Bakıda avtomobillərin hərəkəti, arxiv şəkli

Bakıda kollapsa doğru: bir neçə günə daha çox tıxac gözləyək?

844
(Yenilənib 20:12 10.01.2020)
Şəhərin nəqliyyat probleminin böyük bir hissəsinin həllini üzərinə götürən, bir balaca çörək pulu qazanan insanları niyə cərimələməliyik? Əsəbləri onsuz da gərilən insanlara daha artıq əzab verməyin adı nədir?

BAKI, 10 yanvar — Sputnik. Bu ildən qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus və minik avtomobillərinə nəzarətin gücləndirilməsi planlaşdırılır. Qanunsuz sərnişin daşıyan avtobuslar kameranın vasitəsi ələ aşkarlanaraq elektron protokol yazılacaq. Minik avtomobilləri ilə sərnişindaşımaya nəzarət üçün də əlavə tədbir görüləcək.

Bu barədə ötən ilin sonunda Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, bunun üçün qanuna dəyişikliklə bağlı təkliflər hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Bütün bunlar Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün dövlət proqramının icrası çərçivəsində həyata keçirilir: "DANX Daxili İşlər Nazirliyi ilə birgə bu yeniliyi tətbiq edəcək. Xüsusilə yükdaşıma və orta tutumlu avtobuslara nəzarət bu üsulla daha rahat təmin ediləcək. Çünki artıq baza var. Həmin baza DİN-ə inteqrasiya ediləcək. Qanunsuz sərnişin daşıyan avtobuslar kamera ilə aşkarlanaraq elektron protokol yazılacaq. Amma minik avtomobilləri ilə sərnişindaşımaya nəzarət üçün əlavə tədbir görüləcək”.

1 manatını ödə, tezliklə evinə çat

Bu prosesin reallaşması nəyə səbəb ola bilər? Bakının günü-gündən genişlənməsi artıq həlli görünməyən bir sıra problemi ortaya qoyub. Küçə və prospektlərdəki sıxlıq səbəbindən bir çox halda işə gəlib-gedən insanlar yollarda saatlarla vaxt keçirməli olurlar. Yəni Bakı, Xırdalan, Sumqayıtın sakinləri “8 saat işdə işləyirsən, 4 saat da yollarda ilişib qalırsan” prinsipi ilə yaşamağa məhkumdurlar.

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat həddən artıq yüklənib, əsas kütlənin işdə olduğu zaman belə oturmağa boş yeri olan marşrut tapmaq olduqca çətindir. Metro isə sutkanın istənilən anında insanla doludur. Hətta günorta tələbənin dərsə getdiyi və dərsdən çıxdığı zaman sıxlıq daha çox olur.

Bəzən işdən evinə gedən sərnişin heç bir yolla bir nəqliyyat vasitəsi tapa bilmir. Hətta servis taksi sifariş etsə də. Günün 5-6 saatı sıxlıq mütləq duyulur, əgər “qanunsuz” fəaliyyət göstərən avtobus və ya avtomobil xidməti olmasa, insanların işə gecikməsi, sıxlığın isə 6 saatdan 8 saata kimi artması qaçılmazdır. Nə Bakı metrosu, nə Bakı Nəqliyyat Agentliyinin xətti ilə fəaliyyət göstərən marşrutlar bu qədər insan kütləsini daşımağa qadir deyil. Sıxlıq dövrü sərnişin daşıyan kiçik tutumlu avtobuslar təqribən 10 dəqiqəyə müştəri toplayıb xəttə çıxır.

Deyək, “Memar Əcəmi” metrosundan Masazır qəsəbəsi istiqamətində hər 3-5 dəqiqəyə bir avtomobil sərnişinlə dolub yola düzəlir. 1 manatını ödə, tezliklə evinə çat. Eyni vəziyyət “Koroğlu” metrosu ətrafında baş verir. Axşam evinə getməyə fərli-başlı marşrut tapmayan və ya ayaqüstü 1 saat tıxacda gözləməyə halı olmayan sərnişinlər elə məhz bu avtobus və yolüstü benzin pulunu çıxarmağa çalışan avtomobillərdə Bakı kəndləri istiqamətində hərəkət edirlər. Az məsafə də deyil, bəzi kəndlərə 30-35 km yol var. Avtobusla gedənəcən səhər açılar.

BNA sabah 300 yox, min avtobus belə xəttə buraxsa...

DANX mətbuat xidmətinin rəhbərinin bəyanatı təəccüb doğurur bir yandan. Şəhərin nəqliyyat probleminin böyük bir hissəsinin həllini üzərinə götürən, bir balaca çörək pulu qazanan insanları niyə cərimələməliyik? Əsəbləri onsuz da gərilən insanlara daha artıq əzab verməyin adı nədir?

Bakının böyüməsi, əhalinin sayının artması infrastrukturun qurulması prosesindən daha sürətli baş verir. Hətta BNA sabah 300 yox, min avtobus belə xəttə buraxsa, yenə də sıxlığın qarşısını almaq asan olmayacaq. Milyonlarla manata başa gələn Nəqliyyatın İntellektual İdarə olunması Sistemi işləmirsə, bu xaotik olaraq baş verən proseslərə ən azı dözümlü yanaşmaq lazımdır. Yaxşı, sistem işləmir, bəs, ölkədə düşünən insanlar da yoxa çıxıblar? İntellekt baxımından bu qədər geridəyik yəni?

Bu fəaliyyətin “qanunsuz” olması öz-özlüyündə şübhə doğurur

Sərnişindaşıma ilə məşğul olan insanları nəinki cəzalandırmaq, hətta stimullaşdırmaq lazımdır. Bu prosesi “yüngül” nəzarətə götürməklə xidmətin daha da yaxşılaşdırılmasına təkan vermək olar. Məsələn, dünyanın hər yerində şagirdi məktəbə daşıyan xüsusi avtobuslar fəaliyyət göstərir. Bu, təkcə valideynlərin vaxtına və puluna qənaət etmək məqsədi güdmür, həm də nəqliyyatda sıxlığın qarşısının alınmasına xidmət edir. Bakının 100 minlərlə şagirdini kimsə məktəbə aparıb-gətirməlidir. Əgər evdə bir neçə uşaq varsa, deməli, ana məktəbə bir neçə dəfə gedib-gəlməlidir. Avtobusda tıxac yaradan səbəblərdən biri də budur. Məktəb avtobusları kimi vacib bir işi tamam unutmuşuq.

“Yüngül” nəzarət intellektual idarəetmənin əsasında durur. Yəni bir neçə kateqoriyalı ucuz lisenziya sistemi qurub sürücülərə bu prosesdə qanuni yolla iştirak etməyə imkan verməliyik. Əgər uğurlu və effektiv fəaliyyət göstərən nəqliyyat infrastrukturu qura bilsək, lisenziyasız çalışan marşrutlara ehtiyac belə qalmayacaq. Normal yolu, müasir avtobusu və ya alternativ nəqliyyat vasitələri olan məkanda kənar marşruta nə ehtiyac var?

Dövlət qurumları istənilən qanunsuz fəaliyyətin qarşısını almalıdırlar. Amma bəzən bu fəaliyyətin “qanunsuz” olması öz-özlüyündə şübhə doğurur. Nəqliyyat sistemində yaranan istənilən boşluq gələcəyin böyük problemi deməkdir. Ya bu gün həll etməliyik, ya onu həll edənə mane olmamalıyıq, ya da sabahın daha dəhşətli sıxlığını gözləməliyik.

Başqa cür ola da bilməz.

844
Əlaqədar
Tıxac boğaza yığıb - Qanunsuz parklanmaya nəzarət gücləndirildi
Tıxac olmasın deyə ağacları yerindən çıxaracaqlar
"Tramvay" deyib həvəslənməyin, yüz minləri itirməyə dəyərmi?
Tıxac, təhsil, yeni tikilən göydələnlər – bunları nə birləşdirir?
Pəncərə yaxınlığında kişi, arxiv şəkli

İcazə verin, evinizin pəncərəsindən keçmişimə boylanım...

73
(Yenilənib 22:16 30.11.2020)
Bəlkə də, evimiz, ünvanımız, daimi yaşayış yerimiz olmadığı üçün xoşbəxtlik axtarıb tapa bilmir bizi... Evimiz olsa, qapımızı döyərdi, mütləq.

Kirayədə qaldığım evlər tez-tez yuxuma girir. Divarları, mebelləri, qapı-pəncərələri, xatirələri ilə birgə...

Ən çox oğlumun ayaq açıb gəzdiyi, dil açıb ilk dəfə "ata" dediyi, Gəncədəki kirayə evi xatırlayıram.

Dörd otaq, bir mətbəx, oğlumun kövrək addımlarını atdığı iki addım eni, üç addım uzunu olan darısqal həyət girir yuxularıma.

Gəncədə xəsarət alan uşaq, arxiv şəkli
© Sputnik / Mihail Voskresenskiy

Universitetdən tələsə-tələsə gəlib, həyətdə qollarını açıb məni gözləyən oğlumla qarşılaşdığım o evi, üstündən on ildən çox keçsə də, unuda bilmirəm.

Hərdən, Bakıya köçəndən sonra kirayə qaldığım evləri də xatırlayıram. Darısqal mənzillər, hər dəfə xırda bir probleminə görə narahatlıq keçirdiyim başqasına məxsus evlər.

Hər kitabımı kirayə qaldığım evlərin birində yazmışam.

Acılı-şirinli xatirələrim səpələnib müxtəlif ünvanlara. Yaşadığım gözəl anları xatırlamaq istəsəm, hökmən kiminsə qapısını döyməliyəm.

"İcazə verin, evinizin pəncərəsindən keçmişimə boylanım..."

Adamı qapıdan qovarlar bu xahişə görə...

***

Evlər var ki, sadəcə evdir – xatirəsiz, keçmişsiz.

Evlər var ki, biz xatirələrə boylanmaq istədiyimiz pəncərələrinə indi qara pərdələr asılıb.

Evlər var ki, qapısını aylarla, illərlə açan olmur. Hətta sahibinin də yadından çıxıb.

Evlər var ki, kimsə məşuqəsi ilə görüşmək üçün, ildə, ayda bir dəfə açır qapısını. Toz basmış mebellərdə, yumşaq qadın barmaqlarının ürkək izi qalır, sonra o izləri də toz basır.

Evlər var ki, sobasının üstündə hisli çaydan, yanında saralmış dəm çayniki, pərdələrini də his basıb – Kiminsə yolunu gözləyir...

Evlər var ki, qapı zəngi səbirsizliklə gözləyir çalınmasını, içərisində bir ana səksəkəylə o zəngin səsinə həsrətdir.

Evlər var ki, balkonunda bir bayraq dalğalanır qürurla.

Evlər var ki, balkondakı zivələrdə uşaq paltarları yellənir sevinclə...

Evlər var ki, illərdir heç kəs pərdəsini aralayıb, günəşi salamlamır.

***

Sahibinin unutduğu, sahibini unudan evlər var.

Hansı binanın, hansı mərtəbəsində yerləşdiyini unutduğunuz evlər, küçədəki evsizlərin haqqıdır bəlkə də.

Ən dəbdəbəli evdə, villada, sarayda belə əbədi həyat yaşamaq mümkün deyil.

Daxmalarda xoşbəxt yaşayanlar, saraylarda qəhr olanlar var.

Daxmalar da evdir, saraylar da...

Xoşbəxtlik hansının qapısını döyəcəyini özü seçir.

Amma sənin ünvanın yoxdursa, xoşbəxtlik hansı qapını döyəcək?

Bəlkə də, evimiz, ünvanımız, daimi yaşayış yerimiz olmadığı üçün xoşbəxtlik axtarıb tapa bilmir bizi...

Evimiz olsa, qapımızı döyərdi, mütləq.

Evimiz olsa, qonaq gələrdi xoşbəxtlik...

***

Ölkəmdəki evsizlərin sayı məlum deyin. On minlərlə, yüzminlərlədir, bəlkə də.

Kirayələrdə yaşayanların da sayı bəlli deyil.

Əminəm ki, mənimlə eyni taleyi yaşayan, minlərlə, on minlərlə insan var – xatirələri pərən-pərən, keçmişi perik düşmüş...

***

Ömrümün ən kədərli ayında səs-küylü prosepektdə, kirayə qaldığım evdə xatirələrə boylanıram.

Bilirəm ki, mənim kimi neçə-neçə insan öz xatirələrini yad qapısında buraxıb, köçüb bu dünyadan.

Salam da deyir ki;

Bir böyük ölüm ver, qoy bəsim olsun…

Çörək - daşdan çıxan nəfəsim olsun…

Hər evin xatirə lövhəsi olsun -

hər kəs mismarlansın öz divarına.

Eh şair... Bizim xatirə lövhəsi kimi mismarlanacaq divarımız da yoxdur...

73
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən sevgisi nədir?

25
(Yenilənib 18:29 28.11.2020)
Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır.

BAKI, 28 noyabr — Sputnik. Sevgilərin ünvanı müxtəlif olur. İnsan həmişə nəyisə sevməyə möhtac hiss edir özünü. Bəzən də bu sevgilər insanın öhdəsinə çevrəsi tərəfindən məsuliyyət, borc kimi qoyulur: “sən Tanrını sevməlisən”, “sən ananı, atanı sevməlisən”, “sən vətəni sevməlisən” və s. Bəs insan özünə öhdəlik kimi diqtə edilən bu və ya digər nəsnələri sevməyə məcburdurmu?

Əlbəttə, həyatda hər şeyin bir alqoritmi, məntiqi olduğu kimi, sevginin də məntiqi var. Sevginin məntiqini sadə dildə izah etməli olsam, mən onu belə şərh edərdim: sevgi, sənin üçün misli-bərabəri və bənzəri olmayan, mövcudluğu nədənsə asılı olmayan, öz varlığını və ya həyatının xoşbəxtliyini borclu olduğun nəsnəyə duyduğun heyranlıq, rəğbət, pərəstiş, bağlılıq və bir az da ona qarşı təşəkkür hissidir.

Məsələn, Tanrıya sevginin bir məntiqi var. Çünki sənin üçün inandığın Tanrının misli-bərabəri və bənzəri yoxdur, onun mövcudluğu nədənsə asılı deyil, öz varlığını da, həyatını da ona borclusan və buna görə də onu sevirsən. Tanrı nisbi anlayış olduğu üçün, yəni Tanrının varlığına inanmayan insanlar da var olduğu üçün mən daha konkret nümunə göstərə bilərəm. Məsələn, kainata qarşı dərin bir sevgi bəsləməyin məntiqi var. Çünki kainatın (hələ ki) bizə məlum olan hər hansı bir misli-bərabəri və bənzəri yoxdur, mövcudluğu nədənsə asılı deyil – ki, bu, Tanrıya inanmayanlar üçün belədir – və sən öz varlığını da kainata borclusan.

Öz həyatımızın çərçivələri daxilində də sevgilərin məntiqini axtara bilərik. Məsələn, bizim öz anamızı və atamızı sevməyimizin müəyyən bir məntiqi var. Çünki bizim üçün onların misli-bərabəri və bənzəri yoxdur, onların bizim həyatımızda indi və burada mövcud olması heç bir amildən asılı deyil və biz var olmağımızı – qismən də olsa – onlara borcluyuq. Burada sual edilə bilər ki, həqiqətən, borcluyuqmu? Çünki onlar bizi dünyaya gətirməsəydi və əgər gəlməyimiz də bir vacib şərt idisə, başqa biriləri bizi dünyaya gətirəcəkdi. Amma və lakin gətirən o qadındır, o kişidir, konkret və müəyyən edilmiş məlum bir şəxsdir və sənin ona olan sevginin bu mənada məntiqi var.

Bizim öz işimizə, peşəmizə, sənətimizə olan sevgimizin də məntiqi var. Burada söhbət öz işinə fədakarcasına yanaşan, işi üzrə amalları, prinsipləri olan, işinə həyatını həsr edənlərdən gedir. Əgər sənin işin sənin üçün həyatın qayəsidirsə və sən bu işlə çevrənə faydalı ola, özündən sonrakılara bir miras qoya bilirsənsə, öz işini sevməyin olduqca məntiqlidir. Çünki bu məqamda işinin sənin həyatında misli-bərabəri və bənzəri yoxdur, onun sənin həyatındakı indi və burada mövcudluğu nədənsə asılı deyil və sən öz xoşbəxtliyini ona borclusan.

İstər ümumi müstəvidə, istərsə də həyatımızın mücərrəd sərhədləri daxilində sevgilərimizin müəyyən bir məntiqi var. Vətən sevgisinin isə məntiqi yoxdur. Ya məntiqə sığmayacaq qədər qeyri-adi, mistik bir anlayışdır, ya da ki, bu sevgi kortəbiidir. Burada vətən anlayışının necə dəyərləndirilməsi də mühüm məsələdir. Əgər sənin üçün vətən anlayışı kainatdırsa, Yer kürəsidirsə, bunu bir məntiqə sığdırmaq mümkündür. Axı, Yer kürəsi də üzərində insan həyatının mövcud olduğunu bildiyimiz hələ ki, yeganə planetdir və bu məsələ Yer kürəsini misilsiz və bənzərsiz qılır. Düzdür, mövcudluğu Günəş sistemindən, Süd Yolu qalaktikasından və digər amillərdən asılı olsa da, sən öz mövcudluğunu ona və onun üzərində səni var edə bilən bioloji amillərin vəhdətinə borclusan. Bu mənada, sən Yer kürəsini sevdiyin qədər, Günəş sistemini, Süd yolu qalaktikasını, qalaktikalar səbətini və birbaşa kainatı da sevməlisən.

© Sputnik / Leyla Orujova / Rahim Məmmədov

Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır. Çünki sən ərazisi, sərhədləri tarixin müxtəlif dönəmlərində böyük dəyişikliklərə uğramış və indi sənin yaşadığın dönəmdə mövcud sərhədləri ilə sənə tanıdılan bir ölkədə doğulub, həmin əraziyə vətən deyib, onu da fövqəladə bir sevgi ilə sevirsənsə, bilməlisən ki, dünyada onun onlarla, yüzlərlə və ondan daha yaxşı alternativləri var. Onun mövcudluğu da onlarla, yüzlərlə amildən asılıdır və sən öz varlığını qətiyyən ona borclu deyilsən, çünki dünyada sənin doğulduğun zamanda o ölkə olmasaydı da eyni yerdə, eyni məhəllədə, eyni evdə doğulacaqdın. Yaxud da, babaların başqa bir ölkəyə köçərdi, sən də həmin ölkədə dünyaya gələrdin. Yəni, bizə tanıdılan vətən anlayışı o qədər nisbi məsələdir ki, ona qarşı mütləq məntiqi sevgidən söhbət belə gedə bilməz.

Bəs niyə insanlar vətəni böyük və müqəddəs bir sevgi ilə sevir, hətta, onun uğruna canlarından keçirlər? Bu, geniş söhbətin mövzusudur. Lakin unutmamalıyıq ki, hər şeyin təməlində dünyadakı insanların kortəbii şəkildə özünə deyilənlərlə, öyrədilənlərlə yaşamaları durur. Və bunu sorğulamadan icra etmələri...

25
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

77
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

77
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın