Bakıda parkda sevgili cütlük, arxiv şəkli

Bizi virusdan xilas edəcək qüvvənin adı bəllidir

1511
(Yenilənib 19:15 02.04.2020)
Koronavirus ilə bağlı dəqiq məlumatları, səhih analizləri bu sahənin mütəxəssislərindən eşitməyimiz, onların tövsiyələrini oxumağımız məsləhətdir.

Dünya çox ciddi sınaq qarşısındadır.

Koronavirusun  törətdiyi  COVID-19 xəstəliyi sürətlə yayılır, artıq pandemiya elan olunan bu xəstəliklə bağlı hər gün neqativ xəbərlər gəlməkdə davam edir.

Dünya virusla, afətlə, bəlayla, xəstəliklə savaşır.

Xof, təşviş, qorxu, narahatlıq artır, insanlıq ciddi sınaqla üzləşdiyini idrak edir.

Ölkəmiz də bu savaşın, bu bəlanın içərisindədir.

Dövlət öz üzərinə düşəni edir, təcrid, karantin, xüsusi rejim tətbiq edilir.

Vətəndaşlar üçün güzəştlər və yardımlar planlaşdırılır, həyata keçirilməsi gözlənilir.

Ağır günlərdir.

Hamı üçün olduqca ağır sınaq, çətin imtahandır.

Bu sınaqdan çıxmağımızın hələlik yeganə yolu, özümüzü və yaxınlarımızı qorumaq, qadağalara və tövsiyələrə əməl etməkdir.

***

Koronavirus ilə bağlı dəqiq məlumatları, səhih analizləri bu sahənin mütəxəssislərindən eşitməyimiz, onların tövsiyələrini oxumağımız məsləhətdir. Bu barədə Azərbaycan dilində internet portalı da fəaliyyət göstərir, məsuiyyətli xəbər saytları dəqiq və dolğun məlumatlar verir.

Sosial şəbəkələrdəki “informasiya seli”nin içərisindən doğru-dürüst informasiya, məlumat tapmaq çətin olsa da, mümkündür.

Ölkədə karantin elan olunub, küçəyə çıxmaqla bağlı məhdudlaşdırmalar tətbiq olunur, dövlət bacardığı qədər vətəndaşına düzgün istiqamət verir.

Pandemiya ilə bağlı yaradılan Operativ Qərargah da gərgin rejimlə çalışır.

Efirlərdə, internet resurslarında insanları evdə qalmağa səsləyirlər.

Təəssüf ki, əksəriyyət bu qadağalara riayət etmir.

Yaşadığım evin geniş prospektlərdən birinə açılan pəncərəsindən müşahidə edirəm; insanlar heç nə olmamış kimi maskasız, əlcəksiz küçələrdə dolaşırlar.

Qaçmaq, hava almaq, idman etmək, velosiped sürmək, laqqırtı vurmaq bəhanəsi ilə evdən çıxanları anlamaq mümkün deyil.

İnsanlar hələ də bu izolyasiyanın onlar üçün həyati əhəmiyyətli olduğunu dərk etmirlər.

Kiçik marketlər, məhəllə dükanları qadağalara, tövsiyələrə riayət etmir. Əlcəksiz, maskasız iş başında olan insanları görəndə təhlükənin miqyası insanı xoflandırır.

Avtomobillərin hərəkəti məhdudlaşdırılsa da, sabaha qədər küçələrdə şəxsi avtomobillər şütüyür. Və insanlar bunun necə fəsadlara yol açacağını əsla düşünmürlər.

***

Yalan informasiya yayanlar, bilmədikləri sahədən insanlara dərs keçənlər gündən-günə artır.

Yanlış informasiyaların yayılması pandemiya qədər qorxuludur.

Qarşımıza çıxan hər videonu, xəbəri doğru hesab edib yaxınlarımızla, dostlarımızla paylaşmaqdan çəkinməliyik.

İnsanların psixologiyasını pozmaq, evdə oturub vəziyyətin düzəlməsini gözləyən əhalini qorxutmaq sadəcə ayıbdır.

İşbazlar, spirti, maskanı, əlcəyi beş qat qiymətinə satanlar insanları narazı salırlar. Yenə də kiçik ticarət obyektləri qiyməti süni şəkildə artırır, onsuz da çətin durumda olan insanları daha gərginləşdirir.

Tibb işçiləri Kommunarkada
© Photo : Press Service of the Department of health of Moscow

Bu çətin və təhlükəli günlərdə bir olmağımız, qarşılaşdığmız təhlükənin öhdəsindən yalnız birlikdə gəlməyimiz mümkündür.

Evdə qalmağımız həm yaxınlarımızı təhlükədən qoruyur, həm də pandemiyanın yayılmasının qarşısını alır.

Bunu dərindən düşünüb dərk etsək, bu qədər qadağaya və məhdudiyyətlərə ehtiyac qalmazdı.

İstənilən halda, bu qadağalar ölkənin, dünyanın xeyrinədir.

Evdə qalaraq, dünyanı xilas edənlərdən olmaq şansımız varkən, küçələrə çıxmayaq. Nə qədər çətin olsa da, bunu etmək mümkündür. Bu gün evdə oturmaqla yaxınlarınızın, övladlarınızın superqəhrəmanı ola bilərsiniz.

Zəruri hallar istisna olmaqla küçələrdə vaxt keçirmək təhlükənin miqyasının böyüməsinə səbəb olduğunu hamımız bilirik. Çin, İtaliya, İran, İspaniya nümunələrini hamımız gördük.

Ailəmizi, doğmalarımızı, ölkəmizi, dünyamızı qoruyaq!

Gəlin yaşadığımız ölkəni, ailəmizi, doğmalarımızı sevdiyimizi davranışlarımızla, atdığımız addımlarla sübut edək.

Bu sevgi bizi xilas edəcək!

1511
Əlaqədar
Koronavirus həyatları dəyişir: burada isə ondan qorxan yoxdur
İtaliyada "COVID-19" xəstəliyindən "qəribə" ölüm hadisələri baş verir
Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb
Qan soran cəlladlar – Bu dəfə bəla onlardan gələ bilməz
Sarımsaqdan zəncəfilə kimi: antiseptik ədviyyələr nə qədər effektlidir?
İnsan siluetləri, arxiv şəkli

“Qınını” bəyənməməkdə ittiham edilən məşhurlar: onların zamanı daha bahalıdır

79
(Yenilənib 22:55 30.05.2020)
Sosial statusu yüksələn insan artıq hər bir işində zamanın əhəmiyyətini anlayır. Dünən o, bir işi çox cüzi bir məbləğə görməyə razı olan şəxs idisə, bu gün yüzlərlə insanın gözü ondadır.

“Filankəs məşhur oldu, indi heç kimi tanımır”, “vəzifəyə keçəndən sonra bu adamı tanımaq olmur, telefonu həmişə qapalıdır” kimi ifadələrə günümüzdə tez-tez rast gəlirik.

Tısbağa qınından çıxdı, qınını bəyənmədi?

İnsanın statusu dəyişdisə, yeni çevrəsi yarandısa, əvvəlki həyatından əsər-əlamət qalmır adətən. Dünən hamıya açıq olan birisi bir növ gizlənməyə, köhnə tanışlarından uzaq durmağa çalışır. Belə bir davranış hətta ən mehriban dostların, yaxın qohumların da arasına nifaq salır. Nə əvvəlki münasibəti bərpa, nə də yaranan uçurumu dəf etmək olur.

Çox nadir halda nə vaxtsa yaxın olan insanlar əlaqəni itirmirlər, ara-sıra bir-birindən hal-əhval tuturlar. Niyə sosial statusu dəyişən bir insan köhnə çevrəsi üçün yadlaşır, dünənki əlaqələrini heç bir təəssüf hissi keçirmədən qırır? Niyə vəzifə adamı çox vaxt qınaq obyektinə çevrilir? Köhnə dostları bunu çox zaman təkəbbürlə əlaqələndirirlər. “Tısbağa qınından çıxdı, qınını bəyənmədi” deyə dünən canbir olduqları insanı günahlandırırlar.

Sosial statusu yüksələn insan hər işində zamanın əhəmiyyətini anlayır

Əslində, sosial statusu yüksələn insanın davranışının da dəyişməsi tam normaldır. Dünənki davranış modeli bu gün işə yaramır. Səbəb zamana münasibətin dəyişməsi ilə əlaqəlidir. Yəni, dünən özündə elə də ciddi məsuliyyət, hər hansı bir yük duymayan insan sabah vəzifə başında müxtəlif cür problemin öhdəsindən gəlməlidir. Adi əməkdaşla məsul şəxsin nə məsuliyyəti, nə də zamanı eyni qiymətləndirilə bilməz. Böyük bir təşkilatın yükünü çəkən insanın artıq nə azad zamanı var, nə də əvvəlki kimi öz ömrünü kiçik problemlərin həllinə sərf etmək imkanı.

Sosial statusu yüksələn insan artıq hər bir işində zamanın əhəmiyyətini anlayır. Dünən o, bir işi çox cüzi bir məbləğə görməyə razı olan şəxs idisə, bu gün yüzlərlə insanın gözü ondadır, onun həm gəliri artıb, həm məsuliyyəti. Boş vaxtı da yoxdur. Bir var adi insansan, gündə sosial şəbəkədən sənə 10-15 mesaj gəlir, bir də var yüksək statusu olan bir məşhura çevrilmisən. Belə adama hər gün yüzlərlə müraciət ola bilər. Hərə bir şey umacaq. Bir çox populyar insan hətta məcbur olub sosial şəbəkə profilləri üçün əlavə bir əməkdaş da cəlb edir. Köhnə telefon nömrəsinə də dayanmadan zəng gəlir, məcbur olub yenisinə keçməlidir.

Populyar insan istəsə də, istəməsə də başqa cür yaşamağa məcburdur

Məsələn, məşhur müğənninin qrafiki çox sıxdır. Konsert proqramları, yeni mahnıların və geyimin sifarişi, mətbuata verilən müsahibələr xeyli zaman tələb edir. Köhnə dost-tanışla təmas qurmağa da imkan yoxdur. Bir vaxt çox mehriban olan insanlar uzun illər sonrası görüşdükdə belə danışmağa söz tapmırlar, maraqlar dəyişib, hərənin öz işi var, zaman çox qiymətli olub, onu kimə gəldi sərf etmək də olmur. Piramidanın zirvəsinə yüksəldikcə, zamanı mənasız işlərə, maraqsız insanlara sərf etmək həvəsi azalır.

Elm, sənət dalınca gedən, uğur qazanan insanların lazımsız ünsiyyətə zaman sərf etmək imkanı da heç olmur. Məsələn, muğam sənətini mənimsəmək üçün bir ömür bəzən bəs eləmir, hər bir kişi xanəndə səhnədə Məcnunu, Şah İsmayılı ifa etməyi, sənətini bütün dünyada tanıtdırmağı arzulayır.

Məgər onun boş-boş işlərə zaman sərf etməyə imkanı varmı? Əlbəttə, yox. Məqsədə çatmaq üçün xanəndə hər gün məşq etməli, çalışmalıdır.

Zamana münasibəti maraqlı bir Hollivud filmində müşahidə edirik. Təyyarə qəzasında həlak olmuş insanların ailələrinə kompensasiya verilməsi zamanı sığorta şirkəti hər insanın həyatını müxtəlif cür qiymətləndirməyə məcbur olur. Əgər sən adi fəhləsənsə, onda yaxın on ildə qazana biləcəyi məbləği hesablayıb ailəsinə təklif edirlər. Varlı bir iş adamının isə həyatı daha çox qiymətləndirilir. Onun ailəsini eyni təkliflə razı salmaq olmur. Bu pulları o bir aya qazanırmış. Bir qədər qəddar görünsə də, sığorta şirkəti həyatın reallığını nəzərə almalıdır.

Populyar insan istəsə də, istəməsə də başqa cür yaşamağa məcburdur. Onun həm məsuliyyəti artıb, həm də zamana münasibəti dəyişməlidir. Ətrafdakı insanların acı atmacalarına isə daha dözümlü olmalısan, çünki hərənin bir umacağı var. Hamıya da xoş olmaq çətindir. Bir qədər təmkinli davranmaqla hər bir çətinliyin öhdəsindən gəlmək mümkün olacaq.

79
Cütlük, arxiv şəkli

Boşanma: Dərd ağır, çevrə pis...

235
(Yenilənib 09:01 29.05.2020)
Əgər cütlüyün övladları varsa, hamı sözləşibmiş kimi eyni sualı verir: Bəs övladlar necə olacaq? İnsafınız olsun, sanki bu məsələ boşananlar üçün çox bəsit bir problemdir.

Boşanma çətin prosesdir. Xüsusilə bizim kimi mühafizəkar, mental dəyərlərlə yaşayan, adət-ənənə əsiri cəmiyyətlərdə bu çox əzablı, zülmlü məsələdir. Xüsusilə boşanmağa qərar vermiş cütlüyün övladı(övladları) varsa...

Həmişə düşünmüşəm ki, evliliyi davam etdirmək hər iki tərəfi də yorursa, bezdirirsə və işgəncəyə çevrilirsə, boşanmaq ən düzgün, ən sadə yoldur. İllərlə əzab çəkmək, övladlara da bu mənfi enerjini ötürüb doğmaları bezdirməkdənsə, alınmayan ailə həyatına mənasızcasına davam etməkdənsə, münasibətləri aydınlaşdırıb sayğı, ehtiram çərçivəsində ayrılmaq ən gözəl çıxış yoludur. Təəssüf ki, bizdə bu nümunə çox azdır. Tərəflər ağlasığmaz ittihamlarla ayrılır, biri digərinin həyatını cəhənnəmə çevirməyə sanki and içir.

Boşanmış qadınların klişe bəhanələri aşağı-yuxarı eynidir: "İçirdi, çəkirdi, gəzirdi, ailəyə baxmırdı və s." Kişi tərəfinin bəhanələri isə bəzən daha əclafcasına olur: "xəyanət edirdi, başqasıyla danışırdı, başqasıyla görüşürdü." Boşanmış insanlar nadir hallarda "Birlikdə yaşaya bilmədiyimiz üçün ayrıldıq", - deməyi bacarır. Çox vaxt qarşılıqlı ittihamlar havada uçuşur.

Bu ittihamlardan sonra boşanmış tərəflərin həyatı əsl cəhənnəmə çevrilir, əzabı ikiqat artır. Sayğı və ehtiram çərçivəsində ayrılmaq, boşanmaq bizim cəmiyyətdə nadir rast gəlinən fenomendir.

Boşanma faktı hər iki tərəf üçün olduqca ağır, mənəvi ağrısı olan prosesdir. Cəmiyyət boşananlara birmənalı yanaşmır, boşanmışları günahkar bəzən isə əxlaqsız kimi ittiham edir. Çox vaxt hər iki tərəfin də yenidən ailə qurması, həyatını nizama salması müşkülə çevrilir. Qohum-qardaş, dost-tanış, doğmalar və yaxınlar bu məqamda daha həssas, daha anlayışlı davranmaq əvəzinə, tərəflərin yarasına duz basmağa üstünlük verir. Boşanmışlar yüngül həyat tərzi keçirən, məsuliyyətsiz, əxlaqsız, mənəviyyatsız insanlar kimi qiymətləndirilir. Yəni cəmiyyət boşanmış insanları yararsız varlıqlar kimi çıxdaş etməyə, kənara atmağa çalışır.

...Əgər cütlüyün övladları varsa, hamı sözləşibmiş kimi eyni sualı verir: Bəs övladlar necə olacaq? İnsafınız olsun, sanki bu məsələ boşananlar üçün çox sadə, çox bəsit bir problemdir. Övladları olduğu üçün boşana bilməyən yüzlərlə bədbəxt cütlük var. Halbuki, o övladların gələcəyi, xoşbəxtliyi üçün ayrı yaşamaq, boşanmaq bəlkə də ən yaxşı çıxış yoludur.

Hələ vasitəçilik edib barışdırmağa çalışanlar, hər dəfə rastlaşanda çiyninə vurub təskinlik verənlər peyda olur. Dəfələrlə niyə boşandığını soruşub, qarşı tərəfi asıb-kəsənlər, tərəflər arasında söz aparıb gətirənlər isə başqa aləmdir. Halbuki, insanlar bu cür davranışların tərbiyəsizlik olduğunu anlamalıdır.

Əgər boşanmış cütlüyün övladı və ya övladları varsa, hər iki tərəfin bir-birinin qarşısında ömürlük məsuliyyəti olmalıdır. Yəni, övlad düşmənçilik subyekti, incitmək və ya bezdirmək üçün təsir vasitəsi olmamalıdır. Cəmiyyətimiz bunu da həll edə bilməyib. Saxta canyananlıqlar, qayğıkeşliklər bəzən çox bezdirici və incidici olur. Təəssüf ki, insanlarımız bunu başa düşmək istəmir.

Növbəti mərhələ boşananları yenidən evləndirmək üçün meydana çıxan qohum-qardaş və dost-tanışların təzyiqləridir. Boşanma kimi ağır mənəvi zərbəni atlatmamış evlilik müzakirələri başlayır. Və cəmiyyətimiz bu məsələlərdə də klişelərlə hərəkət edir. Boşanmış qadına boşanmış kişi, boşanmış kişiyə də adətən boşanmış qadın axtarışları başlayır. Boşanmısansa sənin seçim haqqın yoxdur. Kimi tapsalar onunla evlənməlisən. Halbuki, bu cür davranış gələcəkdə daha bir bədbəxt ailənin qurulması üçün zəmin yaradır. Cəmiyyət anlamır ki, boşanmış insanların da seçim hüququ var və buna hörmət etmək hər kəsin borcudur.

...Boşanmış qadınlara cəmiyyət daha qəddar davranır. Boşanmış qadının bu cəmiyyətdə istədiyi həyatı qurması böyük əziyyət və səy tələb edir. Bu baxımdan kişilər daha şanslı olsalar da, klişelər burada da həyatımıza burnunu soxmaqdan vaz keçmir.

"Yaxşı kişi(qadın) olsa, boşanmazdı." - Boşanmış şəxslər barədə deyilən ən yüngül fikir budur. Bəli, cəmiyyət ilk addımda büdrəyən, həyatı alınmayan insanları linç etməyi sevir. Hansı yaşda olmasından asılı olmayaraq boşanmaq bir ləkə kimi tərəflərin alnında qalır. İstisnalar əlbəttə var. Sosial vəziyyət, cəmiyyətdə tutduğun mövqe bəlkə də gələcək həyatını qurmaq üçün az-çox kömək ola bilər. Amma ümumi vəziyyət o qədər də ürəkaçan deyil...

Nə etməli?

Məncə boşanmış insanları ailə, cəmiyyət, qohumlar, dostlar rahat buraxmalıdır. Boşanmaq faciə deyil. Boşanmış insanı qınamaq, ona acımaq, yol göstərmək, həyatına burun soxmaq yanlışdır. Boşanmış insanların da həyatını yenidən qurmaq və öz həyatıyla bağlı söz sahibi olmaq haqqı var. Boşanmış insanları səhv iş görmüş, cinayət işləmiş, günaha batmış insanlar kimi damğalamaq böyük səhvdir. Sadəcə imkan verməliyik ki, insanlar öz həyatlarını müstəqil qərarlarına uyğun yaşasın. Cəmiyyət olaraq basqılardan, dedi-qodudan uzaq olmaq, boşanmış insanlara edə biləcyimiz ən böyük yaxşılıqdır.

235
Azərbaycan manatı, arxiv şəkli

190 manat iyunda da veriləcəkmi? - İki bəd xəbər birdən

0
(Yenilənib 13:02 02.06.2020)
"Məsələn, insanlar var idi, boşanıb, lakin şəxsiyyət vəsiqəsini dəyişməyib. Aktiv VÖEN-i olub, amma onu bağlatmayıb. Maşını olub, satıb, adından çıxarmayıb. Bu, şəxslərin data məlumatları düzəlsə də, lakin onlara yenidən 190 manat verilməyəcək".

BAKI, 2 iyun — Sputnik. İyun ayında 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov deyib. O bildirib ki, karantin rejminin yumşaldılması, əmək bazarının canlanması insanlara yenidən öz iş yerlərinə dönməyə imkan verir:

"İnsanlar artıq öz gəlirlərini formalaşdırırlar və qazanclarını əldə edirlər. Vətəndaşlar göndərilən imtina cavablarından haqlı və haqsız narazılıqlarını bildirə bilərlər. Ərizələrə baxılma müddəti var, 1 ay müddətində cavab verilir. Biz bunu daha operativ həyata keçiririk.

Bəzi hallarda vətəndaşlar özləri haqqında olan məlumatlardan məlumatsız idilər. Məsələn, insanlar var idi, boşanıb, lakin şəxsiyyət vəsiqəsini dəyişməyib. Aktiv VÖEN-i olub, amma onu bağlatmayıb. Maşını olub, satıb, adından çıxarmayıb. Bu, şəxslərin data məlumatları düzəlsə də, lakin onlara yenidən 190 manat verilməyəcək. Çünki birdəfəlik ödənişin olduğu 600 min şəxsə artıq bütün ödənişlər edilib”.

0
Əlaqədar
Nazirliyin təklifinə əhəmiyyət vermədilər: 190 manat daha "şirin" gəldi
Bu tarixdə 190 manatın verilməsi başa çatır
Kişilər qadınlardan daha çox pul aldılar - Azərbaycanda
190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsi təklif edilir