20 m/s, Mingəçevirdə 18 m/s, Naxçıvanda 16 m/s, Şəmkirdə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda 16 m/s-dək olub.

Havanın temperaturu iqlim normasından 1.5 dərəcə aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 19-22, aran rayonlarında 20-26, dağlıq rayonlarda 8-13, Naxçıvan MR-da 20-23 dərəcə isti təşkil edib.

Qeyd olunub ki, mayın 26-sı gündüz və mayın 27-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək.

0