5g yazısı

Qorxudan xilas yolu: britaniyalı 5G qülləsini, biz isə üzərliyi yandırırıq

713
(Yenilənib 22:04 16.04.2020)
Bu günlərdə 5G-nin ilk sınağı Bakının mərkəzində, Fəvvarələr meydanında keçirilib. Deməli, 5G ölkəmizə də ayaq açıb

BAKI, 16 aprel — Sputnik. Avropa Birliyi, ABŞ və Böyük Britaniyadan koronavirus pandemiyası ilə bağlı daxil olan qorxulu xəbərlərin fonunda bəzən mətbuatın nəzərindən qaçan, o qədər də əhəmiyyət verilməyən informasiyalara da rast gəlirik.

Mobil qüllələrin məhv edilməsinin 5G  şəbəkəsi ilə bağlı olduğu aşkarlanıb

Məsələn, aprelin əvvəlindən başlayaraq Böyük Britaniyada bir qrup şəxs 20-yə yaxın mobil əlaqə qülləsini yandırıb. İlk belə hal Birminhemdə qeydə alınıb, daha sonra ölkə üzrə vandalizm aktlarının sayı dayanmadan artıb. Mobil qüllələrin məhv edilməsinin 5G  şəbəkəsi ilə bağlı olduğu da aşkarlanıb, çünki sosial mediada 5G-nin koronavirusun yayılması ilə əlaqəsi olduğu barədə xeyli məlumat paylaşılıb. Guya virus bu şəbəkənin vasitəsi ilə yayılıbmış.

Virusun yayılmasından qəzəblənən britaniyalılar da mobil qüllələri yandırıblar. Özü də həm 3, həm də 4G şəbəkəsinə xeyli ziyan dəyib. Məhv edilmiş 5G qüllələrinin bir çoxu isə heç işlək deyilmiş, yəni hələ test dövründə imiş.

Britaniyanın ardınca bir həftə sonra eyni aktlar həm də Niderlandda təkrarlanıb. Yeni texnologiyanın əleyhdarları 4 qülləni yandırıblar. Hadisə yerində polis 5G texnologiyasından imtinaya dəvət edən yazılar da tapıb. Niderlandda yeni nəsil mobil əlaqənin əleyhinə bəzi qruplar çıxış edirlər. Kimisi şəbəkənin sağlamlığa ziyan olduğunu, kimisi də şəxsi həyatın toxunulmazlığını poza biləcəyini iddia edir.

5G texnologiyasının 2020-ci ildən başlayaraq dünyanın aparıcı ölkələrində tətbiqi nəzərdə tutulub. Əvvəlki 4G ilə müqayisədə bu texnologiya inqilabi sıçrayış sayıla bilər. Bu şəbəkənin köməyi ilə olduqca böyük həcmli informasiyanı çox qısa müddətdə ötürmək mümkündür.

Belə bir halda Böyük Britaniya və Niderland kimi inkişaf etmiş ölkələrdə belə halların baş verməsi qəribə görünə bilər. 21-ci əsrdə yaşayırıq, təhsil-tərbiyə sistemi yüksək səviyyədə qurulub, mümkün olan bütün texnoloji imkanların vasitəsi ilə bəşəriyyət hər biliyə yol tapıb. Bu tərəfdən də aparıcı ölkələrdə mobil qüllələri kimsə yandırmaqla məşğul olur.

Biri iş yerini, digəri isə sağlamlıq və şəxsi həyatını qorumaq üçün bu işi görür

Bunun baş verməsinin bir neçə səbəbi var. Tarixə nəzər yetirək. 17-ci əsrdə İngiltərədə baş verən burjua inqilabı olduqca böyük texnoloji sıçrayışa yol açdı. Dayanmadan yaradılan zavod, fabrik və manufakturalar bir tərəfdən ölkəni inkişafa apardı, digər tərəfdən isə yüz minlərlə insanı işsiz qoydu. Köhnə peşələr sıradan çıxdıqca, yeni iş yerlərinə tələbat yaranırdı. Texnologiya insan əməyini həm yüngülləşdirirdi, həm də iş yerlərinin ixtisarına zəmin yaradırdı. Əsrlərlə bir peşənin daşıyıcısı olan ailələr yeni ixtisasa sahib olmağa məcbur olurdular. Digər tərəfdən sənaye inqilabı da yerində dayanmırdı, yeni dəzgahlar buraxılırdı.

İşsiz qalan fəhlələr bu dəzgahları məhv etməklə prosesin qarşısını almağın mümkün olduğunu düşünürdülər. Bu gün şəbəkə qülləsini yandıran qruplarla 19 əsrdə dəzgahı dağıdan fəhlə arasında mahiyyətcə elə bir fərq yoxdur. Biri iş yerini, digəri isə sağlamlıq və şəxsi həyatını qorumaq üçün bu işi görür. İstər 19, istər 21-ci əsrin adamı məhz yeni texnologiyanı məhv etməklə problemi həll etməyin mümkün olduğunu düşünür.

Bizim qorxumuz bədnəzərdir, onu da üzərliklə qovuruq

5G qüllələrini koronavirusun yayılması səbəbindən yandıran insan isə orta əsrlərdə cadugər ovuna çıxandan heç nə ilə fərqlənmir. O dövrdə vəba, yatalaq, taun kimi qorxulu xəstəliklərin qarşısını ala bilməyin avropalılar adətən günahkar axtarmaq, kimisə tonqalda yandırmaqla xəstəlikdən qurtulmağın mümkün olduğunu düşünürdülər. Bəzən ağlını itirən kütlə hansısa varlı insanın imarətinə, ya bir alimin evinə od da vura bilərdi. Allahın cəzasına gəldiyini düşünənlər, günahları yumaq üçün hər uydurmanı qəbul etməyə hazır idilər.

Müasir dünyada sosial şəbəkədə koronavirusun 5G vasitəsilə yayıldığı iddia edilən feyk xəbəri oxuyan, daha sonra isə qülləni yandırmaqla məşğul olan britaniyalı ilə orta əsrdə cadugəri tonqalda yandıran inkvizisiya arasında bir oxşarlıq duyulur. İnsanın xəstəlik qarşısında instinktiv, primitiv qorxusu onu hər cür mənasız hərəkətə sövq edir. O qədər də dəhşətli olmayan pandemiya həmin bu qorxuları aşkarladı.

İnkişaf edən ölkələrdə 5G qüllələrini yandırmaqla məşğul olanların fonunda Azərbaycanda belə hallara, demək olar, rast gəlinmir. Bu günlərdə 5G-nin ilk sınağı Bakının mərkəzində, Fəvvarələr meydanında keçirilib. Deməli, 5G ölkəmizə də ayaq açıb. Özü də hələ 4G-dən hələ əməlli-başlı yararlana bilmədiyimiz halda. Amma uzaq rayonlarda interneti olmayan nə qədər kənd var. 3G ilə güclə internetə daxil olmağa cəhd edən həmvətənlimizin hələ Britaniyada yandırılan 5G qüllələrindən xəbəri yoxdur, onun dərdi heç olmasa bildiyi-tanıdığı xəbər saytına daxil olmaqdır.

Hər millətin öz qorxusu var, ingilis yenilikdən qorxur deyə 5G-ni yandırmaqla özünə təskinlik verir. Bizim qorxumuz qüllə və ya yeni texnologiya qorxusu deyil. Bizim qorxumuz bədnəzərdir, onu da üzərliklə qovuruq.

713
Mövzu:
Dünyanı cənginə almış bəla (184)
Əlaqədar
Koronavirusa yoluxanların 20 faizi bu ölkədən Azərbaycana gələnlərdir
Koronavirusa yoluxanların sayı 2,1 milyona çatır
Azərbaycanda koronaviruslu xəstələrə hansı dərmanlar verilir?
Koronavirusun varlandırdığı: Bir gündə 6 milyard qazandı - FOTO
Koronavirusdan sağalan şəxslər yenidən bu xəstəliyə yoluxa bilər
İnsan siluetləri, arxiv şəkli

“Qınını” bəyənməməkdə ittiham edilən məşhurlar: onların zamanı daha bahalıdır

86
(Yenilənib 22:55 30.05.2020)
Sosial statusu yüksələn insan artıq hər bir işində zamanın əhəmiyyətini anlayır. Dünən o, bir işi çox cüzi bir məbləğə görməyə razı olan şəxs idisə, bu gün yüzlərlə insanın gözü ondadır.

“Filankəs məşhur oldu, indi heç kimi tanımır”, “vəzifəyə keçəndən sonra bu adamı tanımaq olmur, telefonu həmişə qapalıdır” kimi ifadələrə günümüzdə tez-tez rast gəlirik.

Tısbağa qınından çıxdı, qınını bəyənmədi?

İnsanın statusu dəyişdisə, yeni çevrəsi yarandısa, əvvəlki həyatından əsər-əlamət qalmır adətən. Dünən hamıya açıq olan birisi bir növ gizlənməyə, köhnə tanışlarından uzaq durmağa çalışır. Belə bir davranış hətta ən mehriban dostların, yaxın qohumların da arasına nifaq salır. Nə əvvəlki münasibəti bərpa, nə də yaranan uçurumu dəf etmək olur.

Çox nadir halda nə vaxtsa yaxın olan insanlar əlaqəni itirmirlər, ara-sıra bir-birindən hal-əhval tuturlar. Niyə sosial statusu dəyişən bir insan köhnə çevrəsi üçün yadlaşır, dünənki əlaqələrini heç bir təəssüf hissi keçirmədən qırır? Niyə vəzifə adamı çox vaxt qınaq obyektinə çevrilir? Köhnə dostları bunu çox zaman təkəbbürlə əlaqələndirirlər. “Tısbağa qınından çıxdı, qınını bəyənmədi” deyə dünən canbir olduqları insanı günahlandırırlar.

Sosial statusu yüksələn insan hər işində zamanın əhəmiyyətini anlayır

Əslində, sosial statusu yüksələn insanın davranışının da dəyişməsi tam normaldır. Dünənki davranış modeli bu gün işə yaramır. Səbəb zamana münasibətin dəyişməsi ilə əlaqəlidir. Yəni, dünən özündə elə də ciddi məsuliyyət, hər hansı bir yük duymayan insan sabah vəzifə başında müxtəlif cür problemin öhdəsindən gəlməlidir. Adi əməkdaşla məsul şəxsin nə məsuliyyəti, nə də zamanı eyni qiymətləndirilə bilməz. Böyük bir təşkilatın yükünü çəkən insanın artıq nə azad zamanı var, nə də əvvəlki kimi öz ömrünü kiçik problemlərin həllinə sərf etmək imkanı.

Sosial statusu yüksələn insan artıq hər bir işində zamanın əhəmiyyətini anlayır. Dünən o, bir işi çox cüzi bir məbləğə görməyə razı olan şəxs idisə, bu gün yüzlərlə insanın gözü ondadır, onun həm gəliri artıb, həm məsuliyyəti. Boş vaxtı da yoxdur. Bir var adi insansan, gündə sosial şəbəkədən sənə 10-15 mesaj gəlir, bir də var yüksək statusu olan bir məşhura çevrilmisən. Belə adama hər gün yüzlərlə müraciət ola bilər. Hərə bir şey umacaq. Bir çox populyar insan hətta məcbur olub sosial şəbəkə profilləri üçün əlavə bir əməkdaş da cəlb edir. Köhnə telefon nömrəsinə də dayanmadan zəng gəlir, məcbur olub yenisinə keçməlidir.

Populyar insan istəsə də, istəməsə də başqa cür yaşamağa məcburdur

Məsələn, məşhur müğənninin qrafiki çox sıxdır. Konsert proqramları, yeni mahnıların və geyimin sifarişi, mətbuata verilən müsahibələr xeyli zaman tələb edir. Köhnə dost-tanışla təmas qurmağa da imkan yoxdur. Bir vaxt çox mehriban olan insanlar uzun illər sonrası görüşdükdə belə danışmağa söz tapmırlar, maraqlar dəyişib, hərənin öz işi var, zaman çox qiymətli olub, onu kimə gəldi sərf etmək də olmur. Piramidanın zirvəsinə yüksəldikcə, zamanı mənasız işlərə, maraqsız insanlara sərf etmək həvəsi azalır.

Elm, sənət dalınca gedən, uğur qazanan insanların lazımsız ünsiyyətə zaman sərf etmək imkanı da heç olmur. Məsələn, muğam sənətini mənimsəmək üçün bir ömür bəzən bəs eləmir, hər bir kişi xanəndə səhnədə Məcnunu, Şah İsmayılı ifa etməyi, sənətini bütün dünyada tanıtdırmağı arzulayır.

Məgər onun boş-boş işlərə zaman sərf etməyə imkanı varmı? Əlbəttə, yox. Məqsədə çatmaq üçün xanəndə hər gün məşq etməli, çalışmalıdır.

Zamana münasibəti maraqlı bir Hollivud filmində müşahidə edirik. Təyyarə qəzasında həlak olmuş insanların ailələrinə kompensasiya verilməsi zamanı sığorta şirkəti hər insanın həyatını müxtəlif cür qiymətləndirməyə məcbur olur. Əgər sən adi fəhləsənsə, onda yaxın on ildə qazana biləcəyi məbləği hesablayıb ailəsinə təklif edirlər. Varlı bir iş adamının isə həyatı daha çox qiymətləndirilir. Onun ailəsini eyni təkliflə razı salmaq olmur. Bu pulları o bir aya qazanırmış. Bir qədər qəddar görünsə də, sığorta şirkəti həyatın reallığını nəzərə almalıdır.

Populyar insan istəsə də, istəməsə də başqa cür yaşamağa məcburdur. Onun həm məsuliyyəti artıb, həm də zamana münasibəti dəyişməlidir. Ətrafdakı insanların acı atmacalarına isə daha dözümlü olmalısan, çünki hərənin bir umacağı var. Hamıya da xoş olmaq çətindir. Bir qədər təmkinli davranmaqla hər bir çətinliyin öhdəsindən gəlmək mümkün olacaq.

86
Cütlük, arxiv şəkli

Boşanma: Dərd ağır, çevrə pis...

246
(Yenilənib 09:01 29.05.2020)
Əgər cütlüyün övladları varsa, hamı sözləşibmiş kimi eyni sualı verir: Bəs övladlar necə olacaq? İnsafınız olsun, sanki bu məsələ boşananlar üçün çox bəsit bir problemdir.

Boşanma çətin prosesdir. Xüsusilə bizim kimi mühafizəkar, mental dəyərlərlə yaşayan, adət-ənənə əsiri cəmiyyətlərdə bu çox əzablı, zülmlü məsələdir. Xüsusilə boşanmağa qərar vermiş cütlüyün övladı(övladları) varsa...

Həmişə düşünmüşəm ki, evliliyi davam etdirmək hər iki tərəfi də yorursa, bezdirirsə və işgəncəyə çevrilirsə, boşanmaq ən düzgün, ən sadə yoldur. İllərlə əzab çəkmək, övladlara da bu mənfi enerjini ötürüb doğmaları bezdirməkdənsə, alınmayan ailə həyatına mənasızcasına davam etməkdənsə, münasibətləri aydınlaşdırıb sayğı, ehtiram çərçivəsində ayrılmaq ən gözəl çıxış yoludur. Təəssüf ki, bizdə bu nümunə çox azdır. Tərəflər ağlasığmaz ittihamlarla ayrılır, biri digərinin həyatını cəhənnəmə çevirməyə sanki and içir.

Boşanmış qadınların klişe bəhanələri aşağı-yuxarı eynidir: "İçirdi, çəkirdi, gəzirdi, ailəyə baxmırdı və s." Kişi tərəfinin bəhanələri isə bəzən daha əclafcasına olur: "xəyanət edirdi, başqasıyla danışırdı, başqasıyla görüşürdü." Boşanmış insanlar nadir hallarda "Birlikdə yaşaya bilmədiyimiz üçün ayrıldıq", - deməyi bacarır. Çox vaxt qarşılıqlı ittihamlar havada uçuşur.

Bu ittihamlardan sonra boşanmış tərəflərin həyatı əsl cəhənnəmə çevrilir, əzabı ikiqat artır. Sayğı və ehtiram çərçivəsində ayrılmaq, boşanmaq bizim cəmiyyətdə nadir rast gəlinən fenomendir.

Boşanma faktı hər iki tərəf üçün olduqca ağır, mənəvi ağrısı olan prosesdir. Cəmiyyət boşananlara birmənalı yanaşmır, boşanmışları günahkar bəzən isə əxlaqsız kimi ittiham edir. Çox vaxt hər iki tərəfin də yenidən ailə qurması, həyatını nizama salması müşkülə çevrilir. Qohum-qardaş, dost-tanış, doğmalar və yaxınlar bu məqamda daha həssas, daha anlayışlı davranmaq əvəzinə, tərəflərin yarasına duz basmağa üstünlük verir. Boşanmışlar yüngül həyat tərzi keçirən, məsuliyyətsiz, əxlaqsız, mənəviyyatsız insanlar kimi qiymətləndirilir. Yəni cəmiyyət boşanmış insanları yararsız varlıqlar kimi çıxdaş etməyə, kənara atmağa çalışır.

...Əgər cütlüyün övladları varsa, hamı sözləşibmiş kimi eyni sualı verir: Bəs övladlar necə olacaq? İnsafınız olsun, sanki bu məsələ boşananlar üçün çox sadə, çox bəsit bir problemdir. Övladları olduğu üçün boşana bilməyən yüzlərlə bədbəxt cütlük var. Halbuki, o övladların gələcəyi, xoşbəxtliyi üçün ayrı yaşamaq, boşanmaq bəlkə də ən yaxşı çıxış yoludur.

Hələ vasitəçilik edib barışdırmağa çalışanlar, hər dəfə rastlaşanda çiyninə vurub təskinlik verənlər peyda olur. Dəfələrlə niyə boşandığını soruşub, qarşı tərəfi asıb-kəsənlər, tərəflər arasında söz aparıb gətirənlər isə başqa aləmdir. Halbuki, insanlar bu cür davranışların tərbiyəsizlik olduğunu anlamalıdır.

Əgər boşanmış cütlüyün övladı və ya övladları varsa, hər iki tərəfin bir-birinin qarşısında ömürlük məsuliyyəti olmalıdır. Yəni, övlad düşmənçilik subyekti, incitmək və ya bezdirmək üçün təsir vasitəsi olmamalıdır. Cəmiyyətimiz bunu da həll edə bilməyib. Saxta canyananlıqlar, qayğıkeşliklər bəzən çox bezdirici və incidici olur. Təəssüf ki, insanlarımız bunu başa düşmək istəmir.

Növbəti mərhələ boşananları yenidən evləndirmək üçün meydana çıxan qohum-qardaş və dost-tanışların təzyiqləridir. Boşanma kimi ağır mənəvi zərbəni atlatmamış evlilik müzakirələri başlayır. Və cəmiyyətimiz bu məsələlərdə də klişelərlə hərəkət edir. Boşanmış qadına boşanmış kişi, boşanmış kişiyə də adətən boşanmış qadın axtarışları başlayır. Boşanmısansa sənin seçim haqqın yoxdur. Kimi tapsalar onunla evlənməlisən. Halbuki, bu cür davranış gələcəkdə daha bir bədbəxt ailənin qurulması üçün zəmin yaradır. Cəmiyyət anlamır ki, boşanmış insanların da seçim hüququ var və buna hörmət etmək hər kəsin borcudur.

...Boşanmış qadınlara cəmiyyət daha qəddar davranır. Boşanmış qadının bu cəmiyyətdə istədiyi həyatı qurması böyük əziyyət və səy tələb edir. Bu baxımdan kişilər daha şanslı olsalar da, klişelər burada da həyatımıza burnunu soxmaqdan vaz keçmir.

"Yaxşı kişi(qadın) olsa, boşanmazdı." - Boşanmış şəxslər barədə deyilən ən yüngül fikir budur. Bəli, cəmiyyət ilk addımda büdrəyən, həyatı alınmayan insanları linç etməyi sevir. Hansı yaşda olmasından asılı olmayaraq boşanmaq bir ləkə kimi tərəflərin alnında qalır. İstisnalar əlbəttə var. Sosial vəziyyət, cəmiyyətdə tutduğun mövqe bəlkə də gələcək həyatını qurmaq üçün az-çox kömək ola bilər. Amma ümumi vəziyyət o qədər də ürəkaçan deyil...

Nə etməli?

Məncə boşanmış insanları ailə, cəmiyyət, qohumlar, dostlar rahat buraxmalıdır. Boşanmaq faciə deyil. Boşanmış insanı qınamaq, ona acımaq, yol göstərmək, həyatına burun soxmaq yanlışdır. Boşanmış insanların da həyatını yenidən qurmaq və öz həyatıyla bağlı söz sahibi olmaq haqqı var. Boşanmış insanları səhv iş görmüş, cinayət işləmiş, günaha batmış insanlar kimi damğalamaq böyük səhvdir. Sadəcə imkan verməliyik ki, insanlar öz həyatlarını müstəqil qərarlarına uyğun yaşasın. Cəmiyyət olaraq basqılardan, dedi-qodudan uzaq olmaq, boşanmış insanlara edə biləcyimiz ən böyük yaxşılıqdır.

246
Məmur, arxiv şəkli

Azərbaycanda işçilərin işdən müxtəlif saatlarda çıxması təklif olunur

0
Bayramlı bildirib ki, bununla bağlı müvafiq təkliflər var və qəbul olunsa, sabaha məlumat veriləcək.

BAKI, 3 iyun - Sputnik. "Səhər və axşam saatlarında insanların sayını nizamlamaq məqsədilə üç ayrı qrup şəklində müxtəlif saatlarda işdən çıxılacaq. Bu da sıxlığı aradan qaldırmaq məqsədi daşıyır.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bununla bağlı təkliflər var və qəbul olunsa, sabaha məlumat veriləcək.

0