500 avroluq əskinaslar, arxiv şəkli

Növbəti stansiya, 500-lük Vilyamlar, distant təhsil Lukaşenkodan tövsiyə

831
(Yenilənib 11:42 12.05.2020)
“Taclı bəla” barədə keçmiş zamanda danışmaq, sadəcə, mümkün deyil, hətta növbəti dalğalar da gözləniləndir.

BAKI, 10 may — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Qoşulmama Hərəkatını qoşulmağa çağırmaq

Azərbaycan koronavirusla mübarizədə beynəlxalq miqyasda əlaqələndirici missiya həyata keçirməkdədir. Çində epidemiyanın baş qaldırdığı ilk dönəmlərdə bu ölkəyə tibbi ləvazimatlarla dəstək göstərən ölkəmiz Ümümumdünya Səhiyyə Təşkilatına iki dəfə 5 milyon dollar ianə etməklə qlobal həmrəyliyə dəstəyini əməli addımla ifadə edib. Aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türkdilli Ölkələrinin Əməkdaşlıq Şurasının Zirvə görüşü bu pandemiyaya həsr olunmuş ilk Zirvə Görüşü idi. Ötən həftə yenə Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşünün keçirilməsi Azərbaycanın qlobal mübarizədəki rolunun təzahürüdür. Azərbaycan “qlobal cavab” modelini təklif edir və bütün ölkələri həmrəyliyə çağırır. Zirvə Görüşlərində Azərbaycanın ortaya qoyduğu konsepsiyanın əsasını da bu, təşkil edirdi.

500 yaşlı və 500 avroluq Vilyam

Artıq 500 ilə yaxındır ki, dünyanın teatr səhnələrindən düşməyən Vilyam Şekspiri bu günlərdə daha çox yad etdik. Məsələ burasındadır ki, onun adaşı  - İmişli icra hakimiyyətinin Vilyam Hacıyevin tamaşası ingilis yazıçınınkı qədər uzunömürlü olmayacaqsa da, olduqca maraqla qarşılandı. 500 avroluq paçkalar, maşınlar, qadın ayaqqabısı və s. 

Dövlət vilyamları təmizləməyə başlayıb, bu, tamaşa filan deyil, amma kim rolunu düzgün dərk etməyib və dürüst icra etməyibsə, mütləq səhnəyə çıxacaq.

Səhnə işinə baxan nazirlik

Tamaşadan, səhnədən söz düşmüşkən, ötən həftə buna cavabdeh olan nazirlikdə də əməliyyata şahidlik etdik. Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanıldı.

Əməliyyat həm də onu göstərdi ki, KİV-də və sosial mediada yeni dalğanın icra hakimiyyətlərinə qarşı yönəldiyi barədə qənaət yanlışdır, dövlət şəffaf işləməyən bütün orqanlarda amputasiya əməliyyatları aparacaq.

Növbəti stansiya...

Ötən həftə ölkəmizdə karantin rejiminin yumşaldılması davam etdi. Metronun fəaliyyətinin bərpa olunması ilə bağlı da qərar qəbul edildi və bu qərar onunla izah olundu ki, iş yerlərinin bir çoxunun açılması nəticəsində avtobuslarda sıxlıq yaranır ki, bu da xəstəliyin yayılma riskini artırır. “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov bildirdi ki, əgər sosial məsafə qorunmasa, koronavirusa yoluxma arta, metro yenidən bağlana bilər. 

Karantin rejiminin sərtləşdirilmə ehtimalı ilə bağlı rəsmi açıqlamalar tez-tez rast gəlməkdəyik. Yəni, “taclı bəla” barədə keçmiş zamanda danışmaq, sadəcə, mümkün deyil, hətta növbəti dalğalar da gözləniləndir – zatən, ötən həftə xəstələrin sayında qeydə alınmış neqativ dinamika da nikbin olmağa imkan vermir. Bir sözlə, növbəti stansiyanın nə olacağı aydın deyil.

Distant təhsil

Pandemiyanın bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yeni çağırışlar yaratdığı aydındır. Bu həftə Təhsil Nazirliyi və DİM rəhbərliyinin iştirakı ilə Operativ Qərargahın mətbuat konransında bir sıra məsələlərə aydınlıq gətirildi. Ancaq suallar əsasən cari məsələlərlə bağlı idi: ali məktəblərə qəbul imtahanı nə vaxt olacaq, necə keçiriləcək, buraxılış imtahanları, ali məktəblərdə semestr imtahanları və s. necə təşkil olunacaq. Ancaq bu sahədə ən vacib, uzunmüddətli dövrdə əhəmiyyətli olacaq məsələlərdən biri də distant təhsilin ölkənin bütün təhsil ocaqlarında fundamental şəkildə təşkili ilə bağlıdır. İxracyönümlü siyasətin prioritet olduğu indiki dönəmdə niyə də universitetlərimiz distant təhsilin ixracı ilə məşğul olmasınlar?!

Repetitor və kurslar üçün yeni mərhələ

Belə görünür ki, təhsil sahəsinin daha bir istiqamətində yeniliklər müşahidə edəcəyik. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Jalal-İ” tədris mərkəzində yoxlama aparıb. İstintaqla mərkəzdə təhsil alan tələbələrin təhsil haqlarını nağd qaydada ödəməsinə, müəllim və digər işçilərin əmək haqlarını C.Məhərrəmovun 2018-2020-ci illər üzrə qeydiyyat jurnallarına imza etməklə nağd qaydada götürmələrinə şübhələr üçün əsaslar müəyyən edilib.

Rəsmi məlumatın detallarına varmadan deyə bilərik ki, artıq repetitorlar və kurslar üçün də yeni mərhələ başlayır. “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə bu sahədən də yan keçməyəcək, bir VÖEN-lə, işçiləri rəsmiləşdirmədən şirkət sahibi olmaq dövrü geridə qaldı.

Bir ay səbr edin

Həftənin ən yaddaqalan açıqlamalarından biri isə Belarus prezidenti Aleksandr Lukaşenkodan gəldi. “COVİD-19”la bağlı əhaliyə xəbərdarlıq edən prezident, kişilərə başqa qadınlarla öpüşməməyi tövsiyə edib. Lukaşenko kişilərə, “bir ay səbr edin” deyib. “Bir kişi bir qadını öpübsə, onunla davam etsin. Başqa qadınlarla təmasda olmasın. Bir ay səbr etsin” deyə prezident bildirib.

İnsafən, Belarus prezidenti humanist mövqe nümayiş etdirib, həqiqətən bir ay nədir ki…

831
Yazı yazan kişi, arxiv şəkli

Rafiq Tağı 70: Unudulmaz dost, böyük yazıçı, şəfqətli həkim

1175
Qatilləri tapılmadı. Onun qətlə yetirilməsinə görə heç kəs cəza almadı. Burada da qəribə bir simvolika var.

Bu il avqust ayının 5-i tanınmış yazıçı, ədəbiyyatımızın görkəmli və sevilən nümayəndəsi, bıçaqlanaraq qətlə yetirilən Rafiq Tağının 70 yaşı tamam olur.

Yaşasaydı onun üçün təbdəbəli yubiley tədbiri keçirilməyəcəkdi.

Çox güman ki, hər hansı təltif, diplom, medal, mükafat da qəbul etməyəcəkdi.

Uzaqbaşı ailəsi, dostları ilə bu günü qeyd edib, üzündə işıqlı, həlim təbəssümlə növbəti yaşıyla vidalaşacaqdı.

Ona görə yox ki, Rafiq Tağı yazıçı olaraq mükafata layiq deyil, sadəcə dəbdəbəni sevməzdi ustad. Yeri gəlmişkən onun şəxsiyyəti bütün mükafatlardan, bütün təltiflərdən üstün idi. Sağlığında hətta "tanınmış yazıçı" ifadəsini belə, qəbul etmirdi – kifayət qədər tanınsa da, sevilsə də....

Təxminən 9 il əvvəl mənimlə söhbətində demişdi: "Azərbaycanda "titul" haçansa baş vermiş yaltaqlığın nişanəsidir. Titulsuzluq bunun əksidir. Saxta ad və san insana ləzzət eləməsin gərək".

O saxta ad-sandan ləzzət almayacaq qədər böyük şəxsiyyət idi!

Rafiq Tağı həyatda mülayim, yazıda sərt, bəzən acımasız bir imza sahibi idi. Yazısında, müsahibəsində bir nöqtənin, bir hərfin, ən sadə bir fikirin davasını aparan adam, çayxana söhbətlərimizdə necə bu qədər mülayim ola bilirdi? Üzündəki həlim və şəfqətli ifadə ğmrümün sonuna qədər məni izləyəcək! Və tam səmimiyyətimlə düşünürəm ki, Rafiq Tağı mənim ilk ən böyük itkim idi...

Rafiq Tağı
© Photo : Azpolitika
Rafiq Tağı

Bu xoşxasiyyət, mehriban, ipək kimi adamın mətnləri od-alov, üsyan, başdan-başa etiraz idi. Yazılarını oxuyanda, onunla üz-üzə oturub söhbət etməyə, polemikaya girməyə çəkinirdin. Ancaq, əslində böyüklə-böyük, uşaqla-uşaq idi. Azacıq ədəbiyyat işığı gördüyü adamla oturub söhbət etməyə, polemikaya girməyə, bildiklərini bölüşməyə üşənməzdi. O qədər canayaxın, mehriban, gülərüz insan idi ki, insan özündən asılı olmadan bütün dərdini-sərini onunla bölüşməyə qeyri-iradi başlayırdı. Qəfil ayılırdın ki, illərin doğması kimi dərdləşirsən, içini açıb-tökürsən...

Bəlkə də onun sevilməsinin, sayğı görməsinin səbəbi bu sadəlövhlüyü, canayaxınlığı və qayğıkeşliyi idi.

Rafiq Tağı yorulmaz maarifçi idi. Hər söhbətində, hər yazısında oxumağın, mütaliənin faydasını xüsusi vurğulayır, bəzən fikirlərini sərt şəkildə ifadə etməkdən də çəkinmirdi.

"Kitabı nə üçün oxuyurlar: estetik baxışları formalaşdırmaq, incələşdirmək və heyvan səviyyəsindən çıxmaq üçün. Kim dediyim səviyyədə qalmaq istəyirsə, oxumasın – məcbur edən yoxdur." – Onun fikirləridir. Bəzən mütaliənin faydasını, oxumağın önəmini bu cür sərt şəkildə ifadə edir, oxumağın xalqın inkişafı üçün önəmini, dəyərini hər zaman xüsusi vurğulayırdı.

Rafiq Tağı imkansız xəstələrinin müalicəsi üçün dərman alan, xəstəsinin evinə əlidolu – bazarlıq edib gedən tək-tük həkimlərimizdən idi. Bəlkə də onun canayaxınlığı və qayğıkeşliyi, şəfqətli davranışları peşəsindən irəli gəlirdi.

Qətlə yetirilməsi, bıçaqlanması qəfil, gözlənilməz olsa da, özü sanki bunu öncədən duymuşdu və başına gələcəkləri yazıçı həssaslığı ilə həsr etmişdi. Onu hər dəfə xatırlayanda gündəliyimə qeyd etdiyim söhbətləri, ondan aldığım müsahibələri yenidən xatırlayıram, təkrar-təkrar oxuyuram. Qətlə yetirilməsindən təxminən on ay öncə aldığım müsahibəsində bir fikir səsləndirib. Və ölümündən keçən doqquz il ərzində mən hər dəfə bu fikiri xatırlayanda dəhşətə gəlirəm: "Başında Allah ideyası olmayan, humanizmdən bixəbər, ideyalar dünyasından yan keçmiş insandan nə desən gözləmək olar. Durduğum yerdə bıçağı qarnıma soxsalar, şəxsən mən təəccüblənmərəm."

Bəli, o sanki cəhalətin bıçaq zərbəsi ilə həyatını itirəcəyini, qətlə yetiriləcəyini, güzəştə getmədiyi bu savaşda şəhid olacağını öncədən duyurdu. Onu məhz "durduğu yerdə", heç bir səbəbsiz, gözlənilmədən qətlə yetirdilər. Ancaq cəhalət əlindəki bıçağı üzbəüz, gözlərinin içinə baxaraq qarnına soxmağa cəsarət etmədi. Rafiq Tağı ilə birlikdə ədəbiyyatımızı da, mədəniyyətimizi də kürəyindən bıçaqladılar...

Onu Allahsızlıda suçlayırdılar, ancaq Rafiq Tağı Allaha bütün dindarlardan bir köynək daha yaxın idi. Özü etiraf edirdi ki; "həyatımı İsa peyğəmbərin əxlaqına uyğun tərzdə qurmağa çalışıram."

Bu gün yana-yana xatırladığım böyük dost, böyük yazıçı, böyük şəxsiyyət Rafiq Tağı cəhalətin qurbanıdır. Onun işığı qarşısında gözü qamaşanlar bu işığı söndürmək üçün ən ləyaqətsiz yolu seçdi. Və biz öz sevimli yazıçımızı, əziz dostumuzu, ağsaqqalımızı qoruya, mühafizə edə bilmədik.

Qatilləri tapılmadı. Onun qətlə yetirilməsinə görə heç kəs cəza almadı. Bu məqamı düşünəndə sarsılıram. Burada da qəribə bir simvolika var. Çünki, onun qatili konkret bir adam deyil, cəhalət, savadsızlıq və nadanlıq idi. Və cəhaləti cəzalandırmağın yeganə yolu bu cəmiyyəti, bu toplumu maarifləndirmək, onun işığının, bilgisinin artmağına, çoxlamasına çalışmaqdır. Oxunan hər kitab, yazılan hər cümlə, gələcəyə ümidlə və arzuyla addımlayan hər bir gənc, alıb evimizə apardığımız hər bir kitab, Rafiq Tağının qatilindən aldığımız qisas, cəhalətə meydan oxumağımızsa o qatilə verdiyimiz ən böyük cəzadır.

Sənin ruhun qarşısında baş əyirəm dəyərli ustad, əziz dost...və ümid edirəm ki, hökmən görüşəcəyik!

1175
ABŞ-da epidemioloji vəziyyət

Mayk Pompeo, ərəblərin gecikmiş atomu, sosial lift xoşbəxtlik

890
(Yenilənib 20:16 03.08.2020)
Pul, həqiqətən də bəzən xoşbəxtlikdir. Və ya hansısa fikir adamının söylədiyi kimi – “Pul xoşbəxtlik gətirmir, amma bədbəxtlik baş verəndə çox kömək edir”.

BAKI, 3 avqust — Sputnik. 7x7 həftənin yaddaqalan hadisələrini şərh edir

Pərdə arxasındakı bəla

Əksər ehtimallar “taclı bəla”nın tezliklə həyatımızdan çıxmayacağını deyir. Bəzi qənaətlər isə hətta belədir ki, koronavirus əbədi olaraq bizimlə qalacaq, onun ilin sonunadək yoxa çıxacağına dair proqnozlar nikbin yanaşmanın məhsuludur. Ötən həftə dünyada bu xəstəliyə yoluxanların sayı 18 milyonu ötdü. Rəqəmlər şərtidir, bütün xəstələri qeydə almaq, sadəcə, mümkün deyil. Məlum olmayan təkcə xəstələr, onların sayı deyil. Pandemiyanın hansısa güc mərkəzləri tərəfindən idarə olunduğuna, Yer kürəsində insan sayının kəskin azaldılmasına hesablanmış proqram olduğuna dair mülahizələrin inandırıcılıq gücü də getdikcə daha çox artır. ABŞ dövlət katibi Mayk Pompeonun Ümumdünya Səhiyyə Təşkilatının Çinə satılmasına dair açıqlaması pərdə arxasında nələrinsə baş verməsinin növbəti ifadəsidir.

Alzheymer

Ötən həftə Paşinyan Rusiya kanalına müsahibədə “Qarabağ xalqı”ndan, Ermənistanın “konstruktiv” mövqeyinə qarşı Azərbaycanın “güc tətbiqi”ndən və s. danışıb. Tovuz istiqamətində gözləmədiyi səviyyədə cavab alan Ermənistanın diplomatik müstəvidə də küncə sıxılmasından sonra Nikolun sərsəmləmələri daixili auditoriya qarşısında itirilmiş xalların geri qaytarılmasına hesablanmış cəhdlərdir.

Rusiya televiziyasına müsahibəsində Paşinyanın gileyi də aydın sezilir. KTMT-dən gözlədiyi dəstəyi ala bilməyən baş nazir təbii olaraq məyusdur və Kremli Ankara ilə üz-üzə qoyaraq Türkiyənin münaqişəyə təsirini neytrallaşdırmağa çalışır. Sitat: “Türkiyə və Azərbaycan Minsk qrupunu prosesdən qovmaq istəyir. Rusiya isə susur”.

Rusiyada isə Paşinyanı Sorosun adamı kimi qəbul edirlər. Daxili böhran, diplomatik sahədəki uğursuzluqlar deməyə əsas verir ki, Nikol da tezliklə sələflərinin ardınca gedəcək.

Genetik yaddaş

Okeanın o biri üzündə də erməni lobbisi üçün xoş deyil. ABŞ konqresində Azərbaycan əleyhinə düzəlişə nail ola bilməmələri bir yana, Azərbaycanın torpaqlarının işğalı nəticəsində məcburi köçkünlərin pozulmuş hüquqları ilə bağlı düzəlişin konqresə təqdim olunmasının yaratdığı “duş effekti”nin təsiri keçməmiş Los-Anceles polisi erməni lobbisinin yalanını ifşa edib. Ermənilər sosial media platformalarında azərbaycanlıların bu şəhərdə keçirilmiş aksiyalarda silahlı olduqlarını, bununla bağlı polisə məlumat verdiklərini, polisin onların silahlarını müsadirə etdiyini, ancaq aksiya gedə-gedə onlara geri qaytardığını iddia ediblər.

Nə qədər də gülməli səslənir, deyilmi? ABŞ polisinin bu cür addım atması üçün hansı marağı ola bilər?! Erməni kimliyi, böhtançılıq, dezinformator genetik yaddaşı, deməli, dağları, dərələri, okeanları aşsan da, özünü göstərməlidir.

Azərbaycanlıların Orduya dəstək aksiyası, arxiv şəkli
© Photo : Consulate General of the Republic of Azerbaijan in Los Angeles

İslam kasıblığı

Birləşmiş Ərəb Əmirliklərində ərəb dünyasında ilk atom elektrik stansiyası – “Baraka” işə salınıb. Dünyanın neft ehtiyatlarının 10%-nə sahib olan, ən zəngin ölkələrdən birinə çevrilmiş BƏƏ-nin yalnız indi belə bir stansiyaya sahib olması islam dünyasının elm və texnologiyaya münasibəti, bugünkü dünyanın çağırışlarından nə qədər geri qaldığının göstəricisi sayıla bilər. Bu, hələ islam dünyasının ən qabaqcıl ölkələrindən biridir. Bəli, təəssüflər ki, bu gün dünyanın ən geridə qalmış ölkələri sırasında müsəlmanların yaşadıqları ölkələr üstünlük təşkil edir. Bir zamanlar elmin beşiyi sayılan islam ölkələrinin orta əsrlərdən sonra bu sahədəki tənəzzülü onların qabaqcıq Qərbdən asılılığını şərtləndirib.

Sosial lift

Azərbaycan isə yeni texnologiyaların tətbiqində, eləcə də elm və təhsil sahəsində islam dünyasının aqibəti ilə üzləşmək istəmir. Postneft dövründə bizi yalnız insan kapitalı xilas edəcək. Odur ki, ölkəmizdə təhsilin prioritet istiqamətlərdən biri elan edilməsi təsadüfi deyil. Ötən həftənin ən mühüm hadisələrindən biri yeni təhsil nazirinin təyin olunması idi. Yeni nazir Emin Əmrullayev həftə ərzində ən çox müzakirə olunan sima idi. İnsafən, deyək ki, onun haqqında neqativ fikrə rast gəlmək mümkün deyildi. “Background”u və imici E.Əmrullayevdən gözləntiləri də artırır – hamı onun təhsil sahəsində ciddi nəticələr əldə edəcəyinə inanır.

Və başqa bir məsələ  - E.Əmrullayevin nazir təyin olunması idarəçilikdə sosial liftin işlədiyini də göstərir. Yəni ən yüksək postlara təyin olunmaq üçün “dayday” tələb olunmur, bilik və bacarıqlar, işgüzarlıq və müsbət imic lifti hərəkətə gətirə bilir.

SMM narkotacirlər

Sosial şəbəkələr bu gün biznes sahələrinin inkişafında əhəmiyyətli rol oynayır. Şirvan şəhərində narkotik satıcısı da bu imkanlardan istifadə etmək istəyib.  Ancaq polis gəncə mane olub. Məlum olub ki, təqsirləndirilən şəxs S.Məmmədov müxtəlif sosial şəbəkələrdə canlı yayımlar açıb və izləyicilərə psixotrop maddə olan metamfetaminin hansı qaydada istifadə edilməsini göstərib, eyni zamanda narkotik vasitələrin həm alışı, həm də satışı ilə məşğul olduğunu qeyd edərək ticarəti genişləndirmək istəyib. Amma göründüyü kimi, alınmayıb...

Pul xoşbəxtlikdirmi?

Həftənin daha bir yaddaqalan hadisəsi kriminalla bağlıdır. Eyni həyətdə yaşayan qardaşlar arasında yaranan mübahisə qanla nəticələnib. Belə ki, sərxoş vəziyyətdə olan 50 yaşlı N.Şirinov qardaşı, 1957-ci il təvəllüdlü Z.Şirinova bıçaqla hücum edərək əvvəlcə sağ qoluna, sonra isə sinə nahiyəsinə xəsarət yetirib. Daha sonra o, bıçağın tiyəsi ilə qardaşı oğlunun göz nahiyəsinə zərbə endirib. Məlumata görə, Z.Şirinovun sinəsinə dəyən bıçaq zərbəsi köynəyin cibindəki pula batdığından dərinə işləməyib və onun həyatını xilas edib. Deməli, pul, həqiqətən də bəzən xoşbəxtlikdir. Və ya hansısa fikir adamının söylədiyi kimi – “Pul xoşbəxtlik gətirmir, amma bədbəxtlik baş verəndə çox kömək edir”.

890
Əlaqədar
Ağsaqqalın resepti, amerikalının məktubu, kollektiv mübarizə və toylar
“Gallup”, Türkiyənin əzələsi və "oh, my god!"
Yəhudi şagird, ala qarğa, Rəşad Sadıqov və dərə-təpə düz, iki yüz
"Food City", “beşinci təkər” və Rəhim Qazıyev
"Bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır
Peşə təmayüllü məkan, arxiv şəkli

Bu şəxslər təhsil almadan peşə təhsili sənədi alacaqlar

0
Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır

BAKI, 6 avqust — Sputnik. Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi, eləcə də tanınması üçün kimlərin müraciət edə biləcəyi açıqlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi orta təhsili səviyyəsini ən az 4 il əvvəl və ya tam orta təhsil səviyyəsini ən az 2 il əvvəl bitirərək, müraciət etdiyi müvafiq ixtisas üzrə azı 2 il qeyri-formal və informal təhsil formaları vasitəsilə bilik, bacarıq, səriştə və təcrübə əldə edən vətəndaşlar qiymətləndirilmə və tanınma üçün müraciət edə bilərlər.

Prosesin yekununda verilən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş "Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası"na uyğun olaraq, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və ya ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.

Peşə təhsili üzrə qeyri-formal və informal formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət olunmalıdır.

Qeyd edək ki, formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

İnformal təhsil dedikdə özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması başa düşülür. Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.

0