Qadın övladı ilə pəncərənin qarşısında, arxiv şəkli

“O zəhrimarın” məkanında bir gün: onun yanında koronavirus uşaq oyunudur

1260
(Yenilənib 19:21 30.04.2020)
Ondan yaxa qurtarmağın yolu da yoxdur, sənə yapışdısa, əl çəkməyəcək. Həyat tərzindən tutmuş, düşüncəyə kimi hər məsələni redaktə etməlisən, bəlkə onda bir şəfa taparsan.

BAKI, 30 aprel — Sputnik. Azərbaycanda bu xəstəliyi heç sevməzlər. Nə həkimə gedərlər, nə də adını çəkərlər. İş işdən keçəndə də xəstəxanaya üz tutmağın heç bir mənası olmaz. Soruşanda da “o zəhrimardandır da” deyərlər.

Milli Onkologiya Mərkəzi

Onkoloji xəstəliklər üzrə ölkədə elə də yüksək göstəricilər olmasa da, hər il xəstələnənlərin sayı durmadan artır. Dünyanın hər yerində dəhşətli bir bəla kimi qəbul olunan xərçəngin müalicəsi yalnız və yalnız erkən diaqnostikaya bağlıdır. Əgər qarşılaşmamısansa, nə qədər ağır və dəhşətli olduğunu bilməzsən. Xərçəngə tutulan insanın getməli olduğu bir yer var: Milli Onkologiya Mərkəzi.

Karantin günlərində bir yaxın qohumu Mərkəzə aparmalı olduq, əslində ilk dəfə deyildi. Amma getməliydik. Gördüyümüz mənzərə psixoloji baxımdan elə də ürəkaçan olmadı.

Xəstənin ürəyi bulandı deyə, tez paket və yer verdilər

Yola çıxmaq üçün taksi xidmətindən yararlandıq. SMS ilə olduğumuz yeri tərk edib Mərkəzə çatanacan yollarda həm yoxlama, həm də tıxacla qarşılaşdıq. Bir xəstə, yanında da 2 nümayəndə yola düzəldik. Bu yol çox uzun gəldi, o tıxacda ilişib qaldıq, bu tıxacda gözləməli olduq, polis tez-tez yoxladı. Avtomobil çox olduğundan bir-iki kordonu rahat keçdik, amma Zabrat qəsəbəsində polis nəsə irad tutdu. “Niyə xəstənin yanında bir yox, iki adam gedir” dedi. Vəziyyəti izah etdik, xəstə var bir nəfər də çoxdur müşayiətçi kimi, xəstə var ikisi azlıq edər. Sən demə bir taksidə 3 nəfərin getməsinə məhdudiyyət varmış. Nəsə ötüşdük. Dərnəgül yolunda 40 dəqiqə tıxacda qalası olduq. 20 Yanvar dairəsində də çətinlik çəkdik, Mərkəzə hansısa ara yollarla yaxınlaşa bildik.

Mərkəzin diaqnostika şöbəsi küçə tərəfdən bağlı idi, məcbur olub baş girişdən içəri daxil olduq. Kimdə maska yox idisə, içəri buraxılmırdı. Növbədə 550-ci idik. Diaqnostika şöbəsinə daxil olmaqda da problem yarandı. 

“Xəstənin yanında 2 nəfər olmaz, 1 nəfər keçə bilər” dedilər. Uzun danışıqdan sonra keçə bildik. İstədik bir araba tapaq, tapılmadı, ortalıqda olan 30 arabadan hamısını aparmışdılar. Çətin yeriyən pasiyent, araba yox, halı birdən dəyişdi. Birinci mərtəbədə heç oturmağa yer tapılmırdı, çünki məsafə gözləmək lazım gəlirdi. Xəstənin ürəyi bulandı deyə, tez paket və yer verdilər, bir tibb bacısı təzyiqini ölçdü. Bir araba tapmağı məsləhət gördü, nə qədər axtardıqsa yenə tapılmadı. Araba gözləyən insanların növbəsi tapıldı.

Eləsi var, heç huşu da yadında deyil, heç xəstə olduğunu da bilmir

Birtəhər toparlanıb tələb olunan mərtəbəyə liftlə qalxdıq. Burada insan nisbətən az idi. Heç gözləmədiyimiz halda çox operativ bir yanaşmanın şahidi oldum, həkim də yaxınlaşdı, tibb bacısı da. Tələb olunan müayinə edildi, yardım göstərildi. Düşünürdük axşamacan burada qalmalı olacağıq. Kimsə dedi, adətən insan sayı indikindən 5-6 dəfə çox olur, karantindir səbəbindən gələn də azdır. Prosedur bitəndən sonra arayış da verdilər, geri dönəndə yoxlada problemimiz olmasın deyə.

Milli Onkologiya Mərkəzində çox gözəl şərait var, təmizlikdir, peşəkar personal və tələb olunan avadanlıq da yerindədir. Nə qədər xəstə var, aman Allah. Özü hərəkət edə bilməyən, gözlərində bir ümidsizlik yaşanan xeyli insan gəlir bura. Eləsi var, heç huşu da başında deyil, heç xəstə olduğunu da bilmir. Deyirlər, narahat olma, həkim baxıb dərman yazacaq. Heç müalicəlik də deyil, amma həyat uğrunda çarpışır. Xərçəng çox dəhşətli bir xəstəlikdir, onun yanında koronavirus uşaq oyunudur. Bu məkanda koronavirusu yalnız xəstələrin taxdığı maskalar və əlində spirtli maye gəzdirən, dezinfeksiya olmağı məsləhət bilən işçilər xatırladır.

“O zəhrimardan” yaxa qurtarmağın yolu da yoxdur

Proseduru bitirib binadan çıxırıq, maskanı üzdən aşağı çəkib təmiz hava ilə nəfəs alırıq. Qapıda kefimizi taksi sürücüləri pozdu, bayaq 9 manata gəldiyimiz yol üçün 12 manat tələb etdilər. Yenidən servisdən maşın çağırmalı olduq. Bir “London”  taksisi gəldi, maşina minib getdik. Nəsə bu taksi çox ara yollarla hərəkət etdi, qapalı məhəllələrə girdi, amma 1,5 saata getdiyimiz yolu 30 dəqiqəyə qət etdi. Deyir, 3 nəfərin bir yerdə getməsinə icazə yoxdur, məcburam gizli yollarla gedəm. Heç arayışa da ehtiyac qalmadı.

“O zəhrimardan” yaxa qurtarmağın yolu da yoxdur, sənə yapışdısa, əl çəkməyəcək. Həyat tərzindən tutmuş, düşüncəyə kimi hər məsələni redaktə etməlisən, bəlkə onda bir şəfa taparsan, yolun da Mərkəzə tərəf düşməyə.

1260
Xırdalanda uşaqlar, arxiv şəkli

Uşaq ikili standartın çərçivəsində: internetdə bir fikir var, valideyndə başqası

16
(Yenilənib 22:30 23.11.2020)
Noyabrın 20-si Ümumdünya Uşaqlar Günüdür. BMT Baş Assambleyasının 1954-cu ildə qəbul etdiyi №836 saylı qətnaməsində bütün dövlətlərə uşaqların şərəfinə bu bayramın keçirilməsi tövsiyə olunub. Bu məqalə gec dərc olunsa da, həmin günə həsr olunub.

Post-sovet məkanında adətən iyunun 1-ni Uşaq Hüquqlarının Müdafiəsi Günü kimi qeyd etmək qəbul olunub. Dünyanın bir çox ölkəsində uşaq hüquqları, onların problemləri ilə bağlı bir çox normativ aktlar və mütərəqqi qanunlar mövcuddur. Bununla belə, uşaq problemi hələ də aktuallığını saxlamaqdadır.

Çində uşaq oğurluğu problemi olduqca aktualdır

Uşaq gününü qəbul etmək nəyə lazım idi? Müasir dünya olduqca çətin problemləri ortaya qoyur. Hər gün texnoloji yenilik gündəmə gəlməsi yeni problemləri yaradır. Hər yeni mərhələdə yeni çətinliyi dəf etmək, bu işlərin uşaqlara təsirini aradan qaldırmaq lazım gəlir. Dünya üzrə ümumi qanunvericilik olmadığına görə, bəzən hər ölkə üzrə anlaşılmaz problemləri müşahidə edirik.

Məsələn, dünyanın ən qüdrətli ölkələrindən biri olan Çində uşaq oğurluğu problemi olduqca aktualdır. 1970-2015-ci illərdə ölkədə mövcud olan bir uşaq siyasəti böyük cinayətkar qrupların yaranmasına şərait yaradıb. Uşağı olmayan ailələr oğurluq yolla qaçırılmış uşaqları almaqla arzularına çatarmışlar. Əsil valideynlərin isə bəxtinə illərlə itirilmiş övladı axtarmaq qalırmış. Hətta bu gün də Çində minlərlə uşağın oğurlanması, kənara satılması, uşaq əməyinin istismarı, uşaqların cinsi istismarına rast gəlinir. Uşaqlara şikəst edib dilənçiliyə məcbur edən xüsusi qruplar da var. Maraqlı hallara da rast gəlinir.

İki yaşında itmiş Mao İn yalnız 30 il sonra öz valideynlərinə qovuşa bilib. 1988-ci ildə onu oğurlayıb başqa bir ailəyə satıblar. Uşağın anası Li Szinçji və atası Mao Szinçji övladlarını tapmaq üçün minlərlə elan yerləşdirib, çox miqdarda vəsait xərcləyiblər. Ana hətta öz işini tərk edərək həyatını oğlunun axtarışına sərf edib. İllərlə televiziya ekranından danışan Li heç vaxt ümidini itirmədiyini deyib. 2007-ci ildə övladlarını itirmiş valideynlərin qrupuna da qoşulan Mao və Li 2020-ci ildə övladlarına qoşula biliblər. Başqa regionda tapılan 34 yaşlı Qu Ninin DNT analizi verdikdən sonra hər şey aşkarlanıb.

Bu uşaqların nə təhsili var, nə də gələcəyi

Əslində belə hallar elə də tez-tez baş vermir, itirilmiş övladı tapmaq hər valideynə qismət olmur. Uşaq əməyinin istismarı, uşaqların təhsildən kənarda qalması, kasıblıq ucbatından uşaqların sağlamlığı itirməsi hallarına daha çox rast gəlinir. Afrikanın elə ölkələri var, orada elə uşaq özünü tanıyandan zibildə eşələnməklə məşğuldur. Yəni uşaq elə zibillikdə doğulur, böyüdükdən sonra orada pula satıla biləcək materialları toplayıb təhvil verir, min cür xəstəlik taparaq tez də həyatdan gedir. Bu uşaqların nə təhsili var, nə də gələcəyi.

Ekstremal halları kənara qoysaq, elə adi günümüzdə də xeyli çətinlik var. Ötən əsrin 70-ci illərində orta məktəbin 1-ci sinfinə gedən uşağın 7 yaşı olmalı idi. 6 yaşında uşağı götürməzdilər. Hazırda yaş həddi 6-ya endirilib, hətta ilin sonunda 6 yaşı tamam olanlar artıq sentyabrda məktəbə gedə bilərlər. 5 yaşlı uşaq artıq tədris prosesinə qoşulmalıdır. Özü də bu müddətdən öncə bu günün uşaqları həm bağça sistemindən keçir, həm də məktəbəqədər hazırlıq prosesindən.

Valideynin uşağına təsir etmək imkanı gün gündən azalır

Bu günün uşağı faktiki uşaqlığını keçirə bilmir. Elə doğulduğu gündən ətrafında onlarla texniki vasitə ilə üzləşir. 100-lərlə kanalı və internetə çıxışı olan televizor, müxtəlif növ planşet, smartfon, oyun qurğuları uşaq həyatının ayrılmaz hissəsinə çevrilir. Uşaq dəhşət dərəcədə yüklənir. Özünə qapanan, autizm xəstəliyinə düçar olan uşaqlarla yanaşı xeyli sayda hiperaktiv uşaqlar da peyda olub. Kimi telefonu əlinə alıb özünə qapanır, kimi də mənasız videoya baxıb ev-eşiyi dağıdır.

Valideynin uşağına təsir etmək imkanı gün gündən azalır. Uşağı daha çox internet resursları tərbiyə edir. Başqa insanların, digər millətlərin davranış modelləri valideynin dediyindən daha çox əhəmiyyət kəsb etməyə başlayır. İnformasiya kanalları çoxalıb deyə nəyinsə qarşısını da almaq olmur. Valideynin texniki bacarığı da bəzən uşağın bildiyindən zəif olur. Zet nəslinin nümayəndələri anında istənilən qurğudan baş çıxarır, özlərinə maraqla olan məlumatı hər yerdən tapa bilirlər.

Azərbaycanda nəsillər arasında sözün əsl mənasında bir ciddi anlaşılmazlıq var. Milli-mental dəyərlər aşılanır, bəzən bu yöndə olan fikirlər uşaqda gülüş doğurur. Muğamat dinləmək əvəzinə uşaq məşhur bloqçunun videosunu izləməyə, dolma-plov yerinə isə hamburger yeməyə üstünlük verir.

Bir-birini anlamamağın səbəblərindən biri də patriarxal cəmiyyətə məxsus ata kultunun olmasındən, uşağa bir şəxsiyyət kimi yanaşmamaqdan irəli gəlir. Uşaqla danışmaq, onun problemlərini anlamaq əvəzinə elə “mən dedim, deməli belə olacaq” fikrinə üstünlük verilir. Zaman isə dəyişib, bu günün valideyni çox zaman uşağı üçün layiqli nümunə ola bilmir, bir şeyi deyir, amma əksinə hərəkət edir. Telefonla oynamağı qadağan edir, amma səbəbini demir. Özü qazlı rəngli içkiyə üstünlük verir, amma övladına deyir, olmaz. Uşaq daim ailədaxili ikili standartların çərçivəsində yaşamalı olur. İnternetdə bir fikir var, valideynin beynində başqası.

Valideyn də uşaq üçün ən əhəmiyyətli nümunədir

Valideyn-uşaq münasibətlərini dünyanın bir çox ölkəsində ciddi araşdırırlar. Tez-tez hər hansı bir tədqiqatın nəticəsi də açıqlanır. Yüzlərlə kitab, təlimat yaradılıb. Nəyisə bilmirsənsə, uşaq psixoloqundan tutmuş ən müxtəlif növ mütəxəssisə müraciət edə bilərsən. Ölkə var, uşağa fastvud yeməyi qətiyyətlə qadağan edilib. Hər dərsdə onun ziyanından danışırlar. Baxırsan, belə qida satılan şəbəkəyə turistdən başqa heç kim getmir. Valideyn də uşaq üçün ən əhəmiyyətli nümunədir.

Bir ölkə, toplum olaraq yeni dönəmdə “uşaqlara münasibətdə necə davranmalıyıq” sualına cavab axtarmalıyıq. Uşaq valideyndən çox zəmanəsinə bənzəyir deyə, valideyn zamanın nəbzini tutmağı bacarmalı, uşağa irəlidə gedən bir flaqman kimi yol göstərməlidir.

16
Teqlər:
uşaqlar
Ağdamda cümə məscidi, arxiv şəkli

damımız, Putinin şərhi, Hacıqabullu Qüdrət kişi hər kəsin arzusu…

47
(Yenilənib 04:02 23.11.2020)
Tezliklə, Ağdama həyat qayıdacaq, məşhur Ağdam Çay Evindən facebook etiketləmələrinin başlanacağı gün uzaqda deyil. Ən böyük maşın bazarının da bu rayonumuzda olacağı şübhə doğurmur.

7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Ağdam həftəsi

Bu həftə Ağdam həftəsi idi. İşğalçı əhalisinə görə Qarabağın ən böyük rayonu olmuş, indisə bayquş uluyan, xarabalığa çevrilmiş Ağdamı boşaltdı. Kefindən yox təbii ki. Noyabrın 10-da imzalanmış kapitulyasiya aktında biz bunu onun boynuna qoymuşduq. Tezliklə, Ağdama həyat qayıdacaq, məşhur Ağdam Çay Evindən facebook etiketləmələrinin başlanacağı gün uzaqda deyil. Ən böyük maşın bazarının da bu rayonumuzda olacağı şübhə doğurmur.
Hələlik isə Ağdam görüntüləri ürək dağlayır – düşmən daşı daş üstündə qoymayıb, hər tərəfdən xarabalıq boylanır.
Bu arada Ağdama doğru yol hərbi birləşmələrimizi yollarda qarşılayan sakinlər sanki futbol komandasını salamlayar kimi alqışlayır. Bu gün mübaliğəsiz deyə bilərik ki, hər bir əsgər özünü  nəinki ulduz, tarixi qəhrəman kimi hiss edə bilər.

Putinin verdiyi peşmançılıq

Bu həftə Rusiya Prezidenti Vladimir Putin erməniləri türklər demiş, növbəti dəfə “hayal kırıklığına” uğratdı. "Rossiya 1" telekanalına müsahibəsində Ermənistanın belə qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyini və suverenliyini tanımadığını xatırladaraq dedi ki, “Bu o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Beləcə, statusun cəhənnəmə, gora getməsi barədə həqiqət Rusiya Prezidentinin dilindən də dolayısıyla səsləndi və bu, ermənilərin son ümidlərini də PUA-ların zərbəsi texnikalarını dağıtdığı kimi dağıtdı.

Hacıqabullu Qüdrət kişi

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanla bağlı sosial şəbəkələrdə maraqlı məlumatlar yer alıb. Yeni nazirin Vikipediyası onun təyinatından dərhal sonra tam olaraq silindiyi deyilir. Qeyd edilir ki, A.Ayvazyan Azərbaycanın Hacıqabul rayonunun Nəvahi kəndində anadan olub, atası isə Qüdrət Eyvaz oğlu Xancanovdur.
Bədbəxt ölkə! Təbii arıtımın azalması və ölkədən baş götürüb qaçanların artması səbəbi ilə böhran həddinə çatmış demoqrafik problemlər yerli doğumlu kadrlar tapmağa imkan vermir.
Bu arada Xocalı soyqırımını törədən erməni general da erməniləri tərk edib – yox, ölkədən qaçmayıb, Əzrayıl yoldaş onu özü ilə aparıb. Yeri gəlmişkən, "Artsaxın qəhrəmanı”nın maraqlı ayaması olub – “Tuşonka Manvel”. Əsgərlərin yeməyini satmaqla məşhurlaşan, cinayətkar qəhrəman. Qəhrəmanı belə olanların axırı da bu cür olmalı idi.

Ən bahalılar
“The Economist” jurnalının hazırladığı siyahıya görə, Honkonq metropolu, Paris və Sürix dünyanın ən bahalı şəhərləridir. “2020-ci il üçün dünyanın yaşayış xərcləri hesabatı” adlı siyahıda sonrakı yerlərdə Sinqapur, Osaka, Təl-Əviv şəhərləri tutur. İlk 10-luqda son yerlərdə Nyu-York, Cenevrə, Los-Anceles və Kopenhagen qərarlaşıb.
Bizə görə isə dünyanın ən bahalı şəhəri Şuşadır bu gün!

Prezidentsizlik

ABŞ Səhiyyə Nazirliyi bəyan edib ki, Ümumi Xidmətlər İdarəsi Co Baydenin qələbəsi tanınmayana qədər demokratların namizədinin komandası ilə işləməyəcək. Qurumun rəhbəri Aleks Azar deyib ki, “Biz çox açıq şəkildə bildirdik ki, GSA nə zaman kimin qalib gəldiyini elan edəcəksə, o zaman tam şəkildə peşəkar keçid və hazırlıq işlərinə başlayacağıq. Biz təlimat qaydalarına riayət edirik”. Qeyd edək ki, bir qədər əvvəl “Politico” qəzeti ABŞ Ümumi Xidmətlər İdarəsinin rəhbəri Emili Mörfinin Co Baydenin prezident seçkilərində qələbə qazandığını tanımaqdan imtina etdiyini yazmışdı.
Belə. Bu boyda ölkə prezidentini seçməkdə çətinlik çəkir. Buna görə biz də narahat olmalıyıq, çünki Konqo, Somali, Trinidad Tabaqonun ölkə başçısından söhbət getmir, ABŞ prezidenti dünyanın gündəliyinə, problemlərinə, qayğılarına təsir edə bilən adamdır.

İran dərdi

Bu basabasda amerikanların İran dərdi də bitmək bilmir. ABŞ növbəti dəfə İrana qarşı sanksiyaları genişləndirib. Bildirilib ki, sanksiyalar 9 İran vətəndaşına, habelə 49 təşkilat və müəssisəyə, eyni zamanda İranın bayrağı altında üzən bir gəmiyə tətbiq edilib.
Görəsən, nəyə görə ABŞ, Rusiya, Fransa, Britaniya, Pakistan nüvə silahına malik ola bilər, ancaq İran yox? İranı belə özəl edən nədir? Bu sualın aydın cavabını biz hələ eşitməmişik.

2020 mistikası

2020-ci il dünya tarixinin ən unikal illərindən biri kimi tarixdə qalacaq. Numerologiya mistikasına inanlar indi inanmayanlardan daha haqlı görünür. Koronavirus, iqtisadi böhran, təbii fəlakətlər, münaqişələr  - hamısını bir ilə yığıb gözləyiblər sanki.
Bu arada Azov dənizinin sahilindən bir qrup gənc içərisində məktub olan şüşə butulka tapıblar. Məktubdan aydın olur ki, müəllifi doqquz yaşlı Yaroslavdır. Butulka dənizdə doqquz günlük səyahətdən sonra sahilə çıxıb. Bir cümləlik kağız parçasında isə “Qoy bu il tez bitsin” arzusu yazılıb.

47
Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdam şəhərindən xalqa müraciət edib - TAM MƏTN

0
(Yenilənib 10:37 24.11.2020)
Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Ağdam bizimdir! Qarabağ Azərbaycandır!"

BAKI, 24 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir.

Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər.

Sonra dövlətimizin başçısı və birinci xanım Ağdam məscidini ziyarət etdilər. Xocalı soyqırımında sağ qalan xocalıların ümid, pənah yerinə çevrilən qoşa minarəli məscid də yırtıcı düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

Prezident İlham Əliyev Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışlayıb.

Dövlətimizin başçısı Ağdam məscidinin qarşısında çıxış edib:

"Əziz həmvətənlər.

Bildiyiniz kimi, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi işğaldan azad edilib. Bu münasibətlə mən Azərbaycan xalqını təbrik etmişdim, ağdamlıları təbrik etmişdim. Bu gün mən buradayam, Ağdam şəhərindəyəm. Ağdam məscidini ziyarət etmişəm, Azərbaycan Dövlət Bayrağını qaldırmışam. Biz Ağdama qayıtmışıq. Bütün ağdamlıları bu tarixi hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə - 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin.

Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Biz beynəlxalq müstəvidə böyük işlər apardıq və mən öz çıxışlarımda xalqa bu barədə kifayət qədər məlumat vermişdim. Bu gün, müharibə başa çatandan sonra və hətta müharibə dövründə bütün dünya, bütün Azərbaycan xalqı gördü ki, bunun nə qədər böyük əhəmiyyəti var idi. Əgər biz münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik. Biz bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirdik. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 1993-cü ildə qəbul edilmişdir. Amma ondan sonra biz BMT Baş Assambleyasının qətnamələrini, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrini, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qərar, qətnamələrini qəbul etdirərək münaqişənin həlli üçün çox möhkəm hüquqi baza yaratdıq. 2003-cü ildən bu günə qədər bütün bu lazımi addımlar atıldı və biz siyasi müstəvidə qələbə qazandıq. Eyni zamanda, iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərimizin toxunulmazlığı haqqında açıq ifadələr var. Bu, bizim böyük uğurumuzdur. Çünki uzun illər ərzində biz buna nail ola bilməmişdik. Bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmirdilər. Bəzi beynəlxalq təşkilatlar işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər. Hətta BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Ermənistan işğalçı dövlət kimi göstərilmədi. Orada "erməni qüvvələri" yazılmışdı.

Biz son 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq. Mən bütün beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, tarixi həqiqətləri və mövcud vəziyyəti bütün həmkarlarıma çatdırmışdım. Mənim demək olar ki, bütün ikitərəfli beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xüsusi yer alır. Mənim bütün çıxışlarıma baxmaq kifayətdir. Son 17 il ərzində demək olar ki, bütün çıxışlarımda bu məsələ ilə bağlı öz fikrimi bildirmişdim, dünya ictimaiyyətini məlumatlandırmışdım. Çünki əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində münaqişə ilə bağlı dünyada dolğun təsəvvür yox idi, təhrif edilmiş məlumat var idi. Erməni lobbisi tərəfindən ortalığa atılmış məlumat var idi. Əks təqdirdə, bizim torpaqlarımız işğal altına düşə-düşə Amerika Konqresi məşhur 907-ci düzəlişi qəbul etməzdi. Azərbaycan torpaqları işğal altına düşürdü, ancaq Amerika Konqresi Azərbaycanı təcavüzkar kimi tanımışdır və bizi humanitar yardımdan məhrum etmişdir. O vaxt erməni lobbisi buna nail oldu. Azərbaycan diplomatiyası, sadəcə olaraq, onların qarşısında adekvat addım ata bilməmişdir.

Biz informasiya müharibəsində qələbə qazandıq. Biz Xocalı soyqırımı haqqında dünyaya dolğun məlumat verdik. Xocalı soyqırımı haqqında dünyada məlumat yox idi. "Xocalıya ədalət!" kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının soyqırımı kimi tanınması demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni yaratdı və dünya ictimaiyyətinə çatdırdı.

Biz - Qoşulmama Hərəkatına sədrlik edən ölkə BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə də bu məsələni diqqət mərkəzində saxlamışıq. Bu gün 120 ölkəni birləşdirən təşkilata Azərbaycan sədrlik edir. Keçən il Zirvə görüşü keçirilmişdir. Bu gün Azərbaycan xalqı bir daha görür ki, bunun nə qədər böyük önəmi var idi. Çünki İkinci Qarabağ müharibəsi dövründə BMT-də, BMT Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbul edilməsi cəhdləri də baş vermişdir. O qətnamə qəbul edilsəydi, əlbəttə ki, bizi dayandıra bilməzdi, ancaq lazım olmayan bir mənzərə yarada bilərdi. Məhz Qoşulmama Hərəkatına üzv ölkələr o qətnamənin qəbul olunmasına imkan vermədilər, bizi dəstəklədilər. Mən də onlara təşəkkürümü bildirdim və demişdim ki, onlar bizim arxamızda kişi kimi durdular. Baxmayaraq ki, böyük dövlətlər onlara böyük təzyiqlər göstərirdi. Qoşulmama Hərəkatının bir çox üzvləri Azərbaycanı həm müstəqil, həm güclü, həm də onları müdafiə etməyə hazır olan ölkə kimi tanıyır. Biz pandemiya dövründə 30-dan çox ölkəyə humanitar maliyyə yardımı göstərmişik, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Qoşulmama Hərəkatına xüsusi bir yardım göstərmişik. Görülmüş bütün bu işlər səmərəsini verdi. Biz bizim üçün əsas məsələ olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində lazımi beynəlxalq dəstəyi ala bildik.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Biz bu gün təkcə Qoşulmama Hərəkatına yox, eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına da sədrlik edirik. Bizim beynəlxalq nüfuzumuz kifayət qədər yüksəkdir və bu, münaqişənin həlli üçün xüsusi rol oynamışdır.

Mən bu 17 il ərzində daim deyirdim ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik və təmin etdik. Bu gün biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Asılı olsaydıq, bizə təzyiqlər edilə bilərdi. Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı. Çünki bizə qarşı iqtisadi amildən istifadə etmək mənasızdır. Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynəlxalq maliyyə qurumundan asılı deyilik. Əksinə, biz özümüz indi donor ölkəyik, biz özümüz indi kreditlər veririk. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. O düşməndən ki, onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanır.

Bu amillər gücümüzü artırdı, qələbəmizi şərtləndirdi. O amillərin arasında birinci nömrəli məsələ hərbi gücümüzdür. Mən dəfələrlə demişdim ki, bizim üçün hərbi gücümüzün möhkəmləndirilməsi birinci məsələdir. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə bizim hərbi xərclərimiz hər il büdcə xərcləri arasında birinci yerdə idi. Mən deyirdim və ya vətəndaşlara izah edirdim ki, bəli, bizim çoxlu başqa məsələlərimiz var, həllini gözləyən problemlər var. Ancaq bizim əsas problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ona görə bizim xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Biz lazım olan texnikanı aldıq. Bu texnikanı, müasir silahları Azadlıq meydanında dəfələrlə keçirilmiş paradlarda nümayiş etdirirdik. Biz ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdik. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi.

Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib. İndi buraya gələrkən mən ən azı üç müdafiə xəttini gördüm. Amma mənə hərbçilər tərəfindən verilən məlumata görə, beş müdafiə xətti var. Füzulidə də, həmçinin. Biz bu əsgər və zabitlərimizin qəhrəmanlığı, peşəkarlığı sayəsində müdafiə xəttini yarmışıq. Biz texniki cəhətdən ən müasir silahlarla təchiz edilmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, o videogörüntülər var. İndi onlar bir çox ölkələrdə öyrənilir və öyrəniləcək, hərbi kitablara salınacaq.

Eyni zamanda, biz ordumuzun döyüş potensialını gücləndirirdik. Çünki tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Bax, bütün bu amillər bizim qələbəmizi şərtləndirdi. Mən bir daha qeyd etmək istəyirəm ki, ağdamlılar bu günü uzun illər ərzində - 30 ilə yaxın idi gözləyirdilər. Eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı da gözləyirdilər. Mən bilirəm və hiss edirəm ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq. Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi mən bunu deyə bilərəm. Amma mən istəyirdim, bunu hansısa formada ağdamlılara çatdırım, amma onlar da başa düşürlər ki, müharibə dövründə bunu edə bilməzdim. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır. Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar. Çünki biz Ağdama gəlirdik.

Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq. Amma itkilər olacaqdı, özü də böyük sayda. Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi.

Mən, demək olar ki, müharibənin ilk günlərindən çoxsaylı müsahibələrimdə və xalqa müraciətlərimdə demişdim ki, - bütün bunları qaldırmaq olar, hər şey sənədləşdirilib, - bizə tarix versin. Dedim, Paşinyan, sən özün, sənin xarici işlər nazirin, yaxud müdafiə nazirin yox, hansılar ki, bu məğlubiyyətə görə işdən qovuldular, sən özün, Paşinyan, bizə tarix verməlisən, özün deməlisən və buna nail oldum.

Əgər mənim sözümə qulaq assaydı, indi belə rəzil durumda olmazdı. Tam qətiyyətlə deyə bilərəm, biz işğal olunmuş torpaqlarımızı onsuz da azad edəcəkdik. Ancaq düşmən hesab edirdi ki, ona kimsə kömək edəcək. Hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq. Səhv etdi, böyük səhv etdi. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir. On mindən çox fərari var Ermənistan ordusunda və daha da çox olacaqdı. Əgər biz Ağdama planlaşdırdığımız əməliyyatı həyata keçirsəydik, bax, burada minlərlə erməni hərbçisi ya fərari olacaqdı, ya da məhv olacaqdı. Biz göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Biz göstərdik ki, heç vaxt bu işğalla barışmayacağıq. Açsınlar baxsınlar mənim çıxışlarıma, mən son 17 il ərzində bəlkə də min dəfə demişəm, biz bu işğalla barışmayacağıq. Hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. Çünki bu qədər xərc qoyan, burada, Füzulidə, Cəbrayılda bu qədər istehkam quranlar onu da istəyirdilər. Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb. Nə üçün? Çıxmaq istəmirdilər. Hesab edirdilər ki, orada əbədi oturacaqlar. Erməniləşdirmək istəyirdilər. Bax, bütün Ağdam şəhəri dağıdılıb. Oranı onlar 1990-cı illərdə dağıdıblar ki, əgər sülh müqaviləsi imzalansa, Azərbaycan xalqı gəlib burada yaşaya bilməsin. Hər tərəf minalanıb. Ən çox minalar məhz buradadır. Amma səhv etdilər. Biz bütün bu illər ərzində bir amalla, bir arzu ilə yaşamışıq ki, bu torpaqlara qayıdaq və qayıtmışıq. Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik, onların tör-töküntülərini məhv etmişik. Mən Füzuli şəhərində demişəm, bir daha demək istəyirəm, biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır. Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, susur, ağzına su alıb. Görmür ki, nələr baş verir orada?! Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq.

Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək bu barədə də ətraflı danışacağam.

Bu 44 gün ərzində bizə mənəvi və siyasi dəstək verən Türkiyə Cümhuriyyəti olub, mənim qardaşım Prezident Rəcəb Tayyib Ərdoğan olub və bir neçə digər müsəlman və qeyri-müsəlman ölkələrin rəhbərləri olub. Biz bu Qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik. Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü kilsələrimiz, erməni kilsəsi. Vəhşi düşmən bax bu məsciddə inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıb.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərində

Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik.

Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.

Biz Qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda.

Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Ağdam bizimdir! Qarabağ Azərbaycandır!"

0
Teqlər:
Qarabağ müharibəsi, xalq, Ağdamın azad olunması, Prezident İlham Əliyev