Pulqabında manatlar, arxiv şəkli

Havayı pul qazanmaq istəyənlərin diqqətinə: Düzlənin!

22026
(Yenilənib 17:06 31.03.2019)
Qətiyyətlə bəyan edirəm ki, amerikalılar öz təklifləri qarşısında bizdən uyğun namizədlər tapa bilməzlər

BAKI, 1 aprel — Sputnik. ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) qeyri-adi iş təklifi ilə diqqət mərkəzinə gəlib. Belə ki, təşkilat 2 ay ərzində, yalnız yataq vəziyyətində qalmaq üçün külli miqdarda pul verəcəyini vəd edir.

Yayılan məlumatda qeyd olunur ki, bu müddət ərzində yataq vəziyyətində qalacaq şəxslər, eyni zamanda televiziya da izləməlidirlər. NASA bunun üçün 19 min dollar pul mükafatı vəd edir. Vakansiya 14 nəfər üçün nəzərdə tutulub.

Bu NASA-nın diqqətini yönəltmək lazımdır biz tərəfə. Amerikada çətin ki, o təklifi qəbul edəcək 14 nəfər tənbəl tapıla. Amma yönəlsin bu tərəfə, deyil 14 nəfər, azı 140 min nəfər adam çıxaraq qabağına. Həm də iki ay yox e, ölənə qədər yerlərindən qalxmasınlar, təki pul gəlsin.

Sinov getmirik havayı pul qazanmaq, yeyib-yatmaq, yerimizdən tərpənmədən rahat loxma udmaq üçün? Vəssalam da! NASA-nın istədiyi iki göz, daha doğrusu gününü yataqda və televizor qabağında keçirən adam tapmaqdırsa, bizdən uyğununu tapa bilməz.

Gəlin, bir az da özümüzü tənqid edək, əyrilərimizi, eyiblərimizi dilə gətirək. İşsiz-pulsuz qalmağımızın səbəbkarı həm də özümüz deyilik? Gül kimi rayonlarımızı atıb paytaxta axın edirik, nədi-nədi 5-10 manat günəmuzd qazanıb, axşama özümüzü gecə klublarına çatdıra bilək.

Bəli, rayonlarda iş yeri tapmaq asan deyil. Amma istəsək, iş yerlərini elə özümüz yarada bilərik, öz ağamız, öz nökərimiz ola bilərik. Hektarlarla əkin sahələrinı, meyvə bağlarını, potensial fermer təsərrüfatlarını arxamızda buraxıb, şəhərin cansıxıcı küçələrində dolaşmasaq, 3 gün o tikinti briqadasında, 5 gün bu kafenin bulaşıq masaları arasında qəpik-quruş üçün ömür sürməsək, edə bilərik!

Və etmirik. Bilirsiniz niyə? Çünki təsərrüfat yaratmaq üçün az yatıb, çox çalışmaq lazımdır, canını dişinə tutmaq lazımdır, əyləncələrə, çayxanalara, meyxanalara daha az zaman ayırmaq lazımdır.

Görürük axı, qonşumuz Arif kişinin halını. Noolsun yaxşı pulu var, "zato" gecəsi-gündüzü yoxdur. Səhərdən-axşama el-el, oba-oba gəzir, arıq-sısqa mal-heyvanları ucuz qiymətə alır, gətirib bəsləyir-bordayır, minbir əziyyət çəkir, sonra da aparıb baha qiymətə satır. Belə də güzəran olar?

Ya da kəndin aşağısında Quliyev qardaşlarını götürək. Yazıqlar 30 baş inəyin, 200 baş qoyunun, 20 hektar üzüm bağının arasında itib-batıblar. Ailəlikcə tarlalarda, mal-heyvan tövlələrində tər tökürlər ki, 5-10(000…) manat pul qazansınlar.

Biz isə bu əziyyətə niyə qatlaşaq ki?! Yuxumuza niyə haram qataq, şirin canımıza niyə qəsd edək, tinlərdə, dalanlarda çöməlib siqaret tüstülədən yoldaşlarımızın bizim əvəzimizə asudə vaxt keçirmələrinə niyə şərait yaradaq?!

Gedib Gədəbəydə kartof alası vurmaqdansa, Zaqatalada mal tövləsini kürüyüb, inək sağmaqdansa, Şəmkirdə pomidor istixanalarında barmaqlarımızı qabar etməkdənsə, Lənkəranda limonun saralmasını gözləyə-gözləyə çəltik suvarmaqdansa, elə hazır Yasamalın "13-cü xriptovu"sunda 5 nəfərin kirayə qaldığı 1 otaqlı, ümumi hamam-tualetli daxmada lətifədən danışıb, şaqqanaq çəkib gülürük də.

Gülürük… Bəli, gülürük. Ağlamalı halımıza gülürük. "Kruqa" buraxdığımız bir ədəd siqaretin tüstüsü altında gülürük. Kirayə pulunun vaxtı çatarkən, 5 kişiyə 100 manat düzəldə bilmədiyimizə görə ev sahibinin üzümüzdəki tüpürcəyini silə-silə gülürük.

Eyyy NASA, bizə bir nəzər eylə, uduzmazsan. Hələ bəlkə ştatların sayını artırası oldun…

22026
Teqlər:
kənd, rayon, heyvan, mal, tarla, əziyyət, zəhmətkeş, , pul
Əlaqədar
Qadınların iş vaxtı dəyişdirilə bilər
Ev və iş üçün müraciət edən vətəndaşların problemləri həllini tapıb
Yaşı 35-dən aşağı olan vətəndaşlar üçün iş fürsəti
Bakının mərkəzi

Beyin qırışları açılmayanlar, yaxşı restoran axtaranlar səmaya üz tutanlar

11
(Yenilənib 17:29 26.07.2021)
Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı 7 hadisəsi şərh edilir: Su savaşları, kosmosa doğru və s.

Su savaşları

İranın müxtəlif əyalətlərində su çatışmazlığı ilə bağlı etiraz aksiyaları keçirilir.

Belə böhranın nə vaxtsa bütün dünyanı bürüyəcəyi şübhə doğurmur. Hesablamalara görə, Yer kürəsi əhalisinin üçdə ikisi 25 ildən sonra su çatışmazlığı yaşayacaq. Son yarım əsrdə baş verən quraqlıqlar dünya miqyasında 650 min insanın ölümünə səbəb olub.

Su müharibələrinin başlandığı artıq sirr deyil. Artıq karbohidrogen ehtiyatlar perspektivini itirir – 48 il sonra neft, 50 il sonra isə qazın tükənəcəyi bildirilir. Odur ki dünya alternativ enerji mənbələri üzərində baş sındırır və tapır. Ancaq suyun alternativi hələ ki, yoxdur və su hövzələri uğrunda savaşlar artıq başlayıb.

Qaçış və beyin qırışları

Ermənilərin "Qarabağ", "status" davası isə su hövzələri ilə bağlı deyil – onlar sadəcə, uydurma tarixin əsirinə çevriliblər. Düzdür, işğal etdikləri ərazilər həm də su resursları ilə zəngin idi, ərazi iddiaları ideoloji xəstəliklə bağlıdır.

Ələyi ələnib, xəlbiri göydə oynayan erməni ordusunun təxribatları, məsələn, Kəlbəcərdə törədilən təxribat da Yerevanın ağlını başına yığmadığını növbəti dəfə təsdiq etdi. Baxmayaraq ki, bundan cəmi bir gün öncə Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bəyan etmişdi. Ya Paşinyan manipulyasiyalar edir, ya da ordu onun nəzarətindən kənardadır – Robert və Serjə bağlı generallar Paşinyana "torba" tikir. Bu arada, Ermənistan mətbuatının məlumatına görə, general-leytenant Artak Davtyan və birinci müavini general-mayor Arşak Karapetyan arasında dava-qırğın olub. Müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan isə istefa verib.

Moskva səfərindən sonra Paşinyan sülhə hazır olduğunu, Azərbaycan Prezidenti isə "statusun yerini göstərdiyini" söylədi. Bu iki açıqlama regionun gələcək yol xəritəsini göstərir. Yerevan rəsmilərinin Parisə, Brüsselə, Moskvaya qaçışları heç nəyi dəyişməyəcək – uzağı, erməni siyasətçilərinin ayaq əzələləri inkişaf edəcək. Qaçışın beyin qırışlarının açılmasına təsirini tibb təsdiq edibmi, görəsən?

Ədalətsizliyə qarşı immunitet

Avropa İttifaqının Ermənistana 2,6 milyard, Azərbaycana isə 150 milyon manat ayırması ötən həftənin ən çox müzakirə olunan mövzularından biri idi. Bəzi ekspertlər bu "ödəniş"in erməni xalqının susdurulmasına yönəldiyini desələr də, fakt odur ki, müharibədən bəlkə də 1 trilyon dollar zərər görən Azərbaycandır. İkili standartlar, vasitəçilərin ədalətsiz neytrallığı, laqeydliyi, həmsədrlərin turist səfərləri bizdə bu cür münasibətə qarşı 30 il ərzində immunitet yaradıb.

Ötən həftə ABŞ-ın nüfuzlu "Foreign Policy" nəşrində işıq üzü görən məqalədə 2017-ci ildə Minsk Qrupunun həmsədrlərindən biri olan amerikalı Riçard E.Hoqlandın dedikləri də vasitəçiliyin mahiyyətini açır: "Beşulduzlu hotellərdə qaldıq, adətən xüsusi mərtəbədə bizə ayrıca yemək otağı və çoxçeşidli barı olan nömrələr ayrılırdı. Hər zaman getdiyimiz şəhərlərdə ən yaxşı restoranları axtardıq. ATƏT bayrağı altında Bakı ilə Yerevana Minsk Qrupunun mövcud olduğunu xatırladaraq bir müddət yaxşı yaşadıq. Ancaq açıq etiraf etməliyik ki, az, özü də lap az iş görə bildik".

Koronavirusa qarşı immunitet isə...

Londonda, Sidneydə, Parisdə insanlar məhdudiyyətlərə diş qıcayır. Onlara peyvənd olunmaq istəməyənlər də qoşulub. Bu, o vaxt baş verir ki, Avropa İttifaqı ölkələrinin yarıdan çoxu peyvənd olunub: 187,7 milyon insan. Bu, birlik ölkələrinin yetkinlik yaşına çatmış əhalisinin 51,3%-i deməkdir.

Bu arada Rusiyada koronavirus infeksiyasının "Delta" kimi daha yoluxucu olan "Qamma" variantı yayılıb.

ÜST-ün rəhbəri Gebreyesus isə nikbin danışmır: "Virus nə qədər geniş yayılsa, onun daha çox növü ortaya çıxacaq və hazırda bu qədər ziyan vuran "Delta" ştammından daha təhlükəli olma potensialı olacaq".

Gebreyesus müəllimin adının "gəbərəssiz" sözü ilə nisbətən səsləşməsi sadəcə, təsadüfdür, ciddi proqnozlar üçün əsas vermir.

Kosmosa doğru

Yerdən ümidini üzən insan nəsli göylərə üz tutur. Allaha üz tutmaqdan söhbət getmir – əksinə, ateistlərin sayı artır ("Gallup" şirkətinin 57 ölkədə 50 min nəfər arasında keçirdiyi sorğuya görə, 2005-2011-ci illər arasında özünü dindar hesab edənlər 77 faizdən 68 faizə düşüb). "Blue Origin" fəza şirkəti və "Amazon"un təsisçisi Ceff Bezosun kosmos səyahəti bu həftə dünya gündəminin ən mühüm hadisələrindən idi. Düzdür, bundan 1 həftə öncə "Virgin Galactic" şirkətinin milyarder sahibi Riçard Branson suborbital uçuş həyata keçirməklə Bezosun kosmosa daxil olan ilk milyarder statusuna sahiblənməsinə imkan vermədi, amma hər halda, hadisə maraqla qarşılandı, müxtəlif internet platformalarda canlı yayımlandı, milyonlarla insan onu acıgözlüklə izlədi.

Həmin vaxt çoxumuzun başı Pərvinin sevgilisinin onu şantaj etməsi, Aşıq Namiqin qadına qarşı nalayiq hərəkətlərinin müzakirəsinə qarışmışdı.

Göz yaşları

Avropanı sel-su yuyub aparır. Almaniyada ölənlərin sayı 200-ə, Belçikada 30-a çatıb. Niderlandda da leysan və çay daşqınları şəhərləri su altına alıb.

Suriyalı uşağın "Hamınızdan Allaha şikayət edəcəm" sözləri yadınızdadır, yəqin ki.

Bəlkə bu sel suriyalı uşaqların göz yaşlarıdır?!

Hə şey vətən üçün deyənlər və...

Şəmkirdə şəhid ailəsinin evindən oğurluq edən iki nəfər saxlanılıb. A.N. və H.R. (günahları sübuta yetirilmədiyindən adları bu cür təqdim edirik) gecə qonşuluqdakı şəhid ailəsinə məxsus evə daxil olaraq ümumi dəyəri 25 min manat olan qızıl-zinət əşyalarını oğurlayıblar.

Canını vətən uğrunda qurban verən, hər şey vətən üçün deyən adamın evindən oğurluq edən adamı, nə qədər qəddar səslənsə də, mina təmizləyən maşınların qarşısına qoşmaq lazımdır.

11
Kitabxana, arxiv şəkli

Hazırlıqlı oxucuya kitab tövsiyəsi: “Qumru əlifbası”

251
Dərindən düşündükdə, əslində daha ciddi problem oxucunun yox, ədəbiyyat adamlarının, yazarların, tənqidçilərin, ədəbiyyatşünasların prosesə, ədəbiyyat gündəminə laqeydliyidir.

Ölkənin ədəbiyyat gündəminə qarşı oxucu laqeydliyinə dəfələrlə toxunmuşuq. Nə yeni imzalar, nə yeni yaranan ədəbiyyat, nə də yeni kitablar diqqət çəkir. Milli ədəbiyyat haqqında oxucu təmkinlə susur. Bizim bu sükutu tək-tənha pozmaq cəhdlərimiz hələlik alınmır. Çünki qələm adamları öz eqolarını, ambisiyalarını bir kənara atıb, eyni hədəfə doğru birlikdə hərəkət etmək istəmir.

Dərindən düşündükdə əslində daha ciddi problem oxucunun yox, ədəbiyyat adamlarının, yazarların, tənqidçilərin, ədəbiyyatşünasların prosesə, ədəbiyyat gündəminə laqeydliyidir. Təəssüf ki, bizim əli qələm tutanlarımız yerli və milli ədəbiyyat haqqında yazmağa bir o qədər həvəsli deyil. Bunun səbəblərini özüm üçün az-çox aydınlaşdırmışam, bölüşmək istəmirəm. Açığı “qaranlığı lənətləməkdənsə bir şam yandırmağı” üstün tuturam.

***

Azərbaycan poeziyasının son 20 ildə yetişdirdiyi ən sanballı, intellektual imzalardan biri şair Qismət Rüstəmovdur. Şeirləri dillər əzbəri olmasa da, xalis ədəbiyyat hadisəsi, ciddi və dəyərli poeziya nümunələridir. Qismət tək şair kimi yox, eyni zamanda esseçi, ədəbiyyatşünas, tərcüməçi kimi də dünya səviyyəli işlərə imza atan qələm adamıdır. Qismətin yaradıcılığı bu ölkədə ədəbiyyatla peşəkar şəkildə məşğul olan hər kəsə tanışdır.

Onun esseləri, dünya ədəbiyyatından etdiyi tərcümələr gənc ədəbiyyatşünaslar, tələbələr üçün ciddi mənbə hesab oluna bilər. Bir sözlə, Qismət Azərbaycan ədəbiyyatı üçün çox vacib imzalardan biridir. Onun əhatəli bilgisi, ədəbiyyata intellektual münasibəti poeziyasından da yan keçməyib. Qismətin bəzi şeirləri xüsusi hazırlıq tələb edir. Onun bəzən sadə görünən şeirlərində belə hazırlıqsız oxucunu dolaşığa salan ciddi mənbələrə, mifoloji mətnlərə göndərmələr var.

***

Qismətin yaradıcılığı haqqında uzun-uzadı təhlil aparmaq, onun toxunduğu mətləblərə işıq tutmaq, göndərmələr etdiyi mətnlərdən bəhs etmək olar. Şübhəsiz ki, hər şeyin “fəst-fud”laşdığı bir dönəmdə, ciddi ədəbiyyatın oxucunu darıxdırdığı bir dövrdə bunu etmədən yüz ölçüb, bir biçmək lazımdır. Bəlkə də tənqidçilərimiz də bu təbəddülatı yaşadıqları üçün Qismətin poeziyası haqqında təhlillər, ədəbi-tənqidi yazılar yazılmır. Hər halda, mənim də belə bir məqsədim yoxdur. Tənqidçilərimizin işinə qarışmaq istəməzdim. Onsuz da, əksər tənqidçilərimizin məni görməyə gözü yoxdur, bir də bu məsələdə onları hövsələdən çıxarmayım.

Düşünürəm ki, dəyərli şairimizin yaradıcılığının layiq olduğu qiyməti alması üçün əvvəlcə ciddi ədəbiyyatı oxumaq həvəsində olan oxucular yetişməlidir. Bu oxucuların yetişməsi üçün potensial oxucunu milli ədəbiyyatımızı oxumağa təşviq etmək, həvəsləndirmək lazımdır. Məqsədim Qisməti şişirtmək, ədəbiyyatımızın fövqünə qaldırıb əlçatmaz intellektual obrazına bürümək deyil. Ədəbiyyatımızı izləyən oxucular Qismətin ədəbiyyatdakı yerinə və çəkisinə onsuz da bələddir.

***

Ötən il Qismətin seçmə şeirlərindən ibarət “Qumru əlifbası” adlı kitabı “Qanun” nəşriyyatında işıq üzü görüb. Aylardır kitabın əks-sədasını gözləsəm də, sükut pozulmadı. Ədəbiyyatla əlaqəsi olan dostlarla görüşəndə bu kitab barədə söhbət açılsa da, kitabın ciddi şəkildə təbliğatı aparılmadı. Ən azı qələm dostlarımızın bu kitabı alıb oxuduğunu, tövsiyə etdiyini görmədim.

Hələlik bu kitab haqqında təbrizli yazar Nadir Əzhərinin "Qismət Rüstəmov şeiri və dörd ünsür" adlı yazısından savayı heç nə oxumamışam. Görünür bir-birimizin uğuruna, atdığı addıma laqeyd münasibət bu məsələdə də rol oynayıb.

Qismətin poeziyası ilə tanış olanlar üçün “Qumru əlifbası” çox sanballı və əvəzsiz mənbədir. Karantin dönəmində kitabı çox çətinliklə əldə etsəm də, hazırda “Qumru əlifbası” əksər kitab mağazalarında satışda var. Dəfələrlə dostlarla söhbət zamanı qeyd etmişəm ki, bir qələm adamı kimi, Qismətin son kitabına qarşı laqeyd münasibət mənə pis təsir edir.

Ümumiyyətlə yerli yazarların yaradıcılığına qarşı laqeydlik məni narahat edir. Özündən əvvəlki nəslin, həmçinin Qismətin poeziyasından xəbərsiz, onun yaradıcılığı ilə tanış olmadan şeir yazmağa başlayan gənc nəsil şairlər ədəbiyyata axın edir. Bu yazını bir az da hər gün müxtəlif yollarla mənə şeirlərini, yaradıcılıq nümunələrini göndərib, fikirlərimi öyrənməyə çalışan gənc şairlərimiz, yazarlarımız üçün yazıram.

Qismətin poeziyasını, bütövlükdə onun yaradıcılığını tam məsuliyyətimlə oxucuya tövsiyə edirəm. Məsələn, “Qumru əlifbası” kitabı ilə başlaya bilərsiniz.

251

Baş Prokurorluq vəzifəlilərdən pul tələb edən şəxslər barəsində məlumat yayıb