Skamyada oturan kişi, arxiv şəkli

Müdriklik səlahiyyəti

836
(Yenilənib 20:59 13.03.2020)
Şükür kərəminə, xudaya! Sən istəsən, məni kəpənək, qaşqaldaq, ördək kimi yarada bilərdin. Və yaxud mən yazıçı, jurnalist, müəllim, “daje kandidat nauk” da ola bilərdim

BAKI, 15 mart — Sputnik. "Qanana da qurban, qanmayana da, dad yarımçıq əlindən..."

Yazıma atalar sözü ilə başlayıram ki, artıq müdrikləşdiyimi siz də biləsiniz. Hə, vallah, səhər yuxudan oyanıb görürəm ki, əməlli-başlı müdrikləşmişəm. Saç-saqqalım bir qədər ağarıb, səsimin tonunda qəribə ağırlıq yaranıb, pafoslu kəlimələrim müdrikcəsinə öz qulaqlarımda cingildəyir. Acqarına üzüdivara dayanıb, yalan olmasın, yarım saat böyük-böyük alimlərdən, şairlərdən, yazıçılardan danışmışam. Üstəlik folklorumuzu da unutmadım. 7-8 bayatı, 3-4 nağıl, 1-2 əfsanə və rəvayət guppuldadıb, nə qədər bəlağətli və zəkalı olduğuma bir daha əmin oldum. Sonra hamama keçib bir qədər də güzgünün qarşısında çıxış etdim, güzgüdəki köhnə tanışıma da xeyli öyüd-nəsihət verdim. O da səbrlə məni dinlədi və təsdiqlədi ki, mən həqiqətən müdrikləşmişəm.

Sonra kəmali-ədəblə özümə bir çay süzüb, asta-asta təsbeh çevirməyə başladım. İlahi, mən necə də ağıllı, nə qədər savadlı, nə qədər bilgili və kamil adamam! Şükür kərəminə, xudaya! Sən istəsən, məni kəpənək, qaşqaldaq, ördək kimi yarada bilərdin. Və yaxud mən yazıçı, jurnalist, müəllim, “daje  kandidat nauk” da ola bilərdim. Olmadım, çox şükür. Müdrik olmaq, bütün günü çayxanalarda nərd atıb, domino çırpıb, sosial şəbəkələrdə siyasi-ictimai-mədəni-kulturoloji məsələləri çözmək, sosioloji və psixoloji məsləhətlərimlə tanış-bilişə yol göstərmək necə də maraqlıdır.

Müdrik olduğumu hiss etməmişdən öncə vaxt tapıb sosial şəbəkələrdə “Caps Lock”la ciddi paylaşımlar edirdim. Bütün müdriklər kimi əvvəllər məni 4-5 adam başa düşsə də, sonradan fikirlərim kütləviləşməyə başladı. Bir müddət öncə özümü filosof  kimi təqdim etmək istəsəm də, fikrimdən daşındım. Sonra kulturoloq, siyasətşünas və s. peşə sahələrində qazandığım uğurlar məni düşünməyə məcbur etdi. Bu qədər ağıllı və müdrik adamın bir sahədə ilişib qalması, özünü konkret bir sahəyə aid etməsi ədalətli deyil.

Bir müddət çayxanaya gəlib-gedən dindar qardaşlarımızdan aldığım kitablar fikirlərimi dəyişdi. Hətta utanmasam, özümü Mehdi Sahib əz-zaman, yəni 12-ci imam elan edəcəkdim. Amma qorxdum ki, cəmiyyət məni düzgün anlamaz. Həm də yerindən qalxan səfeh özünü on ikinci imam elan edir, ona görə bunu da özümə yaraşdırmadım.

Uzun axtarışlardan sonra müdrik olduğumu, müdrikləşdiyimi dərk etmişəm və çox xoşbəxtəm. Bunu bacarmaq da hər oğulun işi deyil.

Bir halda ki müdrikləşmişəm, bir halda ki müdrikliyimi özüm də hiss edirəm, fürsətdən istifadə edib sizə də hərdən öyüd-nəsihət verəcəm. Ümid edirəm ki, bu çətin günlərdə müdrik ziyalı sözünə əşəddü-ehtiyacınız var. Xüsusilə yazısına ciddi atalar sözü ilə başlayan bir ziyalının qızıl kimi kəlamları sizə çox yaxşı təsir edəcək. Məni izləyin ki, zehni inkişafınız sürətlənsin.

İstənilən mövzuda “yuyulmamış çömçə” kimi ortalığa atılmaq çox zövqlüdür. Mən sizinlə siyasətdən siyasətçi kimi, ədəbiyyatdan ədəbiyyatşünas kimi, musiqidən musiqiçi kimi, kinodan kinoşünas kimi, dindən ilahiyyatçı kimi danışa bilərəm. Lazım gəlsə, sizə feminizmdən, ilk feministlərdən, feminizmin postulatlarından mühazirə oxuyaram. İstənilən filmi, romanı, siyasi prosesi təhlil qabiliyyətinə malikəm. Ciddi “analitik təfəkkür”ə malikəm. Əlimi çənəmə söykəyib xəyala dalmağı, kitabların resenziyalarından, annotasiyalarından aldığım məlumatları, kiminsə dilindən eşitdiyim siyasi söhbətləri öz söhbətim kimi təqdim etməyi sevirəm. Bu məndə müdrikcəsinə alınır. Hər şey haqqında danışmaq mənim işimdir. Axı mən müdrikəm!

Sosial şəbəkələrdə ağıllı status yazmağı, gənclərə və yaşlılara, cahillərə və ziyalılara yol göstərməyi sevirəm.

Siyasətçiyəm, kinoşünasam, blogerəm, yazıçıyam, musiqiçiyəm, feministəm, aktivistəm – xülasə, xalis müdrikəm!

Sizə də məsləhət görürəm ki, müdrik olun. Müdriklik gözəl şeydir. Gedib hansısa işin qulpundan yapışmaqdansa müdriklik səlahiyyətimdən istifadə edirəm. Müdrik olmaq əladır!

Hamınıza uğurlu və gözəl, müdrik həyat arzulayıram.

836
Əlaqədar
Bizə kim sahib çıxacaq?
Uğursuzların, istedadsızların qisası...
"Əhlət ağacı" – Yabanı armudun simvolikası