Bakı bulvarı, arxiv şəkli

Koronavirus bizə çətin qalib gələ, çünki bizim ona qarşı silahımız var

2007
(Yenilənib 20:17 11.04.2020)
Bakı küləyi bir axınla gəlib bütün qorxulu virus və xəstəlikləri bir növ məhv edir. Dünyanı ağuşuna alan koronavirus da Abşeronda məhz bu səbəbdən geniş yayıla bilməyəcək.

BAKI, 11 aprel — Sputnik. Abşerona xəzri gəldisə, ən azı 2-3 gün davam edəcək. Havada toplaşmış bütün çirki-pası, zəhəri qovub aparacaq. Xəzri olmasa, Bakıda normal həyat da olmaz. Bu küləyin hesabına bir çox insan müxtəlif xəstəlikdən yaxa qurtara bilib. Xəzri dənizdən gələn şimal küləyidir. O həm istiyə qarşı bir vasitədir, həm də özü ilə müalicəvi maddələr gətirir.

Bakı küləyi bütün qorxulu virus və xəstəlikləri bir növ məhv edir

Abşeron küləyinin bir dərman olduğunu Bakı sakinləri çoxdan anlayıblar. İmkanı olan hər bir şəxs mütləq və mütləq dənizə yaxın Bakı kəndlərinin birində özünə bağ evi almağı düşünür. Hətta dəniz kənarında inşa edilən onlarla sanatoriya da müalicə məqsədilə insanlara xidmət edir.

Bakı küləyi bir axınla gəlib bütün qorxulu virus və xəstəlikləri bir növ məhv edir. Dünyanı ağuşuna alan koronavirus da Abşeronda məhz bu səbəbdən geniş yayıla bilməyəcək. Bakı kəndlərində yaşayan yaşlı insanların bir çoxu bu faktı təsdiqləyər, epidemiya və ya qripin hansısa formalarına bu zonada demək olar rast gəlinməyib. Məsələn, vaxtilə ölkədə ən çox problem doğuran malyariya xəstəliyi daha çox cənub zonasında yayılıb, Abşeron və Bakıda isə demək olar rast gəlinməyib. 

Küləyin qarşısını kəsməklə xəstəliyin sayını artırırıq

Son illərdə meqapolisə çevrilən Bakıda qrip və digər infeksion xəstəliklərin yayılmasının bir səbəbi də göydələnlərin inşasına və dənizdən gələn hava axınının  qarşısının alınmasına bağlıdır. Küləyin qarşısını kəsməklə xəstəliyin sayını artırırıq. Sovet dövründə astma xəstəliyindən əziyyət çəkən insanlara dənizkənarı şəhərlərdə yaşamağı məsləhət bilərdilər. Göy öskürək kimi yorucu xəstəliyin bircə müalicəsi vardı: dəniz havası. İndi Bakıda həm astmaya, həm də göy öskürəyə rast gəlirik. Çünki dənizin özü də, havası da bizdən uzaq düşüb. Bircə şənbə-bazar çıxıb gedirik Abşeron bağlarına, bəlkə o müalicəvi havadan, xəzridən bizə də bir az pay düşə.

Xəzri adətən saniyədə 10 metr sürəti ilə əsir, 40 metrə də çata bilər. Özü ilə dənizdən rütubət gətirir, ağacları və bitkiləri qidalandırır. Xəzri ildə 100 dəfəyəcən təkrarlana bilər. Dəniz havasının tərkibindən danışası olsaq, Xəzərin havası ionlar və oksigenlə zəngindir. Səhər saat 5-6 arası dəniz kənarında yodlu-bromlu havadan udsaq, elə bir illik immunitet qazanmağa bəs edəcək.

Bu kəndin sakinlərində bu tip xəstəliyə demək olar rast gəlinmir

Abşeron iqliminin müalicəvi xüsusiyyətləri səbəbindən Bilgəh qəsəbəsində “Bilgəh” kardioloji sanatoriyası yaradılıb. Bilgəh havası ürək-damar xəstəliklərinin müalicəsində əsas komponentlərdən biri sayılır. Adətən bu kəndin sakinlərində bu tip xəstəliyə demək olar rast gəlinmir. İlıq dəniz suyu, yod-brom tərkibi də əhəmiyyət daşıyır.

Karantinlə bağlı şəhərin küçələri və yolları boşalıb, hava təmizlənib. Bircə başını pəncərədən çıxarıb baxmaq kifayət edər. Ağciyərləri bu hava ilə qidalandırmaq istənilən virusa qarşı mübarizədə elə qələbənin yarısı deməkdir. Bakı əhlinin bir hissəsi imkan yarandığından ailəvi olaraq Bakı bağlarına indidən köçüblər. Belə imkan demək olar heç vaxt mümkün olmazdı, amma karantin şəraitində qapalı bina evində qalmaqdansa, elə gəzməyə xeyli yeri olan bağ evində təmiz dəniz havasından yararlanmaq məsləhətdir.

Gilavarı da var, gicavarı da...

Abşeronun gilavarı da var. Yəni yarımadadan dənizə tərəf yönələn isti cənub küləyi. Gilavarı elə də sevməzlər Bakıda, amma bir növ soyuq dövrdə havanı mülayimləşdirir. Bir növ hər məsələni nizama salır. Xəzrinin gətirdiyi artıq rütubətin də miqdarını tənzimləyir. Yayda dözülməz olsa da, hər halda bir küləkdir.

Üçüncü növ küləyə xalq arasında gicavar deyirlər. Yəni haradan əsdiyi bilinməz. Bir az oradan əsər, bir az buradan. Bilməzsən haradan gəlib haraya gedər. Həyat-bacada hər şeyi qarışdırar. Amma necə deyərlər, küləksiz bir günümüz belə olmasın. Külək olmasa, xəstəlik bizə güc gələr.

Artıq yeməkdən şəkər, lazımsız stressdən ürək-damar xəstəsi olmaq, neftin radiasiyasından isə onkoloji problemlə üzləşmək olar. Amma koronavirus bizə çətin qalib gələ, çünki Abşeron havası bizim ən mühüm silahımızdır. Ağciyərimiz tər-təmiz, əhvalımız isə həmişə yüksəkdir.

Karantinin də sonuna lap az qalıb.

2007
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (345)
5G K9 robotu, arxiv şəkli

Qazandığımızı tam itirə bilərik: təşəbbüsü robotlara verməklə...

896
(Yenilənib 11:19 13.08.2020)
Bu gün dünyada işsizlikdən əziyyət çəkən, gündəlik çörək tapa bilməyin milyonlarla insan var. Hər yeni robotlaşdırılmış sistem onların sayını birə-on artırır.

Rusiyada robotlar üçün gəlir vergisinin tətbiq edilməsi ideyası gündəmə gəlib. Rusiyanın Mütərəqqi Təhsil İnstitutu belə bir təkliflə Maliyyə Nazirliyinə müraciət edib. Analitiklərin fikrincə, süni intellektin inkişafı yaxın 15-20 ildə 20 milyon rusiyalını işsiz qoya bilər. Vergidən gələn məbləği satıcı, kassir, analitik, mühafizəçi peşələrində çalışan insanların başqa yöndə təhsil almasına yönəltmək mümkün olacaq.

“Terminator” filminin ilk versiyası nə qədər fantastik görünürdüsə...

Süni intellektin, robotların, “ağıllı əşyaların”, androidlərin tədricən insanı bir sıra sahələrdən sıxışdırıb çıxaracağı barədə yüzlərlə bədii və sənədli film çəkilib. 1984-cü ildə ekranlara çıxan, milyonların sevimlisinə çevrilən “Terminator” filminin ilk versiyası nə qədər fantastik görünürdüsə, müasir dövrün prizmasından bir o qədər də primitiv təsir bağışlayır. Bu gün artıq robotlaşdırılmış və avtomatlaşdırılmış zavodlar, internet və onun yaratdığı informasiya mühiti, evi tam idarə edən avadanlıq və yüzlərlə texnoloji yenilik reallaşıb.

Robotlar insanı, sözün əsl mənasında, sıxışdırıblar. Həyatını daha rahat və komfortlu görməyə can atan insan onu hər yerdə əvəzləyə biləcək texnologiya yaradıb, bu barədə hər gün bəh-bəhlə danışır da. Analitiklər robotların bəşəriyyətin gələcəyinə nə cür təsir edəcəyi ətrafında dayanmadan mübahisə edirlər. Tərəqqinin qarşısını almaq mümkünsüzdür, hər gün yeni texnologiya yaradılır və hər yeni texnologiya dünənin köhnəlmiş avadanlığını əvəzləyir. Hər yeni nəsil robotları daha mükəmməl və funksional fəaliyyət göstərir.

Fantastik filmlərdə gördüyümüz səhnələr reallaşa biləcəkmi?

Robotların insanı tam sıradan çıxarması, Yer üzündə milyardlarla insanı işsiz qoymağı mümkündürmü? Fantastik filmlərdə gördüyümüz səhnələr reallaşa biləcəkmi? Adətən yeni avadanlıq, texnologiya istehsal edən şirkətlər, bu sahədə çalışan insanlar tarixə istinad etməyi sevirlər. Antik dövrdə gəmi qulların vasitəsilə hərəkət edirdi, bir müddət sonra taqətdən düşənlərin yerini digərləri tuturdular. Tədricən yelkənli gəmilər meydana gəldi, onları buxarla işləyən gəmilər əvəzlədi. Hazırda atom enerjisi ilə hərəkət edən gəmilər yaradılıb. Okeanda üzən kiçik bir şəhərcikdir sanki.

Avtomobil, dəmir yolu, aviasiya nəqliyyatı inkişaf etdikcə bir çox peşələr sıradan çıxdı. Orada-burada nadir hallarda faytonlara rast gələ bilərik, o da elə-belə gözəllik üçündür. Robototexnikanın sürətli inkişafı bir tərəfdən bəşəriyyətə nə qədər xeyir versə də, bir o qədər də özü ilə problem gətirməkdədir. Bəzən problemin kökünü hələ də anlamırıq. Vaxtilə hər yeni yaranan texnologiya əsasən insanı ağır fiziki zəhmətdən azad edib. Əgər bir neçə əsr öncə dünya əhalisinin 90 faizi kənd təsərrüfatında çalışırdısa, hazırda bu göstərici 3-5 faizə enib. Yəni əvvəllər bu qədər insanın gördüyü işi hazırda müxtəlif növ texnikanın köməyi ilə reallaşdırırıq. Məhsulu da bazara çatdırmaq problem deyil, hər cür sürətli nəqliyyat növü icad olunub.

Robotlar insanı hansı sahələrdən uzaqlaşdırır? 

Ağır, fiziki əməkdən azad olan insan gücünü elmin, ədəbiyyatın, incəsənətin inkişafına yönəldib. Minlərlə böyük şəhər və meqapolisdə dünya əhalisinin böyük hissəsinin toplanmasına şərait yaradılıb. Amma robotlar bəşəriyyət üçün daha təhlükəlidir, çünki artıq insan həm fiziki əməkdən azad olub, həm də düşünmək funksiyasını süni intellektin idarə etdiyi sistemlərə ötürməklə məşğuldur. Robotlar insanı hansı sahələrdən uzaqlaşdırır? 

Sənaye miqyasında robotlar olduqca geniş istifadə edilir, zavod və fabriklərin bir çoxunda avtomatlaşdırılmış xətlər fəaliyyət göstərir. Hərdən reklamda da tez-tez “insan əli dəymədən istehsal edilib” ifadəsini eşidirik. Qida və alkoqol sənayesində, avtomobil, mobil telefon, smartfon, kompüter istehsalında çoxdan robotlar insanı əvəzləyib. Hətta son dövrlərdə sənaye müəssisələrini ABŞ-a qaytarmaq ideyasını dəstəkləyən Tramp administrasiyası ölkədə tam robotlaşdırılmış zavodların quraşdırılması üçün münbit şərait yaradıb, Çinin “Huawei” şirkətini ABŞ bazarından uzaqlaşdırmaqla İsveçin “Ericsson” şirkətinə ölkə daxilində tam robotlaşdırılmış müəssissə tikməyə imkan verib. Texas ştatında 2020-ci ildə fəaliyyətə başlayan bu “ağıllı fabrik” artıq 5G stansiyaları buraxır. 

Müasir robotlar nəyisə öyrənməkdə insanı qabaqlayır

Geyim istehsalı adətən dünyanın bir çox yerində milyonlarla insanı işlə təmin edirdi. Hazırda robotlar bu sahəni də tədricən ələ alırlar. Almaniyanın “Adidas” şirkəti dünyaca məşhur idman geyimi və ayaqqabılarını artıq Avropada robotların köməyi ilə istehsal etməyə başlayıb. ABŞ-da tam avtomatlaşıdırılmış geyim fabrikləri də fəaliyyət göstərir.

Robotlar insanı supermarket kassasında, avtomobil sükanı arxasında, təyyarənin idarə edilməsində, hərbi döyüş zonalarında əvəzləməkdədir. Özü də insanın yol verə biləcəyi səhvlərin heç birini etməz, etsə də, cəmi bir dəfə. Müasir robotlar nəyisə öyrənməkdə insanı qabaqlayır, gün-gündən mükəmməlləşirlər. Amma problem daha dərindir, çünki robotlar insanın məhz düşünmək imkanını əlindən alırlar. Bu, bəşəriyyət üçün sözün əsl mənasında təhlükədir. Belə olan halda insanın deqradasiyası, onun həm fiziki imkanlarının, həm də intellektual potensialının aşağı enməsi qaçılmazdır. Biliyi bir nəsildən digərinə ötürmək də zamanla əhəmiyyətsiz olacaq, süni intellektin qurduğu dünyada, onun yaratdığı sistemdə yaşamalı olacağıq. Heç bir fəaliyyət üçün səbəb olmayacaq.

Bəşəriyyətə nə qədər yazıçı, rəssam, heykəltəraş, bəstəkar lazımdır?

Həkimlər, hüquqşünaslar, jurnalistlər, tərcüməçilər, ümumiyyətlə, ofis işçilərinin əksəriyyəti işsiz qalacaq. Cərrahlıq edən robotlar, hüququ mükəmməl mənimsəyən, hər gün mətbuat üçün yüzlərlə xəbər yazan proqramlar yaradılıb. İnsana müəyyən dərəcədə özünü yaradıcılıqda ifadə etmək mümkün olacaq. Amma bəşəriyyətə nə qədər yazıçı, rəssam, heykəltəraş, bəstəkar lazımdır? Bəs qalan insanlar nə işlə məşğul olacaqlar?

Elə bu gün dünyada işsizlikdən əziyyət çəkən, gündəlik çörək tapa bilməyin milyonlarla insan var. Hər yeni robotlaşdırılmış sistem onların sayını birə-on artırır. Geyim hazırlamağın, smartfon və ya kompüter istehsal etməyin də mənası qalmayacaq. Bunu ala bilən insan yoxdursa, düzəltməyə dəyərmi? Bəşəriyyət artıq bu gün texnologiyanın yarada biləcəyi fəsadları aradan qaldırmaq yollarını araşdırmalıdır. Təşəbbüsü robotlara verməklə qazandığımızı tam itirə də bilərik.

896
Səhnədə müğənni, arxiv şəkli

Hüznlü manıslar xalqın əndişəsi

1200
(Yenilənib 21:08 12.08.2020)
Toyların, el şənliklərinin qadağan edilməsi böyük bir kültürü iflic vəziyyətinə salıb. Böyük bir industriya çökür və müxtəlif peşə sahibləri bu dağıntıların altında qalırlar.

BAKI, 12 avqust — Sputnik. Bir tərəfdən pandemiya sıxır canımızı, bir yandan işsizlik kəsir nəfəsimizi, bir az da manıs-müğənni əhlinin ah-naləsindən pəjmürdəyik. Niyə onları xatırladım? Çünki bəzənib-düzənib, kreditə avtomobillər, bahalı evlər alıb lüks həyat yaşamağa alışanların çətinliyi daha çoxdur. Bizə nə var? Bir tikə çörəyi ümidlə yavanlıq etməyə öyrənmişik. Çətini zəngin yaşamağa çalışan, zənginliyi imitasiya edən manısların güzəranıdır. Aylardır, yeganə qazanc yeri toylar olan bu şən-şaqraq insanlar intəhasız bir hüznə qərq olublar. Karantin acı bağırsaq kimi uzandıqca, efirlərdə görünən müğənnilərin üzündəki kədər və iztirab dərinləşir. Əvvəl çağırıldığı proqramdan üzrxahlıq edib yayınan, toyda oxumağı daha vacib hesab edənlər indi çağırıldıqları proqramların bitməsini istəmirlər...

Düşünürəm ki, toyların, el şənliklərinin qadağan edilməsi böyük bir kültürü iflic vəziyyətinə salıb. Böyük bir industriya çökür və müxtəlif peşə sahibləri bu dağıntıların altında qalırlar.

...Hər gün oxşar xəbərlərlə oyanıb, eyni ümidlə başımızı atırıq yastığa. Az qala, beş aydır yekrəng, yeknəsək bir ömür xırıd edirik fələyin oyununda. Nə qapımızı döyən var, nə hansısa qapını döyməyə üzümüz, imkanımız. Hər sabah internetdən axışıb bizi ağuşuna alan xəbərləri oxuyub, bir ovuc antidepressant nuş edib, bir siqaret yandırırıq qayğılı-qayğılı. Hər gün həyəcanla statistikanı izləyirik. Sağalan sayı yoluxan sayından artıq çıxanda, əlinə “üç tuz” gəlmiş hiyləgər qumarbaz kimi, bığaltı qımışırıq ki, “hə, bir az ümid var...”  Əslində isə “ümid bağlı qapılar arxasında, ruzimiz qurd ağzındadır”.

Təcridimiz orta əsrlər sufi şeyxinin təcridi kimi uzanır: canımız çiləyə təşnədir. Qadağalar azaldıqca, dükan-bazar, dəniz-çimərlik açıldıqca üzümüzə təbəssüm qonur. Amma heyhat! Nə dükan-bazara getməyə imkanımız, nə dənizə getməyə taqətimiz var. Dənizdə, dükan-bazarda sıxlıq yaradan da biz deyilik, bizim nəfsimizdir. Azadlığa təşnə, sərbəstliyə həsrət nəfsimiz özünü qumsallığa verib dincəlmək istəyir. Aylardır, tamarzı qaldığımız azadlığın, sərbəstliyin dadını çıxarırıq. Şükürlər olsun ki, “birinci dalğa” dedikləri hər nədirsə sahillərimizə çırpılıb, ala bildiyi qədər can alıb, geri çəkilir. Biz binəvalar da “birinci dalğa”dan xilas olmamış “ikinci dalğa”nın müjdəsini alırıq.

TƏBİB bir yandan, Operativ Qərargah digər tərəfdən xəbərdarlıq edirlər ki, “bəs hazır olun, gigiyenik olun, məsafəli olun - “ikinci dalğa” gələcək”. Xub! Gəlsin bu dənizin nə qədər dalğası varsa, bir təhər dözərik, səbr edərik. Amma, ancaq, lakin...

Pandemiyadır, karantindir, təcriddir, sosial məsafədir, yarıtmaz səhiyyədir – bunları birtəhər anlayırıq, ya da zor-bəla anlamağa, dərk etməyə çalışırıq. Bəs bizim sosial vəziyyətimiz, külfətimizin və millətimizin dolanışığı, yaşayışı necə olacaq? Körpə övladlarımıza nə qədər nağıl danışaq? Nə qədər aldadaq özümüzü?

Bütün qayda-qadağaya tabe olub, kədərli bir həyat yaşayırıq. Gün üzünə, doğmaların, yaxınların camalına həsrət qalmışıq aylardır. Şəxsən mən bir yazıçı kimi bu çətin məqamlarda dövlətimin dəstəyini hiss etmək, övladlarımın güvəndə olduğunu düşünmək istəyirəm. Ancaq narahatam, əndişəliyəm. Bir qarın çörək dərdi deyil qorxum. Bu il birinci sinifə getməli olan qızımın, liseyə qəbul olub, həvəslə dərslərin başlamasını gözləyən oğlumun təhsilindən nigaranam. Yaşlı valideynlərimin səhhətindən, aylardır işsiz qalan dost-tanışımın dolanışığından narahatam.

190 manata ümid edən, ehtiyac içində olan həmvətənlərimi düşünürəm. Sonuncu ehtiyatını da xərcləyib bitirmiş onlarla adam tanıyıram. Hər gün yardım üçün müraciət edənlərə, marketlərin qarşısında əl açanlara aylardır işsiz olduğumu deməyə utanıram.

Sosial problemlər, işsizlik və sıxıntılar ortaq dərdimizdir. “Ellə gələn toy-bayramdır” deyirik, amma yaxın qonşumuz Gürcüstana və uzağımız Avropaya baxanda görürük ki, əslində “toy-bayram” onlardadır. Səhiyyədən tutmuş, əhaliyə edilən sosial dəstəyə qədər nümunə götürməli olduğumuz çox şey var.

Biz, sadəcə, səriştəsiz, əhli-kef məmurların ümidinə qalmış qoca Şərqin atılmış və unudulmuş binəvalarıyıq.

Bundan sonra ümidimiz yalnız koronavirusun insafına qalıb. Bu zaval, bu mərəz özü könüllü çəkilib getməsə, bizim sonumuz heç də yaxşı görünmür...

1200
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (345)
Əlaqədar
Baba nəvəsinə ad günü təşkil etdi, qonaqlar hədiyyə əvəzinə cərimə ödədilər
"Bilmədiyimiz bir şeydən qorxmağın mənası yoxdur" - Psixiatr
Koronavirusdan daha təhlükəli: Qəzəb, aqressiya və gərginlik...
Hökumətdən kafe və restoranlarla bağlı yeni qərar
Birlik, həmrəylik məqamı və keçməməli olduğumuz "qırmızı xətt"
Bakı məktəblərin birində, arxiv şəkli

Məktəblərin açılması ilə bağlı suallar hələ açıq qalır

0
(Yenilənib 12:14 15.08.2020)
Təhsil Nazirliyiin nəzdində fəaliyyət göstərən institutlar tərəfindən digər ölkələrin təcrübələri öyrənilir.

BAKI, 15 avqust — Sputnik. "Son günlər rəqəmlərdə azalmalar qeydə alınsa da, bəzi günlər üzrə rəqəmlərdə artım qeydə alınıb. Bu da insanların aktivliyi ilə əlaqədardır". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O təhsillə bağlı məsələyə də toxunub: "Təhsil müəssisələrinin açılması məsələsi müzakirə olunur. Bu gün Təhsil Naizrliyiin nəzdində fəaliyyət göstərən institutlar tərəfindən digər ölkələrin təcrübələri öyrənilir. Bütün təhsil müəssisələri üzrə ayrılıqda müvafiq qərar qəbul edilməlidir. Bu gün qonşu ölkələrdə də məsələ ciddi müzakirə olunur. Hətta həmin ölkəərdə təhsilin növbəti aylarda açılması da müzakirə edilir".

0