Bakıda köhnə avtobus, arxiv şəkli

Çirkli dayanacaq, çirkli avtobus, çirkli küçə: eləcə evdən işə, işdən evə

986
(Yenilənib 11:01 11.02.2020)
Çirkin içində yaşayıb özünə hörmət etmək isə çox çətindir, yolüstü bir-iki zibili yerə elə özümüz atırıq. Amma heç kim heç kimə “gözün üstə qaşın var” demir

BAKI, 7 fevral — Sputnik. Bir balaca yağış yağdısa, deməli bir tərəfdən nəqliyyatın hərəkət sürəti azalacaq, digər tərəfdən isə avtobusun pəncərələri qatı palçıqla bağlanacaq. “Avtobuslarımızın çirki tökülür” ifadəsi Bakının ictimai nəqliyyatına tam aid edilə bilər. Nəinki yağışlı-qarlı havada, hətta ən adi günlərdə belə avtobusların xarici görünüşü ürəkaçan deyil. Oturacaqdan tutmuş, qapı-pəncərəsinə kimi həftələrlə yuyulmadığı aydın görünür.

Avtobusun həftələr, aylarla yuyulmaq imkanı belə yoxdur

Bakı Nəqliyyat Agentliyinin (BNA) xətti ilə gətirilən təzə avtobusların da super təmiz olduğunu iddia etmək çətindir. Nisbətən təzə olduqlarına görə köhnə marşrutlarla müqayisədə daha yaxşı görünürlər. Yuyulmadığı da bəzən açıq-aydın görünür.

Mövcud qaydalara görə, istənilən xətdə hərəkət edən avtobus növbəni bitirib bazaya geri döndükdə mütləq yuyulmalı, sonra isə dezinfeksiya edilməlidir. Qayda var, amma onu əməl etmə mexanizmi yoxdur. Avtobusların zahiri görünüşü və təmizlik məsələsi Nazirlər Kabinetinin 141 saylı qərarı ilə tənzimlənir. BNA da öz növbəsində məhz bu qərarın əsasında özünün tələb və qaydalarını yaradıb. Amma agentliyin hər hansı bir dezinfeksiya etmək səlahiyyəti yoxdur. Bu işə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət etməlidir. Bu işə heç bir qurumun nəzarət etmədiyini anlamaq üçün paytaxtda hərəkət edən marşrutlara nəzər yetirmək kifayət edər.

İsmayıllıda turistləri daşıyan avtobus qəzaya uğrayıb: Ölənlər və yaralılar var

BNA-nin hər hansı avtobusu çirkli olduğuna görə cərimələmək, məhkəməyə vermək, ya da nəsə başqa tədbir görmək səlahiyyəti də yoxdur. Əgər hansısa qarajda problem aşkarlanarsa, bu barədə müvafiq orqanlara və həmçinin marşrutun rəhbərliyinə məlumat verilə bilər. 141 saylı qərarın ən azı yerinə yetirilməsi üçün müvafiq şərait də olmalıdır. Avtobusu yumaq üçün böyük məkan, dezinfeksiya edilməsi üçün tələb olunan avadanlıq və xətdə kifayət qədər avtobusun olması lazımdır. Bakıətrafı kəndlərə işləyən bir çox xətdə bəzən cəmi 6-8 avtobus işləyir. Nə çıxarmaq olmur, nə də əvəzləmək mümkündür. Hansını aparıb yuyasan? Avtobus səhər 6-dan gecə 12-yə kimi dayanmadan hərəkətdədir, deməli həftələrlə, aylarla yuyulmaq imkanı belə yoxdur.

Dayanacaq çirki tökülən bir meydançadan başqa bir şey deyil

Avtobuslarımız elə dayanacaqlarla bir vəhdət təşkil edir. Nə biri yuyulur, nə də digəri. Avtobusu yiyəsi yumalıdır, dayanacağı isə məlum deyil kim. Şəhərdə bütün köhnə dayanacaqlar yenidən inşa edilib, Avropa standartlarına uyğun quraşdırılıb. Gərək par-par parıldasın. Amma bu dayanacaqlar elə daim zibil mənbəyi, reklam kağızlarının, siqaret kötüklərinin məkanıdır. Bakının küləyi onsuz da burada ideal bir təmizlik yaratmağa imkan vermir, üstəlik də zibil atanlar, dayanacağı təpikləyənlər, oturacaqlarda qaçan uşaqlar buranı sözün əsl mənasında bərbad günə qoyurlar. Təmizləyən də yoxdur deyə dayanacaq çirki tökülən bir meydançadan başqa bir şey deyil.

Avtobusların alınmasına nə qədər böyük vəsait sərf edilibsə, dayanacaqların da inşasına bir o qədər pul xərclənib. Material da xaricdən gəlib, quraşdırma işini də xarici şirkətlər reallaşdırıb. Adi Bakı sakini isə hər gün çirkli avtobus və çirkli dayanacağa baxmağa məhkumdur. Heç bir qurum çirkli avtobusa və ya çirkli dayanacağa görə məsuliyyət daşımır.

BNA küləkli hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Çirkli avtobusa görə cəriməni yalnız sanitar-epidemioloji xidmət təyin edə bilər

Nəqliyyat vasitəsinə cərimə yalnız yol-nişan nömrələri çirkli olduğu halda yazıla bilər. Salonun, şüşələrin və ya digər hissələrin çirkli olması nə yol polisinə, nə də BNA-ya hansısa cəza tətbiq etməyə əsas vermir. Çirkli avtobusa görə cəriməni yalnız sanitar-epidemioloji xidmət təyin edə bilər. Özü də yoxlama keçirmək üçün gərək “siqnal” olsun, ya hər hansı bir vətəndaş şikayət etsin və ya yoxlama üçün bir nəsə əsas yaransın. Şikayət edən də yoxdur, heç yoxlama səlahiyyəti olan dövrdə belə sanitar xidmət nəqliyyatda yoxlama aparmırdı. İndi isə heç aparmır, biznes mühitini inkişaf etdirməyə maneçilik törətmək olmaz.

Necə deyərlər, yuxarı tüpürürsən bığdır, aşağı saqqal. Amma dünyanın istənilən ölkəsində nəqliyyatın zahiri görkəmi, dayanacaqlardakı ideal təmizlik göz oxşayır. Heç bir kəs çirkli avtobusda Türkiyə ərazisində hərəkət etməyə risk etməz. Bunu elə Türkiyə-Azərbaycan arasında sərnişin daşıyan avtobusların nümunəsində görə bilərik. Azərbaycan və Gürcüstanla hərəkət edərkən türkiyəli sürücülər təmizliyə fikir belə verməzlər, amma elə ki Türkiyə sərhədinə çatdılar, nəqliyyat vasitəsini çox dəqiqliklə yuyarlar. Bir də bununla da kifayətlənməzlər. Türkiyədə avtobus dəqiqəbaşı yuyular, çünki cəzası ağırdır.

Azərbaycanda avtobus yiyəsinə "gözün üstə qaşın var" deyən yoxdur

İstər Almaniya olsun, istər Niderland - çirkli avtobusu xəttə buraxmazlar. Kim buraxsa, sonra bir il hökumətə işləməli olacaq. Avropa standartı və ya qayda-qanunu əslində çox ədalətlidir. Dövlət biznesə hər şərait yaradır, dəstək olur, amma qanunu poza bilməzsən. Yəni vergini ödəməli, nəqliyyat vasitəsini təmiz saxlamalı, vaxtı-vaxtında qulluğunu etməlisən. Nə dayanacaqdan kənarda müştəri tuta, nə də nasaz avtobusla sərnişin daşıya bilməzsən. Cəriməsi ağırdır. Uzaqbaşı bir-iki dəfə xəbərdarlıq edib işi ötürəcəklər məhkəməyə.

Yol-nəqliyyat qəzaları Azərbaycanda yüzlərlə can alıb - Rəqəmlər

Dayanacaq da çirkli ola bilməz. Bəs şəhər meriyası nə üçündür? Hər rayonun öz məsul qurumu var. Azərbaycanda avtobus yiyəsinə "gözün üstə qaşın var" deyən yoxdur, xətri istəsə yuduzdurar, istəməsə də ona sərf elədiyi vəsaiti qatlayıb qoyar cibinə. Dayanacağın vəziyyəti isə heç kimin vecinə deyil.

Nəqliyyat sistemində qayda-qanun yaratmağın yalnız bir yolu var: səlahiyyət dəqiq bölünməli, qanun birmənalı olaraq daşıyıcının məsuliyyətini təyin etməlidir. Avtobus çirklidirsə, elə həmin marşrut yiyəsini hər gün cərimə etmək lazımdır. Dayanacaq yuyulmursa, bunun üçün büdcədən vəsait ayırmağı düşünməliyik. Həm də bu işlə kimin məşğul olacağı da dəqiq bilinməlidir.

Çirkin içində yaşayıb özünə hörmət etmək isə çox çətindir. Çirkli dayanacaqda çirkli avtobusu gözləyib çirkli küçələrlə evdən işə, işdən evə gedirik.

Yolüstü bir-iki zibili yerə elə özümüz atırıq.

986
İnsan siluetləri, arxiv şəkli

“Qınını” bəyənməməkdə ittiham edilən məşhurlar: onların zamanı daha bahalıdır

70
(Yenilənib 22:55 30.05.2020)
Sosial statusu yüksələn insan artıq hər bir işində zamanın əhəmiyyətini anlayır. Dünən o, bir işi çox cüzi bir məbləğə görməyə razı olan şəxs idisə, bu gün yüzlərlə insanın gözü ondadır.

“Filankəs məşhur oldu, indi heç kimi tanımır”, “vəzifəyə keçəndən sonra bu adamı tanımaq olmur, telefonu həmişə qapalıdır” kimi ifadələrə günümüzdə tez-tez rast gəlirik.

Tısbağa qınından çıxdı, qınını bəyənmədi?

İnsanın statusu dəyişdisə, yeni çevrəsi yarandısa, əvvəlki həyatından əsər-əlamət qalmır adətən. Dünən hamıya açıq olan birisi bir növ gizlənməyə, köhnə tanışlarından uzaq durmağa çalışır. Belə bir davranış hətta ən mehriban dostların, yaxın qohumların da arasına nifaq salır. Nə əvvəlki münasibəti bərpa, nə də yaranan uçurumu dəf etmək olur.

Çox nadir halda nə vaxtsa yaxın olan insanlar əlaqəni itirmirlər, ara-sıra bir-birindən hal-əhval tuturlar. Niyə sosial statusu dəyişən bir insan köhnə çevrəsi üçün yadlaşır, dünənki əlaqələrini heç bir təəssüf hissi keçirmədən qırır? Niyə vəzifə adamı çox vaxt qınaq obyektinə çevrilir? Köhnə dostları bunu çox zaman təkəbbürlə əlaqələndirirlər. “Tısbağa qınından çıxdı, qınını bəyənmədi” deyə dünən canbir olduqları insanı günahlandırırlar.

Sosial statusu yüksələn insan hər işində zamanın əhəmiyyətini anlayır

Əslində, sosial statusu yüksələn insanın davranışının da dəyişməsi tam normaldır. Dünənki davranış modeli bu gün işə yaramır. Səbəb zamana münasibətin dəyişməsi ilə əlaqəlidir. Yəni, dünən özündə elə də ciddi məsuliyyət, hər hansı bir yük duymayan insan sabah vəzifə başında müxtəlif cür problemin öhdəsindən gəlməlidir. Adi əməkdaşla məsul şəxsin nə məsuliyyəti, nə də zamanı eyni qiymətləndirilə bilməz. Böyük bir təşkilatın yükünü çəkən insanın artıq nə azad zamanı var, nə də əvvəlki kimi öz ömrünü kiçik problemlərin həllinə sərf etmək imkanı.

Sosial statusu yüksələn insan artıq hər bir işində zamanın əhəmiyyətini anlayır. Dünən o, bir işi çox cüzi bir məbləğə görməyə razı olan şəxs idisə, bu gün yüzlərlə insanın gözü ondadır, onun həm gəliri artıb, həm məsuliyyəti. Boş vaxtı da yoxdur. Bir var adi insansan, gündə sosial şəbəkədən sənə 10-15 mesaj gəlir, bir də var yüksək statusu olan bir məşhura çevrilmisən. Belə adama hər gün yüzlərlə müraciət ola bilər. Hərə bir şey umacaq. Bir çox populyar insan hətta məcbur olub sosial şəbəkə profilləri üçün əlavə bir əməkdaş da cəlb edir. Köhnə telefon nömrəsinə də dayanmadan zəng gəlir, məcbur olub yenisinə keçməlidir.

Populyar insan istəsə də, istəməsə də başqa cür yaşamağa məcburdur

Məsələn, məşhur müğənninin qrafiki çox sıxdır. Konsert proqramları, yeni mahnıların və geyimin sifarişi, mətbuata verilən müsahibələr xeyli zaman tələb edir. Köhnə dost-tanışla təmas qurmağa da imkan yoxdur. Bir vaxt çox mehriban olan insanlar uzun illər sonrası görüşdükdə belə danışmağa söz tapmırlar, maraqlar dəyişib, hərənin öz işi var, zaman çox qiymətli olub, onu kimə gəldi sərf etmək də olmur. Piramidanın zirvəsinə yüksəldikcə, zamanı mənasız işlərə, maraqsız insanlara sərf etmək həvəsi azalır.

Elm, sənət dalınca gedən, uğur qazanan insanların lazımsız ünsiyyətə zaman sərf etmək imkanı da heç olmur. Məsələn, muğam sənətini mənimsəmək üçün bir ömür bəzən bəs eləmir, hər bir kişi xanəndə səhnədə Məcnunu, Şah İsmayılı ifa etməyi, sənətini bütün dünyada tanıtdırmağı arzulayır.

Məgər onun boş-boş işlərə zaman sərf etməyə imkanı varmı? Əlbəttə, yox. Məqsədə çatmaq üçün xanəndə hər gün məşq etməli, çalışmalıdır.

Zamana münasibəti maraqlı bir Hollivud filmində müşahidə edirik. Təyyarə qəzasında həlak olmuş insanların ailələrinə kompensasiya verilməsi zamanı sığorta şirkəti hər insanın həyatını müxtəlif cür qiymətləndirməyə məcbur olur. Əgər sən adi fəhləsənsə, onda yaxın on ildə qazana biləcəyi məbləği hesablayıb ailəsinə təklif edirlər. Varlı bir iş adamının isə həyatı daha çox qiymətləndirilir. Onun ailəsini eyni təkliflə razı salmaq olmur. Bu pulları o bir aya qazanırmış. Bir qədər qəddar görünsə də, sığorta şirkəti həyatın reallığını nəzərə almalıdır.

Populyar insan istəsə də, istəməsə də başqa cür yaşamağa məcburdur. Onun həm məsuliyyəti artıb, həm də zamana münasibəti dəyişməlidir. Ətrafdakı insanların acı atmacalarına isə daha dözümlü olmalısan, çünki hərənin bir umacağı var. Hamıya da xoş olmaq çətindir. Bir qədər təmkinli davranmaqla hər bir çətinliyin öhdəsindən gəlmək mümkün olacaq.

70
Cütlük, arxiv şəkli

Boşanma: Dərd ağır, çevrə pis...

229
(Yenilənib 09:01 29.05.2020)
Əgər cütlüyün övladları varsa, hamı sözləşibmiş kimi eyni sualı verir: Bəs övladlar necə olacaq? İnsafınız olsun, sanki bu məsələ boşananlar üçün çox bəsit bir problemdir.

Boşanma çətin prosesdir. Xüsusilə bizim kimi mühafizəkar, mental dəyərlərlə yaşayan, adət-ənənə əsiri cəmiyyətlərdə bu çox əzablı, zülmlü məsələdir. Xüsusilə boşanmağa qərar vermiş cütlüyün övladı(övladları) varsa...

Həmişə düşünmüşəm ki, evliliyi davam etdirmək hər iki tərəfi də yorursa, bezdirirsə və işgəncəyə çevrilirsə, boşanmaq ən düzgün, ən sadə yoldur. İllərlə əzab çəkmək, övladlara da bu mənfi enerjini ötürüb doğmaları bezdirməkdənsə, alınmayan ailə həyatına mənasızcasına davam etməkdənsə, münasibətləri aydınlaşdırıb sayğı, ehtiram çərçivəsində ayrılmaq ən gözəl çıxış yoludur. Təəssüf ki, bizdə bu nümunə çox azdır. Tərəflər ağlasığmaz ittihamlarla ayrılır, biri digərinin həyatını cəhənnəmə çevirməyə sanki and içir.

Boşanmış qadınların klişe bəhanələri aşağı-yuxarı eynidir: "İçirdi, çəkirdi, gəzirdi, ailəyə baxmırdı və s." Kişi tərəfinin bəhanələri isə bəzən daha əclafcasına olur: "xəyanət edirdi, başqasıyla danışırdı, başqasıyla görüşürdü." Boşanmış insanlar nadir hallarda "Birlikdə yaşaya bilmədiyimiz üçün ayrıldıq", - deməyi bacarır. Çox vaxt qarşılıqlı ittihamlar havada uçuşur.

Bu ittihamlardan sonra boşanmış tərəflərin həyatı əsl cəhənnəmə çevrilir, əzabı ikiqat artır. Sayğı və ehtiram çərçivəsində ayrılmaq, boşanmaq bizim cəmiyyətdə nadir rast gəlinən fenomendir.

Boşanma faktı hər iki tərəf üçün olduqca ağır, mənəvi ağrısı olan prosesdir. Cəmiyyət boşananlara birmənalı yanaşmır, boşanmışları günahkar bəzən isə əxlaqsız kimi ittiham edir. Çox vaxt hər iki tərəfin də yenidən ailə qurması, həyatını nizama salması müşkülə çevrilir. Qohum-qardaş, dost-tanış, doğmalar və yaxınlar bu məqamda daha həssas, daha anlayışlı davranmaq əvəzinə, tərəflərin yarasına duz basmağa üstünlük verir. Boşanmışlar yüngül həyat tərzi keçirən, məsuliyyətsiz, əxlaqsız, mənəviyyatsız insanlar kimi qiymətləndirilir. Yəni cəmiyyət boşanmış insanları yararsız varlıqlar kimi çıxdaş etməyə, kənara atmağa çalışır.

...Əgər cütlüyün övladları varsa, hamı sözləşibmiş kimi eyni sualı verir: Bəs övladlar necə olacaq? İnsafınız olsun, sanki bu məsələ boşananlar üçün çox sadə, çox bəsit bir problemdir. Övladları olduğu üçün boşana bilməyən yüzlərlə bədbəxt cütlük var. Halbuki, o övladların gələcəyi, xoşbəxtliyi üçün ayrı yaşamaq, boşanmaq bəlkə də ən yaxşı çıxış yoludur.

Hələ vasitəçilik edib barışdırmağa çalışanlar, hər dəfə rastlaşanda çiyninə vurub təskinlik verənlər peyda olur. Dəfələrlə niyə boşandığını soruşub, qarşı tərəfi asıb-kəsənlər, tərəflər arasında söz aparıb gətirənlər isə başqa aləmdir. Halbuki, insanlar bu cür davranışların tərbiyəsizlik olduğunu anlamalıdır.

Əgər boşanmış cütlüyün övladı və ya övladları varsa, hər iki tərəfin bir-birinin qarşısında ömürlük məsuliyyəti olmalıdır. Yəni, övlad düşmənçilik subyekti, incitmək və ya bezdirmək üçün təsir vasitəsi olmamalıdır. Cəmiyyətimiz bunu da həll edə bilməyib. Saxta canyananlıqlar, qayğıkeşliklər bəzən çox bezdirici və incidici olur. Təəssüf ki, insanlarımız bunu başa düşmək istəmir.

Növbəti mərhələ boşananları yenidən evləndirmək üçün meydana çıxan qohum-qardaş və dost-tanışların təzyiqləridir. Boşanma kimi ağır mənəvi zərbəni atlatmamış evlilik müzakirələri başlayır. Və cəmiyyətimiz bu məsələlərdə də klişelərlə hərəkət edir. Boşanmış qadına boşanmış kişi, boşanmış kişiyə də adətən boşanmış qadın axtarışları başlayır. Boşanmısansa sənin seçim haqqın yoxdur. Kimi tapsalar onunla evlənməlisən. Halbuki, bu cür davranış gələcəkdə daha bir bədbəxt ailənin qurulması üçün zəmin yaradır. Cəmiyyət anlamır ki, boşanmış insanların da seçim hüququ var və buna hörmət etmək hər kəsin borcudur.

...Boşanmış qadınlara cəmiyyət daha qəddar davranır. Boşanmış qadının bu cəmiyyətdə istədiyi həyatı qurması böyük əziyyət və səy tələb edir. Bu baxımdan kişilər daha şanslı olsalar da, klişelər burada da həyatımıza burnunu soxmaqdan vaz keçmir.

"Yaxşı kişi(qadın) olsa, boşanmazdı." - Boşanmış şəxslər barədə deyilən ən yüngül fikir budur. Bəli, cəmiyyət ilk addımda büdrəyən, həyatı alınmayan insanları linç etməyi sevir. Hansı yaşda olmasından asılı olmayaraq boşanmaq bir ləkə kimi tərəflərin alnında qalır. İstisnalar əlbəttə var. Sosial vəziyyət, cəmiyyətdə tutduğun mövqe bəlkə də gələcək həyatını qurmaq üçün az-çox kömək ola bilər. Amma ümumi vəziyyət o qədər də ürəkaçan deyil...

Nə etməli?

Məncə boşanmış insanları ailə, cəmiyyət, qohumlar, dostlar rahat buraxmalıdır. Boşanmaq faciə deyil. Boşanmış insanı qınamaq, ona acımaq, yol göstərmək, həyatına burun soxmaq yanlışdır. Boşanmış insanların da həyatını yenidən qurmaq və öz həyatıyla bağlı söz sahibi olmaq haqqı var. Boşanmış insanları səhv iş görmüş, cinayət işləmiş, günaha batmış insanlar kimi damğalamaq böyük səhvdir. Sadəcə imkan verməliyik ki, insanlar öz həyatlarını müstəqil qərarlarına uyğun yaşasın. Cəmiyyət olaraq basqılardan, dedi-qodudan uzaq olmaq, boşanmış insanlara edə biləcyimiz ən böyük yaxşılıqdır.

229
Minneapolisdə etirazlar

Rusiya ABŞ-a nota verdi

23
(Yenilənib 00:38 01.06.2020)
“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – səfir Anatoli Antonov

BAKI, 31 may - Sputnik. Rusiya Federasiyasının səfirliyi ABŞ Dövlət Departamentinə RİA Novosti-nin müxbirinin başına gələn hadisəyə görə nota verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

RİA Novosti-nin müxbiri Mixail Turgiyev Minneapolisdəki etiraz aksiyalarını  işıqlandırarkən polisin hücumuna məruz qalıb – o, jurnalist vəsiqəsini göstərib mətbuat nümayəndəsi olduğunu desə də onun üzünə gözyaşardıcı qaz sıxıblar. Turgiyevin yanında olan Amerikanın VICE telekanalının bir qrup jurnalisti də analoji təzyiqlə üzləşib.

“Mixail Turgiyev və yanılndakı amerikalı jurnalistlər yerli polislər tərəfindən yolverilməz münasibətə məruz qalıblar. Hadisə yerində çəkilmiş kadrlardan aydın olur ki, mətbuat işçiləri hündürdən və aydın şəkildə özlərinin jurnalist olduqlarını deyirlər, geyimləri üzərində lazımi nişanlar var, onlar sənədlərini təqdim edib və heç bir müqavimət göstərməyiblər”, - Antonovun sözləri səfirliyin Facebook səhifəsində yayımlanıb.

“Bu hiddətləndirici fakta görə Dövlət Departamentinə etiraz notası göndərilib. Biz geniş araşdırma aparılmasını və onun nəticələri barədə məlumatlandırılmağımızı tələb etmişik”, - Antonov deyib.

“ABŞ-da KİV işçilərinin hüquqlarının pozulmasının momitorinqini aparan hüquq müdafiə təşkilatlarının bu insidenti nəzərə almasına nail olacağıq”, - səfir dəqiqləşdirib.

O həmçinin qeyd edib ki, “Amerika mətbuatı tərəfindən hər-hansı ictimai təəssüf və ya təsəlli cəhdi sezməyib”.

“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – deyə Antonov sual edib.

Bu həftə Minnesota və Amerikanın bəzi digər ştatlarında Corc Floydun ölümü ilə əlaqədar kütləvi etirazlar və iğtişaşlar başlayıb.

Xatırladaq ki, polis Floydu qandallayıb və yolun qırağında yerə yıxıb. Derek Şovin adlı polis əməkdaşı isə dizi ilə onun boynunu yerə sıxıb. Floyd nəfəs ala bilmədiyini deyib, amma asayiş keşikçiləri buna diqqət yetirməyiblər. Qısa müddət sonra Floyd xəstəxanada ölüb.

İğtişaşlar nəticəsində mayın 30-da Oklend şəhərində ABŞ Federal Mühafizə Xidmətinin iki əməkdaşı odlu silahdan atəş nəticəsində yaralanıb. Onlardan biri dünyasını dəyişib.

Mitinqlər xüsusilə Vaşinqtonda, Ağ Evin yaxınlığında da keçirilir.

23
Əlaqədar
ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir
Tramp hədələdi: qaradərilinin öldürüldüyü şəhərə qoşun yeridə bilər
ABŞ ştatında iğtişaşa səbəb olan polis həbs edildi
ABŞ-da iğtişaşlar yeni mərhələdə - Məsələyə Pentaqon qarışır
Qaradərilinin ölümü ilə əlaqədar aksiyalar ABŞ-dan Kanadaya sıçradı