Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko

Minsk Aşqabad səfərlərinin mümkün nəticələri

12829
(Yenilənib 12:13 24.11.2018)
Əliyev – Lukaşenko bəyanatları onu deməyə əsas verir ki, Belarusun Cənubi Qafqazdakı əsas siyasi, iqtisadi və hərbi tərəfdaşı məhz Azərbaycandır

Bu həftə Azərbaycan prezidenti İlham Əliyev bu həftə iki ölkədə rəsmi səfərdə oldu. Noyabrın 19-da Belarusa səfər edən İlham Əliyev Azərbaycanla Belarus arasında 10 sənəd imzalandı.

KTMT-nin gələcək baş katibi ilə bağlı veriləcək qərarda Minsk önəmli rol oynayır və bu baxımdan Əliyev – Lukaşenko görüşü böyük önəm kəsb edirdi. Xatırladaq ki, KTMT-dəki qaydalara əsasən, 2020-ci ilə qədər Ermənistan prezidenti rəhbər olmalı idi, amma Nikol Paşinyan KTMT baş katibi general Yuri Xaçaturovu həbs etdikdən, daha sonra isə həbsdən azad etdikdən sonra və o, təcili surətdə birdəfəlik Moskvaya getdikdən sonra baş katib vəzifəsi boş qaldı. KTMT baş katibi Y.Xaçaturovun vaxtından əvvəl azad edilməsindən sonra təşkilatın faktiki rəhbəri onun müavini Valeri Semerikovdur. Rotasiyaya əsasən, Ermənistandan sonra rəhbər Belarus nümayəndəsi olmalıdır. Nazarbayev hesab edir ki, Ermənistanın müddətinin sonuna qalan iki il ərzində bu ölkədən yeni baş katib səlahiyyətlərə öyrəşməyəcək və bu səlahiyyətləri belarusa vermək daha yaxşı olar. Lukaşenko bu vəzifəyə üç namizədini müəyyən edib. Bu baxımdan, İlham Əliyevin Minskə səfəri KTMT-nin taleyi üçün də önəmlidir. 

Əliyev – Lukaşenko bəyanatları onu deməyə əsas verir ki, Belarusun Cənubi Qafqazdakı əsas siyasi, iqtisadi və hərbi tərəfdaşı məhz Azərbaycandır. Son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb. Bundan başqa Minskdə Azərbaycanın Belarusdan hərbi texnikanın növbəti partiyasının alınmasına dair memorandum imzalandı. İki ölkə arasındakı əməkdaşlığın əsas istiqamətlərindən biri hərbi-texniki sahədir. Rəsmi Bakı bu əməkdaşlıqdan razıdır. İlham Əliyev Minskdə Azərbaycan Belarusun hərbi texnikasından razı olduğunu açıqladı. Bu isə o anlama gəlir ki, gələcəkdə Azərbaycan Belarusdan daha çox hərbi texnika ala bilər.

İlham Əliyev bu həftə Belarusdan sonra Türkmənistana getdi. İlham Əliyev Aşqabadda bu ölkənin prezidenti Qurbanqulu Berdımuhammedovla 21 saziş imzaladı. Bu sazişlər əlaqələrin bütün sahələrini əhatə edir. İki ölkə prezidentinin imzaladığı birgə bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərin in toxunulmazlığına və münaqişnin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olundu. Bu bəndin birgə bəyanata salınmasına Azərbaycan tərəfi israr edib və Aşqabad etiraz etməyib.

Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması
© Official website of President of Azerbaijan Republic
Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması

İki ölkə liderinin verdiyi bəyanatda vurğulanır ki, Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir-yol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir, iki ölkənin maraqlarına xidmət edir, regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir. Digər tərəfdən, prezidentlər Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinə, həmçinin Transxərəz beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bildiriblər.

Aşqabad Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizini işə salmaq istəyir. Ancaq Əfqanıstandakı vəziyyət bu layihənin reallaşması imkan vermir. Buna baxmayaraq, Əfqanıstanda sabitlik yaranan kimi bu layihəni işə salmaq mümkündür. Bununla həm Türkmənistan, həm də Azərbaycan yeni nəqliyyat koridoru əldə edəcəklər. 

Birgə bəyanatda "Transxəzər" ifadəsinin vurğulanması da iki ölkənin gələcək niyyətindən xəbər verir. Azərbaycan öz qazını TANAP boru xətti ilə Türkiyəyə çatdırır. Gələn il Azərbaycan TAP boru xətti ilə qazını Avropa ölkələrinə də çatdıracaq. Türkmənistan da öz qazını Avropaya çatdırmaq istəyir. Ancaq bunun üçün Xəzərin dibi ilə boru xətti tikilməlidir. Məhz bu boru xətti Transxəzər adlanır.

Deməli, birgə bəyanatda Transxəzər ifadəsinin yer alması ondan xəbər verir ki, Aşqabad bu boru xəttinin tikilməsini istəyir. Ancaq bunun üçün Azərbaycanla Türkmənistan arasında Xəzərin dibinin bölüşdürülməsinə dair ikitərəfli saziş imzalanmalıdır. Belə bir saziş İlham Əliyevin Aşqabada səfəri zamanı imzalanmadı. Daha əvvəl 5 dövlət Xəzərin yekun Konvensiyasına imza atıblar. Ancaq Xəzərin dibi sahil ölkələr arasında razılaşdırılmalıdır. Azərbaycanın Rusiya və Qazaxıstanla Xəzərin dibi ilə bağlı sazişlər var, yəni ikitərəfli sərhədlərini müəyyənləşdiriblər. Rəsmi Bakı Aşqabadla da belə bir sazişin imzalanmasını istəyir. Görünür, Aşqabad bu məsələnin həllinə hələ hazır deyil.

İlham Əliyevin Aşqabada səfəri zamanı Xəzərdəki "Kəpəz" yatağı ilə bağlı da müzakirələr aparılmadı.Türkmənistan "Kəpəz" yatağını özününkü sayır və "Sərdar" adlandırır. Əslində bu mübahisənin də həlli yolu var. Azərbaycan və Türkmənistan Xəzərdəki bu yatağı birgə işlədə bilərlər. Ancaq Aşqabad hələ ki, buna da razı deyil. Əks halda bu məsələ birgə bənayatda yer alardı.

Buna baxmayaraq, Türkmənistanla Azərbaycan arasında strateji əlaqələr inkişaf edəcək. Türkmənistan öz yüklərini Azərbaycan üzərindən Türkiyəyə və Avropaya çatdırmaq istəyir. Bunun üçün lazımi infrasturktur var. Azərbaycanın və Türkmənistanın Xəzərdə müasir dəniz limanları mövcuddur. Türkmənistan öz mallarını Azərbaycanın Ələt limanına və oradan da Bakı-Tbilisi-Qars dəmiryolu ilə Avropa ölkələrinə çatdıra bilər. Hər iki dövlət yük daşımaçılığının artırılması üçün hətta vegi rüsumlarını azaltmağa da hazırdılar.

Bir sözlə, Bakı Minsk və Aşqabad arasında yerləşən böyük bir coğrafiyada mühüm və strateji oyunçuya çevrilir. Avropa və Asiya arasında körpü yolunu oynayan Azərbaycan Qərb, Rusiya, Yaxın Şərq bölgəsində "açıq qapı" diplomatiyasına üstünlük verən azsaylı ölkələrdəndir...

12829
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

Gələcəyin məsuliyyətsiz insanı ailədə formalaşır, çünki ata sözündə durmur...

10
Elə gələcəyin məsuliyyətsiz insanı da ailədə formalaşır, ata sözündə durmur, ana diqqət yetirmir və artıq uşaq belə davranışı özü üçün nümunə kimi qəbul edir.

“Məsuliyyətli ol, evdə qal” ifadəsini günümüzdə eşitməyən kimsə tapılmaz yəqin. Koronavirus pandemiyası ilə əlaqədar bu çağırışlar aktuallaşıb. Televiziya kanallarında, radio efirində, nəqliyyatda tez-tez səsləndirilən bu ifadə artıq bir növ adiləşib. Məsuliyyətlə bağlı xeyli plakat hazırlanıb, internetdə həştəq yaradılıb. Sosial mediada isə dəqiqəbaşı insanlar bir-birini məsuliyyətli olmağa çağırırlar.

Yəni, bu qədər məsuliyyətsizik?

“Məsuliyyətli ol, sosial məsafə gözlə”, “Məsuliyyətli ol, maskadan istifadə et” kimi ifadələr, #məsuliyyətli, #məsuliyyətliol #mesuliyyetli #mesuliyyetliol həştəqləri də gündəmi zəbt edib. Niyə məsuliyyətdən bu qədər danışırıq? Yəni bu qədər məsuliyyətsizik? Yoxsa məsuliyyətli olmaq ağır bir yükdür?

Əslində məsuliyyət anlayışına yanaşma insanlarda müxtəlifdir. Bir millətin, cəmiyyətin məsuliyyətsiz kimi qəbul etdiyi vəziyyət digər xalqlarda tam normal sayıla bilər. Deyək, əgər Almaniya və Finlandiyada kiminsə görüşə gecikməsi qəbuledilməz hal kimi qəbul edilirsə, Şərq mentallığında hansısa işi görəndə tələsikliyə yol vermək doğru sayılmır. Ərəb ölkələrində bu gün görüş təyin edib sabah gəlmək də olur. Şərq insanı bunu belə izah edir, əgər nəsə olmalıdırsa, bu baş verəcək, çünki hər şey Allahın əlindədir. Olacağa da çarə yoxdur.

Qərb düşüncə tərzində, oradan gələn biznes modellərdə işçinin mütləq və mütləq məsuliyyətli, dəqiq və nizam-intizamlı olması mühüm şərtdir. İşə gecikmək, rəhbərliyin tapşırığını yerinə yetirməmək, layihəni vaxtında təhvil verməmək işdən qovulmaq üçün ciddi əsas sayılır. Amma bütün Avropa ölkələrində yaşayan insanlar da eyni dərəcədə məsuliyyətli deyil. İspan nahardan sonra 2 saat yatmağı sevir, alman isə bunu məsuliyyətsizlik kimi qəbul edir. İtalyanlar bir qədər tənbəldirlər, elə bil Avropa yox, hansısa Şərq ölkəsini xatırladırlar. Dövlət qurumlarında da işə yanaşmada bir növ etinasızlıq duyulur.

Gələcəyin məsuliyyətsiz insanı da ailədə formalaşır

Məsuliyyət bir tərəfdən nizam-intizama riayət etmək, digər tərəfdən qanunu gözləmək, yükünü daşıdığın insanların problemlərini də özününkü kimi qəbul etməkdir. Hər bir ata-ana ilk növbədə ailədə bir nümunə olmalıdır. Əgər ata uşaqlarına bazar günü gəzinti söz veribsə, deməli, mütləq yerinə yetirməlidir. Sözündə durmasa, bir müddət sonra ailədəki nüfuzunu itirə bilər. “Uşağa söz vermə” ifadəsi Azərbaycanda çox populyardır, çünki ailənin kiçik üzvü bizə inanır, dediyimizi həqiqət kimi qəbul edir. Söz verdinsə, yerinə yetirməlisən.

Elə gələcəyin məsuliyyətsiz insanı da ailədə formalaşır, ata sözündə durmur, ana diqqət yetirmir və artıq uşaq belə davranışı özü üçün nümunə kimi qəbul edir. Qadın və kişinin də məsuliyyət anlayışı fərqlidir. Kişi məsuliyyət dedikdə daha çox işə vaxtı-vaxtında gedib gəlməyi, evin bazarlığını, təminatını, təmir işlərini və digər məsələləri düşünür. Məsuliyyətli olmaq, yəni müəyyən öhdəlikləri yerinə yetirmək deməkdir. Qadın isə məsuliyyəti başqa anlayır, üzərinə məsuliyyət və ya yük götürmək deyəndə, daha çox sevgi, qayğı göstərmək kimi qəbul edir.

Amma məsuliyyətsizliyin də onlarla təzahürünə rast gəlinir. Məsələn, həyat yoldaşından ayrılmış kişilər çox zaman aliment ödəməyi sevmirlər. Hələ dünənəcən övladının ən kiçik arzusunu yerinə yetirməyə hazır olan şəxs bu gün ən cüzi məbləği ödəməkdən belə yayınır. Qadın uşağını böyütmək, ayağa qaldırmaq üçün istənilən ağır işə getməkdən, onun bunun qapısında xadimə, qabyuyan işləməkdən çəkinməz. Amma ailəsindən ayrılan kişi aylarla iş tapmadığını, ağır durumda olduğunu əsas gətirərək uşağına görə pul ödəməkdən qaçar.

Məsuliyyətsizlik bəzən özünü qorxulu statistikada göstərir

Məsuliyyətsizliyin bariz nümunələrinə hər gün rast gəlirik. “Koroğlu” metro stansiyası ətrafında yerləşən, Bakı Nəqliyyat Agentliyinə məxsus Nəqliyyat Mübadilə Mərkəzindən hər gün minlərlə insan yararlanır. Eyni mənzərəni də hər səhər müşahidə edirik. Kart balansını doldurmaq üçün onlarla sərnişinin növbəyə düzüldüyünü. Gündə ən azı 10-15 dəqiqə zaman itirməlisən. Özü də bir gün belə boş aparata rast gəlmək mümkün deyil. Növbə bu gün də var, sabah da.

Burada ikitərəfli məsuliyyətsizliyin şahidi oluruq. Əgər aparatların önündə bu qədər insan toplanırsa, deməli onların kartında pul yoxdur, zamanında balansı doldurmayıb növbədə gözləyirlər. İnsan var, heç vaxt belə aparatın önündə növbə gözləməz, hər gün işə gedib gələr deyə 5-10 manat yükləyər. İnsan da var, daim kartını itirdiyindən elə 1-2 manatla kifayətlənər, nəticədə tez-tez növbədə gözləməli olar.

Digər tərəfdən əgər kimsə növbə gözləyirsə, deməli ya aparatın sayı kifayət qədər deyil, ya da məsələni başqa cür həll etmək lazımdır. Hələ iki il öncə BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuata açıqlamasında marşrutların kart sisteminə tam keçidindən sonra kartda balansı onlayn qaydada artırmağın mümkün olacağına söz vermişdi. Kart sistemi tam bərqərar olmasa da, hər halda artıq bazarın böyük bir hissəsində tətbiq olunub. Amma onlayn ödəmə hələ də yoxdur. Özü də bu məsələnin həlli elə də çətin deyil. Sadəcə virtual onlayn sistem qurulur, kartın nömrəsi həmin sistemdə qeydiyyata düşür, daha sonra isə virtual məkanda həmin qeydiyyat nömrəsinə pul yükləməklə problemin rahat yolu tapılır. Belə sistem artıq bir neçə kabel TV-də qurulub. Kart aparata daxil edilir, məbləğ sistemə ödənilən kimi kanalların nümayişi bərpa olur.

Yol qaydalarına münasibətdə aşkarlanan məsuliyyətsizlik bəzən özünü qorxulu statistikada göstərir. “Xətai” metro stansiyası önündəki piyada keçidində reallaşan monitorinq orta hesabla dəqiqədə 4 qanun pozuntusunu üzə çıxarıb. 12 saata 2963 dəfə qayda pozulub. Özü də yolu keçmək üçün keçiddə cəmi 40 saniyə gözləmək lazımdır. Hansısa çətin bir yer də deyil. Həyatla belə oyun oynamaq olarmı?

Məsuliyyət hissini həştəqlə formalaşdırmaq çətin məsələdir

Azərbaycan reallığında hər addımbaşı məsuliyyətsizlə qarşılaşırıq, nə pandemiya vəziyyəti dəyişə bilib, nə də başqa hər hansı bir faktor. ABŞ-də avtomobilin hansı yerinə əyləşsən, o dəqiqə təhlükəsizlik kəməri taxmalısan, amma bizim sürücülər elə bil bu kəməri taxmamağı özlərinə fəxr bilirlər. Eləsi var sükanı verir azyaşlı uşağın əlinə, o da maşını ora bura qaçırdır, aparıb divara da çırpa bilər. Yolu kəsib bir-biri ilə söhbət edən sürücüləri azmı görmüşük?

Bəs qrafiki dəqiq gözləyən marşrutları niyə barmaqla saymaq olar? Sükan arxasında telefonla danışan, siqaret çəkən, başqa marşrutla bəhsəbəhsə girən sürücünün məsuliyyəti niyə axsayır?

Məsuliyyət hissini həştəq və ya sosial mediadakı şuarlarla formalaşdırmaq çətin məsələdir. Bu prosesə hələ körpəlikdən başlamaq gərəkdir. Məsuliyyətli olmağı valideyn nümayiş etməlidir, nümunə olmalıdır. Məktəbdə müəllim deməlidir. Qapısını döyüb müraciət etdiyimiz qurumlardan məsuliyyətli yanaşma görməliyik. Yeni qaydalar bizim təlim-tərbiyə sistemində öz layiqli yerini tutmalıdır.

Cəmiyyətin hər bir qatında məsuliyyətli insanları, məmurları, iş adamlarını, xidmət sektorunda çalışanları yetişdirməliyik. Biri olub, digəri olmasa, xeyri yoxdur. Bəlkə də gün gələr, biz də hər bir hərəkətin məsuliyyətini üzərinə götürməyə hazır olan bir topluma çevrilərik.

10
5G K9 robotu, arxiv şəkli

Qazandığımızı tam itirə bilərik: təşəbbüsü robotlara verməklə...

899
(Yenilənib 11:19 13.08.2020)
Bu gün dünyada işsizlikdən əziyyət çəkən, gündəlik çörək tapa bilməyin milyonlarla insan var. Hər yeni robotlaşdırılmış sistem onların sayını birə-on artırır.

Rusiyada robotlar üçün gəlir vergisinin tətbiq edilməsi ideyası gündəmə gəlib. Rusiyanın Mütərəqqi Təhsil İnstitutu belə bir təkliflə Maliyyə Nazirliyinə müraciət edib. Analitiklərin fikrincə, süni intellektin inkişafı yaxın 15-20 ildə 20 milyon rusiyalını işsiz qoya bilər. Vergidən gələn məbləği satıcı, kassir, analitik, mühafizəçi peşələrində çalışan insanların başqa yöndə təhsil almasına yönəltmək mümkün olacaq.

“Terminator” filminin ilk versiyası nə qədər fantastik görünürdüsə...

Süni intellektin, robotların, “ağıllı əşyaların”, androidlərin tədricən insanı bir sıra sahələrdən sıxışdırıb çıxaracağı barədə yüzlərlə bədii və sənədli film çəkilib. 1984-cü ildə ekranlara çıxan, milyonların sevimlisinə çevrilən “Terminator” filminin ilk versiyası nə qədər fantastik görünürdüsə, müasir dövrün prizmasından bir o qədər də primitiv təsir bağışlayır. Bu gün artıq robotlaşdırılmış və avtomatlaşdırılmış zavodlar, internet və onun yaratdığı informasiya mühiti, evi tam idarə edən avadanlıq və yüzlərlə texnoloji yenilik reallaşıb.

Robotlar insanı, sözün əsl mənasında, sıxışdırıblar. Həyatını daha rahat və komfortlu görməyə can atan insan onu hər yerdə əvəzləyə biləcək texnologiya yaradıb, bu barədə hər gün bəh-bəhlə danışır da. Analitiklər robotların bəşəriyyətin gələcəyinə nə cür təsir edəcəyi ətrafında dayanmadan mübahisə edirlər. Tərəqqinin qarşısını almaq mümkünsüzdür, hər gün yeni texnologiya yaradılır və hər yeni texnologiya dünənin köhnəlmiş avadanlığını əvəzləyir. Hər yeni nəsil robotları daha mükəmməl və funksional fəaliyyət göstərir.

Fantastik filmlərdə gördüyümüz səhnələr reallaşa biləcəkmi?

Robotların insanı tam sıradan çıxarması, Yer üzündə milyardlarla insanı işsiz qoymağı mümkündürmü? Fantastik filmlərdə gördüyümüz səhnələr reallaşa biləcəkmi? Adətən yeni avadanlıq, texnologiya istehsal edən şirkətlər, bu sahədə çalışan insanlar tarixə istinad etməyi sevirlər. Antik dövrdə gəmi qulların vasitəsilə hərəkət edirdi, bir müddət sonra taqətdən düşənlərin yerini digərləri tuturdular. Tədricən yelkənli gəmilər meydana gəldi, onları buxarla işləyən gəmilər əvəzlədi. Hazırda atom enerjisi ilə hərəkət edən gəmilər yaradılıb. Okeanda üzən kiçik bir şəhərcikdir sanki.

Avtomobil, dəmir yolu, aviasiya nəqliyyatı inkişaf etdikcə bir çox peşələr sıradan çıxdı. Orada-burada nadir hallarda faytonlara rast gələ bilərik, o da elə-belə gözəllik üçündür. Robototexnikanın sürətli inkişafı bir tərəfdən bəşəriyyətə nə qədər xeyir versə də, bir o qədər də özü ilə problem gətirməkdədir. Bəzən problemin kökünü hələ də anlamırıq. Vaxtilə hər yeni yaranan texnologiya əsasən insanı ağır fiziki zəhmətdən azad edib. Əgər bir neçə əsr öncə dünya əhalisinin 90 faizi kənd təsərrüfatında çalışırdısa, hazırda bu göstərici 3-5 faizə enib. Yəni əvvəllər bu qədər insanın gördüyü işi hazırda müxtəlif növ texnikanın köməyi ilə reallaşdırırıq. Məhsulu da bazara çatdırmaq problem deyil, hər cür sürətli nəqliyyat növü icad olunub.

Robotlar insanı hansı sahələrdən uzaqlaşdırır? 

Ağır, fiziki əməkdən azad olan insan gücünü elmin, ədəbiyyatın, incəsənətin inkişafına yönəldib. Minlərlə böyük şəhər və meqapolisdə dünya əhalisinin böyük hissəsinin toplanmasına şərait yaradılıb. Amma robotlar bəşəriyyət üçün daha təhlükəlidir, çünki artıq insan həm fiziki əməkdən azad olub, həm də düşünmək funksiyasını süni intellektin idarə etdiyi sistemlərə ötürməklə məşğuldur. Robotlar insanı hansı sahələrdən uzaqlaşdırır? 

Sənaye miqyasında robotlar olduqca geniş istifadə edilir, zavod və fabriklərin bir çoxunda avtomatlaşdırılmış xətlər fəaliyyət göstərir. Hərdən reklamda da tez-tez “insan əli dəymədən istehsal edilib” ifadəsini eşidirik. Qida və alkoqol sənayesində, avtomobil, mobil telefon, smartfon, kompüter istehsalında çoxdan robotlar insanı əvəzləyib. Hətta son dövrlərdə sənaye müəssisələrini ABŞ-a qaytarmaq ideyasını dəstəkləyən Tramp administrasiyası ölkədə tam robotlaşdırılmış zavodların quraşdırılması üçün münbit şərait yaradıb, Çinin “Huawei” şirkətini ABŞ bazarından uzaqlaşdırmaqla İsveçin “Ericsson” şirkətinə ölkə daxilində tam robotlaşdırılmış müəssissə tikməyə imkan verib. Texas ştatında 2020-ci ildə fəaliyyətə başlayan bu “ağıllı fabrik” artıq 5G stansiyaları buraxır. 

Müasir robotlar nəyisə öyrənməkdə insanı qabaqlayır

Geyim istehsalı adətən dünyanın bir çox yerində milyonlarla insanı işlə təmin edirdi. Hazırda robotlar bu sahəni də tədricən ələ alırlar. Almaniyanın “Adidas” şirkəti dünyaca məşhur idman geyimi və ayaqqabılarını artıq Avropada robotların köməyi ilə istehsal etməyə başlayıb. ABŞ-da tam avtomatlaşıdırılmış geyim fabrikləri də fəaliyyət göstərir.

Robotlar insanı supermarket kassasında, avtomobil sükanı arxasında, təyyarənin idarə edilməsində, hərbi döyüş zonalarında əvəzləməkdədir. Özü də insanın yol verə biləcəyi səhvlərin heç birini etməz, etsə də, cəmi bir dəfə. Müasir robotlar nəyisə öyrənməkdə insanı qabaqlayır, gün-gündən mükəmməlləşirlər. Amma problem daha dərindir, çünki robotlar insanın məhz düşünmək imkanını əlindən alırlar. Bu, bəşəriyyət üçün sözün əsl mənasında təhlükədir. Belə olan halda insanın deqradasiyası, onun həm fiziki imkanlarının, həm də intellektual potensialının aşağı enməsi qaçılmazdır. Biliyi bir nəsildən digərinə ötürmək də zamanla əhəmiyyətsiz olacaq, süni intellektin qurduğu dünyada, onun yaratdığı sistemdə yaşamalı olacağıq. Heç bir fəaliyyət üçün səbəb olmayacaq.

Bəşəriyyətə nə qədər yazıçı, rəssam, heykəltəraş, bəstəkar lazımdır?

Həkimlər, hüquqşünaslar, jurnalistlər, tərcüməçilər, ümumiyyətlə, ofis işçilərinin əksəriyyəti işsiz qalacaq. Cərrahlıq edən robotlar, hüququ mükəmməl mənimsəyən, hər gün mətbuat üçün yüzlərlə xəbər yazan proqramlar yaradılıb. İnsana müəyyən dərəcədə özünü yaradıcılıqda ifadə etmək mümkün olacaq. Amma bəşəriyyətə nə qədər yazıçı, rəssam, heykəltəraş, bəstəkar lazımdır? Bəs qalan insanlar nə işlə məşğul olacaqlar?

Elə bu gün dünyada işsizlikdən əziyyət çəkən, gündəlik çörək tapa bilməyin milyonlarla insan var. Hər yeni robotlaşdırılmış sistem onların sayını birə-on artırır. Geyim hazırlamağın, smartfon və ya kompüter istehsal etməyin də mənası qalmayacaq. Bunu ala bilən insan yoxdursa, düzəltməyə dəyərmi? Bəşəriyyət artıq bu gün texnologiyanın yarada biləcəyi fəsadları aradan qaldırmaq yollarını araşdırmalıdır. Təşəbbüsü robotlara verməklə qazandığımızı tam itirə də bilərik.

899
Finlandiyada epidemioloji vəziyyət

Bu ölkədə rəqəmlər yenidən artdı - 45 yoluxma faktı hökuməti hərəkətə keçirdi

0
(Yenilənib 23:20 15.08.2020)
Baş nazir hər kəsin maska taxmasının vacibliyini vurğulayaraq az gəlirli ailələrə bələdiyyələr vasitəsilə pulsuz maka paylanılacağına diqqət çəkib.

BAKI, 15 avqust — Sputnik. Finlandiya hökuməti bütün dünyada 20 milyon şəxsin yoluxduğu, 750 min nəfərin isə dünyasını dəyişdiyi koronavirus pandemiyasını önləmək üçün yenidən təcili addımlar atmalı olub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına isitnadən xəbərinə görə, belə ki, ölkənin baş naziri Sanna Marin və səhiyyə üzrə baş mütəxəssislərdən biri olan Mika Salminenin birgə təşkil etdiyi mətbuat konfransında bildiirlib ki, son 2 həəftədə ölkədə COVID-19-la bağlı rəqəmlərlə artım qeydə alınıb. Marin bildirib ki, xaricdən, xüsusən də virusun daha çox tüğyan etdiyi "qırmızı bölgə"dən gələn şəxslər  məcburən 14 gün karantində qalacaqlar.

Baş nazir hər kəsin maska taxmasının vacibliyini vurğulayaraq az gəlirli ailələrə bələdiyyələr vasitəsilə pulsuz maka paylanılacağına diqqət çəkib.

Baş nazir bildirib ki, virusdan qorunmağın ən yaxşı yolu, əlləri tez-tez yumaq, gigiyenik qaydaları qorumaqır.

Qeyd edək ki, son sutkada ölkədə 45 nəfərdə COVID-19-un aşkarlanması Finlandiya hökumətini həyəcan siqnalı çalmağa vadar edib.

0