Donald Tramp və Boris Conson

Dünyanı idarə edəcək iki dəlisov sarışın

502
(Yenilənib 00:11 25.07.2019)
Boris Consonla Donald Trampın eyni tipli adam olduqları deyilir

BAKI, 24 iyul — Sputnik. Artıq bu gündən Böyük Britaniyanın yeni baş naziri var. Bu şəxs adı qalmaqallarda hallanan Boris Consondur. Maraqlı məqam bundan ibarətdir ki, daha çox Boris Conson adı ilə tanınan siyasətçinin əsl adı Aleksandr Boris de Pfeffel-Consondur və o, heç Böyük Britaniya ərazisində belə doğulmayıb.

Conson 19 iyun 1964-cü ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Onun ulu babası, türk jurnalist Əli Kamal Əhməd Tevfik paşanın dönənimdə Osmanlı imperiyasının daxili işlər naziri işləyib. Consonun ulu nənəsi isə Qafqazdan qaçan çərkəz qadın olub. Consonun babası Osman Əli 1920-ci ildə Böyük Britaniyaya köçüb və özünə Uilfred Conson adını qəbul edib.

1970-ci ildə Borisin atası Stenli Conson vahid Avropada ətraf mühitin çirklənməsinə nəzarət edən ilk səlahiyyətli şəxslərdən biri olub. Ona görə də, Boris məktəbə Belçikanın paytaxtı Brüsseldə gedib. Daha sonra ailə Böyük Britaniyaya köçüb və Conson təhsilini burada davam etdirib.

Boris Conson baş nazir olmamışdan əvvəl sələfi Tereza Mey tərəfindən Böyük Britaniyanın xarici işlər naziri postuna təyin olunub və 2 il bu vəzifəni icra edib. Hökumətdə "Brexit" prosesinin necə həyata keçirilməsinə dair fikir ayrılığına görə tutduğu vəzifəni tərk edib. Buna qədər isə Conson London meri kimi çalışıb. Consonun London meri olduğu vaxt ən böyük uğuru isə 2012-ci ildə Yay Olimpiya Oyunlarının keçirilməsi olub.

İndi isə Boris Conson Böyük Britaniya üçün həddən artıq həssas dövrdə baş nazir səlahiyyətlərinin icrasına başlayır. Belə ki, Böyük Britaniya bu ilin oktyabrın 31-dək Avropa İttifaqından çıxışı, başqa sözlə "boşanması" prosesini bitirməlidir. "Brexit" ideyasını ilk növbədə ingilislər dəstəkləyirlər. Lakin Krallıqda olan dörd ölkədən ikisi - Şimali İrlandiya və Şotlandiya əhalisi bununla bağlı keçirilən prosesin əleyhinə səs verib. Bu iki ölkə isə heç şübhəsiz cənab Conson üçün bu prosesi həyata keçirməkdə çətinliklər yaradacaq. Onsuz da Böyük Britaniyada Tereza Meyin istefasından sonra siyasi vəziyyət gərginləşib. Seçkilərdən sonra formalaşan Avropa Komissiyasının yeni rəhbərliyi də "Brexit"-ə dair Böyük Britaniya hökuməti ilə yeni danışıqların aparılmasını qəti şəkildə istisna edib.

Nə qədər çətin olsa da, 31 oktyabr gələcək və baş nazir Boris Conson "Brexit" reallığı ilə qarşılaşacaq. "Brexit"-ə dair proqnozların əksəriyyəti göstərir ki, Avropa İttifaqı və Böyük Britaniya arasında bu məsələdə status-kvo saxlanılacaq. Lakin Consonun dəyişkən xarakteri bu proqnozları çətinləşdirir.

Boris Consonun şəxsi həyatında da ziddiyyətlər az deyil. Belə ki, o 2018-ci ilin sentyabr ayında 25 illik həyat yoldaşı Marinadan ayrılıb. Buna səbəb kimi Consonun həyat yoldaşına xəyanət etməsi göstərilir. Cütlüyün qızı Lara valideynlərinin ayrılmasında atasını günahlandıraraq onu "eqoist əclaf" adlandırıb. 2004-cü və 2010-cu illərdə də Marina Uiler ərini xəyanətdə günahlandırıb.

Boris Consonun Böyük Britaniya baş naziri seçilməsinə ən çox sevinən isə həm xasiyyət, həm də görünüşcə ona bənzəyən Birləşmiş Ştatların Prezidenti Donald Trampdır. Təsadüfü deyil ki, məhz zahiri görkəminə görə Consonu "Britaniya Trampı" adlandırırlar. Məhz Tramp da Consonu təbrik edən ilk xarici ölkə liderlərindən olub.

Birləşmiş Ştatlar prezidentinin fikrincə, Conson bu vəzifədə "möhtəşəm" olacaq.

"Boris Consonu Birləşmiş Krallığın yeni baş naziri seçilməsi münasibətilə təbrik edirik. O, möhtəşəm olacaq " - Tramp öz "Twitter" səhifəsində yazıb.

Trampın sevinci də təsadüfi deyil. Çünki baş nazir olmamışdan qabaq Tramp Consonu əksər hallarda dost kimi xarakterizə edir və onu hələ baş nazir Tereza Mey olduğu vaxtda belə potensial baş nazir olaraq reklam edirdi. Hər iki şəxs Conson baş nazir olacağı təqdirdə bir-biri ilə işləməyə hazır olduğunu bildirirdi.

Bu ikilinin daha bir ortaq cəhəti isə onların hər ikisinin böyük siyasətə gəlməmişdən öncə televiziya ulduzu olmasıdır. Belə ki, Boris Conson "Have I Got News for You" (Sizin üçün xəbərim varmı?), Donald Tramp isə (The Apprentice) "Şagird" televiziya verilişlərində məşhurlaşıb.

Ekspertlər isə Boris Consonun Böyük Britaniyanın baş naziri postunda siyasətinə dair fərqli proqnozlar verir. Bu ikili arasında münasibətlərin kəskinləşəcəyini ehtimal edənlər də az deyil. Bizə isə sadəcə gözləmək qalır.

502
Abşeron tutu

Xəzrinin musiqisi, samovar çayı, tutlu plov: yaşlıya savab, cavana səhhət

675
(Yenilənib 22:56 10.07.2020)
Tut mövsümü sona yetməkdədir. Uzaqbaşı bir-iki həftəyə ağ tutdan əsər-əlamət qalmayacaq. Tutsevərlər isə növbəti mövsümü gözləməli olacaqlar

BAKI, 10 iyul — Sputnik. Abşeronun tutu başqa aləmdir. Hər həyətdə bir-iki tut ağacı salmaq hələ dədə-babadan adət olub. Tutu əkən həmişə savab sahibidir, çünki ağacın kölgəsi sərinlik verir, meyvəsinin isə dadından doymaq olmur. Yayın cırhacırında bəzən hündürlüyü ikimərtəbəli ev boyda olan tut ağacının altında xəzri küləyinin musiqisini dinləmək, samovar çayı içmək qədər gözəl bir nəsə tapmaq çətin məsələdir.

Abşeronun xartutu əvəzolunmaz bir bitkidir

Tut ağacını həyətində əkən şəxs bir növ səxavətli insan kimi tanınır, çünki istəsən də, istəməsən də, mövsüm dövründə bütün məhsulu yığıb qurtara bilməzsən. Qonşuya, qohuma pay yollamalı olursan, ətrafdakıları tut yığmağa dəvət etməlisən. Tutu quruda, ondan mürəbbə və bəkməz hazırlaya bilərsən. Qışın soyuq günlərində insana güc-qüvvə verər tutdan hazırlanan məhsullar.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Abşeronda tutun onlarla növünə rast gəlinir. Şahtut, bidanə, tehrani, muştut, xartut kimi müxtəlif sortları yarımadanın hər yerində əkilib. Şahtut və muştut ilk məhsulunu artıq mayın sonunda verir. Tehrani iyunun sonuna tükənir. Bidanə isə iyulun yarısına kimi məhsulunu ağacda saxlayır. İyun ayı küləkli keçsə, bəzən tutun hamısı yerə tökülür. Küləksiz illərdə isə tut elə ağacda quruyur, toplayıb qışa ehtiyat kimi saxlamaq olar.

Abşeronun xartutu isə əvəzolunmaz bir bitkidir. Qanı aşağı olan, vitamini çatmayan şəxslərə məsləhətdir. Gözəl turşməzə dadı olur, hemoqlobini artırır. Hamilə qadınlara məsləhətdir. Toplayıb kənara qoyduqda, tez bir zamanda özündən xeyli şirə buraxır. Bazarlarda xartutun şirəsini ayrıca stəkanla satırlar. Tutların içində ən bahalısı sayılır. Əvəzsiz məhsuldur.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Tut təkcə insanlara yox, həm də quşlara, həşəratlara bir yem vasitəsidir

Tutun yaxşı sirkəsi də olur. Amma üzümdən fərqli olaraq mütləq tərkibinə bir neçə element əlavə edilir. Qara çörək, kömür və paslı mismar sirkəni tündləşdirir. Tut qaraciyərin dərmanıdır deyə, tut sirkəsi və tut bəkməzi qaraciyər üçün xeyirlidir.

Bidanə tutların içində möhtəşəmliyi ilə seçilir. Fars dilindən alınma söz olan “bidanə” tumsuz, toxumsuz mənasını verir. Toxumu yoxdur deyə, mürəbbəsi dadlı olur. Şirinliyi də normadadır. Bidanədən həm də çox gözəl bir yemək hazırlanır: tutlu plov. Ağdam və Ağcabədi zonasında məşhur olan tutlu plovu ən azı ildə bir dəfə tut mövsümündə bişirmək olar. Düyü qədər də tut tələb olunur. Kərə yağı, tut və düyüdən hazırlanır. Tut çırpılır, təmizlənir, qazana düzülür, yağda bişirilir, üzərinə də düyü əlavə edilir. Dadından doymaq olmur.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Qaratut və muştutun şirinliyi az olur, şəkərdən uzaq durmaq istəyənlər üçün daha məsləhətlidir. Gözəl mürəbbəsi alınır. Tut təkcə insanlara yox, həm də quşlara, həşəratlara bir yem vasitəsidir. Yerə tökülür, bir çox canlını qidalandırır. Qarışqalar elə hey tutdan daşıyırlar, qışa hazırlaşırlar. Həyətində toyuq-cücə, qaz-ördək saxlayanlar tutun qiymətini yaxşı bilirlər. Tutun qurumuş budaqları həm samovara, həm də manqala yarayır, çünki bərk oduncağı var, istisi çox olur. Bacaranlar kömür də hazırlaya bilərlər. Tut ağacından hər hansı bir əşya illərlə sahibinə xidmət edə bilər. Yaxşı ət taxtası, odun doğramaq üçün kötük düzəltmək olar, dekorativ işlər üçün material kimi yararlıdır. Tutdan musiqi alətləri də düzəldilir. Əsasən, tarı tut ağacından hazırlayırlar. 

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Gövdəsi insanın boynu yoğunluğunda oldusa, demək, ömrünün sonu yaxınlaşır

Tutla bağlı Azərbaycan miflərində xeyli maraqlı təsəvvürə rast gəlirik. Tutu kəsmək günah sayılır, tutu kəsənin başına çox bəla gələr deyirlər. Xartut Bakı əhli üçün müqəddəs sayılır, amma həm də ağır ağacdır, deyirlər, gərək tutu cavan adam əkməsin. Elə ki, xartutun gövdəsi insanın boynu yoğunluğunda oldu, demək, həmin şəxsin ömrünün sonu yaxınlaşır. Məsləhətdir, xartutu yaşı əllidən yuxarı olan birisi əksin. Tut əkən onu adətən özü üçün yox, özündən sonra gələn nəsillər üçün əkir. Elə xartutun böyüməsinə heç 20-30 il bəs eləmir bəzən.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Tutu sevməyən də az deyil, həyətini təmiz görmək istəyən, zir-zibili yığışdırmaqdan bezənlər ən radikal metoda, yəni ağacı doğramağa belə əl atırlar. Həm də əgər bağı başlı-başına buraxsan, elə ətraf qonşular bütün günü həyətdən tut daşımaqla məşğul olacaqlar. Tut yoxdursa, deməli, həyətinə girən də yoxdur. Son 30 ildə tut ağacları həm də xalq arasında “amerikan qurdu” deyilən bir bəla ilə rastlaşıb. Yaşıl rəngli qurd ağacda əməlli-başlı tor salaraq bütün yarpaqları məhv edə bilər. Nə qədər mübarizə etsən belə, çox zaman faydası olmur. Bağ əhli əlində qayçı tutu budayır, qurdları yandırır, ağacı dərmanlayır. Amma qonşuda varsa, bir müddət sonra yenə əmələ gəlir. Niyə bu qurda “amerikan qurdu” deyirlər, məlum deyil, amma əsasən SSRİ dağılandan və sərhədlər açılandan sonra əmələ gəlib. Ola bilər, haradasa xaricdən gətirilib.

Tut mövsümü sona yetməkdədir. Uzaqbaşı bir-iki həftəyə ağ tutdan əsər-əlamət qalmayacaq. Tutsevərlər isə növbəti mövsümü gözləməli olacaqlar.

675
Əlaqədar
Koronavirus bizə çətin qalib gələ, çünki bizim ona qarşı silahımız var
Bir gün yeməsək, marketdən uzaq dursaq, okeana bərpa olmaq şansı verərdik
Açılan süfrələrdə yeri görünər hər an: İtirdiyi mövqeyə qayıdacaqmı zəfəran?
Sarımsaqdan zəncəfilə kimi: antiseptik ədviyyələr nə qədər effektlidir?
Koronavirusdan sağalmağın yolu xəstələnməkdən keçir
Bakıda yanğının nəticəsi

"Bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır

599
(Yenilənib 11:22 07.07.2020)
Görünən odur ki, bu gün xəstələrin sayı, kimin xəstələnməsi xəbər kimi qarşılanırsa, sabah xəstələnməyənlərin sayı, kimin xəstələnməməsi xəbər olacaq.

BAKI, 7 iyul — Sputnik. 7x7 ötən həftənin ən yaddaqalan hadisələrini şərh edir

Su böhranı

Bu gün dünyada 50-dək ölkə ciddi su böhranı yaşayır. BMT-nin proqnozlarına görə, 2030-cu ildə su çatışmazlığı səbəbindən təxminən 700 milyon insan qaçqına çevrilə bilər. Bu gün dünyada iki milyarddan çox insan çirkli su içir, 4,5 milyard insan sanitariya sahəsində lazımi xidmətlərdən məhrumdur.

Təəssüf ki, Azərbaycan da "risk zonası"nda olan ölkələrdəndir. Cənubi Qafqazın su ehtiyatlarının cəmi 10 faizi Azərbaycanın payına düşür. Və üstəgəl ölkəmizin transsərhəd sulardan asılılığı ümumi su istifadəsinin 74%-ni təşkil edir. Nəzərə alsaq ki, bu asılılıq həm də Ermənistan sərhədlərindən formalaşan su mənbələrinə aiddir, onda məsələnin ciddiliyi aydınlaşır.

Bu arada Kür çayında yaşanan ekoloji problem su böhranı məsələsini bir daha aktuallaşdırır. Belə ki, Kürdə suyun səviyyəsi kritik səviyyəyə düşüb, hazırkı vəziyyətdə Kür Xəzərə yox, Xəzər kürə axır. Bu isə böyük bir ərazidə suvarma problemi yaradır.

Beləliklə, suya qənaəti təmin edə biləcək suvarmada damcı sisteminin ən qısa zamanda tətbiqi qaçılmazdır. Ancaq bu xüsusda fərdi məsuliyyət də əhəmiyyətlidir. Nəzərə almalıyıq ki, karbohidrogen ehtiyatlar uğrunda savaşlar dövrü geridə qalır, indi su hövzələri daha strateji xarakter daşıyır.

Ümid edək ki, "Sputnik" reportyorunun Kür yatağından çəkdiyi bu foto gələcəyin fotosu deyil:

© Sputnik / Murad Orujov
Kür

"Barıt çəlləyi"

Ötən həftə Ermənistan "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətini təmir işləri ilə əlaqədar olaraq dayandırdı. 11 ballıq zəlzələ zonasında tikilmiş, ömrünü illər öncə başa vurmuş stansiyanın təmirə dayandırılması rəsmi İrəvanın nəinki bölgə, qlobal miqyasda təhlükəli siyasət həyata keçirdiyini təsdiqləyir. Ekspertlər bildirir ki, stansiyada baş verə biləcək qəza təkcə Ermənistanın özünü deyil, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İran, Orta Şərq, Orta Asiya və Şərqi Avropa ölkələrini də fəlakətlə üz-üzə qoyacaq. Azərbaycan elə indiki halda da radioaktiv çirklənmənin təsirlərini yaşayır. Ermənistan bu stansiyanın tullantılarını Araz çayına axıtmaqda davam edir.

Od tuturuq

Ötən həftə Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində yanğın baş verdi. Yanğının sexlərdən birində olmuş partlayışdan başladığı bildirildi.

Pandemiyanın bütün biznes sahələrini küncə sıxdığı indiki dönəmdə bu cür hadisə də bir tərəfdən iş adamının vəziyyətini ağırlaşdıracaq. Binəqədinin bəxti isə yanğın baxımından heç gətirmir – dünən "Eurohome", bu gün "Sobsan".

Daha bir nazirlikdə

"Qara maskalı"lar bizi çox darıxmağa qoymadılar. Bir neçə həftə fasilədən sonra onları ötən həftə Xarici İşlər Nazirliyində görüblər. Məlumata görə, DTX-nın bu nazirlikdəki anti-korrupsiya əməliyyatında nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə həbs olunub. Yəqin siyahıda başqa adlar da olacaq. Belə işləri bir adam tək bacarmır, komanda lazımdır.

Çoxkoloritli günlər

Ötən həftə də ənənəmizə sadiq qaldıq: oğlu əsgərlikdən qayıdan ata qonaqlıq verdi, yas mərasiminin keçirilmə qaydaları pozuldu, kafedə yeyib-içənlər saxlanıldı, icazəsiz işləyən dərzi sexləri aşkarlandı, Bakıda Qəbələyə qanunsuz getmiş şəhərlilər isə qaldıqları yerdəcə yaxalandılar. Ən maraqlısı isə SMS-lə icazə alıb, oğurluğa gedənlər idi.

Karantin qaydalarını yaxşı ki, hamı eyni cür pozmur. Bu, çoxkoloritlilik həyatımızın monoton günlərinə rəng qatır.

Qədim daşlar və tramvay

Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün işlərə başlanılıb. Artıq qəsəbədə qədimi məhəllələrin bərpasına başlanılıb. Məşədi İbada və hambala qoyulan heykəl xüsusi maraqla qarşılanıb. Eyni zamanda, küçələrə daş döşənir. Hələ 1800-cü illərin ortalarında Bakının məşhur Xəzri küləyi əsdiyi zaman küçələrdə tozanaqdan göz açmaq olmurmuş. Məhz o zamanlar tozanağın qarşısını almaq küçələrə daş döşəməyə başlayıblar. İndi qəsəbənin turistik zonaya çevriləcək hissəsində bu daşlar düzülür. Ümid edək ki, bu daşlar kimi biz şəhərimizdə "keçmişin qalığı kimi" ləğv edilən tramvayları da görə biləcəyik… Hər bir böyük, müasir şəhərdə olduğu kimi…

Baş epidemioloqumuz

Respublikanın baş epidemioloqu, professor İbadulla Ağayevin son açıqlaması gündəmə çevrildi. Sitat bu cür idi: "Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin".

Açıqlama ilə bağlı birinci yanaşma o idi ki, İ.Ağayev baş epidemioloq kimi yox, laqeyd vətəndaş kimi danışır. İkinci baxış: onun vəziyyətə təsir imkanları yoxdur, jurnalist bu səs yazısını yaymaqla peşə etikasına riayət etməyib.

İstənilən halda, "bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır. Görünən odur ki, bu gün xəstələrin sayı, kimin xəstələnməsi xəbər kimi qarşılanırsa, sabah xəstələnməyənlərin sayı, kimin xəstələnməməsi xəbər olacaq.

599
 Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko Belarusun dağılması təhlükəsindən danışdı

0
(Yenilənib 00:23 11.07.2020)
Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir

BAKI, 10 iyul — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin dağılması təhlükəsi olduğunu bəyan edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Lukaşenko yerli KİV-lərlə görüşündə ölkənin suverenliyinin qorunmasının əsas məqsəd olduğunu bildirib.

"Yalnız mənim deyil, bizim öz əllərimizlə qurduğumuz hər şeyin sabah dağılmasını və kiminsə gəlib, eksperimentlər həyata keçirməsini istəmirəm", - deyə Lukaşenko vurğulayıb.

Prezident eyni zamanda vurğulayıb ki, Belarusda dəyişikliklər "Maydandan deyil, Konstitusiyadan" gəlməlidir.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkisi keçiriləcək. Seçki kampaniyası zamanı müxalifətin bəzi liderləri və namizəd Viktor Babariko tutulub. Belarus DİN vurğulayır ki, onlar siyasi fəaliyyətinə görə deyil, kütləvi tədbirlər zamanı asayişin pozulmasına görə saxlanılıblar.

0
Əlaqədar
Lukaşenko anons etdi – İqtisadi, ekoloji problemlər kəskinləşəcək
Lukaşenko qələbə paradında - Moskvanı vətəninin paytaxtı adlandırdı
Lukaşenko bəyan etdi: "Koronavirus üzərində qələbə çaldıq"
Kreml: Belarusdakı seçkilərə müdaxilə etməyə hazırlaşmırıq
Lukaşenko xəbərdarlıq edib: Belarus ərazisinin bir hissəsini itirə bilər