Tibbi maskada kompüter qarşısında olan kişi

Dəyişən dəyərlər, yeni reallıq "internet insanı"

1164
(Yenilənib 22:59 07.04.2020)
Sosial şəbəkələrə toplaşıb asosiallaşan insanlar, indi aktiv sosial həyat arzusu ilə yanıb qovrulur.

Həyatımıza yeni sözlər daxil olub – korona, COVID-19, karantin…

Yeni vərdişlər qazanmışıq – evdə qalmaq, maska-əlcək taxmaq, üstümüzdə dezinfektan gəzdirmək…

Hər şey çox sürətlə dəyişir.

Heç zaman xəyal etmədiyimiz şeyləri yaşayırıq və biz bunun fərqinə belə varmırıq.

Çünki düşünmək, fikirləşmək, baş sındırmaq üçün zamanımız yoxdur.

Bəlkə də düşünmək istəmirik.

Elmin, fəlsəfənin, incəsənətin, hətta dinin fərqli problemləri ortaya çıxır.

Çünki insanlıq, bəşəriyyət təhlükə qarşısındadır.

İnsanın dünyanı dərk etməsi, anlaması asanlaşdıqca ortaya eqoist, hər şeyi “fəstfud” şəklində qəbul etməyə alışmış insan tipi yaranırdı.

Və təbiət bizə dərs verməyə qərar verdi!

Araşdırmadan, dərk etmədən, təhlilə və izaha ehtiyac duymadan, ilkin mənbəyə müraciət etmədən dezinformasiya, saxta bilgi ilə silahlanmış insanlar meydan sulayırdı.

İndi də hər fürsətdə bu işlə məşğul olanlar var, amma...

İndi hamı nəfəsini çıxıb səhih, doğru informasiya gözləyir.

Hamı həqiqəti – çılpaq, əsil həqiqəti bilmək istəyir.

Sosial şəbəkələrə toplaşıb asosiallaşan insanlar, indi aktiv sosial həyat arzusuyla yanıb qovrulur...

Hamı nəfəsini tutub, prosesləri izləyir.

İnternetin imkanları genişləndikcə təhlükəli insan tipi yaranırdı. “İnternet insanı” çağımızın ən böyük bəlası, ən böyük probleminə çevrilmişdi.

Və ən dəhşətlisi budur ki, “internet insanı” reallıq hissini itirmişdi.

Bəzəkli və parıltılı həyat arzusuyla sosial şəbəkələrdə, internetdə vurnuxurduq.

Təbiət (bəlkə də, supergüclər?), bizi çarəsiz duruma saldı.

Artıq bəlkə də yeganə məşğuliyyətimiz internet olsa da, internetə, sosial şəbəkələrə ikrahla yanaşırıq.

Qabaqlar faciənin və dəhşətin miqyasını dərk edə bilmirdik, indi ayılırıq, dərk edirik.

“İnternet insanı” həqiqəti anlamırdı, indi həqiqəti axtarır.

Zaman keçdikcə, elm və texnalogiya inkişaf etdiyi kimi etik normalar da dəyişir.

İnternet əvvəlcə əyləncə məkanı idi, dəhşət saçırdı, təhlükəli hiylələrlə dolu idi...

İnternet övladlarımız üçün təhlükə mənbəyi idi, uşaqları uzaq tuturduq...

Övladlarımızı təhlükədən qorumaq üçün onları internetdən uzaq saxlayırdıq, indi onların elm öyrənməsi üçün internetə ehtiyacımız var.

Virtual dünyada yalan, saxtakarlıq, vəhşilik həyat normasına çevrilirdi.

İnsani dəyərlər iflas edirdi.

İnsanlar psevdoinformasiyaya, psevdoelmə, psevdotibbə meyllənirdi.

İndi isə bizə hər şeyin həqiqisi, gerçəyi lazımdır.

Həqiqi elmdən xilas gözləyirik...

Artıq internet sıxıcı, yorucu, darıxdırıcıdır.

Reallığa, real dünyaya, real elmə, real insanlara ehtiyacımız var.

İndi vicdanlı xəbər agentlikləri sosial şəbəkələrdən daha aktualdır.

İndi doğru statistikaya, dürüst xəbərə, təsdiqlənmiş məlumata ehtiyacımız var.

“İnternet insanı” karantin dövründə, pandemiya günlərində reallığa qayıtmağa çalışır.

Yalan və illüziya marağını itirib, çünki qarşılaşdığımız təhlükə ciddidir.

Düşünürəm ki, fürsətdir, virtual dünyada yaşamadığımızı anlamağımız üçün gözəl şərait var.

Xilas olmaq üçün real dünyaya qayıdaq…

1164
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Məsuliyyət disiplin: Koronavirusa qalib gəlməyin yolları

54
Riayət etdiyimiz qaydaların gələcəyimizə, xüsusilə övladlarımıza və digər doğmalarımıza faydalı olacağına inansaq, bu bəlaya qalib gəlməyimiz çətin olmayacaq.

Həyatımızı və düzənimizi dəyişən "taclı bəla"nın yayılması son günlər kəskin şəkildə artıb. Həm dünyada, həm də ölkəmizdə vəziyyət getdikcə qəlizləşir. Xəstəxanaların vəziyyətindən xəbərdar olanlar, vəziyyətin niyə qəliz olduğunu yəqin ki, anlayrırlar. Təcrübə göstərdi ki, bütün dünya bu bəlanın qarşısında hələki çarəsiz vəziyyətdədir. İlin əvvəlində Avropa ölkələrində yaşanan narahatlıq, indi bizim qapımızı döyür. Görülən tədbirlərin, tətbiq olunan qadağaların, qapanmaların, açılmaların effektivliyi də göz qabağındadır. Bu barədə uzun-uzadı yazmağa, danışmağa ehtiyac yoxdur. Son günlərin statistikası vəziyyətin ciddi olduğunu gözlər önünə sərir. Artıq, "Mən koronaya inanmıram"– lağlağısının yeri deyil. İnansaq da, inanmasaq da pandemiya dünyaya meydan oxuyur.

***

Mütəxəsislər yoluxmanın və ölümlərin nisbətən az olduğu isti aylarda payız-qış mövsümündə yoluxmalarda kəskin artım olacağı ilə bağlı xəbərdarlıq etsələr də, dəyişən heç nə olmadı. Özümüzü və ətrafımızı qorumalı olduğumuz halda, yenə biganə davrandıq. Heç kəsə sirr deyil ki, koronavirusun yayılmasında əsas faktor insandır. Əgər insanlar bu məsələdə məsuliyyətli olmasa, yoluxmanın sürətlə artmasına mane olmaq daha da çətinləşəcək. Üstəlik, xəstəxanalarda müalicə alanların sayının artması, həkimlərin daha ağır xəstələrə nəzarət etmək imkanını azaldır. Dolayısıyla, hər bir məsuliyyətsiz addım, ətrafımzdakı onlarla insana təhlükə yaradır. Qarabağ müharibəsində ardıcıl qazanılan zəfərlər bizdə eyforiyaya səbəb olub. Bunu zəfər yürüşlərində də müşahidə etmək çətin deyildi. O müdhiş sevincin qarşısında insanları "Niyə yürüş edərkən maskadan istifadə etmirdiniz?" – deyə qınamaq da olmur. Zəfər sevinci elə bir hissdir ki, sosial məsafə, maska, dezinfektan heç kəsin yadına düşmür. O xoşbəxt anlarda adam bütün mənfi şeyləri unudur. Çox yaxşı haldır ki, insanlarımızın bu xoş aurası bu gün də davam edir. Ancaq bu rahatlığın təhlükəli tərəfi də var: məsuliyyət hissimiz azalır və "taclı bəla" öz arealını genişləndirir. Bu gün yenidən birliyə və həmrəyliyə ehtiyacımız var.

***

Sözün düzü, koronaya yoluxmamaq üçün nələrə riayət etməli olduğumuzu hamımız bilirik. Əgər ilin əvvəlində naməlum düşmənə qarşı təşviş içərisində mübarizə aparırdıqsa, indi bu virus haqqında kifayət qədər məlumatlıyıq. Qoyulan qadağalar kifayət qədər yumşaldılıb. Həyatımızdan bu bəlanın biryolluq çıxıb getməsi üçün özümüzü və ətrafımızı düşünmək, diqqətli və məsuliyyətli olmaqdan başqa yolumuz yoxdur.

***

Bu gün yoluxma riski hər yerdə yüksək olsa da, insanların daha sıx olduğu yerlərdən uzaq gəzmək, bu sıxlığa səbəb olmamaq vacibdir. Düşünürəm ki, insanlarla daha sıx ünsiyyətdən yayınmaq da bu dönəm üçün vacibdir. Maskadan istifadə etməli, gigiyeniya qaydalarına riayət etməliyik. Açıq havada maskadan istifadə etməklə bağlı qoyulan qadağa hamıya qəribə görünsə də, düşünürəm ki, bu məsuliyyət hissini artırmaq, disiplin yaratmaq üçün müəyyən təsirə malik olacaq. Pandemiya ilə mübarizə apardığımız bu dönəmdə hətta absurd görünən qadağalara da riayət etmək, öz davranışımızla ətrafımıza yaxşı nümunə göstərmək məcburiyyətindəyik.

***

Əzizlərimizin həyatını qorumaq, təhsil sistemimizin və həyatın digər sahələrinin normala dönməsi üçün bu qeyri-müəyyənliklərlə dolu günlərdə daha həssas, daha məsuliyyətli olmalıyıq. Riayət etdiyimiz qaydaların gələcəyimizə, xüsusilə övladlarımıza və digər doğmalarımıza faydalı olacağına inansaq, bu bəlaya qalib gəlməyimiz çətin olmayacaq.

Hər birimizdən tələb olunan sadəcə məsuliyyətli və diqqətli olmaqdır. Bunu bacarsaq, minlərlə insanın xilaskarı olmaq şansımız var. Bu gün özünü və ətafını qoruyan hər bir insan qəhrəmandır və hamımızın qəhrəman olmaq imkanı var. Gələcəyimiz və sağlamlığımız üçün bu qəhrəmanlığı etməliyik. Bizim yenədə birliyə, bütövlüyə, həmrəyliyə ehtiyacımız var. Yaxın tarix sübut etdi ki, biz həqiqətən birlikdə güclüyük. Bu gücümüzü gözgörünməz düşmənə də göstərməyin vaxtıdır.

54
Teqlər:
korona virusu, Koronavirus, epidemiya, COVID-19
Xırdalanda uşaqlar, arxiv şəkli

Uşaq ikili standartın çərçivəsində: internetdə bir fikir var, valideyndə başqası

49
(Yenilənib 22:30 23.11.2020)
Noyabrın 20-si Ümumdünya Uşaqlar Günüdür. BMT Baş Assambleyasının 1954-cu ildə qəbul etdiyi №836 saylı qətnaməsində bütün dövlətlərə uşaqların şərəfinə bu bayramın keçirilməsi tövsiyə olunub. Bu məqalə gec dərc olunsa da, həmin günə həsr olunub.

Post-sovet məkanında adətən iyunun 1-ni Uşaq Hüquqlarının Müdafiəsi Günü kimi qeyd etmək qəbul olunub. Dünyanın bir çox ölkəsində uşaq hüquqları, onların problemləri ilə bağlı bir çox normativ aktlar və mütərəqqi qanunlar mövcuddur. Bununla belə, uşaq problemi hələ də aktuallığını saxlamaqdadır.

Çində uşaq oğurluğu problemi olduqca aktualdır

Uşaq gününü qəbul etmək nəyə lazım idi? Müasir dünya olduqca çətin problemləri ortaya qoyur. Hər gün texnoloji yenilik gündəmə gəlməsi yeni problemləri yaradır. Hər yeni mərhələdə yeni çətinliyi dəf etmək, bu işlərin uşaqlara təsirini aradan qaldırmaq lazım gəlir. Dünya üzrə ümumi qanunvericilik olmadığına görə, bəzən hər ölkə üzrə anlaşılmaz problemləri müşahidə edirik.

Məsələn, dünyanın ən qüdrətli ölkələrindən biri olan Çində uşaq oğurluğu problemi olduqca aktualdır. 1970-2015-ci illərdə ölkədə mövcud olan bir uşaq siyasəti böyük cinayətkar qrupların yaranmasına şərait yaradıb. Uşağı olmayan ailələr oğurluq yolla qaçırılmış uşaqları almaqla arzularına çatarmışlar. Əsil valideynlərin isə bəxtinə illərlə itirilmiş övladı axtarmaq qalırmış. Hətta bu gün də Çində minlərlə uşağın oğurlanması, kənara satılması, uşaq əməyinin istismarı, uşaqların cinsi istismarına rast gəlinir. Uşaqlara şikəst edib dilənçiliyə məcbur edən xüsusi qruplar da var. Maraqlı hallara da rast gəlinir.

İki yaşında itmiş Mao İn yalnız 30 il sonra öz valideynlərinə qovuşa bilib. 1988-ci ildə onu oğurlayıb başqa bir ailəyə satıblar. Uşağın anası Li Szinçji və atası Mao Szinçji övladlarını tapmaq üçün minlərlə elan yerləşdirib, çox miqdarda vəsait xərcləyiblər. Ana hətta öz işini tərk edərək həyatını oğlunun axtarışına sərf edib. İllərlə televiziya ekranından danışan Li heç vaxt ümidini itirmədiyini deyib. 2007-ci ildə övladlarını itirmiş valideynlərin qrupuna da qoşulan Mao və Li 2020-ci ildə övladlarına qoşula biliblər. Başqa regionda tapılan 34 yaşlı Qu Ninin DNT analizi verdikdən sonra hər şey aşkarlanıb.

Bu uşaqların nə təhsili var, nə də gələcəyi

Əslində belə hallar elə də tez-tez baş vermir, itirilmiş övladı tapmaq hər valideynə qismət olmur. Uşaq əməyinin istismarı, uşaqların təhsildən kənarda qalması, kasıblıq ucbatından uşaqların sağlamlığı itirməsi hallarına daha çox rast gəlinir. Afrikanın elə ölkələri var, orada elə uşaq özünü tanıyandan zibildə eşələnməklə məşğuldur. Yəni uşaq elə zibillikdə doğulur, böyüdükdən sonra orada pula satıla biləcək materialları toplayıb təhvil verir, min cür xəstəlik taparaq tez də həyatdan gedir. Bu uşaqların nə təhsili var, nə də gələcəyi.

Ekstremal halları kənara qoysaq, elə adi günümüzdə də xeyli çətinlik var. Ötən əsrin 70-ci illərində orta məktəbin 1-ci sinfinə gedən uşağın 7 yaşı olmalı idi. 6 yaşında uşağı götürməzdilər. Hazırda yaş həddi 6-ya endirilib, hətta ilin sonunda 6 yaşı tamam olanlar artıq sentyabrda məktəbə gedə bilərlər. 5 yaşlı uşaq artıq tədris prosesinə qoşulmalıdır. Özü də bu müddətdən öncə bu günün uşaqları həm bağça sistemindən keçir, həm də məktəbəqədər hazırlıq prosesindən.

Valideynin uşağına təsir etmək imkanı gün gündən azalır

Bu günün uşağı faktiki uşaqlığını keçirə bilmir. Elə doğulduğu gündən ətrafında onlarla texniki vasitə ilə üzləşir. 100-lərlə kanalı və internetə çıxışı olan televizor, müxtəlif növ planşet, smartfon, oyun qurğuları uşaq həyatının ayrılmaz hissəsinə çevrilir. Uşaq dəhşət dərəcədə yüklənir. Özünə qapanan, autizm xəstəliyinə düçar olan uşaqlarla yanaşı xeyli sayda hiperaktiv uşaqlar da peyda olub. Kimi telefonu əlinə alıb özünə qapanır, kimi də mənasız videoya baxıb ev-eşiyi dağıdır.

Valideynin uşağına təsir etmək imkanı gün gündən azalır. Uşağı daha çox internet resursları tərbiyə edir. Başqa insanların, digər millətlərin davranış modelləri valideynin dediyindən daha çox əhəmiyyət kəsb etməyə başlayır. İnformasiya kanalları çoxalıb deyə nəyinsə qarşısını da almaq olmur. Valideynin texniki bacarığı da bəzən uşağın bildiyindən zəif olur. Zet nəslinin nümayəndələri anında istənilən qurğudan baş çıxarır, özlərinə maraqla olan məlumatı hər yerdən tapa bilirlər.

Azərbaycanda nəsillər arasında sözün əsl mənasında bir ciddi anlaşılmazlıq var. Milli-mental dəyərlər aşılanır, bəzən bu yöndə olan fikirlər uşaqda gülüş doğurur. Muğamat dinləmək əvəzinə uşaq məşhur bloqçunun videosunu izləməyə, dolma-plov yerinə isə hamburger yeməyə üstünlük verir.

Bir-birini anlamamağın səbəblərindən biri də patriarxal cəmiyyətə məxsus ata kultunun olmasındən, uşağa bir şəxsiyyət kimi yanaşmamaqdan irəli gəlir. Uşaqla danışmaq, onun problemlərini anlamaq əvəzinə elə “mən dedim, deməli belə olacaq” fikrinə üstünlük verilir. Zaman isə dəyişib, bu günün valideyni çox zaman uşağı üçün layiqli nümunə ola bilmir, bir şeyi deyir, amma əksinə hərəkət edir. Telefonla oynamağı qadağan edir, amma səbəbini demir. Özü qazlı rəngli içkiyə üstünlük verir, amma övladına deyir, olmaz. Uşaq daim ailədaxili ikili standartların çərçivəsində yaşamalı olur. İnternetdə bir fikir var, valideynin beynində başqası.

Valideyn də uşaq üçün ən əhəmiyyətli nümunədir

Valideyn-uşaq münasibətlərini dünyanın bir çox ölkəsində ciddi araşdırırlar. Tez-tez hər hansı bir tədqiqatın nəticəsi də açıqlanır. Yüzlərlə kitab, təlimat yaradılıb. Nəyisə bilmirsənsə, uşaq psixoloqundan tutmuş ən müxtəlif növ mütəxəssisə müraciət edə bilərsən. Ölkə var, uşağa fastvud yeməyi qətiyyətlə qadağan edilib. Hər dərsdə onun ziyanından danışırlar. Baxırsan, belə qida satılan şəbəkəyə turistdən başqa heç kim getmir. Valideyn də uşaq üçün ən əhəmiyyətli nümunədir.

Bir ölkə, toplum olaraq yeni dönəmdə “uşaqlara münasibətdə necə davranmalıyıq” sualına cavab axtarmalıyıq. Uşaq valideyndən çox zəmanəsinə bənzəyir deyə, valideyn zamanın nəbzini tutmağı bacarmalı, uşağa irəlidə gedən bir flaqman kimi yol göstərməlidir.

49
Teqlər:
uşaqlar
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

0
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

0
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar