Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva

Sözün bitdiyi yer - "İmtiyazlı yetim yazarlar kateqoriyası formalaşdırıblar"

2310
(Yenilənib 22:20 24.08.2019)
Biz elə bir coğrafiyada elə bir tale yaşayırıq ki, bizim səsimiz dünyaya bir az gec və zəif tonda çatır...

BAKI, 24 avqust — Sputnik. Sputnik Azərbaycan-ın qonağı filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevadır.

- İradə xanım, sizinlə ölkəmizin ədəbi mühiti və ədəbiyyat problemləri barədə danışacağıq. İlk sualımıza bununla başlayaq ki, müasir Azərbaycan ədəbiyyatının hansı problemləri var? Niyə müasir Azərbaycan ədəbiyyatı dünya səhnəsində yer almır və "Nobel"i yoxdur?

- Təşəkkür edirəm belə çox eşidilən, amma hələ də cavabı tapılmayan sualı verdiyiniz üçün... Bu gün Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslığının, elmi-ədəbi, mədəni mühitinin mənzərəsi düşünən bir oxucu üçün məqbul deyil. Yəni 1000-ci dəfə təkrarlamaq məcburiyyətində qalırıq ki, yaxşı ədəbiyyat nümunələri yaratmaq üçün təkcə yaxşı yazar, bədii mətn müəllifinin olması azdır. Biz elə bir coğrafiyada elə bir tale yaşayırıq ki, bizim səsimiz dünyaya bir az gec və zəif tonda çatır... Bu ədəbiyyatın “şünası”, tərcüməçisi, təbliğatçısı da olmalıdır. Yaxşını pislərdən ayırıb ona qiymət verən və dünyaya çıxara bilən başqa kateqoriyalı sənət adamları da olmalıdır.

Əgər bizdə yaxşı ədəbiyyat yaradanlar sinfi, təbəqəsi, qrupu hələ yaranmayıbsa, deməli, yenə də günahın böyük hissəsi o tərəflərin (ədəbiyyatşünasın, tərcüməçinin, ədəbi mətbuat liderlərinin, elmi-ədəbi qurum rəhbərlərinin və s.) üzərinə düşür. Çünki əsl ədəbiyyat nümunələrini elmi-nəzəri baxımdan təbliğ və təqdim etmək, bununla bağlı mühazirələr, polemikalar, gərəkli və uğurlu tərcümələr etmək lazımdır. Bizdə ədəbi mühit, belə demək mümkünsə, sovet dövrünün repressiya illərində olduğu vəziyyətdən də aşağı səviyyədədir. Dünya ədəbi mühitindən təcrid olunmuşuq. Bunun bir çox səbəbləri var.

Ədəbiyyat ədəbi məmurların inhisarındadır və o ədəbi məmurlar bizim bildiyimiz mənadakı ədəbiyyatın deyil, özlərinin “şünaslarını” yetişdiriblər. Saxta ədəbi bütlər və onların kölgəsində baş girləyən adamlar, sizcə, dünyaya çıxa və ya Nobel mükafatı ala bilərlər?

Taksi sürücüləri ilə söhbətlər, uşaqlıq yerlərinə gəzinti - “Köhnə” bakılı Bakı haqqında>>

Dövlətin elm və ədəbiyyat sahəsinə ayırdığı pullar çox zaman cinayətkarcasına xərclənir və bunu görüb faktları ortaya çıxaran adamlara əhəmiyyət verilmir. Cəzasızlıq və laqeydlik o həddə çatıb ki, nahaqq əməllər sahibi mükafat və titullar qazanır, haqqı deyən adam isə təklənir və əleyhinə yazılar yazdırılır. Konkret misal deyim, keçən il A.Soljenitsınla bağlı və digər xarici müəlliflərin tərcüməsi, tərcüməçiləri barədə böyük yazılar yazdım. Konkret misallarla. 800-900 səhifəlik, çoxtirajlı kitablar biabırcasına tərcümə olunub çap edilir, yayımlanır. Bu, ədəbiyyat, yoxsa anti-ədəbiyyat fəaliyyəti hesab edilir? Və bu cür davranış, saymazlıq, qorxusuzluq adi hal alıb. Dəfələrlə çap olunub ləğv edilən, ortadan yığışdırılan lüğətlər və yüzlərlə belə misallar var ki, hamısı səbəbdir...

Azad ədəbi mətbuat yoxdur. Ədəbiyyat ədəbi məmurların şəxsi qəzeti, şəxsi zövqü ilə çap olunur. Elə bir ədəbi mətbuat adı çəkin ki, orada bircə titullu yazıçıya, xalq şairi və ya nasirinə qarşı, daha doğrusu, onların kitablarına qarşı tənqidi fikir işlədilmiş olsun. Əsla tapa bilməzsiniz! Mənim saytlardakı yazılarıma həmin qəzetlərdə cavablar verilir, amma mənim fikirlərimi orada çap etməyə qorxurlar. Axı bu sadəcə ədəbiyyatla bağlı polemikadır, bundan bu qədər qorxmaq nəyə görədir?

Elmi-ədəbi qurumlarda sistemsizlik, xaos və pərakəndəlik var, özfəaliyyət xarakterli proseslər gedir. Konsepsiya və nəticə yoxdur. Onların yekun hesabatlarını dinləyəndə bu boşluq aydınca görünür.

Dövlətin sırf ədəbiyyata, ədəbi inkişafa  və elmi-ədəbi qurumlara ayırdığı pullar təyinatı üzrə xərclənmir. Məsələn, niyə ədəbiyyatşünaslıqla bağlı kitab yazan müəlliflər ali məktəblərdə istifadə olunacaq o kitabları öz pulları hesabına çap etdirməlidirlər? Halbuki elə kitablar var ki, onu dövlət  məhz elə həmin qurumlara ayırdığı pullar hesabına çap etdirməli və yayımlamalıdır. Təsəvvür edin, mən aylarla dərslik və ya dərs vəsaiti yazıb ailəmin büdcəsi hesabına çap etdirib havayı kitabxanalara, universitetlərə paylayıram. Niyə? O qurumlar isə zay kitablar çap edir və sonra da hesabat vermədən ortadan yığışdırır...

Ədəbi mühitimizdə qruplaşmalar var, ədəbi məktəb və ədəbi cərəyan yarada biləcək ideya həmrəyləri ittifaqı yox. Dəstə başçıları və ədəbi xidmətçilər... Biz isə bu cür cılız davranışlara son qoymadan  dünya ədəbi mühitində görünmək iddiasındayıq.

Dünyanın harasına isə kitab göndərmək lazım olsa, həmin ədəbi məmurların kitabı göndərilir. Düzdür, son zamanlarda bir-iki cavan müəllifin bir-iki hekayəsinin sərhədi keçməsinə göz yumdular və onları da çaşdırdılar, amma dünyada ədəbiyyatımızın necə, hansı yolla və hansı nümunələrlə tanınması strategiyası yoxdur. Bunu deyən kimi başlayacaqlar tozlu qovluqları üfürməyə və hasabat oxumağa. Filan beynəlxalq konfrans, filan medal... Lakin formallıqdan uzaq analizlər başqa söz deyir...

Qonorarsızlıq... Sanki məqsədli şəkildə adamların halal haqqını, aylarla kitabxanalarda, arxivlərdə çalışdığı günlərin nəticəsi olan məqalələri hörmətsiz edir, müəllifləri həvəsdən salırlar. Yaxşı alim 2-3 iş yerinə qaçıb çörəkpulu hayında olarsa, onun da sonu tənəzzüldür. Nəticədə bütün tənəzzüllər toplanıb bizim bugünkü ədəbi, elmi durumumuzun portretini yaradır. Səbəb çoxdur, əslində...

- Bəs bu problemlərin həlli üçün bir filoloq kimi hansı  üsulları təklif edirsiniz?

- Heç nə, ədəbi məmurların təqaüdə çıxmasını gözləyirdim, o da alınmır. 75-85-90 yaşdan sonra nə olacaq - onu gözləyək. Ya da aidiyyati yuxarı təşkilatlar ciddi düşünməlidir...

- Gənc yazıçı və şairlərdən kimləri oxuyursunuz? Müasir üslub, məzmun və fikirlər sizi qane edirmi?

- Gənc şair kimi kəşfim, məsələn, Orxan Bahadırsoy olub son zamanlarda. Nasirləri də oxuyuram və imkan olanda kitabları haqqında yazıram. Söhbət lap cavanlardan və tərifdən getmir, təhlildən, tənqidi baxışdan gedir. Qurban Yaquboğlu, Pərviz Cəbrayıl, Orxan Fikrətoğlu, Şərif Ağayar, Fəxri Uğurlu, Ömər Xəyyam, Narqis, İkinci Mahmud, Sevinc Elsevər, Aqşin Yenisey, Əsəd Qaraqaplan,  Sərdar Amin və başqaları haqqında yazılarım var.

- Dil məsələsinə tez-tez toxunursunuz. Dilimizin ədəbiyyat, bədii yaradıcılıq üçün uğurlu olduğunu hesab edirsinizmi? Dilimizin ədəbiyyat üçün hansı çatışmazlıqları var və onları necə aradan qaldırmaq olar?

- Bilirsiniz, biz nədənsə elə bilirik ki, dil sırf bizim elmi-mədəni və ədəbi inkişafımızda xüsusi xidməti olan kateqoriyadır. Yəni dilə qəribə baxışımız var. Dil guya bizi və ədəbiyyatımızı inkişaf etdirməlidir və bəzən də deyinirik ki, dilimiz dünya dilləri ilə müqayisədə kasıbdır, işimizə yaramır və s. Bəs biz dilimiz üçün nə etmişik? Dili kim qoruyur və inkişaf etdirir? Ancaq onu korlamaqla məşğuluq. Mətbuat, televiziya, reklamlar və s. vasitələrlə dilə ağır zərbələr vurub onu eybəcərləşdiririk və sonra da deyirik ki, belə pozulmuş dillə sənət əsəri yaratmaq olmaz. Halbuki ədəbiyyatın, musiqinin, teatrın özü  gözəl milli dil yaratmaq vasitələridir. Biz isə dil istifadəçilərini yox, dili günahlandırırıq. Dilimiz milli, bəşəri, klassik və modern düşüncə hüdudsuzluğunda böyük inkişaf yolu keçə bilər, amma biz onu kiçik dairəyə salıb danlamaqla məşğuluq...

- Məlum olduğu kimi, Azərbaycanda məmur ədəbiyyatı mövcuddur. Siz də bu məsələyə tez-tez toxunursunuz. Böyük qisim ədəbi tənqid də məmur ədəbiyyatına mədhiyyələr yazmaqla məşğul olur. Bu barədə nə deyə bilərsiniz? Ədəbi tənqidi məmur mədhiyyələrindən necə xilas etmək olar?

- Bu barədə bəzi məsələlərə toxundum bayaq. Bircə misal deyim. Teatr səhnəsini onlar zəbt edib on illərdir, kitabları dünyanın 30-40 dilinə tərcümə olunub, ədəbiyyat adına çap olunan qəzetlər növbə ilə onlara həsr olunmuş “baş məqalə”lər yayımlayır və s. Və bütün bu cılızlıqlar adamı bezdirir. İmtiyazlı və yetim yazarlar kateqoriyası formalaşdırıblar...

- Ölkədəki ədəbi qurumlar – Yazıçılar Birliyi, Elmlər Akademiyasının filologiya ilə əlaqəli bölmələri, Universitetlərin yaradıcılıqla bağlı fakültələri və digər ədəbiyyatla səlahiyyətləndirilmiş dövlət orqanlarının iş prinsipləri sizi qane edirmi? Onların fəaliyyətində hansı çatışmazlıqlar mövcuddur?

- Adlarını çəkdiyiniz təşkilatların bu sahə ilə bağlı fəaliyyəti 90 faiz hallarda əsla qaneedici deyil. Qalan 10 faizli istisna ilə yenə də dünyaya çıxa bilmərik. Ümumi, respublika miqyaslı layihələr, inkişaf tezisləri, proqramlar olmalıdır və bu böyük, fundamental islahatlar konsepsiyasında əsl ziyalılar və əsl azərbaycanlılar aparıcı şəxs rolunda fəaliyyət göstərməlidir. Yoxsa özünün və ətrafının “qayğısına” qalan rəhbər ədəbi məmurlar ədəbiyyata gün ağlamayacaqlar.

- Son olaraq ədəbiyyat adamlarına və ədəbiyyat oxucularına demək istədiyiniz sözlər varmı?

- Adətən, sosial şəbəkədə, Facebook-da statuslarla sözümü deyirəm. Amma o adamlara ki, onlar onsuz da bunları anlayırlar. Anlamayanlara əlim çatmır. Xəbərçilər sağ olsunlar, çatdırarlar, yəqin. Yəni sözüm yoxdur...

2310
Teqlər:
Azərbaycan ədəbiyyatı, tənqid, müəllif, yazar, ədəbiyyat, yazıçı
Əlaqədar
Rəsulzadənin avropalılar üçün yazdığı kitab dilimizə tərcümə edilib
Azərbaycan dolmasından bəhs edən kitab Almaniyada
Kitab yarmarkalarına oxucu marağı nə qədərdir - Şahbaz Xuduoğlu danışır
Xalq yazıçısı: “Bizim ölkədə görkəmli yazıçıların kitabları ən azı 5000 nüsxə çıxmalıdır”
Əllərində smartfonlar olan gənclər, arxiv şəkli

Alternativ kanallar: daha çox imkanın olması hava-su kimi əhəmiyyətlidir

51
(Yenilənib 18:15 19.10.2020)
Texnologiya nə qədər inkişaf etsə də, həyatda həmişə alternativ olmalıdır. Deyək, əgər dünyada hər bir məsələ internetə bağlanıbsa, bu halda istənilən bir ciddi internet problemi müasir sivilizasiyanın süqutuna apara bilər.

Amerikanın məşhur fantast yazıçısı Rey Bredberinin bir hekayəsində bir-biri ilə çarpışan iki ölkənin texnoloji qarşıdurması əks olunub. Uzun sürən müharibədə hər gün bir yeni silah icad olunsa da, qarşı tərəf tezliklə daha yenisini yaradırmış. Beləliklə, çarpışma heç vaxt bitmirmiş. Hər yeni texnologiya başqa birisinin ərsəyə gəlməsinə səbəb olurmuş. Beləliklə, bütün köhnə biliklər də unudulurmuş.

Həyatda həmişə alternativlər olmalıdır

Günlərin bir günü bir şəxs köhnə dədə-baba qaydasına qayıtmağa qərar verir. Adi kağızda klassik metodla hesablama aparır. Onun bu yanaşması yaşadığı ölkənin rəhbərliyində bir şok yaradır, çünki artıq heç kim hesablamanı kalkulyatorsuz apara bilmirmiş. Yəni bütün inkişaf mərhələsini keçəndən sonra insanlar yenidən sadə bir qaydaya üz tutmalı olurlar, çünki irəli getməyə yer qalmır.

Rey Bredberinin hekayəsi, əslində, daha ciddi problemi ortaya qoyub. Texnologiya nə qədər inkişaf etsə də, həyatda həmişə alternativ olmalıdır. Deyək, əgər dünyada hər bir məsələ internetə bağlanıbsa, bu halda istənilən bir ciddi internet problemi müasir sivilizasiyanın süqutuna apara bilər. İnternetə alternativ hər hansı informasiya kanalı varmı? Bəli, hələ var.

Ənənəvi şəhər telefonları informasiya ötürülməsində yararlı bir vasitədir

Məsələn, radio və televiziya siqnalları hələ də köhnə qayda ilə ötürülür. İnternet olmadan belə ölkənin istənilən yerində radionu dinləmək və ən azı yerli kanallara pulsuz baxmaq olur. Bəzi aparatların köməyi ilə pul ödəyib internetsiz, peyk vasitəsilə gələn televiziya siqnallarının köməyi də kanallara baxmaq, məlumat almaq olur.

Köhnə ənənəvi şəhər telefonları informasiya ötürülməsində yararlı bir vasitədir. İşıq da sönsə, internet də qırılsa, ona heç bir təsiri olmur. İşlədiyi kimi işləyir, əgər qarşı tərəfdə də belə bir telefon varsa, rahatlıqla pul ödəmədən danışmaq olur.

Texnologiya nə qədər inkişaf etsə də, nədənsə hələ də “köhnə”, bəlkə də yararsız kimi görünən bir çox vasitə hələ də praktik xeyir gətirməkdədir. “İnternetdə hər şey var, nəyisə yaddaş kartında saxlamaq nəyə lazım” deyənlərin bir çoxu hərdən ehtiyac duyulan bir məlumatı tapa bilmir. Bu gün bu kitab, film və ya digər informasiya açıq mənbədə var, sabah isə kiminsə tələbi ilə yığışdırıla da bilər.

Ailə şəkillərindən tutmuş şəxsi yazı-pozusuna kimi hər bir məlumatı internetdə saxlayan nə qədər insan var. Əvvəl bu şəkillər üçün albom alardıq, xüsusi səliqə ilə düzərdik. Hətta əsgərlikdən nə qədər gözəl albom gətirənlər var. Hərbi qulluğun son 6 ayını məhz bu işə sərf edərmişlər. İndisə hər nəyimiz varsa, vermişik “quql”un ixtiyarına. Açar cansız bir süni intellektin, axtarış sisteminin əlindədir, hara istəsə, ora da fırladacaq. Qapada da bilər, aça da.

Həmin texnologiya tam itmir, bir çoxu hələ də yaşamaqda davam edir

Deyirlər, “ehtiyatlı oğulun anası ağlamaz”. Yəni hər bir çətin durum üçün bir ehtiyat variantının olmalıdır. Ən çətin iş məlumatı qoruyub saxlamaq olub, çünki haraya yerləşdirsən belə, həmin sərt disk yanıb sıradan çıxa bilər. Adi disklər bəlkə də kompüterin yaddaş kartından daha etibarlı qoruyurlar məlumatı. Hətta özünün DVD diskinə 100 il təminat verən şirkət də var. Kifayət qədər bahalı olsa da, informasiya itmir.

Əslində, ehtiyat variantları, alternativlər bizim həyatımızı olduqca zənginləşdirir. Hər yeni texnologiya köhnəsini sırada çıxara bilər, amma həmin texnologiya tam itmir, bir çoxu hələ də yaşamaqda davam edir. Bunun yüzlərlə nümunəsini görürük. Hazırda dünya yeni enerji mənbələri axtarır, istehsal edilən avtomobillərin artıq tam elektrik enerjisi ilə çalışacağını proqnozlaşdırılır. Neft-qaz erasının bitəcəyini iddia edənlər də az deyil. Amma bütün bunlar bir əlavə ehtiyat variantı kim hələ uzun müddət bəşəriyyətə xeyir verə biləcəklər.

Dünyada ən böyük enerji ehtiyatı isə məhz daş kömür formasında toplanıb. Bəli, bu gün müasir şəhəri onunla qızdırmağa icazə yoxdur, amma bu enerji forması bizim sivilizasiyanı hələ uzun müddət məhv olmaqdan xilas edə bilər. Hələ neçə əsr onu yerin altında çıxarmaq imkanı var. Hələ də daş kömürdən dünya iqtisadiyyatında geniş istifadə edilir.

Braziliyada ən dəbdə olan yanacaq növü texniki spirtdir. Həm ekoloji təmizdir, həm də ondan avtomobillərin bir çoxu yararlanır. Həm istehsalı böyükdür, həm də hara gedəcəyi məlumdur. Deməli, dünyada baş verə biləcək neft-qaz böhranı bu ölkə üçün elə də təhlükəli deyil.

Müharibə dövründə alternativlərin qiyməti birə on artır

Vinil valların dövranı çoxdan bitib, amma hələ də onları sifariş edən, aparatını alıb musiqini dinləyən nə qədər insan var. Səbəbini özləri də bilmirlər bəlkə də. Ya deyək, kimi dindirsən, deyəcək kənd təsərrüfatında artıq yalnız və yalnız texnikadan istifadə edilir. Nə ata, nə eşşəyə yer yoxdur. Amma bu heç də belə deyil. Bir çox kiçik təsərrüfatda hələ də atdan yararlanırlar, çünki iri texnika saxlamaq həm bahadır, həm də problemli. Bunun benzini var, texniki qulluğu. 5 hektardan az olan fermer təsərrüfatında elə atdan istifadə daha məqsədəuyğundur. Dağ ərazilərində, texnika və avtomobillərin keçə bilmədiyi yerlərdə at da, eşşək də işə yarayır. Benzin və ya detalların olmadığı şəraitdə bir qədər otla işi yola vermək olar.

Müharibə dövründə alternativlərin, hər hansı bir əlavə variantların qiyməti birə on artır. Döyüş zonasında həm müvəqqəti, həm də daimi sülhə nail olmaq olar, amma informasiya müharibəsində atəşkəs olmur. Hamı deyir, daha vacibi internet və sosial şəbəkədir, burada gərək döyüşəsən. Əlbəttə, internetin imkanları olduqca yüksəkdir, amma bəzən internetin çatmadığı yerlərdə kiçik bir yerli radiostansiya əhəmiyyət kəsb edir. Elə Azərbaycanın özündə çoxlu peyk antenası var. Nə qədər insan bu alternativ informasiya kanalından yararlanır.

Azərbaycana bu gün hətta “dolma müharibəsində” belə qalib olmaq asan deyil

Axı, İsveçin də, Danimarkanın da xeyli kiçik şəhəri var. Bunların bir çoxunda heç Azərbaycanın varlığından xəbəri olmayan yüzlərlə insana lap elə yerli qəzet vasitəsilə ölkəmiz barədə faydalı bir məlumat vermək özü də bir qəhrəmanlıqdır. Qəzeti, radiosu, televiziyası hələ də məlumat ötürülməsində böyük əhəmiyyət daşıyan yüzlərlə ölkə var. Hər ölkənin kitabxanasına yerli dildə Azərbaycan barədə 10-15 kitab verə bilsək, xaricdə təhsil alan hər azərbaycanlı tələbə öz ölkəsi və Dağlıq Qarabağ münaqişəsindən ara-sıra 5-10 kəlmə danışa bilsə, informasiyanın çatdırılmasında irəli gedə bilərik. Görə biləcəyin kiçik bir işi bacarsan, deməli ümumi prosesdə qalib gələ bilərik.

Erməni tərəfi artıq əsrləridir hər bir alternativ kanaldan informasiya ötürməklə məşğuldur. 300 növ dolması olan Azərbaycana bu gün hətta “dolma müharibəsində” belə qalib olmaq asan deyil. Hələ sovet dönəmində “Aşpaz müsabiqəsinə gəlmişik” adlı erməni filmində dolma ilə bağlı yaddaqalan bir epizod nəzər çəkir. Moskvaya yarışmaya gələn erməni aşpazları məhz dolma bişirir və vaxtında onu jüriyə verə bilmirlər. Yer tutmasalar da, dolmanın çox dadlı olması ilə bağlı xeyli tərif eşidirik. Yəni hələ 1977-ci ildə ekrana çıxan bu film Sovet İttifaqının hər yerini gəzmişdi. Gəl, bundan sonra sübut elə ki, dolma türk mənşəli sözdür və Azərbaycanda daha dadlısı bişirilir.

Hər bir mümkün ehtiyat kanalları ilə məlumat ötürməyi bacarmalıyıq. Məlumatın yalnız Facebook və ya Twitter-lə ötürüldüyünü düşünmək doğru deyil. Hərtərəfli ehtiyat sistemləri, alternativ kanallar olmalıdır. İnformasiyanın ötürülməsində daha çox imkanın olması hava-su kimi əhəmiyyətlidir. Bu baxımdan daha çox çalışmağa ehtiyac duyulur.

51
Bayraktar pilotsuz uçuş aparatı, arxiv şəkli

PUA-lar, İsa Məsih, Laçın koridoru və...

155
(Yenilənib 23:07 19.10.2020)
Müharibələr həm də informasiya cəbhəsindədir. İki həftədir ki, internet məkanı üçün tətbiq olunan məhdudiyyətlər olduqca ağıllı qərara söykənir.

BAKI, 19 oktyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Müzəffər əsgər

Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Cəbrayıldan sonra Hadrut və Füzulinin, onlarla kənd və strateji yüksəkliklərin işğaldan azad edilməsi həftənin əsas hadisələri kimi tarixə düşdü. Pərən-pərən düşmüş erməni ordusu itirilən mövqelərə "xilasedici" bir ad da tapıb: "Taktiki olaraq geri çəkilmə".

"Knopka" müharibəsi deyə biləcəyimiz bu savaşda erməni ordusunun 2 milyard dollardan artıq dəyərdə texnikası məhv edilib. PUA-lar isə düşmən üçün həbi olmayan başağrısıdır. Bu uçan aparatlar düşmənə 1 milyard dollardan artıq zərər verib.

Kilsə, yoxsa günahsız uşaqlar?

Düşmənin Gəncəni hədəf almasından sonra 3 azyaşlı uşaq həyatını itirdi, iki uşaq isə hələ də itkindir. Terroru döyüş taktikasına çevirmiş Ermənistan üçün bu, yeni təcrübə deyil. 63 uşağı qətlə yetirdikləri Xocalı faciəsi o qədər də uzaq keçmişdə qalmayıb.

Bu arada Ermənistan Azərbaycan raketinin erməni kilsəsinə dəydiyini iddia edib. Münaqişəyə dini don geyindirməyə çalışan işğalçı, görünür, unudur ki, Azərbaycanın paytaxtında erməni kilsəsi bu gün də qorunur. Bu blef faşisti xilas etmir. Lap tutaq ki, hansısa raket kilsənin daşına toxunub, dünya dağılıb?! Gəncədə daşlar altında qalan uşaqlara görə kim cavab verəcək?! Yəqin İsa sağ olsaydı, kilsənin dəyən zərərdən daha çox, uşaq ölümünə görə qəzəblənərdi...

İkinci cəbhə

Cəbhədəki gərginlik azmış kimi bir də koronavirusla mübarizəyə köklənməliyik. Xəstəliyə yoluxanların sayındakı artım dinamikası həyəcanlanmağa əsas verir. Tabloda 600 rəqəmi yenidən göründü. Səbəb çox sadədir: sosial məsafəni gözləmirik, maska taxmırıq, yəqin ki, gigiyenik qaydalara da düzgün əməl etmirik. Karantin qaydalarının yenidən sərtləşdirilməsi də bu baxımdan gözlənilən idi... Bu arada metronun bağlanması ilə isə avtobuslarda daha çox mehribançılığın yaranacağı proqnozlaşdırılır.

Hər şey cəbhə üçün

TƏBİB rəsmisi bildirdi ki, həkimlərimiz cəbhəyə can atır, bu bölgələrdə çalışmaq istəyirlər: "Bakıdan həmin xəstəxanalara həkim briqadası ezam olunub. Könüllü olaraq gedən həkimlərimiz də var".

Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr edən şəxslər, şirkətlər, əsgərlərə kabab çəkənlər, kotlet bişirənlər, yataq, paltar və digər ləvazimatlar göndərənlər və cəbhəyə can atan həkimlər – budur milli birliyin təntənəsi!

İnformasiya təhlükəsizliyi

Müharibələr həm də informasiya cəbhəsindədir. İki həftədir ki, internet məkanı üçün tətbiq olunan məhdudiyyətlər olduqca ağıllı qərara söykənir. Bu, düşmənin dezinformasiya hücumunun bloklanması baxımından olduqca əhəmiyyətlidir. "Kontaktsız müharibə" XXI əsrin müharibəsdir – kimdə daha çox informasiya varsa, informasiya selini düzgün idarə edirsə, o da istənilən rəqabətdə, toqquşmada favoritdir.

"Makarov"

Laçın rayon sakini Ə.Vəliyev tapdığı "Makarov" markalı tapançanı və içərisində 4 ədəd patron olan patron darağını könüllü olaraq Səbail rayon Polis İdarəsinə təhvil verdi. Burada təəccüblü bir şey olmasa da, - jurnalistikanın "itin insanı dişləməsi yox, insanın iti dişləməsi xəbərdir" postulatı yada düşür, - ötən həftə əksər saytlar bu hadisəyə diqqət ayırdı. Görünür, Laçın koridoruna getməyə hazırlaşdığımız bu günlərdə Laçın sakininin tapançanı polisə qaytarmasıdır təəccüblü olan.

Təhsilsiz il

Ötən həftə təhsil ocaqları yenidən tətilə çıxdı. Yorulduqları üçün yox, səbəb koronavirusun yayılma tempinin yüksəlməsidir.

Görünən odur ki, 2020-ci il dünyanın təhsildən ən çox uzaq düşdüyü il kimi tarixə qovuşacaq. Martın əvvəlindən etibarən məktəblilər, tələbələr sərasər dincəlir. Distant təhsil isə özünü doğrultmur – ya şagird üçün internet əlçatan deyil, ya müəllim üçün, ya da istifadə çətinliyi var və s.

Növbəti həftənin bazar ertəsi görüşərik - əgər internet əlçatan olsa...

155
(1:13 / 9.91Mb / просмотров видео: 54)

İşğalçıların döyüş meydanında atıb-qaçdığı növbəti hərbi texnikalar - VİDEO

28
(Yenilənib 15:04 21.10.2020)
Azərbaycan ordusunun hərbçiləri yenə Ermənistan silahlı qüvvələrinin hərbi texnikasını qənimət olaraq götürüblər.

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb-qaçdığı, həmçinin bölmələrimiz tərəfindən məhv edilən növbəti hərbi texnikaları nümayış etdirib. 

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Səfərşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

28
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə