Güzgüdə özünə baxan kişi, arxiv şəkli

Mədəni uçurum: Neçə ildir deyilir, amma indi başa düşürlər...

1927
(Yenilənib 19:16 11.02.2020)
Artıq səhvlərini başa düşürlər, amma birbaşa etiraf etməyə və dərhal həll etməyə cəsarətləri və gücləri çatmır. Lakin yenə də səhv edirlər

BAKI, 11 fevral — Sputnik. Hələ illərdən 2012-ci il idi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və Dram Teatrı Aktyorluğu” ixtisasında oxuyurdum. Elə həmin il anladım ki, bu universitetin bu cür fəaliyyəti çox böyük yanlışdır, el-oba bir yana, bəşərdən də, elə mədəniyyətin və incəsənətin özündən də ayıbdır.

Əlim çatan, ünüm yetən bütün media qurumlarında yazdım ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti adı ilə fəaliyyət göstərən bir təhsil müəssisəsi var, amma təkcə bufeti “Tipik Yasamal Kafesi” məzmunu ilə yaxşı işləyir. Digər məsələlərin – teatrın, kinonun, aktyorluğun, rejissorluğun və başqa sənət sahələrinin bu universitetə aidiyyəti yoxdur.

2012-ci ildən bu günədək 8 il vaxt keçib. Mən bu 8 il ərzində də dəfələrlə yazmışam, demişəm ki, Mədəniyyət və İncəsənət Universitetində rüşvət var, diplom xatirinə orada təhsil alan istedadsız adamlarla ölkə mədəniyyətinin gələcəyini istedadlı sənətkarlardan məhrum edir, orada oxuyan istedadlı adamlara da düzgün təhsil vermir və nəticədə istedadlı, amma yarımçıq aktyorlar, aktrisalar, rejissorlar yetişir. Mən orada təhsil aldığım müddətdə bu problemləri orada çalışan müəllimlərə də demişəm. Onlar isə həmişə dediklərimi zarafata salıb və gülərək keçiblər.

Azərbaycan teatrlarında ixtisaslı aktyor problemi: Onları kim və necə hazırlasın

Ard-arda bu mövzuda bir sıra məqalələrim dərc olunub. Bu məqalələrdə İncəsənət Universitetdəki çatışmazlıqlardan yazmışam, Timurçin Əfəndiyevin uzunmüddətli rektorluğundan başlayan və bu günəcən davam edən bu məşəqqətli yolun dərin bir uçuruma apardığına diqqət çəkmişəm. Tədris edilməsi vacib olan yeni nəzəriyyələr, teatr janrları, aktyorluq metodları haqqında təkliflər irəli sürmüşəm. “İşləyə bilmirsinizsə, universitetin fəaliyyətini dayandırın ki, heç olmazsa, zərər vurmasın” demişəm.

Nəhayət, o günlərdə gördüm ki, İncəsənət Universitetinin “Teatrşünaslıq” və “Kinoşünaslıq” ixtisasları ləğv edilib. Deməli, artıq səhvlərini başa düşürlər, amma birbaşa etiraf etməyə və dərhal həll etməyə cəsarətləri və gücləri çatmır. Ona görə belə variantlara əl atırlar. Lakin yenə də səhv edirlər...

Hamı çox yaxşı anlayıb ki, Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” və “Kinoşünaslıq” ixtisasları son 30 ildə bir teatr nəzəriyyəçisi, ifaçılıq metodu yaradıcısı, peşəkar tənqidçi yetirməyib və deməli, bu ixtisaslar heç kəsə lazım deyil. Bunu düzəltmək, həll etmək üçün cəhd də göstərmədən bağlayıblar. Yenə dərd yarıdır, heç olmazsa ziyan verməz, faydasından çoxdandır ki, əl üzmüşük onsuz da.

Görünür, hələ anlamayıblar ki, onlar son otuz ildə böyük səhnəyə çıxarılası bir aktyor, aktrisa, rejissor da yetişdirməyiblər. Orada təhsil alan beş-üç nəfər öz gücüylə, öz əməyi ilə, zəhməti ilə, fərdi şəkildə öyrəndikləri və bacarıqları ilə müəyyən uğurlar qazana bilir deyə, bunu hamıya göstərib “bizim yetirməmizdir” deyirlər. Ancaq bununla, sadəcə, tamaşaçını aldada bilərlər. Bu sənəti bilən və sevən adamların hamısı bilir ki, İncəsənət Universitetinin hal-hazırda sənətə heç bir faydası yoxdur.

Azərbaycan tamaşaçısını kinoteatra qaytaran kim olub – milli kinomuz müzakirə edildi

Bir də dərd odur ki, İncəsənət Universitetini bitirməyən, amma teatrı orada oxuyanların və hətta dərs deyənlərin də hamısından çox bilən, istedadlı və səriştəli adamları ölkə teatrlarında işə götürmürlər ki, diplomu yoxdur. Eyni səbəblə kinoya da çəkmirlər. Amma Neft Akademiyasından, Memarlıq İnşaatdan, Pedaqojidən diplomu olan, yaxud da heç bir yerdən diplomu olmayan istedadsız, biliksiz şəxslərə çəkiliş meydançaları hər zaman açıqdır.

Ən yaxın zamanda bu universitetin tamamilə ləğv edilməsi, yeni bir akademiyanın yaradılması, bu akademiyanın yeni ixtisaslarla, yeni tədris metodları ilə və zəngin tədris vəsaitləri ilə təmin olunması həyata keçirilməlidir. Xalq anlamır, amma onun mədəniyyəti əldən gedir!

1927
Gəncədə xəsarət alan uşaq, arxiv şəkli

Müharibə uşaqların düşmənidir

63
(Yenilənib 01:01 28.10.2020)
Uşaqlığını yaşaya bilməyənlər uşaqlığını əlindən alan hər şeyə, hər kəsə nifrət edərlər. Bizim nəslin müharibəyə nifrəti, bəlkə də bununla bağlıdır

Müharibə ən çox uşaqların, uşaqlığın düşmənidir...

Hər dəfə dinc şəhərlər bombalananda qəhərdən boğazım düyümlənir. Bombalanmış evlərdə öldürülən, yaralanan uşaq fotolarını görəndə çarəsizlikdən boğulmaq dərəcəsinə çatıram. Və mən öldürülən hər bir uşağın yerinə ən ağır işgəncə ilə öldürülmək, yox olmaq istəyirəm. Öldürülən hər uşaqla birlikdə müharibəyə qarşı amansız bir nifrət oyanır içimdə. Çarəsizlikdən başımı divarlara çırpmaq, ağlamaq, qışqırmaq, bu iztirabdan qurd kimi ulamaq istəyirəm…

...Məsumluğu müharibənin məhrumiyyətlərinə tuş gəlmiş bütün uşaqlar kimi, doğru-dürüst uşaqlıq yaşamadığım üçün hər şeyə bir az uşaqca yanaşıram və bəlkə, bu, illərlə belə davam edəcək. Bizim nəsli “Avakado nəsli” adlandırır tədqiqatçılar. Heç vaxt böyüməyən, həmişə uşaq qalan nəsil... Uşaqlığımız travmalarla, məhrumiyyətlərlə, çarəsizliklərlə doludur. Qəhrəman hesab etdiklərimiz baş daşlarında hərbi geyimli fotolara çevrilir, arzularımızı ehtiyac adlı əjdaha kamına çəkir, gülüşlərimizi müharibə oğurlayırdı. Müharibədən yüz kilometrlərlə uzaqda müharibənin bütün ağrı-acısını yaşayır, məhrumiyyətləriylə savaşırdıq. Yaşıdlarımız müharibədə öldürülür, işgəncələr görür, bizdən daha çox itirirdilər.

İndi də övladlarımız eyni ağrılarla üz-üzədirlər. Ancaq onların bizdən çox böyük fərqi var: onlar az qala hər gün qələbə xəbərləri ilə coşur, küçələrə çıxıb şüarlar səsləndirir, daha çox qələbə xəbərlərinə fokuslanırlar…

…Sadəcə zədələnmiş, travmalı uşaqlığıma görə müharibə mənim düşmənimdir. Biz müharibəni "dava-dava" oyunu zənn edəcəkkən, tanıdığımız insanlar gerçək güllələrlə vurulub, öldürülürdü. Gəncliyi yarıda qırılan onlarla tanışımız qara çərçivəli fotolara çevrilirdi. Müharibə bizim arzularımızı, ümidlərimizi oğurlayırdı. Bizim arzusuz, ümidsiz, yoxluqlarla dolu uşaqlığımızda müharibə ən böyük kabusumuz, qələbə ən uzaq ümidimizdi.

Bizim nəslin nə kabusları bitdi, nə ümidləri çiçək açdı...

Ancaq övladlarımız bu kabusun bitəcəyinə inanır, qələbənin gəlişini duyur, zəfəri gözləyirlər.

Elə biz də hər ümidli xəbərə uşaq kimi sevinir, az qala uşaq kimi atılıb-düşürük.

Uşaqlığını yaşaya bilməyənlər uşaqlığını əlindən alan hər şeyə, hər kəsə nifrət edərlər. Bizim nəslin müharibəyə nifrəti, bəlkə də bununla bağlıdır. Həyatımızın ən şirin, əvəzolunmaz çağlarını əlimizdən alan müharibəyə nifrətlə, ikrahla yanaşmağımızın bir səbəbi də budur. Nağıllara inanmaqla keçərdi həyatımız. Nağıllar bizi ovudar, xəyallar ən son sığınacağımız olardı.

...Böyüsək də, müharibə xofu kabus kimi çıxmadı candan. Hər addımda itirmək qorxusuyla yaşadıq, hər addımda o məhrumiyyət, o yoxluq xofu bizi izlədi...

Həyatın oyunları getdikcə adiləşdi, getdikcə itirməyə alışdıq.

Bizim nəslin müharibəyə nifrət etməsinin, qələbəyə, qazanmağa təşnə olmasının səbəbi budur. Müharibə ən böyük travmamız, qorxumuzdur. İndi övladlarımıza danışacaq uşaqlıq xatirələrimizin kasadlığının tək səbəbi müharibədir.

Uşaqların əzab çəkmədiyi, öldürülmədiyi, travma almadığı sakit, sülh içində dünya istəmişik həmişə…

Müharibə uşaqların düşmənidir. Vətənində müharibə gedirsə, atəş xəttindən yüz kilometrlərlə uzaqda olmağın heç nəyi dəyişmir. Düşmən güllələri sənin arzularını, ümidlərini, oyunlarını öldürür...

63
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO
Rəsmi Bakı: "Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur"
Vətən Müharibəsinin bir ayı: Azad olunmuş ərazilər - SİYAHI
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

İkinci dalğa, amerikalıların çətin seçimi təhlükəli Makron

105
(Yenilənib 02:00 27.10.2020)
Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

BAKI, 26 oktyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan 7 hadisəsini şərh edir

Kəndir

Azərbaycan əsgərinin zəfər marşı davam edir. Ötən həftə Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan, Kəlbəcər rayonunun kəndləri, Zəngilan və Qubadlı şəhəri erməni işğalçılarından təmizləndi.

Paşinyanın Qərbə yalvarışları da davam etdi – Rusiya və Avropa ölkələrini ayrı-ayrılıqda dəng edən baş nazir NATO-nun da qapısını döydü, ancaq ona Brüsseldə dedilər ki, NATO tərəf deyil, gedin, öz probleminizi özünüz həll edin.

Paşinyan, deyəsən, nəhayət, başa düşür ki, qaranlığını aydınladacaq şamı öz əlində tutmayanın gecəsi zülmətə məhkumdur. O şam da yoxdur – erməni ordusu qocaların, uşaqların, qadınların ümidinə qalıb. Nəvələri ilə oynamaq yaşında olan ahıllar əlində avtomat ön cəbhəyə göndərilir, qadın bölmələri yaradılır, ermənilərin özünün yaydığı videolardakı azyaşlını isə hamımız gördük.

Yaxşı olar ki, erməni diasporu öz ölkəsinə humanitar yardımı dayandırıb, Paşinyana ağ bayraq göndərsin. Ağır məğlubiyyətlə üz-üzə olan baş nazir sonra o bayrağı kəndir kimi də istifadə edə bilər.

İtiqovan

Həftənin ən yaddaqalan nəsnəsi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hazıladığı PUA-lar idi. Düşmənin yuxusunu ərşə çəkən dronlar döyüş meydanında özünü təsdiq edir, qan uddurur, XXI əsrin müharibə nümunəsini yaradır. Müharibənin ilk 15 günündə düşmənə təkcə dronlar 1 milyarddan çox zərər vermişdi. Ümumilikdə, düşmən 2 milyard dollar dəyərindən artıq texnika itirib. Bu, Ermənistanın dövlət büdcəsi qədərdir. 

Bu gedişlə Yerevanda nəinki (xal) tank qalmayacaq, tank sürməyə adam da qalmayacaq. 

İkinci dalğa

Dünən ölkəmizdə koronavirusa 946 yeni yoluxma faktı qeydə alındı. Bu, artıq antirekorddur. Həftə ərzində koronavirusa yoluxma dinamikası narahatlıq doğuracaq tempdə idi.

Cəbhədə baş verənlər, Azərbaycan Ordusunun müzəffər yürüşü fonunda COVID-19 az maraqlı görünsə də, bizi az narahat etsə də, bu təhlükəni, türklər demiş, küçümsəyə bilmərik – koronavirusun “ikinci cəbhə”yə çevrilməsinə imkan verməməliyik. Dünya hələ peyvənd axtarışını davam etdirir. Koronavirusa qarşı peyvənd kütləvi dövriyyəyə çıxana qədər COVID-19-dan ölənlərin sayının 2 milyondan çox olacağına dair bədbin proqnozlar var.

Hər halda, o dərman tapılıb ortaya çıxana qədər, gəlin, biz maskamızı çənəmizdən bir az yuxarı qaldıraq.

Fransa üçün Makron təhlükəsi

Fransa Prezidenti Emmanuel Makron faktiki olaraq Fransa üçün təhlükəyə çevrilib. Məsələ burasındadır ki, ölkə başçısı 47 yaşlı məktəb müəllimi Samuel Patinin başının kəsilməsindən sonra açıqlamasında İslamın dəyişməli olduğunu bildirib və İslamı terror dini kimi səciyyələndirib. Bu isə təkcə Makrona yox, Fransaya baha başa gəlir. Ölkəyə siyasi təzyiqlər artıb, məhsulları baykot edilir, kiberhücumlar və s. Fransanın özündə də müsəlmanlar Makronu “ağ yuyub, qara sərirlər”.

Bu arada İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba da məlum sərsəmləməyə görə Fransa millisindən ayrılacağını açıqlayıb.

Amerikalılar seçim edirlər

Okeanın o biri üzündə prezident seçkisinə sayılı günlər qalır. Noyabrın 3-də amerikalılar seçki qutularına yaxınlaşıb, öz rəhbərlərini seçməlidirlər. ABŞ prezidentinin kim olması bütün dünyanı maraqlandırır, çünki bu adam supergücün başında oturmaqla, demək olar ki, bütün dünyanın taleyinə təsir edir. Deməli, amerikalılar təkcə özləri üçün prezident seçmirlər, bütün dünya üçün vacib adamı müəyyən edirlər. Ona görə də amerikalılardan daha məsuliyyətli olmağı xahiş edirik.

20 manat hansı mesajı verir?

Sosial şəbəkələrdə 20 manatlıq əsginasın üzərindəki iki “20” rəqəminin birləşdirilərək 2020-ci ili ifadə etməsi və üzərində “Qarabağ” sözünün yazılmasının məhz bu il torpaqların işğaldan azad ediləcəyinə işarə vurduğu ilə bağlı müzakirələr gedir.

Bu arada Mərkəzi Bank qərara gəlib ki, bir neçə manatın dizaynını dəyişsin, hansı ki, onların arasında 20 AZN də olacaq. Yeni "20-liy"in üzərində “Qarabağ Azərbaycandır” yazılacaq. Ümid edək ki, bu manat çapdan qayıdana qədər yazı reallıqda əksini tapacaq. Biz də elə köhnə "iyirmilik"lə Şuşaya, Laçına avtobus bileti alacağıq.

Böhranda varlanır

Dünyanın qarmaqarışıq vaxtında Fransanın LVMH şirkətlər qrupunun baş direktoru Bernar Arno bir həftə ərzində sərvətini 8 milyard ABŞ dolları məbləğində artırıb. 15-22 oktyabr arası LVMH-nin səhmləri 6 faiz artıb, buna “Louis Vuitton” və “Dior” markalarının güclü satışları kömək edib.

Görünür, kimlərsə koronavirusa qarşı spirt əvəzinə “Dior” istifadə edir.

105
İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi, arxiv şəkli

Abbas Əraqçi: "İran Azərbaycan ərazilərinin işğal olunmasına müxalif olub"

0
(Yenilənib 21:51 28.10.2020)
İran XİN başçısının müavini: Son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm.

BAKI, 28 oktyabr - Sputnik. "Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

"Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm. Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram" , - Seyid Abbas Əraqçi bildirib.

Prezident İlham Əliyev isə öz növbəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

0