Qəzaya düşmüş şəxs, arxiv şəkli

Amerikanı sayda iki dəfə üstələmişik, amma üzünü görən cənnətlikdir

111
(Yenilənib 22:16 07.12.2019)
Çox qəribə vəziyyət yaranır, polisə zəng vurursan, növbədə gözləyirsən, sonra da gəlib çıxmır. Yanından da polis maşınları ötüşür, biri də yaxınlaşmır

BAKI, 7 dekabr — Sputnik. İnsanın həyatı və təhlükəsizliyi bir tükdən asılıdır. Bizdən asılı olmayan hər hansı vəziyyətdə polisdən, tibbi yardım xidmətindən və ya yanğınsöndürən komandadan kömək gözləyirik. Bəzən köməyə elə də ehtiyac yoxdur, amma qanunun tələbinə görə, müvafiq qurumun nümayəndəsinin gəlməsini mütləq gözləməlisən.

Polisin müvafiq aktı olmasa, sığorta şirkəti dəymiş ziyanı ödəməkdən imtina edəcək

Əgər yolda avtomobil qəzası baş veribsə, polis mütləq gəlməli, vəziyyəti yerində araşdırmalı və qərar verməlidir. Polisin müvafiq aktı olmasa, sığorta şirkəti dəymiş ziyanı ödəməkdən imtina edəcək. Üstəlik, hadisə yerində zərər çəkən, yaralanan da ola bilər. Bununla da bağlı təhqiqat aparılmalı, yeri gələrsə, hətta cinayət işi açılmalıdır.

YPX avtomobili, arxiv şəkli
© Sputnik / Rahim Zakiroghlu

Böyük şəhərdə biz istər-istəməz müəyyən qurumların nümayəndələri ilə təmasa girməyə, işimizi onların qrafikinə uyğun qurmağa məhkumuq. Başqa cür də hərəkət etmək mümkün deyil, əks halda qanunu pozasan gərək.

Bəzi dövlət qurumlarına müraciət etdikdə elə də operativ reaksiya gözləmirik. Evimizə telefon çəkiriksə, bunun üçün telefon stansiyasına ərizə yazırıq, sonra da problemin bir müddət sonra həll olunacağına ümid edirik. Bu, bir həftə də ola bilər, bir il də. Həll olmasa belə, birtəhər keçinərik. Amma evdə infarkt keçirmiş xəstə varsa, bizə yardım bu dəqiqə, bu an lazımdır. Təcili yardım xidmətinə zəng ediriksə, həkim briqadasının yaxın 10-15 dəqiqəyə gələcəyini düşünürük.

Evimizdə yanğın baş veribsə, mənzil tüstülənirsə, yanğınsöndürən maşın o dəqiqə özünü çatdırmalıdır. Yoxsa şəhərin yarısı yanıb kül olar. Bəzən isə dövlət qulluğunda olan kimisə çox gözləməli olursan…

Nə qədər çalışsa da, 102-ni yığa bilmir

Kamran jurnalistikanın əsaslarını öyrənir, bu sahəyə marağı çoxdur. Elə yol qəzasına düşdüyü gün də dərsə tələsirdi. Heydər Əliyev prospektində Nərimanov rayonu ilə Nizami rayonunun kəsişdiyi yerdə bir qədər təhlükəli manevr edir, bir xanımın maşınını ötüb keçir. Bu xanım da heç də kişilərdən geri qalmaq niyyətində olmur, qəzəblənir, düşür Kamranın dalınca, onu ötməyə çalışır, onun maşınını kənara sıxır, nəticədə maşınlar toqquşur. Hər iki maşına zərər dəyir. Özünün haqlı olmadığını düşünən xanım bir qədər çığır-bağır salır, amma sonra hadisə yerini tərk edib yoxa çıxır.

Kamran qalır yolun kənarında. Nə qədər çalışsa da, 102-ni yığa bilmir. Ya növbədə 20-ci olur, ya 10-cu. Nəhayət, növbətçi ilə danışıb vəziyyəti izah edir. Amma xeyri olmur, nə bir gələn, nə də maraqlanan tapılır. Polisə yenə müraciət edir. Özü də yanından bir neçə dəfə polis maşını ötüb keçir, amma biri də ona yaxınlaşmır. Nə qədər əllə işarə etsə də. Haradasa 40-50 dəqiqə sonra bir polis yaxınlaşır, maşına baxıb deyir, get Xırdalana. Kamran yığışıb gedir Xırdalan polisinə, amma yolda zəng gəlir. Deyirlər, ora lazım deyil, yaxınlaş Nərimanov polis bölməsinə. Dönür yoldan, gedir Nərimanova. Bir də zəng gəlir, deyirlər, gəl Nizami polis bölməsinə. Yenə dönür yoldan, gedir Nizamiyə.

Onlar hələ yaşaya bilərdilər - Qəzada ölən bütöv bir sinif, yaxud geriyə dönməyən yol>>

Burada artıq qaydanı pozmuş xanımın olduğunu görür. Polisdə gözlədiyinin əksinə olaraq məhz onun haqsız olduğunu sübut etməyə çalışırlar. Təhlükəli manevr etdiyinə görə 40 manat cərimə edilir. Xanıma dəyən zərəri Kamranın sığortalandığı şirkət ödəməyi öhdəsinə götürür, özünə dəyən ziyanı isə özü ödəməli olur. Yəni maşınını ustaya aparıb təmir elətdirməli olur. Kameranın görüntüsünə də əməlli-başlı baxmaq olmur. Nizami rayon bölməsində nümayiş edilən videoda nəyisə görmək və təyin etmək çətin olur. Digər kamera isə Nərimanov rayon polisi ərazisindədir. Kamrana isə təklif olunur ki, əgər qərarla razı deyilsənsə, get məhkəməyə müraciət et, qoy araşdırsınlar. Xanımın uşağının maşında stres keçirtdiyi barədə deyilir də. Amma maşında uşaq olubsa, qorxubsa, bu qadının hərəkəti anlaşılan deyil. Uşağını sevən ana yolda kiminləsə sürət oyununa necə çıxar axı? Kamran isə hər hansı bir uşağın maşında olduğunu görmədiyini deyir.

Əgər vətəndaş polisə zəng edirsə, oraya anında düşməlidir

Hər gün yollarda baş verən adi hadisələrdən biridir. Nəsə təəccüblü bir məqam yoxdur. Həm sürücülər, həm polislər belə halla hər gün rastlaşırlar. Diqqət çəkən başqa detallar var.

Əgər vətəndaş polisə zəng edirsə, oraya anında düşməlidir. Bu, Kənd Təsərrüfatı Nazirliyi və ya Diaspora Komitəsi deyil axı. Zəng olursa, deməli, cinayət, qəza və ya yol hadisəsi baş verib, yəqin. Bir saat polismi gözləmək olar küçədə? Beynəlxalq hesabatlarda Azərbaycanda hər 100 min nəfərə 456 polis əməkdaşının olduğu bildirilir. Yəni əhalinin sayına düşən polis sayına görə Azərbaycan ABŞ-ı iki dəfə, Finlandiyanı isə 3 dəfə qabaqlayır.

Amma ABŞ-da və ya istənilən Avropa ölkəsində polisə zəng vurub cavab verməsən, telefonu izləyib həmin yerə patrul xidməti göndərilir. Dəfələrlə Hollivud filmlərində polisin hadisə olan yerə öz təşəbbüsü ilə yaxınlaşdığını görmüşük. Çox qəribə vəziyyət yaranır, polisə zəng vurursan, növbədə gözləyirsən, sonra də gəlib çıxmır. Yanından da polis maşınları ötüşür, biri də yaxınlaşmır. Vətəndaşı 3 ünvana yönəldirlər. Sonra da deyirlər, bu bizim rayon deyil, yaxşı görüntü digər rayondadır.

Məgər bir ümumi sistem deyil? Məgər bir polis bölməsi digər bölmədən görüntü istəyə bilməz?

Bu yaxında Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev "Polis haqqında" Qanunun və "DİN əməkdaşlarının etik davranış kodeksi"nin müvafiq maddələrinin tələblərini pozduğu üçün xidmətdən xaric edilib. Gənc əməkdaşın sosial mediada yayılmış videoya görə işdən azad edilməsi, çox yəqin, son dövrdə Daxili İşlər Nazirliyinin polisin müsbət imicinin formalaşması yolunda görülən tədbirlər sırasında atılan addımlara uyğun olub.

Amma vətəndaşın 102 xidmətinə zəng edə bilməməsi, ora-bura süründürülməsi, görüntünün guya başqa rayon ərazisində olması kimi "nağıl"ların danışılması müsbət imicə nə qədər xidmət edir?

Vətəndaşın müraciətinə polis operativ yanaşmalı, ədalətli qərar verilməlidir. Başqa yolu da yoxdur. Əks halda istənilən addımın xeyri olmayacaq.

111