İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin Pekində görüşü olub

Pekin dərsləri: Dünya nəhəngini Azərbaycana necə cəlb etməli

4992
(Yenilənib 21:29 26.04.2019)
Çin investisiya, təcrübə və bazarları baxımından bu mənada böyük potensialı olan ölkədir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də Çinə işgüzar səfər edib. Forumda iştirakdan əlavə İlham Əliyevin bir sıra mühüm görüşləri olub.

İlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb
© Official website of President of Azerbaijan Republic

Belə görüşlərdən biri də Rusiya prezidenti Vladimir Putinlə olan görüşdür. Vladimir Putin görüşdə azərbaycanlı həmkarını görməkdən məmnun olduğunu söyləyib: "Biz kluarlarda bir-birimizlə qısa danışıqlardan çox məmnunuq. Sizinlə artıq daha geniş tərkibdə söhbətləşmək imkanına malik olmaqdan şadam. Sizinlə müntəzəm görüşürük və təkcə fikir mübadiləsi aparmırıq, həm də birgə işimizi korrektə edirik. Fikrimcə, ümumilikdə birgə işimiz çox yaxşıdır. Ticari-iqtisadi əlaqələrimiz inkişaf edir. Biz hətta əslində Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün Sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq".

Azərbaycan Prezidenti İlham Əliyev isə çıxışında Vladimir Putinlə yenidən görüşməkdən məmnunluğunu ifadə edib: "Görüşlər münasibətlərimizin inkişafına çox ciddi impuls verir. Biz müntəzəm olaraq görüşür, bütün sahələrdə əməkdaşlığımıza dair vacib məsələləri həll edirik. Münasibətlərimizin necə inkişaf etməsindən çox məmnunuq. Bu münasibətlər bütün sahələri əhatə edir. İki ölkə arasında aktiv siyasi dialoq aparılır. Ticarət dövriyyəsinin artımını müşahidə edirik. Sizin də qeyd etdiyiniz kimi konkret layihələrin irəli aparılması üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələrinin birlikdə iş görməsinə çox böyük marağı var. Əlbəttə ki, əməkdaşlığımızın vacib istiqamətlərindən biri nəqliyyat-logistika sahəsidir. Burada da yaxşı nəticələrimiz var. Enerji, kənd təsərrüfatı və humanitar  sahələrdə əməkdaşlığımızın yaxşı nəticələri var. Hesab edirəm ki, əməkdaşlığımızın bugünki səviyyəsi çox məsələləri, ikitərəfli gündəmdə olan və regional məsələləri həll etməyə icazə verir. Ona görə də əminəm ki, bizim bugünki görüşümüz gələcəkdə dostluq, mehriban qonşuluq, qarşılıqlı dəstək və hörmətə əsaslanan münasibətlərin inkişafına yaxşı təkan verəcək. Biz bu münasibətləri qiymətləndiririk və onların irəliyə doğru gedəcəyinə ümid edirik".

İlham Əliyevin iştirak etdiyi beynəlxalq forum dünya mətbuatı tərəfindən diqqətlə izlənilir.

Böyük bir coğrafiyada effektlər yaradacaq "Bir kəmər - bir yol” layihəsi  yeni strateji reallıqların tərənnümü kimi qəbul olunur. Burada əsas oyunçu rolunda Çinin çıxış etməsi gerçək amil olsa da, faydalanma Şanxaydan Avropanın son Atlantik sahillərinə qədər bir nəqliyyat oxunda düzlənən bütün region ölkələrini əhatə edə bilər. Bu çoxsaylı ölkələr içərisində öz geosiyasi və geostrateji mövqeyi ilə seçilən tarixi İpək yolunun Şimal-Cənub nəqliyyat marşrutu ilə kəsişdiyi mühüm geostrateji məkanda qərarlaşan Azərbaycan da var. Bakı özünün müvafiq nəqliyyat-infrastruktur və logistik imkanları məcmusunda mühüm tranzit üstünlükləri ilə fərqlənir. Belə üstünlüklər həm də Böyük İpək yolunun baş arteriyası - TRASECA-nın mənzil qərargahının yerləşdiyi, Xəzərin ən böyük liman şəhəri paytaxt Bakının bütün multimodal nəqliyyat sistemini özündə birləşdirir. Avropa ilə Asiyanı birləşdirəcək yeni alternativ bağlantı - Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin yaradılması, Şimal-Cənub nəqliyyat dəhlizinin yenidən qurulması fonunda bu effektlər daha real görkəm alacaq.

Çinlə iqtisadi-siyasi əlaqələrin genişləndirilməsi Azərbaycan üçün hansı üstünlüklər yaradır? Siyasi araşdırmaçılara görə, müasir dünyada bütün dövlətlər Çin bazarı uğrunda mübarizə aparırlar. Həttə bu gün Çinlə ticarət müharibəsi aparan ABŞ da Trampdan əvvəlki prezidentlərin dövründə Çin bazarında mövqeyə sahiblənmək uğrunda ciddi mübarizə aparıb. Bu dövrdə Çində onlarla ABŞ müəssisələri açılıb. Bir müddət öncə Çinin dövlət rəhbəri Avropaya səfər etdi, Almaniya, Fransa, İtaliyada oldu, çoxsaylı və böyük həcmli iqtisadi sazişlər imzaladı. Yəni Avropa da çalışır ki, Çin bazarından pay götürsün. Bu baxımdan, Azərbaycanın da dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan ölkənin bazarına hədəflənməsi çox təbiidir. Azərbaycanın ilyarım əvvəl işə düşən Bakı-Tiflis-Qars dəmiryol xəttinin  nəzərdə tutulan həcmdə yüklənməsi üçün Çindən Avropaya daşınan mallara böyük ehtiyacı var. Bu malların cəmi 5 faizinin Azərbaycanın da daxil olduğu marşrutla daşınması ölkəmiz üçün böyük iqtisadi fayda gətirə bilər. Yəni Azərbaycanın regional tranzit qovşağına çevrilməsi demək olar. Lakin Çin Azərbaycanın nəqliyyat dəhlizlərindən istifadə məsələsində bir qədər ehtiyatlı mövqe sərgiləyirdi. İlham Əliyevin Çinə görüşü zamanı Azərbaycanın Avrasiya regionunda özlərinin əsas tərəfdaşlarından biri adlandırılması göstərir ki, bu mövqedə ciddi dəyişiklik var. Hiss olunur ki, Çində Azərbaycan üzərindən keçən nəqliyyat-tranzit marşrutuna ciddi maraq yaranıb. Düzdür, Çin öz məhsullarının əsas hissəsini quru yolla - Qazaxıstan və Rusiya üzərindən, həmçinin dəniz yolu ilə Avropaya göndərir. Lakin bu, heç də alternativ marşrutun olmasını istisna etmir. Nəzərə aldıqda ki, Azərbaycan üzərindən keçən marşrut digərlərinə nisbətən daha qısadır, bu zaman Çinin marağının əsaslı olduğunu görərik. Bu marağın reallaşması Azərbaycanın Ələt dəniz limanı və Bakı-Tiflis-Qars dəmiryol xəttinin tamamilə yüklənməsi demək olacaq. Bu isə həm Azərbaycanda yeni iş yerlərinin, iqtisadi gəlirlərin artması, həm də ölkəmizin bölgədə rolunun güclənməsinə gətirəcək.

Çin investisiya, təcrübə və bazarları baxımından bu mənada böyük potensialı olan ölkədir. Çin öz məhsullarını Azərbaycanda istehsal edib Avropaya daha rahat və daha az xərclə çatdıra bilər. Bu kontekstdən yanaşsaq, mövcud vəziyyət o qədər də ürəkaçan deyil. Çünki indiyədək Çindən Azərbaycana 800 milyon dollar investisiya yatırılıb ki, bunun da hamısı neft sektorunadır. Hətta Azərbaycan kimi kiçik ölkənin Çinə yatırdığı investisiya bundan iki dəfədən də yuxarıdır. Azərbaycan investisiyaların, texnologiyaların cəlbi baxımından Çinin potensialından yararlanmaq üçün xeyli müddət əvvəl fəaliyyətlərə başlamalı idi. Amma gec də olsa, bunun başlanması və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan sonra Çinlə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişlənməsi gözlənilir. Bu genişlənmə Azərbaycanın iqtisadiyyatı diversifikasiya etməsi üçün böyük imkanlar açacaq. Çinlə münasibətlərin genişlənməsinə Azərbaycan üçün yalnız tranzit ölkə olaraq rolunun artması nöqteyi-nəzərindən baxmaq lazım deyil. Tranzit imkanları bu münasibətlərin yalnız bir detalı ola bilər. Azərbaycan Çinlə əlaqələrdən investisiya cəlbi, müasir texnologiyaların inkişafı, yerli istehsalın qurulması baxımından yararlanmağa çalışmalıdır. Bu isə ölkədə xarici investisiyaların cəlbi üçün əlverişli mühitin yaradılmasını, azad rəqabətin formalaşdırılmasını zəruri edir. Bir sözlə, Bakı Çinlə əlaqələrini gücləndirməklə əslində yalnız iqtisadi baxımdan qazanmır, eyni zamanda geosiyasi uğur əldə edir...

4992
Əlaqədar
İqtisadçılar Çin üçün bədbin proqnoz verdilər
Çin qırıcı istehsalında dünyada bir ilkə imza atacaq
ABŞ-da Çin xofu yayılıb: Onların rəqibi yoxdur
İlham Əliyevdən Çin şirkətlərinə jest
Çin lideri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi
Yazı yazan kişi, arxiv şəkli

Rafiq Tağı 70: Unudulmaz dost, böyük yazıçı, şəfqətli həkim

1178
Qatilləri tapılmadı. Onun qətlə yetirilməsinə görə heç kəs cəza almadı. Burada da qəribə bir simvolika var.

Bu il avqust ayının 5-i tanınmış yazıçı, ədəbiyyatımızın görkəmli və sevilən nümayəndəsi, bıçaqlanaraq qətlə yetirilən Rafiq Tağının 70 yaşı tamam olur.

Yaşasaydı onun üçün təbdəbəli yubiley tədbiri keçirilməyəcəkdi.

Çox güman ki, hər hansı təltif, diplom, medal, mükafat da qəbul etməyəcəkdi.

Uzaqbaşı ailəsi, dostları ilə bu günü qeyd edib, üzündə işıqlı, həlim təbəssümlə növbəti yaşıyla vidalaşacaqdı.

Ona görə yox ki, Rafiq Tağı yazıçı olaraq mükafata layiq deyil, sadəcə dəbdəbəni sevməzdi ustad. Yeri gəlmişkən onun şəxsiyyəti bütün mükafatlardan, bütün təltiflərdən üstün idi. Sağlığında hətta "tanınmış yazıçı" ifadəsini belə, qəbul etmirdi – kifayət qədər tanınsa da, sevilsə də....

Təxminən 9 il əvvəl mənimlə söhbətində demişdi: "Azərbaycanda "titul" haçansa baş vermiş yaltaqlığın nişanəsidir. Titulsuzluq bunun əksidir. Saxta ad və san insana ləzzət eləməsin gərək".

O saxta ad-sandan ləzzət almayacaq qədər böyük şəxsiyyət idi!

Rafiq Tağı həyatda mülayim, yazıda sərt, bəzən acımasız bir imza sahibi idi. Yazısında, müsahibəsində bir nöqtənin, bir hərfin, ən sadə bir fikirin davasını aparan adam, çayxana söhbətlərimizdə necə bu qədər mülayim ola bilirdi? Üzündəki həlim və şəfqətli ifadə ğmrümün sonuna qədər məni izləyəcək! Və tam səmimiyyətimlə düşünürəm ki, Rafiq Tağı mənim ilk ən böyük itkim idi...

Rafiq Tağı
© Photo : Azpolitika
Rafiq Tağı

Bu xoşxasiyyət, mehriban, ipək kimi adamın mətnləri od-alov, üsyan, başdan-başa etiraz idi. Yazılarını oxuyanda, onunla üz-üzə oturub söhbət etməyə, polemikaya girməyə çəkinirdin. Ancaq, əslində böyüklə-böyük, uşaqla-uşaq idi. Azacıq ədəbiyyat işığı gördüyü adamla oturub söhbət etməyə, polemikaya girməyə, bildiklərini bölüşməyə üşənməzdi. O qədər canayaxın, mehriban, gülərüz insan idi ki, insan özündən asılı olmadan bütün dərdini-sərini onunla bölüşməyə qeyri-iradi başlayırdı. Qəfil ayılırdın ki, illərin doğması kimi dərdləşirsən, içini açıb-tökürsən...

Bəlkə də onun sevilməsinin, sayğı görməsinin səbəbi bu sadəlövhlüyü, canayaxınlığı və qayğıkeşliyi idi.

Rafiq Tağı yorulmaz maarifçi idi. Hər söhbətində, hər yazısında oxumağın, mütaliənin faydasını xüsusi vurğulayır, bəzən fikirlərini sərt şəkildə ifadə etməkdən də çəkinmirdi.

"Kitabı nə üçün oxuyurlar: estetik baxışları formalaşdırmaq, incələşdirmək və heyvan səviyyəsindən çıxmaq üçün. Kim dediyim səviyyədə qalmaq istəyirsə, oxumasın – məcbur edən yoxdur." – Onun fikirləridir. Bəzən mütaliənin faydasını, oxumağın önəmini bu cür sərt şəkildə ifadə edir, oxumağın xalqın inkişafı üçün önəmini, dəyərini hər zaman xüsusi vurğulayırdı.

Rafiq Tağı imkansız xəstələrinin müalicəsi üçün dərman alan, xəstəsinin evinə əlidolu – bazarlıq edib gedən tək-tük həkimlərimizdən idi. Bəlkə də onun canayaxınlığı və qayğıkeşliyi, şəfqətli davranışları peşəsindən irəli gəlirdi.

Qətlə yetirilməsi, bıçaqlanması qəfil, gözlənilməz olsa da, özü sanki bunu öncədən duymuşdu və başına gələcəkləri yazıçı həssaslığı ilə həsr etmişdi. Onu hər dəfə xatırlayanda gündəliyimə qeyd etdiyim söhbətləri, ondan aldığım müsahibələri yenidən xatırlayıram, təkrar-təkrar oxuyuram. Qətlə yetirilməsindən təxminən on ay öncə aldığım müsahibəsində bir fikir səsləndirib. Və ölümündən keçən doqquz il ərzində mən hər dəfə bu fikiri xatırlayanda dəhşətə gəlirəm: "Başında Allah ideyası olmayan, humanizmdən bixəbər, ideyalar dünyasından yan keçmiş insandan nə desən gözləmək olar. Durduğum yerdə bıçağı qarnıma soxsalar, şəxsən mən təəccüblənmərəm."

Bəli, o sanki cəhalətin bıçaq zərbəsi ilə həyatını itirəcəyini, qətlə yetiriləcəyini, güzəştə getmədiyi bu savaşda şəhid olacağını öncədən duyurdu. Onu məhz "durduğu yerdə", heç bir səbəbsiz, gözlənilmədən qətlə yetirdilər. Ancaq cəhalət əlindəki bıçağı üzbəüz, gözlərinin içinə baxaraq qarnına soxmağa cəsarət etmədi. Rafiq Tağı ilə birlikdə ədəbiyyatımızı da, mədəniyyətimizi də kürəyindən bıçaqladılar...

Onu Allahsızlıda suçlayırdılar, ancaq Rafiq Tağı Allaha bütün dindarlardan bir köynək daha yaxın idi. Özü etiraf edirdi ki; "həyatımı İsa peyğəmbərin əxlaqına uyğun tərzdə qurmağa çalışıram."

Bu gün yana-yana xatırladığım böyük dost, böyük yazıçı, böyük şəxsiyyət Rafiq Tağı cəhalətin qurbanıdır. Onun işığı qarşısında gözü qamaşanlar bu işığı söndürmək üçün ən ləyaqətsiz yolu seçdi. Və biz öz sevimli yazıçımızı, əziz dostumuzu, ağsaqqalımızı qoruya, mühafizə edə bilmədik.

Qatilləri tapılmadı. Onun qətlə yetirilməsinə görə heç kəs cəza almadı. Bu məqamı düşünəndə sarsılıram. Burada da qəribə bir simvolika var. Çünki, onun qatili konkret bir adam deyil, cəhalət, savadsızlıq və nadanlıq idi. Və cəhaləti cəzalandırmağın yeganə yolu bu cəmiyyəti, bu toplumu maarifləndirmək, onun işığının, bilgisinin artmağına, çoxlamasına çalışmaqdır. Oxunan hər kitab, yazılan hər cümlə, gələcəyə ümidlə və arzuyla addımlayan hər bir gənc, alıb evimizə apardığımız hər bir kitab, Rafiq Tağının qatilindən aldığımız qisas, cəhalətə meydan oxumağımızsa o qatilə verdiyimiz ən böyük cəzadır.

Sənin ruhun qarşısında baş əyirəm dəyərli ustad, əziz dost...və ümid edirəm ki, hökmən görüşəcəyik!

1178
ABŞ-da epidemioloji vəziyyət

Mayk Pompeo, ərəblərin gecikmiş atomu, sosial lift xoşbəxtlik

890
(Yenilənib 20:16 03.08.2020)
Pul, həqiqətən də bəzən xoşbəxtlikdir. Və ya hansısa fikir adamının söylədiyi kimi – “Pul xoşbəxtlik gətirmir, amma bədbəxtlik baş verəndə çox kömək edir”.

BAKI, 3 avqust — Sputnik. 7x7 həftənin yaddaqalan hadisələrini şərh edir

Pərdə arxasındakı bəla

Əksər ehtimallar “taclı bəla”nın tezliklə həyatımızdan çıxmayacağını deyir. Bəzi qənaətlər isə hətta belədir ki, koronavirus əbədi olaraq bizimlə qalacaq, onun ilin sonunadək yoxa çıxacağına dair proqnozlar nikbin yanaşmanın məhsuludur. Ötən həftə dünyada bu xəstəliyə yoluxanların sayı 18 milyonu ötdü. Rəqəmlər şərtidir, bütün xəstələri qeydə almaq, sadəcə, mümkün deyil. Məlum olmayan təkcə xəstələr, onların sayı deyil. Pandemiyanın hansısa güc mərkəzləri tərəfindən idarə olunduğuna, Yer kürəsində insan sayının kəskin azaldılmasına hesablanmış proqram olduğuna dair mülahizələrin inandırıcılıq gücü də getdikcə daha çox artır. ABŞ dövlət katibi Mayk Pompeonun Ümumdünya Səhiyyə Təşkilatının Çinə satılmasına dair açıqlaması pərdə arxasında nələrinsə baş verməsinin növbəti ifadəsidir.

Alzheymer

Ötən həftə Paşinyan Rusiya kanalına müsahibədə “Qarabağ xalqı”ndan, Ermənistanın “konstruktiv” mövqeyinə qarşı Azərbaycanın “güc tətbiqi”ndən və s. danışıb. Tovuz istiqamətində gözləmədiyi səviyyədə cavab alan Ermənistanın diplomatik müstəvidə də küncə sıxılmasından sonra Nikolun sərsəmləmələri daixili auditoriya qarşısında itirilmiş xalların geri qaytarılmasına hesablanmış cəhdlərdir.

Rusiya televiziyasına müsahibəsində Paşinyanın gileyi də aydın sezilir. KTMT-dən gözlədiyi dəstəyi ala bilməyən baş nazir təbii olaraq məyusdur və Kremli Ankara ilə üz-üzə qoyaraq Türkiyənin münaqişəyə təsirini neytrallaşdırmağa çalışır. Sitat: “Türkiyə və Azərbaycan Minsk qrupunu prosesdən qovmaq istəyir. Rusiya isə susur”.

Rusiyada isə Paşinyanı Sorosun adamı kimi qəbul edirlər. Daxili böhran, diplomatik sahədəki uğursuzluqlar deməyə əsas verir ki, Nikol da tezliklə sələflərinin ardınca gedəcək.

Genetik yaddaş

Okeanın o biri üzündə də erməni lobbisi üçün xoş deyil. ABŞ konqresində Azərbaycan əleyhinə düzəlişə nail ola bilməmələri bir yana, Azərbaycanın torpaqlarının işğalı nəticəsində məcburi köçkünlərin pozulmuş hüquqları ilə bağlı düzəlişin konqresə təqdim olunmasının yaratdığı “duş effekti”nin təsiri keçməmiş Los-Anceles polisi erməni lobbisinin yalanını ifşa edib. Ermənilər sosial media platformalarında azərbaycanlıların bu şəhərdə keçirilmiş aksiyalarda silahlı olduqlarını, bununla bağlı polisə məlumat verdiklərini, polisin onların silahlarını müsadirə etdiyini, ancaq aksiya gedə-gedə onlara geri qaytardığını iddia ediblər.

Nə qədər də gülməli səslənir, deyilmi? ABŞ polisinin bu cür addım atması üçün hansı marağı ola bilər?! Erməni kimliyi, böhtançılıq, dezinformator genetik yaddaşı, deməli, dağları, dərələri, okeanları aşsan da, özünü göstərməlidir.

Azərbaycanlıların Orduya dəstək aksiyası, arxiv şəkli
© Photo : Consulate General of the Republic of Azerbaijan in Los Angeles

İslam kasıblığı

Birləşmiş Ərəb Əmirliklərində ərəb dünyasında ilk atom elektrik stansiyası – “Baraka” işə salınıb. Dünyanın neft ehtiyatlarının 10%-nə sahib olan, ən zəngin ölkələrdən birinə çevrilmiş BƏƏ-nin yalnız indi belə bir stansiyaya sahib olması islam dünyasının elm və texnologiyaya münasibəti, bugünkü dünyanın çağırışlarından nə qədər geri qaldığının göstəricisi sayıla bilər. Bu, hələ islam dünyasının ən qabaqcıl ölkələrindən biridir. Bəli, təəssüflər ki, bu gün dünyanın ən geridə qalmış ölkələri sırasında müsəlmanların yaşadıqları ölkələr üstünlük təşkil edir. Bir zamanlar elmin beşiyi sayılan islam ölkələrinin orta əsrlərdən sonra bu sahədəki tənəzzülü onların qabaqcıq Qərbdən asılılığını şərtləndirib.

Sosial lift

Azərbaycan isə yeni texnologiyaların tətbiqində, eləcə də elm və təhsil sahəsində islam dünyasının aqibəti ilə üzləşmək istəmir. Postneft dövründə bizi yalnız insan kapitalı xilas edəcək. Odur ki, ölkəmizdə təhsilin prioritet istiqamətlərdən biri elan edilməsi təsadüfi deyil. Ötən həftənin ən mühüm hadisələrindən biri yeni təhsil nazirinin təyin olunması idi. Yeni nazir Emin Əmrullayev həftə ərzində ən çox müzakirə olunan sima idi. İnsafən, deyək ki, onun haqqında neqativ fikrə rast gəlmək mümkün deyildi. “Background”u və imici E.Əmrullayevdən gözləntiləri də artırır – hamı onun təhsil sahəsində ciddi nəticələr əldə edəcəyinə inanır.

Və başqa bir məsələ  - E.Əmrullayevin nazir təyin olunması idarəçilikdə sosial liftin işlədiyini də göstərir. Yəni ən yüksək postlara təyin olunmaq üçün “dayday” tələb olunmur, bilik və bacarıqlar, işgüzarlıq və müsbət imic lifti hərəkətə gətirə bilir.

SMM narkotacirlər

Sosial şəbəkələr bu gün biznes sahələrinin inkişafında əhəmiyyətli rol oynayır. Şirvan şəhərində narkotik satıcısı da bu imkanlardan istifadə etmək istəyib.  Ancaq polis gəncə mane olub. Məlum olub ki, təqsirləndirilən şəxs S.Məmmədov müxtəlif sosial şəbəkələrdə canlı yayımlar açıb və izləyicilərə psixotrop maddə olan metamfetaminin hansı qaydada istifadə edilməsini göstərib, eyni zamanda narkotik vasitələrin həm alışı, həm də satışı ilə məşğul olduğunu qeyd edərək ticarəti genişləndirmək istəyib. Amma göründüyü kimi, alınmayıb...

Pul xoşbəxtlikdirmi?

Həftənin daha bir yaddaqalan hadisəsi kriminalla bağlıdır. Eyni həyətdə yaşayan qardaşlar arasında yaranan mübahisə qanla nəticələnib. Belə ki, sərxoş vəziyyətdə olan 50 yaşlı N.Şirinov qardaşı, 1957-ci il təvəllüdlü Z.Şirinova bıçaqla hücum edərək əvvəlcə sağ qoluna, sonra isə sinə nahiyəsinə xəsarət yetirib. Daha sonra o, bıçağın tiyəsi ilə qardaşı oğlunun göz nahiyəsinə zərbə endirib. Məlumata görə, Z.Şirinovun sinəsinə dəyən bıçaq zərbəsi köynəyin cibindəki pula batdığından dərinə işləməyib və onun həyatını xilas edib. Deməli, pul, həqiqətən də bəzən xoşbəxtlikdir. Və ya hansısa fikir adamının söylədiyi kimi – “Pul xoşbəxtlik gətirmir, amma bədbəxtlik baş verəndə çox kömək edir”.

890
Əlaqədar
Ağsaqqalın resepti, amerikalının məktubu, kollektiv mübarizə və toylar
“Gallup”, Türkiyənin əzələsi və "oh, my god!"
Yəhudi şagird, ala qarğa, Rəşad Sadıqov və dərə-təpə düz, iki yüz
"Food City", “beşinci təkər” və Rəhim Qazıyev
"Bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır
Zeytun yağı

Qızartmalar üçün hansı yağları seçməli: rus alim xəstəlik mənbəyi olan qidaları açıqladı

0
70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır

BAKI, 6 avqust — Sputnik. Qızartmalar üçün kərə yağından istifadə etmək təhlükəli ola bilər. Bu barədə Sputnik radiosuna müsahibəsində qastroenteroloq, dietoloq, tibb elmləri namizədi İrina Berejnaya bildirib.

Onun fikrincə, ən yaxşısı ərzaqları quru tavada, ya da qril şəklində qızartmaqdır. Amma çoxları bunu kərə yağında etməyə üstünlük verirlər. Əgər kərə yağını təzə-təzə yemək təhlükəsizdirsə, ondan məhsulların qızardılması üçün istifadə etməmək daha yaxşıdır.

"Təzə kərə yağı müəyyən miqdarda tamamilə təhlükəsizdir. O, həmçinin xolesterin mübadiləsinə təsir baxımından özünü doğruldur. Qızardılmış məhsullara gəldikdə, burada kərə yağını istifadə etməmək daha yaxşıdır. 70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır", – deyə İrina Berejnaya xəbərdarlıq edib.

Dietoloq deyib ki, yeməkləri hazırlamaq üçün quyruq yağından istifadə edə bilərsiniz, amma bu da ən yaxşı seçim deyil.

"Quyruq yağı öz strukturuna görə çox maraqlı məhsuldur. Həmçinin xolesterin mübadiləsinə mənfi təsir göstərmir. Bundan yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin uzun müddət istifadə edildikdə və yüksək temperaturda çox yüksək kalorili olacaq. Buna görə də eyni sərbəst radikalların meydana gəlməsi mümkündür. Ola bilsin, sərbəst radikallar kərə yağına nisbətdə daha az əmələ gələcək. Məhsulları zeytun yağında qızartmaq daha yaxşıdır, çünki bu, yüksək temperaturda sərbəst radikalların meydana gəlməsini təmin etməyən yeganə yağdır", – deyə dietoloq əlavə edib.

Xatırladaq ki, bu günlərdə həkim-dietoloq Andrey Bobrovski qafqazlıların uzunömürlülüyünün sirrinin manqalda bişmiş ətdə olduğunu demişdi. "Ətin qrildə və ya manqalda bişirilməsi ən dietik üsuldur. Digər üsullardan fərqli olaraq açıq manqalda bişirmə artıq yağları aradan götürür. Yağ bişdikdə əriyib axır. Tavada bişirilən zaman isə əksinə yağ yığılır və ətə hopur", - deyə Bobrovski bildirmişdi.

 

0
Əlaqədar
Yumurta yeyin, arıqlayın...
Adi göbələkdir, amma qanda şəkəri azaldar, mədə florasını bərpa edər
Gül plantasiyalarından kiçik şüşəyə: Qızılgüldən yağ necə alınır
Qafqaz uzunömürlülüyünün sirri - Hər şey kababla bağlı imiş
Buna da növbə çatdı - Şokolad ziyanlı imiş