ABŞ-ın dövlət katibi Mayk Pompeo

Türkiyə ABŞ yenidən üz-üzə - Bölgədə yeni oyun başlayır

5684
(Yenilənib 15:25 05.01.2019)
Azər RƏŞİDOĞLU
"Kürdüstan dövləti"nin yaranması ABŞ və İsrailin gerçəkləşməsini istədiyi bir plandır

BAKI, 5 yanvar — Sputnik. ABŞ-ın dövlət katibi Mayk Pompeo "Newsmax" telekanalına müsahibəsində prezident Donald Trampın Suriya ilə bağlı təlimatlarından danışıb. Sputnik Azərbaycan xəbər verir ki, bu zaman Pompeo Türkiyə ilə bağlı qalmaqallı ifadə işlədib.

"Bu təlimatları bütün cəbhələrdə yerinə yetirəcəyik. Sadəcə qoşunları geri çəkməklə qalmayacağıq, prezidentin ortaya qoyduğu digər bütün təlimatları həyata keçirəcəyik - türklərin kürdləri qətlə yetirməsinin qarşısını alacaq, Suriyada dini azlıqların hüquqlarının qorunmasını təmin edəcəyik" – deyə dövlət katibi bildirib.

Onun sözlərinə görə, bütün bunlar ABŞ-ın daşıdığı missiyanın parçasıdır: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla üzərində işləməli olduğumuz çox məqamlar var".

Aparıcının "Türkiyə prezidenti güvəniləcək bir ortaqdırmı" sualını Pompeo belə cavablandırıb: "Türklərlə üzərində işləməli olduğumuz bir sıra şeylər var. Onlar NATO-nun müttəfiqidir. Amerikalıları maraqlandıran və amerikalıların etibarını möhkəmləndirən bir sıra məsələlərdə xeyli dəstək olduqları məqamlar var".

Qeyd edək ki, 2018-ci il dekabrın 24-də ABŞ prezidenti qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barədə bəyanat verildikdən sonra ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.

Bu, Vaşinqtonun Ankaraya yönəltdiyi ilk təhdid mesajı deyil. Bir qədər öncə də ABŞ Türkiyənin qarşısında çox sərt tələblər qoymuşdu. Bunlar həbsdə olan keşiş Bransonun azad olunması, İranla əlaqələrin kəsilməsi, S-400-lərin alışından imtinadır. Ankara isə bunun əvəzində ABŞ-ın FETÖ rəhbəri Fətullah Güləni təhvil verməsini və yeni növ silahların, təyyarələrin Türkiyəyə satışına icazə istəyir. Türkiyə iqtisadiyyatında inflyasiyanın 12 faizdən yuxarı olması məhz bu gərginliyin nəticəsidir. Türkiyədən Şimali Amerikaya təxminən 16-18 milyard dollara yaxın ixracat var idi. Trampın qərarından sonra Şimali Amerikaya ixrac olunan türk mallarının həcmində ciddi azalmalar müşahidə olundu.

Lakin Ankara tələblərin bir qismi yerinə yetirilib. Keşiş Branson azad edilib, Ankara ABŞ-dan silah almaq istəyini bildirib.

ABŞ Dövlət Departamenti 3.5 milyard dollar dəyərində "Patriot" hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satışına razılıq verib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi satışın təsdiq edilməsinə dair yazılı açıqlama verib.

Yazılı açıqlamada deyilir ki, ABŞ Dövlət Departamenti 3.5 milyard dollar dəyərində "Patriot" hava hücumundan müdafiə sistemlərinin və müvafiq avadanlığın satışını təsdiq etməyə qərar verib. Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi sözügedən satış ilə bağlı Konqresi məlumatlandırıb.

Bundan başqa, sözügedən müdafiə sistemi paketinə radarlar, nəzarət sistemi, atış stansiyası, rabitə avadanlıqları və s. daxil edilib. Bildirilir ki, bu satışın təsdiq olunması Türkiyənin havadan müdafiə qabiliyyətinə əhəmiyyətli çeviklik qazandıracaq. ABŞ Dövlət Departamentinin bir rəsmisi Türkiyə mətbuatına məsələ ilə bağlı açıqlama verib: "Bu anlaşma NATO üzrə müttəfiqimizin təhlükəsizliyini gücləndirəcək. Bu, müttəfiqləri və tərəfdaşları hava hücumlarından qorumaq səylərinə töhfə verəcək". O, qeyd edib ki, bu alqı-satqı ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizliyinə də töhfə verəcək: "Türkiyə havadan müdafiə qabiliyyətini inkişaf etdirmək, ərazi bütövlüyünü təmin etmək və regional təhdidlərin qarşısını almaq üçün "Patriot"dan istifadə edəcək".

Təklif olunan satış Türkiyə ordusunun düşmən hücumlarına qarşı qorunmasını və Türkiyənin sərhədləri içində olan NATO müttəfiqlərini qorumaq məqsədli müdafiə qabiliyyətlərini artıracaq" - deyə ABŞ rəsmisi vurğulayıb.

F. Gülənin Türkiyəyə təhvil verilməsi Ankara üçün o qədər də önəmli deyil, FETÖ liderinin uzaqda olması əslində Ərdoğana sərf edir. Burada daha önəmli məsələ Türkiyənin İrana münasibəti və Vaşinqtonun "kürd kartı"ndan istifadəsidir.

Bu arada, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Türkiyəyə gəlir. Sputnik Azərbaycan-ın xəbərinə görə Con Bolton bu haqda "Twitter" hesabında paylaşım edib. O, qeyd edib ki, yanvarın 5-də Türkiyə ilə müzakirələr aparmaq üçün İsraili tərk edəcək: "Biz bu görüşdə ABŞ hərbi qüvvələrinin Suriyadan çəkilməsini müzakirə edəcəyik. Bununla yanaşı, İŞİD-lə mübarizəni sona çatdırmaq və bu kimi təşkilatların yenidən yaranmasını önləmək üçün müzakirələrimiz olacaq".

"Əlbəttə bütün bunların həlli üçün biz bir ittifaq halında çalışmalıyıq. Həmçinin, bununla biz İranın bölgədəki düşməncəsinə niyyətlərinin qarşısını da almağa çalışacağıq" - deyə C.Bolton bildirib.

Deyilənlərdən çıxan nəticə budur: Vaşinqton yenidən Ankaraya mesaj verir ki, Türkiyə yalnız Amerikanın orbitində ola bilər. Son zamanlar Ərdoğan kifayət qədər müstəqil siyasət aparır. Əslində, Ərdoğan hakimiyyətinin Vaşinqtonla münasibəti İraq böhranı zamanı yarandı. Birləşmiş Ştatlar Ərdoğan hakimiyyətinə təklif etdi ki, İraqa quru qoşunları ilə daxil olsun, Vaşinqton isə havadan bu prosesə dəstək verəcəkdi. Ancaq Ərdoğan hakimiyyəti o zaman bu təklifdən imtina etdi. Nəticədə İraqın Mosul və Kərkükü tamamilə nəzarətdən çıxdı, orada olan türklər köməksiz durumda qaldılar.

Vaxtında Türkiyə İraqa daxil olsaydı, İraq Şam İslam Dövləti (İŞİD) adlı silahlı qrup burada baş qaldıra bilməyəcəkdi, İraq bütövlükdə nəzarət altında olacaqdı və ən əsası İran da güclənməyəcəkdi. Amma məsələ burasındadır ki, ABŞ İranla anlaşmağa başladı. Düzdür, İranla anlaşmanın daha vacib səbəbi nüvə məsələsidir. Ancaq həm də bu paketin içində Amerikanın öz çıxarları var. Çünki həm İŞİD, həm də ərəb ölkələri İrandan ehtiyat edir. Lakin İran şiələrə sahib çıxmağa çalışır. Mosulda, Kərkükdə, Nəcəfdə, Kərbəlada Amerikanın ona verdiyi imkanlar çərçivəsində güclənir. Bu, əlbəttə, Türkiyəni qıcıqlandırır. Əslində, Türkiyənin Suriya ilə sərhədə ordu toplamasının görünməyən səbəblərindən biri də budur. Yəni, İranın bölgədə güclənməsini nə Türkiyə, nə də Səudiyyə Ərəbistanı istəyir. Yəməndə baş verənlər də bunlara sübutdur.

ABŞ Türkiyənin Əl Baba girişinin qarşısını ala bilmədiyi üçün, bölgədə İŞİD-çilərin sayını artırdı. Daha əvvəl PKK-nın Suriya qolu olan PYD ilə birlikdə İŞİD-in "paytaxtı" sayılan Rakkada əməliyyat başlayacağını elan edən ABŞ, Türkiyənin Əl Baba müdaxiləsindən sonra əməliyyatı təxirə saldı. Çünki Rakkadakı İŞİD-çilər Əl Babda türk əsgərinin üzərinə göndərildi. Əl Bab ABŞ üçün önəmlidir. ABŞ Münbiç kimi Əl Babın da PYD-nin nəzarətinə keçməsini istəyir. Çünki Əl Bab Türkiyə ordusunun əlinə keçərsə, ABŞ-ın Aralıq dənizinə çıxarmaq istədiyi "kürd dəhlizi" planı baş tutmayacaq.

"Kürdüstan dövləti"nin yaranması ABŞ və İsrailin gerçəkləşməsini istədiyi bir plandır. Buna görə də ABŞ və Türkiyə arasındakı barışmaz mövqe uzun müddət öz qüvvəsini saxlayacaq. Lakin İran məsələsində Türkiyə və Birləşmiş Ştatlar anlaşa bilərlər...

5684