Türkiyə prezidenti Rəsəb Tayyib Ərdoğan bələdiyyə seçkilərinin nəticəsini elan etdikdən sonra tribunadan gedir

"İstanbulda qalib kimdirsə, Türkiyədə qalib odur" Ərdoğan üçün ciddi sınaq ayı

1830
(Yenilənib 13:22 25.06.2019)
Türkiyə bütün tərəflərdən ciddi təzyiqlərlə üzləşir, vəziyyətin necə inkişaf edəcəyini söyləmək mümkün deyil

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 iyun — Sputnik. Türkiyə artıq yeni bir mərhələyə qədəm qoyur. Belə ki, ötən gün baş tutan İstanbul Böyükşəhər Bələdiyyəsi sədri vəzifəsi uğrunda keçirilən seçkilərdə “Cumhur” İttifaqının namizədi Əkrəm İmamoğlu istanbulluların 54,20%-nin səsini toplayaraq öz rəqibi, Türkiyənin sabiq baş naziri, sabiq parlament sədri Binalı Yıldırıma (44,98%) qalib gəldi. İki namizədin arasında olan səs fərqi isə nə az nə çox 806.767 oldu.

Nəticələri ləğv edilən 31 mart seçkilərində bu fərqin 13 min olması, son iki ayda İstanbulda Ədalət və İnkişaf Partiyasının (AKP) öz reytinqini, populyarlığını itirməsinin bariz göstəricisidir. İstanbulda 1994-cü ildən, yəni son 25 ildə davam edən Ərdoğan və onun partiyasının üstünlüyünə də son qoyulmuş oldu. Bununla da faktiki olaraq Türkiyədə AKP-nin yenilməzliyi anlayışı ortadan qalxdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl özü bəyan etmişdi ki, "İstanbulda kim qalib olarsa, Türkiyədə də qalib odur" və ya AKP liderinin öz sözləri ilə desək hazırkı durumda o məğlub durumdadır.

Türkiyədə bələdiyyə seçkiləri və yenilənən İstanbul Böyükşəhər Bələdiyyə seçkiləri, ümumilikdə bir neçə ay davam edən bu proses qardaş ölkənin xarici siyasətində ziddiyyətli və mürəkkəb bir dövr fonunda gedirdi. Daxili auditoriya bir növ bu seçkilərə köklənmişdi və ölkənin xarici siyasəti, qonşu və müttəfiqlərlə münasibəti sanki arxa plana keçmişdi. Yeri gəlmişkən, bəzi ekspertlər AKP və MHP-nin yaratdığı "Millət İttifaqı"nın İstanbulda uğursuzluğunu bu ölkənin xarici siyasətdə səhvləri və bunun nəticəsində yaşanan iqtisadi geriləmə ilə əlaqələndirirlər. Artıq Türkiyədə yerli seçkilər geridə qaldı və fövqəladə, növbədənkənar seçkilər baş verməzsə, Türkiyədə ən yaxın dövrdə keçirilməli seçkilər 2023-cü ildə baş tutacaq. Bu isə o anlama gəlir ki, Türkiyənin xarici siyasəti bu ölkədə yenidən ön plana çıxacaq. Hələ ki, yaxın gələcəkdə baş verə biləcək hadisələr Türkiyə və bu ölkənin iqtisadiyyatına yaxşı heç nə vəd etmir.

Qarşıdan iyul ayı gəlir və bu ayda artıq uzun müddət Türkiyə - ABŞ münasibətlərinin gərgin olmasına səbəb olan Rusiyanın "S-400" zenit-raket komplekslərinin Ankaraya təhvil verilməsi və bu ölkə ərazisində quraşdırılması nəzərdə tutulub. Bu sövdələşmənin əleyhinə olan ABŞ dinc oturmaq niyyətində deyil. Belə ki, komplekslərin alınmasına dair sazişdən imtina etməyəcəyi təqdirdə rəsmi Ankaranı sanksiyalarla hədələyən Vaşinqton artıq iyul ayında bu ölkəyə qarşı üç yeni sanksiya paketini tətbiq etmək imkanını nəzərdən keçirir. ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyinin rəsmiləri arasında müzakirə olunan ən ciddi sanksiyalar paketi onsuz da çətin dövrlər yaşayan Türkiyə iqtisadiyyatını tamamilə silkələyəcək.

Bundan əlavə, Pentaqon beşinci nəsil "F-35" qırıcı təyyarələrində təlim keçən türk pilotları artıq təlimlərdən uzaqlaşdırıb və bu təlimlərə yeni türk pilotların cəlb olunmayacağını bəyan edib. Tramp administrasiyası daha da irəli gedərək "S-400" zenit raket komplekslərinin Türkiyədə yerləşdiriləcəyi təqdirdə bu ölkəyə son nəsil "F-35"-lərin verilməyəcəyini də bəyan edib. ABŞ rəhbərliyi hazırda Türkiyənin müdafiə sektorunda olan bir neçə şirkətə qarşı sanksiyalar tətbiq etməyi də nəzərdən keçirir. Bu cür cəzalar şirkətləri ABŞ maliyyə sistemindən ayıracaq ki, bu da sanksiya tətbiq ediləcək Türkiyə şirkətlərinin ABŞ istehsalı olan məhsulları almağını və ya öz məhsullarının ABŞ ərazisində satılmasını mümkünsüz edəcək.

Düzdür, rəsmi Ankara Vaşinqtonun sanksiya qəbul edəcəyi təqdirdə bu ölkəyə qarşı cavab tədbirləri görəcəyini bəyan edir. Lakin Vaşinqtondan fərqli olaraq, Ankaranın cavab addımlarının bir o qədər də effektiv olacağı inandırıcı deyil.

Bu arada Vaşinqtonda Türkiyəni sanksiyalarla hədələyən yeganə müttəfiqi deyil. Belə ki, ötən həftə Avropa Komissiyası da Ankaranı sanksiyalarla hədələyib.

Bilindiyi kimi Kipr adasının şelf zonasında və xüsusi iqtisadi zonasında qaz yataqları aşkarlanıb. Türkiyə isə öz növbəsində regionun təbii sərvətlərində onun da haqqının olduğunu bəyan edir. Hazırda bu ərazidə Türkiyəyə məxsus "Fatih" qazma qurğusu var. Bundan əlavə "Yavuz" gəmisi də regiona cəlb olunub. Yunanıstan və Kipr rəhbərliyi isə Xüsusi iqtisadi zonada Türkiyə gəmiləri tərəfindən geoloji kəşfiyyat işlərinin aparmasını təxribat kimi dəyərləndirib.

Vəziyyət o yerə çatıb ki, artıq məsələyə Avropa Kommisiyası da reaksiya verməli olub. Belə ki, Türkiyənin regionda addımlarının qəbuledilməz olduğunu bəyan edən Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Türkiyəyə qarşı tədbirlərin görüləcəyini bəyan edib: " Biz bu məsələdə Kiprlə tamamilə həmrəyik. Türkiyənin Kiprin ərazi sularında etdikləri tamamilə qəbuledilməzdir. Avropa Komissiyasına məsələ ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Bu təkliflər tez bir zamanda qəbul olunmalıdır. Biz elə də edəcəyik. Bu yumşaq qərarlar olmayacaq".

Avropa Komissiyasının bu həftə ərzində məsələ ilə bağlı qərarlar hazırlayacağı qəbul etməsi gözlənilir.

Bütün bu sadalananlar onsuzda öz yaxşı dövrünü yaşamayan Türkiyə və Türkiyə iqtisadiyyatına olan təzyiqləri artırır. Görünən budur ki, qardaş ölkə üçün kritik bir ay başlayır. Əgər prezident Rəcəb Rayyib Ərdoğan və onun hökuməti qarşıda duran çağırışların öhdəsindən layiqincə gələ bilməzsə bu ölkədə iqtisadiyyatın zəifləməsi ilə sosial problemlər özünü daha da qabarıq şəkildə göstərəcək. Nəticədə isə Türkiyədə növbədənkənar seçkilər qaçılmaz olacaq.

Belə bir durumda növbəti seçkilərin necə nəticələnəciyini isə düşünmək qalır.

1830
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Məsuliyyət disiplin: Koronavirusa qalib gəlməyin yolları

38
Riayət etdiyimiz qaydaların gələcəyimizə, xüsusilə övladlarımıza və digər doğmalarımıza faydalı olacağına inansaq, bu bəlaya qalib gəlməyimiz çətin olmayacaq.

Həyatımızı və düzənimizi dəyişən "taclı bəla"nın yayılması son günlər kəskin şəkildə artıb. Həm dünyada, həm də ölkəmizdə vəziyyət getdikcə qəlizləşir. Xəstəxanaların vəziyyətindən xəbərdar olanlar, vəziyyətin niyə qəliz olduğunu yəqin ki, anlayrırlar. Təcrübə göstərdi ki, bütün dünya bu bəlanın qarşısında hələki çarəsiz vəziyyətdədir. İlin əvvəlində Avropa ölkələrində yaşanan narahatlıq, indi bizim qapımızı döyür. Görülən tədbirlərin, tətbiq olunan qadağaların, qapanmaların, açılmaların effektivliyi də göz qabağındadır. Bu barədə uzun-uzadı yazmağa, danışmağa ehtiyac yoxdur. Son günlərin statistikası vəziyyətin ciddi olduğunu gözlər önünə sərir. Artıq, "Mən koronaya inanmıram"– lağlağısının yeri deyil. İnansaq da, inanmasaq da pandemiya dünyaya meydan oxuyur.

***

Mütəxəsislər yoluxmanın və ölümlərin nisbətən az olduğu isti aylarda payız-qış mövsümündə yoluxmalarda kəskin artım olacağı ilə bağlı xəbərdarlıq etsələr də, dəyişən heç nə olmadı. Özümüzü və ətrafımızı qorumalı olduğumuz halda, yenə biganə davrandıq. Heç kəsə sirr deyil ki, koronavirusun yayılmasında əsas faktor insandır. Əgər insanlar bu məsələdə məsuliyyətli olmasa, yoluxmanın sürətlə artmasına mane olmaq daha da çətinləşəcək. Üstəlik, xəstəxanalarda müalicə alanların sayının artması, həkimlərin daha ağır xəstələrə nəzarət etmək imkanını azaldır. Dolayısıyla, hər bir məsuliyyətsiz addım, ətrafımzdakı onlarla insana təhlükə yaradır. Qarabağ müharibəsində ardıcıl qazanılan zəfərlər bizdə eyforiyaya səbəb olub. Bunu zəfər yürüşlərində də müşahidə etmək çətin deyildi. O müdhiş sevincin qarşısında insanları "Niyə yürüş edərkən maskadan istifadə etmirdiniz?" – deyə qınamaq da olmur. Zəfər sevinci elə bir hissdir ki, sosial məsafə, maska, dezinfektan heç kəsin yadına düşmür. O xoşbəxt anlarda adam bütün mənfi şeyləri unudur. Çox yaxşı haldır ki, insanlarımızın bu xoş aurası bu gün də davam edir. Ancaq bu rahatlığın təhlükəli tərəfi də var: məsuliyyət hissimiz azalır və "taclı bəla" öz arealını genişləndirir. Bu gün yenidən birliyə və həmrəyliyə ehtiyacımız var.

***

Sözün düzü, koronaya yoluxmamaq üçün nələrə riayət etməli olduğumuzu hamımız bilirik. Əgər ilin əvvəlində naməlum düşmənə qarşı təşviş içərisində mübarizə aparırdıqsa, indi bu virus haqqında kifayət qədər məlumatlıyıq. Qoyulan qadağalar kifayət qədər yumşaldılıb. Həyatımızdan bu bəlanın biryolluq çıxıb getməsi üçün özümüzü və ətrafımızı düşünmək, diqqətli və məsuliyyətli olmaqdan başqa yolumuz yoxdur.

***

Bu gün yoluxma riski hər yerdə yüksək olsa da, insanların daha sıx olduğu yerlərdən uzaq gəzmək, bu sıxlığa səbəb olmamaq vacibdir. Düşünürəm ki, insanlarla daha sıx ünsiyyətdən yayınmaq da bu dönəm üçün vacibdir. Maskadan istifadə etməli, gigiyeniya qaydalarına riayət etməliyik. Açıq havada maskadan istifadə etməklə bağlı qoyulan qadağa hamıya qəribə görünsə də, düşünürəm ki, bu məsuliyyət hissini artırmaq, disiplin yaratmaq üçün müəyyən təsirə malik olacaq. Pandemiya ilə mübarizə apardığımız bu dönəmdə hətta absurd görünən qadağalara da riayət etmək, öz davranışımızla ətrafımıza yaxşı nümunə göstərmək məcburiyyətindəyik.

***

Əzizlərimizin həyatını qorumaq, təhsil sistemimizin və həyatın digər sahələrinin normala dönməsi üçün bu qeyri-müəyyənliklərlə dolu günlərdə daha həssas, daha məsuliyyətli olmalıyıq. Riayət etdiyimiz qaydaların gələcəyimizə, xüsusilə övladlarımıza və digər doğmalarımıza faydalı olacağına inansaq, bu bəlaya qalib gəlməyimiz çətin olmayacaq.

Hər birimizdən tələb olunan sadəcə məsuliyyətli və diqqətli olmaqdır. Bunu bacarsaq, minlərlə insanın xilaskarı olmaq şansımız var. Bu gün özünü və ətafını qoruyan hər bir insan qəhrəmandır və hamımızın qəhrəman olmaq imkanı var. Gələcəyimiz və sağlamlığımız üçün bu qəhrəmanlığı etməliyik. Bizim yenədə birliyə, bütövlüyə, həmrəyliyə ehtiyacımız var. Yaxın tarix sübut etdi ki, biz həqiqətən birlikdə güclüyük. Bu gücümüzü gözgörünməz düşmənə də göstərməyin vaxtıdır.

38
Teqlər:
korona virusu, Koronavirus, epidemiya, COVID-19
Xırdalanda uşaqlar, arxiv şəkli

Uşaq ikili standartın çərçivəsində: internetdə bir fikir var, valideyndə başqası

40
(Yenilənib 22:30 23.11.2020)
Noyabrın 20-si Ümumdünya Uşaqlar Günüdür. BMT Baş Assambleyasının 1954-cu ildə qəbul etdiyi №836 saylı qətnaməsində bütün dövlətlərə uşaqların şərəfinə bu bayramın keçirilməsi tövsiyə olunub. Bu məqalə gec dərc olunsa da, həmin günə həsr olunub.

Post-sovet məkanında adətən iyunun 1-ni Uşaq Hüquqlarının Müdafiəsi Günü kimi qeyd etmək qəbul olunub. Dünyanın bir çox ölkəsində uşaq hüquqları, onların problemləri ilə bağlı bir çox normativ aktlar və mütərəqqi qanunlar mövcuddur. Bununla belə, uşaq problemi hələ də aktuallığını saxlamaqdadır.

Çində uşaq oğurluğu problemi olduqca aktualdır

Uşaq gününü qəbul etmək nəyə lazım idi? Müasir dünya olduqca çətin problemləri ortaya qoyur. Hər gün texnoloji yenilik gündəmə gəlməsi yeni problemləri yaradır. Hər yeni mərhələdə yeni çətinliyi dəf etmək, bu işlərin uşaqlara təsirini aradan qaldırmaq lazım gəlir. Dünya üzrə ümumi qanunvericilik olmadığına görə, bəzən hər ölkə üzrə anlaşılmaz problemləri müşahidə edirik.

Məsələn, dünyanın ən qüdrətli ölkələrindən biri olan Çində uşaq oğurluğu problemi olduqca aktualdır. 1970-2015-ci illərdə ölkədə mövcud olan bir uşaq siyasəti böyük cinayətkar qrupların yaranmasına şərait yaradıb. Uşağı olmayan ailələr oğurluq yolla qaçırılmış uşaqları almaqla arzularına çatarmışlar. Əsil valideynlərin isə bəxtinə illərlə itirilmiş övladı axtarmaq qalırmış. Hətta bu gün də Çində minlərlə uşağın oğurlanması, kənara satılması, uşaq əməyinin istismarı, uşaqların cinsi istismarına rast gəlinir. Uşaqlara şikəst edib dilənçiliyə məcbur edən xüsusi qruplar da var. Maraqlı hallara da rast gəlinir.

İki yaşında itmiş Mao İn yalnız 30 il sonra öz valideynlərinə qovuşa bilib. 1988-ci ildə onu oğurlayıb başqa bir ailəyə satıblar. Uşağın anası Li Szinçji və atası Mao Szinçji övladlarını tapmaq üçün minlərlə elan yerləşdirib, çox miqdarda vəsait xərcləyiblər. Ana hətta öz işini tərk edərək həyatını oğlunun axtarışına sərf edib. İllərlə televiziya ekranından danışan Li heç vaxt ümidini itirmədiyini deyib. 2007-ci ildə övladlarını itirmiş valideynlərin qrupuna da qoşulan Mao və Li 2020-ci ildə övladlarına qoşula biliblər. Başqa regionda tapılan 34 yaşlı Qu Ninin DNT analizi verdikdən sonra hər şey aşkarlanıb.

Bu uşaqların nə təhsili var, nə də gələcəyi

Əslində belə hallar elə də tez-tez baş vermir, itirilmiş övladı tapmaq hər valideynə qismət olmur. Uşaq əməyinin istismarı, uşaqların təhsildən kənarda qalması, kasıblıq ucbatından uşaqların sağlamlığı itirməsi hallarına daha çox rast gəlinir. Afrikanın elə ölkələri var, orada elə uşaq özünü tanıyandan zibildə eşələnməklə məşğuldur. Yəni uşaq elə zibillikdə doğulur, böyüdükdən sonra orada pula satıla biləcək materialları toplayıb təhvil verir, min cür xəstəlik taparaq tez də həyatdan gedir. Bu uşaqların nə təhsili var, nə də gələcəyi.

Ekstremal halları kənara qoysaq, elə adi günümüzdə də xeyli çətinlik var. Ötən əsrin 70-ci illərində orta məktəbin 1-ci sinfinə gedən uşağın 7 yaşı olmalı idi. 6 yaşında uşağı götürməzdilər. Hazırda yaş həddi 6-ya endirilib, hətta ilin sonunda 6 yaşı tamam olanlar artıq sentyabrda məktəbə gedə bilərlər. 5 yaşlı uşaq artıq tədris prosesinə qoşulmalıdır. Özü də bu müddətdən öncə bu günün uşaqları həm bağça sistemindən keçir, həm də məktəbəqədər hazırlıq prosesindən.

Valideynin uşağına təsir etmək imkanı gün gündən azalır

Bu günün uşağı faktiki uşaqlığını keçirə bilmir. Elə doğulduğu gündən ətrafında onlarla texniki vasitə ilə üzləşir. 100-lərlə kanalı və internetə çıxışı olan televizor, müxtəlif növ planşet, smartfon, oyun qurğuları uşaq həyatının ayrılmaz hissəsinə çevrilir. Uşaq dəhşət dərəcədə yüklənir. Özünə qapanan, autizm xəstəliyinə düçar olan uşaqlarla yanaşı xeyli sayda hiperaktiv uşaqlar da peyda olub. Kimi telefonu əlinə alıb özünə qapanır, kimi də mənasız videoya baxıb ev-eşiyi dağıdır.

Valideynin uşağına təsir etmək imkanı gün gündən azalır. Uşağı daha çox internet resursları tərbiyə edir. Başqa insanların, digər millətlərin davranış modelləri valideynin dediyindən daha çox əhəmiyyət kəsb etməyə başlayır. İnformasiya kanalları çoxalıb deyə nəyinsə qarşısını da almaq olmur. Valideynin texniki bacarığı da bəzən uşağın bildiyindən zəif olur. Zet nəslinin nümayəndələri anında istənilən qurğudan baş çıxarır, özlərinə maraqla olan məlumatı hər yerdən tapa bilirlər.

Azərbaycanda nəsillər arasında sözün əsl mənasında bir ciddi anlaşılmazlıq var. Milli-mental dəyərlər aşılanır, bəzən bu yöndə olan fikirlər uşaqda gülüş doğurur. Muğamat dinləmək əvəzinə uşaq məşhur bloqçunun videosunu izləməyə, dolma-plov yerinə isə hamburger yeməyə üstünlük verir.

Bir-birini anlamamağın səbəblərindən biri də patriarxal cəmiyyətə məxsus ata kultunun olmasındən, uşağa bir şəxsiyyət kimi yanaşmamaqdan irəli gəlir. Uşaqla danışmaq, onun problemlərini anlamaq əvəzinə elə “mən dedim, deməli belə olacaq” fikrinə üstünlük verilir. Zaman isə dəyişib, bu günün valideyni çox zaman uşağı üçün layiqli nümunə ola bilmir, bir şeyi deyir, amma əksinə hərəkət edir. Telefonla oynamağı qadağan edir, amma səbəbini demir. Özü qazlı rəngli içkiyə üstünlük verir, amma övladına deyir, olmaz. Uşaq daim ailədaxili ikili standartların çərçivəsində yaşamalı olur. İnternetdə bir fikir var, valideynin beynində başqası.

Valideyn də uşaq üçün ən əhəmiyyətli nümunədir

Valideyn-uşaq münasibətlərini dünyanın bir çox ölkəsində ciddi araşdırırlar. Tez-tez hər hansı bir tədqiqatın nəticəsi də açıqlanır. Yüzlərlə kitab, təlimat yaradılıb. Nəyisə bilmirsənsə, uşaq psixoloqundan tutmuş ən müxtəlif növ mütəxəssisə müraciət edə bilərsən. Ölkə var, uşağa fastvud yeməyi qətiyyətlə qadağan edilib. Hər dərsdə onun ziyanından danışırlar. Baxırsan, belə qida satılan şəbəkəyə turistdən başqa heç kim getmir. Valideyn də uşaq üçün ən əhəmiyyətli nümunədir.

Bir ölkə, toplum olaraq yeni dönəmdə “uşaqlara münasibətdə necə davranmalıyıq” sualına cavab axtarmalıyıq. Uşaq valideyndən çox zəmanəsinə bənzəyir deyə, valideyn zamanın nəbzini tutmağı bacarmalı, uşağa irəlidə gedən bir flaqman kimi yol göstərməlidir.

40
Teqlər:
uşaqlar

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0