Qaş, arxiv şəkli

Bir nəfərin azadlığı, yaxud dəb mədəniyyətinin qaşalma problemi

153
(Yenilənib 20:37 31.08.2019)
Azad olun, insanlar! Başqasına zərəriniz, ziyanınız dəymədiyi müddətcə, ola bildiyiniz qədər azad olun

BAKI, 31 avqust — Sputnik. Xeyli müddətdir ki, qaşlarımla bağlı çəkdiyim video sürətlə paylaşılmaqdadır. Videoda da qeyd etdiyim kimi, bütün təhlillərə, məntiqi qənaətlərə, elmi, texnoloji və mədəni inkişafla bağlı fikirlərə cavab vermək üçün zehni və mənəvi gücü sadəcə təhqirə çatan insanlar elə təhqir etməkdə bəhsə durublar. Bu, məni təəccübləndirmədi. Məlum kütlədən başqa nə gözləyə bilərdim ki?

Ən dəhşətlisi isə odur ki, mənim məlum videoda səsləndirdiyim fikirləri “inkişafın yolu qaş almaqdan keçir” deyə anlayan insanlar var. Mən onları bir mənada bağışlayıram ki, sözdə vətən, millət sevdasında dəm vuran bu kütlə əmələ gəlincə, heç bir vətənin və millətin dilini də öyrənmir. Azərbaycan dilini o qədər bilmir ki, həm mənim videoda səsləndirdiyim fikirlərin mahiyyətini anlamır, həm də bu fikirlərə cavab verəcək söz ehtiyatı, cümlə qurmaq bacarığı, düşüncəni ifadə etmək qabiliyyətindən məhrumdur.

Məqsədim qaşlarımdan danışmaq deyil. Məqsədim başqadır.

Bir dəfə Türkiyədə bərbərə getdim. Lövhədə saç, saqqal təraşı və fenləmə ilə yanaşı, qaş və üz maskası xidmətləri də göstərilirdi. Bir anlıq Azərbaycandakı kişi salonlarında belə bir lövhənin asıldığını təsəvvür etdim. Kişiliyi mənəvi kateqoriya hesab edən və qaş alınmasını, üzə maska qoyulmasını, qırışların, səpkilərin estetik üsulla aradan qaldırılmasını bu mənəvi kateqoriyaya, kişiliyin əxlaqi prinsiplərinə zidd əməl kimi görən tipik azərbaycanlıların üsyanı o məkanı yerlə bir edərdi.

Məsələ qaşda da deyil. Ümumiyyətlə, dəblə geyinmək, zinət əşyalarından istifadə etmək, üzü və bədəni pirsinqlərlə bəzəmək, sırğa taxmaq, qaş almaq, saç uzatmaq kimi qorxuları olan kütlədə yaşayırıq. Bu yasaqları hər bir fərd ayrılıqda öz həyatına tətbiq edə bilər. Bu, onların şəxsi qərarlarıdır. Heç kim də “inkişaf etmək üçün qaşınızı alın” demir. Deyə də bilməz. Lakin öz şəxsi qərarlarını kütlənin ümumi qadağa etiketi səviyyəsinə qaldırmaq, başqalarının arzu və istəklərini, maraqlarını, zövqlərini mühakimə etmək ədəbsizlik deyilmi?

Avqust Strindberqin “Ata” əsərində ailənin övladı bəlli çərçivə içində böyütmək, onda öz arzularını reallaşdırmaq, onu özünün ideal fiquru kimi yetişdirmək arzusu təsvir olunub. Əsərdə ana öz qızının rəssam olmasını, dayə metodist olmasını, nənə isə babtist olmasını istəyir. Hər kəs bu uşağa öz istədiyi geyimi geyindirir, öz istədiyi yeməyi yedirir. 

Balaca dəb sevərlər podiumları fəth ediblər
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov
Hərə onu öz zövqünə uyğun, öz maraqlarına uyğun işlərə sövq edir. Qızının şəxsi azadlığının məhv olduğunu anlayan ata onu bu ailədən xilas etməyə çalışır. Lakin atanın üsyanını görən ailə azad bir fərdin formalaşması fikrindən o qədər qorxur ki, atanı ruhi xəstə adlandırır, hətta yaşlı dayə ataya ruhi xəstə paltarını geyindirir. Günahı övladının azad böyümək arzusu olan ata həqiqətən də ağlını itirir və ölür.

19-cu əsrdə İsveçdə yazılmış bu əsər bugünkü Azərbaycan toplumu üçün hələ də aktualdır. Müasir Azərbaycan ailələrində valideynlər ötən əsrin düşüncə sandıqlarından çıxardıqları paslanmış, kif atmış fikirləri övladlarına zor-bəla ilə sırıyırlar. Nəticədə kiminsə qaş almasını cəmiyyətin ümumi əxlaqi prinsiplərinə zidd hesab edən mühafizəkarlar yetişir. Nəhayət, proses fikir mübarizəsinə, azadlıq müharibəsinə, siniflərarası münaqişəyə, nəsillərarası ixtilafa qədər böyüyür.

20-ci əsrin əvvəlləri fransız cəmiyyətində Koko Şanel saçlarını kəsdiyi və şalvar geyindiyi üçün əxlaqsız hesab olunurdu. Bu gün isə Şanelin kolleksiyası dünya brendidir. Yəqin ki, öz keçmişinə boylanan fransız cəmiyyəti vaxtı ilə nə qədər avara, sərsəm işlərlə məşğul olduğunu anlayır və xəcalət çəkir. Bunu anlamasaydı və xəcalət çəkməsəydi, bu günün Fransası dünyanın mədəniyyət çeşməsi olmazdı.

Dəb və stil mədəniyyətin elə bir sahəsidir ki, bəşərin hər bir fərdinə xitab edir. Buna saç düzümündən, qaş formasından tutmuş, zinət əşyalarına qədər irili-xırdalı bütün geyim və bəzək aksesuarları daxildir. Digər mədəni sahələr kimi dəb və stil anlayışında da milli, irqi və cinsi ayrı-seçkiliyə yer yoxdur.

Nəhayət, bu ölkədə çap olunan kitablar 20 günə heç olmazsa 70 min tirajla satılsaydı, elmi və bədii ədəbiyyata maraq və sevgi bu mühitdə heç olmazsa 70 min nəfəri əhatə etsəydi, teatr tamaşalarına 20 gündə 70 min bilet alınsaydı, ciddi sənət nümunələri, sənədli filmlər, elmi materiallar və zehnin, mənəviyyatın inkişafına təkan verən digər elmi-mədəni vasitələr 70 min nəfər tərəfindən oxunsa, izlənilsəydi, indi bu qədər barbar bir mühitin mənsubları olmazdıq! Amma mənim qaşlarımı aldığım video bütün paylaşımlarında toplamda 70 mindən artıq baxıldı. Hətta, mən bütün mənəvi dəyərlərə xəyanətkar, vətənə satqın oldum! Niyə? Çünki qaşlarımı alıram...! Gülürsünüz? Vallah, ciddiyəm. Rəylərdə belə yazırdılar.

Azad olun, insanlar! Başqasına zərəriniz, ziyanınız dəymədiyi müddətcə, ola bildiyiniz qədər azad olun. Gəlmiş-keçmiş heç bir dahi həyatda azadlıqdan daha müqəddəs olan başqa bir anlayışdan bəhs etməyib.

153
İnsan siluetləri, arxiv şəkli

“Qınını” bəyənməməkdə ittiham edilən məşhurlar: onların zamanı daha bahalıdır

86
(Yenilənib 22:55 30.05.2020)
Sosial statusu yüksələn insan artıq hər bir işində zamanın əhəmiyyətini anlayır. Dünən o, bir işi çox cüzi bir məbləğə görməyə razı olan şəxs idisə, bu gün yüzlərlə insanın gözü ondadır.

“Filankəs məşhur oldu, indi heç kimi tanımır”, “vəzifəyə keçəndən sonra bu adamı tanımaq olmur, telefonu həmişə qapalıdır” kimi ifadələrə günümüzdə tez-tez rast gəlirik.

Tısbağa qınından çıxdı, qınını bəyənmədi?

İnsanın statusu dəyişdisə, yeni çevrəsi yarandısa, əvvəlki həyatından əsər-əlamət qalmır adətən. Dünən hamıya açıq olan birisi bir növ gizlənməyə, köhnə tanışlarından uzaq durmağa çalışır. Belə bir davranış hətta ən mehriban dostların, yaxın qohumların da arasına nifaq salır. Nə əvvəlki münasibəti bərpa, nə də yaranan uçurumu dəf etmək olur.

Çox nadir halda nə vaxtsa yaxın olan insanlar əlaqəni itirmirlər, ara-sıra bir-birindən hal-əhval tuturlar. Niyə sosial statusu dəyişən bir insan köhnə çevrəsi üçün yadlaşır, dünənki əlaqələrini heç bir təəssüf hissi keçirmədən qırır? Niyə vəzifə adamı çox vaxt qınaq obyektinə çevrilir? Köhnə dostları bunu çox zaman təkəbbürlə əlaqələndirirlər. “Tısbağa qınından çıxdı, qınını bəyənmədi” deyə dünən canbir olduqları insanı günahlandırırlar.

Sosial statusu yüksələn insan hər işində zamanın əhəmiyyətini anlayır

Əslində, sosial statusu yüksələn insanın davranışının da dəyişməsi tam normaldır. Dünənki davranış modeli bu gün işə yaramır. Səbəb zamana münasibətin dəyişməsi ilə əlaqəlidir. Yəni, dünən özündə elə də ciddi məsuliyyət, hər hansı bir yük duymayan insan sabah vəzifə başında müxtəlif cür problemin öhdəsindən gəlməlidir. Adi əməkdaşla məsul şəxsin nə məsuliyyəti, nə də zamanı eyni qiymətləndirilə bilməz. Böyük bir təşkilatın yükünü çəkən insanın artıq nə azad zamanı var, nə də əvvəlki kimi öz ömrünü kiçik problemlərin həllinə sərf etmək imkanı.

Sosial statusu yüksələn insan artıq hər bir işində zamanın əhəmiyyətini anlayır. Dünən o, bir işi çox cüzi bir məbləğə görməyə razı olan şəxs idisə, bu gün yüzlərlə insanın gözü ondadır, onun həm gəliri artıb, həm məsuliyyəti. Boş vaxtı da yoxdur. Bir var adi insansan, gündə sosial şəbəkədən sənə 10-15 mesaj gəlir, bir də var yüksək statusu olan bir məşhura çevrilmisən. Belə adama hər gün yüzlərlə müraciət ola bilər. Hərə bir şey umacaq. Bir çox populyar insan hətta məcbur olub sosial şəbəkə profilləri üçün əlavə bir əməkdaş da cəlb edir. Köhnə telefon nömrəsinə də dayanmadan zəng gəlir, məcbur olub yenisinə keçməlidir.

Populyar insan istəsə də, istəməsə də başqa cür yaşamağa məcburdur

Məsələn, məşhur müğənninin qrafiki çox sıxdır. Konsert proqramları, yeni mahnıların və geyimin sifarişi, mətbuata verilən müsahibələr xeyli zaman tələb edir. Köhnə dost-tanışla təmas qurmağa da imkan yoxdur. Bir vaxt çox mehriban olan insanlar uzun illər sonrası görüşdükdə belə danışmağa söz tapmırlar, maraqlar dəyişib, hərənin öz işi var, zaman çox qiymətli olub, onu kimə gəldi sərf etmək də olmur. Piramidanın zirvəsinə yüksəldikcə, zamanı mənasız işlərə, maraqsız insanlara sərf etmək həvəsi azalır.

Elm, sənət dalınca gedən, uğur qazanan insanların lazımsız ünsiyyətə zaman sərf etmək imkanı da heç olmur. Məsələn, muğam sənətini mənimsəmək üçün bir ömür bəzən bəs eləmir, hər bir kişi xanəndə səhnədə Məcnunu, Şah İsmayılı ifa etməyi, sənətini bütün dünyada tanıtdırmağı arzulayır.

Məgər onun boş-boş işlərə zaman sərf etməyə imkanı varmı? Əlbəttə, yox. Məqsədə çatmaq üçün xanəndə hər gün məşq etməli, çalışmalıdır.

Zamana münasibəti maraqlı bir Hollivud filmində müşahidə edirik. Təyyarə qəzasında həlak olmuş insanların ailələrinə kompensasiya verilməsi zamanı sığorta şirkəti hər insanın həyatını müxtəlif cür qiymətləndirməyə məcbur olur. Əgər sən adi fəhləsənsə, onda yaxın on ildə qazana biləcəyi məbləği hesablayıb ailəsinə təklif edirlər. Varlı bir iş adamının isə həyatı daha çox qiymətləndirilir. Onun ailəsini eyni təkliflə razı salmaq olmur. Bu pulları o bir aya qazanırmış. Bir qədər qəddar görünsə də, sığorta şirkəti həyatın reallığını nəzərə almalıdır.

Populyar insan istəsə də, istəməsə də başqa cür yaşamağa məcburdur. Onun həm məsuliyyəti artıb, həm də zamana münasibəti dəyişməlidir. Ətrafdakı insanların acı atmacalarına isə daha dözümlü olmalısan, çünki hərənin bir umacağı var. Hamıya da xoş olmaq çətindir. Bir qədər təmkinli davranmaqla hər bir çətinliyin öhdəsindən gəlmək mümkün olacaq.

86
Cütlük, arxiv şəkli

Boşanma: Dərd ağır, çevrə pis...

242
(Yenilənib 09:01 29.05.2020)
Əgər cütlüyün övladları varsa, hamı sözləşibmiş kimi eyni sualı verir: Bəs övladlar necə olacaq? İnsafınız olsun, sanki bu məsələ boşananlar üçün çox bəsit bir problemdir.

Boşanma çətin prosesdir. Xüsusilə bizim kimi mühafizəkar, mental dəyərlərlə yaşayan, adət-ənənə əsiri cəmiyyətlərdə bu çox əzablı, zülmlü məsələdir. Xüsusilə boşanmağa qərar vermiş cütlüyün övladı(övladları) varsa...

Həmişə düşünmüşəm ki, evliliyi davam etdirmək hər iki tərəfi də yorursa, bezdirirsə və işgəncəyə çevrilirsə, boşanmaq ən düzgün, ən sadə yoldur. İllərlə əzab çəkmək, övladlara da bu mənfi enerjini ötürüb doğmaları bezdirməkdənsə, alınmayan ailə həyatına mənasızcasına davam etməkdənsə, münasibətləri aydınlaşdırıb sayğı, ehtiram çərçivəsində ayrılmaq ən gözəl çıxış yoludur. Təəssüf ki, bizdə bu nümunə çox azdır. Tərəflər ağlasığmaz ittihamlarla ayrılır, biri digərinin həyatını cəhənnəmə çevirməyə sanki and içir.

Boşanmış qadınların klişe bəhanələri aşağı-yuxarı eynidir: "İçirdi, çəkirdi, gəzirdi, ailəyə baxmırdı və s." Kişi tərəfinin bəhanələri isə bəzən daha əclafcasına olur: "xəyanət edirdi, başqasıyla danışırdı, başqasıyla görüşürdü." Boşanmış insanlar nadir hallarda "Birlikdə yaşaya bilmədiyimiz üçün ayrıldıq", - deməyi bacarır. Çox vaxt qarşılıqlı ittihamlar havada uçuşur.

Bu ittihamlardan sonra boşanmış tərəflərin həyatı əsl cəhənnəmə çevrilir, əzabı ikiqat artır. Sayğı və ehtiram çərçivəsində ayrılmaq, boşanmaq bizim cəmiyyətdə nadir rast gəlinən fenomendir.

Boşanma faktı hər iki tərəf üçün olduqca ağır, mənəvi ağrısı olan prosesdir. Cəmiyyət boşananlara birmənalı yanaşmır, boşanmışları günahkar bəzən isə əxlaqsız kimi ittiham edir. Çox vaxt hər iki tərəfin də yenidən ailə qurması, həyatını nizama salması müşkülə çevrilir. Qohum-qardaş, dost-tanış, doğmalar və yaxınlar bu məqamda daha həssas, daha anlayışlı davranmaq əvəzinə, tərəflərin yarasına duz basmağa üstünlük verir. Boşanmışlar yüngül həyat tərzi keçirən, məsuliyyətsiz, əxlaqsız, mənəviyyatsız insanlar kimi qiymətləndirilir. Yəni cəmiyyət boşanmış insanları yararsız varlıqlar kimi çıxdaş etməyə, kənara atmağa çalışır.

...Əgər cütlüyün övladları varsa, hamı sözləşibmiş kimi eyni sualı verir: Bəs övladlar necə olacaq? İnsafınız olsun, sanki bu məsələ boşananlar üçün çox sadə, çox bəsit bir problemdir. Övladları olduğu üçün boşana bilməyən yüzlərlə bədbəxt cütlük var. Halbuki, o övladların gələcəyi, xoşbəxtliyi üçün ayrı yaşamaq, boşanmaq bəlkə də ən yaxşı çıxış yoludur.

Hələ vasitəçilik edib barışdırmağa çalışanlar, hər dəfə rastlaşanda çiyninə vurub təskinlik verənlər peyda olur. Dəfələrlə niyə boşandığını soruşub, qarşı tərəfi asıb-kəsənlər, tərəflər arasında söz aparıb gətirənlər isə başqa aləmdir. Halbuki, insanlar bu cür davranışların tərbiyəsizlik olduğunu anlamalıdır.

Əgər boşanmış cütlüyün övladı və ya övladları varsa, hər iki tərəfin bir-birinin qarşısında ömürlük məsuliyyəti olmalıdır. Yəni, övlad düşmənçilik subyekti, incitmək və ya bezdirmək üçün təsir vasitəsi olmamalıdır. Cəmiyyətimiz bunu da həll edə bilməyib. Saxta canyananlıqlar, qayğıkeşliklər bəzən çox bezdirici və incidici olur. Təəssüf ki, insanlarımız bunu başa düşmək istəmir.

Növbəti mərhələ boşananları yenidən evləndirmək üçün meydana çıxan qohum-qardaş və dost-tanışların təzyiqləridir. Boşanma kimi ağır mənəvi zərbəni atlatmamış evlilik müzakirələri başlayır. Və cəmiyyətimiz bu məsələlərdə də klişelərlə hərəkət edir. Boşanmış qadına boşanmış kişi, boşanmış kişiyə də adətən boşanmış qadın axtarışları başlayır. Boşanmısansa sənin seçim haqqın yoxdur. Kimi tapsalar onunla evlənməlisən. Halbuki, bu cür davranış gələcəkdə daha bir bədbəxt ailənin qurulması üçün zəmin yaradır. Cəmiyyət anlamır ki, boşanmış insanların da seçim hüququ var və buna hörmət etmək hər kəsin borcudur.

...Boşanmış qadınlara cəmiyyət daha qəddar davranır. Boşanmış qadının bu cəmiyyətdə istədiyi həyatı qurması böyük əziyyət və səy tələb edir. Bu baxımdan kişilər daha şanslı olsalar da, klişelər burada da həyatımıza burnunu soxmaqdan vaz keçmir.

"Yaxşı kişi(qadın) olsa, boşanmazdı." - Boşanmış şəxslər barədə deyilən ən yüngül fikir budur. Bəli, cəmiyyət ilk addımda büdrəyən, həyatı alınmayan insanları linç etməyi sevir. Hansı yaşda olmasından asılı olmayaraq boşanmaq bir ləkə kimi tərəflərin alnında qalır. İstisnalar əlbəttə var. Sosial vəziyyət, cəmiyyətdə tutduğun mövqe bəlkə də gələcək həyatını qurmaq üçün az-çox kömək ola bilər. Amma ümumi vəziyyət o qədər də ürəkaçan deyil...

Nə etməli?

Məncə boşanmış insanları ailə, cəmiyyət, qohumlar, dostlar rahat buraxmalıdır. Boşanmaq faciə deyil. Boşanmış insanı qınamaq, ona acımaq, yol göstərmək, həyatına burun soxmaq yanlışdır. Boşanmış insanların da həyatını yenidən qurmaq və öz həyatıyla bağlı söz sahibi olmaq haqqı var. Boşanmış insanları səhv iş görmüş, cinayət işləmiş, günaha batmış insanlar kimi damğalamaq böyük səhvdir. Sadəcə imkan verməliyik ki, insanlar öz həyatlarını müstəqil qərarlarına uyğun yaşasın. Cəmiyyət olaraq basqılardan, dedi-qodudan uzaq olmaq, boşanmış insanlara edə biləcyimiz ən böyük yaxşılıqdır.

242
Bakı məktəblərin birində, arxiv şəkli

Bu il Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlandı

0
(Yenilənib 15:25 03.06.2020)
Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 90 faizinə yaxındır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

BAKI, 3 iyun — Sputnik. "2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 30888, XI siniflərini isə 19736 nəfərin bitirməsi nəzərdə tutulur".

Sputnik Azərbaycan-a İdarədən verilən məlumatına görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. İyunun 2-si saat 19:00-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 43408 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az ) vasitəsilə müraciət edilib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 90 faizinə yaxındır.

0