Dəmir yolun tikintisi, arxiv şəkli

Materik tezliklə dəmir yolu ilə birləşəcək: Bakıda yaşayıb Romada işləyəcəyik

1305
(Yenilənib 12:04 14.10.2019)
Oktyabrın 13-də Azərbaycanın dəmiryolçuları peşə bayramını qeyd edirlər. Hər bir dövləti dövlət edən onun kommunikasiya imkanlarıdır. Bu sırada dəmir yolunun əhəmiyyəti danılmazdır

BAKI, 13 oktyabr — Sputnik. Qatara minib harasa getmək həvəsi bir çox insana sözün əsl mənasında ləzzət edir. Əgər Dəmiryol Vağzalında bilet alıb vaqonda öz yerini tutdunsa, deməli, artıq hər hansı bir məişət problemi, ya narahat edən duyğu əhəmiyyətini itirir. Müddəti dəqiq bilinən yolda doyunca yata, tanımadığın birisi ilə dərdini bölüşə bilərsən. Axı bu insanı çox yəqin bir daha görməyəcəksən. Vətəndə işdən başını qaşıya bilməyən birisi üçün bir neçə sutka yolda olmaq böyük xoşbəxtlikdir. Ye, iç, yat, qatarın yırğalanmasını dinlə. Bu yırğalanma çoxlarına gözəl bir musiqi ritmini xatırladır.

Rusiyada dəmir yollarına ölkənin “qan-damar sistemi” də deyirlər

Oktyabrın 13-də Azərbaycanın dəmiryolçuları peşə bayramını qeyd edirlər. Hər bir dövləti dövlət edən onun kommunikasiya imkanlarıdır. Bu sırada dəmir yolunun əhəmiyyəti danılmazdır. İstənilən dövlətin birliyi onun nəqliyyat infrastrukturunun nə dərəcədə inkişaf etməsinə bağlıdır. Tarixə nəzər salsaq, ABŞ-ın superdövlətə çevrilməsi onun ərazisində dəmir yollarının sürətli inşasına bağlıdır. Dəmir yolları ABŞ-ı birləşdirdi, onu monolit bir dövlətə çevirdi. Müxtəlif qanunlarla idarə olunan ştatlardan olan insanların rahatlıqla bir yerdən digər yerə səyahət etməsinə, yüklərin fasiləsiz və ucuz qiymətə daşınmasına şərait yaratdı.

ABŞ-da baş verən proses eyniliklə ucu-bucağı bilinməyən çar Rusiyasında da təkrarlandı. Hətta Rusiyada dəmiryol tikintisi bəlkə də daha intensiv aparılırdı. Axı mərkəzi Rusiyanı onun Uzaq Şərqi ilə birləşdirən heç bir infrastruktur yox idi. Hər hansı bir münaqişə zamanı hərbi avadanlığın, sursatın, ordu hissələrinin harasa çatdırılması mümkünsüz idi. Mərkəzi Asiya, Qafqaz, Uzaq Şərqi Mərkəzi Rusiya ilə birləşdirən dəmir yollarının inşası strateji bir məsələ və dayanmadan reallaşan bir proses idi. Rusiyada dəmir yollarına ölkənin “qan-damar sistemi” də deyirlər.

Abşeronda çıxarılan nefti karvan üsulu, çəllək və tuluqların vasitəsilə daşıyırdılar

Bu işlər Azərbaycandan da yan ötmədi. Neft sənayesinin getdikcə inkişaf etməsi, neftin daşınmasının məhz dəmir yolu ilə həyata keçirilməsi məsələsini qaçılmaz etdi. Dəmir yolunun olmadığı dövrdə Abşeronda çıxarılan nefti çox primitiv üsulla, karvan üsulu, çəllək və tuluqların vasitəsilə daşıyırdılar. Bir hissə neft Bakının emal zavodlarına, digər hissə isə Rusiyanın mərkəzi quberniyalarına aparılırdı. İstehsal artdıqca, dəmir yolunun tikintisi məsələsi aktuallaşdı.

Azərbaycanda dəmir yolunun əsası 1878-ci ildə qoyulub. Tikintiyə mühəndis Kruberts rəhbərlik edib. Balaxanı, Suraxanı zolağına düşən ərazilərin özgələşdirilməsini isə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin başçılıq etdiyi ictimai komissiya reallaşdırıb. Torpaq sahələri ümumilikdə 34 580 rubl qiymətləndirilib, tikinti isə 784 872 rubla başa gəlib. 1880-ci il yanvarın 20-də uzunluğu 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmiryolu xəttinin açılışı olub. Dünyada ilk dəfə olaraq neft sisternlərlə daşınmağa başlanır.

Dəmir yolunun böyüməsi, Azərbaycanın hər tərəfinə şaxələnməsi bundan sonra artan tendensiya ilə inkişaf edib. Hazırda ölkə üzrə baş yolların açılmış uzunluğu 2954,74 km, istismar uzunluğu 2133,07 km-dir ki, onlardan da 803,3 kilometri ikiyollu, 1329,72 km-i isə bir yolludur. Yolun ümumi istismar uzunluğunun 1169,17 kilometri və ya 54,82%-i elektrikləşdirilib, 964,9 kilometri, yəni 45,18%-i teplovoz dartısı ilə işləyir. 1527,7 kilometri avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilib.

Bakı neftinin yerinə çatdırılmasında dəmiryolçuların əvəzsiz xidməti var

Azərbaycan 151 ölkə arasında dəmir yollarının uzunluğuna görə 56-cı yerdə qərarlaşıb, Danimarka, Latviya, İrlandiya, Yunanıstan kimi ölkələri də qabaqlayır. Nə qədər təəccüblü olsa da, dünyada dəmir yolu olmayan, ya da demək olar olmayan onlarla ölkə var. Məsələn, Butan və Ruandada dəmir yolu yoxdur, Nikaraqua, Bruney, Əfqanıstanda, demək olar, yoxdur. Çünki Əfqanıstanın dəmir yolu 24, Nikaraquanın isə 4 km-dir. Bunu da dəmir yolu adlandırmaq çətindir. 

Əlbəttə, Əfqanıstan Çindən Avropaya hərəkət edən malların daşınmasında əhəmiyyətli partnyor ola bilərdi, dəmir yol infrastrukturu da inkişaf edərdi, sadəcə dayanmadan davam edən hərbi münaqişələr istənilən layihənin reallaşmasına əngəl törədir. Dəmir yollarının inşası, inkişaf etdirilməsi olduqca böyük investisiya tələb edən bir məsələdir. Hər dövlət bu işin öhdəsindən gələ bilmir.

II Dünya müharibəsi illərində Bakı neftinin vaxtı-vaxtında yerinə çatdırılmasında Azərbaycan dəmir yollarının və dəmiryolçuların əvəzsiz xidməti var. Aviasiya və tankların neftsiz döyüşməsi mümkünsüz idi. Amma bu nefti həm yerin dərinliyindən çıxarmaq, həm emal etmək, həm də dəmir yolu ilə döyüş meydanlarına çatdırmaq lazım idi. Qarşıya qoyulan məsələlər tam həllini tapdı. Dəmir yolu ilə nəinki tələb olunan qədər neft və neft məhsulları, həm də o dövrdə Bakıda tam gücü ilə istehsal olunan hərbi ləvazimat daşınırdı. Əks tərəfə də qatarlar boş gəlmirdi, Leninqradın dəhşətli blokadasında aclıq çəkən qadın və uşaqlar, yaralı hərbi qulluqçular da gətirilirdi. O dövrdə Bakıda on minlərlə insan müvəqqəti sığınacaq tapmışdı.

Ölkənin dəmir yol infrastrukturuna ən böyük zərbə isə Dağlıq Qarabağ münaqişəsi zamanı dəyib. Hərbi əməliyyatlar dövründə 240 km-dən çox dəmir yolu erməni işğalına məruz qalıb. Mehri-Kərçivan sahəsində qatarların hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası ölkədən təcrid edilərək blokadaya düşüb. 

Bakıda hamının sevdiyi elektrik qatarları şəhərətrafı kəndlərə xeyli insanı daşıyırdı

Adətən sovet dövründə qatarla hərəkət edən insanlar bu nəqliyyat vasitəsinin üstünlüklərindən ağızdolusu danışmağı sevirlər. O dövrdə qatarla rahat şəkildə Sovet İttifaqının istənilən nöqtəsinə səyahət etmək olurdu. Doğru-dəqiq qrafiklə çalışan dəmir yolu ilə hərəkət etmək insana zövq verirdi. Elə Bakıda hamının sevdiyi elektrik qatarları şəhərətrafı kəndlərə xeyli insanı daşıyırdı. Amma o dövrün də problemi az deyildi. Məsələn, sərnişini ən çox narahat edən məsələ bütün qatarlarda komfort şəraitin olmamağına bağlı idi. Ayaqyolunda istənilən təmizlik olmurdu. O dövrün qaydasına görə, qatardakı ayaqyoluları birbaşa yola açılırdı. Hərəkət zamanı ayaqyolu açıq olurdu, stansiyada bağlanırdı. Əl-üz yumaq da bir az problemə çevrilirdi. Bakı-Moskva reysi ilə hərəkət edən qatarda iki gün vaxt keçirən sərnişin artıq yolun sonuna doğru bir az yorulurdu.

SSRİ-nin dağıldığı, müstəqil dövlətlərin formalaşdığı dövrdə də dəmir yollarında xeyli çətinlik yaşanıb. Fərdlərin illərlə sıxılan, məhdudlaşdırılan biznes fəallığına geniş imkan yarandığından çoxlu insan Azərbaycandan Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna istiqamətində qazanc dalınca getdi. Xırda bizneslə məşğul olanların sayı birə on artdı. Dəmir yolu olduqca yüklənmişdi, qatara bilet tapmaq müşkülə çevrilmişdi. Qatarlar həm sərnişini, həm də onun yükünü daşımalı olurdu. Bəzən sıxlıq səbəbindən yük üçün nəzərdə tutulan yerləri də sərnişinlər “zəbt” edirdilər.

Hazırda vağzalın binası əsaslı təmir edilib

Müstəqilliyin ilk illərində Bakı vağzalının ərazisi böyük bir şərq bazarını xatırladırdı. Dağıstan və Şimali Qafqazın digər respublikalarından əlidolu gələn insanlar gətirdikləri malları elə buradaca satırdılar. Gürcüstandan da xeyli naringi, portağal, kartof, pendir gəlirdi. 

Azərbaycanın digər rayonlarından gələn məhsulların da alveri yaxşı gedirdi. Ucuz məişət malları, meyvə-tərəvəz, geyim, hətta ət məhsulları da elə ayaq altında satılırdı. Ərazidə hər gün tonlarla zibil yığılırdı. İlk dövrdə bu xaotik alverin qarşısını almaq olmurdu, amma tədricən hər şey dəyişdi.

Ətraf ərazilərdə xeyli təmir işləri aparıldı, hazırda vağzalın binası əsaslı təmir edilib. Doğrudur, bu məkanda yenə də intensiv alış-veriş gedir, çünki insan axını çoxdur, hərəyə də bir şey lazımdır. Sadəcə, proses ayaq altından yığışdırılıb dükanlara keçib. Ürəyin nə istəyirsə, tapa bilərsən, amma qayda-qanunla, buyur keç marketə, seçimini et, pulunu ödə, çekini al.

Qatara minib Avropanın istənilən məkanına çatmaq elə də fantastik görünmür

Qatarlar da dəyişib, yenilənib. Bakı-Sumqayıt-Bakı sürət qatarı ən müasir standartlara cavab verir. Biletini al, qatara min, 40 dəqiqəyə yerinə çatarsan. Nə tıxac var, nə də başqa çətinliyin. Sürətli elektrik qatarları insanlarda psixoloji bir rahatlıq yaradır. Dəqiq bilirsən: problem olmadan yerinə vaxtında çatacaqsan. Qatarla Rusiya, ya da Gürcüstana gedirsənsə, ayaqyolunda növbə xeyli azalıb. Artıq ayaqyolularının aşağısında xüsusi konteynerlər quraşdılır, bunları da ara-sıra stansiyalarda boşaldırlar. Qatarlar xeyli təmiz, gözəgəlimli olub. Bələdçilərin davranışında dəyişiklik duyulur, çünki qarşılarında yeni və müasir tələblər durur.

Qatarlarda internet də var. Amma daha da mükəmməl internetin olacağı gözlənilir. Çünki Azərbaycan Dəmir Yolları QSC-nin Azərtelekom-la birgə layihəsi reallaşmaqdadır. Yaxın iki ildə ölkənin bütün dəmir yolları boyunca sürətli, fiber-optik interneti quraşdırılacaq. 

Özü də hər bir sərnişin bu xidmətdən pulsuz yararlanacaq.

Bir sıra proseslər Azərbaycanın dünyaya çıxışını xeyli asanlaşdırıb. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu işə salınır, müasir qatarlarda Azərbaycandan birbaşa Türkiyəyə səyahət reallaşır. Qədim İpək Yolunun bərpası isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə daşınacaq yükün həcminin birə on artmasına şərait yaradıb. Üstəlik, Azərbaycan Astarasından İran Astarasına inşa edilən dəmir yol marşrutu İran ilə Rusiya dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.

Azərbaycanın dəmir yollarının mövcudluğu öz-özündə böyük nemətdir. Əhalisi və ərazisi böyük, imkanları bol olan bir çox ölkənin belə səviyyəli infrastrukturu yoxdur və ya çox zəifdir. Gələcəkdə bütün Avrasiya materikinin yüksək sürətli dəmir yolu magistralları vasitəsilə birləşəcəyi də qaçılmazdır. Bu məntiqlə burada qatara minib, tez zamanda Avropanın istənilən məkanına çatmaq elə də fantastik görünmür.

Bakıda yaşayıb, Romada işləyəcəyik.

1305