Ermənistan baş naziri Nikol Paşinyan

İki od arasında - Paşinyan diplomatiyasının ziddiyyətli manevrləri

5805
(Yenilənib 19:56 13.03.2019)
Baş nazirin qarabağlılarla hansısa razılıq əldə etmək və müzakirələr aparmaq cəhdi Paşinyanın zəifliyinin təzahürüdür

BAKI, 13 mart — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan Twitter-də yazdığı mesajla medianın diqqətini çəkib: "Mən yalnız Azərbaycan Prezidenti ilə deyil, həm də Azərbaycan xalqı ilə danışıqları davam etdirməyə hazıram".

O, Azərbaycan xalqının Ermənistan və qondarma Dağlıq Qarabağın xalqı kimi sülhpərvər olduğuna inandığını əlavə edib.

Əslində, Paşinyanın verdiyi mesaj aydındır. O, güzəştə getdiyini vurğulayır. Bu güzəşt isə onun fikrincə, Dağlıq Qarabağ erməniləri ilə yanaşı Azərbaycanlı icmasının da danışıqlarda iştirakına razılıq verməkdən ibarətdir. Ermənistan baş nazirinin məsuliyyət yükünü öz üzərindən atmaq istəməsi və guya Qarabağı təmsil edə bilməməsi barədə fikirləri inandırıcı səslənmir. Ermənistan və "DQR" Təhlükəsizlik şuralarının birgə iclasında Paşinyan bunları deyib: "Hər hansı spekulyasiyaya yol verilməməsi üçün bunu bəyan etməyi vacib sayıram: Ermənistan Respublikası olub, var və Qarabağın təhlükəsizliyi üçün bir nömrəli qarant olacaq və dinc prosesdə öz iştirakını davam etdirəcək".

Paşinyan onu da bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesində əsas kimi təklif etdikləri 3 prinsip və 6 elementi Ermənistanın qəbul etməsilə bağlı sualı cavablandırmağı vacib sayır.

"Bu, həqiqətən vacib məsələdir və bizim açıqlamalara ehtiyacımız var: bu prinsiplər praktikada nə deməkdir, onları şərh etməyə kimin hüququ var? Bu, vacibdir, çünki bu prinsipləri Azərbaycan təfsir edir, bizim üçün qəbuledilməzdir. Əlbəttə, biz bu prinsiplərlə bağlı öz şərhlərimizlə çıxış edə bilərik, ancaq bu, faydasızdır. Çünki bizim məqsədimiz mübahisə deyil, effektli danışıqlar prosesidir. Danışıqlar prosesinə fikir ayrılığına səbəb olmayan bəyanatlar əsas olmalıdır. Lakin həmsədrlərin təklif etdikləri prinsiplər, elementlər son 10 ildə ən müxtəlif şəkildə təfsir edilib. Odur ki, yaxın danışıqlar prosesində əsas məqsəd 3 prinsip və 6 elementin açıqlanması olmalıdır. Biz belə söhbətə hazırıq" - N.Paşinyan deyib.

Rəsmi Bakı və ATƏT-in Minsk Qrupunun timsalında beynəlxalq vasitəçilər hələlik N.Paşinyanın bu ziddiyyətli bəyanatını şərh etməyiblər. Lakin onun sözlərindən belə nəticəyə gəlmək olar ki, Ermənistan Azərbaycanla danışıqları davam etdirəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva isə Ermənistan baş nazirinin başçılığı ilə bu ölkənin Təhlükəsizlik Şurasının Xankəndində keçirilən iclasını dəyərləndirib: "Görünür, hər bir məsələ öz yerini tapır. Ermənistan baş naziri ölkəsinin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirirsə, demək Dağlıq Qarabağ bölgəsi ermənilərinin danışıqlara cəlb edilməsi cəhdlərinə ehtiyac qalmır".

Mətbuat xidməti bildirir ki, münaqişənin həlli üzrə uzun illərdir davam edən danışıqlar prosesinin formatı aydındır və ATƏT-in konsensus qərarı ilə bu məsələ müəyyən edilib: "1992-ci il ATƏT-in Helsinki qərarı ilə ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icması maraqlı tərəf qismində müəyyən olunub" - XİN bildirir.

Münaqişənin həlli üzrə prinsiplərə gəldikdə isə mətbuat xidməti bəyan edir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü hər hansı bir şəkildə müzakirə obyekti ola bilməz.

XİN vurğulayır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması və bu ərazilərə məcburi köçkünlərin geri qayıtması istiqamətində konkret addımların atılmasının vaxtı çoxdan yetişib: "... Sülhün və əmin-amanlığın təmin olunmasında maraqlı olan tərəf digər dövlətin ərazilərini işğal altında saxlamaz".

Beləliklə, Paşinyan eks-prezidentlər Koçaryan və Sarqisyanın dediyini təkrarlayır - mərhələli həll planında xalqların öz müqəddəratını müəyyənləşdirən referendum tarixi dəqiq göstərilsin, digər addımları ata bilərik.

Prosesin təhlili onu göstərir ki, Paşinyan hər hansı addım atmaqdan çəkinir. Çünki hakimiyyətinin qeyri-stabil vəziyyətdə olduğunun fərqindədir. Paşinyanın bir sıra qərarları və məcburi atdığı addımları onun rejiminin çökməsinə gətirib çıxara bilər.

Baş nazirin qarabağlılarla hansısa razılıq əldə etmək və müzakirələr aparmaq cəhdi Paşinyanın zəifliyinin təzahürüdür. Eyni zamanda, Paşinyanın ziddiyyətli və çaşdırıcı açıqlamaları onu nümayiş etdirir ki, o, sülh prosesinin nədən ibarət olduğunu bilmir.

Ümumiyyətlə, bu istiqamətdə gedən proseslərlə bağlı Paşinyan özü də dəqiq məlumata malik deyil. Dağlıq Qarabağda keçirilən toplantılar da göstərir ki, Ermənistan rəhbərliyi sadəcə olaraq vaxt uzatmaqla məşğuldur. Çünki son dövrlər Paşinyan münaqişənin həlli ilə bağlı beynəlxalq təzyiqlərə məruz qalmaqdadır. Ona görə də bu cür addımlar atmaqla, o, vaxt qazanmaq istəyir.

Bunu artıq rəsmi Yerevan da etiraf edir. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müsbət dinamika qeydə alınıb. Nazir əlavə edib ki, Ermənistan tərəfi tamamilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin formatına güvənir. Beləliklə, Paşinyan diplomatiyası ziddiyyətli manevrlər edir. Artıq Yerevan Minsk Qrupu çərçivəsində danışıqları davam etdirmək istəyini bildirir. Proseslərin sonrakı taleyi Ermənistandakı vəziyyətin inkişafından asılı olacaq. Paşinyan iki od arasında qalıb və Qarabağla bağlı populist bəyanatlar verməklə özünü qorumaq istəyir...

5805