Kinoteatr, arxiv şəkli

"Qış nağılı": Bu nağıl başqa nağıldır…

557
(Yenilənib 00:02 03.12.2019)
Filmdə baş rol ifaçısı yoxdur və etiraf edim ki, bu yanaşma mənim çox xoşuma gəldi. Yəni bu kinokomediya alışdığımız, bizi üzdən-gözdən salan yerli kinokomediyalardan fərqlidir

BAKI, 2 dekabr — Sputnik. Dekabrın ilk günü Heydər Əliyev Sarayında yerli Yeni il filmimizin – "Qış nağılı"nın Qala gecəsi keçirildi. "Cinemazadeh" studiyasının ərsəyə gətirdiyi, 2019-cu ilin ən böyük layihəsi kimi təqdim edilən ikiseriyalı "Qış nağılı” filminin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadədir.

Öncədən qeyd edim ki, iddialı layihə hesab edilən "Qış nağılı"nın Şekspirin “Qış nağılı” əsəri ilə uzaqdan, yaxından əlaqəsi yoxdur. Heç bizim “Qış nağılı”nın  Şekspirin  əsəri əsasında çəkilən filmlərə, seriallara da dəxli yoxdur. Yəni “Qış nağılı” rimeyk-filan deyil, müstəqil filmdir. Xülasə, bu “nağıl” başqa “nağıldır”.

Filmdə baş rol ifaçısı yoxdur və etiraf edim ki, bu yanaşma mənim çox xoşuma gəldi. Yəni bu kinokomediya alışdığımız, bizi üzdən-gözdən salan yerli kinokomediyalardan fərqlidir. Adətən komediyanın uğuruna “seyid cəddinə güvənən kimi” güvənən rejissorlarımız filmlərini populyar komediya aktyorlarının üzərində qururlar. Məhz bu səbəbdən yerli tamaşaçı bizim kinokomediyalarda üz-gözünə, jestikulyasiyasına, “oyununa” alışdığı aktyorları görməkdən bezir. Cəfər Axundzadə “Kəklikotu” filmində etdiyi kimi, bu filminə də “ulduzlar”ı toplayıb və bu “ulduzlar”ın, demək olar ki, heç biri baş rolda deyil.

Film eyni oteldə baş verən müxtəlif hekayələrdən ibarətdir.

İllərdir yubanan nişanlarını Yeni il gecəsi keçirməyə qərar verən cütlüyün komik əhvalatı, onların nişanında iştirak etmək üçün otelə gələn dostların macəraları, ailəsinə öz hesabına böyük otel otağı tutan imkanlı şəxslə radioda bilet udaraq Yeni ili qeyd etməyə gələn cütlüklərin hekayəsi bir-birini izləyir.

Sevgilisinə özünü sübut etmək istəyən gəncin yaşadıqları, Yeni il şousu üçün isə otelə qonaq qismində dəvət olunan türkiyəli məşhurlar Halil Sezai və Müge Bozun düşdüyü komik vəziyyətlər tamaşaçını xeyli əyləndirir.

© Courtesy of Cinemazadeh
"Qış nağılı” filminin posteri

Yuxarıda da qeyd etdiyim kimi, Cəfər Axundzadə fərqli, maraqlı və yaddaqalan kinokomediya çəkmək niyyəti ilə filminə ən populyar komediya aktyorlarını, tanınmış simaları dəvət edib. Amma bu o demək deyil ki, Cəfər Axundzadənin bu niyyəti filmin uğuruna zəmin yaradıb. Ssenaridəki boşluqlar və qüsurlar rejissorun niyyətinin həyata keçməsinə xeyli dərəcədə mane olub. Yəni rejissor “bir ordu ulduz”la bu ssenarini xilas edə bilməyib. Filmdəki bir çox stuasiyalar, replikalar olduqca soyuq və “quru” təsir bağışladı, hətta gülməli olduğum yerlərdə dərin təəssüf hissi ilə içimi çəkdim…

XXI əsrdə bu ssenari ilə tamaşaçını güldürməyə çalışmaq mənə qəribə gəldi.

Filmin yaradıcıları iddialı olmasaydılar, bəlkə də, müəyyən qüsurların üstündən sükutla keçmək olardı…

Filmin xoş tərəflərini də qeyd etməsəm, insafsızlıq olar. Postmodern süjet xətti, müəyyən aktyorların oyunu məni xeyli sevindirdi. Əbdül Mahmudovu ekranda görmək, özü də aktyorluğunu bəyənmədiyi Elməddin Cəfərovla tərəf-müqabili olduğunu görmək mənim üçün çox xoş oldu. Bu tandemdə Elməddin çox parlaq görünürdü və məncə, zamanında Əbdül Mahmudovun cavabsız qalan atmacasının ən gözəl cavabı Elməddinin bu filmdəki oyunu idi. Hərçənd, mənə görə, Elməddin “Qaragöz” filmində daha yaddaqalan və fərqli obraz yaradıb. Bu filmin də ən yaddaqalan obrazı, məncə, Elməddin idi. Az qala hər replikası, hər səhnəsi gülüşlə qarşılanırdı. Könül rahatlığı ilə demək olar ki, o, rolunun öhdəsindən uğurla gəlib.

Məcid Hüseynov, Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Şəlalə Şahvələdqızı və digər gənc aktyorlar oyunları ilə tamaşaçını əyləndirməyi bacardılar.

Türkiyədən dəvət olunan Halil Sezai və Müge Bozun oyunu bizim ulduzların oyununun fonunda demək olar ki, nəzərə çarpmırdı. Məncə, onlar olmasaydılar, filmdə heç nə dəyişməzdi. Təbiri caizsə, türkiyəli “ulduzlar” bizim “ulduzlara” uduzurdular.

Xüsusi olaraq qeyd edim ki, Sənubər İsgəndərli bu filmdə çox füsunkar idi.

Film mərhum Asya Abdullayevanın filmdə son işi, Elvin İbranın isə debütüdür.

Uğurları və qüsurları ilə “Qış nağılı” ilk Yeni il filmimizdir və tamaşaçının diqqətini və sevgisini qazanacağına ümid edirəm

İradlarımın bir qismini özümə saxlayaraq, filmin yaradıcı heyətinə tamaşaçı sevgisi və uğurlar arzulayıram.

557
Əlaqədar
"Beş milyon alıblar, oynamaqlarına bax" - seriallardan əyri baxan azərbaycanlılar
Filmlərdə səs effektləri görün hansı üsullarla alınır
Azərbaycanda kinematoqrafın gələcəyi: gənc rejissorlar nə deyirlər
Filmin ən maraqlı yerini pəncərədən çəkdi - VİDEO
Azərbaycanlı rejissor Rusiya kinematoqrafinı fəth edib və vətənində film çəkməyi arzulayır
Bankada manat, arxiv şəkli

Uğurlu sahibkarın arsenalı: xırda pul, POS terminal, şirin söz, gülərüz ifadə

40
(Yenilənib 22:32 02.12.2020)
Bəzi ziyanlı adətlər də pul qıtlığına səbəb olur. Məsələn, insanlarda daxıla xırda pul toplamaq ənənəsi var.

Sizdə 50 manata xırda olmaz? Bəlkə iyirmiliyə xırda tapılar? Bu kimi ifadələri tez-tez mağaza və müxtəlif ticarət mərkəzlərində eşidirik. Bəzən elə ofis daxilində də kimsə bir əsginasla gəzib xırda axtarır. Xırda pul tapılmır ki, tapılmır.

Kiçik məhəllə dükanlarında xırda pul daima tapılmır

Pulu xırdalamaq problemi həm taksidə, həm aptekdə, həm də bazarda hiss olunur. Bazarda bəzən elə də böyük olmayan pulu bu ona ötürür, o da buna. Güc-bəla ilə xırdalayırlar. 5, 10, 20 manatı rahat xırdalamağın yolu hələ də kart sisteminə keçməyən marşrutda olur. Burada xırda nə qədər desən var, hətta bəzən xırda puldan bezib bir ovuc qəpiyi benzindoldurma məntəqəsinə təhvil verirlər.

Kiçik məhəllə dükanlarında isə xırda pul daima tapılmır. Gündəlik alver böyük deyil deyə 50 və ya 100 manatı burada xırdalamaq mümkünsüzdür. Hətta dükandan nəsə alanda belə gərək yanında xırda pulun ola, yoxsa alver baş tutmayacaq. Bir sıra iri satış şəbəkəsində pul xırdalamağa icazə yoxdur, nəsə mütləq almalısan. Kiçik də olsa, bir mal alsan, bir söz demədən qalığı verəcəklər, amma almalısan. Bunu, əslində, uğurlu marketinq gedişi saymaq olar. Dükan və ya şəbəkə pul xırdalamaq yeri deyil, bura alış-veriş məntəqəsidir. Alver elə, pulunu xırdalayaq.

Xırda pul məsələsi çox zaman sahibkarın səriştəsizliyinə bağlıdır

Pulu problemsiz yalnız banklarda fəaliyyət göstərən valyuta məntəqəsi və ya kassada xırdalamaq olar. Müraciət etdikdə, xırdalayırlar da. Amma pul xırdalamaq bankın işi deyil əsla. Yəni, göstərilən xidmət siyahısında pul xırdalamaq öhdəliyi də yoxdur. Sadəcə pulla işləyən təşkilat olduğuna görə hər bir bank pulu xırdalamalıdır bir növ. Bəzən xırdası da olmaya bilər. Bank özü pul çap eləmir, gərək kassaya pul gələ ki, müştəriyə bu xidməti göstərmək mümkün olsun. İri supermarket və ya ticarət şəbəkəsi xırda pulu əldə etmək üçün hesabı olduğu bankdan onu əvvəlcədən sifariş verməlidir. Marketlər hətta əlində xeyli xırda pulu, qəpiyi olan vətəndaşdan da qəbul edib onu iri əsginasla əvəzləyirlər. Mümkün olan kanallarla alış-verişin bir an belə dayanmasına yol verməmək üçün xırda pulu toplayırlar.

100 və 200 manat dəyərində olan iri əsginaslar adətən marketdə ayrıca yığılır. Hərdən digər əməkdaşlar isə ara-sıra xırda pulu kassaya təhvil verirlər. Xırda pul olmasa, kassada toplaşan müştərilərin çox uzun növbəsi yaranar. Kiçik dükanda, elə də böyük dövriyyəsi olmayan marketlərdə də xırda pul məsələsi çox zaman sahibkarın səriştəsizliyinə bağlıdır. Bir çox satıcı deyir, mən nə edə bilərəm, dükanın yiyəsi axşam gəlib pulu kassadan götürərək onu sıfırlayab. Səhər alverinə xırda pul yoxdur. Hər gün əlində pulla ora-bura qaçaraq onu xırdalamağa çalışan satıcının üzləşdiyi çətinliyi müşahidə edirik.

"Bura pul xırdalamaq yeri deyil"

Kiçik biznesi olan sahibkar obyektdə xırda pul saxlamaq istəmir, yəqin satıcıya etibar eləmir bəlkə də. Amma biznes daim gərginliklə işləyir. Satıcı da bir gün ora-bura qaçır, iki gün, sonra biganələşir. İri əsginası görən kimi deyir, xırda yoxdur, vəssalam. Satıcının çoxu olduqca kiçik maaşa işləyir, bu heç kim üçün sirr deyil. Belə olan halda sahibkar öz biznesini düşünmürsə, satıcı niyə onun yerinə düşünməlidir? 300 manat maaşa satıcı həm mal satmalı, həm pul xırdalamalı, həm kamera yerinə nəzarətçi olmalıdır, çünki hər oğurlanan mala görə də cavabdehdir. Dükanı qoyub getdisə, həmin məqamda guya alverə gələn müştəri bəzən əlinə keçəni atır çantasına. Həm pulunu xırdalayır, həm də oğurluq edir.

Kiçik obyekt yiyəsinin bir çoxu elə köhnə qayda ilə alver edir. Amma dünya dəyişib, indi insanları bəyənmədiyi nəyisə almağa məcbur etmək çox çətin olub. Bu dükan olmasın, o birisi olsun. Gedib istədiyini başqa yerdən alacaq, daha 20 və ya 50 manatı xırdalamaq kimi problemi düşünməyəcək. Digər dükanda xidmət yaxşı olsa, deməli alveri də gedəcək. Dükan var, kiçik alver edirsən, bəzən "bura pul xırdalamaq yeri deyil" kimi acıqlı ifadələrlə qarşılaşırsan. "2 manatlıq alver edib 100 manat verirsənsə, deməli amalın saf deyil" kimi düşünən sahibkarın sayı bir deyil, iki deyil. Onların dükanı bağlanacaq bir gün.

Nəinki qəpik, hətta 1 və 5 manatı da toplayan az deyil

Xırda pul probleminin yaranmasının başqa səbəbləri də var. Ölkədəki pul dövriyyəsində xırda pul çatışmır, bu həqiqətdir. Hələ uzun illər öncə, metal pul formasında 1 və 5 manatlıq pulların buraxılması təklif edilmişdi. Bu siyahıya hətta yeni 2 manatlıq metal pulların da buraxılmasını əlavə etmək olar. Metal pullar kağıza nisbətən daha çox xidmət edir, orta hesabla 25-30 il işə yarayırlar. Dövriyyəyə daha çox xırda pul buraxmaq lazımdır. Bəzi ziyanlı adətlər də pul qıtlığına səbəb olur. Məsələn, insanlarda daxıla xırda pul toplamaq ənənəsi var. Nəinki qəpik, hətta 1 və 5 manatı da toplayan az deyil. Nəticədə məhz ehtiyac duyulan pullar tapılmır.

Son on ildə onlayn vasitələrin artması, elektron və nağdsız hesablaşma imkanlarının mövcudluğu bir sıra hallarda kağız və metal pula olan tələbatı xeyli azaldıb. Nəqliyyatın çox hissəsi kartla ödənişə keçib, bank kartı ilə kommunal xərclərin bir çoxunu internetdən ödəmək olar. Mobil əlaqə üçün pul yükləmək, bank kreditini və üstünə yazılan cəriməni məsafədən ödəmək olar. Elektron ticarət isə yalnız internetdən ödənilir, nağd yolla ödəmək mümkün deyil.

Onlayn ödəmə imkanları asanlaşdıqca, xırda pul problemi aradan qalxa bilər

Nağdsız ödəmə imkanlarını artırmaq üçün hazırda bir neçə layihə də reallaşır. Məsələn, Şamaxının bəzi avtobus xətlərində artıq ödəməni bank kartı və ya mobil qurğunun köməyi ilə reallaşdırmaq olar. Bu, yaxşı təşəbbüsdür. Nəqliyyat kart sisteminə keçsə də, bunu tam mənada onlayn sistem saymaq olmur. Çünki mövcud olan kartlara da pulu gərək nağd yolla aparatdan yükləyəsən. Bakı Nəqliyyat Agentliyi artıq neçə ildir bu kartlara məbləğin internetdən yüklənə bilməsi üçün xüsusi imkanların yaradılacağı barədə açıqlamalar versə də, sistem hələ də yaradılmayıb. Pul yükləmək üçün nəqliyyat bankomatların önündə yaranan növbələr insanları narahat etməkdədir.

Ölkədə işıq və qaz sayğaclarının yenilənməsi prosesi davam edir. Yeni tip sayğac tam olaraq internetə inteqrasiya edilib deyə daha harasa getməyə ehtiyac yoxdur, hər bir ödəmə elə internetdən olacaq. Azərbaycan Dəmir Yollarında da bəzi yeniliklərin olacağı gözlənilir. Bank kartları ilə birbaşa ödəniş etməklə hazırda Bakı və Abşeronda hərəkət edəcək elektrik qatarlarında hərəkət etmək mümkün olacaq.

Onlayn ödəmə imkanları asanlaşdıqca, ticarət şəbəkəsində hər gün rastlaşdığımız xırda pul problemi də tədricən aradan qalxa bilər. Xırdalama prosesində təkcə pulun özü yox, həm də əsginasın keyfiyyəti də münaqişə probleminə çevrilə bilər. Cırıq, əzik, üzülmüş pulları nə bu tərəf, nə də o tərəf götürmək istəmir.

Müasir texnologiyalar həyatımızda yaranan bir çox kiçik, psixoloji problemləri aradan qaldırmağa ciddi kömək edə bilər. Amma hər bir çətinliyin aradan qalxması birbaşa insan amilinə bağlıdır. Bazarda qalıb işləmək istəyən sahibkarın həm xırda pulu, həm də normal işləyən POS terminalı olmalıdır. Ehtiyatda şirin sözü, üzündə isə gülərüz ifadəsi də işə yarayar. Hər bir müştəri qızıl kimi qiymətlidir.

40
Teqlər:
gündəlik, alver, alıcı, market, 10 manat, xırda pul
Pəncərə yaxınlığında kişi, arxiv şəkli

İcazə verin, evinizin pəncərəsindən keçmişimə boylanım...

140
(Yenilənib 22:16 30.11.2020)
Bəlkə də, evimiz, ünvanımız, daimi yaşayış yerimiz olmadığı üçün xoşbəxtlik axtarıb tapa bilmir bizi... Evimiz olsa, qapımızı döyərdi, mütləq.

Kirayədə qaldığım evlər tez-tez yuxuma girir. Divarları, mebelləri, qapı-pəncərələri, xatirələri ilə birgə...

Ən çox oğlumun ayaq açıb gəzdiyi, dil açıb ilk dəfə "ata" dediyi, Gəncədəki kirayə evi xatırlayıram.

Dörd otaq, bir mətbəx, oğlumun kövrək addımlarını atdığı iki addım eni, üç addım uzunu olan darısqal həyət girir yuxularıma.

Gəncədə xəsarət alan uşaq, arxiv şəkli
© Sputnik / Mihail Voskresenskiy

Universitetdən tələsə-tələsə gəlib, həyətdə qollarını açıb məni gözləyən oğlumla qarşılaşdığım o evi, üstündən on ildən çox keçsə də, unuda bilmirəm.

Hərdən, Bakıya köçəndən sonra kirayə qaldığım evləri də xatırlayıram. Darısqal mənzillər, hər dəfə xırda bir probleminə görə narahatlıq keçirdiyim başqasına məxsus evlər.

Hər kitabımı kirayə qaldığım evlərin birində yazmışam.

Acılı-şirinli xatirələrim səpələnib müxtəlif ünvanlara. Yaşadığım gözəl anları xatırlamaq istəsəm, hökmən kiminsə qapısını döyməliyəm.

"İcazə verin, evinizin pəncərəsindən keçmişimə boylanım..."

Adamı qapıdan qovarlar bu xahişə görə...

***

Evlər var ki, sadəcə evdir – xatirəsiz, keçmişsiz.

Evlər var ki, biz xatirələrə boylanmaq istədiyimiz pəncərələrinə indi qara pərdələr asılıb.

Evlər var ki, qapısını aylarla, illərlə açan olmur. Hətta sahibinin də yadından çıxıb.

Evlər var ki, kimsə məşuqəsi ilə görüşmək üçün, ildə, ayda bir dəfə açır qapısını. Toz basmış mebellərdə, yumşaq qadın barmaqlarının ürkək izi qalır, sonra o izləri də toz basır.

Evlər var ki, sobasının üstündə hisli çaydan, yanında saralmış dəm çayniki, pərdələrini də his basıb – Kiminsə yolunu gözləyir...

Evlər var ki, qapı zəngi səbirsizliklə gözləyir çalınmasını, içərisində bir ana səksəkəylə o zəngin səsinə həsrətdir.

Evlər var ki, balkonunda bir bayraq dalğalanır qürurla.

Evlər var ki, balkondakı zivələrdə uşaq paltarları yellənir sevinclə...

Evlər var ki, illərdir heç kəs pərdəsini aralayıb, günəşi salamlamır.

***

Sahibinin unutduğu, sahibini unudan evlər var.

Hansı binanın, hansı mərtəbəsində yerləşdiyini unutduğunuz evlər, küçədəki evsizlərin haqqıdır bəlkə də.

Ən dəbdəbəli evdə, villada, sarayda belə əbədi həyat yaşamaq mümkün deyil.

Daxmalarda xoşbəxt yaşayanlar, saraylarda qəhr olanlar var.

Daxmalar da evdir, saraylar da...

Xoşbəxtlik hansının qapısını döyəcəyini özü seçir.

Amma sənin ünvanın yoxdursa, xoşbəxtlik hansı qapını döyəcək?

Bəlkə də, evimiz, ünvanımız, daimi yaşayış yerimiz olmadığı üçün xoşbəxtlik axtarıb tapa bilmir bizi...

Evimiz olsa, qapımızı döyərdi, mütləq.

Evimiz olsa, qonaq gələrdi xoşbəxtlik...

***

Ölkəmdəki evsizlərin sayı məlum deyin. On minlərlə, yüzminlərlədir, bəlkə də.

Kirayələrdə yaşayanların da sayı bəlli deyil.

Əminəm ki, mənimlə eyni taleyi yaşayan, minlərlə, on minlərlə insan var – xatirələri pərən-pərən, keçmişi perik düşmüş...

***

Ömrümün ən kədərli ayında səs-küylü prosepektdə, kirayə qaldığım evdə xatirələrə boylanıram.

Bilirəm ki, mənim kimi neçə-neçə insan öz xatirələrini yad qapısında buraxıb, köçüb bu dünyadan.

Salam da deyir ki;

Bir böyük ölüm ver, qoy bəsim olsun…

Çörək - daşdan çıxan nəfəsim olsun…

Hər evin xatirə lövhəsi olsun -

hər kəs mismarlansın öz divarına.

Eh şair... Bizim xatirə lövhəsi kimi mismarlanacaq divarımız da yoxdur...

140
DİN əməkdaşları Suqovşanda, arxiv şəkli

"Euronews" Suqovuşan kəndindən reportaj hazırlayıb

0
(Yenilənib 23:25 04.12.2020)
"Qarabağın göz yaşı və sevinci" adlanan reportajda yenidən kəndinə qayıdan Xaliq Hümbətov danışıb. O, Suqovuşanı 14 yaşında tərk etdiyini və gedərkən ermənilər tərəfindən atlarının əllərindən alındığını deyib

BAKI, 4 dekabr — Sputnik. "Euronews" bu dəfə işğaldan azad edilmiş Suqovuşan kəndindən reportaj hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Qarabağın göz yaşı və sevinci" adlanan reportajda yenidən kəndinə qayıdan Xaliq Hümbətov danışıb.

O, Suqovuşanı 14 yaşında tərk etdiyini və gedərkən ermənilər tərəfindən atlarının əllərindən alındığını deyib.

Qeyd edək ki, Azərbaycan Ordusu Suqovuşanı 3 oktyabrda işğaldan azad edib.

0