Bakı

Yüz bir yaşlı Azərbaycana bir neçə sadə sual

3660
(Yenilənib 21:57 29.05.2019)
Orxan BAHADIRSOY
"Neyləyəcəyik? Bu gedişlə hara varacağıq? Kinomuz, musiqimiz, ədəbiyyatımız, fəlsəfəmiz nəyə nail olmaq istəyir?"

BAKI, 29 may - Sputnik. Nə var, nə yox? Sevdiyim sualdır. Gündəlik həyatımızda mənə ünvanlananda da çox xoşuma gəlir bu sual. Salam-kəlam üçün uzun vaxtım olanda bu suala da uzun-uzadı cavablar verirəm. Filan, filan şeylər var, filan, filan şeylər yoxdur. Nədənsə həmişə yox olanların sayı, var olanların sayını ötür. Bu, çox kədərlidir.

Yüz bir yaşlı Azərbaycana bir neçə sadə sual

Nə var, nə yox? Sevdiyim sualdır. Gündəlik həyatımızda mənə ünvanlananda da çox xoşuma gəlir bu sual. Salam-kəlam üçün uzun vaxtım olanda bu suala da uzun-uzadı cavablar verirəm. Filan, filan şeylər var, filan, filan şeylər yoxdur. Nədənsə həmişə yox olanların sayı, var olanların sayını ötür. Bu, çox kədərlidir.

Hərdən yaşadığım ölkəyə də bu sualı ünvanlayıram. Nə var, nə yox, Azərbaycan? Bu ölkənin vətəndaşı olaraq sualımı cavablandırmaq da mənim öhdəmə düşür. Nəticədə, verdiyim suala cavab axtarıram. Başlayıram var olanlardan...

86.6 min kvadrat kilometr ərazimiz, on milyon əhalimiz, yeraltı və yerüstü təbii sərvətlərimiz, müxtəlif iqlim qurşaqlarımız var. Yaxşı nəticədir. Bu saydıqlarım iqtisadiyyatın inkişafı üçün mükəmməl amillərdir. 

Bəs başqa nəyimiz var? Peşəm gərəyi mədəniyyətə daha çox yönəlirəm. Hanı müasir bestsellerimiz? Hanı müasir dünya şöhrətli operamız? Hanı yerli nəhəng kinorejissorumuz? Hanı dünya teatr festivallarındakı yerimiz? Hanı dünya şöhrətli musiqi ulduzumuz? Yoxdur!

Bir müddət sosial şəbəkələrdən ayrı qaldım. Əsəblərim o qədər sakit idi ki... Təxminən iki ay sonra sosial şəbəkələrə qayıdanda nələrinsə yaxşıya doğru dəyişdiyini sanmışdım. Amma gördüm ki, şairimiz insanları müharibəyə səsləyir, gənc yazıçılarımız hələ də günlük, yaxud saatlıq eyş-işrətlərinin dərdində, qonaqlıq və seks axtarışındadırlar. Fəlsəfə adı ilə meydana çıxan bir feysbuk status yazanımız insanları cinsi maraqlarından dolayı təhqir edir. Ən böyük baletimizin bəstəkarı Arif Məlikovun da ölüm xəbərini oxudum. Var olanımız o idi, o da daha yoxdur!

Neyləyəcəyik? Bu gedişlə hara varacağıq? Bu məhəlli söhbətlərlə, dünyanın çoxdan çürüdüb zibil qutusuna tulladığı mövzularla mədəniyyətimiz - kinomuz, musiqimiz, ədəbiyyatımız, fəlsəfəmiz nəyə nail olmaq istəyir? Üzülürəm. Çox üzülürəm.

Avstraliyada Azərbaycanın Respublika Günü təmtəraqla qeyd edilib
© Photo : Asim Mollazadənin şəxsi arxivindən

Hollivudun yeni filmlərinin tanıtım çarxları yayımlanır. Yapon milyarder Aya rejissor, yazıçı, rəssam, bəstəkar, rəqqas, fotoqraf və digər yaradıcı şəxslərdən ibarət səkkiz nəfər göndərməyə hazırlaşır. Yaxında NASA kosmosa bir raket də göndərdi. Günəş sistemimizdəki bir neçə planet və peyklərdə Amerikanın, Rusiyanın, Çinin, Yaponiyanın, hətta Hindistanın belə bayraqları var.

Dünya elm və mədəniyyət tərəqqisində, kainatın ənginliklərinə qapı açıb, öz mədəni yaradıcılıq nümunələrini yad planetlərdə yaşayan canlılara belə tanıtmaqla əlləşir, biz isə bəsit mövzuların müzakirəsində bir-birimizi qırırıq.

Qarşımda bölünmüş Azərbaycan xalqı! Səslənirəm: nə var, nə yox, Azərbaycan? 86.6 min kvadrat kilometr ərazi, on milyon əhali, yeraltı və yerüstü sərvət, müxtəlif iqlim qurşağı. Neyləyək?

3660